Məclis sədri qurultaya hazırlığa veto qoydu – Ədalət Partiyasında mübahisələr qızışır.
“Ədalət Partiyasının bir qrup üzvü aprelin 19-da Böyük Məclisin iclasını keçirərək Ədalət Partiyasının 9-cu Qurultayının çağırılması və 17 may 2025-ci il tarixində partiya sədrinin seçilməsi barədə qərar qəbul edib. İclasda qəbul edilən qərarı qanuni hesab etmirəm”.
Hurriyyet.az xəbər verir ki, bu bəyanatla Partiya sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Ali Məclisin sədri Meydan Babayev çıxış edib.
O, bildirib ki, bu məsələ partiyanın Nizamnaməsində də qeyd olunub. M.Babayev bəyanatına Nizamnamənin müvafiq bəndlərini də əlavə edib:
“4.7.1. Qurultaylararası dövrdə partiyanın ali orqanı Ali Məclisdir. Ali Məclis qurultayın müstəsna səlahiyyətinə aid olan məsələlər istisna olmaqla, partiyanın fəaliyyəti ilə bağlı bütün məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
4.7.2. Böyük Yığıncaq rayon (şəhər) təşkilatlarının qurultayda seçilmiş səlahiyyətli nümayəndələrindən, onların sayının üçdə birindən çox olmayaraq təşkil edilir.
4.7.3. Ali Şura öz sədrini, müavinlərini və katibini seçir. Böyük Məclisin Sədrliyi Böyük Məclisin Sədri, onun müavinləri, katib və müvafiq komissiyaların sədrlərindən ibarətdir”.
Məclis sədri vurğulayıb ki, aprelin 19-da keçirilən həmin iclasda partiyanın sədri, Böyük Məclisin sədri və onun müavinləri, Siyasi Şura üzvlərinin mütləq əksəriyyəti iştirak etməmiş, əsasnamənin tələbləri kobud şəkildə pozulmuşdur. “Ona görə də qəbul edilən qərara veto qoyulmalıdır”, – o əlavə edib.
Odur ki, partiya Nizamnamısinin 4.8.6 və 4.8.7-ci maddələrinə əsaslanaraq, veto hüququndan istifadə edərək, partiya sədrini əvəz edən şəxsin Ali Məclis sədri və onun müavinlərinin heç birinin, Siyasi şura üzvlərinin isə mütləq əksəriyyətinin iştirakı olmadan 19.04.2025-ci il tarixində nizamnamə tələblərinə zidd keçirilmiş Ali Məclisin iclasının qərarı etibarsız olduğundan veto tətbiq edirəm”.
Xatırladaq ki, iki gün əvvəl Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli “Facebook” hesabında aprelin 19-da Partiya Ali Məclisinin iclasının keçirildiyini bildirib. O, qeyd edib ki, Ali Məclisin iclasında hər bir rayon təşkilatı bir nəfər nümayəndə ilə təmsil olunur və əlavə olaraq Nizamnamə tələblərinə əsasən ötən qurultayda seçilmiş 15 nəfər iştirak etmək hüququna malikdir: “Qurultayda Ali Məclisə üzv seçilənlərdən 6 nəfəri dünyasını dəyişib və rotasiya qaydasında əvəz olunmur. Hazırda Ədalət Partiyasının 56 rayon təşkilatı olduğundan Ali Məclisin iclasında 65 nəfərin iştirak etmək səlahiyyəti olub. Onlardan 56 nəfəri Ali Məclisin iclasında iştirak edib. 39 nəfər iclasa zoom platforması üzərindən online şəkildə bağlanıb, 17 nəfəri birbaşa iştirak edib. İclasda növbəti qurultaya hazırlıq məsələləri müzakirə olunub. Mayın 17-də Ədalət Partiyasının IX Qurultayının keçirilməsi ilə bağlı yekdilliklə qərar qəbul edilib. Həmçinin Qurultaya hazırlıq üzrə 11 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb”.
Sədr müavini əlavə edib ki, Təşkilat Komitəsi yaxın günlərdə iclasını keçirərək sədr və müavinlərini seçəcək, Qurultayın keçirilməsi ilə bağlı müvafiq qrafik müəyyənləşdirəcək.
Xatırladaq ki, Ədalət Partiyasını sədri İlyas İsmayılov dünyasını dəyişdikdən sonra təşkilat daxilində mübahisələr başlayıb. Qeyd olunduğu kimi, Məclis sədri Meydan Babayev və tərəfdarları sədr müavini Mütəllim Rəhimlinin qurultaya hazırlıqla bağlı təşəbbüslərini nizamnamədən kənar elan edib. Tərəflər bir-brinin ünvanına qarşılıqlı ittihamlar səsləndirir və gözlənilir ki, Azərbaycan siyasi palitrasında partiyaların parçalanması ənənəsi Ədalət Partiyasında da yan keçməyəcək. Bu prosesdə Ədliyyə Nazirliyinin hansı mövqeni tutacağı, partiyanın dövlət qeydiyyatını ləğv edib-etməyəcəyi indidən bəlli deyil. Şübhəsiz ki, qarşılıqlı ittihamlar, ehtimal olunan bölünmə dövlətin mövqeyində əhəmiyyətli rol oynayacaq.
Yazıya 8 dəfə baxılıb