Azərbaycan filologiyası: təşəkkülü və təkamülü – Nizami CƏFƏROV

Azərbaycan filologiyasının tarixi Azərbaycan dilinin (türkcəsinin) ümumtürk dilindən, Azərbaycan ədəbiyyatının ümumtürk ədəbiyyatından təbii diferensiasiya yolu ilə ayrıldığı ilk orta əsrlərdən başlayır. Və bu proses XII-XIII əsrlərə qədər davam edir. Həmin dövrün ilk fundamental hadisəsi “Dədə Qorqud” eposudur ki, hər nə qədər ümumoğuz xüsusiyyətlərinə malik olsa da, mətnin dilində, təsvir edilən hadisələrin coğrafiyasında və ideya-məzmununda azərbaycanlılıq meyilləri özünü aydın göstərir. Güman olunur ki, epos XI əsrdən etibarən yazıya alınaraq, eyni zamanda Azərbaycan yazılı ədəbiyyatının təşəkkülünə təkan vermişdir. Son orta əsrlərin məlum “Kitabi-Dədə Qorqud” mətnlərinin məhz bu ilk əlyazmalardan köçürüldüyü mülahizəsi geniş yayılmışdır.

“Dədə Qorqud”dakı türk-oğuz fundamentallığına müsəlmanlığın təsiri həm ərəb, həm də fars təzahürlərində kifayət qədər ardıcıl, prinsipial və miqyaslıdır. Bu təsir bütün orta əsrlər boyu davam edərək Azərbaycan filologiyasında türkologiya ilə yanaşı, ərəbşünaslıq və iranşünaslığın müəyyən yer tutmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, XI-XII əsrlərdə – Müsəlman İntibahı dövründə Azərbaycandan ərəbdilli ədəbiyyatşünas alim Xətib Təbrizi, farsdilli şairlər – Qətran Təbrizi, Əfzələddin Xaqani Şirvani, Məhsəti Gəncəvi, Nizami Gəncəvi çıxmışlar. Onların şöhrəti bütün dünyaya yayılmışdır. Müsəlman İntibahı ənənələrinə uyğun olaraq ana dilində – Azərbaycan türkcəsində yazmasalar da, ideyaları, mövzuları ümumşərq, hətta ümumbəşəri (Platondan, Aristoteldən gələn) xarakter daşısa da, onların təhkiyəsi, ifadə tərzi, bədii intonasiyası, haqlı olaraq, “Azərbaycan (türk) üslubu” adlanır. Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan şairi Nizami” monoqrafiyasında (1951) çoxillik tədqiqatlarının nəticəsi olaraq yazır: “Hər halda türk anlamına sezişlərində, duyuşlarında, düşünüş və buluşlarında bu qədər yüksək yer verən bir Azərbaycan övladına, gözəl ilə böyüyə – türk, gözəllik ilə böyüklüyə – türklük, gözəl və böyük ifadəyə – türkcə, gözəllik və böyüklük diyarına – Türküstan deyən bir şairə sırf farsca yazmışdır deyə türk deməmək qabilmidir?.. Əsla!!!” (1, 292).

Orta əsrlərdə farsca qələmə alınmış hər bir bədii mətnin məhz İran ədəbiyyatı hadisəsi olması barədə bu günə qədər ara-sıra rast gəlinən yanlış fikri o da təkzib edir ki, Müsəlman İntibahı dövrü Azərbaycan türk şairlərinin farsca mətnlərinin dilində Azərbaycan – türk mənşəli metaforalar, frazeologiya və xalq deyimləri bütöv bir sistem təşkil edir. Və hətta İran nizamişünasları belə dəfələrlə etiraf eləmişlər ki, ondan (Nizamidən) türk ətri gəlir.

Beləliklə, qorqudşünaslıqla nizamişünaslıq, faktiki olaraq, müxtəlif dillərdəki mənbələrə əsaslansa da, Azərbaycan filologiyasının bünövrəsini təşkil etməkdədir. Birinci halda, filoloji vizion qədim (ümumi) türk köklərinə, ikinci halda isə, Müsəlman Şərqi coğrafiyasına yönəlir ki, burada tarixlə coğrafiyanın özünəməxsus “dialoq”u meydana çıxmış olur. Bu isə bir xalqın dilinin, ədəbiyyatının, mənəviyyatının genetipologiyasının təşəkkülü üçün kifayət qədər mükəmməl ümumbəşəri zəmin deməkdir.

