Əzizağa Elsevər – İt qohumluğunun aqibəti

 Hekayə

Muxtar müəllim yaşadığı evin həyətinə təzəcə girmişdi ki, cardağın altında oturub söhbətləşən qonşulardan biri, düzlüyü, təmizliyi və halallığı ilə tanınan Nəcəf  kişi yerindən qalxıb onun qabağına gəldi: – Salam, ay Muxtar müəllim! -deyib, əlini sıxdı. Qoluna girib azman çinarın kölgəliyinə tərəf çəkdi. -Necəsiniz, yaxşısınızmı? Bir binada oluruq, iş-güc o qədər çoxdur ki, düzü, macal tapıb bir görüşə, dərdləşə də bilmirik. Bağışla ey, sən Allah, işdən gəlirsən, yorğunsan, yəqin ki, acsan, bir tərəfdən də mən söhbətə tutub vaxtını alıram.

-Xoşdur, Nəcəf kişi, səninlə danışmaq mənə də xoşdur. Sən pərdəli danışan, mətləbin içində gizlənib kiminsə haqqına girən qonşu deyilsən. İndi sənin kimi kişilər çox azdır. Buqəlamunluq edənlər, mühitdən-mühitə düşənlər, rəngdən-rəngə girənlər çoxalıb. Elə bil ki, kişiliyin adı qalıb, gedənlər də ata minib kişi sözünü, kişi mənliyini də özləri ilə aparıb. Fikirlər cılızlaşıb, duyğular korşalıb, sanki pis əməllər  insanların üzünə çıxıb. Yalanlar içində üzülür insan. Bu qədər yalanmı olar, ay qardaş?! Gözümüz görə-görə hamı üzü aşağı gedir, hamı da özünü aldadır, dünya onun evinin kəndarına qədərdir deyib, qapılarını bərk-bərk bağlayır. Daha demir ki, dünya elə ağrı-acılarıyla sənin evinin içindədir. Sən gözlərini bərk-bərk yumub etinasız ola bilərsən, ancaq susqunluğun, biganəliyin ağır bir yük olub çiyinlərindən asılanda, qara bir daş olub qabağını kəsəndə qaçıb qurtara bilməzsən. Bax, Nəcəf kişi, buna görə sənin kimi kişilərə həmişə hörmətim var. Neçə ildir, bina, həyət qonşusuyuq, hələ bir dəfə də olsun Nəcəf kişinin kiminsə haqqına girdiyini, kiməsə yalan satdığını eşitməmişəm. Bunu bilirsən, niyə belədir? Çünki kişilik zaatdan, kökdən gələr! Qırdım-qaçdım ailənin törəməsi, gələcəyi də elə özü kimi olar.

– Çox sağ ol, Muxtar müəllim! Üzə demək olmasın, mən də  Sizi elə beləcə gördüyüm kimi tanımışam. Müəllim adı indi ucuzlaşıb, hər yoldan ötənə də, oğruya, əyriyə, rüşvətxora da müəllim deyirlər. Bir balaca vəzifəsi, imkanı olanı qabaqda otuzdururlar. Müəllim el ağsaqqalıdır. Onun oturuşunda, duruşunda bir ağayanalıq, ağırlıq olmalıdır. Bəzən oturub fikirləşəndə, qınamıram da onları. Müəllim də insandır, onun da ailəsi, xeyiri, şəri var. Dilənçi, sədəqə payı qədər  məvacib verəndə, müəllim neyləməlidir görəsən?! Ailədə üzü kölgəli olanın cəmiyyətdə qürurumu olar? Yalançı ümid ilğım kimidir, bir gün olar, beş gün olar sonra çəkilib gedər. Küçədə bakuş, siqaret, corab satan, bazarda onun-bunun yükünü daşıyan müəllim görmüşəm. Balıq, tərəvəz satan, daha nə bilim hansı hoqqalardan çıxan müəllim görəndə ürəyimdə ağrılarım dil olub danışıb. Desəm ki, için-için ağlamışam, bəlkə də, inanmayacaqsınız. Əsgər torpağımızı, sərhəddimizi necə qoruyursa, müəllim də əxlaqımızı, qürurumuzu, lap elə insanlığımızı da eləcə qoruyur. Bu gün üzü aşağı getməyimizin kökündə də bunlar dayanır.

