AKİF ABBASOV – QARAKİŞİ

AKİF 100(hekayə)

         Çalğıçılar gəlmişdilər. Himə bənd idilər ki,  məclisi ələ alsınlar.  İndi hələlik sakitlik idi. O yanda gəlini bəzəyib-düzəyirdilər. Bu yanda bəy  geyinib-keçinirdi. Həyəcanlı idi.

Çalğıçılar ağacın kölgəsindəki stolun arxasında əyləşib çay içir, şirin-şirin söhbət edir, bir-biri ilə zarafatlaşırdılar. Talıb lətifə danışıb oturanları güldürürdü. Bəy otaqdan çıxanda onu da götürüb gəlini gətirməyə gedəcəkdilər. Təbii ki,  musiqi sədaları altında.

Bəyin atası ilə görüşmüşdülər. Uzaqdan bəyin əmisi göründü. Hündür, şaqqalı bir adam idi. Yaxınlaşıb əl verib görüşdü.

-Salam, – dedi.

İri bər-bədəni olan şəxsin cır səsi vardı. Çalğıçılar gülməkdən özlərini güclə saxladılar. Talıb:

-Bəy əmisi, tanış olaq. Mən Talıbam, qarmonçalan.  Bu, Yavərdir – nağaraçalan, bu Həmdulladır – klarnet ifaçısı, bu da Əsədağadır – qoşa nağara çalan.  Oxuyanımız da…

Bəy əmisi cır səslə:

-Hə, onu tanıyıram, əməkdar artistdir, – dedi. -Televizorda görmüşəm.

Talıb xəbər aldı:

-Bəs sənin adın nədir?

Cır səs yenidən eşidildi:

-Qarakişidir.

Talıb təəccüblə:

-Qarakişi? – deyə soruşdu.

-Hə, Qarakişi.

Talıb çalğıçılara baxaraq çiyinlərini çəkdi:

-Bağışla e, xətrinə dəyməsin. Söhbətdir də, edirik. Axı sən anadan olanda hələ kişi deyildin. Balaca idin. Birdən-birə Qarakişi ola bilməzdin.

Qarakişi aydınlıq gətirdi:

-Düz deyirsən. Kiçik yaşlarımda məni Qarabala deyə çağırırdılar.

Talıb:

-Bax, görürsən. Dedim axı… Birdən-birə Qarakişi olmaz. Bəs boya-başa çatanda…

Talıb dostlarına göz vurdu:

-Bəs  bir laçın oğlan olanda səni necə çağırmağa başladılar?   Qaroğlan?

Qarakişi başı ilə təsdiq etdi:

-Arif adamsan, ay Talıb qardaş. Tapdın.

Talıb davam etdi:

-Evləndin, ev-eşik sahibi oldun deyə  adına Qarakişi dedilər?

Qarakişinin üzü güldü:

– Maşallah, oğulsan. Bunu da tapdın.

Talıb başa düşdü ki, o, Qarakişini doladıqca o da dinc durmur, onu sarıyır. Odur ki, sonuncu zərbəni vurdu:

-Qocalıb əldən düşəndə də yəqin sənə şil-küt kişi deyəcəklər!

Qarakişi dayanıb durdu. Anladı ki, bu Talıbla bacara bilməyəcək. Musiqiçilərə dil çatdırmaq çətindir. Odur ki, xudahafizləşib üzü sulu onları tərk etdi.

Bakı şəhəri, 04.03.2024-cü il

 

Yazıya 46 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.