Touşan Esenova – ALİ TƏHSİLLİ HƏYAT YOLDAŞI


Туркменская поэтесса Тоушан Эсенова (1915-1988) в Ашхабаде

 Touşan Esenova –  1915-ci il noyabrın 10-da Zakaspi  vilayətinin Yüzbaşı aulunda anadan olub. 1988-ci ildə dünyasını dəyişib.

Türkmənistanın xalq yazıçısı, ilk türkmən qadın sovet şairidir.  Milli teatrda, “Sovet Türkmənistanı” qəzetində, “Sovet ədəbiyyatı” jurnalında çalışıb, «Sovet turkmenistany ayallary» jurnalının ilk redaktoru, Türkmənistan Yazıçılar İttifaqının ədəbi məsləhətçisi olub.

Türkmənistanın ilk qadın təyyarəçisidir. “Lina Odena”, “Şərq qadınlarına”, “Qırmızı güllər”, “Uzaqdan görünüşlər” şeirlər toplularının; “Şəmşat” (rusca tərcümədə “Milyonerin qızı”), “Sevginizlə”,  “Lalə”, “Ali təhsilli həyat yoldaşı” pyeslərinin müəllifidir.

 

(iki pərdəli, dörd şəkildə  komediya)

                        Tərcümə edəni: Akif Abbasov

 

 İştirak edənlər:

Ülkər – universitetin hüquq fakültəsini yenicə

bitirmiş qız, 23 yaşında

Qurdmurad – taksi sürücüsü, dul, 30 yaşında

Abadan – Qurdmuradın qohumu, 45 yaşında

Cövzə – Qurdmuradın anası, 50 yaşında

Qurban – modelçi-sənətşünas, 25 yaşında

Maral – Qurbanın anası, muzeyin işçisi

Yamanca – Maralın qohumu, 55 yaşında

Cənnət – Qurbanın adaxlısı, kənddən, 18 yaşında

Modabaz.

Qoca türkmən.

Üzümsatan qadın.

Yemişsatan qadın.

Sərnişinlər

Bizim günlər, Türkmənistanın şəhərlərindən biri.

 

   I PƏRDƏ

            Birinci şəkil

Turkmənistanda çox da böyük olmayan dəmir yol stansiyası.

Böyürdə kiçik asfalt səkidə necə gəldi düzəldilmiş bazar. Piştaxtanı bir-birinə vurulmuş iki-üç taxta əvəz edir. İki küçə alverçisi «piştaxtanın» arxasında dayanmışdır. Biri üzüm, digəri isə yemiş satır. Qatarı gözləyən bir neçə sərnişin səkidə gəzişir. Yamaqlı klyoş-velvet cins şalvar geyinmiş, çiynindən tranzistor aşırmış bir modabaz başqa şəxslərə nisbətən “piştaxta”ya daha yaxın dayanıb.

Üzümsatan qadın. Üzüm alın! Qənd kimi şip-şirindir! Zümrüd kimi şəffafdır! Yemək də olar, qulaqdan asmaq da!

            Onun gurultulu tərifinə maraq göstərən bir neçə adam “piştaxta”ya

             yaxınlaşır. Lakin taxta lövhəyə söykənmiş və bədəni ilə alverçinin

            qabağını kəsmiş modabaz tranzistorun səsini daha da qaldırır.

             Tranzistor əvvəlcə xırıldayır, sonra gur səslə “Danışır Aşqabad!”

                                deyə səslənir. Alıcılar dağılışırlar.

Zibilini söndür! Qoy alverimizi edək!

Modabaz. Sən özünçün alver edirsən, mən də camaatı dövlət məlumatları ilə tanış edirəm! Hansı daha sərfəlidir?

Üzümsatan qadın. Çıx get, qoyun kimi dayanma! Əgər qoyunsansa, səni kəsərəm (iri bıçağı “piştaxta”nın üstündən götürür).

Modabaz. Bıçağı yerinə qoy! Yoxsa səni buynuzlaram! Məgər sən şəxsi dükanınla Sovet hökuməti dövründə özünü dolandıra bilərsən, mən isə Sovet radio dalğası ilə acından ölməliyəm?

Üzümsatan qadın. Yalan niyə danışırsan? Bu hay-küyə görə kim sənə pul verər?

Modabaz. Sən! (üzüm  salxımını götürür). Bu salxımı ver… hay-küy də olmasın.

Üzümsatan qadın (salxımı dartıb onun əlindən alır və “şiş” göstərir). Bunu görürsən?!

Modabaz təzədən tranzistoru qoşur. Tükürpədici bir səs qopur, qalmaqalla 

                         maraqlanıb yığılan adamlar dağılışırlar.

Modabaz. Bəs bunu necə, eşitmisən?.. Hə? Sonrası necə olsun? Mən  üzüm yeyəcəyəm, yoxsa sən radioya qulaq asacaqsan?..

Üzümsatan qadın (bir salxım üzümü onun üstünə atır. O, havada tutur). Al, haramın olsun! Gözüm səni görməsin! Qulaqlarım səsini eşitməsin!..  Üzüm! Üzüm! Qənd kimi şirin, topaz  təki sarı! İstəyirsən ağzına  at, istəyirsən qulağından as!

Yemişsatan qadın. Yemiş alın! Tez almağa tələsin, yoxsa, allah haqqı, bu saat  balı axacaq!

Modabaz (üzüm aldıqdan  sonra yemiş satan qadına sarı gedərək). Sən nəyi üstün tutursan, madam, bizim kolxozun “Qızılgül” özfəaliyyət xorunu, yainki “Rus tozağacı” mahnı və rəqs ansamblını?

Yemişsatan  qadın (nəvazişlə). Ay-vay, mənim köşəyim! Nə göyçək oğlandır! Amma sənə, başa düş, yaxşı şəklə tamaşa edən kimi baxasan…

Modabaz. Necə yəni?

Yemişsatan qadın (kənardan). İmkan daxilində  məndən uzaqda dur! Başa düşürsən sənə nə demək istəyirəm?

Modabaz. Başa düşürəm. Yaxınlarda elə  mən özüm də çox gözəl bir şəkil görmüşəm. Bilirsən necə  adlanırdı?

Yemiş satan qadın. Necə?

Modabaz. «Cavan oğlan yemişlə»! Əgər baxmaq istəyirsənsə, o yemişi bəri ver. Mən onu da götürüb, bax o küncə çəkilərəm! Sən də baxıb ləzzət alarsan! Çox gözəl şəkil idi. “Cavan oğlan yemişlə”!

Yemişsatan qadın. Onu niyə? Bax bunu – balacasını götür…

Modabaz. Yox, uzaqdan bunu yaxşı görə bilməzsən!

Yemişsatan qadın. Gözəl oğlan, de görüm, burada sən Ostap Benderi əvəz etmirsən ki?

Modabaz. Bax, tapdın! Ağıllı! Gözlə ha, qız qarıyarsan! Hansı kişi istər ki, arvadı ondan ağıllı olsun? (böyük yemişi götürür və çıxıb gedir).

Xalat və karakul papaq geymiş qoca türkmən piştaxtaya yaxınlaşır.

Yemişsatan qadın. Əsl vaxarmandır – kilosu əlli qəpiyə!

Qoca  türkmən. Böyük bazarda iyirmi qəpikdir!

Yemişsatan. O, böyük bazardadır! Bir var dağ Məhəmmədə sarı gedə, bir də var – o özü dağa sarı gedə! Bax, bu axırıncı  baha başa gəlir axı!

Modabaz (uzaqdan qoca türkməni görərək gülür, barmağı ilə onu göstərərək). Bir ona baxın! Adam istidə köynəkdə od tutub yanır, bu qoca dəvə isə əyninə xalat  geyinib, başına papaq qoyub!

Qoca türkmən. Gül, gül… Sən heç olmasa köynək geymisən… O eşşək isə lüt-üryan gəzir, bununla belə, mənə gülmür. Bilirsən  nə üçün? (pauzadan sonra) Dinmirsən? Lap ağılsızsan! Eşşəyin əvəzinə də cavab verə bilmirsən? Eşşək mənə ona görə  gülmür ki, o bilir: əynimdəki paltar nə qədər qalın olarsa, günəşin şüası məni bir o qədər az yandırar! Görürsən eşşək başa düşür, sənsə başa düşmürsən. Demək tamam  səfehsən!

Modabaz. Bəs onda niyə hamı köynəkdə gəzir? Xalatda isə vur-tut bir-iki nəfər…

Qoca türkmən. Ona görə ki, ağıllı adamlar həmişə az olur. Bunu da bilmirsən? (gedir).

Modabaz gedir. Cövzə, Ülkər və Abadan görünürlər. Ülkər  dəblə geyinib. Əynində dizdən yuxarı şərq üslublu parçadan tikilmiş paltar, dəbdə olan uzunboğaz platforma çəkmələr var. Belinə tarım çəkilmiş  enli kəmər taxmışdır. O, gözəl və biçimli qızdır. Geyimi əndamının yaxşı məziyyətlərini xüsusi olaraq nəzərə çapdırır. Ülkərin başında al-əlvan araqçın  var. O, qabaqda, Cövzə və Abadan isə  onun arxasınca gəlirlər.

Cövzə (Abadana) hələ bir ona bax, gör necə yeriyir! Belə də qız olar? Qız deyil  əsgərdir!

Ülkər (sakitcə). Bütün günü deyinir. Axı nə borcuna, mən necə yeriyirəm?

Abadan (Cövzəyə). Ondan nə istəyirsən, bacı? Yerişi lap yaxşıdır!

Cövzə. Sən hələ onun çəkmələrinə bax! Belə də gəlin olar? Sanki batırdır.

Ülkər (Cövzəyə nəzər salaraq, astaca). Çığır, lap istəyirsən boğazını yırt!

Cövzə (Abadana). Gördün necə baxdı a..a..z? Gözlərilə məni lap gülləyə tutdu! Bir gör oğlum qanır ki, qayın-anası onunçun belə arvad doğmaqla,  necə bəla hazırlayıb?

Abadan. Gəlinin yaxşı gəlindir. Onun qayınanası da yaxşı qayınanadır. Oğlunun qayınanası da yaxşı qayınana olacaq. Hər şey qaydasındadır. Narahat olmağa dəyməz!

Cövzə. Qaydasındadır? Sən hələ bir onun anasını görəydin! Mən  bədbəxt qadınam!

Abadan. Axı onun sənə nə yamanlığı keçib? Qızını da başlıqsız verdi! Daha ondan nə istəyirsən?

Cövzə. Yəni onun qızına görə qara qəpik verən var idi? O ki ali təhsillidir. Yaxşı başlığı isə orta təhsili belə olmayan qızlar üçün verirlər! Eləsindən ötrü verirlər ki, yazı-pozu bilmir, amma yaxşı xalça toxuyur, dadlı plov  bişirir, ev yığışdırır, adamın da başlığa heyfi gəlmir! Bütün günü gözünü kitaba zilləyən arvad üçün hansı axmaq başlıq verər?

Abadan. Ay-ay! Ayıb deyil? Sən gəlininlə fəxr etməlisən! O, hüquq fakültəsini qurtarıb, hakim olacaq!

Cövzə. Kim hakim olacaq? Harada?! Hakim olacaq günü o görməyəcək… Öz evimdə yeganə hakim mən olmuşam! Onun hakimi də özüm olacağam!!!

Abadan. Söylən, söylən…fikrin mərhum gəlininə getməsin. Onun kimi ikinci ağılsızı tapa bilməzsən! Yazıq gecə-gündüz xalça toxuyur, sənin üçün işləyirdi! Onun ölümünə sən bais oldun!

Qaranlıq düşməyə başlayır.

Cövzə. Deməli, onun xəstələnməsinə Allah yox, mən günahkaram?

Abadan. Hə, sizə gələndə onda on at qüvvəsi vardı!

Ülkər uzaqdan onlara baxıb gülümsəyir.

Cövzə. Yox, sən hələ bir ona bax. Əməlli-başlı gicdir! Ərə gedir, hırıldayır! Ciddi, ağıllı qız da ərə  gedəndə hırıldayar? Bir gör mənə baxıb gülür. Qayınanasına baxıb hırıldayır! A? Onun yerində başqa gəlin olsaydı, hönkür çəkib ağlayardı. Həyata az çox bələd olan adam belə hallarda gülmür, ağlayır!

Abadan. Niyə ağlamalıdır?

Cövzə. Qorxudan! Hörmətdən! O, qayınanasının yanından anasının yanına  getmir ha! Bəlkə də fikirləşir ki, mənim yanımda onunçun daha xoş keçəcək. Yalnız gicbəsər belə düşünə bilər. Bax, yenə hırıldayır. Dəlinin biri, dəli! Dişlərini mənə göstərir. Hələ bir onun gülüşünə bax! Gör necədir! Sifəti elə bil kəsilmiş balqabaqdır, tumların yerinə də dişlərini taxıblar! İt gülüşüdür!

Abadan. Yaman dilin var ha! Heç olmasa, kənara çəkilək ki, camaat eşitməsin.

Cövzə. Qoy eşitsin. Məgər onlar başa düşmürlər ki, biz elçiyik, o isə gəlin? Gəlin yun corabda olmalıdır. Ayağında təzə qaloş olmalıdır. O da işıldamalıdır. Həm də rübənd taxmalıdır! Rübəndsiz gəlin, yəhərsiz at kimidir. Mənimlə onun –  gəlinin arasında fərq olmalıdır, ya yox?

         Abadan. Bəs sən fərq görmürsən? Səni yulafla qatışdırsan belə, at yeməz! İt də tamah salmaz. İyləyər, çıxıb gedər… Bax, sən beləsən! O isə gözəldir! Nahaq yerə adına Ülkər demirlər ha! Ulduz! O həqiqətən işıq saçır! (Ülkərə) Gedək, Ülkər, bizim vaqon on  üçüncüdür, o, burada yox, bax, orada dayanacaq (Ülkərlə bərabər platforma ilə gedir, boş oturacağın yanından keçəndə ayaq saxlayır). Əyləş, Ülkər, mənim ulduzum! İstirahət et.

Ülkər oturur. Cövzə onların ardınca gəlir.

Tamam qaranlıqlaşır.

