MUSA ƏLƏKBƏRLİ -75

Şairlə hər görüş bayramdı

…Əlçatmaz, ünyetməz gənclik çağımız keçmişdə qalsa da, adətən, Musa Ələkbərli ilə paytaxtın “Gənclik” adlanan parkında elə gənclik həvəsi ilə səhər yürüşü edərkən görüşürük. Bizim səhər gəzintimizi təbiətə səyahət də adlandırmaq olar. Yolumuzun və duyğularımızın kəsişdiyi bu hündür məkandan Xəzər dənizinin mənzərəsi, Bakının panoramı ilin hər fəslində gözəl, günün hər çağında cazibədar görünür. Musa müəllim bura həmişə incə yumor hissi olan yaxın dostu, “Tovuz Xeyriyyə cəmiyyəti”nin sədr müavini Çingiz Abbasovla birlikdə gəlir. Meşə tipli füsunkar parkın cığırları, enişləri – yoxuşları, süni gölü bizə doğulub boya-başa çatdığımız yurd yerlərini xatırladır…

Sübh çağı əlimizdəki eyni ölçüdə, eyni biçimdə ağac payalarını görən tanışlarımız zarafatla bizə: “Kəndistan yerində örüşə mal-qara aparan adamlara oxşayırsınız” deyirlər. Etiraf edim ki, parkda coxlu sahibsiz itlər “meydan sulayır”, fındıq ağacından olan bu payaları bizə Tovuzdan Çingiz müəllim həm də özümüzü sürü ilə gəzən itlərin qəfil hucumundan qorunmaq üçün gətirib. Musa müəllim azca əyilmiş qamətini dikəldərək yol gedə-gedə söhbət edəndə ağac payasını ehmallıca çiyninə qoyur, elə bil Bakının Əhmədli yaylasında deyil, dağlar qoynunda yerləşən Gədəbəyin Ataxal kəndinin eniş-yoxuşlarında gəzib-dolaşır. Hər bir yaradıcı insan kimi onun da şəhərin səs küyündən uzaqda keçən qayğısız uşaqlıq, qaynar gənclik çağlarının xatirələrini dinləmək bizə xoşdur… Yetmiş beş illik yubileyi ərəfəsində ulu Göyyurdun dağlarından, zümürd meşələrindən, büllür bulaqlarından ötrü qəribsəmiş müdrik şair hərdən poetik və həzin notlar üstündə köklənən duyğularını da dilə gətirir.

Axı, Musa Ələkbərlinin ilhamının mayası da doğma Vətən torpağına, el-obaya sevgidən doğrulub, məhəbbətdən yoğrulub. Ədəbiyyatımızın cəfakeşi, görkəmli tənqidçi  Vaqif Yusiflinin təbirincə desək, Musa müəllim öz kökünə-soyadına, ocağına-suyuna bağlı qələm sahibidir. “Özü şəhərdə yaşasa da, sir-sifətindən, yerişindən, danışığından, hətta şeirlərindən doğulduğu kəndin qoxusu gəlir…”

Doğrudan da, Musa müəllim köksündə kənd uşağının saf ürəyini gəzdirən, dünyaya gözləri ilə deyil, könlü ilə baxan və heç vaxt köhnəlməyən köhnə samballı kişilərəndir. Burda, yəni bizim gəzib-dolaşdığımız parkda kimi ona Musa müəllim, kimi şair, kimi də Musa dayı deyə xitab edir. Ağsaqqal şairlə səhər çağı təmiz havada gəzib – dolaşmaq həm də ədbəbiyyatla nəfəs almaq deməkdır. Bəzən də gəzə-gəzə biri-birimizə orta məktəb və tələbəlik illərimizin ən yaxşı, ən yaddaqalan anlarından söhbət açırıq. Musa müəllim demişkən, xatirə yağışlarında yuyuna-yuyuna  dünyanın pak, təmiz uşağı oluruq.  Onu da deyim ki, Musa müəllimin Bakıya gəldiyi günlərin məcara dolu silsilə xatirələri bir kitaba sığmaz.

