Müstəqillik dövründə ədəbiyyatımıza gələn istedadlı yazarlardan biri də Əsəd Cahangirdir. Əsəd artıq özüni tənqid sahəsində nüfuzlu söz sahibi kimi təsdiq etmişdir. Gənc tənqidçinin yazılarında diqqətimi analitik düşüncə tərzi, sərbəst fikir söyləmək qabiliyyəti, geniş erudisiya cəlb edir. Dəfələrlə vurğulamışam ki, mənim zənnimcə, tənqidcilik istedadına ədəbiyyatın başqa janrlarından daha nadir hallarda təsadüf edirik. Gənc, ya yaşlı əhli-qələmlərin şeirə olan axını müqabilində tənqidə “könül verənlər”in az olmasının səbəbi yalnız şeirin müəllifi daha tez şöhrətləndirmək imtiyazı və șirnikləndirici xüsusiyyəti yox, həm də tənqid sənətinin çətinliyidir. Bu çətinlik təkcə etik səbəblərlə bağlı deyil – necə yazasan ki, həqiqəti deyəsən, eyni zamanda tənqid hədəfini özünə düșmən etməyəsən. Yaxud bəyəndiyin əsər haqqında müsbət rəyini ayrı yerə yozmasınlar. Amma bu etik səbəblərdən başqa, tənqidçi işini qəlizləşdirən müxtəlif janrların, üslubların, bədii istiqamətlərin özəlliklərini içəridən duymaq, bunları öz qanunları baxımından təhlil etmək, hər bədii əsəri zaman, tarix, ictimai və siyasi mühit kontekstində, ədəbiyyatın ümumi mənzərəsi fonunda dəyərləndirməkdir.
Əsədin tənqidi yazılarında yuxarıda sadaladığım cəhətlərdən çoxunu görürəm. Demə, Əsəd qələmini poeziya sahəsində də sınayırmış. Mənə əlyazması şəklində təqdim etdiyi “O Adam” adlı nəzm əsərini diqqətlə oxudum. Dərhal qavraya bildim – desəm, düz olmaz. Hətta iki-üç dəfə mütaliə edəndən sonra məzmununu, mənasını, qayəsini tam dərk etdiyimi deyə bilmərəm. Amma əsərin poetik ruhu, dilinin oynaqlığı, səlisliyi, cinaslı bayatıların təzəliyi, bir sıra orijinal təşbehlər məni cəlb etdi və Əsədi bir şair kimi də qəbul etməyimə səbəb oldu. Mənə elə gəlir ki, poetik imkanları şəksiz olan müəllifin bu yazısında onun şairliyinə tənqidçiliyinin böyük təsiri olub. Həm müsbət, həm mənfi mənada. Bu təsirin müsbət cəhəti odur ki, Əsədin geniş mütaliə dairəsi, özü də yalnız ədəbi erudisiyası deyil, tarix, din, fəlsəfə sahəsində bildikləri bu, ya digər şəkildə “O Adam”da əks olunub. Bəşər tarixinin müxtəlif məqamları – Homer dastanları, qədim yunan mifləri, Troya müharibələri, Həzrət İsanın Hefsiman bağında iztirabları, çarmıxa çəkilməsi, bu hadisənin Ponti Pilat va quldur Varavva kimi iştirakçları, xəlifə Mötəsim dövründə Babəkin qəddarcasına edamı, Hələbdə Nəsiminin işgəncəli qətli, Fransanın Ruan şəhərində Janna d`Arkın tonqalda yandırılması – bütün bunlar va bir çox başqa ədəbi allüziyalar – Əsədin tarixi yaddaşında canlanan faktlar – poemada birbaşa, ya dolayı yolla əks olunub. Həm də bu faktların çoxu yeni bir baxışla nəzərdən keçirilir.
İsa peyğəmbərin çarmıxa mıxlanan əlləri haqqında belə yeni təşbehlərlə bəhs olunur:
Dözmədi qansızlığa
Qan ağladı dəmirürək mıx!
Buludların gözlərini
Dəldi keçdi qanlı çarmıx.
Buludlar
Bir qamçı vurdu qəzəb atına,
Apardı əlləri
Göylərin dördüncü qatına.
Yer göydən
Göy yerdən aralandı
Qanlı bir oyuq açıldı.
Göylər yaralandı.
Bu misralarda həm Həzrət İsanın çarmıxa çəkilməsi, həm də göylərə meracı təsvir olunmaqla bərabər, o, Yerlə Göyün arasında birləşdirici qüvvə kimi, Göy qübbəsini çiynində saxlayan Atlant kimi (Atlant surəti qədim yunan mifi olsa da) mənalandırılır. Poemada “Kitabi-Dədə Qorqud” söyləmələrinin üslubundan bayatılarımıza qədər, çağdaş șeir formalarından, klipvari reklam səpkisindən folklor, nağıl estetikasına, dini janrlardan (Minacat, Xütbə, dua) məişət mahnılarına qədər (“Ulduzları gur yandıraq, gur yandıraq” mahnısı) ən müxtəlif mətn ünsürlərindən istifadə olunur. Bunlardan bəziləri çox uğurludur. Cinaslı bayatıda “Qıfılbənd kəlmələrə gül – qıfil, gül – açardı”, yaxud “Nişanlını neynirəm, alnım nişandı, neynim” kimi uğurlu tapıntlar, “O kimdi pultunu basdı baxtın, dəyişdi kanalını vaxtın” kimi çağdaş dünyamızla bağlı metaforalar, meridianların qütbdən sallanmış saçaqlara bənzədilməsi, “Tolstoy baba kimi hamıdan qaçıb gedir” deyimi və bir çox bu sayaq maraqlı ünsürlər Əsədin poetik istedadını təsdiq edir, amma eyni zamanda onun tənqidçilik erudisiyasından gələn tarixi, ədəbi, dini assosiasiyaların bolluğu və müəyyən dərəcədə pərakəndəliyi əsərin əsas qayəsini yetərincə dərk etməyə maneçilik törədir. Hər halda, ən azı, mənimçün bu belədir. Yazını oxuduqca, xüsusilə onun “Bəribaşdan” başlıqlı ilk səhifələrində TV ekranlarından bizə tanış olan bir ritmin və bu becid klip ritminin axarında məğzini tuta bilmədiyimiz mətləblərin qarma-qırışıqlığıyla üzləşirik. Sanki müəllifin fikri çeșidli faktlar, duyğular, müşahidələr içində vurnuxur, demək istədiklərini təngnəfəs deməsindən, bir növ, dağınıqlıq əmələ gəlir, obrazlar qalabalığında poetik məqsəd elə bil çabalayır. Amma bununla belə, “O adam”ı çağdaş poeziyamızın axtarışları cərgəsində öz yerini tutacaq əsər kimi təqdir edirəm və Əsəd Cahangirə həm səmərəli tənqidçi çalışmalarında, həm eksperimentçi şair fəaliyyətində uğurlar diləyirəm.
26 fevral 2006-ct il
Yazıya 8 dəfə baxılıb