Cövzə. Dünya görmüş adamlar doğru deyirlər: «Gəlin evə yanğın kimi gəlir! Onun alovunda əvvəlcə oğul məhəbbəti yanır. Ona görə ki, gəlin oğlu ana ilə ayırır. Ay qız! Sən gərək mənim oğlum Qurda deyil, özün kimi oxumuşuna ərə gedəydin! Amma madam ki, bizə tuş gəlmisən, biz oxumamışlara qulaq asmalısan. Bizə görə isə, bilirsən kimə oxşayırsan? Atı qaçmış miniciyə! Bax beləsinə! (kisədən yun corab və qaloş çıxarıb Ülkərə verir). Özünün batır çəkmələrini çıxart! Bu da səninçün yun corab və qaloş! Əgər dəyişməsən, onda bir həyata – bir ölüm! Bu saat öz ağ saçlı başımı relsin üzərinə qoyacağam, qoy qatar onu üzsün! Sonra deyə bilməzsən ki, mənim bu sözlərimi eşitməmisən və ölümümdə günahkar deyilsən! Bacım Abadan Allah qarşısında şahidim  olar!

Abadan. Toy üçün lap  münasib danışıqdır!

Ülkər (fikirləşərək). Dava niyə salaq?! Allah sizə uzun ömür versin, ana! Necə deyirsiniz elə də olacaq.

Abadan. Sən  mülayim və  alicənabsan, Ülkər! Tərbiyəli, mədəni qızı dərhal  başqalarından  seçmək olur.

Cövzə. Sən də, Abadan, onu az təriflə, yaxşısı budur, paltarını dəyişməkdə  kömək et. Sənin tərifindən o, onsuz da dəvə olmayacaq, anası kimi  müəllim olacaq! Mən onların ikisinin məktəbdə bir ayda qazandığını üç gündə bazarda qazanıram.

Ülkər yarımqaranlıqda özünün dəbdə olan hündür uzunboğaz çəkmələrini yun corab və qaloşla dəyişir. Abadan ona rübənd geydirir, üzünü və gözünü iki cib dəsmalı ilə örtür. Ülkər oturacaqdan qalxır, heç bir şey görməyərək qeyri-ixtiyari əllərini qarşısına uzadır. Abadan ehtiyatla onu platforma ilə yaxınlaşan qatara doğru aparır. Birdən lokomotivin hər üç fənəri Ülkəri qaranlıqdan çəkib çıxarır və  biz zərif və qəşəng gənc qız əvəzinə, biçimsiz, başı   örtülü, güc-bəla ilə hərəkət edən adamı görürük. Abadanın köməkliyi ilə gəlin yavaş-yavaş, qaloşlarını asfaltda şappıldadaraq yeriyir. Stansiyada fanarlar yanır.

Abadan. Ay-vay nə yaman istidir! (Cövzəyə). Bu rübənddə qızın nəfəsi kəsilər!

Cövzə. Eybi yoxdur! Əvəzində gör necə gözəlləşdi! Xalis gəlindir. Qadınların da paxıllığı tutur!

Abadan. Day demə! İndi onun yanında qoca küpəgirən qarı belə Şəhrizada oxşardı! Təkcə heç bir kişi…

Cövzə (onun sözünü kəsir). Öz nişanlısı ola-ola gəlin niyə kişilər barəsində fikirləşməlidir? Bir yerişinə bax! Gör yerişi necə dəyişdi? Ahəstə, təmkinli… oldu…Qaloş yerdən aralanmır…  Qu quşu kimi süzür!

Abadan. Hansı qu quşu?… Qu quşun boyunu…

Cövzə (onun  sözünü  kəsərək). Nəyinə gərəkdir onun boyunu? Sən qu quşunun boynunu kəs, o da lap beləcə, bunun kimi olacaq! Bir də Ülkər qu quşu yox, ulduzdur! Bax gör necə ahəstə yeriyir! Elə bil getmir, ulduzdur – boylanır! Ulduzdan nəyi pisdir? Əsl ulduzdur – Böyük ayı  bürcü!

 

PƏRDƏ

İkinci şəkil

 

Kupeli bərk vaqon. Dəhliz, iki yanaşı kupe. Kupenin biri boşdur, digərində Maral, Yamanca və küncdə üzü örtülü, rübəndli Cənnət oturmuşlar. Cövzə, Abadan və Ülkər dəhlizdən keçirlər, kupenin boş olmadığını görüb ötmək  istəyəndə Yamanca onları saxlayır.

Yamanca. Baxın! Bunlar da elçilər və gəlindir!   Dayanın! Gələn xoşbəxtlik gətirir! Burada boş yer var. Bizim yanımızda yerləşin! Sizə cansağlığı, xoşbəxtlik arzu edirik!

Cövzə (daxil olmağa məcburdur, lakin tərəddüd edərək). Elə ki, pambığı yığıb qurtarırlar, başlayırlar gəlin gətirməyə! Gəlinə görə biz də sizi təbrik edirik! (kupeyə daxil olur, yerləşirlər. Gövzə rübəndi daha aşağı – Ülkərin sifətinə çəkir).

Səslər. Üzüm! Üzüm alın!!!

-Bu yeddinci vaqondur?

-Yox, on üçüncüdür! Yeddincini ötmüsünüz.

-On üçüncü? Məgər  on üçüncüdə də otururlar?!

Abadan. Ah, nə yaman istidir! Qorxuram rübəndlərinin altında bizim qızıl balıqların nəfəsləri darala. Ya da ondan betəri – boğularlar.

Cövzə. Eybi yoxdur! Qoy bizim qonşular öz gəlinlərinə görə narahat olsunlar… Mənim oğlum bir arvadını artıq  dəfn edib. Deyirlər: «Kim ki, bir dəfə bədbəxtliyə tuş gəlib, ikinci dəfə bədbəxtlik artıq onunçun yarımkədərdir!»

Yamanca (çay piyaləsini Cövzəyə uzadaraq ona). Nəfəsini dər, rəfiqəm. Yaşıl çay iç.

Cövzə. Ver, ver! İstidən ölsəm, oğlumçun  pis olacaq. Ana  arvad deyil ha, bir də tapa!

Abadan. Görürsən! Sənə də istidir, o yazıqlar isə rübənddədirlər, yazıqlar!

Cövzə (çox mənalı). Biz hamımız yazığıq! Amma hərəmiz bir cür!

Maral (istehza ilə). Rəfiqəm, görürəm ki, siz öz gəlininizi çox sevirsiniz!

Cövzə. Hə… (acı-acı). Qoyun otu sevən kimi. Yeyib  qurtarmayınca qopmaq bilmir!

Abadan (ayağa qalxaraq). Gedim, görüm boş yer  tapa bilirəm (çıxır, qonşuluqdakı boş kupeyə göz gəzdirərək qayıdır). Qonşu kupe tamam  boşdur! Gəlin, biz qocalar oraya keçək, gəlinlərimiz isə burada qalsınlar. Onlar cavandırlar… Toy günü söhbətləri tutar!

Cövzə. Yaxşı. Gedə bilərik (çətinliklə qalxmağa çalışır). Ay-vay! Qoca sümüklərim vay!

Abadan. Ayaq saxlayın! Bəlkə biz kisələrlə burada qalaq, gəlinlər oraya keçsinlər?!» Qalxın, qızlar. Ardımca!

Maral. Qaloşlarını gey, Cənnət!

Ülkər tələsik qalxır və cəld qonşuluqdakı kupeyə  keçir. Cənnət

         tələsmədən qaloşlarını geyinir və astaca Ülkərin ardınca gedir.

Cövzə (Cənnətə baxaraq iftixar hissi keçirir). Bax, gəlin belə olar! Sakit, təmkinli, ciddi… Mənimki isə bambuk kimidir: bir balaca külək əsdimi – qulaqlarında xışıldayır… Nə otdur, nə ağac!

Qatar tərpənir. İki qayınananın öz bacıları ilə birgə  oturduğu

                       kupedə  işıq sönür

Ülkər (cəld qapını bağlayaraq rübəndi, yun corabla qaloşları çıxarır). Oh! İstidən od tutub yanacağımı fikirləşirdim! Adam ağlını itirər! Ərə necə gedildiyini bilsəydim, qarımış qız kimi qalmağım bundan yaxşı olardı.

  Cənnət də rübəndini çıxarır.

Oy, nə gözəlsən! Mənim adım Ülkərdir. Bəs sənin?

Cənnət (astaca). Ülkər?

Ülkər. Hə, Ülkər… Bəs sən niyə öz adını mənə demirsən?

Cənnət. Cənnət…

Ülkər. Hə, Əlbəttə, əgər məni Ulduz, səni Behişt adlandırırlarsa, biz öz qayınanalarımızdan ayrı düşməliyik. Onların yeri – cəhənnəm, bizimki isə göydədir!

Cənnət. Mən ulduz haqqında mahnı bilirəm!

Ülkər. Oxu!

Cənnət (oxuyur).

Göylər işıq saçsa, bilirəm dostum

Pəncərəm önündən keçməyə qorxar.

O elə qaranlıq yer axtarar ki,

Tanıya bilməsin  dostlar, tanışlar

Ülkər. Elə bil mənim Qurdum haqqında yazılıb!

Cənnət. Qurd, axı, canavar deməkdir. Məgər canavar da bir kimsədən qorxar?

Ülkər. Mənim Qurdum son dərəcə nəzakətli canavardır. O, taksi  sürücüsüdür. Yaman da utancaq və  təvazökardır. Heç təsəvvür etməzsən necə… Amma  bu yaxınlarda bildirdi ki, qərara alıb: sürücülük  işini atıb kosmonavt olsun. “Soruşuram kosmonavt niyə?” O, nar kimi qızarıb dedi: “Ona görə ki, sən Ulduzsan! Mən də istəyirəm sənin peykin olum….” “Soruşuram: Necə peyk, süni?”, “Yox”,- deyir, – həqiqi, əbədi!” Sonra isə ah çəkib əlavə etdi: «Amma bundan heç nə çıxmayacaq!..» “Deyirəm, niyə?” Deyir: “Axı, sən hüquq fakültəsini bitirmisən… Belə  az savadlı  ər nəyinə gərəkdir?” “Deyirəm, sarsaq, gedək zaqsa!” “Soruşur: nə vaxt?” “Deyirəm elə bu saat!”

Cənnət. Hə, bəs sonra?

Ülkər. Heç nə! Gedib  kəbinimizi  kəsdirdik! (balaca bir pul kisəsi, oradan da üzərinə fotoşəkil yapışdırılmış kağız çıxarır). Şəhadətnamə budur! Bu da mənim Qurdum.

Cənnət. (fotoşəklə göz gəzdirərək). Əsl igiddir! Deməli, işləriniz qaydasına düşüb? Siz ər-arvadsınız!

Ülkər. Bizim işlərimiz qaydasına düşüb. Analarımızın burunları isə yerlə gedir! Anamın fikrincə, Qurd mənim  tayım deyil! Onun anasının da: «Belə savadlı gəlin nəyinə gərəkdir?» deyir.

Cənnət. Bəs indi necə olacaq?

Ülkər. Necə ola bilər artıq kəbinimizi kəsdirmişik! Qayınanamı sakitləşdirmək üçün rübənd geyməyə, onun istədiyi şəkildə toy edilməsinə razılıq verdim.

Cənnət. Zaqs barəsində bilir?

Ülkər. Yox, bilmir.

Cənnət. Lap qurd ürəyi yemisən…

Ülkər. Ən əsası, qanunu bilirəm. Axı mən hüquqşünasam!

Cənnət. Bəlkə anan haqlıdır: akademikə ərə getməyin yaxşı olardı?!

Ülkər. Sən ağılsızsan… Alim olmaq asandır, yaxşı insan olmaq çətin. Mənim Qurdum son dərəcə yaxşı insandır. Onu Canavar adlandırsalar da, heç olmasa vicdanı var. İstəyirsən onunla bağlı bir hadisəni sənə danışım?

Cənnət. Danış…

Ülkər. Deməli, belə, qulaq as… Bir dəfə…

Ülkər və Cənnət əyləşən kupedə işıqlar sönür, Cövzə, Abadan və

                   Yamanca olan qonşu kupedəki işıq yanır.

Cövzə. Yox, birinci gəlinim Qurdmuradı çox sevirdi. Başqa arvad onun yerini verməz.

Maral. Bəs ona nə oldu?

Cövzə. Vay-vay! Bilirsən, necə gəlin idi! Gəlin deyirəm sənə! İstəyirsiniz oğlumu necə sevdiyini sizə danışım?! Onunçun nələr etmirdi? Gecə Qurd yatağa uzanır, o isə xalça toxuyurdu. Səhər yuxudan ayılıb onu elə əvvəlki yerində xalça  toxuyan görürdü. Gör öz ərini necə sevirdi! Xalçaların birini də bazara aparıb çıxara bilmirdim. Yolda əlimdən qapırdılar! Başqası məgər Qurdu belə sevəcək?

Maral. Mat-məəttəl qalırsan: axı niyə qadınların hərəsinin  məhəbbəti bir cür olur!

Abadan. Haqlısınız. Lənətə gəlmiş bu məhəbbətin ucbatından bir başqasını kişinin qucağından qoparmaq mümkün olmur!

Cövzə. Belə məhəbbət ləyaqətsizdir… Həqiqi məhəbbətin isə qiyməti  başqadır! Əgər bilmək istəyirsənsə, biz onun məhəbbəti sayəsində beş otaqlı ev tikdik! Özü isə, binəva, həmin evdə bir ay da yaşamadı… Amma həmin    ev həqiqi qadın məhəbbətinin abidəsi kimi qalır və qalacaq. Bu məhəbbəti isə təkcə ər, yox qayınana da qiymətləndirə bilər!

Yamanca. Əgər sirr deyilsə, birinci gəlininiz nədən öldü?

Gövzə (köks ötürərək). Günah məndə oldu… Yaxşı göz yetirə bilmədim! Sonra isə onu, bir Allah şahiddir ki, necə müalicə etdim! Adsız-sansız həkimlərin birini də yanına buraxmadım! Məsləhətçim yalnız alim – akademiklər oldu! Xəstəyə bir dəfə baxmaqla gözlərini adamın ovcundakı onluğa zilləyənlərə bənd olmadım. Eləsini seçdim ki, xəstəyə yaxın belə getmir, müalicəni də özləri  aparmırdılar. Yalnız kitab yazırdı! Həmin akademik telefon dəstəyində öz kitabının adını, sənə lazım olan xəstəlik və onun  müalicə üsulu haqqında yazılmış səhifəni deyir, dəstəyi asırdı! Bax, onu belə şan-şövkətlə  müalicə etdilər! Onların müalicəsində başlıca cəhət bu idi: insanın hansı xəstəliyə tutulmağından asılı olmayaraq, onu qaçmağa məcbur etmək lazımdır! Qaçışa səhər tezdən başlamaq gərəkdir! Evin ətrafında qaçırsan! Səhər də, günorta da, axşam da, gecə də! Ürəyə bir dəqiqə də dinclik  vermək olmaz! Deyirlər, həyat hərəkətdir! Ona görə də onun hərəkətdə olması həmişə vacibdir! Tibb elminin son sözü belədir! Hə, mən də buna əsaslandım! Amma bu şəkildə o çox az qaça bildi… Cəmisi  bir həftə. Sonra isə, yalnız bircə dəqiqəliyə oturdu və canını  tapşırdı… Ona oturmaq olmazdı… Alimlər doğru  deyirmişlər. Sonradan məni məzəmmət etdilər ki, guya onun müalicəsinə gec başlamışam. O gərək qaçmağı uşaqlıqdan öyrənəydi!