Muxtar müəllim, neçə müddətdir Sizi görə bilmirəm. İçimdə məni yeyən bir dərd də rahatlığımı əlimdən alıb. Ürəyimi boşaltmağa, bir təsəlli payı ummağa fürsət də tapmamışam. Nə gizlədim, bəlkə də, utandığımdan, xəcalətimdən çəkinmişəm. Evimizdə həmişə uşaqlarıma Sizi nümunə göstərmişəm. Həmişə də demişəm, oxuyun, Muxtar müəllim kimi alim olun, adam olun. Nə qədər ki, uşaq idilər, dediklərim beyinlərinə batır, oxuyur, hətta bir-biriləri ilə də höcətləşib, cəhl edib:” Yox, mən Muxtar müəllim olacam! Mən Muxtar müəllim olacam!..”-deyib, yaxalarını dartışdırır, itələşir, didişirdilər də. Mən onları güclə sakitləşdirir, boyunlarını qucaqlayır, başlarını sığallayıb qürurla dönə-dönə üzlərindən öpürdüm. Zaman yel kimi ötüb keçir, illər-illərə  calanıb gedirdi. Uşaqlar hər gün, hər saat bir buğda boyu böyüyürdü, boy atırdı. Məktəbi də bitirdilər. Heç dərsdən sonra əlavə müəllim yanına da getmədilər. Sağ olsunlar, əziyyət çəkdilər. Məni heç əlavə xərcə də salmadılar. İnsafən, oğlanlarımdır deyə tərifləmirəm, gedənlərdən də az bilmədilər. Çox bildilər ki, az bilmədilər. O, DİM-dir, DAM-dır, nə bilim nədir, nəmənədir, onun sınaqlarına da getdilər. O, yastı-yastı danışan xanım var ey, dilimizin qolun-qıçını da qıran, onun sınaqlarından da yüksək balla çıxdılar. Ancaq ortada nə oldu, niyə belə oldu bilmirəm. Ali təhsil dalıyca getmədilər. Böyük oğluma çox dedim, az eşitdi. Dedim, ay oğul, get oxu, təhsilini artır, ali təhsil al, getməsən çox peşiman olacaqsan. Gedən vaxt səndən gedir, Bir də ömür təkrarlanmayacaq ki, itirdiyin illərin sənə verəcəyi fürsəti qaytara biləsən. Hanı, hanı, bəs deyirdiniz ki, oxuyub Muxtar müəllim olacaqdınız, böyük, lap böyük alim olacaqdınız?! Axı, o günləri nə tez unutdunuz, o dediklərinizi nə tez yaddan çıxartdınız?! Axı niyə, niyə boyunuza baxıb fərəhlənən bir ataya bu sevinci çox gördünüz? Bəs mənə nə qayıdıb desə yaxşıdır, Muxtar müəllim. Təkrarlamağa dilim də gəlmir, elə bil üzümə söydülər, günahsız dədəmi gözüm görə-görə yandırdılar. Utanmadan, çəkinmədən dedi ki, məni dolandırmağa gücü çatmayan savad mənim nəyimə lazımdır, ay dədə, oxuyub, savadlanıb Muxtar müəllim olmaqdansa, elə savadsız qalıb Roko saxlamaq hamısından yaxşıdır. Yazıq Muxtar hər gün qaça-qaçdadır. Bu universitetdən çıxıb o birisinə, o birisindən də çıxıb bu birisinə qaçır. Aldığı nədir, qəpik-quruş. Heç onu almağa, dalısıyca düşüb qaçmağa dəyərmi?! Ondansa, metro qabağında papağını qabağına qoyub dilənsə, bilər ki, aldığı dilənçinin qazancı qədər də deyil. Onun ağlı, düşüncəsi bir ailəni də dolandırmağa bəs etmirsə, onda neynirəm ki, o alimliyi, ağlı, ya düşüncəsi işıqlı olsun!

-Sağ ol, Nəcəf kişi!-Muxtar müəllim qımışa-qımışa onun sözünü kəsdi.- Səndə söz var imiş ki… ay qonşu, ay rəhmətliyin oğlu!..

-Neyləyim, ay Muxtar müəllim! Deyir, aşıq gördüyünü çağırar. Siz allah, oxumuş adamsınız, alimsiniz, bir məni başa salın görüm, bu xaraba, başı  bəlalı məmləkətdə alim hörmətlidir, yoxsa itə baxan?!

-O, nə sözdür, ay Nəcəf kişi?! Ayıbdır, sən imanın, bir də belə demə. Məgər dünya, elə bir qarın çörəkdən ibarətdir? Dünya düşüncə üstə fırlanır. Sağlam düşüncə olmasa, kainat da məhv olub gedər. Həyat həmişə belə ədalətsizliklərlə doludur. Ona işıq verib, yol göstərəni kor qoyub, payi-piyada getməyə, cırmaqlaya-cırmaqlaya yaşamağa, sürünməyə vadər edir. Ancaq insanın inamı özündən qabaq ölmür. İnsan inama sığınanda dünya da onun qabağında diz çökür. Əqidəsin, inamın itirməsin gərək insan. O mahnıda deyildiyi kimi: dünya beş günlükdür, deyənə yazıq. Nə yazıq ki, indi qarın başdan yuxarı olub. Çoxları başı ilə yox, qarnıyla düşünür. Tarixdə qarın otaranlar çox gəlib-gedib.. O gedənlərdən bir iz, bir nişanə də qalmayıb. O, qədri-qiyməti sağlığında bilinməyən söz, işıq adamları dünyanı öz dünyası ilə bəzəyib, şəkilləndirib bu dünyada da qoyub gediblər. Onların yaratdıqları olmasaydı, görən nə üzdə, nə görkəmdə olardı bu dünya?!

-Əslinə baxanda, Muxtar müəllim, vallah, Siz deyəni mən də deyirdim. Ancaq hiss edirdim ki, onlara nə isə çatmır.