XIII-XIV əsrlərdə Azərbaycan filologiyasının tarixində epos dövrü bitib, əsasən, sufi-panteist ideyalarla “silahlanmış” lirika dövrü başlayır. İslam dini kanonlarına müxalif olan bu döyüşkən lirika, ilk növbədə, türkcənin oğuz-Azərbaycan təzahürünün öz fəaliyyət dairəsini görünməmiş bir sürətlə genişləndirməsi, xalq kütlələrinin daha böyük hissəsini əhatə etməsi ilə səciyyələnir. İzzəddin Həsənoğlu, Yunus Əmrə, Qazi Bürhanəddin, İmadəddin Nəsimi kimi sufi şair-mütəfəkkirlərin əsərləri istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda türkcənin nüfuzunu xeyli gücləndirir. Və XIII-XIV əsrlərdən sonrakı XV-XVI əsrlər Azərbaycan dilinin, ədəbiyyatının zənginləşməsində, bir tərəfdən, əvvəlki əsrlərin bilavasitə davamı, ikinci tərəfdən isə, XVII-XVIII əsrlərdə özünü daha parlaq şəkildə göstərəcək Milli İntibahın başlanğıcıdır.

XV-XVI əsrlər, hər şeydən əvvəl, sufi-panteist poeziyanın Nəsimi – Cahanşah Həqiqi – Kişvəri – Həbibi – Füzuli xətti ilə inkişaf edib tədricən ideologiyadan estetikaya çevrildiyi dövrdür. İdeoloji mərhələnin aparıcı şəxsiyyəti Nəsimi, estetik mərhələnin (və bütövlükdə dövrün) ən böyük ədəbi- filoloji siması isə, heç şübhəsiz, Məhəmməd Füzulidir. Nəsimi Şamaxıda (Şirvanda) dünyaya gəlmiş, sufi-hürufi mürşid şeyx Fəzlullah Nəiminin müridi olmuş, əvvəl Əmir Teymurun, sonra isə Teymurilərin təqibindən qaçaraq Kiçik Asiyada, Suriyada yaşamış, həm türk (Azərbaycan – oğuz), həm fars, həm də ərəb dillərində hər biri bir divan təşkil edəcək qədər şeirlər yazıb yaratmışdır. Nəsimi öz əqidəsi (Həqq mənəm, həqq məndədir, həqq söylərəm!..) uğrunda camaatın gözü qarşısında edam olunmağın Şərq simvoludur. Füzuli isə əslən Azərbaycan türkü olsa da İraqda, Bağdadda yaşamışdır. Sələfi Nəsimi kimi o da türk, fars və ərəb dillərində yazsa da, türkcə (azərbaycanca – oğuzca) əsərləri ilə daha çox məşhurdur. Dahi Füzulinin “Leyli və Məcnun” poeması istər dil-üslubuna, istərsə də ideya-məzmununa görə ali bədii zövqün məhsuludur. O deyirdi: Məndən, Füzuli, istəmə əşari-mədhü zəm, Mən aşiqəm, həmişə sözüm aşiqanədir… Şair bir neçə əsr Azərbaycan poeziyasına istiqamət vermiş böyük bir ədəbi məktəbin banisidir ki, görkəmli füzulişünas professor Mir Cəlal bu barədə yazır: “Füzuli ədəbi məktəbi özünün məna, məzmun zənginliyi, bədii yüksəkliyi ilə insan hiss və fikirlərinin bədii ensiklopediyasını təşkil edir” (2, s. 21).

XVI əsrin ilk illərində Şah İsmayıl Səfəvinin (Xətayinin) başçılığı ilə yaranmış Azərbaycan Səfəvilər dövləti formalaşmaqda olan xalqın milli sosial-siyasi iradəsini ortaya qoymaqla yanaşı, onun dilinin, ədəbiyyatının, incəsənətinin İntibahını şərtləndirir. Hər nə qədər dini-panteist (get-gedə şiə!) “duman”ına bürünmüş, müəyyən siyasi-ideoloji motivlərlə zənginləşdirilmiş olsa da, Şah İsmayıl Xətayinin yaradıcılığı ilə Azərbaycan İntibahı ilk uğurlu addımlarını atır.

XVI əsrin əvvəllərindən ölkənin daha dərin (demokratik) ədəbi-mədəni həyatında özünü göstərən təkamül tendensiyası isə Azərbaycan türk-oğuz eposundan bilavasitə Azərbaycan eposuna keçiddir ki, onun ən mükəmməl hadisəsi “Koroğlu” eposudur. Və “Koroğlu” Azərbaycan xalq filologiyası (“söz”ə məhəbbət!) kontekstində “Dədə Qorqud”dan sonrakı epoxadır… XVI, XVII və XVIII əsrlərdə “Koroğlu” eposu ilə yanaşı, yeni dövr Azərbaycan epik təfəkkürünün “Qurbani”, “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Tahir və Zöhrə” kimi onlarla yaradıcılıq nümunələri (şifahi xalq məhəbbət romanları) yaranır. Bu yaradıcılığın “anonim” müəllifləri türk-oğuz ozan sənətinin genetipoloji davamı olan Azərbaycan aşıq sənətidir ki, onun ən görkəmli nümayəndələri Dirili Qurbani, Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Valehdir.