Maral. Məncə, nahaq yerə onu qaçmağa məcbur etmisiniz. Bəlkə də yataqda uzansaydı, daha tez sağalardı.

Cövzə. Belə çıxır ki xəstəlik barədə alimlərdən çox bilirsən…

Yamanca. Kim bilir, bəlkə də yaxşı xalça toxuduğunu Allah da görüb. Gəlini öz yanına aparıb?!

Abadan. Çox ola bilər. Yaxşı xalça kimə lazım  deyil? Allah da xalçanın nə demək olduğunu bilir!

Maral. Deməli, sizcə, təzə gəlin  oğlunuzu əvvəlki gəlindən az sevir?

Cövzə. Deyir ki, sevir. Amma, axı o, çox savadlıdır… Dildən pərgardır. Nə istəyirsən sənə desin! Oğlumu Canavar adlandırırlar. O isə qızın  qarşısında it kimi yaltaqlanır və  quyruğunu  bulayır. Onu cadu eləyib deyəsən! Bir sözlə, gözünə elə bil pərdə çəkib!

Maral. Yaxşı, Cövzə xala, əgər onlar bir-birini sevərək evlənirlərsə?

Yamanca. «Məhəbbəti» indi sadəcə qondarıblar. Qabaqlar on yaşını keçən kimi səni korun birinə verirdilər – korla yaşayırdın! Kara verirdilər –  karla yaşayırdın! Mən öz ərimi toya qədər bir dəfə də görməmişdim!

Cövzə. Onda başqa uşaqlar vardı. İndikilərdə nə abır var, nə həya. Xudbinlər! Təkcə özləri üçün evlənirlər! Təkcə öz xeyirlərini güdürlər! Eybi yoxdur! İndi mənim Qurdum ətrafımda ipək kimi gəzir. Guya səbəbini bilmirəm? Maşın istəyir! Ümid edir ki, ona heç olmasa “Zaporojets” üçün borc pul verərəm…Sonra isə onsuz da  evlənməlidir! Bəs arvadı ilə harada  yaşayacaq? Qorxur ki, onları ev kitabına yazdırmaram!

Maral. Bəs deyirdiniz evi onun mərhum arvadının pulları ilə  tikmisiniz?

Cövzə. Axı bunu təkcə  mən  bilirəm! Onsuz da  o istəyinə çatdı. Onlara otaq boyun oldum. Doğru deyirlər: dünyada ana ürəyindən xeyirxahı yoxdur! Amma oxumuş gəlin nəyimə gərəkdir?

Maral. Aman Allah! Kaş mənim gəlinim də belə olaydı! Siz isə onunçun başlıq  belə verməmisiniz. Hələ bir narazısınız!

Cövzə. Bir dəfə Molla Kəminə bazar meydançasına çıxıb qışqırmağa başladı: «İnsanlar qulaq asın! Kim  mənə bir kəndli oğlu versə, ona mollanın iki oxumuş oğlunu verərəm!» İndi mən də çığırmaq istəyirəm: “Kim mənə         savadsız gəlin versə, özümün ali təhsilli gəlinimi ona verərəm!”.

Maral. İndi başqa zəmanədir. Oxumuşlar hörmətlidirlər!

Cövzə. Bilirəm! Bizim qonşuların da oxumuş gəlini vardı… İki il əvvəl əyninə şalvar keçirdi, evdən çıxıb getdi, hələ də xəbər-ətər yoxdur! Qayınanasından soruşuram: “Axı sənin gəlinin haradadır?” Deyir: “Ezamiyyətə gedib, neft axtarmağa!” Heç keçmişlərdə arvadın neft dalınca düşüb ərindən ayrıldığını eşitmisiniz?

Yamanca. Bəs sizin gəlin haranı qurtarıb?

Cövzə.  Universiteti. (Marala) Bəs sizin oğlunuz?

Maral. Əvvəlcə qurdları öyrənirdi…

Cövzə.  Balıqçı olmaq istəyirdi, nədir?

Yamanca. Yox, təbii ipək sap ixrac edən qurdları öyrənirdi. Amma tezliklə onlardan bezdi. Moskvaya oxumağa getdi. Gildən insan düzəltməyi öyrəndi.

Cövzə. Ay-vay, bu nə abırsızlıqdır! Hələ yəqin ki, səni balaca uşaq sayaraq deyib: onları kələmdə tapırlar!

Maral. Yox! Mən abidələrin üstündə dayanan adamlar haqqında danışıram. Onları gildən yapırlar!

Cövzə. Yenə  aldadır! Onları daşdan kəsir, dəmirdən tökürlər.

Maral. Bu, sonranın işidir. Əvvəlcə gil  işlədirdilər.

Cövzə. Bəs indi nə edir?

Maral. Muzeydə işləyir. Müasir geyim və qədim ornamentlər üzərində çalışır.

Cövzə. Zərgər olub?

Maral. Zərgər yox, belə…(qeyri-müəyyən jest edir).

Cövzə. Gör necə ağıllı iş seçib! Doğmaca anası da izah edə bilmir. Mən öz Qurdumu instituta-zada göndərmədim. İstəmirdim ki, beynini zir-zibillə doldursun. Onuncunu qurtardı, orduya getdi, orada sürücülük öyrəndi, indi taksidə işləyir.

Abadan. Elə taksidə işləyə-işləyə göydən özü  üçün yerə qəşəngcə bir ulduz endirdi! Lap Böyük ayı bürcüdür!

Cövzə. Onu nizəyə taxıb gətirsəydi, lap qiyamət olardı!

Yamanca. Deyirlər, taksi sürücüləri yaxşı qazanırlar?

Cövzə. Başqaları qazanırlar. Mənimkini isə dostları parkda  “maymaq” çağırırlar!

Maral. Necə yəni «maymaq»?

Cövzə. Bilmirəm sizə necə başa salım… Bizim dildə bu, bir növ “bacarıqsız” deməkdir! Taksi  sürücüsü hər cür dönmə etməyi bacarmalıdır, xüsusən də sola! Odur ki, əsas qazancları “sola” gedəndə olur! Mənim Qurdum isə yalnız düz gedir, yaxud da sağa! Bir dəfə kimsə onun maşınında pul kisəsi unutmuşdu. İçərisində üç yüz manat vardı…

Yamanca. Ay-vay! Yəqin ki, unudan adamın qanı bərk qaralıbmış,  fağır!

Cövzə. Kimdir, fağır? Pulu itən adamın qanı sən deyən qaralmamışdı. Mən isə hələ də özümə gələ bilmirəm!

Maral. Həmin sərnişinə görə?

Cövzə. Tanımadığım sərnişinə görə qanım niyə qaralır?  Dilxor olmuşdum ona görə ki, oğlumun doğma anasına yox, yad bir adama yazığı gəldi! Başqası həmin  pul kisəsini anasına verərdi, o da mənim kimi sandıqda gizlədərdi! Gicbəsər oğlum isə tezcə onun sahibini  axtarmağa başladı! Əvvəlcə ümid edirdim: bəlkə tapa bilmədi! O isə «maymaq» olsa da, hər yanı axtardı.

Maral. Sizin oğlunuz həqiqi kişidir!

Cövzə. Heç bilirsiniz həmin pulu maşında kim qoymuşdu? Hansısa ölüvay təqaüdçü  qadın! İndi de görüm, pullar kimə daha çox lazım idi, ona, yoxsa, mənə?!

Yamanca. Məyus olmayın, Cövzə xala…Uşaqlarına  görə hər ananın bir dərdi var. Bizim Qurban  da başımıza az oyun açmayıb. On yeddi yaşında saçlarını uzatdı, lap istəyirsən hörük hör, saqqal da ki, sinəsinə düşürdü! Saçları qatran kimi qara idi. Lakin xoşuna gəlmədiyindən yasəmən rənginə boyatdırdı! Gecələr biqudidə yatırdı! Bir də görürdün təp-təzə şalvar gözündən düşüb, üstünə ağ sapla  başqa rəngli saplar  salmamış geymir! Oynadığı da rokn-roll və tvist idi. Özü də necə rəqs edirdi! Elə vaxt olurdu ki, ona  baxanda məni əsməcə tuturdu. Deyirdim bəs bu saat şalvarı arxadan iki bölünəcək. Bizə xarici turistlər gələndə Qurbanın dalınca milisin xüsusi dəstəsi gəzirdi… Göz qoyurdular ki, amerikalılar onu özlərinki bilib təsadüfən Missisipiyə aparmasınlar! Gözlənilmədən o bir qıza rast gəldi… İl yarımın sözüdür….

Maral (bacısının sözünü kəsərək). Allahın altında  bir görəydiniz necə qız idi! Ağıllı-kamallı! Ali-təhsilli! Gözəl-göyçək! Qurban əlüstü qıza vuruldu! Hə… fikirləşirəm əgər: həmin qızla evlənsə, qız onu adam eləyib, adamların cərgəsinə qoşar! Lakin heç cür alınmadı. Qız ondan imtina etdi. Kişidən çox qadına oxşasan da xoşuma gəlirsən … Ancaq…

Yamanca. Ancaq qorxuram ki, deyir, bəzək-düzək stolumdan biqudilərimi, baş  sancaqlarımı əkərsən!

Maral. Hə, o da şalvar geyinirdi. Odur ki, mənim Qurbanım da öz şeylərindən ehtiyat edirdi. Şalvar biqudidən bahadır. Lakin, ümumiyyətlə, məsələ bunda deyil. Fikirləşdim: neynək, qoy bir il də keçsin; bəlkə qız razılığını  verdi. Amma deyirlər, ona da başqa birisi rast gəlir, mənimki də bu müddətdə hazırki kolxozçu qıza  vurulur… Nə ağılı var, nə də mədəniyyəti… Amma deyilənə görə, əlindən yaxşı xalça toxumaq gəlir, bir də müasir parçalara qədimi üslubda naxış  vurmaq… Hələ də başa düşə bilmirəm: elə ağıllı və ziyalı qızdan sonra beləsinə nə təhər bənd olub? Gəlinimin bu kisələrində istər qiyməti olmayan xalçalar, istərsə də qeyri-adi gözəlliyə malik xalçalar olsun… Amma mən təkcə o qızdan ötrü  yanıram və sakitləşə bilmirəm…

Cövzə. Hələ bir yanmayasan! Gəlininə görə yəqin ki, var-yoxunu əlindən alıblar? Beləsi üçün az başlıq tələb etməzlər!

Maral. Nə başlıq?! Mənim Qurbanımla onun arasında məhəbbət var!

Cövzə. Məhəbbətə qarşı məhəbbət, bu aydındır! Naxış vurmağı, xalça toxumağı bacarmaq sizin üçün heç də hansısa… ali təhsil deyil! Belə gəlini  kim başlıqsız verər?

Yamanca. Amma verdilər! Həm də təkcə gəlini yox, üstəlik altı təkə xalçası cehiz də qoşdular! İki böyüyü anasının öz cehizindəndir, dörd bir qədər balacasını isə anası ilə birlikdə toxuyub. Hamısı burada kisədədir!

Cövzə. Başlıq da almadılar? İnanmıram!!!

Maral. Nə başlıq-başlıq salmısan?! İki kəlmə sözü düz-əməlli başlı danışa bilmir. Savadı lap azdır.

Cövzə. İlahi! Mənə bax beləsi lazımdır! (kənara) Kaş məndən soruşmayaydılar ki, mənim gəlinimin cehizi nədir, o nə ilə məşğul olur?..

Abadan. Gəlinin cehizinə baxmaq olarmı?

Yamanca. Niyə olmur? (kisənin ipini açır). Kim  onun cehizini görməyibsə, çox şey itirir! (kisədən  şərq ornamenti ilə naxış vurulmuş parlaq rəngli qadın paltarları və qoftalar çıxarır). Bir baxın. Bu paltarlar yaman dəbdədir. Onların biçimlərini bizim Qurban fikirləşib. Naxışlar isə bizim gəlinindir!

Cövzə (astaca). Bura bax, nəbadə bizim cehiz barədə dilinə söz gətirəsən ha…

Abadan (şəxsi ləyaqət hissi ilə). Hə, son dərəcə gözəldir! Ancaq bizim gəlinin cehizi ilə müqayisə edilə bilməz… O, kiçikdir, lakin qızıl külçəsidir! Hamısı da öz başında yerləşir!

Maral. Əgər qızıl külçəsi deyəndə onun təhsilini  nəzərdə tutursunuzsa, sözsüz, haqlısınız!

Yamanca. O nə ilə  məşğul olur?

Cövzə (dəhşət içərisində). Di buyur! Onlara nə deyək?!

Abadan. O hüquqşünasdır! Universiteti qurtarıb! Prokurorluqda da müstəntiq işləyə bilər, milisdə də…

Cövzə (səbri tükənir). Mənim  yazıq Qurdum! Vay-vay! Milisionerlə bir yastığa baş qoymaq üçün ya gərək batır olasan, yaxud sonuncu ağlını də itirəsən!

Abadan (paltara baxaraq). Oh-ho-ho! Doğrudan da gözəl paltardır! Vay-vay!

Yamanca. Buna görə bizim Qurbanla Cənnət sərgidə birinci  yer alıblar.

Abadan. Yox, hər halda belə bir gözəl işin kimin əlindən çıxdığını görməliyəm. Yoxsa bağrım çatlar!

Maral. Oğlum adaxlısının qızıl əllərinə vurulduğunu söyləyir… Guya bu əllər ona həyatın yolunu göstərib.

Cövzə. O da xalça toxuyacaq?

Maral. Nə üçün? Oğlum modelçi  işləyir.

Abadan (Cənnətin paltarına tamaşa edərək). Necə də zərifdir?!

