Mütəllim Rəhimli: “Etimadın arzuları, İlyas İsmayılovun yaratdığı Ədalət partiyası bizə əmanətdir!”
Ədalət Partiyasının üzvləri partiyanın qurucusu, professor, sabiq ədliyyə naziri İlyas İsmayılovun oğlu, ictimai xadim və iş adamı Etimad İlyas oğlu İsmayılovun anım günü münasibətilə Nardaranda yerləşən məzarını ziyarət ediblər.
Ziyarət zamanı Etimad İsmayılovun məzarı üzərinə gül dəstələri qoyulub, onun xatirəsi ehtiramla yad edilib. Tədbirdə çıxış edənlər Etimad İsmayılovun həyat və fəaliyyətindən, Ədalət Partiyasındakı xidmətlərindən və ictimai mövqeyindən söz açıblar.
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli çıxışında Etimad İsmayılovun arzularının və ideallarının yaşadılmasının vacibliyini vurğulayıb. Partiya sədri bildirib: “Etimadın arzuları bizim üçün əzizdir. İlyas İsmayılovun yaratdığı Ədalət Partiyası bizə əmanətdir. Bu əmanəti qorumaq, partiyanın ideyalarını və siyasi irsini yaşatmaq bizim məsuliyyətimizdir.”
Xatırladaq ki, Etimad İsmayılov 22 iyun 1969-cu ildə Bakıda anadan olub. Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Rusiyanın müxtəlif şəhərlərində biznes fəaliyyəti ilə məşğul olub. O, Ədalət Partiyasının fəallarından biri olmaqla yanaşı, uzun müddət partiyanın xarici əlaqələr şöbəsinə rəhbərlik edib.
2011-ci ildə jurnalist Sevil Nuriyeva ilə ailə həyatı qurduqdan sonra Türkiyəyə köçən Etimad İsmayılov biznes fəaliyyətini İstanbulda davam etdirib.
9 sentyabr 2018-ci ildə İstanbulun Florya ərazisində yerləşən ofisində qətlə yetirilən Etimad İsmayılovun 49 yaşı var idi.
Allah rəhmət eləsin!
Yazıya 9 dəfə baxılıb