Universitetin filologiya fakültəsinin ikinci kursunda təhsil alarkən Hüseyn Arifin  “Uğurlu yol”u ilə şeirlərinin işıq üzü görməsi, sevimli müəllimi Bəxtiyar Vahabzadənin  xahişi ilə Maarif Nazirliyindən “azad təyinat” alması, İyas Tapdığın yaxından köməkliyi ilə əvvəlcə “Qızıl Şərq” mətbəəsinə, sonra isə “Gənclik” nəşriyyatında işə düzəlməsi, “Məndən şeir istə” adlı ilk kitabının (1977) nəşrindən sonra Qulu Xəlilovun “Ədəbiyyat və incəsənət” qəzetində ona açıq məktub yazması, “Qanlı göl” adlanan ərazidə heç bir şəraiti olmayan gecəqonduda yaşaması, Azad Talışoğlunun sayəsində paytaxtda qeydiyyata düşməsi, Ənvər Əhmədin ərzibəndəlik etməsi ilə böyük sənətkar və ictimai xadim İsmayıl Şıxlı Yazıçılar Birliyinin (o vaxt İttifaq adlanırdı) rəhbəri olarkən mənzillə təmin olunması ömrünün ən nurlu və unudulmaz səhifələridir. Musa müəllimin bu həzin xatirələrində həm  XX əsrin 70-80 – illərində respublikamızda istedadlı gənclərə dəyər verən nurlu ürək sahibləri yada düşür, onların xeyirxah obrazları göz önünüdə canlanır.

…Qırx hektara yaxın ərazisi olan meşə-parkın ortasında, yuxardan baxanada səkkiz rəqəminə oxşar kiçik göl var. Musa Ələkbərli bəzən gölün kənarındakı oturacaqların birində əyləşib dostu Çingiz müəllim və qocaman pedaqoq Ənvər Əhmədli ilə şirin-şirin söhbət edir. Biz isə – Fərman, Vəli, Əhməd, Nazim, Elşən, Tahir, Yaşar, Elman yuxarıdakı açıq meydançada voleybol oynayırıq. Oyun qurtarar-qurtarmaz Fərman Laçınlı deyir ki, Ədiloğlu, Musa dayını çoxdandır ki, görmürəm, gedək ona baş çəkək. Üzü aşağı velosiped cığırında Nizami ağac payasını əlində yellədə-yellədə bizə qoşulur. Və Musa müəllimə çathaçatda  payasını saz kimi sinəsinə basıb deyir:

 

Axı nə fərqi var, kimdir, nəçidir,

                       İnsan bu dünyada kirayəçidir.

                       Hər ömrün sonu var, ölüm də haqdı

                       Can ilə ödənir kirayə haqqı…

 

Demə, bu dörd misralıq şeir Musa müəllimin dürlü-dürlü SÖZ boxçasından                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                   imiş. O qələm adamı xoşbəxtdir ki, kağıza köçən sözləri bir şam işığıtək oxucunun qəlbinə süzülüb ruhunu oxşayır, dilində əzbərə çevrilir.

Musa Ələkbərli on dörd yaşından bədii sözə könül verib, qələmə pənah gətirib. Vətənin, doğma yurdun təbii gözəlliklərini ülvi bir hisslə tərənnüm edib. Artıq 60 ildən çoxdur ki, kədərli-sevincli, acılı-şirinli, enişli-yoxuşlu şair ömrünü yaşayır. Bu gün də Musa Ələkbərli cavanlıq şövqü ilə həyat dastanını yazıb-yaradır. Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılığı ilə yeri və mövqeyi olan söz ustası düz beş il öncə  70  yaşına  xitabən belə yazırdı:

 

Salam yetmiş yaşım, ay üzü nurlum,

Ömrümə-günümə xoş gəldin, salam.

Ay sevda həvəslim, şeir qürurlum

Yadıma saldın ki, mən ağsaqqalam.

                             ***

Tərifə qərq edim, öyüm nəyini?

Sən mənə nə şöhrət, nə şan gətirdin.

Bir kənd uşağının saf ürəyini

Ahıl bir qocaya nişan gətirdin…

 

Mənim  fikrimcə, Musa müəllimin bu şeirini  onun 75  yaşına da şamil etmək olar.