Maral.  Məni bu qədim ornamentlə təəccübləndirə bilməzsən. Mən də muzeydə işləyirəm və belə şeylərin dəyərini də yaxşı  bilirəm. Mənə yaxşı gəlin lazımdır, onun   geyimi yox!

Yamanca. Di sən də bəsdir görək! Qoy Cənnət gözəl paltar geyinsin və onlardan sevinc  alsın!

Maral. Lakin Cənnət naxışları dizdən yuxarı geydiyi ən son dəbli paltarlarda gəzdirəcək! Yaxud topuqdan aşağı  geydiyi paltarlarda! Başqasını geyməyə Qurban icazə verməz.

Abadan. Biçarə!  Doğrudanmı, o, küçəyə dizləri açıq çıxacaq?

Maral. Çıxacaq! Əgər oğluma ixtiyar versən, Yamanca ilə məni də  qısa don  geyməyə məcbur edər.

Cövzə. Siz də geyinin! Qorx ki, eləsini fikirləşib tapalar ki, nəinki qıçlar, bər-bədən çöldə qala. Belə görünür ki, sizin gəlin kənd qızıdır! Məgər o belə dəblə  geyinə bilər! Tfu!!!

Maral. Geyinər, geyinər!

Abadan. Binəva! Birinci dəfə… dizləri açıq halda adamların gözünə necə görünəcək? (kənara). Yox, mən hökmən  bu qızı görməliyəm… (hamıya). Deyəsən, stansiyaya yaxınlaşırıq? Gedim, üzüm alım (gedir).

Maral (donunu dizdən yuxarı qaldıraraq). Qurban evdə də ona belə qısa don geyinməyi buyurur.

Cövzə. Ola bilməz! Ola bilməz! Gəlin belə donu geyməz! Bu abırsızlıqdır! Belə donu mənimki geyinər! O da sənin oğlunun tayıdır! Sizin gəlin isə geyinməz! Ay-vay! Allah bizə gəlin qismət eləyəndə səhvə yol verib, dəyişik salıb!

Yamanca. Doğru deyirsən… Yazıq Allah! Yəqin indi öz səhvini düzəltməkdə ona kömək edəcək bir şəxs axtarır…

Cövzə. Nə danışırsan?! Özü axtarır? Deməli, kim Allaha kömək etsə, o, müqəddəs olacaq? Hə?!

İki qayınananın əyləşdiyi kupedə  işıq sönür, gəlinlərin kupesində yanır.

Cənnət. Bəs sonra? Sonra nə oldu?

Ülkər. Mənim nənəm qoca və kasıbdır, onun qanı yaman qaralmışdı… Üç yüz manat sənə zarafat gəlməsin! O, yarım ilin təqaüdünü birdən almışdı! Göz yaşlarını saxlaya bilmirdik! Atam hətta öz kitabçasından həmin məbləğdə pul da götürüb ona vermək istəyirdi! O isə  bu barədə eşitmək belə istəmirdi! Biz oturub ona təskinlik verirdik. Birdən qapı döyüldü… Son dərəcə yorğun görünən cavan oğlan  içəri girdi. Nənəmə müraciətlə dedi: “Nənəcan, bu gün bir şey itirməmisiniz ki?..” Nənəm ağzını açıb onu süzdü, nitqi kəsildi. Oğlan pul kisəsini ona uzatdı: “Sizindir?” Nənəm nəfəsini     güclə dərib: “Mənimdir, atam, mənimdir!” – dedi və hönkürdü. Cavan oğlan qapıya sarı yönəlmişdi. Atam onu əylədi, nənəmin pul kisəsindən bir yüzlük çıxarıb ona uzatdı: “Tapıntının  üçdə bir hissəsi kimi bu, sizə çatır”. Cavan oğlan cavabında dedi: “Sərnişin  öz əşyasını  maşında unudursa, bu, sürücü üçün tapıntı deyil! Ona görə nənəyə nə çatasıdırsa, hamısını özünə verin. Mən hələ gəncəm, həmin yüzlüyü halal zəhmətlə də qazanaram!” Bu sözləri dedi və getdi. Lakin gedərkən son dəfə mənə baxdı…

Cənnət. Bəs sonra?

Ülkər. Sonra küçədə taksi rast gələndə qeyri-ixtiyari baxırdım: sükanın arxasında kim oturub?

Cənnət. Hə? Ona rast gəldin?

Ülkər. Yox, heç rast gəlmirdim. Bir aydan çox keçdi, artıq onu unutmağa başlayırdım. Amma bir dəfə küçə ilə gedərkən birdən arxamca taksi gəldiyini, kiminsə elə bil qulağıma: “Salam” dediyini eşitdim. Baxıram – odur!  Hə, fikirləşirəm, deməli, səndən ötrü  təkcə  mən yox, həm də məndən ötrü sən yola  göz gəzdirirsənmiş!

Cənnət. Bəs o?

Ülkər. “Əyləşin, aparım, deyir!” “Oy, nə danışırsınız, mən tamam başqa istiqamətə gedirəm!” desəm də əyləşdim. Hə, maşında əməlli-başlı  tanış oluruq. “Mənim adım Qurddur, deyir”. “Əgər Qurd çağırırlarsa deyirəm, çox nahaq!” “Soruşur: – Nahaq nə üçün”, “Cavab verirəm: ona görə ki,  mən Qırmızı Papağa necə oxşayıramsa, siz də Canavara elə oxşayırsınız! Amma mənim, deyirəm, heç olmasa, Qırmızı Papağa  bənzərim var”. Adımın Ülkər olduğunu biləndə bu adın mənə daha çox yaraşdığını söylədi, bildirdi ki, mən elə həqiqi ulduzam! Demə, həyatda onun iş-gücü ulduzlara tamaşa etmək olubmuş! Yeri gəlmişkən, onlar hamısı bunu mənə əvvəllər deyirlər. Onunla saat yarım maşında gəzdik, sonra məni evə  apardı.

Cənət. Onunla sonrakı görüşünüz uzun  çəkdi?

Ülkər. Elə həmin gün, gecə saat on ikidə…

Cənnət (qorxmuş). Gecə saat ikidə? Belə bir vaxtda harada görüşdünüz?

Ülkər. Mənim evimdə. Ancaq bu dəfə mənim pul kisəmi gətirmişdi.

Cənnət. Hansı pul kisəsini?

Ülkər. Biz onunla gəzərkən, pul kisəmi qəsdən maşında qoymuşdum. Altı manat idi… Fikirləşdim ki, nənəmin üç yüz manatını gətirdisə, şübhəsiz, mənim altı manatımı da gətirib çıxardar.

Cənnət. Oh, yaman bicsən!

Ülkər. Sonralar, demək olar, hər gün «təsadüfən» bizim evin qarşısında rastlaşırdıq… (oxuyur):

Sizə  rast gəlsəydim mən həyatımı

Xatirə verərdim hədiyyə kimi.

Qəlbim məhəbbətlə doludur, dolu

Artıq kəlmələr də  qırmaz eşqimi.

Yeri var məhəbbət sözlə deyilir

Ay mənim istəklim, ay mənim Leylam!

Gəl, mənə bu eşqi sözlə andırma

Onsuz da  sevməyə daim hazıram.

Cənət. Mənə elə gəlir ki, bu şerlər  mənim qəlbimin səsidir!

Ülkər. Mənə isə elə gəlir ki, mənim qəlbimin səsidir! Lakin müəllif bunu edə bilməzdi.

Cənnət. Niyə görə?

Ülkər. O, yüz il bundan əvvəl yaşayıb…

Cənnət. Deməli, biz onun sözlərini öz-özlüyümüzdə mənimsəyirik?

Ülkər. Belə alınır…

Cənnət. Bəs bu, bizim tərəfimizdən düzgün hərəkətdir?

Ülkər. Düzgün hərəkətdir. Sadə adamlar da böyük   şairlər kimi  sevirlər. Lakin böyük şairlər öz hisslərini ifadə etmək üçün bizdən daha tez söz tapırlar. Kitablar nəşr etdirərək, öz sözlərini bizə yadigar qoyurlar ki, biz də istifadə edək (Cənnət ah çəkir). Niyə ah  çəkirsən?

Cənnət. Təhsil almaq yaxşıdır…

Ülkər. Təhsil almaq heç vaxt gec deyil. Hə, indi sən danış görüm öz nişanlınla harada və necə tanış olmusan?!

Cənnət. Aşqabadda həvəskar rəssamların baxışında. Mən öz ornamentlərimdən bir neçəsini oraya aparmışdım, onlar da Qurbanın xoşuna gəldi.

Ülkər (ona baxaraq). Onun adı Qurbandır?

Cənnət. Hə…

Ülkər. Onun görkəmi necədir?

Cənnət. Otra boylu… Tünd eynək taxır…

Ülkər. Tüklüdür?.. Cinsi geyinir? Bir sözlə, modabazdır?

Cənnət. Hə, belədir… (qorxu içərisində). Demək, siz onu tanıyırsınız?

Ülkər. Bəlkə də, əgər o mən deyən Qurbandırsa… çiynində tranzistor gəzdirir….

Cənnət. Yox, maqnitofon.

Ülkər. Həmişə də Vısotskinin mahnılarına qulaq asır?

Cənnət. Qulaq asır…

Ülkər. Özüdür! Onun nəyi xoşuna gəlib?

Cənnət. Əvvəlcə, mənim naxışlarım onun xoşuna gəldi, onlar haqqında məqalə yazdı…Sonra məni dilə tutdu ki, qadın paltarı modellərindən birini tikim. Biz həmin modelə görə qızıl medal aldıq… Daha altı digər modelə görə birinci mükafata layiq görüldük.

Ülkər. O deyil!!!

Cənnət. Niyə o deyil?

Ülkər. Həmin Qurban  avaranın biri idi! Heç nə ixtira edə bilməzdi! O yalnız öz tranzistoru ilə amerikan cazları tutmağı və tvist oynamağı bacarırdı! Davranışına görə onu  orduya belə aparmadılar.

Cənnət. Yox, mənimki hava desantçısıdır! Paraşütlə tullanmağa görə mükafat alıb! Soyuq və odlu silaha yaxşı yiyələndiyinə görə də… Bir də silahsız iştirak etdiyi hansısa döyüşdə fərqləndiyinə görə bütün alay üzrə birinci yer tutub!

Ülkər. O deyil!

Cənnət. Nə o deyil?

Ülkər. Dəvəni keçiylə yanaşı qoyuram. O deyil! Çox şadam ki, sənin nişanlın mən tanıdığım həmin Qurbanın yalnız adaşıdır. Onunla xoşbəxt və bəxtiyar olmağını arzu edirəm!

Cənnət. Mənim cehizimdə bizim bir geyim var, “Qırmıızı zanbaq” adlanır! Onu sənə hədiyyə verərəm. Yaxalığı, manjeti, kəməri mənim ornamentimlə işlənib; model isə Qurbanındır.

Kupenın qapısı açılır. Qızlar qorxu içərisində tez

 rübəndlərini qamarlayırlar. Abadan daxil olur.

Abadan. Əyləşin, əyləşin, mənim köşəklərim! Rübəndlərinizi geyməyə hələ macal taparsınız! (Cənnətə baxır). Vay-vay! Nə gözəl baladır! Bizim Ülkərdən pis deyil! Budur, sizinçün üzüm gətirmişəm, köşəklərim! Üzüm yeyin.

Ülkər. Sağ ol, Abadan xala! Tez çatarıq?

Abadan. Tez! Növbəti stansiyadır! Sənin paltarlarını gördüm, Cənnət…. Ay-vay, necə də qiymətlidir! Necə də gözəldir Heç vaxt belələrini görməmişəm! (çıxır, qapını çəkməzdən qabaq bir daha Cənnətə göz yetirir). Bir-birinizə oxşamırsınız, amma boyunuz eynidir… Biçiminiz də demək olar, eynidir…rübənddə sizi dəyişik salmaq olar… Amma Cənnətin çeçələ barmağında üzük var, Ülkərinkində isə yoxdur (gedir).

Ülkər. İndi səninlə ayrılacağıq, Cənnət!..

Cənnət. İstərdim tez-tez səni görüm!

Ülkər. Elə mən də səni. İstəyirsən, öz ünvanımı sənə yazım? Mənim yanıma gələrsən?

Cənnət. Əlbəttə, gələrəm!

Ülkər (ünvanı yazaraq). Amma, deyəsən, qayınanam məni sevmir.

Cənnət. Mənim qayınanam da mənə yuxarıdan aşağı baxır. Deyəsən, o daha çox sənin kimi gəlin arzulayır.

Ülkər (öz ünvanını Cənnətə verərək). Eybi yoxdur! Ağıllı gəlin üçün qayınana toya qədər qorxuludur!

Hər iki qız gülür. Sonra rübəndi, yun corabları və qaloşları geyinməkdə

bir-birlərinə kömək edirlər. Onların kupesində işıq sönür, qonşuluqda yanır.

Abadan (iki qayınananın və Yamancanın əyləşdiyi kupenin astanasında). Bu saat çatacıq. Qızlar artıq geyinirlər (Yamancaya). İndi sizin gəlini gördüm, çox göyçək qızdır!

Cövzə (acıqlı). Sən dilinə güc vermə. Kisələrin ağzını bağla! Nə qədər ki, adam yoxdur, onları tez keçidə daşı! (kisələrdən birini götürüb dəhlizə çıxır).

Yamanca. Demək, xoşuna gəldi? (kisənin ağzını bağlayır).

Abadan. O bizim Ülkərdən heç də pis deyil! (Ülkər adını eşidən Maral təəccüb və qorxu içərisində Abadana baxır). Rübənddə onları bir-birindən ayırmaq çətindir… Hər ikisi yaraşıqlıdır, boyları da birdir. Ancaq sizinkinin çeçələ barmağında üzük  var, bizimkində yoxdur.

Hələ onun ikinci ifadəsinin əvvəlində Yamanca kisəni götürüb dəhlizə çıxır

Maral. Ülkər?…Kim – Ülkər!

Abadan. Bizim gəlindir. Sizə nə oldu? Onu tanıyırsınız?

Maral. Yox…Amma adı… Çox gözəl adı var!

Abadan da kisəni götürüb dəhlizə çıxır

Ülkər!.. Bu – odur. Ürəyimə damıb – odur! Qızın boy-buxunu o saat mənə tanış gəldi…Odur! Binəva Ülkər! Qayınanan yol uzunu bacardığı qədər səni pislədi. Doğru deyirlər: ”İtin boynuna brilliant asanda it də ağlayır, brilliant da!” Ay Ülkər, quzum, gör bir hara qismət oldun! Mən səni elə sevirdim ki,…Bunlar isə səni görmək belə istəmirlər! Şahin olsaydım, bu bayquşların gözlərini tökərdim!