-Ola bilməz ki, ay Nəcəf kişi, birdən-birə dəyişələr. Görünür, nəyisə gözünüzdən qaçırmısınız. Kiminlə oturub-durduqlarını unutmusunuz. Cavanlıq yüyənsiz at kimidir, ram olana qədər hara çapdığını, niyə çapdığını heç özü də bilmir. Ağıl onun çılğınlığı ucbatından düşüncəsiz addımlarını  nizamlamaqda çox zaman çətinlik çəkir.

-Nə deyim, ay Muxtar müəllim! Mən də iş adamıyam, tezdən çıxıb, axşam işdən qayıdıram. Hərdən elə yorğun oluram ki, danışmağa da heyim-hərəkətim qalmır. O ki, qaldı onların dərsləri… anaları həkimdir, arxayın olub evdən çıxıram.

Məktəbdə oğlumla bir sinifdə oxuyan Səlim adlı yaxın dostu var idi. Var idi deyəndə, elə indi də var. Bayramlarda, ad günlərində bizim evə gəldiyi kimi, oğlum da onlara gedərdi. Atası nazir olandan sonra Səlimin ayağı bizim evdən kəsildi. Bizim evi, görünür, öz dəbdəbəli həyatlarına yaraşdırmadı. Ancaq oğlumla dostluğunu da kəsmədi. Qısa bir vaxtda çox şöhrətləndilər. Zənginlik ayaqlarına gəldi. Gəzmədiyi ölkələr qoymadılar, görmədiyi günlər gördülər. Dövlət babanın cibinə girdilər, xalqın qismətinə əl uzatdılar. Səlim məktəbi bitirər-bitirməz gömrükdə tez- tələsik bir idarə yaratdılar. Ağzından süd iyi gələn bu uşağa rəislik tapşırdılar. Bəs nə bilmişdiniz, nazir oğludur axı. Başqalarının əzilə-əzilə, sürünə-sürünə keçə biləcək yolları, qalxa biləcək mərtəbələri o, gözüyumulu keçdi. Sayələr sayəsində! Tez Dərbənddən o tərəfə adını da bir universitetə yazdırdılar. Bədbəxt oğlu heç özü də bilmədi oxuduğu hansı universitet, hansı fakültədir, sabah hansı ixtisas yiyəsi olacaq. Ona nə lazımdır, heç nə, bir qırıq kağız parçası. Zarafat deyil, kişi xaricdə oxuyub. Onsuz da dərinə gedən, fərqinə varan yoxdur. Pulun, arxanda durası adamın varsa, hər şey ayağına gəlir.

