İradə Aytel – Evli kişini sevmək…

irade

 

***
Gəl, sənə bir nağıl söyləyim,
O nağıl ömrümün noğulu idi.
O nağılda biri vardı – o Səndin,
O nağılda biri yoxdu – o məndim.
O nağılda Sən Günəşdin, mən gecə.
O nağılda Sən məndəydin,
Mən təkcə!
O nağılda gözlərin göz işığım,
Səsin İlahi səsi,
Səsin “Azan”ım idi.
O nağılda baxışın ürək dağım,
Sözün Müqəddəs ayə,
Özün alnıma tale,
Qismət yazanım idin.
O nağılda “ağ atlı”,
Bəyaz don gözləmirdim,
Qaranlıq gecələrdə
Təklikdən asılsam da,
Göydən düşən üç alma,
Mutlu son gözləmirdim.
O nağılda, bircə Sən,
Bircə Səni görürdüm!
O Nağılda tək səni,
Təkcə Səni sevirdim!
Yahu!
Yahu!
Yahu!
Mən ki, Səni sevirdim!
Mən ki, Səni sevirəm!
03 Iyun 2014

***
Qadın

İstəkdən yoğrulsan da,
İstəklə doğulmadın.
O qədər çox idi arzun
Arzundaca boğuldun!
Yum! Yum gözlərini, qadın!

Sevdin!
Ruhun uzaqda
Cismin doğma yataqda,
Ananın naxış-naxış,
Həvəs-həvəs tikdiyi
Yastığı cırmaqlayan
Dırnaqların şişəmi?
Məhrəminə satdığın
Cismin dözür şişəmi?
Bu dünya çox kiçikdir.
Bir qadın içindəki
Sevgini basdırmağa
Yer acizdi torpaqda,
Torpaq bəyaz bayraqdı!
Sən azad olamadın!
Yum! Yum gözlərini, qadın!

Alisən!
Ulusan!
Anasan!
Dözümün sinən üstə
Dağ olsun kişilərə,
Nə fərqi
O dağın təkindəki
Qaranlıqda inləyən
Saçlarından asılan,
Qara divə qısılan ürək
Alimi?
Ulumu?
Anamı?!…
Təki o dağ dağların
Bağ olsun kişilərə…
Əmsin dünya dərdini,
Dönsün dünya dərdinə!

Qapqara saçlarınnan
Bir tel ayır…
Dolaşdır bəmbəyaz buxağına…
– Ana!
Yenə…
Bala səsinə çevril,
Bala nəfəsinə səril…
Səril!
Səril!
Təkcə öz ayağına sərilmə!
Ayaqlama cənnəti!
24.08.10

 

***

QARA QIZ

Bəxtinə rəngin düşdü,
A bəxtəvər olanım!
Hanı baharın, qışdı?
Dərdi gövhər olanım!
Bu yaz səninki deyil,
Bu qız dünənki deyil,
Çək yazını dara qız,
Qara qız, ay qara qız!

Hanı şirin nağılın,
Hanı balın, noğulun?
Tələ qurdu yığvalın,
Düşdün tara, tora, qız,
Qara qız, ay qara qız!

Gəlinlik libasını
Gözüyolda saçların
Geyindikcə öyün, qız,
Üzündəki naxışlar
Xınasıdı dərdinin
Bəzəyinə söyün, qız.
Şana götür əlinə,
Göynək bağla belinə,
“Telini yan dara, qız!”
Qara qız, ay qara qız!

2012-Bakı

 

***
Yığış gedək

A köksümdə döyünənim,
Mərdim, mərdim, yığış gedək.
Səni səni sevməyənə
Verdim… verdim, yığış gedək.

Gül açmadı yenə bu yaz,
Ümid düşdü çənə bu yaz…
Qara saçım, səni bəyaz
Hördüm… hördüm, yığış gedək.

Nədən saldın mənə meyil,
Di içimdə söyül, döyül.
Bu dünya bizimki deyil,
Dərdim, dərdim, yığış gedək!
Qəribəm

Duam Allaha yetmir,
Mən bu dində qəribəm.
Bir qərib də içimdə,
Birəm mində,
Qəribəm.

Məni doğan ögeyim,
Göynəmə göyüm-göyüm,
Suçuyam Yerin, Göyün,
Dolan gendə, qəribəm.

A balamın bələyi,
Yer, sənnəndir diləyim,
Aç köksünü gələyim,
Mən bu təndə qəribəm.

27.11.13

****
Ona deyin, verdiyi
Dərdi də sevər oldum.
Gözüm hər acısını
Gördü də, sevər oldum.

Ona deyin, əcəl də
Məndən üz çeviribdi.
Təxti olan köksümü
Atəşi deviribdi!

Ona deyin, bahara
Çıxmam!
Çıxmam bu qışla.
Ona deyin can verən,
“Can” deyəni bağışla!
Ona deyin,
Bağışla!