Yamanca və Abadan görünürlər

Yamanca. Ehtiyatlı olun ki, kisələri dəyişik salmayasınız!

Abadan. Onları dəyişik salmaq çətindir. Ağırlar – sizinki, yüngüllər – bizimkidir!

Kisələri götürərək gedirlər.

Maral (hər ikisinin getdiyini görərək). Nə bizim ağır, nə də sizin yüngül kisələr mənə gərəkdir…

Cövzə dəhlizdə görünür. Maralın səsini eşidib ayaq saxlayır

Kisələri dəyişik salmaq yox… Onların boyu  birdir… Biçimləri də bir… Əgər cəhd göstərsəm, yox… Mənə nə olub, mən qocanın ağlı azıb, nədir? (fikir-xəyal içərisində üzü pəncərəyə sarı dayanır).

Cövzənin sifəti gərgin ifadə alır, gözləri oynayır…O, kupenin dəhlizi önündə dayanmışdır, nəfəsini belə çəkmir.

Qurbanımı sonra sakitləşdirərdim… Axı vur-tut il yarım əvvəl ona vurulmuşdu…Bəs Ülkər özü nə deyər?… Bəs bu dişi canavarın oğlu Qurd? Anası olsa da, deyəsən, gəlinləri dəyişməyə etiraz etməz… (üzünü qapıya sarı çevirir və Cövzəni görür).

Pauza. Hər ikisi bir-birinin gözlərinə baxır, başa düşürlər ki,

hər ikisinin ürəyindən eyni istək keçir

Cövzə. Sizinkinin çeçələ barmağında üzük var… Bilirəm…

Maral. Ay-vay!…

Cövzə. Nə ay-vay? Bilirəm ki, başlıq vermisən… Ödəyərəm…

Maral. Başlıq-zad verməmişəm (çantasını götürüb Cövzəyə yaxın gedir).

Bu vaxt Cövzə qoftasından bir dəstə pul çıxarıb hiss edilmədən

                              Maralın çantasına salır

Cövzə. Yalan demə! Başlıq verdiyini bilirəm. Öz başlığını alarsan!

Maral. Sən ağlını itirmisən! Onun ki, heç savadı bələ yoxdur… Səninki isə ali təhsillidir! Mən sənə ödəməli-yəm!

Cövzə. Sən niyə? Lap gic-gicisən! Təhsilli üçün kim pul ödəyir?! Bizim ölkəmizdə təhsil pulsuzdur.

PƏRDƏ

 

II PƏRDƏ

Üçüncü şəkil

Pərdə qalxmamışdan musiqi. Birinci, ağır pərdənin arxasından ikinci, şəffaf pərdə görünənə kimi musiqi davam edir. Şəffaf pərdənin arxasında xalçanın üstündə çoxlu dolça, piyalə və qab-qacağın ətrafında Qurdmuradın toyuna gəlmiş çoxlu gənc qız və oğlan var. Qızların əksəriyyəti milli kostyumlarda, oğlanların əksəriyyəti Avropa geyimindədir. Qonaqlara Cövzə və Abadan xidmət edir. Bəyi və gəlini araya almış qonaqlar toy mahnısını oxuyurlar:

Qoşadır iki sandıq,

Yar! Yar! Yar!

Biz onu heç nə sandıq.

Yar! Yar! Yar!

Hələ  boşdur onlar,

Yar! Yar! Yar!

Gün gələr içi dolar.

Yar! Yar! Yar!

Artar ləli, daş-qaşı,

Yar! Yar! Yar!

Gəlir bəylə yoldaşı.

Yar! Yar! Yar!

Uşaq deyil, əldə gül

Yar! Yar! Yar!

Uşaqsız ev – ev deyil.

Yar! Yar! Yar!

Bir gün  bu gənc ailə

Yar! Yar! Yar!

Yüksələr nəğməsiylə.

Yar! Yar! Yar!

Artar, uşaq çoxalar,

Yar! Yar! Yar!

Hamıya da xoş olar.

Yar! Yar! Yar!

İkinci pərdə qalxır. Xalçanın üzərində piyalələrin, qədəhlərin və meyvələrin səliqəsiz halda atılmağından, qonaqların həyəcanlı sifətlərindən, əzilmiş paltarlarından görünür ki, toy ziyafəti artıq çoxdandır davam edir. Qurd rübənd ilə sifəti kip  örtülmüş gəlinlə yanaşı oturmuşdur.

Abadan (bəyə):

Ağ köynək geydirmə!

Yulaf kökəsi vermə!

Boz dəvəyə mindirmə!

Eşşəyə yaxın qoyma!

Birnci gənc (gəlinə).

Ərinə öyrəş  ağ gəlin!

İkinci gənc (gəlinə):

At kimisən, qıvraq gəlin!

Üçüncü gənc (gəlinə).

Balqabağın tumu qədər,

Sən doğasan uşaq, gəlin!

Cənnət (toy  süfrəsi arxasında əyləşib). Ana, sən mənim təkcə gözlərimi deyil, qulaqlarımı     da bağlamısan… Kor və lal-kar təki oturmuşam! Heç olmasa, qulağımın üstünü bir balaca aç!

Cövzə. Səbir elə! Rübəndini bəy  özü açmalıdır.

Cənnət. Eşitmirəm nə deyirsən?

Cövzə. Deyirəm ki, döz! Döz!

Qurd. Sizə soyuq deyil ki, əziz qonaqlar?

Birinci gənc. O nə deyir? Ağlı azmayıb ki? İstidən nəfəs almaq olmur!

İkinci gənc. Yazıq gəlin… Axmağa ərə gedir!

Üçüncü gənc. Elədir!

Qurd. Mənim nişanlım isə rübənddədir. Onunçun daha pisdir. Gəlinə  yazığınız gəlsin!

Birinci gənc. Qoy rübəndini çıxarsın! Başqa cür ona necə yazığımız gələ bilər?!

İkinci gənc. Bizimçün də maraqlıdır! Hamı bir nəfər kimi nişanlına baxmaq istəyir!

Üçüncü gənc. Amma nə dedin!

Abadan. Qonaqların yanında gəlin rübəndini çıxarsın? Ayıbdır!

Üçüncü gənc. Elədir.

Birinci gənc. İstidir də, yenidən evlənmək üçün lap  elə indi sobaya girməyə razıyam!

İkinci  gənc. Yaxşı gəlinin xatirinə bəyin tərə batması qəbahət deyil.

Üçüncü gənc. Nə eybi var?

Abadan. Gəlinə başqa cür acımaq olar… Ona “xudahafiz” deyin, qurtarsın getsin. Artıq on iki saatdır ki, süfrə  başında oturursunuz!

Üçüncü gənc. Elədir!

Birinci gənc. Gəlin ki yaxşı insana ərə gedir! Daha  nə üçün ona yazığımız gəlsin?!

İkinci gənc. Tezliklə onunçun oğul doğmalıdır!

Üçüncü gənc. Amma nə dedin!

Cövzə. Bu  tezliklə ona necə oğul doğsun? Siz nə qədər burada çox otursanız, onların uşaqları bir elə gec olacaq!

Üçüncü gənc. Elədir! (Belindən  balaca şallağı çıxarıb onu Qurda uzadır). Al şallağı, qov onları!

Qurd (şallağı ondan alaraq). Təşəkkür edirəm. Məsələ burasındadır ki, dostlar, elə mən özüm də tezliklə adaxlıma baxmaq istəyirəm! Bəlkə başqasını dürtüşdürüblər?!

Cövzə (qorxu içərisində astaca Abadana). Haradan bilib?

Qurd (şallağı qonaqlara qulaylayaraq). Xoşluqla gedirsiniz?

Birinci gənc. Əvvəlcə adaxlını bizə göstər!

İkinci gənc. Elə-belə getmərik!

Üçüncü  gənc. Amma nə dedin!

Qurd. Demək getmirsiniz (qonaqları şallaqla vurur).

                  Qışqırtı, gülüş, ciyilti. Qonaqlar qapıya sarı qaçırlar, 

                              orada maneə  əmələ gəlir.

Səslər. Heç olmaya, yumşaq yer seç!

–        Bir  baxın! O, adi canavar deyil, quduz canavardır!

–        Ay! Vay! Vay! Lap vəhşiləşib!

–        Tez qaçın görək!!!

–        Yox, hələ bir gör necə vurur!

–        Qaydasındadır!

Qonaqlar qapı ağzındakı maneəni yarıb dağılışırlar. Cövzə, Abadan

                                  və Qurd qalırlar

Abadan (Qurdun şallağı ona tuşladığını görərək). Vay! Sən hələ bir doğma ananı da vur! Ağlını tamam itirmisən!

Qurd. İndi burada mənimçun doğma ana da artıqdır!

Cövzə. Bax-a, gədə lap qızışıb ha! (astaca Abadana). Oy, qorxuram. Rübəndi açanda nə olacaq? Tez gedək!

Otağın işığını söndürürlər. Qapının yanındakı gecə lampasını

                              yanmış saxlayaraq gedirlər

Qurd (oturaraq Cənnəti özünə sarı çəkir). Hə, şükür Allaha, axır ki, bu mərasimlər qurtardı! Gərək anama da bir-iki şallaq çəkəydim! Bu həngamə hamısı onun işidir… Di, rübəndini çıxart! Niyə belə qurdalanırsan?

Cənnət. Sarğını qulağımdan çıxarıram. Sənin anan gözlərimi də, qulaqlarımı da  bağlayıb.

Qurd. Rübəndi birdən-birə çıxart!

Cənnət (astaca). Oy, bacarmıram… Ayıbdır axı!..

Qurd (böyük təəccüblə). Nə ayıbdır? Rübəndi çıxarmaq? Səfeh… Sənə nə olub? Heç tanımaq da olmur…

Cənnət. Mənə hirslənmə… Qorxudan ürəyim lap sinəmdən çıxır.

Qurd. Ayıb deyil sənə?

Cənnət. Elə mən də  deyirəm – ayıbdır!

Qurd. Ayıbdır? Axı sən ağıllı və  təhsillisən!

Cənnət. Mən? Təhsilli?

Qurd. Əlbəttə! Nə əzilib-büzülürsən? Bu saat rübəndi çıxart!!! Yoxsa mən özüm onu qoparıb atacağam!!!

Cənnət. Vay! Vay! Üstümə niyə qışqırırsan? Üstəlik yad səslə?

Qurd. Necə, yəni yad səslə?

Cənnət. Səsin niyə özününkünə oxşamır?!

Qurd (başını göstərərək). Nə olub sənə? Karbüratorun  çirklənib? Yoxsa mənim qarım səni nəyləsə qorxudub? Onda biz onunla yaşamarıq! O mənim birinci arvadımı da o dünyaya göndərdi! Günü sabahdan bir yana – lap elə tikintiyə gedərik! Sürücüyə hər yerdə ehtiyac var!

Cənnət. Sürücü? Nə danışırsan? Qərara gəlmisən  sürücü olasan? (özünü  itirmiş halda qollarını yanına salır).

 Qurd  bundan istifadə edərək onun rübəndini çıxarır (dərhal  əlləri

  ilə sifətini  örtür).

Aman allah! Hələ dünən elə sakit… elə nəvazişli idi ki…

Qurd. Nə olub sənə?! Zorla  ərə veriblər nədir? (onun əllərini  güclə sifətindən qoparır və qarşısında  tamamilə tanımadığı qızı görür). Sən kimsən?! Bura necə düşmüsən, de! (qapıya sarı   qaçır, işığı yandırır).

Cənnət (onun Qurban olmadığını görür). Necə kiməm?! Mən – Cənnətəm. Bəs sən kimsən?

Qurd. Mən – mənəm!!! Qurdmurad (və birdən lap uşaq kimi yanıqlı-yanıqlı qışqırır). A-na! Ana!!! A-a-na!!!

Cənnət. Ay-vay! Bəs Qurban haradadır?

Qurd. A-na!!! A-a-na!!!

Cövzə və Abadan daxil olurlar

Cövzə. Harada görünüb ki, toydan sonra cavan kişi gəlinlə təklikdə qalanda “ana” deyib qışqırsın! Mənim ağsaçlı başım üçün bu ayıbdır!!! Heç əsl kişi də toy gecəsi “anasını” köməyə çağırar?!

Abadan. Ay-vay! Bu nə rüsvayçılıqdır başımıza gəlir?!

Qurd. Axı bu mənim Ülkərim deyil!

Abadan. Doğrudan  da…  Bu ki  Cənnətdir!

Cövzə (Cənnəti başdan-ayağa süzərək). Nə olsun ki? Ay parçası kimi qızdır! Sənin Ülkərindən nəyi pisdir? Ülkər göydə heç də tək ulduz deyil! Demək, tale özü sənin həyatına qarışıb! Başa düşmürsən məgər? Yalnız axmaq öz taleyi ziddinə gedər! (Abadana). Gördün? Bu da cavan oğlan! Belə gözəl qızla ikilikdə qalıb! Bilmir onunla nə etsin! Anasını çağırır! Gəl, görüm! Bu rüsvayçılıqdan yaxamızı tez qurtaraq! (Abadanın əlindən yapışır və onunla birgə gedir).

Qurd (Cənnəti süzür). Sən doğrudan da gözəlsən! Ülkər olmasaydı, səndən savayı başqa qızla evlənməzdim! (Cənnətə yaxınlaşıb onu qucaqlamaq  istəyir).

Cənnət (onu kənara itələyərək). Nə edirsən?

Qurd. Başa düşürsən, mən həddən ziyadə evlənmək həvəsindəyəm.

Cənnət. Axı sən, Ülkəri sevirsən, məni yox?!

Qurd. Əlbəttə. Ülkəri sevirəm! Amma deyirlər,    həyatda məhəbbətdən savayı bir də əyləncə var… Bəlkə də, bu bir həqiqətdir ki, taleyin ziddinə getmək olmaz? (yenə də onu qucaqlamaq istəyir)

Cənnət (yenə onu kənar edərək). Qurd, məgər Ülkərlə kəbin kəsdirdiyini unutmusan?

Qurd. Doğrudur… Tamam unutmuşdum… (qışqırır). Ana! A-a-na!!!

