DÜNYANI SEVGİ XİLAS EDƏCƏK – İradə Aytel yazır…

430113528_1634765130598802_1891383009255922031_n(Afaq Azərin “Mənim tənha gözəlim” adlı romanı haqqında təəssüratlarım…)

 Baharın gəlin çağında Qazax şairlərinin ziyarətinə getmişdik. Ağamalı Sadiq Əfəndiyə, Məmməd Dəmirçioğluya, Akif Səmədə, Eldar Nəsibliyə, Osman Sarıvəlliyə, Babək Qurbanova, Aslan Kəmərliyə… Salam verib, xatirəsini ehtiramla anan yol yoldaşlarımızdan biri də  Borçalı mahalının tanınmış ziyalısı Kamal Faxralı idi. Ədəbiyyat adamlarının arasında, söz xiridarlarının ziyarətində söhbətin mövzusu da ədəbiyyat idi. Mən həmişəki kimi gələcəyimizin qurucuları olan gənclərimizdən, gənc ədəbiyyatçılardan söz saldım. Kamal müəllim məni səbrlə dinləyəndən sonra dedi: “İradə xanım, siz ən istedadlı bir nəfəri unutdunuz…”. Soruşdum ki, müəllim kimi? Cavab verdi ki, bizim Faxralının yazıçı qızı Afaqı…” Düşünürdüm ki, mən gənc yazarları tanıyıram. Afaqın adını isə heç eşitməmişdim. Kamal müəllimdən xahiş etdim ki, məni Afaqla tanış etsin. Elə həmin axşam telefonuma Gürcüstan nömrəsindən zəng gəldi, bildim ki, Afaqdır. Onunla xeyli söhbət etdim. Afaqın cilalı cümlələrinə, səbrli danışığına, titrək və zərif səs tonuna, mədəniyyətinə, dünyagörüşünə, intellektinə heyran qaldım. Sonra Afaqdan xahiş etdim ki, əsərlərini mənə göndərsin. Afaq elektron ünvanıma “Mənimsən”“Mənim tənha gözəlim” adlı bir cüt roman göndərdi. İlk olaraq “Mənimsən”i oxumağa başladım. Yazıçının ritorikası peşəkar, mütaliəli, ali təhsilli, yaş təcrübəsi olan nasirdən xəbər verirdi. Romanı başa çatdırmadan Afaqla danışmaq keçdi ürəyimdən. Əvvəl yaşını soruşdum. Yaşını biləndən sonra ali təhsili barədə sual verdim, universitet oxumamışam dedi. Özü barədə danışmağı sevməsə də, haqqında bəzi bilgilər əldə edə bildim. Bildim ki, əslən gürcüstanlı olan Afaq Azər 2015-ci ildən yazmağa başlayıb. İlk qələm təcrübəsi kiçik hekayələrdən ibarət olub. Zaman-zaman sosial şəbəkədə oxucu kütləsi qazanan gənc xanım irihəcmli əsərlər yazmağa başlayıb. Bildim ki, Afaq Azərin bu kitabda yer alan romanlardan başqa üç romanı daha var.

Afaqın əsərləri ilə tanış olandan sonra Kamal müəllimə zəng edib dedim, müəllim, siz əsl xəzinəni Borçalıda gizli tutursunuz. Afaq çox istedadlı gəncdir. Ancaq təəssüf ki, belə bir yazarın kitabı yoxdur. Kamal müəllim Afaqın kitabının çap olunmasını çox arzu etdiyini söylədi. Mən bu gözəl işi öz üzərimə götürdüm. Kitabın maddi tərəfini isə Afaq Azərin yaradıcılığı barədə qürur və fəxrlə danışan Kamal Faxralı özləndi.

Var olsun elimin mərd oğulları!