30 may 2014

 

***
Rəssam dostum,
Rəsmimi çək!
Elə çək ki,
Baxışımdan intizarı sil fırçanla.
Ürəyimdən gözlərimə
O zalımın adını çək!
Qucağımda yeri qalan,
Son anında Yerə qalan
Bal balamın
Qoxusunu,
dadını çək.
İçimdəki İradənin arzu dolu çimirini,
Saçlarıma çiçək düzən
Sevgilimin əllərinin hənirinı,
Odunu çək!
Rəssam dostum,
Ürəyimə sığışmayan sevgimi çək,
Elə çək kı, orda payız görünməsin,
Baharında zalım telim
Qarlı qışa bürünməsin.
Rəssam dostum,
Gəl ömrümə yaz günü çək.
Pıçıldasın yenə mənə
Sevgisini şeir-şeir
Daşürəklim!
Sığallasın tellərimi
Sətir-sətir daşürəklim!
Qoy bir anlıq ağuşunda
Versin mənə kainatı,
Unutdursun bu həyatı,
Dodağımda donub qalan gülüşlərim
Öpüşüylə cana gəlsin,
Küfr eyləyən bu günlərim,
Tanrısına, vicdanına,
Dinə gəlsin.
Rəssam dostum,
Elə çək ki,
Xatirimdə donub qalan o İradə
Yenə gəlsin!

***

İçimdə ürəyim kösöv,
Çölüm ocaq, çölüm ocaq!
Uzun bir yola çixiram,
Yolum ocaq, yolum ocaq!

Az gileylən, ruhum, darda,
Yer geyəcəm ilk baharda.
Əməllərim günahlarda
Yolunacaq, yolunacaq!

Əl qaldırdı rəqsə alım,
Bəyazlar mənə çox zalım.
Tələsin, vida “Vağzalı”m
Çalınacaq, çalınacaq.
***
***
Ad günündü!
Adınnan uzaq ikən
Yadıma düşən günün!
Ad günündü!
Həsrətin buzundaca
Yanıb, külə döndüyüm,
Oduna düşən günüm!
Təbrikinə gəlimmi?
Fəqət,
Sənə qıymaram
Bir zamanlar sevdiyin,
Nurundan nur aldiğin
Saralmış bənizimdə
Bunca dərdə baxasan!
Fəqət,
Sənə qıymaram
Mənə bir də baxasan!

***
Evli kişini sevmək
Zəhərə bal qatıb içməkdir.
Evli kişini sevmək
O balın şirinliyində
Evində göyərəçək
Civil-civil tumurcuqları,
Köklü-köməcli biçməkdir.
Evli kişini sevmək
İçindən ilmə-ilmə süzülmək,
Özgə ömrünə naxış olaraq
Öz ömründə çürümək,
Öz ömründən köçməkdir.
Evli kişini sevmək
Hər gün günaha batmaq,
Hər gün tövbə etməkdir.
Evli kişini sevmək
İstəyinə kor olmaq,
Onun ağuşundaca
Darıldıqca darılmaq,
Qınaqlardan,
Qorxulardan qaça-qaça
Öz içində itməkdir.
Evli kişini sevmək
Son nəfəsini belə verəmməyən,
Xəstənin ölümə pənahı,
Bir qadının ahı,
Bədənini vicdanındakı
Ağrıya satmaq,
Evli kişini sevmək
Diri-diri ölmək,
Ölmək,
Ölməkdir!

***

Səni sevmək ən ali,
Ən müqəddəs günahım.
Adın yasak dilimdə,
Qədəhindən sıyrılıb
Dilə gəlsə dilim də,
Bu ad sinəmin ahı!
Səni sevmək loğmanın
Dərd önündə suçudur.
Ərisə dərd, sussa dil
Qınaqlar qan-qan deyər,
Oyan, oyan, ey qafil,
Sevdan günah acıdır!
Səni sevmək ananın
Boş nənniyə laylası.
Bu layla Tanrının da
Yerini yeksan edir,
Bu layla öz içində
Hər gecə üsyan edir.
Yaxır nənnisiz məni,
Yaxır səni sevəni!
Çıxarır taleyinə
Asi!
Asi!
Eyyyyyyy asi!
***
Bu, sənə son məktubum,
Qanımın son damlası.
Oxu, gözlərin səpsin
Oduma son damla su.

Sən bir ömür xatirəm,
Sən alnımda yazımdın.
Sən çölümdəki boran,
Sən içimdə yazımdın.

O yaz qönçə barına
Həsrətkən qışa köçdü.
O yaz gözlərimdəcə
Bir qara daşa köçdü.

Verdiyin dərd yerində
Dağ olacaq göy otlar.
Ağrının sinəsində
Soğulacaq göy otlar.

Dərdimi bas bağrına,
Layla de, yuxusu var.
İlahi bir sevginin
İlahi qorxusu var.

Bu qorxu böyüdükcə
Kiçildi ömür şamım.
Son kəz söylə, söylə ki, –
“Ay sinəsi şan-şanım”.

Söylə ki, “Sənim, səni
Qorumaq çətin oldu”.
Söylə ki, “bu sevgidən
Yarımaq çətin oldu”.

Söylə ki, “Sənim, səni
Qurban etdim qorxuma”.
Söylə ki, “ruhunla da
Gəl yollarıma baxma!”

Bu, sənə son məktubum,
Qanımın son damlası.
Oxu, gözlərin səpsin
Oduma son damla su.

Yazıya 3014 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.