Qiyabi oxumaqla, illəri yola salmaq qərarına gəldi. Utanıb çəkinmədən də, bir aylıq dərs, sessiya vaxtı işçilərindən birini öz yerinə göndərdi. Dərsdə oturdu, imtahan verdi. Onun cibinə ürəyi istədiyi qədər pul qoydu. Hətta qulağına pıçıldayıb: “ Ye, iç, müəllimləri, dekanı, daha nə bilim kimləri, kimləri tanıdığın qədər qonaq elə, şirəyə çək!..”-dedi. Bu xaraba, bimürvət dünyanın bir ucu yeməyə bağlıdır. İnsan nəfsin qulu, sahib dura bilmədiyi iradəsinin nökəridir. Səlimi kim başa saldısa, zirəng tərpəndi. Bu bir ayda üç-dörd dəfə sərhəddi keçdi, “ kişinin oğlu, dərs oxuyur axı ?!” Qızılyarda təmiz zoğal arağı, yaxşı da balıq kababı verirlər…” deyib, yolunu da ordan saldı. Oranın təmiz havası da sinəsinə yatırmış. Nə gizlədim, bir dəfə də oğlumu özüylə aparmışdı. İşə düzəldəcəm, əli-ayağı təmiz, yaxşı da qazancın olacaq, söyləmişdi. Bura qədər heç onları, sən demə, yaxşı tanımırmışıq. Anası uşaqlıqdan qoca nənəsi Anuşu, babası Arakeli, Qreta xalası və dayısı Arturu o qədər sevdirib ki, bir-birilərini görəndə sevincdən heç bilmirlərmiş ki, neyləsinlər. Süfrə başında Bakını, keçmiş Vorovckidəki geniş həyətli ikimərtəbəli evlərini xatırlayıblar. Anuş ağlayıb da. Qreta Nərimanov kino-teatrında kassir işləyirmiş. Akif adında oğlanla təzəcə tanış olmuşmuş. Ara qarışanda Qretanı taksiylə evlərinə gətirirmiş. Evlənəcəkmişlər. Onlar Bakıdan ayrılanda Akif onun alnından, gözlərindən öpüb: “Darıxma, bunlar keçib gedəcək, hər şey yaxşı olacaq. Arxanca gələcəm, mütləq gələcəm!”-deyib. Ancaq gələ bilməyib. Daşaltıda həlak olub. Könüllü cəbhəyə gedibmiş. Qreta bunları təmiz bizim dildə danışıb, ara qarışdıranları söyüb, yamanlayıb da hələ. Səlimin atası tələbə olan vaxtı bunların həyətində kirayənişin qalırmış. Qretanın böyük bacısı Nellini də elə həmin həyətdə sevib evləniblər. Neft mədənində mühəndis işləyirmiş. Arakel tanışlarının əliylə onun vəzifəsini də böyütdürüb, evlərinin bir hissəsini də qalmaları üçün onlara bağışlayıbmış. Ümidli olublar ki, ara sakitləşən kimi yenə qayıdacaqlar. Ancaq evini satıb gedən qonşu erməni Aşot qaranlığa salıb, gecəylə öz evini, ona bitişik Arakelin də evini yandırmışdı. “ Nəyimiz çatışmırdı? Axı niyə, niyə bizi bu günə saldılar?..”- Arakel içkinin təsirindən, xatırladıqları ötən günlərin həsrətindən, ağrı-acısından kövrəlibmiş kimi öz-özünə sualı sual dalınca verirmiş. Cavabsız suallar, açılmamış mətləblər sanki hamının dilini, ağzını bağlayıbmış. Oğlum bunları mənə danışanda elə bil yer də ayağımın altından qaçdı. Arakel deyirmiş ki, ermənilərin yalançı başbilənləri şimal ayısının felinə uydular. Axırda da aldandılar, çox aldandılar, bu aldanışla da boş düzəngahda qaldılar. Nə bilim, durna, ya qarğa fondu yaratmışdılar. Qapı-qapı gəzib məcbur edirdilər o fonda pul keçirməyi. Hünərin nə idi onların sözünü yerə salasan, yox deyəsən. Allah şahiddir, çox yox, bir həftə gecikdirmişdim. Artur onda Moskvada oxuyurdu, tələbəydi. Gecəylə otağına girib oradan xəbərdarlıq etdilər. Üç günə pul keçirilməsə, oğlunu yeddinci mərtəbədən atarıq. Artur bunları telefonda  deyəndə, heç bilirsən necə qorxmuşdu?! Ağlayırdı, zülüm-zülüm ağlayırdı, həyəcandan, qorxudan dili topuq çalırdı. Nə dediyini, bəlkə də, heç özü də anlamırdı. Çox, çox böyük yanlış addımlar atdıq. Gəmidə oturub, gəmiçiylə dava edirdik. Bizim ağılsız, başdan xarab rəhbərlər hamımızı uçuruma apardılar, isti aşımıza su qatdılar. Hanı, hanı bəs, dövlət quracaqdılar?! Dənizdən dənizə Böyük Ermənistan yaradacaqdılar?! Başınıza dəysin yaratdıqlarınız! Qonşuluqda haqqı-sayı itirib, münasibətlərimizə sağalmaz yara vurdunuz. Mən evimi itirdim, əzizlərimin qəbrini qoyub gəldim, qızımın, nəvələrimin üzünə həsrətəm. Mən məgər ikinci bir ömür yaşayacağam ki, yaraları sağaldım, ağrılara məlhəm qoyum?! İki cavan ailə,  on beş tələbə də evimdə kirayənişin saxlayırdım. Hərəsindən də filan qədər ayda alırdım. Hər idarədə də adamımız oturmuşdu. Bunlar bizə ağırlıqmı etdi, allah ağlımızı başımızdanmı aldı? Görən niyə, niyə belə oldu?!

Sən demə, ay Muxtar müəllim, Qızılyar Səlimgilin həm də görüş yeri, apardıqları çirkli, oğurluq pulların yuyulma, saxlanc yeri imiş. İmanımı yandıra bilmərəm, hələ ki, deyilənlər düzdürsə, o yaxasını cırıb, yalandan “ Vətən!..Vətən!..”-deyən nazirimizin orda mehmanxanası, böyük bir supermarketi var. Tikinti şirkəti də təzəcə açıb fəaliyyətə də başlayıblar. Gedəndə oğluma iş də təklif edib. Şirkətdə, ofisdə yüksək maaşlı iş. Nəsə evdə razı olmadıq. Bu qarışıq-bulaşıq zəmanədə gözdən-könüldən uzağa uşaq buraxmaqmı olar?! Qərib yerdi, ermənilərin də at oynatdığı məkan. Onlara necə etibar edəsən?! Çörəkləri dizlərinin üstündədir bu köpək uşağının. Fürsət düşən kimi pisliklərindən əl çəkmirlər. Düşmənçilik qanlarına yeriyib. Bədbəxt uşaqları, axırda öz murdar qanlarında da boğulacaqlar.

-Bəs o it məsələsi nədir, ay Nəcəf kişi? -Muxtar müəllim onun sözünü kəsdi: -Bu hardan ağlınıza gəldi, qardaş?

– Bu da bir əhvalatdır, Muxtar müəllim! -Nəcəf kişi qəribə bir təbəssümlə dilləndi: -Özü də, maraqlı və gülməli bir əhvalat.