Müəllifin hər iki romanında bir ana xətt var – dünyanın xilaskarı Sevgi! Afaq hər iki əsərində sevginin qüdrətindən, məhz, sevgiylə bəhs edir. Və hər iki romanda sevgini çiyinləri üzərində saxlayanlar çox güclü qadınlardır.  “Mənimsən”də Sənəm, “Mənim tənha gözəlim”də Nazəndə. Onlar  o qədər güclüdürlər ki,  bizim “mümkün deyil” dediklərimizi mümkünə çevirənlərdir. Bu qadınları tanıdıqca, bu günə qədər oxuduğum kitablardakı qadın obrazlarını gözlərimin önünə gətirdim. Mənə görə dünyanın ən güclü qadını Hüseyn Cavidin yaratdığı Səlma Ana obrazıdır. Qatili evində gizlədərək oğlunun meyidinə sarılan ana! Mən bu anadan böyük ürəkli ana tanımıram. Bircə balasını qanına qaltan edən qatili

 

Xayır, gecikdirməsi çox səmərsiz;

Burdan bu qanlı dəf olsun gərək tez,

Yoxsa xain parçalanar əllərdə…

 

– deyərək, qoruyan ANA! Və… belə bir ananı necə yaratdın, Hüseyn Cavid?!! – Cavid Əfəndiyə bu sualı verməkdən yorulmuram və Cavid Əfəndinin “ANA”sına heyran qalmaqdan usanmıram!

…Afaq Azərin yaratdığı Nazəndə obrazı da dünyanın ən güclü qadını kimi yaddaşıma köçdü. Sevdiyi oğlandan ayrılaraq güclə başqasına verilən, maddi imkanlı ər evində şiddət, qorxu yaşayan, boşanandan sonra ilk məhəbbətinə qovuşan Nazəndə. Roman boyunca Nazəndənin həyat yolundakı keşməkeşlər sizi də ürküdəcək.

Min-bir əziyyətə qatlanan qadın sevgiyə qovuşsa da, xoşbəxtliyə qovuşa bilmir. Gənc müəllif bu mesajı ilə xoşbəxtliyin açarı sandığımız sevginin də, əslində, xoşbəxtlik olmadığını söyləyir. Bəli, sevgisinə qovuşan Nazəndə xoşbəxt deyil. Çünki onun övladı yoxdur. O, əmindir ki, sevdiyi adamı ata edə bilmədikcə, xoşbəxtliyi də yarımçıq qalacaq. Və Nazəndə dünyanın ən çətin əzabına qatlaşır – özü elçi düşərək, sevdiyi kişini başqası ilə evləndirir. Əsərin bu yerində özüm öz səsimə diksindim: – Olmaz!!! – Gənc, hələ ailə qurmamış, dünyanın isti-soyuğuna düşməmiş bu qızın fantaziyasına bax, – deyərək, qınadım da Afaqı. Sonra Afaqa yazdım, dedim, oxucunu inandırmaq lazımdır. Sən hətta fantastik əsər də yazsan, ilk olaraq oxucunu inandırmalısan. Dedi ki, İradə xanım, mən o romandakı hadisələri həyatdan götürmüşəm, həm də qohumumun həyatından. Susdum… O qohumuna, o obraza, o qadına məəttəl qaldım. Əgər bir qadın sevdiyi kişiyə, bir daha qeyd edirəm, sevdiyi kişiyə başqa bir qadını rəva görürsə… Yox! Mən bacarmaram!..

Əsərin kulminasıyasında belə bir epizod var, uzun müddətdir xəstə olan “Nazəndə bu gün yaxşı görünürdü, üzü gülürdü. Bu da Camalın əhvalını qaldırmağa yetirdi. Üçlükdə (üçüncü adam Nazəndənin əri üçün seçdiyi və evləndirdiyi qadındır. İradə A.) çay içib, söhbət etməyə başladılar. Bir qədər sonra Firəngiz başqa işləri üçün çardaqdan ayrıldı.

– Camal…

– Ay can.

– Firəngiz səni sevir…

Camal təəccüblə Nazəndəni süzdü.

– Bu haradan çıxdı?

– Bunu görməmək üçün kor olmaq lazımdı. Nə qədər qəlbimin qapıları bağlıdır, desə də, o səni çox sevir və bu onun ən təbii haqqıdır.

İlahi, bir qadın sevdiyi kişiyə belə bir etiraf edərdimi?! Suallardan qopa bilmirəm…

Nazəndə sevdiyi adamın qollarında, sevdiyi insanın başqasından doğulan övladlarının ətrafında dünyayla vidalaşdı. Vida dialoquna diqqət edək. Qadın ömür yoldaşından soruşur:

“Məni hələ də sevirsən?

– Aldığım nəfəs qədər.