Milli Azərbaycan İntibahının yazılı ədəbiyyatda kütləvi təzahürləri aşıq şeiri nümunələrinin və dastanların yazıya köçürülməsi ilə başlayır. İntibahın klassik hadisəsi isə, heç şübhəsiz, Molla Pənah Vaqifin yaradıcılığıdır. Bu yaradıcılıq Molla Vəli Vidadi, Hüseyn xan Müştaq, Telimxan kimi şairlərin əhatəsində tarixi əhəmiyyət kəsb edir.

Şah İsmayıl Xətayi ərəbcə də, farsca da bilsə də, şeirlərinin əksəriyyətini türkcə (azərbaycanca) yazmaqla, hətta bir dövlət başçısı olaraq sarayda türkcənin (azərbaycancanın) işlənmə ənənəsini genişləndirməklə elə bir siyasi-ideoloji mühit yaratdı ki, onun “Qış getdi, yenə bahar gəldi, Gül bitdüvü laləzar gəldi. Quşlar qamusu fəğana düşdü, Eşq odu yenə bu cana düşdü” misraları bu mənəvi oyanmanı simvolizə edir, – deyə bilərik. Milli İntibah həm səfəvilərin hakimiyyətdə olduğu XVI, XVII əsrlər, XVIII əsrin əvvəllərində, həm Nadir şah Əfşar, həm də XVIII əsrin ikinci yarısını əhatə edən xanlıqlar dövründə həmin münbit mühitdə keçdi. Xalq yaradıcılığı nümunələrinin kütləvi şəkildə yazıya alınması, xalq kitablarının geniş yayılması, milli incəsənətin (musiqinin, təsviri sənətin, xüsusilə, onların ən unikal sahələrinin: musiqidə – Azərbaycan muğamının, aşıq ifaçılığının; təsviri sənətdə – milli xəttatlığın, miniatür rəssamlığının, arxitektura sənətkarlığının və s.) inqilabi yüksəlişi də Milli İntibahın – bununla birlikdə isə Azərbaycan millətinin təşəkkülünün əlamətləri idi.

Molla Pənah Vaqif dili, yaradıcılığının poetexnologiyası, ideya-məzmunu ilə ilk milli Azərbaycan şairi, türk dilləri (və ədəbiyyatları) içərisində azərbaycanlılığı mübahisəsiz olan ilk ədəbi (filoloji!) şəxsiyyətdir. Azərbaycan ədəbiyyatı tarixşünaslığının banisi Firudin bəy Köçərli XX əsrin əvvəllərində yazmışdı ki, “onun şeir və qəzəliyyatı bizim Azərbaycan türklərinə ziyadə xoş gəlir və hər nə onun qələmindən zühura gəlibsə… tamamilə ürəkdən və həqiqi həyatdan nəşət edən əsərlərdir. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir və qəzəl yazan az olub” (3, s. 7). Qarabağ xanının vəziri olan, XVIII əsrin ortalarından sonrakı Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən Vaqif həm klassik üslubda, həm də folklor üslubunda yazıb-yaratmış, bununla belə folklor (xalq) üslubunun perspektivlərini nümayiş etdirməklə Milli İntibahın davamı olan yeni ədəbiyyatın (və yeni ədəbi dilin) əsasını qoymuşdur.

Vaqifin Milli İntibah ruhundan irəli gələn ideya-estetik məramını onun “Ala gözlü, sərv boylu dilbərim, Həsrətin çəkdiyim canan, bəri bax” misraları obrazlı şəkildə ifadə edir. Öz realizmi ilə sələfi Füzulinin “göylər”dəki gözəlini “yerlər”ə endirən şair “Füzuli məktəbindən sonra Azərbaycan poeziyasında “Vaqif məktəbi”nin üfüqlərini müəyyənləşdirdi. Təzkirələrdə, xalq kitablarında, “Qarabağnamə”lərdə, özünəqədərki araşdırmalarda Vaqif haqqında verilən məlumatları sistemləşdirərək gələcək vaqifşünaslığın sərəncamına verən Salman Mümtaz (XX əsrin 30-cu illərində Stalin repressiyasının qurbanı) göstərir ki, Qarabağ xanlığının Cavanşirlər sarayı Vaqifi nə qədər mənimsədisə, Vaqif də həmin sarayı o qədər mənimsədi (3, s. 10). Bu, Vaqifin daşıdığı İntibah yaradıcılığı missiyasının nəticəsi idi.

