Biz millət kimi 20-ci əsrin sonlarında böyük imtahanlardan keçdik. İlk olaraq türk adımızı qaytardıq. Ölkəmizin müstəqilliyini bərpa etdik. Milli bayrağımızı öndərin nişan verdiyi yerdən – parlaman binamızın üzərindən asdıq…
Fəqət bunacan çox şeylər oldu. Erməni Qarabağı bizdən qoparmaq üçün dondan-dona girdi. Rus ayısı yenə qolunu onun boynuna salıb bizə göz dağı verdi. Gəncəmizin adını dönə-dönə dəyişən bu məlunlar Kirovabad adı ilə qəlbimizi yaraladılar…
Bu ada qarşı ilk çıxanlardan biri Gəncəmizin qəhrəman ziyalı xanımı Nüşabə Məmmədli oldu…
O vaxt onun ünvanına söylənməz hədyanlar deyənlər indi “Gəncədən gəlirəm yüküm xurmadı” mahnısı oxuyurlar…
…Nüşabə Məmmədli…
Bu ad, bu imza yaddaşımda dərin iz qoyub. Nə yazıq ki, mənə çox doğma olan bu adı və onun sahibini elə ad qədər tanıyıram. Haqqında bilgim sıfır həddindədir… Jurnalis olduğunu bilirəm… Vəssalam…
Bu günlərdə xətrini çox istədiyim İradə Aytelin Nüşabə xanımın bir hekayəsi haqqında kiçik qeydlərini oxudum və onu da öyrəndim ki, “Ədəbiyyat qəzeti”ndə çap olunan hekayəni “Kultur.az” saytı da yayımlayıb.
Və çoxdan axtardığım Nüşabə xanımı bu hekayəsindən bir daha tanımaq ümidi ilə “Nur yolu” adlı o mətni oxudum…
Elə bildiyim Nüşabə Məmmədli idi. Yaddaşəmda və fantaziyamda düzüb-qoşduğum Nüşabə Məmmədli!..
Hekayədən sətirlər:
“Şəhər viran qalır. Baxın, arxitektur binalar nə gündədir – sökülüb, dağılır. Qafqazda ən gözəl parkımız, yəni Xan bağı bu son illərdə bərbad hala düşüb, balaca Venesiya kanalı quruyub, orda üzən ördəklər yoxa çıxıb. Bağdakı marallar, ceyranlar kəsilib, yeyilib. Onların yerində parkı sahibsiz itlər başına götürüb, nə qədər insan, o cümlədən, uşaqlar bu itlərin hücumuna məruz qalıb. Nədi, bunlara göz yummalıyıq. Əgər biz səsimizi qaldırmasaq, kimin yadına düşəcək bu problemlər?”
Əlbəttə, mən Nüşabə xanımın mətnini müasir hekayə mətnləri meyarları ilə təhlil etməkdən uzağam. Axı mən bu yazını “köhnə tanışım”, “səngər yoldaşım”, “dostum” bildiyim bir xanımın – aman, aman, bu yazdıqlarımı dırnaqda verməyimi kim necə anladı, öz işidir, əslində mən o dırnaqları ona görə qoymuşam ki, bunlar həm doğrudur, həm də doğru deyil, axı Nüşabə xanım mənim mövcudluğumdan belə xəbərsizdir – qələmindən çıxan tutiya kimi qəbul edirəm. Bu, hekayə-filan deyil, bu, bir azadlıq aşiqi olan xanım ziyalının hayqırtısıdır!
Baxın, dostları onun həqiqət aşiqi olan, həqiqəti yazdığı üçün qəzeti bağlanan qəhrəmanına (mənə görə, bu Ütarid elə onun özüdür) nə deyirlər:
“Ütarid xanım, niyə hamı kimi yaşamırsınız? Hamı necə, siz də elə. Yəni palaza bürünüb, elnən sürünmək lazımdır. Rəhbərlik nə deyir, onu da eləmək lazımdır.”
Necə yəni?! Rəhbərliyin gözü önündə Hadinin yeni tapılan qəbrini (hansı ki, illərdir, onu itkin sanırdıq) dağıdırlar, Ütarid – Nüşabə Məmmədli sussunmu?! O Hadi ki, fəryad qopararaq deyirdi:
Millət işıq olsun, məni udsun siyah xak,
Ancaq dilərəm qövmüm ola sahibi-idrak.
…Dünənəcən Azərbaycanın ən qədim şəhəri olan Gəncəyə rəhbərlik edən şəxslər ölkə miqyasında bir lağlağı mövzusuna çevrilmədilərmi?! Sonuncusu isə günahlarının bədəli olaraq hətta güllələnmədimi?! (Hər cür terrora və qanundankənar tədbirə qarşı olsaq da, nə yazıq ki, bu, faktdır.)
Hekayənin qəhrəmanı dəhşətli bir yuxu görür:”Yuxuda gördüm ki, ucu-bucağı görünməyən bir səhradayam. Bu səhrada nədənsə insanların başını qılıncla vurub, əvəzində yaxınlıqdakı sürüdən qoyun kəsib, başları vurulmuşların çiyninə yapışdırırlar. Sonra bir şit musiqi çalınırdı. Öz başları qoyun başlarıyla əvəz olunan adamlar bu havaya oynayırdılar. Mənim də başımı kəsmək istəyəndə, mənə elə güc gəlir ki, əllərindən qurtuluram, lakin hansı başkəsənsə üzümə, ağzıma dumbuz vurur. Üzüm qan-qəltana qərq olur. Üzümdən axan qan tökülüb bir qanlı cığır açır.”
Gəncə Nizami yurdudur. Gəncə Cümhuriyyətimizin ilk paytaxtıdır. Gəncə Gəncədir!..
Hekayənin qəhrəmanı bütün acılara rəğmən yuxu da olsa, sonda biz oxucuları nur yoluna yönəldir:” Mən bu cığırla qaçanda qanlı cığır nur yoluna dönür. Və bu yolda mən Aydanı – Etibarın qızını görürəm. O, məni qucaqlayıb, başını çiynimə tökülən qara saçlarım arasında gizlədir. Biz onunla Nur yoluyla addımlayırıq.”
…Hə. Mənim özümün də yaxşı tanımadığım Nüşabə Məmmədlini balaca bir hekayəsi ilə sizlərə tanıtmağa çalşdım – elə özüm də təzədən tanıdım.
Əziz Nüşabə xanım! Bu gözəl yazınızla sizi qutlayıram!
Yolunuzdan nur əskik olmasın.
20.08.2024.
Hekayənin linki https://kultur.az/?p=20183
Yazıya 62 dəfə baxılıb