BOYUNA SEVGİ BİÇİLƏN ŞAİR DAYANDUR SEVGİN SEVDASI VƏ YAXUD, ÜRƏYİ HAMIYA AÇILAN MƏHƏBBƏT PƏNCƏRƏSİ…
(Şair-publisist Dayandur Sevginin poeportretindən cizgilər..)
Şair Dayandur Sevgin (Tağıyev Dayandur Mikayıl oğlu) 65 yaşını yola salır… Dayandur Sevgin bu yaşa əliboş gəlməyibdir, o, “Boyuma biçildi dərd”(2000), “Mən bilmirəm ayrılmağın yolunu”2003), “Əllidən o yana yollar yoxuşdur” (2009), “Xoş gəldin 55 yaşım” (şeirləri, məqalələri, onunla müsahibələr və haqqında yazılanlar, 2014), “İkinci addım” (2019) adlı kitabların müəllifidir…
Dayandur Sevgin adı gələndə gözümün qabağında bu çağımızın ziyalılar mühitində cümləqayğı obrazı canlanır… Özü də, möhtəşəm, boya-boy bir obraz!! Onu AYB-nin “qaraşuxası” da, ““haqqa dayanan, haqqa söykənən, könlünü şerə verən şair” də, adlandırırlar və elə də var…
Bütün bunlar onun torpaq – Vətən oğlu olmağından irəli gəlir… 1959-cu il fevralın 5-də İmişlidə dünyaya gəlib, uşaqlığı, ilk gəncliyi İmişlinin Ağamallar kəninin bol-bəhrəli, yovşan ətirli çöllərində keçib, aranlı-yaylaqlı yamaclarda qoyun-quzu otarıb, çiling-ağac oynayıb, tərəkəmə həyatı yaşayıb… Elə onun səmimiliyi, istiqanlılığı, şeirin vətəndaşlıq ətri bu kənddən – kəsəkdən gəlir, illər boyu şəhərdə yaşasa da, evi-eşiyi şəhərdə olsa da, çoxumuz kimi şəhər onu şəhərli edə bilməyib…
Bu xaotik şəhər mühitində bir kəndçi balası qədərincə səmimiyyətini qoruyub saxlayıb və yaxşı ki, bütün bunlar bir sərvət kimi 1980-ci illərdən bu günə onun poetik yaradıcılığına yansıyıb, hopub, yaxşı-pis, az-çox nəyi var, özüdür, özününküdür…
“Dayandur Sevginə təşəkkür düşür.” – misrası onun tale misralarından biridir. Əslində düz deyilib, bizim hamımızın müxtəlif məqamlarda ona təşəkkürümüz düşüb və düşür… Amma şair bu misranı məcazi mənada, ironik tərzdə işlədibdir, necə olur ki, filankəsə ev, filankəsə maşın, bəhmənkəsə “paçqa-paçqa” pul, Dayandura isə təşəkkür düşür? Və bu misranı “Dayandurun taleyi, tərcümey-halı” hesab edənə də təşəkkür düşür, bir çaynik çayla…
Bu da Əsəd Cahangirin Dayandur Sevginə həsr etdiyi şeirdəndir:
“Xəyalında uçmusan bəlkə Günəşə, aya,
Həyatın zülmətini sevgin ilə boğmusan!
Anan səni Dayandur kimi verib dünyaya,
Sən özünü təzədən Sevgin kimi doğmusan.”
Dəqiq deyilib, özü də nadir deyilib, eşq olsun!..
Dayandur Sevgin təpədən-dırnağa Azərbaycandır, Azərbaycanın şah damarı Qarabağdır, fəxr ediləsi qarabağlıdır… “İsa bulağı”nın yaraşığıdır… Buna sübut onun poeziyasıdır, həyat tərzidir, elə təkcənə “Azərbaycan bayrağı” şeiridir:
Millətimin fəxridi, haqqa gedən yoludu,
Koroğlumun qılıncı, Babəkimin qoludu,
Müstəqillik günəşi, Azadlıq simvoludu,
Seyr elə, igid əsgər, dalğalanan bayrağı.
Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!
…Yaşılı İslamçılıq, göyü Turan şanıdı,
Vətən oğlu, qırmızı şəhidlərin qanıdı,
Ümummilli liderin bizə ərmağanıdı,
Oğullardı ucaldan, ata sancan bayrağı.
Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!
…Könlümdə göyərəni Qarabağda bitirsin,
Dalğalansın, arzumu Savalana yetirsin,
Ucaldıqca ucaldaq, dosta sevinc gətirsin,
Düşmənlərin köksünü oda yaxan bayrağı.
Üçrəngli göy qurşağı, Azərbaycan bayrağı!
Azərbacan bayrağına biri-birindən dəyərli, gözəl, vüqar hissi doğuran şeirlər yazılıb… Bu silsilə arasında Dayandur Sevginin “Azərbaycan bayrağı” şeirinin öz məkanı, öz məqamı var… Onun şeiri də, bir gözəl dilək kimi oxunur, hər misrasında müəllifin doyumsuz duyğusu, doğmadan-doğma ruhu, səmimiyyəti, sevinci, göynəyi, vüqarı duyulur, ərənlərin – qazilərin hayqırtısıdır, şəhidlərin qanıdır, Ali Baş Komandanın ərmağanıdır Azərbaycan bayrağı…
Hər mətləbi oxucusuna dost-doğma ana göynəyi kimidir… Azadlıq, müstəqillik, bütövlük yollarının o başından bu başına qədər ilkinliyimizə, kimliyimizə, itkilərimizin nədənliyini dərk etməyə səslənişdir “ Azərbaycan bayrağı” şeiri… Bu şeir dərsliklərə düşməyə layiq şeirdir…
Ümumiyyətlə, Vətən, Millət və bu kimi keçmişə söykənən mənəvi dəyərlər Dayandur Sevginin sevgi dolu poetik yaradıcılığının, mənəviyyatının, lirik “mən”inin əsas qayəsini, ana xəttini təşkil edir…
Onun poetik dünyasının dolanbaclarını gəzdikcə görürük ki, bu axar-baxar boyunca bizim özümüzün fikir və düşüncələrimiz, gündəlik qayğılarımız, sevgilərimiz, istək və arzularımız, bu günümüzüm özü sərgilənib…
Yoxdur bu dünyada sənə tay Vətən,
Borcumu ödəyəm əməllərimlə.
Sən mənim gözümsən deyim, ay Vətən,
Səni qoruyaram kirpiklərimlə.
Dayandur Sevgin bir müsahibəsində bica yerə qələm dostlarından – tənqidçilərdən gileylənir. Adları bu məqaləmdən keçən və keçməyən həmkarlarımızın onun şəxsiyyəti, yaradıcılığı haqqında dedikləri, yazdıqları onun barəsində tamam-kamal təsəvvür yaradır. Məsələn, qənşərimə çıxanlardan bir-neçə kəlam: Filologiya elmlər doktoru, professor Vaqif Yusifli onun yaradıcılığını belə səciyyələndirir: “Dünəni, keçmişi və bu günü şeirlərində yaşadan şair… Səmimi şair…Şeir dili axıcı, rəvan, poetik olan, ənənəyə bağlı şair…” Və yenə Vaqif Yusiflinin qənaəti: “Dayandur Sevgin öz ədəbi nəsli içərisində seçilən, fərqlənən bir şairdir. Onun özünəməxsus deyim tərzi, poetik manerası var. Dayandur istənilən mövzuda yazır və yaza bilər, amma hansı mövzuya əl atsa, o mövzuda yazdığı şeirdə indiyədək rastlaşmadığın ifadələrə, tapıntı misralara tuş gələcəksən.”
Filologiya elmləri namizədi, şairə Sona Vəliyeva yazır: “Dayandurun şeirlərində
xarakteri, gün-güzəranı, arzuları, keçmişi və bu günü yaşayır. Bunların kökündə isə məhək daşı kimi ən əsası səmimiyyət daşıyır”.
Filologiya elmləri namizədi Salatın Əhmədli: “Dayandur Sevginin şeir dili
axıcıdır, poetikdir. Şeir dili ilə sanki təbiət mənzərəsi çəkir”.
Elmlər doktoru, tənqidçi Təyyar Salamoğlu: “Dayandur Sevgin həyatımızın və sürətlə qloballaşan dünyanın, yaddaşını itirən Zamanın bütün ağrılarına, problemlərinə bir şair kimi onu narahat edən məsələlərin hamısına dərdin prizmasından baxır. Belə bir baxış başa düşüləndir”.