Yayda ailəlikcə İtaliyanın Lombardiya vilayətindəki səfalı mənzərəsi olan Komo gölünün sahilində dincəlirmişlər. Qaldıqları dördulduzlu “Barchetta Exselsior” otelində Səlim onlardan bir mərtəbə aşağıda olan Lukas adlı gənc turistlə tanış olur. Lukas da İtaliya it cinsindən olan Napoli mastifi ilə gəzməyi çox sevirmiş. İt də, nə it: Qara, sallaqdodağ, gözləri batıq və bədheybətdən də bədheybət. Ancaq deyilənə görə, sahibini tək qoymaz, yeri gələndə özünü ortaya atıb onu kənar təsirdən, təhlükədən qorumağı da bacaran itdir. Buna görə də, nə qədər bədheybət olsa da, sədaqətliliyi ilə özünü sevdirməyi bacaran itdir. Günortadan sonra  mehmanxananın önündəki qoşa çinarların çətirləri altında sıra ilə düzülmüş stollardan birinin arxasında əyləşib şirin söhbət edə-edə meyvə kokteyli içirmişlər. İt də yanlarındaymış. Bir az aralıdakı stolun böyründə şöngüyüb ağzının suyunu, selikini axıda-axıda Lukasa baxırmış. İtin qəfildən yerindən qalxıb qabağa sıçramasından hər ikisi təəccüblənib həyəcanla ayağa dururlar. Sarışın saçlı oğlan qabağda yeriyən orta yaşlı qadının çantasını zorla əlindən alaraq, qaça-qaça adamlar arasında itmək fikrinə düşür. Mastif oğlana çataraq boynuna tullanır, bir göz qırpımında onu yerə yıxıb, sinəsi üstündə oturaraq qabaq ayaqları ilə çantanı özünə tərəf sıxır. Bu, elə cəld və bir anın içində olur ki, bayaqdan qollarını yana açıb: “ Kömək edin!.. Çantamı apardılar, kömək edin!..”- deyə, haray-həşir salan qadın da quruyub yerində qalır. Aləm bir-birinə dəyir. Sən demə, kino çəkirmişlər. Neçə dəfəymiş həmin səhnə təbii alınmadığından təkrar-təkrar çəkməli və vaxt itirməli olubmuşlar. Qəzet köşkünün böyründə dayanmış operatorlardan biri:” Yox, belə olmaz, iş tamam pozuldu, ssenaridə heç belə şey yoxdu… təkrar çəkmək lazımdır!..”-deyirsə, o birisi bir az da irəli gedib: “ Əksinə, bu o qədər təbii alındı ki, elə belə də, ssenariyə  əlavə etməklə saxlamaq lazımdır!..” söyləyir. Lukas irəli yeriyib mastifini sakitləşdirir, çantanı xanıma qaytarır. Amma yazıq oğlan o qədər vahimələnib, qorxub ki, şalvarını da islatmalı olub.  Bunları gözləri ilə görən Səlim əlləri ağzında Lukasa və onun itinə bir anlıq heyranlıqla baxdıqdan sonra onun qoluna girib: “ Bu iti sat da mənə , Lukas!..”- söyləyir. Lukas özünü eşitməməzliyə qoyur. Səlim dediklərini bir də ucadan təkrarlayır. Lukas bunu əvvəlcə zarafat kimi başa düşsə də, indi ciddi qəbul edib, dostu inciməsin deyə, “ Sən onu ala bilməzsən, Selik! Neçə ildir, bizimlədir. Üzümüz-gözümüz də öyrəşib. Bizdən kənarda darıxar, sıxılar, xiffət çəkər yazıq. İt olanda nə olar, onun da ürəyi, etibarı, sədaqəti var axı.”-bildirir. Səlimin ondan əl çəkmədiyini görüb: – Dedim axı, Selik, onu almağa pulun çatmaz!..-deyir. Lukas bilərəkdən elə qiymət deyir ki, bəlkə bundan sonra Səlim ondan əl çəkə.

-De, Lukas, qiymətini de!..

-İki milyon dollar… Həə, bu sənin gördüyün itlərdən deyil, haa! İnsan kimi ağlı, kamalı var. Hələ bir az da güzəşt edirəm, dostluğumuz xatirinə, güzəşt…

Bu söhbətdən sonra Səlim elə həmin andaca bank hesabından qəbz yazıb Lukasdan iti alır. İki gün iti sakitləşdirmək, ram etməkdə çətinlik çəkiblər. Sonra keyləşdirib başına ip salıblar. Lukas Səlimin dediyinə görə, hələ beş gün də mehmanxanada qalmalı idi. Ancaq Səlimin sözündən dönəcəyindən qorxub, “Anam xəstədir, getməliyəm!” -söyləyib həmin gün də mehmanxanadan çıxır. Verilən pul yox, itin şıltaqlığı yox, Lukasın sağollaşmadan getməsi Səlimə pis təsir etmişdi.

-Əlbəttə, o qədər pul, nazir oğluna niyə təsir etməlidir ki?! -Muxtar müəllim əlini yelləyə-yelləyə gileyləndi. – Bu, dəryada bir damladır. Bu, mənim, sənin haqqındır ki, talanıb yeyilir!..