Füzuli ilə inkişafının ən yüksək səviyyəsinə qalxan Azərbaycan dili, ədəbiyyatı (və filoloji təfəkkürü) Xətayi-Vaqif xətti ilə öz yeni dövrünə start verdi. Salman Mümtazla eyni illərdə Vaqif şəxsiyyətinin milli dəyərini dərindən dərk edən şair-mütəfəkkir Səməd Vurğun onun haqqında məşhur “Vaqif” dramını yazdı. Eyni zamanda şeirlərindən birində “Azərbaycan dili” yerinə, “Vaqifin şirin dili” ifadəsini işlətməklə XVIII əsr şairinin XX əsrdəki müasirliyinin miqyasını təsbit etmiş oldu.

XVI əsrin əvvəllərindən başlayıb, XVIII əsrin sonlarına qədər davam edən Azərbaycan Milli İntibahı a) Azərbaycan dilinin (türkcəsinin), b) Azərbaycan ədəbiyyatının və c) Azərbaycan incəsənətinin milli əsaslar üzərində yenidən təşkilini stimullaşdırdı. Bir neçə əsr ərzində formalaşan Azərbaycan milləti, həmin dilin, ədəbiyyatın və incəsənətin məhsulu idi ki, öz etnoqrafik, ictimai və siyasi tənzimlənməsini Azərbaycan Səfəvilər dövlətindən almışdı.

XIX əsr həm Azərbaycan xalqının, həm də Azərbaycan mədəniyyətinin tarixinə ən azı iki əsaslı yenilikdə qədəm basdı. Birincisi – xanlıqlara (kiçik feodal dövlətlərə) bölünmüş ölkənin iki yerə ayrılaraq Rusiyanın və İranın ərazisinə qatılması idi ki, nəticədə Şimali və Cənubi olmaqla iki Azərbaycan meydana çıxdı. İkincisi isə, ölkədə tədricən Şərq və Qərb mədəniyyəti təmayüllərinin üz-üzə gəlib xalqın (və onun mədəniyyətinin) gələcək taleyini müəyyənləşdirməsi idi. Əsrin birinci yarısında Vaqif məktəbi davam etməklə yanaşı, tədricən bütün əsr üçün səciyyəvi olan milli satirik təfəkkürün hərəkatı baş qaldırır ki, bunun ilk məhsulları o qədər də ciddi ədəbi hadisə sayılmayan həcvlərdir. Qasım bəy Zakir – Seyid Əzim Şirvani xətti ilə inkişaf edən həmin yaradıcılıq təmayülünün kifayət qədər ciddi nəticələri özünü maarifçilikdə göstərir. Ümumiyyətlə isə, XIX əsrin Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Kazım bəy kimi ziyalılarının ən böyük xələfi Mirzə Fətəli Axundzadədir.

Akademik Tofiq Hacıyev göstərir ki, “o, dramaturgiyamızı başladı, nəsrimizi yeni məcraya saldı, ilk dəfə ədəbi dil nəzəriyyəsi ilə məşğul oldu, orfoqrafiya, orfoepiya, durğu işarələri, terminologiya kimi dil quruculuğu işləri gördü, əlifba ilə bağlı ideyası və fəaliyyəti dil quruculuğu dairəsindən çıxıb xalqın bütöv maarif-pedaqogika və mədəniyyət sahələrini əhatə etdi, tarix və coğrafiya birliyini göstərdi, istedadlı filosof kimi şöhrətləndi, inqilabi fikrimizin ilk “şahin quşu” oldu, ilk professional tənqidçi və ədəbiyyatşünasımız kimi yetişdi, bütövlükdə, xalqımızı müasir-qabaqcıl fikir inkişafı yoluna yönəltdi” (4, s. 145). Mirzə Fətəli Azərbaycanın ikiyə parçalanmış Şimalı ilə Cənubunu öz yaradıcı təfəkküründə birləşdirməklə yanaşı, Şərq ilə Qərb arasındakı tərəddüdləri aradan qaldırmağa çalışır, ölkədə Şərq və Qərb mədəni dəyərlərinin ümumbəşəri prinsiplər əsasında qovuşmasını təbliğ edirdi.