– Amma mən qocalmışam… Elə sən də.

– Cismimiz qocalıb. Mənim ruhum, hələ də kəndin məktəbində dəhlizdə sənin sinifdən çıxmağını gözləyir….”

Oxucu Nazəndənin ölümünə üzülür, çox üzülür. Amma ağlamır. Niyə? Bax, bu niyənin cavabı müəllif qələminin gücündədir. Müəllif o gücün qüdrətiylə cütlüyə əbədi sevgi verib. O əbədi sevgi oxucunu öz qoynuna elə alır ki, oxucu sevginin ağuşunda ölümə gülümsünür…

Mənim tənha gözəlim”in epiloqunda təhkiyəçi özü də obrazının gücünə heyran qalaraq: “Bir qadın nə qədər güclü ola bilər? Yaşadığı hər şeyə nə qədər dayana bilər? Bunu heç kim, heç o qadın özü belə bilmir. Ancaq yaşananlar qarşısında qadın o qədər iradəli davranır ki, özü də təəccüblənir. Nazəndə güclü iradəli qadın  idi. Bütün çətinliklərə qarşı dimdik ayaqda qalmağı bacarmışdı. Həyat yoldaşını başqası ilə paylaşmağı gözə almışdı. Sırf əri atalıq hissindən məhrum olmasın deyə, sırf tənha qalmasın deyə. Amma həyat ona heç ədalətli davranmamışdı.” – söyləyir.

“Mənimsən”də xarici görünüşü o qədər də gözəl olmayan, ancaq güclü xarakterə, mənəviyyata sahib olan Sənəmdən bəhs edilir. Sənəm dünyanın ən yaraşıqli, təhsilli, mədəni bir bəyi ilə ailə qurur. Əri ilk vaxtlar onu sevməsə də, Sənəmin sevgisi bütün maneələrə güc gəlir. Bu sevgi nəinki Sənəmin xarici görünüşünü, həyatını da gözəlləşdirir. Sənəmin sayəsində ömür yoldaşı Azər yenidən sevməyi bacarır, üstəlik, içindəki nifrətdən də qurtulur.

Afaq Azərin ritorikasında sevdiyim bir cəhət də onun arxaik sözlərimizdən istifadə etməsidir. Dilimizin zənginləşməsi üçün itməkdə olan sözləri yeniləmək hər bir yazıçının borcudur. Məsələn, Afaqın kitab boyunca işlətdiyi “irkilmək” sözünü mən ilk dəfəydi eşidirdim. Bəlkə də bu söz Borçalı mahalının şivəsidir. Ancaq fikri izah etmək üçün çox gözəl və lakonik ifadədir. Ürkmək, həyəcanlanmaq, narahat olmaq, duruxmaq kimi feillərin məcmusudur irkilmək. Afaq xanımın yazar olaraq xoşuma gələn başqa bir özəlliyi də, yazılarında əndrabazi xarici adlardan istifadə etməməsi, özümüzün bal kimi şirin adlarımıza üstünlük verməsidir, məsələn, Sənəm, Azər, Nazandə, Camal, Cəmilə, Azadə, Fərhad və s… Afaq təkcə Azərbaycanın insan adlarına deyil, tarixinə, coğrafiyasına, etnoqrafiyasına, ədəbiyyatına, mədəniyyətinə, musiqisinə hörmətlə, sevgiylə yanaşır. Bu əsərləri dünyanın hansı dilinə tərcümə etsək, o dildə danışan xalq da sevəcək Afaqın sevdiyi Azərbaycanı.

Mütaliəsi geniş, dünya ədəbiyyatına bələd olan (əsərlərini oxuyandan sonra bu qənaətə gəldim) Afaq Azərin yazı üslubunda daha bir xüsusiyyət də var, əsərdə baş verən ən adi hadisə belə kənarda qalmır, razvyazkada bütün düyünlər açılır, bütün qaranlıqlar işıqlanır…

Afaq bədii ədəbiyyatda ən çox işlənən üslub vasitəsindən – antitezadan da məharətlə istifadə etməyi bacarır. “Mənimsən”də Aytən və Sənəm, “Mənim tənha gözəlimdə” Fərəh və Gülər obrazları qarşı-qarşıya qoyulur:

Aytən Sənəmə deyir:

– Danışığına fikir ver, ən azından, sənin kimi eybəcər deyiləm. Küpəgirən qarılara oxşayırsan, amma hələ də danışmağa dilin var.