-Muxtar müəllim, iti alıb evə gətirdikdən sonra fikirləşirlər ki, bəs ona kim baxacaq, kim onun nazı ilə oynayacaq? Onda oğlum yadlarına düşür. Çünki Səlimin atası hələ nazir olmamışdan qabaq İzmir parkı tərəfdə yaşlı qonşu arvad yeriyə bilmədiyindən itini birgə gəzintiyə çıxardardılar. Görünür, itə sevgi də o mürdəşir rus qadını Marusyadan bu uşaqlara keçmişdi. Neçə aydır ki, oğlumun düz-axıllı üzünü də görə bilmirik. Nə gecəsi, nə də gündüzü bilinir. Çox zaman itlə bir otaqda yatıb qalır. İtin yeməyi, deyir, Almaniyadan, ətri, şampunu Firəngistandan, o içməli suyu nədir, bizim suları da bəyənmirlər, İtaliyadan – Lombardiya  vilayətindən gətizdirirlər. İti yaxşıca gəzdirir, yuyundurur, gülməli də olsa, neçə saat ona klassik musiqi dinlətdirirlər. Necə olsa, axı Avropa itidir, bizim itlərdən deyil ki, zibillikdə eşələnə. Zarafat deyil, nazir itidir. Həə, Muxtar müəllim, oğlum beş ay bundan öncə olardı ilk qazancını gətirib qabağıma qoymuşdu. Bizim pulnan deyil, o xarici göy əskinaslarla idi. Hamısı da yüzlüklər, sayı da otuz olardı, bəlkə də bir az çox. İnanın, heç əlimi də vurmadım. Oğlumun bircə diliynən dediyini eşitdim. Susdum, içimi kəsən hirsimi, hikkəmi boğmağa çalışırdım. Haçandan-haçana: -Mən itdən, itin qohumlarından gələn o çörəyi yeyə bilmərəm, oğul!-deyib narazı-narazı eyvana çıxdım. Nədə səhvə yol vermişdim, hansı qəbahətli addımı atmışdım ki, oğlumun günahlarını vaxtında görüb, dur deməmişdim?! Axı pula şirniklənib gələcək ömrünü, taleyini çirkaba atırdı. Oxuması, təhsil alması hələ qabaqdaydı. Bəs niyə, niyə ucuz yaşamaq yolunu tutmuşdu? Məgər mən beləmi yol arzulamışdım ona?!

– İncimə, Nəcəf kişi, belə olmaz, səhvə yol verirsən! – Muxtar müəllim onun sözünü kəsdi. – Bir qədər hövsələli, səbrli olmaq lazımdır. Hirsnən, hikkəynən yox, ağılnan, düşüncəynən yanaşmaq lazımdır. Cavandır, hələ həyatın nə olduğunu başa düşmür. Bir də, burda oğlun nə qəbahət edib ki?! Atasısan, böyüklüyünə hörmətlə yanaşır, ilk qazancını gətirib sənə verir. Məgər içkiyəmi, kef məclisinəmi xərcləyir, ya əyri-əyri yollaramı qurşanır?! Cavandır başa salsan, payını götürər, nə demək istədiyini bir gün o da anlar. Qəzəbə söykənmə, qəzəb hər iki tərəfi yandırır. Əvvəli vulkan kimi püskürsə də, sonrası xəcalətdən, peşimançılıqdan gizlənməyə yer axtarır!..

-Muxtar müəllim, Səlim oğluma deyirmiş ki, qoy Rokonun toyu olsun, sənə üçotaqlı mənzil bağışlayacam. Özü də şəhərin düz göbəyində, axar-baxarlı yerdə. Dəniz lap ayağının altında. Pəncərəni açsan, mavi, ağ köpüklü suların nəfəsi ciyərlərinə axacaq, sahilə çırpılıb çiliklənən dalğaların əsrarəngiz nəğməsi ruhunu oxşayacaq, şükür ki, Rokonun da toyu oldu, indi görək neyləyəcək?

-Roko kimdir, ay qonşu?

-Oğlumun baxdığı itin adıdır də! Bizi bəlaya salan, başı batmış itin adı. İnanırsan, Muxtar müəllim, bu yaşa çatmışam, hələ belə həngamə, belə toy görməmişdim. Oğlum toyun video lentini evə gətirmişdi, baxdıq, imkan olsa, sizə də göstərərəm. Rəngbərəng, dünyanın ən bahalı maşınlarının karvanı, ucu-bucağı görünmür. Siqnallar bir-birinə qarışır. Lap qabaqda, bəzədilmiş maşında qırmızı, ağ gəlinlik geymiş itlər, ortada oturmuş oğlum qolları ilə hər ikisinin boynunu qucaqlamış formada… Allah, allah, sən özün bu ağılsız, dağılmış dünyamıza ağıl ver!

-“Vağzalı” da çalınırdı?

-Yox, müəllim, yox! Allah tərəfi, nə yaxşı ki, “Vağzalı” çalınmırdı.

