Qoca dünya,salamat qal-
Qismət olsa,ay ağsaqqal,
Yenə səhər görüşərik!
.
Gələn gedir bir həmlədə,
Kimlər yoxdu bu səhnədə?!
Macal olsa,səninlə də,
Ay xeyir-şər,görüşərik!
.
Ey çörəyi qəmli aləm,
Göz yaşınla dolu göləm…
Bir gün olum mən bir qələm,
Sən bir dəftər,görüşərik!
.
Dəryana qan içir,dünya,
Güllən zəmi biçir,dünya,
Ürəyimdən keçir dünya,
Nələr,nələr,görüşərik!
.
Yola saldın yası,toyu,
Ay işığı qızıl suyu…
Gecən xeyrə qalsın,uyu,
Yorğun şəhər,görüşərik!
.
Ay yel,sənsən bəhsləşdiyim,
Bu bazarda behləşdiyim?!
Söykəndiyim,dərdləşdiyim,
Qarğı çəpər,görüşərik!
.
Mürgüm,çıx Kəpəz dağına,
Qoşul Yovşan yığnağına…
Sabah gəlsən,Xan Bağına,
Təzə əsər,görüşərik!
***
Ş U Ş A . . .
Şuşa şərəf şəhəri,Şuşa şöhrət şahlığı,
Şəlalə şuxluğudu Şuşamızın şaxlığı,
Şüşədən də şəffafdır Şuşanın şəffaflığı,
Şəkər şirinliyindən şirindi
Şuşam,Şuşam!
.
Şuşa
şənliklərdədi,Şuşa şölənlərdədi,
Şuşa şehliklərdədi,Şuşa şölələrdədi,
Şuşa şüurlardadı,Şuşa şöhrətlərdədi,
Şəkər şirinliyindən şirindi Şuşam,Şuşam!
.
Şuşa Şumer
şəhərim,Şuşa şaman şəhərim,
Şuşa şayan şəhərim,Şuşa şadyan şəhərim,
Şuşa şəfəq şəhərim,Şuşa şavaq şəhərim,
Şəkər. şirinliyindən şirindi Şuşam,Şuşam!
.
Şonqar- şahinsiz Şuşam,şurum,şikəstəm Şuşam,
Şuşasız şayələrdə şiləm,şikəstəm,Şuşam,
Şuşam,şərqi şəhərim,şəninlə şəstəm,Şuşam,
Şəkər şirinliyindən şirindi Şuşam,Şuşam!
***
QAR ZİRVƏ DİLİDİ,SU DƏRƏ DİLİ…
.
Dinlə söhbətini yovşanla mehin,
Dilini əzbərlə,böcəklə danış!
Öyrən ləhçəsini çiçəyin,şehin,
Başla şeh dilində çiçəklə danış!
.
Uca çinarın da yarpaq dili var,
Yarpaqlar könlümcə pıçıldaşırlar.
Çayda sel dilində danışan daşlar,
Bəlkə daş dövrüylə telefonlaşırlar…
.
İşimiz-gücümüz ömrümüz boyu,
Balığın dilinə tor atmaq olub.
Nə vaxt qurd dilini biləcək qoyun?!
Qurd qoyun dilində sürüyə dolub!
.
haqqı haqq dilində danışdırmadıq,
Haqsız güllə atdı xəta dilində!
Dağı dağ dilində danışdırmadıq,
Meşəni dindirdik balta dilində!
.
Ana təbiətin əlifbasını,
Gərək ürəyinlə oxuyasan sən.
Bənövşə hərfinə,nərgiz hərfinə,
Gözünün nuruyla toxunasan sən!
.
Dilini öyrənə bilsək küləyin,
Bizimlə danışar bu çay,o dəniz!
Min ildir adicə bir kəpənəyin,
Dilini öyrənə bilməmişik biz!
.
Arılar çiçəyin dilinə qonur,
Bəlkə ona görə şirindi balı.