Şimalda Rusiyanın, Cənubda isə İranın müqavimətinə baxmayaraq bütün XIX əsrdə olduğu kimi, XX əsrin əvvəllərində də Azərbaycanda dil, ədəbiyyat və incəsənət bütöv idi. Milli mətbuatın həm romantik, həm də realist qanadları – həm “Füyuzat”, həm də “Molla Nəsrəddin” eyni bir millətin sözünü deyirdi. Və romantizmlə realizm arasındakı ziddiyyətlər də inqilabi dəyişikliklər ərəfəsində eyni bir millətin daxilində baş qaldıracaq hallardan başqa bir şey deyildi. XX əsrin əvvəllərində “xalqın arzu və istəklərinin, ictimai-siyasi mübarizələrin aynası, tərcümanı olan mətbuat ədəbiyyatla heç vaxt indiki qədər sıx əlaqədə olmamışdı. Əsrin ilk rübündə elə görkəmli Azərbaycan yazıçısı yox idi ki, mətbuatla bilavasitə bağlı olmasın” (5, s. 19). “Füyuzat”ın ətrafında Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Hüseyn Cavid və b., “Molla Nəsrəddin”in ətrafında isə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əli Nəzmi və b. toplaşmışdılar. “Füyuzat” məktəbi türklük – turançılıq mövqeyində dayandığına görə İstanbul ləhcəsində, “Molla Nəsrəddin” məktəbi isə “yerli” mövqedən çıxış etdiyinə görə Azərbaycan dilində (türkcəsində) yazırdı.

Dövrün ən nəhəng söz ustalarından biri Sabir idi ki, onun zəngin satirik yaradıcılığı Azərbaycan cəmiyyətinin mənəvi, sosial, siyasi problemlərini bütün miqyası ilə işıqlandırır, ən müxtəlif təbəqələrdən olan insan tiplərinin bədii portretini yaratmaqla onları xalqa daha yaxşı tanıdırdı. Azərbaycan ədəbiyyatşünaslığı Sabiri “ağlar güləyən” adlandırır, bu isə o deməkdir ki, dahi şair öz xalqının vəziyyətinə ağlaya-ağlaya gülür, gülə-gülə ağlayırdı. Hər ikisində məqsəd xalqın düşdüyü vəziyyətdən xilası idi. Sabir təqibdən qorunmaq üçün gizli imzalarla yazır, onları tez-tez dəyişirdi və onun otuzdan artıq imzası məlumdur. Şair özü haqqında qürurla demişdi: “Bənzərəm bir qocaman dağa ki, dəryada durar”.

Poetexnologiya baxımından Sabir Füzulinin əksi idi, o ifadə tərzini ki, Füzuli lirik-romantik məqsədlə işlətmişdi, Sabir onu satiranın “dil materialı”na çevirdi. Beləliklə, Füzuli dühası Sabirin şəxsində satirik üslubun təşəkkülünə də əhəmiyyətli təsir göstərmiş oldu. Lakin Sabir yaradıcılığının üfüqləri, təbii ki, daha geniş, ideya-məzmunu son dərəcə müasirdir.

XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının, dilinin sıx bağlı olduğu bir sahə də, heç şübhəsiz, teatrdır. XIX əsrin ortalarında Mirzə Fətəlinin qələmi ilə ölkəyə ayaq açan dramaturgiya, sonrakı əsrin əvvəllərində Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Üzeyir Hacıbəyov kimi görkəmli dramaturqların əsərləri hesabına milli mədəniyyətin üzvi tərkib hissəsinə çevrildi. Və çox mühüm məsələlərdən biri də o oldu ki, istedadlı rejissorlar, aktyorlar nəsli meydana çıxdı, teatr binaları tikilməyə başladı.

Filologiyanın məktəbə, təhsilə tətbiq olunması ərəb, fars dillərinin yarımçıq öyrədilməsi ilə bitən köhnə Azərbaycan məktəbində müəyyən canlanmanın əsasını qoydu. Rusiya imperiyasının Qafqazda açdığı Qori Müəllimlər Seminariyasını bitirən azərbaycanlı müəllimlər ölkənin müxtəlif yerlərində müasir tipli məktəblər yaratdılar, tədris proqramları, dərsliklər hazırlandı. Bunların hamısı milli dilin, milli ədəbiyyatın, milli mənəviyyatın, ümumən milləti millət edən bütün dəyərlərin gənc nəslə təbliği idi.