-“Vağzalı” elə pak, müqəddəsdir ki, onu murdarlamaq, itlərin ayaqları altına atıb ləkələmək olmaz. O, anaların sevinc, kövrəklik dolu göz yaşlarına, ataların öyüd, nəsihət dolu baxışlarına, uca yaradanın böyük qüdrətinə bürünmüş süruddur, nəğmədir. Neçə-neçə qərinələrin, əsrlərin ürəyindən qopub gəlir, odundan, atəşindən elə bir ocaq çatır ki, nəsillər o ocağın istisindən öz payını götürüb gedir. İstiliksə azalmır, paylaşdıqca çoxalır.

-Səlimin atasının doğulduğu bölgədən bir nazir də var. Əslinə baxanda qohumdurlar. Biri-birilərinə o qədər yaxın, o qədər bağlıdırlar ki, deyilənə görə, aralarından heç su da keçmir. Bayramlarda, ad günlərində bir yerə yığışır, sevinclərini, kədərlərini də birgə bölüşürlər. Ancaq hərdən sanki talelərindən gileylənirmişlər kimi: “Neyləyək, hər ikimizin oğlan övladlarımız var, qız övladımız da olsaydı, evləndirib, daha yaxın, elə bir evli kimi olardıq!” -deyirmişlər. Sonra hardansa ağıllarına girib, it qohumluğu yaratmaqla, bu bağlılığı, daha da möhkəmləndirmək fikrinə düşürlər. Elə ədəblə, ərkanla elçi  də gedirlər. Deyirlər, it olanda nə olar, adətimiz var, ənənəmiz var, onu da pozmayacağıq haa!.. Nə olar, toy ediriksə, onda itə də övlad gözü ilə baxmalıyıq. Elə o nazirlərdən birinin şadlıq sarayında da toy çalınır. İnanırsan, Muxtar müəllim, toy bir təmtəraqlı, bir çal-çağırlıdır ki, gəl görəsən. Müğənnilər hardan gəlməyib ki?! Amerikadan, Firəngistandan, İngiltərədən, Polşadan, hətta Afrikanın lap cənubundan, qara zəncilərdən. Deyirdilər, itin qohumlarıdır, gəlməsəydilər, itlər də xəcalətli olardı, əhvalları korlanardı. Yeməklər də növbənöv, içkilər də su yerində, hamısı da xaricdən gətirilmə. Bir dənə yerli mal yoxdur. Hətta mədəni görünsünlər deyə, xidmətçiləri də xaricdən çağırıblar. İçkilər Burqundiya şərabı, İtaliya çaxırı, Firəngistan arağı, daha nə bilim, haranın, haranın içkisi. Hamısı da od qiymətinə, az qalır bir maşın, bir ev qiymətinə çata. Bunlar bizlik deyil, bizim üçün əlçatmaz, bahalıdır. Nazirlər, gələn qonaqlar üçün heç bir şeydir. Özü də bizim pulnan yox, o, xarici əskinaslarla. Bizim pul da yazıq-yazıq boynunu büküb qapının dalında durmuşdu. İçəri buraxan, çağıran da yox idi. Elə bil şadlıq evi hansısa qərib, yad, büsbütün xarici ölkə idi. Doğmalar içində özgəlik, manqurtluq, buz soyuqluğu dolaşırdı. Sanki qapıdan, pəncərədən payız küləyi içəri dolmuşdu. Elə bil pul yox, saralmış, qızılı-çəhrayı yarpaqlar kimi yüzlüklər də xəzəllənib tökülürdü. Şax-şax, qatı açılmamış kimi. Gələn qonaqlar da, yalan olmasın, hələ bir sanasan, heç olmasa, iki yüz olardı. Bəlkə də, çox!

-Nəcəf kişi, bunları gerçəkdənmi söyləyirsən, ya sən allah, baxdığın hansısa bir Avropa filmindən danışırsan? -deyə, Muxtar müəllim çaşqınlıq, təəccüb içində soruşdu. -Düzü, inana bilmirəm! Əgər belədirsə, onda bəs bu millətin işsizi, acı- yalavacı yoxdur? Niyə bunlara dur deyən, yerini göstərən tapılmır? Axı nankorluğun, qudurğanlığın, harınlığın da bir həddi var?!