Qaya daş dilində qayadan qopur,
Şeir nöqtəsidi lalənin xalı.
.
Dağlar bardaş qurub vüqar dilində,
Bəllidi axşamın səhərə dili!
Ana təbiətə bahar gələndə,
Qar zirvə dilidi,su dərə dili!!!
***
YOL GƏLİR KÖNLÜM MƏNİM…
.
Yol gəlir könlüm mənim “Allahu Əkbər”dən bəri,
Bir mənəm,bir dünyadı görk adlı məhvərdən bəri.
.
Gizlədib sirlərini “Ol” kəlamında kainat,
Hər nə var “Quran”dadır möcüzədən sirdən bəri.
.
Qovulub cəhənnəmə cənnətdən şeytan nəfsimiz,
Adəmin Həvva ilə üz qoyduğu yerdən bəri.
.
Aləmin hər tərəfi eşq hərfində bir yazıdı,
Mən haqqın nöqtəsiyəm kitabdan,dəftərdən bəri.
.
Yollanır bəni-adəm zər üstündə qəbr evinə,
Fırlanır çərxi-fələk cah-cəlaldan,zərdən bəri.
.
Hər yanı dərd bürüyüb,Murovdağlı bəndə düşüb,
Nə ola,Tanrım durub üz çevirə hərdən bəri.
***
BU DÜNYA MƏNDƏN BAŞLANIR…
.
Hesabın dörd əməliyəm,
Mən axırın əvvəliyəm…
Göyün Yerdə təməliyəm,
Bu dünya məndən başlanır!
.
Daha yoxdu haqsız,haqlı,
İt də yemir sümük ağlı,
Dəyirmanın çörək nağlı,
Zəmidə dəndən başlanır!
.
Bu gəliş-gediş oyunu,
Səhv salıb saqqalı,yunu…
Dəvənin əyri boyunu,
Ondakı kindən başlanır!
.
Şərhsizdi Türkün türklüyü,
Ey bəşər,qurtar səs-küyü!
Təkin cəmdən böyüklüyü,
“Ol”dakı zənnən başlanır!
.
Tərəzi,bazar yekəlir,
Hər yerdən səda dikəlir,
Bu gün-dünəndən yol gəlir,
Sabah bu gündən başlanır!
***
I N S A N. . .
.
Gündoğandan başladı günbatana getməyə,
Aləmin məhvərinə qoşuldu dövr etməyə…
Getdi qışı ağladıb,baharı kövrəltməyə,
O,qayıdıb gedirdi ulu Adəm tərəfə!
.
Gün ruhunun beşiyi,Ay da məzarı idi,
Əvvəli də,sonu da Allaha sarı idi,
Zaman ağsaqqal kişi,Zəmanə qarı idi,
Susuzluq aparırdı onu zəmzəm tərəfə!
.
Tənhalığı qapıydı göydən ağır sirrinə,
Qaçırdı,bulaşmasın vaxtın hay-həşirinə,
Ağlıyla hissiyyatı arxaydı bir-birinə,
Onu atıb getməzdi biri də cəm tərəfə!
.
O,könül dərvişiydi,sapand daşl deyildi,
Pisliyin,yamanlığın vətəndaşı deyildi,
Qəhqəhələr heç zaman yol yoldaşı deyildi,
Təbəssüm paylayırdı həmişə qəm tərəfə!
.
Ürək ağrılarının kölgəsində əyləşib,
Yoluna düzəlirdi tanrısıyla dərdləşib,
Bir məmləkət olmuşdu,şəhərləşib,kəndləşib,
Dərdlilərə deyirdi:”Gedək məlhəm tərəfə…”
.
Səhra ürəkləri o,suvarırmış,sən demə,
Gözlərindən aləmə su varırmış,sən demə,
Öz ömrünü çiynində aparırmış,sən demə,
Alın yazısı yazan qara qələm tərəfə!!!