Cövzə, onun ardınca Abadan daxil olurlar

Cövzə. Bu nə biabırçılıqdır başıma gətirirsən! Yenə “ana” çağırırsan?!

Qurd. Mənə öz arvadımı ver!!!

Cövzə. Hansı arvadını? Birinci arvadın öldü. Təzə arvadınsa qarşında durub, özü də sənə  görə  xəcalət çəkdiyindən o tərəfə  baxır!

Qurd. Bu ki Ülkər deyil!

Abadan. O haqlıdır, Cövzə. Görünür, biz buraya gələndə qatarda onları dəyişik salmışıq. Hər ikisi rübənddə idi…

Cövzə. Gic-gic danışma! Məgər eşitmədin, oğlum təhsilsiz olduğundan Ülkər ondan imtina etdi?! Axı o, ali təhsillidir!

Qurd. Doğru deyil!

Cövzə. Vay, vay! Deyən gərək, özünü niyə yorursan! O, balaca olanda qulaqlarını sığallayıb nəvazişli sözlər deyərdim: “Mənim balaca oğlancığazım – qoduğum, böyü!” Mənim  balaca xotuğum, böyü! Yəqin fikirləşib ki, zarafat eləmirəm, böyüyüb eşşək olub!

Qurd. Mənim Ülkərim hanı?!

Cövzə. Bir  buna bax! Məgər bu, Ülkərdən pisdir? O, təhsilli oğlana qoşulub gedəndə, oğlumu rüsvayçılıqdan xilas edim  deyə, onunçun  başqasını, daha yaxşı gəlin gətirdim! O, xalça da toxuya bilir, plov da bişirir, ən əsası, ali təhsilli deyil! Gör bir necə gəlindir! Ata-anası     onu güc-bəla ilə mənə verdilər! Bundan ötrü üç min manat başlıq vermişəm! Oğlum eşşək hələ bir inad da edir!

Qurd. Doğru deyil! Heç biri doğru deyil! Səy göstərməyin əbəsdir!

Cövzə. Əbəs deyil!  Eşidirsən?

İşıq sönür.

Yaxın get, onu  qucaqla… onunla söhbət et…

Qurd. Axı, bir de görüm evlənən kimdir? Mən, yoxsa sən?!

Cövzə. Belə qaranlıqda məgər  ayırd etmək olar? Ona yaxınlaş…. Get! Əgər istəyirsən sabah səninçün maşın alım, onda, yaxınlaş…

Qurd. Maşın? Əlbəttə, istəyirəm. Ancaq gecdir… Ülkərlə zaqsda kəbin kəsdirmişik! İşığı yandır, ağlıazmış!

Cövzə. Necə? …Zaqsda?…

İşıq yanır

Qurd. Təbii  şəkildə. Şahidlərin iştirakı ilə!

Cövzə. O səni zaqsa apardı?

Qurd. Niyə apardı? Bir yerdə getdik!

Cövzə.  Demək, oxumuş gəlin belə imiş! Sənsə, Abadan, beynini yorursan ki, nə üçün onlar institutlarda oxuyurlar?! Ona görə ki, sonradan bizləri daha məharətlə aldada bilsinlər! Bəs mənim pullarım hanı? Üç min!

Abadan. Qəbz almısan?

Cövzə. Vaqon meydançasında qəbz yada düşürdü?! Səfeh, mətbəxdən kəndiri gətir! Əlli tərpən!

Abadan qaçır.

Qurd. Pul verdiyin adamın soyadını bilirsən?

Cövzə. Haradan bilirəm!

Qurd. Bəs ünvanını?

Cövzə. Ünvanını da bilmirəm!

Qurd. Sənin pulların batdı!

Abadan kəndirlə qaçaraq gəlir.

Cövzə (kəndiri onun əlindən qamarlayaraq). Səhvin var, bala, mənim pulum  batmaz! İndi onun  başına bir oyun açım ki… (Cənnətin arxasına keçir və dərhal kəndiri onun başından atır, bir neçə dəfə onun bədəninə dolayır). Abadan! Kəndirin ucunu  bəri  gətir!

Abadan qaçır, kəndirin ucunu  çəkir, onlar ikilikdə kəndirin uclarını birləşdirib düyün vururlar. Bir göz qırpımında Cənnətin əlləri və ayaqları məharətlə sarınır.

Cənnət. Nə edirsiniz? Sizinçin atam, yoxsa nəyəm?

Cövzə. İndi ki, mənim gəlinim olmaq istəmədin, onda atım olacaqsan! Əbəs yerə məni “şahla plov yeməyən, amma qırx atlı ilə qalaya girən” Cövzə çağırmırlar! Ona görə mənimlə ayaq-ayağa qoymasan yaxşı olar! İndi onu zirzəmiyə apararıq. Mənim üç min manatım qaytarılmayınca qoy zirzəmidə otursun!

Cənnət. Mənə görə başlıq alan olmayıb! Məni xilas et, Qurd!

Qurd. Bu saat! (şkafın yeşiyini çəkib oradan böyük qayçı çıxarır, sarınmış Cənnətə yaxınlaşır). Birinci arvadımın axırına çıxdın, indi də bunu boğub öldürmək istəyirsən?

Cövzə (bədəni ilə Cənnəti örtərək). Yalnız mənim meyitimin üstündən keçib ona yaxınlaşar, kəndiri kəsərsən!

Qurd. İndi ikinizin də saçınızı qırxacağam! (Özünü  elə  göstərir ki, güya  anasının saçlarından  tutmaq  istəyir).

Cövzə (əllərilə başını tutaraq qapıya sarı qaçır). Ay-vay! Vay! Cəsarətin çatmaz!

Qurd sakitcə kəndiri Cənnətin qol-qıçından açır.

Abadan. Bir  bax! Qurd onu açdı… Ay-vay!

Cənnət (kəmərin altından Ülkərin onunçun öz ünvanını yazdığı kağız parçasını çıxarır və Qurda uzadır). Al!

Qurd. Bu nədir?

Cənnət. Ülkərin ünvanı. Qatarda mənimçün yazmışdı!

Qurd. Nə yaxşı ki, bunu sənə verib! Taksini aşağıda saxlamışam.

Bu vaxt Cövzə ildırım kimi onların arasında peyda olur və Ülkərin ünvanı olan kağız parçasını Qurdun əlindən qapır.

Cövzə (Ülkərin ünvanını əlində oynadaraq). Pullarım batmadı!…Batmadı! Budur onlar, mənim üç minim! (kağız parçasını Abadana verir). Al! Oxu!

Abadan (qeydə baxır və çaşqın halda ətrafı gözdən keçirir). Bu onun ünvanı deyil….

Qurd. Necə onun deyil?

Cövzə. Bəs kiminkidir?

Abadan. Bizim.

Qurd. Necə yəni bizim?

Abadan. Bu saat bizim olduğumuz evin ünvanıdır!…

Qurd. Heç bir şey anlamıram!

Cövzə. Mənsə anlayıram! Bu  taledir!.. Başa düşürsən  tale! Tale istəmir ki, Ülkər sənin arvadın olsun! Tale sənin Cənnətlə evlənməyini istəyir! Taledən savayı kim Ülkəri vadar edərdi ki, öz ünvanı əvəzinə bizimkini yazsın? İndi  öz Ülkərini haradan taparsan? (Cənnətə). Sən isə öz nişanlını?! Di toy  yatağınıza uzanın, görək! Bizə də dinclik verin! Sonralar öz Ülkərinlə rastlaşanda onu boşayarsan, məsələ də bitər! Öz qismətinin ziddinə kim gedər?! Mən də  sabah səninçin “Zaporojets” alaram!

Cənnət. Axı Ülkər öz ünvanını mənə verəndə buraya – Qurdun yanına gəldiyini güman edirdi!.. Qismətin mətləbə nə dəxli? Məgər sizin belə həngamə çıxaracağınızdan Ülkərin xəbəri vardı? Qurd, sən ki onun ünvanını nənəsindən öyrənə bilərsən… Yadına gəlir?! Öz pul kisəsini sənin maşınında unutmuşdu? Sən həmin pul kisəsini onun evinə aparmışdın!

Qurd. Ağıllı!

Cövzə. Belə ağıllını öz əlinlə məlum deyil kimə tapşıracaqsan?! Parkda sürücülər elə haqqına səni «maymaq» çağırırlar!

Cənnət. Gedək, Qurd!

Qurd. Gedək!

Cövzə. Əgər belədirsə, onda Abadanla biz də gedirik!

Abadan. Niyə görə?

Cövzə. Necə yəni niyə görə? Öz üç min manatımı onlara bəxşişmi verəcəkdim?

Abadan. Bura bax, Cövzə!… Ülkərlə  kəllə-kəlləyə gəlməyə dəyərmi? Axı o, hüququ qurtarıb! Qanunun sənin tərəfində duracağına əminsənmi?

Cövzə. Mənim tərəfimdə niyə? Qanun gəlinlə qayınana arasında hüquq və vəzifələri həmişə düz yarıbayarı bölür. Gəlinə – vəzifələri, qayınanaya hüquqları həvalə edir! Bəs onları başqa cür necə bölərsən?! Həmişə belə olub və belə də olacaq! Gedək! (Qurd və Cənnətin ardınca qaçırlar)

PƏRDƏ

 

Dördüncü şəkil

Birinci ağır pərdə qalxarkən ikinci, şəffaf pərdənin arxasından eyni zamanda həm bədii atelye, həm qonaq otağı və həm də yataq otağı yerləşən böyük otaq xoş təsir oyadır. Divarlardan başdan-başa dəbdə olan qadın və kişi geyimlərinin parlaq eskizləri asılıb. Küncdə böyük xalça taxt toy yatağı kimi hazırlanıb, lakin ilk anda ipək şirma onu  bizdən gizlədir. Otaqdakı mebel müasirdir. Pərdə qalxan zaman musiqi çalınır. Səhnə ilə şəffaf pərdənin arasında qonaqlar o tərəf-bu tərəfə qaçışırlar, Qurbanın əlində şallaq var. Yavaş-yavaş azalan  musiqinin sədaları altında kontralto sözləri uzada-uzada bəmdən oxuyur:

Ağ köynək geydirmə!

Arpa kökəsi vermə!

Boz dəvəyə mindirmə,

Eşşəyə yaxın qoyma!

Kontralto kəsir, musiqi dayanır. İşıq sönür. Yalnız şamdandakı bir neçə şam yanır. Yarımqaranlıq. Otaqda Qurban və Ülkərdir. O, hələ də rübənddədir. Şəffaf pərdə qalxır. Qurban şirmanın arxasına keçir. Ülkər güzgüyə yaxınlaşır və  rübəndi çıxarır.

Ülkər. Şükür Allah, hər şey qurtardı… «nə şiş yandı, nə kabab!»

Qurban. “Şiş” kim  idi, “kabab” kim?

 Ülkər. Özün bilirsən! “Şiş”, əlbəttə, sənin anan, “kabab” isə – mən! Adət-ənənəni gözləməyi kim tələb edir? Valideynlər! Qoyun kimi qurbanlığa kimi gətirirlər? Uşaqları! Bu lənətə gəlmiş rübənd elə bil kosmonavtın germetik şlemidir! Qətiyyən hava  buraxmır! Orada nə edirsən?

Qurban. Pijama geyirəm.

Ülkər. Səsin  bu gün nə isə  qəribədir…

Qurban. Qəribə niyə olur?

Ülkər. O mənə çox tanış gəlir, amma səninki deyil…

Qurban. Bilirsən… Bu ikiqat qəribədir…

Ülkər. İkiqat niyə?…

Qurban. Sənin səsin də özününkünə oxşamır… Amma o da  tanış səsdir. (Şirmanı qatlayır və divara söykəyir. O, artıq pijamadadır. Şirmanı qoyub Ülkərə baxır… Amma, görünür, gözlərinə inanmır, cəld elektrik lampasını qoşur. Sonra Ülkərə yaxınlaşaraq diqqətlə tamaşa edir). Ülkər?!

Ülkər. Qurban?

Qurban. Nə axmaq oyundur?!

Ülkər. Əgər bu oyundursa, ağıllı düşünülməyib… Ümumiyyətlə, çox qəribə alındı (gülür).

Qurban. Qəribə heç nə görmürəm! Sən hələ bir gülürsən?!

Ülkər. Gülürəm. Amma əvvəlki  kimi şən halda yox.

Qurban. Mən fikirləşirəm!

Ülkər. Mənə belə gəlir ki, il yarım bundan əvvəl arzusunda olduğum bir şeydən bu gün  son dərəcə narazı qaldın!

Qurban. Buna sən  də məyus oldun? Yalan deyirsən! Axı sən onda da mənə vurulmamışdın!

Ülkər. Mən? Əlbəttə, yox! Amma, sən?! Axı, sən mənə olan əbədi məhəbbətinə and içirdin! Məni özünün yeganə arzun adlandırırdın! İndi isə bu arzunun gözlənilməz şəkildə həyata keçdiyi bir zamanda ovqatın elə təlx oldu ki, onun həyata keçməsinə kömək edəni bu saat  məhkəməyə çəkərsən!

Qurban. Hə, indi mənə aydındır! Bunların hamısı sənin işindir!

Ülkər. Nə? Mənə vurulan sən idin, mən yox! Xam müstəntiq də dərhal bunun məhz sən tərəfindən quraşdırıldığından şübhələnər!

Qurban. Lənətə gəlsin sənin müstəntiqlərin! İzah et,  görüm, bu necə baş verib?

Ülkər. Mən nə bilim? Sənin  adaxlınla biz bir kupedə gedirdik… Hər ikimiz rübənddə idik…Ona görə də köstəbək kimi hər ikimiz kor idik. Bəlkə bizi dəyişik salıblar?!

Qurban (bərk narahat). Necə yəni dəyişik salıblar? Deməli, mənim Cənnətim indi sənin nişanlının yanındadır? Sənlə mənim düşdüyüm vəziyyətdə?

Ülkər. Özünü üzmə. Bizdən daha yaxşı vəziyyətdə!

Qurban. Daha yaxşı. Nə üçün?

Ülkər. Əvvəla, mənim nişanlım səndən gözəldir. İkincisi, vicdanlıdır! Üçüncüsü, o, əvvəllər heç vaxt sən mənə vurulduğun kimi vurulmayıb. Odur ki, də qız ona inana bilər!…

Qurban. Bütün bunların əhəmiyyəti yoxdur. Qorxuram, sənin nişanlın məndən sırtıq və kobud ola!

Ülkər. Sırtıq? Ola bilər… Amma çətin ki, kobud olsun.