Dövrün yazıçılarının, ziyalılarının əksəriyyəti bu və ya digər dərəcədə ana dili, ədəbiyyat müəllimləri olmuşlar. Onların arasında Firudin bəy Köçərlinin yeri müstəsnadır. Şuşada (Qarabağda) doğulmuş Firudin bəy Qori Müəllimlər Seminariyasını bitirib bir müddət İrəvan gimnaziyasında müəllimlik etmiş, sonra isə Qori seminariyasında çalışmışdır. Onun bir xidməti müəllimliyi idisə, digər mühüm xidməti də ilk dəfə Azərbaycan ədəbiyyatının fundamental tarixini qələmə almasıdır. Burada Azərbaycan, fars və ərəb dillərində yazıb-yaratmış 120-dən çox ədəbi şəxsiyyət haqqında məlumat verilir. Əsər elmi-nəzəri müqəddimədən, tarixi oçerklərdən, sənətkarların həyat və yaradıcılığından bəhs edən məqalələrdən ibarətdir. Klassik Azərbaycan ədəbiyyatı haqqında müəllifin geniş məlumatı, dərin elmi-nəzəri biliyi, incə zövqü, xüsusən, şeirin sirlərinə hərtərəfli bələd olduğu kitabın hər bir səhifəsində duyulmaqdadır. Füzuli, Vaqif, Zakir, M.F.Axundov, S.Ə.Şirvani kimi sənətkarlardan bəhs edən qiymətli oçerklər bu fikri deməyə tam əsas verir (5, s. 552- 553). Əsər böyük ədəbiyyatşünasın ölümündən sonra “Azərbaycan ədəbiyyatı tarixi materialları” adı ilə nəşr edilmişdir (6).

Azərbaycanın Şimalında Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə ölkənin həm ictimai-siyasi, həm də mədəni həyatında canlanma başlandı. Türk (Azərbaycan dili) dövlət dili elan edildi, Parlamentdə millətin problemləri ana dilində müzakirə olundu, çox keçmədi ki, gənc nəslin təhsili üçün ciddi tədbirlər görüldü, Bakı Dövlət Universiteti yaradıldı… Ancaq o dövrün beynəlxalq münasibətləri, imperializmin iddiaları Azərbaycan kimi parçalanmış bir xalqın siyasi müstəqilliyinə imkan verməzdi. Və odur ki, ölkənin Şimalı Sovet Rusiyasının tərkibinə qatıldı, Cənubu isə feodal İranın tərkibində qaldı. Eyni bir xalqın iki əks siyasi-ideoloji mühitdə yaşamağa məcbur olması, tamamilə təbiidir ki, onun tarixi faciəsi idi.

Sovet hakimiyyəti özünün ağılasığmaz “kommunizm quruculuğu” layihələrinə, onları həyata keçirmək üçün Azərbaycan cəmiyyətinə göstərdiyi ciddi təzyiqlər, təcavüzlərlə yanaşı, xüsusilə, 20-ci illərdə kütləvi savadsızlığın aradan qaldırılması, milli mətbuatın fəaliyyətinin genişləndirilməsi, yaradıcılıq qurumlarının, müəssisələrinin təsis olunması və s. sahələrdə uğurlu işlərə start verdi. “Köhnə dövr”ün Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Abdulla Şaiq, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyov, Yusif Vəzir Çəmənzəminli, Əhməd Cavad, Cəfər Cabbarlı kimi nümayəndələri sovet ədəbiyyatına qoşuldular. “Yeni dövr”ün ədəbiyyatını birbaşa təmsil edən gənc nəslə isə Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mehdi Hüseyn, Əli Vəliyev, Süleyman Rəhimov, Mir Cəlal, Mikayıl Müşfiq və b. daxil idilər. “Əsas mövzulardan biri keçmişi tənqid, yenini təsdiq və təbliğ idi” (7, s. 29).

XX əsrin əvvəllərində ədəbiyyatda özünəməxsus stixiya ilə meydana çıxan bəzi ziddiyyətlər, məsələn, azərbaycançılıq, ərəb-farsçılıq, türkiyəçilik, rus-avropaçılıq meyillərinin toqquşması 20-ci illərdə sürətlə aradan qaldırıldı. Onların hamısının əvəzində isə marksist-leninçi (sosialist) ideologiyanın burjua ədəbiyyatı ilə proletar ədəbiyyatının qarşıdurmasına meydan açıldı. Sovet hakimiyyəti Sovetlər Birliyinə daxil edilmiş bütün xalqların yazıçılarından get-gedə daha sərt bir şəkildə “formaca milli, məzmunca sosialist” əsərlər tələb edirdi ki, bu tələb 30-cu illərdə yaradıcı şəxslərə qarşı çox amansız repressiyalara gətirib çıxardı.