– O, toyda ürəyimi ağrıdan, Muxtar müəllim, heç bilirsiniz nədir? Mahnıları dil-dil dolaşan, hamının sevimlisi, böyük bəstəkar Kərim Günəşlinin orda olması idi. Onun o toyda nə işi var, niyə gəlmişdi? İnana bilmirəm, bilmirəm ki, o kövrək, duyğusal insan ikrah hissi yaradan bu məclisə necə düşüb. Bir az şən, bir az da sərxoş görünürdü. Təzəcə bəstələdiyi “ Roko-Çiko gecələri” mahnısını ilk dəfə idi səsləndirirdi. İtlərə bəstələnsə də, nə deyim, gözəl idi. Qonaqlar da mahnının ritminə, ahənginə uyğun qol götürüb oynayır, arada ayaqlarını bərk-bərk yerə döyüb, “Bravo!.. Bravo!!!” – deyib qışqırışırdılar. Görün, istedad necə boğulur, qürur, ləyaqət necə alçaldılır, sındırılırdı. Bir tərəfdən, qınamıram da Kərim Günəşlini. O da insandır, onun da ailəsi var. Qeybdən çörək onun evinə tökülmür ki?! Bəlkə də, bu bir qəzəb, nifrət idi musiqinin qanadında onun daxili aləmindən süzülüb gəlirdi. Nazir mahnı bitən kimi qopan alqışların səngiməsini gözləmədən Kərimi qucaqlayıb, sağ əliylə asta-asta kürəyinə toxundu. Mikrafonu ondan alıb: “ Öpürəm, öpürəm səni, Kərim Günəşli!” -dedi. – Çox sağ ol ki,  sən bu bəstənlə mənim məclisimə bir özgə rəng qatdın!” Nazirin böyründə dayanmış cangüdəni iri gül buketinin arasına göy əskinaslarla dolu konverti qoyub Kərimə uzatdı. Nazir Kərimi bir də təkrar qucaqlayıb, asta səslə: “ Əlli min!.. Halal, halal xoşun olsun!..” -dedi. Mikrafonu söndürməmişdilər. Bir az aralıda sintezatorun böyrünə qoymuşdular. Səslərini zəif və xırıltılı halda olsa da, çəkib salona ötürürdü. Aləm qarışmışdı bir-birinə. Kimi qışqırır, kimi əl çalır, kimi də heç nəyə baxmadan barmaqlarını dodaqları arasında sıxıb fit verirdi. Kərim alqışlardan, eşitdiyi “əlli min” kəlməsindən, içdiyi bahalı içkilərdən sanki məst olmuşdu. Yuxarı başda, bəy-xanım taxtında oturmuş itlərin boynunu qucaqlayıb öpür, sonra harda olduğunu sanki unudubmuş kimi meydan boyu süzürdü. Hamı əl çalır, kimsə də özünü saxlaya bilməyərək ayağa qalxıb onu meydanda tək qoymaq istəmirdi. “Roko-Çiko gecələri”  çalınır…çalınırdı!

Nəcəf kişi danışdıqca çılğınlaşır, həyəcandan bədəni əsir, dili-dodağı topuq çalırdı. Xalqın min illik, milyon illik daşlaşmış adət-ənənəsinin tapdanması, ələ salınması ilə barışa bilmirdi. Hərdən gözlərini yumur, bərk-bərk ovuşdurur və gördüklərini yuxu sanıb özünü aldatmağa, ovundurmağa çalışırdı. Amma bu yuxu deyildi, acı, çox acı olsa da, həqiqət idi.

Nəcəf kişinin telefonunun zəngi onun söhbətini yarımçıq kəsdi. Sanki  bir özgə dünyada, xəyal aləmində idi, qopub gəldi. Muxtar müəllimdən üzr istəyib: –     Bəli, eşidirəm! -dedi. -Evimizin həkimi, loğmanı. İşdən təzəcə gəlmişəm. Həyətdəyəm, qonşularla söhbətləşirdik… Muxtar müəllimlə…

-Nəcəf, Savalan indicə zəng etmişdi. Nəsə bir az narahat idi, deyəsən. Dedi, bəlkə bir az gec gəldim, ya ola bilsin axşam burda qaldım, evə çörəyi atam alar.

-Nə olub, xeyir ola, niyə evə gec gəlir?!

-Deyir, o günkü haylı-küylü, gurultulu toyun sədası yuxarılara da gedib çıxıb. İndi gəlib itin qohumlarını axtarırlar.

– Kimdir axtaran… Xoşqədəmmi gəlib axtarır?! Xoşqədəmin də işi-gücü qurtarıb ki, haa, indi də itin qohumlarını axtarır?

-Ay canım, ay Allah köməyi olmuş…Xoşqədəm yox ey, bu, Xoşqədəmlik deyil, yuxarıdan, lap yuxarı idarədən imişlər. Bizim oğlanın iti saxladığı yerə də baxıblar. Hələ üstəlik ona da bir-iki suallar veriblər.

Muxtar müəllim də, Nəcəf kişi də quruyub qalmışdılar. Bayaq ürəklərini sıxan, gileyə-güzara bürünən suallara telefonun o başından sanki cavab gəlmişdi. Bu gec də olsa, ancaq güc gələn haqqın, ədalətin səsi idi.

Handan-hana Muxtar müəllimin qırışığı açıldı. Sifətində təbəssüm oynadı. Nəcəf kişiyə üzünü tutub: -Həə, Nəcəf kişi, mənə elə gəlir ki, sualınızın cavabını da izah etməyə daha ehtiyac qalmadı. Sağ olsun, “ evinizin həkimi, loğmanı” dediyiniz xanım çox gözəl izah etdi. Daha burda başa düşülməyəsi nəsə bir şey qalmadı!..-deyib, gülə-gülə evlərinin giriş qapısına tərəf uzaqlaşdı.

 

Bakı şəhəri, 28.01. – 05.03.2025.

 

 

 

Yazıya 27 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.