Şair Balayar Sadiq: “Ənənəvi poeziya müstəvisində həyat həqiqətlərinə, ədəbi-bədii mətləblərə özünəməxsus orijinallıqla, yüksək fikir tutumu və poetik təravətlə yanaşan istedadlı şairlərdən biri Dayandur Sevgindir”.
Şair-publisist Qəşəm Nəcəfzadə: “Dayandur Sevgin el-obaya, kənd- kəsəyə bağlı adamdı. Həmişə el-obasının, dost tanışının hayına çatan, xeyrində, şərində iştirak edən müdrik bir insandı.” Hələ doktor İsa Kayacan, Fariz Çobanoğlu və başqa qələm dostlrımızın fikirlərini demirəm…
Dayandur Sevgin vətənpərvər şairdir, xalqını, yurdunu, el-obasını sevir və şeirlərində də bunun inikasını görürük. Məsələ bundadır ki, onun şeirlərindəki ilıq, isti, həlim səmimiyyət dolu duyğular elə bil bizim öz içimizdən axıb gələnlərdir, şeirin ovqatı elə təbii, sözün ruhu elə doğma, əzizdir ki, oxucunu özünə ahənrüba kimi cəzb edir… Və “Keçir” gəraylısında olduğu kimi və bu bəndlərdəki sevgi dolu duyğular onun qəlbinin misralara çevirilən kardioqrammasıdır:
Yolun gözlədiyim baharın, yazın,
Dolanıb yüz ilin qışından keçir.
Dərdindən Məcnuna döndüyüm qızın,
Eşqi bir üzüyün qaşından keçir.
Asılıb sinəmdən qara daş kimi,
Mənə doğmalaşıb dərd qardaş kimi,
Başımın üstündən sevinc quş kimi,
Kədər gözlərimin yaşından keçir.
İlahi, tək sənsən, tək sən, əlacım,
Səndən qeyri kimim var ki, əl açım,
Bir tikə çörəyim, nəfim, qazancım,
Dağların çınqıllı daşından keçir.
Dayandurun bu şerindən bir şah misra keçir və bu misra onun şair şəxsiyyətinin kredosudur : “Bütün bu dünyanın qəmi, kədəri, Dayandur Sevginin başından keçir…” Bu misranın şöləsində Dayandur Sevginin “qəmi, kədəri” mojor notda sevincə, qürura çevrilir…
Məlum həqiqətdir ki, Ali Baş Komandan, möhətərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qazandığımız Zəfər bizi dünyaya bir daha torpağına, Vətəninə bağlı, qəhrəman millət kimi tanıtdı. Hər bir soydaşımız qürur hissi keçirir ki, üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır.
44 günlük müharibədə birlik və həmrəylik nümayiş etdirərək “Dəmir yumruq” kimi birləşən müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşları çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək işğala son qoyublar.
Bunun mənəvi-əxlaqi, siyasi-ictimayi, milli əhəmiyyətini yüksək qiymətləndirən “Ulduz” jurnalının şöbə müdiri, şair Dayandur Sevgin də, “Ali Baş Komandanım” şeirində olduğu qədərincə, “qaramatdan qurtulan xalqın” qürurunu vüsətli pafosla vurğulayır:
Mənim doğma yurdumda bu hayların nə işi,
İçimdəki bu dərdlə haçanacan utanım?
Dönüm sənin başına, dayandırma atəşi,
Şərəfi olmayanla sülh olmaz, Komandanım.
Ürəklərdə nalədi, qulaqlarda top səsi,
Qaramat zindan idi azad olan ruhumuz.
İndi-indi düzəlir belimizin əyrisi,
İçimizdə boy verib dikəlir qürurumuz.
Dayandur Sevgin şairliyin çəkisini, mahiyyətini dərk edən qələm sahibidir və bütün yradıcılığı boyu, ən azı, bu çağa qədər buna əməl edibdir. Nizami Gəncəviyə həsr etdiyi şeirindəki bu misaralara – “Minbir sınaq eylə, yüz çək şairi, Əyməz hər imtahan, hər yük şairi…” olduğu qədərincə şeirin, sənətin yükünün ağırlığını bilən şairdir… Mənə elə gəlir ki, Dayandur Sevgin bir şair kimi taleynin onun çiyninə qoyduğu yükü ləyaqətlə daşımağı bacarır və bu babətdən inanıram ki, Tanrının əli onun çiyinlərindədir:
Vaxt öldürmə, qədrini bil hər anın,
Olmayacaq nə şöhrətin, nə şanın.