20-ci illərdə istər Azərbaycanın, istərsə də ümumən Türk dünyasının həyatında baş verən ən mühüm elmi-filoloji hadisə Bakıda Birinci Ümumittifaq Türkoloji qurultayının keçirilməsi olmuşdur. 1926-cı ilin fevral ayının 26-dan martın 5-ə qədər keçirilmiş qurultayda 131 nümayəndə türkologiyanın ən müxtəlif (dil, ədəbiyyat, tarix, incəsənət və s.) problemlərini geniş müzakirə etmişlər (bax: 7). O dövr üçün ciddi poetik əhəmiyyətə malik əlifba, imla – orfoqrafiya, terminologiya, ədəbi – dil, dil əlaqələri, dil tədrisi kimi məsələlər xüsusilə diqqət mərkəzinə çəkilmişdir. Qurultayın ən real nəticəsi o oldu ki, türk dillərinin uzun əsrlər istifadə etdiyi (lakin bu dillərin fonetik quruluşuna uyğun gəlmədiyi üçün ciddi çətinliklər yaradan, xüsusilə, savadlanma işinə mane olan) ərəb əlifbası latın əlifbası ilə əvəzləndi. Maraqlıdır ki, bu məsələ ilə bağlı qəbul olunmuş qərarda Azərbaycanın 20-ci illərin əvvəllərindən latın əlifbasına keçid təcrübəsi alqışlanmış, onun bütün Sovetlər Birliyi miqyasında yayılması tövsiyə olunmuşdu (8, s.12). Ümumiyyətlə, Birinci Türkoloji Qurultay Azərbaycanın Türk dünyasındakı elmi-mədəni mövqeyini xeyli dərəcədə yüksəltdi. Bakı sürətlə türkoloji araşdırmaların aparıldığı görkəmli türkoloqların çalışdığı mərkəzə çevrildi.

XX əsrin 20-ci, 30-cu illərində Bakıda filoloji sahədə ən böyük uğurlara imza atmış alim, əslən Krım tatarı professor Bəkir Çobanzadə idi. O, Budapeşt Universitetində yüksək türkoloji təhsil almış, Krımda çalışmış, oradan da Bakı Dövlət Universitetinə dəvət olunmuşdu. Bakıda fəaliyyətə “Türk-tatar lisaniyyatına mədxəl” kitabının (1924) nəşri ilə başlayan alim bir-birinin ardınca həm Azərbaycan, həm də ümumən türk filologiyasına həsr olunmuş çoxsaylı monoqrafiya, dərslik və məqalələr yazmış (bax: 9), Universitetdə həmin sahələrin yüksək səviyyədə tədrisini təmin etmişdir. Yalnız onu yada salaq ki, 1937-ci ildə “xalq düşməni” kimi güllələnmiş bu böyük alim özündən sonra Azərbaycan dilçilik elminin əsas sahələrini – dialektologiya, dil tarixi və müasir dil yaradıb inkişaf etdirən üç böyük mütəxəssis – akademik Məmmədağa Şirəliyev, müxbir üzv Əbdüləzəl Dəmirçizadə və professor Muxtar Hüseynzadəni yetişdirmişdir. Və Azərbaycan dilçiliyinin 50-ci, 60-cı illərdəki uğurları həmin alimlərin, eləcə də onların bilavasitə tələbələrinin adları ilə bağlıdır.

XX əsrin 30-cu illəri “qırmızı terror”un hər nə qədər aqressivləşməsi, XX əsrin əvvəllərində qərarlaşmış azərbaycançılıq ideologiyasının üzvi tərkib hissəsi olan a) türkçülük, b) müsəlmanlıq və c) müasirliyin, ümumbəşəriliyin qadağan olunmasına baxmayaraq, Azərbaycan poeziyası, nəsri və dramaturgiyası mühüm yaradıcılıq uğurları nümayiş etdirmişdir. Məsələn, dövrün ən böyük söz ustası Səməd Vurğunun poeziyasında Azərbaycan təəssübkeşliyi, vətənpərvərliyi, milli duyğular daha güclü idi, bununla belə dahi şair “sovet beynəlmiləlçiliyi” naminə “türk kökləri”ndən də imtina eləmişdi: Nədən şeirimizin baş qəhrəmanı gah İrandan gəlir, gah da Turandan? Bəs mənim ölkəmin varlığı, hanı? Böyük bir şairin yazdığı dastan gah İrandan gəlir, gah da Turandan… Səməd Vurğun “böyük şair” deyəndə, mövzularını “tarixin dərinlikləri”ndən alan Hüseyn Cavidi nəzərdə tutur, onu müasir mövzulardan, sosializm quruculuğundan yazmağa çağırırdı.

