(hekayə)
Təxminən yüz iyirmi ilin söhbətidir. Bakı-Tiflis dəmiryolu çəkilirdi. Yolun bir hissəsinə sahibkar Xasay bəy nəzarət edirdi. O, işçilərin haqqını günəmuzd və həm də gördükləri işin müqabilində ödəyirdi. Fəhlələr səhər erkən iş yerinə gələr, canı dildən işlər, axşamüstü maaş cədvəlinə qol çəkər, onlara çatacaq pulu alıb evlərinə yollanardılar. Məvacib babat olduğundan allahlarına şükür edirdilər.
İş vaxtının sona yetdiyini göstərmək üçün düz saat 6-da zəng vurulurdu. Təsadüfdəndi, yoxsa nədəndi həmin vaxtda bir uzunqulaq da ağzını göyə tutub uzun-uzadı anqırardı. Fəhlələr tez işlərini qurtarıb məvacib almaq üçün kontora yollanır, qol çəkib qabaqcadan zərflərə qoyulmuş pullarını götürürdülər.
Adi günlərin biri idi. İş vaxtı başa çatmaq üzrə idi. Fəhlələr əllərini işdən saxlamadan zəngin səslənməsini gözləyirdilər. Zəng isə nədənsə vurulmaq bilmirdi. Bu vaxt uzunqulaq ağzını göyə tutub anqırmağa başladı. Bu, saat 6 olduğuna işarə idi. Qulu, Pirqulu, Məmmədqulu, Həsən, Hatəm və digər fəhlələr əllərini saxlayıb kontora sarı getdilər.
Sahibkar Xasay bəy ayağını ayağının üstə aşırıb yuxarı başda oturmuşdu. Fəhlələrin kontora doluşduğunu görüb təəccüb içərisində:
-İşi niyə saxlamısınız? Zəng ki hələ vurulmayıb…
Hatəmlə Qulu bir ağızdan:
-Bəy sağ olsun, üzv istəyirik, uzunqulaq anqırdı. Biz də əl saxladıq.
Xasay bəy bunu eşidib üzünü xəzinədara tutdu:
-Əmrah, bir görürsən, mənə nə deyir bunlar?! Uzunqulaq anqırdı, deyirlər, ona görə işi saxladıq, deyirlər… – Sonra fəhlələrə müraciətlə dedi:
-Madam ki daha uzunqulağın zəngi ilə işləyirsiniz, onda gedin, bu günkü məvacibinizi də qoy o uzunqulaq versin.
Xasay bəy bu sözləri deyib ayağa qalxdı, otaqda gəzişməyə başladı. Fəhlələr öz səhvlərini başa düşüb evlərinə dağılışdılar.
Yazıya 808 dəfə baxılıb