Sənəm:

Bir gün mənə elə bir qismət çıxacaq ki, hamınız qibtə ilə baxacaqsınız. Bu sözümü unutma, Aytən! Görəcəksən, insanların sənin kimi xarici yox, daxili gözəlliyə önəm verdiyini görəcəksən. Bunu da mən sizə göstərəcəm, həm də böyük zövqlə və təbii ki, yaraşıqlı oğlanla ailə quraraq.

İndi isə Fərəh və Gülər qarşıdurmasına nəzər salaq:

Gülər xanım təlaşla, qaça-qaça onlara tərəf gəldi. Qızını yerə yıxılı halda görüb:

– Nazəndə! – deyə, bağırdı və – Fərəh, burax, qızımı burax, – deyərək, fəryad etdi. Sonra Cəmilənin köməkliyi ilə qadını qızından ayırdı.

– Apar bu pozğun qızını! Yəqin başa düşdü subay oğlanı yoldan çıxarmaq nədir… – Fərəh xanım kinli baxışlarla Nazəndəni süzərək dedi.

Hər iki qarşılaşmada obrazların iç dünyasına daha da yaxından bələd oluruq. Ağıllı, təmkinli, sevgiyə, barışa inanan Sənəmi (eləcə də Güləri), xarici görünüşü ilə qürrələnən, insan sevgisi, qarşılıqlı hörmət nədir anlamayan Aytəni (eləcə də Fərəhi), daha yaxından tanıyırıq. Amma bir məsələ də var, müəllif istədiyi obrazın xarakterində çox məharətlə dəyişiklik etməyi də bacarır. Məsələn, romanın əvvəlində sevmədiyimiz, vulqar ifadələri, kobud hərəkətləri ilə meydana çıxan Fərəh xanımı əsərin sonuna yaxın sevməyə başlayırıq. Bu isə gənc müəllifin bədii priyomlara bələd olduğundan xəbər verir. Hüqonun “Səfillər”indəki Jan Valjanı zaman-zaman sevdiyimiz kimi, Afaq Azərin də Fərəhini sevməyə bilmirik. Afaq Azər Fərəh obrazı ilə bizə daha başqa bir mesaj verir:  İnsanlar arasındakı münasibətləri də sevgi xilas edəcək!!!

Afaq Azəri oxucuları illərdir “Afaq Qurbanova” imzası ilə tanıyır. Bu ilk kitabından sonra isə gənc müəllif yeni bir imza ilə – Afaq Azər olaraq kitabxanalarımızın, evlərimizin, qəlblərimizin qonağı olacaq. Onun Azər təxəllüsünü götürməsinin isə qəmli bir tarixçəsi var, Afaq xanım çox sevdiyi, əzizlədiyi, həyatının işığı sandığı otuz üç yaşlı qardaşı Azəri vaxtsız itirib. 2022-ci ildə bu dünyayla əbədi vidalaşan Azərin yarımçıq qalan arzularından biri də Afaqın kitabının işıq üzü görməsi imiş… Qardaşının xatirəsini gözlərində, qəlbində qoruyub saxlayan yazıçımız bu gündən sonra adını da öz adıyla qoşalaşdıracaq –  yazılarında, kitablarında, oxucu sevgisində əbədiləşdirəcək. Və Azər Qurbanovun adı anıldıqca ruhu şad olacaq…

“Mənim tənha gözəlim” gənc müəllifin ilk kitabıdır. İnanıram ki, bundan sonra çox sayda kitabların üzərində Afaq Azər imzasına rast gələcəyik.

Gənc yazıçıya uğurlar arzu edirəm. Bugünkü gənclik Qarabağı bizə qaytaran, başımızı uca edən gənclikdir. Afaq da bizi sabaha aparanlarımızdandır. Sabahın işıqlı olsun, Afaq Azər! Səsin daim ucalardan gəlsin! Sənin xoş sədanı eşidincə, qürurum bir boy da böyüyəcək. fəxrlə deyəcəm ki, Afaq Azərin ilk kitabını mən uğurlamışam!

Yazıya 110 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.