Zaur Ərmuğan (Əsgərov Zaur Eyvaz oğlu) 1979-cu ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 2002- ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 2006-cı ildən dövrü mətbuatda bədii, publisistik yazıları ilə çap olunur. Qəzet, jurlal səhifələrində, almanax, antologiya və toplularda, internet portal və saytlarında, onlayn dərgilərdə Zaur Ərmuğanın şeir və hekayələrinə tez-tez rast gəlinir. O, “Günəş ömrü istəyirəm”(2012), “Tanrı payı”(2023) şeir kitablarının müəllifidir. 2019-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
.
Həsrət
.
Həsrət
gözlərin baxa-baxa
əllərinin yetə bilmədiyi,
yolları dolanan baxışlarının
üzünə gülmədiyi,
taleyinin
qəlbindən axan göz yaşlarını silmədiyi
həyatdır,
için-için kədəri oxşayırsan…
Həsrət
sevginin ölmədiyi
nicatdır,
özündə yaşadırsan…
***
Üzündəki qara xal
.
Saçlarda zər kəhkəşan,
Qızıl tacın telə şan.
Gözəllikdən bir nişan
Üzündəki qara xal.
.
Sevməyənlər naşıdır,
Ürəyim sirr daşıdır.
Quruyan göz yaşıdır
Üzündəki qara xal.
.
Yuxumdakı o buta
Könlümü bir ovuda.
Həsrət, ağrı, dərd, xəta —
Üzündəki qara xal.
.
***
.
Ahlarım
.
Mənim dərdlərimə ahlarım yanar,
Ahlarım od tutub yanar içimdə.
Mənim dərdlərimi dindirən ahım
Elə kövrək-kövrək ağlar içimdə.
.
Dərdimin dilini anlar ahlarım,
Car çəkər bir əlac hay-harayında.
Könlüm bəxti bağlı qəm boğçasıdır,
Duası sərgərdan gün sorağında.
.
***
.
Doğulmuşam
.
Bir ocağam, odum bəlli,
Yanar közdən doğulmuşam.
Ruhum bəlli, adım bəlli,
Anam sözdən doğulmuşam.
.
Söz könlümün dərgahıdır,
Söz min əhdin pənahıdır.
Söz yolumun sabahıdır,
Mən bir izdən doğulmuşam.
.
Nəfəsimdə özüm varam,
Öz səsimdə özüm varam.
Öz içimdə özüm varam,
Mən o özdən doğulmuşam.
.
***
.
Qoy oxusun gözlərini gözlərim
.
Bir görüşün yollarına çən düşüb,
Bir eşqinmi saçlarına dən düşüb?!
Mən özgə de, könlünə kim düşüb?
Qoy oxusun gözlərini gözlərim.
.
Ürəyimi göynədəcək yanğısı,
Telin olsun bu yaramın sarğısı.
Kimdir, görən, o inamın oğrusu?
Qoy oxusun gözlərini gözlərim.
.
Ümid dinir, güman dinir gözündə,
Sükut dolu ümman dinir gözündə,
Bir gerçəyi uman dinir gözündə,
Qoy oxusun gözlərini gözlərim.
.
Kirpiyinin kölgəsimi gizlənən?
Yad baxışla özgəsimi gizlənən?
Bəlkə, mənəm öz-özüylə izlənən?
Qoy oxusun gözlərini gözlərim.
.
Sevgilərdə doğru da var, yalan da,
Sevgilərdə sayğı da var, talan da.
Bu ömürdə olmayan da, olan da,
Qoy oxusun gözlərini gözlərim.
.
Hansı vədə, hansı sözdür nəhs düşüb?
Düz yozulan gərdişimiz tərs düşüb.
Günah kimdə, qınaq kimdə, bəhs düşüb?
Qoy oxusun gözlərini gözlərim.
.
Gülüm, and iç bu sevginin adına,
Gülüm, yetək biz bu eşqin dadına.
Ərmuğandır, sevib, düşüb oduna,
Qoy oxusun gözlərini gözlərim.
.
***
.
Üzü payıza
.
Könlümdə bir bahar yaşılı qalıb,
Hələ də könlümdə göyərir budaq.
Könlümdə göy çəmən işığı qalıb,
Kimdir bəs qapımı döyən bu qonaq?
.
Köz-köz tüstülənir odum, ocağım,
Bir yaz zümzüməsi göynər dodaqda.
Necə üz çevirim, bahardan keçim?
Öm.ür göyərtmişəm mən ki o çağda!
.
Dolur otağıma küləklə, sislə,
Üz-üzə dayanıb payız mənimlə.
— İndi ha könlündə bənövşə bəslə! —
Danışır bir-iki ağız mənimlə…
.
Deyirəm: — Bir aman! Bahardan içim…
Qalıb göy tumurcuq gözü yumulu…
Əynimə don biçir payız, bir biçim,
Ayağım geyinir gurşad çamuru.
.
Başımın üstündə qızılı çətir,
Döşənib yoluma xəzəl xalısı.
Deyir: — Karvanını gəl yola gətir!
Bax, söyüd saçında payız xınası…
.
Qaralan buludlar gecə qatarı,
Sozalıb günəşin od püskürtüsü.
Bu payız taleyin hökmü, vadarı,
Bu yağış göylərin qəlb hönkürtüsü.
.
Üst-başım payızdır, çağım da payız,
Alnıma payızın izi düşübdür.
Aranım payızdır, dağım da payız,
Payızın könlümə gözü düşübdür.
.
Payız, içimdəki bahara dəymə,
Bir də o bahardan gələn ki deyil.
Payız, gəl özünü beləcə öymə,
Könül var, saralıb solan ki deyil.
.
Taleyim nə desin vaxtın əmrinə?
Üzümdə payızdan xəzəllik qalar.
Yüz xəzan yetişə payız ömrümə,
Könlümdə bir bahar gözəllik qalar.
.
Könlümdə baharla üzü payıza
Gedirəm, bu çağın içindən keçib.
Könlümə yaxın gəl, boylan avaza,
Duyğular bir bahar bulağı içib.
Yazıya 149 dəfə baxılıb