Akif Abbasov – BALA DÜŞMÜSƏN (hekayə)

Xəbər verdilər ki, idarənin o biri binasında iclas var. Nazirlikdən də gələn olacaq. Həmid tez həyətə düşüb, maşını işə saldı. Deyinməyə başladı: “Bunu vaxtında deyə bilmirlər? Dünən deyəydilər, bir-iki saat əvvəl xəbər çatdıraydılar. Kimə deyəsən?”

Sonra Manafın dalınca asıb-kəsməyə başladı: “Bunu da elə bil öhdəmə götürmüşəm. Harada tədbir varsa, özünü çatdırıb oturur maşında. Bunun sürücüsünə çevrilmişəm. Cəhənnəmə, onsuz da bu yolu gedirəm. Məni yandıran bu deyil. Bilir ki tələsirəm. Bunu bilə-bilə həmişə məni gözləməyə məcbur edir. Bunsuz çıxıb getsəm,  burnunu sallayacaq… Şükür, gəldi”.

Maşın tərpəndi. Həmidin gözləri yolda idi. Manaf dağı Arana, aranı dağa aparır, oradan-burdan danışır, qiybət qılırdı. Həmidin söz-söhbətdən, onun-bunun dalınca danımalardan xoşu gəlməzdi. “Sözün var, üzünə de”  deyərdi. Odur ki, Manafınn dediklərinin heç biri  Həmidi maraqlandırmır, onları qula ardına vururdu: “Danışır, qoy danışsın”.

Birdən Manaf Həmidə sarı dönüb:

-Sən nə deyirsən bu məsələyə? – deyə xəbər aldı.

Həmid gözünü yoldan ayırmadan:

-Hansı məsələyə? – deyə suala-sualla cavab verdi.

Manaf dedi:

-Sara ilə Səfərin macərasına…

-Nə macəra?

Manaf başa düşdü ki, sən demə, bayaqdan özü deyib, özü eşidirmiş.  Həmid   heç birinə qulaq asmayıb. Dostunun etinasızlığı Manafa xoş gəlmədi:

-Zalım balası, bayaqdan bir Quranlıq söz demişəm. İndi soruşursan: “Hansı məsələ?”

Həmid üzrxahlıq elədi:

-Brat, bağışla, fikrim başqa yerdə olub.

-Nahaq.

Həmid ona sarı döndü:

-O söhbətlərin qətiyyən mənə dəxli yoxdur. O Sara, o da Səfər. Gedib öz məsələlərini özləri həll etsinlər.

Manaf tutuldu:

-İndi burada nə Sara var, nə də Səfər.  Söhbəti başlayan mənəm. Gərək diqqətli olaydın. Mənə qarşı saymamazlıq edirsən. Heç gözləməzdim. Saxla maşını…

Həmid onun qolundan tutdu:

-Ağıllı ol,  iclasa gecikirik.

Manaf:

-Taksi ilə gedəcəyəm. Saxla.

Həmid maşını saxladı. Manaf tərs-tərs ona baxaraq cəld düşdü. Amma     uzaqlaşmadı. Ürəyini boşaltmaq istədi:

-Bəlkə maşınına minməyimdən narazısan…

Həmid:

-Bu nə sözdür? – deyə soruşdu.

Yol polisi yaxınlaşıb əlini gicgahına apardı:

-Yol polisi, leytenant Cəfərov.

Həmid:

-Buyurun, eşidirəm.

-Sən maşını qadağan olunmuş yerdə saxlamısan. Bala düşmüsən.

Manaf dayanıb gözlədi. Həmid onun təqsiri ucbatından   cərimə ödəməli olacaqdı.

Həmid soruşdu:

-Bala düşmüşəm?

Yol polisi cavab verdi:

-Bəli.

Həmid əlini əlinə vurub uğunub getdi. Yol polisi təəccüblə ona baxdı:

-Vətəndaş, mən deyirəm bala düşmüsən, sən gülürsən. Bala düşmüsən e.

Həmid gülməyinə ara vermirdi. Polis nəfəri:

-Vətəndaş…

Həmid əllərini yuxarı qaldırıb:

-Şükür, çox şükür!!! – dedi.

Yol polisi mat-məəttəl qalmışdı: “Bu nə təhər adamdır?!”

-Deyirəm bala düşmüsən. Sənsə, dilxor olmaqdansa, elə bil sevinir, şükür edirsən. Necə adamsan?!

Həmid dilləndi:

-Bilirsən, niyə şükür edirəm?

Manaf üçün də maraqlı idi. Həmid nəyə  şükür edirdi.

Həmid aydınlıq gətirdi:

-Ona şükür edirəm ki, həmişə zibilə, yəni p…a düşürdüm, bu dəfə bala düşmüsən.

Həmid bu sözləri deyib gülməyinə davam etdi.

Onun cavabını eşidən yol polisi də, Manaf da özlərini saxlaya bilməyib gülməyə başladılar. Yol polisi yoluna düzəldi, Manaf da qayıdıb maşına əyləşdi.

Bakı şəhəri, 05 sentyabr 2026-cı il.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yazıya 6 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.