Halal yolla uğur tapan insanın
Tanrı adda çiynində bir əl olur.
Dayandur bir şeirində elani-ərz edir ki, “Mən dərd padişahıyam!”, amma “Gündə çəkilirəm dara, görmürsən?” Qeyri-adi obraz… Klassik kəlamlar və müasir deyim tərzi… Dayandurun poeziyasında aforizm səviyyəsində bu cürə novator yeniliklər, klassik kəlamlara təzə əhya vermək bacarığı yetərincədir…
Dayandur Sevgin Vətən sevdalı şairdir və o, qələmini silaha, kipriklərini sərhəd məftillərinə, özünü vətəni qoruyan sərhədçiyə çevirməyi bacarır, niyyəti saf və ülvidir:
Müdiriklik, əqidəlilik, haqqa, ədalətə bağlılıq onun şeirinin məna atributlarındandır, Tanrıya xitab etdiyi şeirindəki təkin:
Tanrım hara gedim, hara dalınca,
Düşürəm getdikcə dara dalınca,
Qara göndərirsən, qara dalınca,
Bircə yol demirsən baxt verim sənə.
Yollarım hər zaman dirəndi daşa,
Gördüyüm bir işim çatmadı başa,
Sürünə-sürünə çatdım bu yaşa,
Axı mən nə qədər vaxt verim sənə.
İl var ola bilmir andan qiymətli,
Axı nəyim var ki, candan qiymətli,
Elə bir varım yox ondan qiymətli,
Bir yol mənə tərəf bax, verim sənə.
Sözümün bu məqamında əlimə Dayandur Sevginin 2010-cu ildə “Bizim söz” qəzetinə verdiyi bir müsahibəsi keçdi və qələm dostumuzun haqlı və realist olduğunu gördüm… Zərdablı demiş: “Hamısı zəmanədəndir…”
Dayandur öz yaradıcılıq nəslinin taleini belə xarakterizə edir və burada haqlı məqamlar var: “Bilirsiniz, bizim nəsli – 80-ci illərin ədəbi nəslini bir az bəxti gətirməyən nəsil hesab etmək olar. Bu nəsil bir sıra problemlərlə üzləşdi. Yaradıclığımızın əsas dövrü müharibə illərinə, ölkəmizin problemlərinin artdığı bir dövrə təsadüf etdi və bütün bunların nəticəsində bizim nəsil çox şey itirdi. Bir də baxıb gördük ki, artıq 50 yaşımız var. Eyni zamanda onu da deyim ki, bizim nəsildən olan tənqidçilər də bizdən yazmadılar. Onlar da bizdən əvvəlki və sonrakı nəsillərdən yazdılar. Bu da 80-ci illər nəslinin digər nəsillərlə müqayisədə daha az uğur əldə etməsinin bir səbəbi sayıla bilər.” Haqlı gileydir və olan məsələdir…
Bütün bunlar bir yana, gerçək budur ki, Dayandur Sevgin hamıya doğmadır… Onun bir şeirindəki bir misra xəyalımın səmasında qəfil şimşək təkin çaxdı – “Daynadur, şeir də dövlətdi, vardı!!..” Bəli, Dayandur Sevgin şeirinə belə yanaşıb, şeiri belə qəbul edib… Onun varı, dövləti, varlığı, məsləki, eşqi, məhəbbəti şeirdir, poeziyadır… O, sevgi şairidir, sevgi dolu ürək şairidir, belə olmasa idi, belə deməzdi: “Əllərin üzündə qalar İlahi, Adam gözləriylə baxsan rəngimə.” Və arxasınca İlahidən bu təmannada bulunur:
Sən bizi sevgidən yaratdın axı,
Ən ülvi sevgilər adından çıxıb.
Tanrın bu gözələ hər şey vermisən,
Bircə ürək vermək yadindan çıxıb.