Qurban. Məgər mən səninlə kobud olmuşam?

Ülkər. Hələ bir soruşursan da! Cənnətin yerində məni görəndə, kaş güzgüdə özünü görəydin. Sifətinin ifadəsinə baxa biləydin!

Qurban. Axı sən həmişə mənə qarşı o qədər etinasız olubsan ki, bu səni təhqir edə bilməzdi!

Ülkər. Əlbəttə! Axı bu mən yox, sən idin: «Həqiqi məhəbbət qəbirə qədər olan məhəbbətdir»  deyə baş-qulağımı aparmışdın!

Qurban. Bununla nə demək  istəyirsən? Demək, sən özün başqasına ərə gedə bilərsən, mən isə qoca subay kimi qalmalı, bütün ömrüm boyu təkcə  səni sevməliydim?!

Ülkər. Sözsüz! Yox əgər  bütün ömrün  boyu olmasa da, onda heç olmasa… minimum səkkiz il!

Qurban. Niyə məhz səkkiz il?

Ülkər. Beş il mənə olan nəzakətə, üç il də öz şəxsi hissinə olan hörmətə görə! Mənə qarşı səndə heç bir məhəbbət olmayıb! Sən məni alçaqcasına aldatmısan!

Qurban. Bilirsən nə var…

Ülkər. Özü də təkcə aldatmaqla kifayətlənməmisən, ümumiyyətlə, kişilərin məhəbbətinə olan inamımı da qırmısan! Onun əbədiliyə olan inamını sarsıtmısan! Bu zaman oğurluq da etmisən!

Qurban. Oğurluq?

Ülkər. Bəli, oğurluq! Bu sənin  ağlına belə gəlməyib? Hə. Heç qadın qəlbinin nə demək olduğu barədə nə vaxtsa fikirləşmisən? Qadın qəlbi onun xatirələrinin  canlı mücrüsüdür. Nə vaxtsa həmin qadına aşiq olmuş hər bir kişi bu ecazkar mücrünün gözlərinin birində ağzı bağlı saxlanılır. Qadın bilir ki, həmin adamın yenidən onun ayaqları altına düşməsi üçün onu xatırlaması, yainki barmağının işarəsi ilə  onu çağırması kifayətdir. Deməli, belə: sən özünə aid xatirələr toplusunu qəlbimdən oğurlamısan! Bunun nə demək olduğunu başa düşürsən? Qarət! Günün günorta çağı soyğunçuluq! Bu, qıza onunla evlənəcəyini vəd edib bu vədlə ondan qaçıb kosmosa getməkdən daha betərdir!.. Ona görə də hər bir qız gələcəkdə özü üçün başqa nişanlı tapa bilər… Bəs sən tərəfdən oğurlanmış xatirələri mən necə qaytarım? Yenidən özümü romanın qəhrəmanı kimi necə görüm?

Qurban. Ülkər!.. Əgər nə vaxtsa mən məhkəməyə düşsəm, həyatıma and içirəm, mənim vəkilim yalnız  sən olacaqsan! Sənin kimi indi belə inandırıcı danışmaq  və bu zaman bir dənə də həqiqi söz deməmək üçün dahi vəkil olmaq lazımdır!

Ülkər (həyəcanlı, başa düşür ki, onun yumor hissi öz təsirini göstərmişdir). Əlbəttə, ola bilsin ki, danışdığımın heç də hamısı həqiqi deyil… amma… Başa düşürsənmi, bütün bunları bir fransız romanında oxuyanda çox xoşuma gəldi!

Qurban. Və qərara aldın ki, öz romanında ondan istifadə edəsən? Amma Ülkər…Ciddi danışaq. Səninlə rastlaşanda,  mən hələ özümü tapmamışdım… Həyatda öz yerimi tapmamışdım. Bir ali məktəbdən digərinə qaçırdım… Cinsi şalvarı elektrik üzqırxanı ilə dəyişirdim, üzqırxanı isə qalstukla… Çiynimə qədər tökülən yasəməni saçlar, sinəmə tökülən saqqal saxlayırdım… Bu görkəmdə sənə, əlbəttə, yüngülxasiyyət adam təsiri bağışlayırdım. Amma Cənnət bizim muzeydə görünəndə… və mən onun parça ornamentlərini görəndə… sənə nə deyim? Mənim incəsənətim, əlbəttə, nə musiqi, nə poeziya, nə də nəqqaşlıqdır… O, tətbiqidir. Amma hər halda  incəsənətdir! Lakin onun müdavimi olmaq üçün mənə təkcə Cənnətin ornamentləri kifayət etmədi… Onun özü lazım oldu! Anlayırsan?

Ülkər. Dediyini başa düşürəm… Ancaq bunu ona yox, mənə söyləyirsən?

Qurban. Əgər tale birinci toy gecəsində mənə sevdiyim Cənnətin əvəzində  səni göndərirsə? Bir dostdan savayı özgə cür sənə necə müraciət edə bilərəm?! Bax mən də ürəyimdə olanları səninlə bölüşürəm.

Ülkər. Bəlkə də bu elə həqiqətdir… Lakin bununla belə, yer üzündəki bütün yalançılar arasında sən birinci yeri tutursan!

Qurban. Axı mən kimi, nə vaxt aldatmışam?

Ülkər. Səni tanıyanların hamısını! Neçə ildir komsomoldasan?

Qurban. Altı.

Ülkər. Xasiyyətnamədə onlar sənin barəsində nə yazıblar?

Qurban. Hə, əlbəttə, “kapitalizmin parlaq ləkələri ilə ifadə olunmuş modabaz…” “Bir də kiminsə quyruqbulayanı…” Unutmuşam…

Ülkər. Bəs oxuduğun institutlarda haqqında hansı rəy yaranmışdı?

Qurban. Təxminən komsomolda olduğu kimi. Sən ki, bilirsən…

Ülkər. Bəs ordu ilə nə etdin?

Qurban. Heç nə.

Ülkər. Necə heç nə?! Səni ki orduya aparmadılar.

Qurban. Əvvəlcə belə oldu. Ali məktəblərin və komsomolun xasiyyətnamələrinin ucbatından.

Ülkər. Bəs sonra?

Qurban. Hava-desant hissəsinə qəbul olunmağımı xahiş edəndə razılıq verdilər. Doğrudur, şərti.

Ülkər. Bəs sonra?

Qurban. Xidmət edib qurtardım.

Ülkər. Ardını bilirəm! Paraşütdən tullanmağa görə yüksək qiymət almısan! Soyuq və odlu silaha yiyələnməyə görə də həmçinin. Silah tətbiq etmədən iştirak etdiyin döyüşdə fərqləndiyinə görə alayın birinci mükafatını veriblər.

Qurban. Sən haradan bilirsən?

Ülkər. Ordudan sonra respublika muzeyinin atelyesində işləyərək öz modellərinə görə altı birinci mükafat   və bir qızıl medal almısan!

Qurban. Bu nədir? Mənim haqqımda məlumat toplamısan?

Ülkər. Buna nə ad vermək olar? Orduda Sovet  İttifaqı Qəhrəmanlığına can atırsan? İşdə Sosialist Əməyi Qəhrəmanlığına? Əgər yaxşı adamsansa, yalandan özünü pis niyə qələmə verirsən?   Nahaqdan cəmiyyəti niyə əsbiləşdirirsən? Məgər səndən savayı onun qayğısı yoxdur. Yalançı özünü yaxşı  qələmə verən adamdır! Sən belə fikirləşirsən! Bəs sən özün pissən? Yox! Yanılırsan! Sən daha dəhşətli yalançısan! İl yarım əvvəl biz tanış olanda sənə kim baxsaydı, tüpürərdi! Dar ayaqda sənə güvənməyin mümkün olması kimin ağlına gələrdi?! Sən demə, olarmış! Bizim bir planımız var, sən isə onu alt-üst edirsən! Mən müstəntiq olmaq istəyirəm, amma xəbərin yoxdur ki, sənin ucbatından ola bilmirəm!

Qurban. Necə yəni mənim ucbatımdan?!

Ülkər. Beləcə. Professor bildirdi ki, müstəntiq olmaq üçün özüm-özümü sınamalıyam. “Bax, deyir, mənim yanımdan çıxandan sonra tanış olduğun birinci adamla məşğul ol. Onunla söhbət et… Bir neçə dəfə görüş… Sonra təəssüratını dəftərinə yaz. Və gözlə. Əgər sənin ehtimalın nəticədə təsdiq olunarsa, müstəntiq işinə get. Əgər onun barəsində həqiqətdə olduğuna nisbətən yaxşı fikirləşmisənsə, yenə də get. Yox əgər onun haqqında düşündüyünün əksinə olaraq, o, pis olarsa, müstəntiqlik işinə nöqtə qoy!” Həmin söhbətdən sonra tanış olduğum ilk adam sən oldun! Hər şey aydındırmı?

Qurban. Hər şey. Ancaq qanını qaraltma. Vəkil ol! Ya da  yox! Prokuror olmağın yaxşıdır! Sən son dərəcə gözəl nitq söyləyirsən! Çıxışından sonra məhkəmə iclasının zalında konvoylardan savayı heç kimə bəraət qazandırmazlar! Çox nüfuzlu  prokuror olacaqsan! Ona görə də sənin ərinə qibtə etmirəm!

Ülkər. Sənin arvadına qibtə etmədiyimi isə il yarım bundan əvvəl başa düşmüşdün!

Qapı döyülür.

Qurban. Kimdir? Buyurun!

Maral girir.

Maral. Sizə bir şey olmayıb ki, balalarım. Pəncərənizdə işıq gördüm… Sonra qapıya  yaxınlaşdım və söhbətinizi eşitdim….

Qurban. Olub, ana. Mənim adaxlımı, Ülkərinsə nişanlısını dəyişiblər.

Maral. Nə danışırsan? Amma mən əminəm ki, bu, hər ikinizi yalnız sevindirə bilər. Mənim oğlum, xəbərim var, artıq il yarımdır Ülkəri sevirsən. O vaxtdan sənin yaxşılığa doğru necə dəyişdiyini görüb əmin oldum ki, bu  gün o, sənə əvvəlkinə nisbətən başqa cür yanaşacaq. Bu müddətdə ola bilməz ki, başqasını sevməyə macal tapasan.

Qurban. Tapmışam, ana.

Ülkər. Mən də Maral xala.

Maral. Sizə inanmıram! Yəqin yenə də heç nəyin üstündə mübahisə etmisiniz və indi, sadəcə, bir-birinizin acığına belə deyirsiniz. Cavan olanda ərimlə mənim aramda da belə bir şey olmuşdu.

Qurban. Yox, ana, hər ikimiz həqiqəti deyirik.

Maral. Balalarım! Ziyalı ərin savadsız arvadla, yaxud əksinə, yaşamasının necə  çətin olduğunu bilirəm. Bu da bir qismətdir. Tale toy gecəsində sizi birləşdirib. Yenidən onu sınamayın və xoşbəxt olun! Mən isə getdim! (gedir)

Qurban. Mən, deyəsən, bizi birləşdirən taleyin kim olduğunu  tapdım. Bu mənim anamdır!

Ülkər. Sən haqlısan, Qurban! Amma, fikrimcə, mənim qayınanamın da bu işdə  barmağı  var! O da  az aşın duzu deyil! Məndən çox xalça toxumağı bacaran Cənnət onun ürəyincədir!

Qurban. Axı mənim anamın haradan ağlına gəlib  ki, təhsilli kişi  hökmən təhsilli qadınla ailə qurmalıdır? Sokrat Ksantippa ilə evlənmişdi. Deyilənə görə, o da təhsil almış qadın deyildi. Son dərəcə təhsilli rus çarı Birinci Pyotr bilmirəm qulluqçu ilə, yoxsa bir İsveç keşişinin xidmətçisi ilə evlənmişdi.

Ülkər. Cənnətlə evlənməyinə bəraət qazandırmaq üçün yaxşı dəlillər gətirirsən! Lakin, ümumiyyətlə, təhsil insana hər şeydə kömək edir. Hətta belə deyək ki, ər-arvad sədaqətini saxlamaqda…

Qurban. Yenə zarafata başladın?

Ülkər. Zarafat etmirəm. Bax, biz səninlə təhsil almış adamlarıq. Ona görə söhbət üçün mövzu tapırıq. Bütün gecəni oturub söhbət edirik. Bəs Qurdla Cənnət? Bütün gecəni bir-birilə nə barədə söhbət edəcəklər? Və əgər onlar hətta…

Qurban. Nə əgər onlar hətta…

Ülkər susur.

A-a, axı sən əqrəbsən!

Ülkər. Bəs onda onlardan birisinin nə mənim, nə də sənin dalınca gəlmədiyini nə ilə izah edə bilərsən? Axı mən öz ünvanımı Cənnətə vermişəm.

Qurban. Hansı ünvanını?

Ülkər. Buranın!

Qurban. Bəs burada, mənim yanımda olacağını haradan bilirdin?

Ülkər. Doğrudan ey! Mən necə də axmağam! Mən ona Qurdun ev ünvanını vermişəm! Axı mən oraya gedirdim!

Qurban. Kimsə doğru deyib: qadınlara cəbri öyrətmək mənasızdır. Onsuz da cəbri irəli tərpətməyəcəklər.

Ülkər. Qurd isə kişidir. Demək cəbrdən başı çıxır və bizi tapacaq.

Qurban. Bəs mənim ünvanımı haradan öyrənəcək?

Ülkər. Mənim nənəmdən! Biz onunla orada tanış olmuşuq. Nənəm pul kisəsini pullarla birgə onun maşınında unutmuşdu. O da axşam həmin pul kisəsini ona gətidi.

Qurban. Nənənin pul kisəsini tapdı və özü ona qaytardı? Demək, namuslu gəncdir! Bu, bir qədər məni sakitləşdirir.

Ülkər. Nə ilə?

Qurban. Bu müddət ərzində mənim Cənnətimlə təklikdə qalıb.

Ülkər. Necə deyərlər, elə kişi var: özgənin qəpiyini götürməz, amma özgə qızı da əldən buraxmaz!

Qurban. Bu onun tərəfindən həm də sənə qarşı sədaqətsizlik olar…

Ülkər. Əlbəttə…

Avtomobil fiti eşidilir.

Bu, Qurdun maşınıdır! Əgər mənim Qurdum sənin Cənnətinlə günah işlədibsə belə, mənim dalımca gəldisə, demək, hər halda məni sevir! Cənnətə görə, doğrusu, onu qınamaq olmaz! Qız olduqca göyçəkdir! Öz aramızdır, zövqün  pis deyil ha!

