Vaqif, Raqif, Namiq – Akif ABBASOV

AKİF 100(hekayə)

         Vaqif Raqif və Namiq dost idilər. Vaxt vardı aralarından su da keçmirdi. Amma günlərin bir günündə  su keçdi. Nə oldu, necə oldu, bilmirik, axır vaxtlar Raqiflə Namiqin arası dəydi. Artıq Raqifin  Namiqdən zindi-zəhləsi gedirdi.   “İri görüm, qurdu görüm, Namiqi görməyim”, – deyib daş atıb başını tuturdu. Namiq nə qədər yaxınlaşmaq, baş vermiş məsələyə aydınlıq gətirmək istəyirdisə, Raqif onu yaxın buraxmırdı.

Raqif maşın almışdı. Təzə-təzə öyrəndiyindən maşını fərli sürə də bilmirdi. Maşına əli yatmırdı. Yolun hərəkət hissəsinə çıxmağa qorxduğundan maşına tək oturmurdu. Nə vaxt baxsaydın Vaqifi yanında görərdin. Vaqif maşında olanda ürəklənirdi.

Bir dəfə Rafiq adlı bir tanılarına dəymək üçün Dadaşbəyli kəndinə gedirdilər. Birdən qarşılarına yolun sol tərəfindəki səki ilə ağır-ağır hərəkət edən Namiq çıxdı. Vaqif üzünü Raqifə tutaraq:

-O gedən Namiqdir. Rafiqə baş çəkməyə gedirik. Namiq Rafiqin əmisi oğludur, onun xətrini istəyir.  Rafiq onu görsə çox sevinəcək. Amma sənin Namiqlə aran yoxdur. İndi nə edək? Namiqi götürürsən, yoxsa maşınla onun üstündən keçib gedəcəksən?

Raqif nə zaman əyləci basdığını bilmədi. Vaqifin sözləri onu çox təəccübləndirmişdi. “Bu nə danışır? Maşınla adam vurmaq nə deməkdir? Bunun altından çıxmaq olar? Nə olsun Namiqdən zəhləm gedir?”

Raqif key-key Vaqifə baxır, onu başa düşməyə çalışırdı. Vaqif:

-Maşını niyə saxladın? Sür, Namiqi sal maşının altına, birdəfəlik canın ondan qurtarsın.

Raqif donub qalmışdı. “Bu sözləri deyən Vaqifdir? Doğrudan o belə fikirləşir? Yəni güman edir ki, mən Namiqi maşınla vura bilərəm? Yəni mən bu ağıldayam?”

Vaqif dostunun donub qaldığını görüb şaqqanaq çəkdi. Raqif başa düşdü ki,  Vaqif  bayaqdan onunla zarafat edirmiş. Onu da gülmək tutdu.  Sonra ciddiləşdi:

-Doğru deyirsən. Maşını sürüm Namiqin üstünə. Söz-söhbətimiz bir yolluq   qurtarsın.

Bu dəfə Raqif zarafat edirdi.

-Vaqif, bilirəm nə demək istəyirsən. Bu incikliyin, uç-küsünün vaxtı-vədəsi var. İndi bizim dost itirən vaxtınız deyil. Namiq də əməlindən peşmandır. Xəcalət çəkir.

Raqif bu sözləri deyib maşının pəncərəsindən başını çıxararaq:

-Namiq, Namiq! – deyə çağırdı. -Gəl, maşına otur. Rafiqə dəyməyə gedirik.

Namiq gəlib əyləşdi. Yollarına davam etdilər.

Bakı şəhəri, 22 aprel 2024-cü il

 

Yazıya 43 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.