Vəsilə Baydar – Səngər otları (şeirlər)

Vəsilə Baydar (Qəhrəmanova Vəsilə Qəhrəman qızı) 03 aprel 1959-cu ildə Şəmkir rayonunun Bayramlı kəndində zəhmətkeş ailəsində dünyaya gəlib.

1966-76-cı illərdə doğulduğu kənddə orta, 

1978-82-ci illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnib.

1982-ci ildən 2024-cü ilə kimi Şəmkir rayon Q.Allahverdiyev adına Şiştəpə kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyib. Bu gün onun yetirmələri Azərbaycan elminin, təhsilinin, səhiyyəsinin və s.  inkişafında böyük rol oynayırlar.  

İşlədiyi müəllim kollektivi arasında hörmət qazanan Vəsilə Qəhrəmanova Təhsil Nazirliyinin də diqqətindən kənarda qalmayıb, müxtəlif ali mükafatlara layiq görülüb.

 

Səngər otları

.

Adi ot deyil

səngər otları,

Gecə-gündüz keşikçisidir,

gözətçisidir səngərin.

Dostudur, sirdaşıdır

hər bir əsgərin.

Adi ot deyil o!

Bəlkə, bir əsgərin

həsrətinin şahididir.

Bəlkə,

sevgilisindən aldığı,

qoynunda saxladığı

məhəbbət məktubunu

o da görüb.

O cavanın hisslərini,

keçirdiyi həyəcanı

duyub,

hiss edib

səngər otları.

Adi ot deyil bu otlar,

Yarpağına çöküb ayaq səsləri,

Çiçəyinə qonub əsgər nəfəsi.

O da bir əsgərdi,

Keşikdə durub,

Əsgər çəkməsi ilə

tapdanıb,

əzilib,

Əsgər barmaqları ilə

sığallanıb,

əzizlənib.

Düşmən gülləsini

o otlar eşidib birinci,

Zəhərə dönüb sevinci.

Bu, adi ot deyil,

Bir əsgərdir səngərdə.

O da yaralanıb,

həlak olub,

Düşmən gülləsi səpələnəndə.

Ağlayıb, göz yaşı töküb,

Bir əsgər ölümünü görəndə.

 

Adi ot deyil

səngər otları,

O da bir əsgərdir!

O da bir qəhrəmandır!

O da vətən torpağını qoruyur!

O da vətən yolunda

canını qoyur!

İnsanlar!

Ehtiyatlı gəzin!

Tapdamayın onları!

Bizdən inciməsin

səngər otları!

Düşmənə bizimlə birgə

sinə gərsin,

Düşmən gülləsini

heçə döndərsin!

 

***

 

İydə qoxusu

 

Atamgilin həyətində

bir iydə ağacı

kök atıb yerə,

Qol-budağı,

boy-buxunu

gülümsəyir göylərə.

Atam əkib bu iydəni,

Hamıya əzizdir

onu torpağa sancan

atamın özü kimi.

Ata ocağının

çırağını yandıran

kiçik qardaşım,

Canım-gözüm,

can sirdaşım

durur qulluğunda.

Əsirgəmir qayğısını,

Sevgisini,

Çəkmir üstündən tumarını da.

Əli ilə dibinə axıtdığı su,

Tərinə qatdığı su

xəbər verir

Cənnət qoxulu

çiçəklərdən.

Xəbər verir

al-yanaqlı meyvələrdən.

Atam yadına düşəndə

bu iydəylə söhbətləşir,

Keçmişlərdən

söz açır,

Ulularla dərdləşir.

Adi ağac deyil

bu iydə…

Babamdan

bir yadigardır,

Bu cənnət qoxulumda

neçə nəslin

xətri vardır.

Əvvəllər kəndimiz

Kürə lap yaxındı,

Tala-tala,

Oymaq-oymaq,

Tayfa-tayfaydı.

Hər tayfanın

öz adı varıydı:

Çoxelli,

Bayramlı,

Qaradumanlı,

Ovçular,

Göycəlilər,

Qurbanlılar,

Hacılar…

 

“Tatlar məhləsi”

adlanarmış

babamgilin oylağı,

Onların öz

əkin-biçini,

öz dolanışığı…

Yəhya babamın

əsli-nəsli

Marağadandır,

Oradan gələnlər

el içində

“tat” adlanardı.