O adam ki, onunla ünsiyyət uca Allahı, ləyaqət hissini, insaniyyət duyğusunu, yaxşılıq anlayışını, əsl kişilik məqamını yada salır, nədən yazmayasan onun hər kəsə örnək olan pak, səmimi, müdrik varlığından?
Dayandur Sevginlə ünsiyyət Vətən, xalq, millət və cəmiyyət, eyni zamanda bütün doğmaların, ailənin qarşısında məsuliyyət hissini bütün qapsamıyla özünü dərk etmək, paklaşmaq məqamındadır… Onun xarakteri, davranış tərzi, rəftarı “insanda insani, məhəbbət oyatmaq” məqamları ilə dabanbasdıdı… O İlahi məqamlardan keçirib gətirir adamı. Həmişə yaxşılıq etmək istəyi ilə xeyirxahlıq, vətəndaşlıq örnəyinə yüksəlir…
Amma ən əsası budur ki, qələmində, yazdıqlarında Dayandurun özü var. Qayğıkeş, həssas, kövrək ürəyinin səsi, döyüntüsü var. Bu səmimiyyəti, doğmalığı və qayğıkeşliyi ilə qələm dostlarının – ürək dostlarının, fikirdaşlarının yanındadı. Əlbəttə, canıyananlıq, sadəlik və səmimiyyət mənasında… Xeyirxahlıq və nəciblik, az qala, onun peşəsinə çevrilib…
Qəribəsi və yaxşısı budur ki, onu tanıyanların hamısı ondan “torpaq ətirli, dağ vüqarlı, çay kimi coşqun, dost-tanışa sədaqətli, bütöv xarakterli, əqidəli, dar günün həmdəmi olan bir insan kimi söz açır…
Dayandur sözə, əmələ, kişiliyə, mərdliyə ehya verənlərdəndir… Qədrişünasdır… Qədrişünas olmasan şeirşünas (şair) ola bilməzsən… Qədir-qiymət bilənlər, zərgər kimi hər qiymətli nəsnənin dəqiq qiymətini, ayarını verə bilirlər…
Onun şeirlərindəki metaforalar klassik şeirdəki metaforalardan məzmunca fərqlidir. Baxırsan eyni metaforadır, amma təzədir, yenidir, təzə, yeni məzmun daşıyıcısıdır… Təşbihlərlə, metaforalarla, təzadlarla zəngindir… Bunlar ənənəvidir, amma daşıdığı fikir yükü yenidir, qarışqa yüküdür… Deyilənə görə, qarışqa yeddi dəfə öz çəkisindən artıq yük daşıya bilir… Dayandur sözün əsl mənasında, mediatordur…
Ürfani şeirlər yazır, irfani düşüncənin onda oyatdığı intibaları şeirlərində əks etdirir. Sevgidən, onu tərk etməyən hisslərdən söz açır… Nədən söz açırsa sevgi ilə süsləyir…
Təpədən-dırnağa səmimiyyət mücəssiməsi olan, səmimiyyətini şeirlərinə hopduran, dostluqda sədaqəti ilə seçilən, insanlıq etalonudur Dayandur Sevgin…
Dayandur Sevgin “sevgi dolu ürək adamıdır”, sonra “sevgi dolu ürək şairidir”, özünü dərk edəndən, qızlara sarı boylananandan sevgi dolu sox axtarışında olub və sonralar, kənddən şəhərə, Bakıya gələn bu gənc sözün – poetik sözün sorağına düşdü, “Söz sorağında” ədəbi birlik yaratdı, bu günün özündə də, 65 yaşında da, əlində müridlərdən yadigar dəvriş əsası xas sözün, xoş sözün axtarışındadır, sorağındadır…
Dayandur Sevgin 65 yaşına təkrarsız, öz şair taleyi ilə gəlib çatıb, onun şeirlərindəki insanlıq naminə hər cürə ovqata rast gəlmək mümkündür, hətta sevə-sevə yaşadığı zəmanədən və sevgisinə doymadığı insanlardan umacaqlı şikayəti elə təbiidir ki, Sevginə dönməmək olmur…
65-in mübark Dayandur Sevgin… İNŞALLAH 70-də görüşərik…
Qurban Bayramov,
Filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas.
22.01.2024.
Yazıya 57 dəfə baxılıb