Dövrün filologiyasındakı türklük, müsəlmanlıq və müasirlikdən (ümumbəşərilikdən) məhrum azərbaycançılıq tək bədii yaradıcılıqda yox, həmin yaradıcılığa verilən elmi-nəzəri təhlillərdə (dilçilikdə, ədəbiyyatşünaslıqda, sənətşünaslıqda və s.) də aparıcı metodoloji tendensiya idi. Yalnız 70-ci, 80-ci illərdən başlayaraq bütövlükdə Sovetlər Birliyində, eləcə də Azərbaycanda rəsmi dövlət ideologiyasına qarşı müəyyən dissident meyillər baş qaldırdı ki, onların get-gedə normaya çevrilməsilə sovet ideologiyası, ardınca isə Sovetlər Birliyi tarix səhnəsini tərk etməyə məcbur oldu.

XX əsrin ortalarından etibarən Azərbaycanın Şimalında milli dilin, ədəbiyyatın, elmi-filoloji təfəkkürün inkişafında müəyyən uğurlar qazanılsa da, Cənubda ədəbiyyatın, bununla birlikdə isə ədəbi dilin tənəzzülü baş verdi. Uzun fasilədən sonra ideya-estetik oyanma faktı kimi həm Cənubda, həm də Şimalda geniş maraq doğuran Məhəmmədhüseyn Şəhriyar poeziyası, xüsusilə, onun “Heydər Babaya salam” poeması, bir tərəfdən, ədəbiyyatın etnik-etnoqrafik enerjisinin gücünü, digər tərəfdən isə, dildə ədəbi normativliyin zəifləməsini göstərdi. Bununla belə, 80-ci illərdən ədəbi həyatın canlanması, azərbaycanca kitab, dərgi-jurnal, qəzet nəşrinin artması, cənublu ziyalılardan Dr. Cavad Heyətin rəhbərliyi ilə “Varlıq” dərgisinin müntəzəm çıxması ciddi irəliləyiş idi. Azərbaycan dilində nəinki ali, hətta orta təhsil müəssisələrinin olmaması, fars dilindən başqa, digər dillərin, farslardan başqa, digər xalqların milli hüquqlarına məhəl qoyulmaması (bu barədə bax: 10) davam etməkdədir.

XX əsrin hələ 70-ci, 80-ci illərində Azərbaycan Sovet Sosialist Respublikasına başçılıq edən “milli təmayüllü” kommunist (xatırladaq ki, 20-ci illərin əvvəllərində Azərbaycan Respublikasının rəhbəri, məşhur yazıçı Nəriman Nərimanov da həmim təmayülə mənsub olmuşdur) Heydər Əliyev Moskvanın verdiyi imkanlar daxilində, eyni zamanda mümkün “diplomatik münasibətlər”ə girərək, respublikada Azərbaycan dilinin, ədəbiyyatının, incəsənətinin hüquqlarının məhdudlaşdırılmasına qarşı ardıcıl mübarizə aparmışdır. 90-cı illərin əvvəllərində Azərbaycan müstəqil dövlət olduqdan sonra ümummilli lider Heydər Əliyevin həmin mübarizəsi daha geniş miqyas almaqla (bu barədə bax: 11) xalqın intellektual, mədəni-mənəvi inkişafında yeni dövrün əsasını qoymuş oldu.

Azərbaycan filologiyasının təkamülündə, müəyyən mənada, intibahında XXI əsr, əsasən, onunla əlamətdardır ki, 1) milli ideya-estetik proses özünün doğma azərbaycançılıq ideologiyası məcrasına qayıtmışdır. 2) Azərbaycan dili türk dilləri ilə əlaqələrini bərpa etmək üzrədir, beynəlxalq dillər, xüsusilə, ingilis dili ilə bilavasitə kontaktdadır, Azərbaycan Respublikasının dövlət dili olaraq hüquqları qorunur. 3) Azərbaycan ədəbiyyatı həm türk, həm də dünya ədəbiyyatının tərkib hissəsi kimi kifayət qədər geniş yaradıcılıq imkanları nümayiş etdirir. 4) Azərbaycanda elmi-filoloji araşdırmalara “sovet dövrü”ndə qoyulmuş ideoloji məhdudiyyətlər aradan qalxmışdır, belə ki, a) dilin, ədəbiyyatın ümumtürk kökləri və konteksti intensiv öyrənilir; b) müsəlmanlıqla bağlı bədii-estetik yaradıcılıq (məsələn, sufizm, mərsiyyə ədəbiyyatı və s.) tədqiqata cəlb olunur; c) ədəbi proses ən müxtəlif cərəyanlar, məktəblər, eləcə də fərdi üslub axtarışları üçün açıq olduğu kimi onların elmi-nəzəri təhlili, dəyərləndirilməsi üçün də maneə yoxdur.

Mənbə: “Ədəbiyyat qəzeti”

Yazıya 2 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.