Sərhədlər bağlananda

öz yurduna

gedəmmədi,

Övlad candan şirindir,

Övladlarından

keçəmmədi.

Qocaman bir iydətək

bu torpağa sancıldı,

Ömürlük

Şimalda qaldı.

Azərbaycanın Cənubunu

görəmmədi bir daha,

Əli uzalı qaldı

ata-anaya,

bacı-qardaşa.

 

Sonralar

kənd dəyişdi yerini,

Tərk etdilər insanlar

Kürün sahilini.

Neçə nəsil birləşib

bir kənd oldu,

Yaxınlaşdılar

mərkəz yola,

Bir ata,

bir el,

ürəklər

bir-birinə bənd oldu.

Kür qırağından,

ata ocağından

gətirib atam bu iydəni

ata yadigarı kimi.

 

İndi o yerlər

su altda qalıb,

Neçə nəslin

yurd yeri

heç yoxmuş kimi

hamarlanıb.

Nə bir iz var,

nə bir nişan…

Köçüb

lal suların köksünə.

Ancaq

babamın iydəsi

oğul sevgisiylə

sağ qalıb.

Neçə tarix,

Neçə əhvalat,

Neçə sevgi,

Neçə hikmət,

Neçə nəğmə,

Neçə nağıl,

Neçə əfsanə

yatır yaddaşında,

Qalaq-qalaq

xatirələr mürgüləyir

illərin arxasında.

Cənnət qoxulu iydəmiz

çox əzizdir bizə,

Hər ətirli çiçəyi

ümid səpir qəlbimizə.

Nənəmin,

Babamın,

Bibimin,

Əmilərimin,

Atamın,

neçə əziz adamın

xoş duyğuları,

istəkləri, arzuları,

diləkləri qoxuyur

iydəmizin çiçəklərində.

Mənim də

ruhumu süsləyir

bir iydə qoxusu,

Sevgi qoxusu,

Sədaqət qoxusu,

Məhəbbət,

Mərhəmət

qoxusu…

Hər gün,

Hər an,

Hər zaman

yaşayır duyğularımda

bir qocaman

iydə qoxusu.

 

2025

 ***  

 

Addım səsləri

 

Həmişə döyəclərdi

pilləkənimi

seyrək-seyrək addım səsləri,

Bir-iki…

Bir-iki…

İllər keçdi,

səslər dəyişdi…

İkiləşdi,

üçləşdi,

nə bilim, neçə oldu,

bir-birinə qarışdı

addım səsləri.

Otağımı bürüdü

gülüş səsləri,

Sevinc,

səadət səsləri.

Deyirəm ki, kaş

gülüş səsləri alsın qoynuna

geniş cahanı

otağım kimi.

Artsın dünyadakı

bütün evlərin pilləkənində

addım səsləri.

Əsməsin üstündən

zamanın acı yelləri.

Pozmasın öz ritmini,

öz ahəngini,

saxlasın cəsarətini

addım səsləri.

 

***

Hədiyyə

 

Oğlum!

Göz bəbəyim!

Ömür çiçəyim!

Sən ilk göz ağrım!

Aldım hədiyyəni,

ağrın alım.

Dindirdi ruhumu

bağlama üstə düzdüyün

al qırmızı güllər,

Hər ləçəyindən

süzüldü qəlbimə

dərin sevgilər.

Bu qəfil hədiyyə

gül ətri səpələdi

könlümə,

Gül qoxusuna bələndi

ruhum,

Sağ ol, oğlum!

Qanadım, qolum!

Sən bu diqqətinlə,

Sadə bir hərəkətinlə

söylədin öz sözünü,

işıqlandırdın ömrümü.

Bir daha güldü üzümə

“Ana haqqı

Tanrı haqqıdır”,

“Cənnət anaların ayağı altındadır”

aforizmi.

Tanrı qorusun hər zaman səni!

Sən də sevindir səni sevənləri!

Yazıya 60 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.