Çünki “Şairlik ən ali məqamdı, vallah!..” deyən sənətkar elə yetmiş beşi llik ömründə də ən böyük rütbəni, ad-sanı özünün qətiyyətli və işlək qələmilə qazanıb. Bəli, SÖZ yaradıcı insanın əsl sərvəti, ən böyük varidatıdır. Söz qələm adamının taleyinə zinət verən Tanrı nemətidir… Məhz sözün qüdrətiylə Musa Ələkbərli öz poetik “mənini” sənət zirvəsinə qaldıra bilib. Elə bu zirvədə şairin kəmali-iftixar ilə izhar elədiyi “Tanrı mənə söyləməsə yazmaram” poetik bəyannaməsi sənətkar ömrünün ən uca həqiqətidir (Sadıq Elcanlı) fikri də təsadüfi qənaət deyil. İlhamı göylə yer arasına körpü salan Musa Ələkbərli “şeir möcüzədir” deyir. “Elə ki, şeirdən uzaq düşürəm, yerdən də, göydən də əlim üzülür…” qənaətinə gələn şair həmin şeirin son bəndində Ölüm Mələyinə də belə bir icmarış da göndərir:

 

Açılsın gözümdə göylərin qatı,

Uçmaq eşqim varsa ölməyəcəyəm.

Əzrayıl da bilsin mən bu həyatı

Şeirsiz bitirə bilməyəcəyəm!

 

Musa Ələkbərli nədən, hansı mövzudan yazırsa yazsın, onun poeziyasının öz işığı, öz rəngi, öz çaları var. Oxuculara təqdim etdiyi “Ürəyimin işığında”, “Bəlkə bir də görüşdük”, “Gözlərim yol çəkir”, “Aydanım ay işığı”, “Gözümdə ağlayan bulud” və başqa kitablarındakı insana, vətənə, təbiətə sevgi, məhəbbət aşılayan şeirlərində özünəxas şirin dilli, xoş ləhcəli ifadələri bulaq suyu kimi içmək, dağ havası kimi ciyərlərinə çəkmək istəyirsən… Musa Ələkbəlinin şeirlərində musiqililik də var, həyat lövhələrinin rəsmi də, xalq müdrikliyindən qaynaqlanan ifadələr də. Bir çox poetik düşüncələri aforizm kimi səslənir: “İnsanlar ac nəfsə qul olmasalar, Dünyanı sevgiyə kökləmək olar!” Geçəkdən də mənəmlik iddiasına düşüb, nəfsinə qul olan insanların ucbatından dünyada haqsızlıqlar, ayrı-seçkilik, ədalətsizliklər baş alıb-gedir…   

Əlbəttə mən tənqidçi deyiləm, ona görə də Musa Ələkbərlinin poeziyasını təhlil etmək niyyətinən uzağam.  Çünki zamanında  Rəsul Rza, Bəxtiyar Vahabzadə, Elçin, Məmməd Araz, Xəlil Rza Ulutürk, İlyas Tapdıq, Qulu Xəlilov, Vaqif Yusifli, Nizami Cəfərov və başqa adlı-sanlı sənətkarlar, görkəmli alimlər, ədəbi tənqidçilər onun poeziyasını yüksək qiymətləndiriblər.

Qeyd edim ki, 75 illik yubileyi ərəfəsində Musa Ələkbərlinin “Elm və Təhsil” nəşriyyatımda “Sözün qiyaməti qopan yerdəyəm” adlı 776 səhifəlik şeirlər və poemadan ibarət kitabı işıq üzü görüb. Kitabda şairin son iyirmi ildə qələmə aldığı şeirlərinin mühüm bir hissəsi toplanmışdır. “Ön söz”ü yazıçı İradə Aytelə məxsus olan kitabda vətənimizin bütövlüyü uğrunda vuruşan qəhrəman oğullarımıza həsr olunmuş şeirlər xüsusi maraq doğurur.  Milli Qəhrəmanımız Mübariz İbrahimovdan bəhs edən “Mübarizlik dərsi” poemasında Musa Ələkbərli poetik düşüncələrlə Mübarizi yetirən qədim Biləsuvarın Əliabad kəndindən tutmuş böyük Azərbaycana qədər müqəddəs VƏTƏN kəlməsini sözün ən ali zirvəsinə qaldırır. Hələ 14 il əvvəl “Azərbaycan” jurnalında (2011-ci il, №1) dərc edilmiş bu poemanı misra-misra oxuyan  filologiya elmləri doktoru Vaqif Yusifli yazırdı:Musa Ələkbərli bu poemanı yazmaqla poeziyada da MÜBARİZLİK DƏRSİNİN başlandığını əyan elədi. Poeziyanın silahı sözdür… “Mübarizlik dərsi” poeması göstərdi ki, Söz də bir silahdır!”