***
BİR YALTAĞIN TƏRƏNNÜMÜ…
.
Yaltaqlığın məmurlaşma dövrüdü,
Bu peşənin mamırlaşma dövrüdü,
Daha yalın xamırlaşma dövrüdür,
Sən işində bax beləcə qal,adam!
Yaltaq adam,yalaq adam,yal adam!
.
Vətən,millət səndə çoxdan paslanıb,
Bədənində dövr edən qan paslanıb,
Səndə əvvəl olan insan paslanıb,
Döngə adam,dalan adam,dal adam!
Yaltaq adam,yalaq adam,yal adam!
.
Özünə oxşayan Tula gəzirsən,
Bulaşa-bulaşa yala,gəzirsən…
Sən özünü çala-çala gəzirsən,
Ay nağara adam,ay qaval adam!
Yaltaq adam,yalaq adam,yal adam!
.
Sənin dilin indi gözlə,qaşladı,
Bir insan ki bar verməyə başladı,
Meyvəsini yetmiş üzün daşladı,
Yetişmədin elə qaldın kal,adam!
Yaltaq adam,yalaq adam,yal adam!
.
Atdığın daş vətən daşı ha deyil,
Bu ölkənin vətəndaşı ha deyil,
Sənin başın kişi başı ha deyil,
Ay papağı yaylıq adam,şal adam!
Yaltaq adam,yalaq adam,yal adam!
.
Çox məmurun gülüşündə rişən var,
Ona görə dənizin var,meşən var,
Vallah sənin çox mükəmməl peşən var,
Əyilməkdən saç-saqqalı çal adam!
Yaltaq adam,yalaq adam,yal adam!
.
Tərif sənə,ödül sənə yazıldı,
Medallar asmağa sinən yazıldı…
Gülməyə ehtiyat çənə yazıldı,
Kimə güləcəksən,ay abdal adam?!
Yaltaq adam,yalaq adam,yal adam!
.
Tikdiyin ev yala necə oxşayır,
Yaltaq üzün pula necə oxşayır,
Dilin əyri yola necə oxşayır,
Yeni əsrin quldarına qul adam!
Yaltaq adam,yalaq adam,yal adam!!!
***
ÇAYLAR DƏNİZLƏRDƏ ÖLMƏYƏ GEDİR…
.
Öyrənib ucalıq əlifbasını,
Qoyub dərələrdə “Əlvida”sını,
Yığıb qucağına dağ havasını,
Yollarda paylayıb,bölməyə gedir.
Çaylar dənizlərdə ölməyə gedir.
.
Dolur bulaq-bulaq sənək dərələr,
Duman -çən bitirir dibçək dərələr,
Taxıb yaxasına çiçək,dərələr-
Şəlalə-şəlalə enməyə gedir.
Çaylar dənizlərdə ölməyə gedir.
.
Yovşan mürgüsünü aparır sular,
Bulud kölgəsini aparır sular,
Ömür güzgüsünü aparır sular,
Buludda qayıdıb gəlməyə gedir.
Çaylar dənizlərdə ölməyə gedir.
.
Özünü daşıyır özü çiynində,
Əvvəlin-axırın izi çiynində,
Şələsi əyrinin ,düzün çiynində,
Yer nədir,göy nədir bilməyə gedir.
Çaylar dənizlərdə ölməyə gedir.
.
Mən çay qırağıyam əziz çayların,
Ömrü gödək olur təmiz çayların…
Mavi məzarıdı dəniz çayların,
Haraylar sükuta dönməyə gedir.
Çaylar dənizlərdə ölməyə gedir.
.
Sular su qalası qurur dənizə,
Məzar yeri verir Quru dənizə…
And olsun çayların goru dənizə,
Çaylar son nəfəsdə gülməyə gedir.
Çaylar dənizlərdə ölməyə gedir.
Yazıya 14 dəfə baxılıb