Qurban. Əqrəbin it kimi tutduğunu ilk dəfədir ki, görürəm!

Qapı açılır, Qurd Cövzə, Abadan, Cənnət,  Maral, Yamaca daxil olurlar.

Cövzə (Qurda). Di? İndi görürsən onlar heç də papaqlarını günə yandırmayıblar! Yox, sən bir onlara bax!

Qurd (yumruqlarını sıxaraq hədələyici tərzdə Qurbanın üstünə yeriyir). Di! Boynuna al! Qorxma! Mən cəmisi iki dəfə endirirəm: bir dəfə  adamın başından, ikinci dəfə isə tabutun qapağından!

Qurban (sakit). Necə yəni tabutun qapağından?  Daxildən, yoxsa? Belə xam xəyala düşmə… Əgər sənin canını alsam, ikinci zərbəni endirə bilməzsən.

Cənnət (Qurbanın boynuna sarılır). Mənim Qurbanım!

Qurban onu öpür.

Cövzə (Qurda). Yox, sən də baxıb ləzzət apar! Beş dəqiqə əvvəl səninkini öpürdü,  indi isə özününkünü öpür! Həqiqi igiddir!

Qurd (Qurban tərəfə işarə edərək Ülkərə). De görüm, o, sənə toxunub?

Ülkər. Sən xoşbəxtsən, Cənnət! Qurban səni həqiqi məhəbbətlə sevir. Ondan heç vaxt xəyanət gözləmə!

Cövzə (Qurda). Bir gör, necə bicdir! Gör özünü necə tülkülüyə vurur! Şübhəni öz üzərindən bir gör necə kənar edir?!

Ülkər. Mənim Qurdum isə məni öpmür. Məni sorğu-suala tutur. Bilirsən niyə, Cənnət? Ona görə ki, əgər insan özü yalançıdırsa, heç vaxt heç kimə inanmır!

Cövzə. İndi, oğul, başa düşürsən qadına oxumaq nə  üçün lazımdır? Öz günahını ərinin üstünə atmaq üçün!

Ülkər. Cövzə, məni təhqir etməyə sənin nə haqqın var?

Cövzə. Bütün gecəni kişi ilə bir yerdə, ayrıca bir otaqda keçirən qadını təhqir etməyə nə  lüzum? Hamı təhqirsiz də başa düşür ki, onlar burada siçan-pişik oynamayıblar! Bütün gecəni qadının kişi ilə nə söhbəti ola bilər?

Ülkər. Doğrudur! Əgər baş boşdursa, onda nə danışasan, nədən danışasan! Şəhrizad sultanla min bir gecə söhbət etdi!

Cövzə (Qurbana). İstəyir onu Şəhrizad, onun Qurbanını sultan hesab eləyəsən. İnanasan ki, bütün gecəni bir-birlərinə nağıl danışıblar. Yaxşı tutaq ki, onlara inandın (oğluna). Bəs Qurban Cənnətə necə inansın?

Qurban. Bilirsən, hörmətli… Mən sizdən və oğlunuzdan heç nə soruşmuram. Ona görə ki, Cənnətə inanıram! Məgər inanmadığın qızı da sevmək olar? Nə sizin oğlunuz, nə də mən öz adaxlıma  başlıq verməmişik. Hər ikimiz sevərək evlənmişik. Deməli, onlara inanmalıyıq!

Cənnət (onu qucaqlayaraq). Sən xalis qızılsan! Çox ağıllısan! Çox sevimlisən!…

Ülkər (Qurda). Bir-birinə inamı olanlar gör necə xoşbəxtdirlər! Sənsə məni yalnız sorğu-suala  tutursan!

Qurd. Hər kəsin öz məhəbbəti var… Qısqancam, nə edim, özümlə bacara bilmirəm!

Cövzə. Doğru deyirsən! Ona qulaq asma! Sorğu-suala tut! Sən Qurbana baxma! O deyir heç kim üçün başlıq verilməyib? Bəs mən? Onun anasına Cənnət üçün üç min manat vermişəm! Onun nədən xəbəri var? Hamıya inanır. Lap ağılsızdır!

Qurban. Bu doğrudur, ana? … Ondan pul almısan?

Maral (isterik). Almamışam! Almamışam!!!

Cövzə. Ay! Ay! Ay! Yalan niyə deyirsən? Hələ bir qara-qışqırıq da salırsan! Niyə utanmırsan?… Sənin yerinə olsaydım, mən də götürərdim. Sənin gəlinin mənim təhsil almışımdan  bahadır! Niyə də götürməyəsən?

Maral (Qurbana). Mən yalnız sənin xoşbəxtliyinə nail olmaq istəyirdim! Ülkərlə çoxdan dostluq etdiyini bilirdim.

Cövzə. Eşidirsən?! Yox, sən eşidirsən, Qurd? Demə, onun sultanı sənin Şəhrizadınla çoxdan dostluq edirmiş!!!

Yamanca. Axı, yalnız dostluq ediblər!

Cövzə. Belə dostluqlardan xəbərimiz var! İkisi dostluq edir, valideynlərin yanına dördlükdə gəlirlər!

Yamanca. Necə yəni dördlükdə?

Cövzə. Çox adicə. Onların əvvəlki dostluğundan uşaqlar törəyir!

Yamanca. Əgər belə hal baş versə də, valideynlərin yanına dördlükdə yox, üçlükdə gəlirlər.

Cövzə. Həmişə eyni şey olmaz! Bizim binada bir qız yaşayırdı. Bir oğlan onunla dostluq eləməyə başladı… Heç bir il keçmədi ki, qız öz valideynlərinə və oğlana birdən-birə iki qız hədiyyə etdi! Bir-birindən gözəl idilər! Bax, ürəyin açılsın! Əlbəttə, vaxt olacaq, onlar həmin qızlar üçün böyük məbləğdə başlıq alacaqlar! Öz qızlarını isə onun dostuna başlıqsız verməli oldular. Əvvəllər ikilikdə dostluq edirdilər. İndi həyətdə uşaq arabası da gəzirlər. Dördlükdə dostluq edirlər! Elə bilirsiniz plan təkcə pambıq üzrə artıqlaması ilə dolur?

Qurban. Ana, səndən pul barəsində soruşuram!

Maral. Ondan pul almamışam! Budur onlar! (Bir bağlı pul çıxarır və onları Cövzənin ayaqları altına atır).

Cövzə. Əgər almamısansa bəs bunlar səndə haradandır? (pulları qaldırmaq üçün əyilir)

  Ülkər demək olar ki, Cövzənin əli altından pulları  qamarlayıb götürür

Maral. Onları özü zorla cibimə dürtdü! Başımı qaldıranda izi-tozu da qalmamışdı!

Cövzə (Ülkərə). Dayan mənim pullarımı haraya aparırsan?

Ülkər (pulları göstərək). Artıq bunlar pul deyil!

Cövzə. Pul deyilsə, bəs nədir?

Ülkər. Əşyayi-dəlil!

Cövzə. Necə, nə  təhər dəlil?!

Ülkər. Sizin Maral xala ilə qarşılıqlı fırıldağınızın dəlili! Cinayət Məcəlləsinin  yüz qırx altıncı maddəsi ilə… iki şəxsdən biri pul verir, digəri alırsa, həmin maddənin ikinci hissəsinə görə dörd ilədək həbs cəzası tutulur…

Cövzə. Məni qorxutma!

Ülkər.  Mən heç də qorxutmuram. Yox, əgər siz bu pulları verməsəydiniz, Maral xala da almasaydı, həmin maddənin birinci hissəsi ilə vur-tut iki ilədək həbs cəzası tətbiq edilə bilərdi! Bax belə!

Abadan (Cövzəyə). Axı o, hüquq fakültəsini qurtarıb. Dedim ki, onunla kəllə-kəlləyə gəlmə!

Cövzə. Axı bu pulların mənə məxsus olduğunu kim   sübut edəcək?

Ülkər. Maral xalanın pulları sizin ayağınız altına atdığını, sizinsə onları necə götürmək istədiyinizi hamımız gördük!

Cövzə. Ayağı altında bu qədər pul görən hansı adam onu qaldırmaz?! Elə sən özün də əlimin altından onları qamarlamaq üçün  ilan təki qıvrıldın! Heç gör mən deyirəm ki, onlar sənindir!.. Bu pullar mənim deyil! (Marala tərəf). Heç ona da verməmişəm! O da almayıb!

Maral. Almamışam! Almamışam! Almamışam!

Cövzə (Ülkərə). Eşidirsən? Demək, bu pullar kimindir? Sənin! İndi öz maddənlə özün iki il otur! Sən mənə aman verməsən, mənim də sənə rəhmim gəlməyəcək!

Ülkər. Yaxşı, mənimdir! Hamı eşitdi? Onda sizə yüz qırx yeddinci maddənin birinci hissəsini verərik. Cəza müddəti iki ilədəkdir, amma birinci dəfə məhkum olunduğunuz üçün altı aydan artıq iş kəsməzlər, məhkəməyə verərik, özümüz isə evlənməyimizin ilk ayını keçirmək üçün Qara dəniz sahilinə gedərik! Qayınanalarımız daha bizə mane olmazlar. Hə, Qurd, Cənnət! Niyə məyus olmusunuz?

Qurban. Başa düşürsən… Onlar Cənnətlə sizin üçün, əlbəttə, yalnız qayınanadır…Amma Qurdla bizim üçün isə ana… Anlayırsınız? Şübhəsiz, özümüzü gündə qaraldacağıq. Çimmək də olacaq… Amma bir halda ki, bizim analarımız bu vaxt həbsxanada oturacaqlar, xoşbəxtlik alınmayacaq!

Qurd. Doğru buyurursan!

Ülkər. Axı siz niyə belə xeyirxah və kinsizsiniz! Hələ heç hava işıqlanmayıb. Amma siz istəkli analarınızın sizdən ötrü necə bir toy gecəsi qurduğunu unutmusunuz!

Abadan. Niyə təəccüblənirsən, Ülkər? İnsan xoşbəxt olanda hamını xoşbəxt görmək istəyir!

Yamanca. Doğru deyirsən, Abadan!

Ülkər. Yaxşı. Onları məhkəməyə vermərik. Amma heç inanmağım gəlmir ki, evlənməyimizin ilk ayını sakitcə keçirməyə bizə imkan verələr.

Qurd. Eybi yoxdur! Onları birinci dəfə bağışlayaq! Sağ ol, Ülkər!

Qurban. Sənin xeyirxah ürəyin olduğunu bilirdim!

Cənnət. Birdən-birə mən necə də varlı oldum! Həm ər, həm də rəfiqə qazandım!

Cövzə. Qurd! Bura gəl!

Qurd anasının yanına gedir və o, sakitcə oğlunu nəyəsə inandırmağa çalışır. Qurd başı ilə anasının fikrinə şərik olmadığını bildirən jest edir. Mübahisə getdikcə qızışır. Hər ikisi əl-qol ata-ata danışır. Yerdə qalanlar otağın digər küncündə dayanmışlar. Qeyri-ixtiyari onların söhbətinə qulaq asırlar.

(Həddən artıq qızışaraq tam səslə danışmağa başlayır). Qurbanla arvadına niyə mənim pullarımla evlənməyinizin ilk ayını keçirməyə icazə verirsən?! Həmişə özünə maşın almaq istəyirdin…. Öz Ülkərindən mənim üç min manatımı götür və “Zaporojets” al! Onu sənə hədiyyə verirəm! Yoxsa daha maşın istəmirsən?

Qurd. Niyə istəmirəm! Çox istəyirəm!

Cövzə. Pulları ondan al! Əsl kişi olduğunu sübut et!

Qurd. Yaxşı. İndicə sübut edərəm! Ülkər! Bu saat onların ikisini də məhkəməyə ver! Yoxsa belə görürəm, evlənməyimizin ilk ayını qeyd etmək planımız baş tutmayacaq! (Cövzəyə). Hə, ana! İndi gördün ki, mən əsl kişiyəm!

Ülkər. İndi bunu mən də gördüm, Qurd!

Qurd. İndi ki görürsən, onda qoy mən də ali təhsilli arvadın nə demək olduğuna inanım! (jestlə Cövzə və Marala tərəf) Bu saat onların ikisini də həbs et!

Ülkər. Sən həddən artıq qansızsan. Onları məhkəməyə vermək kifayətdir. Bu gün  təhvil verərik, sabah yox, birisi gün Qara dəniz sahilində olarıq!

Qurd. Yox, Ülkər… Məhkəməyə qədər mənim anamı həbs etməsələr, getmək olmaz! Yoxsa onlar bizim ardımızca gələrlər.

Cənnət. Doğrudur…

Ülkər. Yox! Məhkəməyə  verəndə milisdə onları bir sənədə qol çəkməyə vadar edəcəklər. Gəlməzlər!

Qurd. Bir ay müddətində hansı sənəd bizim təhlükəsizliyimizi təmin edə bilər?

Ülkər. Adicə bir sənəd. Bir ay müddətinə heç bir  yerə getməmək haqqında dillərindən iltizam alacaqlar!

Cənnət. Vay-vay! Necə də ağıllıdır! Bundan sonra  toxuyacağım ilk xalçanı sənə hədiyyə verəcəyəm!

Qurd. Ali təhsilli arvad bu deməkdir!

Qurban. Ancaq, Ülkər, mən  sən deyəni başa düşmürəm… Evlənməyimizin ilk ayını keçirəndən sonra, analarımızı həbsxanaya saldırmaq niyə lazımdır?

Ülkər. Baxarıq görək, gələcəkdə özlərini necə aparacaqlar?!

Abadan. Əgər siz qayıdıb gələndə üzr istəsələr?!

Ülkər. Cani günahını etiraf edirsə, bu həmişə nəzərə alınır. İşi xətm etmək də olar…

Cövzə. Bilirsən, Ülkər… Sən bəlkə də inanmazsan, amma sənə nə qədər çox fikir verirəm, bir o qədər çox xoşuma gəlməyə başlayırsan!

Ülkər. Doğrudanmı, Cövzə ana?  Doğrusunu desəm, bu mənim üçün son dərəcə gözlənilməz hadisədir!

Cövzə. Mən isə səni yalnız indi yaxşıca tanıdım! Sən ki, xasiyyətcə mənə oxşayırsan! Amma mən universitet qurtarmamışam… Anlayırsan?

 Pərdə

 

Yazıya 42 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.