      Düz deyirlər ki, şair yaşadığı zamanın, ictimai mühitin barometridir. Bu fikir Musa Ələkbərlinin simasında bir daha öz təsdiqini tapır. Mənə elə gəlir ki, əsl şairlərdə bir az sufiyanə, bir az da dərvişyana əlamətlər olur. Musa Ələkbərli də öz nəfsinə ağalıq edən, Allahın verdiyinə qane olan halal adamdır.

      Musa müəllimin gözəl xasiyyəti var, “Baharda sevgisiz yaşamaq olmur” – desə də mən onun ilin bütün fəsillərində insanlara, dost-tanışa tükənməz sevgisinin şahidi olmuşam. Ürəyinin qapısı dostlar üçün açıq olan Musa müəllimin bir kitabı da “Ürəyimin qapısından keçənlər” adlanır. Bu kitabda Azərbaycanın bütün bölgələrindən olan dəyərli elm, mədəniyyət, ədəbiyyat, sənət adamlarına bir-birindən maraqlı şeirlər ithaf edib. Haqqı nahaqqa verməyən, bir qətrə yaxşılığı belə unutmayan İNSANDIR Musa müəllim. Ötən il Yazıçılar Birliyində şair, yazıçı, dramaturq, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində uzun müddət “Hünər” Hərbi-Vətənpərvərlik Redaksiyasına rəhbərlik etmiş Məmməd Kazımın 90 illik yubileyinə həsr olunan  xatirə gecəsi keçirirdik. Etiraf edim ki, Məmməd Kazımla 50 ildən artıq duz- çörək kəsən qələm adamlarından çoxu müxtəlif bahanələr edib o məclisə gəlmədilər. Musa müəllim səhhətində narahatçılıq hiss etsə də tədbirin əvvəlindən axırınacan iştirak etdi və Məmməd Kazımın həm ona, həm də şair qardaşı Bəhlul Ataxallıya göstərdiyi diqqətdən maraqlı epizodlar danışdı.

Eləcə də Azərbaycan Nəşriyyatında rəhmətlik Ramiz Hümmətovu hamımız yaxşı tanıyırdıq. O, təkcə dövri nəşrlərin deyil, neçə-neçə görkəmli şair və yazıçının kitablarının  araya-ərsəyə gəlməsində  zəhməti olan peşəkar dizayner idi. Riyaziyyatçı olsa da, sazın, sözün vurğunuydu. Azərbaycan ədəbiyyatını, folklorunu dərindən bilirdi. Ramizin qəflətən ölümü Musa müəllimi çox sarsıtmışdıO gün şair ürək ağrısı ilə bu misraları yazmışdı:

 

                                Sən idin ağrını, acını yenən,

                                Qoşmayla dillənən, cinasla dinən,

                                Bizim toyumuza gəlmişdin dünən,

                                Bu gün necə gedim yasına, Ramiz!

 

Bu şeirə dərindən nəzər saldıqda bir daha şahid olursan ki, Allah-Təala  istedadla yanaşı, ürəyiyananlığı, dostluğa və dəyərlərə sədaqəti də Musa müəllimdən əsigəməyib.

…Zamanın burulğanlarından sağ-salamat, həyatın sınaqlarından üzüağ çıxan, daim poetik dünyasına bağlı olan Musa Ələkbərli bu gün də ədəbi prosesdə öz missiyasını layiqincə davam etdirir. Təbii ki, insanın yaşı artdıqca ömrü də qısalır. Əminəm ki, bütün Musa Ələkbərli poeziyasını sevənlərin bu bahar 75 illik yubileyini qeyd edən şairə mənim kimi bir arzusu var: Qoy ulu Tanrı qəlbi yazıb-yaratmaq eşqi ilə döyünən Musa müəllimə ilk növbədə möhkəm cansağlığı versin!

Gələn yubileylərində görüşmək ümidilə,

           Nurəddin ƏDİLOĞLU.

                               27.03.25.

 

Yazıya 54 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.