Aşiq olmaq necə olur bilirsizmi?- Anidən. İki nəfəs arasında, daha sağalmamış bir ürək yarasında . Bir də kürəyimizin arxasına saplanmış isti nəfəslə oyanırsan qəflət yuxusundan Daha Günəş sadəcə səhərlər doğmayacaq- hər onun səsi gələndə, hər onun haqqında biriləri danışanda doğacaq bizim Günəşimiz
Aşiq olmaq necə olur bilirsizmi?- İnsan danışmaq, şeir yazmaq və bağırmaq istəyir Bəs, insan deyilsənizsə? Quru- dilsiz, ağızsız bir daşsınızsa ?! Bilirsizmi, hekayə də aşiq olmaq kimidir. İnsan istədiyi vaxt yaza bilməz. Yalnız o istədiyi vaxt yazdırar özünü
Bir bahar axşamı aşiq ola bilərsiz Yenə bir bahar axşamı bir hekayə qopa bilər ürəyinizdən, bütün yanlızlıqlara, bütün ayrılıqlara doğru Və siz sevməkdən qaça bilməzsiz
Və siz, yenə yazmaqdan da qaça bilməzsiz Siz aşiq olarsız, o, sizin üçün bir ulduz olar göylərdə. Halbuki o, da adi bir insandı Siz ona bunu deyərsiz, o, sizin nələr hiss etdiklərinizi duymadığı üçün, anlaya bilməz.
Sonra ona demək istədiklərinizi yazarsınız, hekayə olar
Bu hekayə ilə ürəyinizdən bir balaca daş qopar, qopar və qovuşar sevdiyi dənizə, dənizinə…. Dəniz dedim, balaca daş dedim də bir hekayə danışım sizə, balaca bir hekayə
Niyəmi, balaca?
Söz az olarsa içində ürək olar, söz çoxaldıqca ağıl qarışar için içinə, ağıl isə axmaqlara lazım olan bir şeydir, gözəl insanlara, sevənlərə ağıl gərəkməz
Günlərin birində çox, çox hündür qayalıqlardan birində balaca bir daş, ondan uzaqlarda olan dənizə aşiq olur. Necəmi?- Dənizlərin üzərindən uçan Qartal yuva qurduğu qayalara dənizdən, dənizə baş vuran qağayılardan o qədər danışdı ki, o balaca daş aşiq oldu, vuruldu qağayı qoxuyan dəniz….O gündən sonra əsən rüzgarlar bu dağlarda hər zaman sevgi nəğmələri oxudu, güllər- çiçəklər belə sevginin rəngində oldu Dağın yamacında otlayan heyvanlar, otları sevgi ilə qopardı, sevgi ilə uçdu kəpənəklər
Hər gecə dua edərdi, hər sabahı gecə olardı… Bilirdi bu sevginin imkansız olduğunu, heç bir rüzgarın onu sevdiyi, aşiq olduğu dənizə apara bilməyəcəyini…
Dəniz çox uzaq görünürdü, lakin uzaq deyildi
Çox böyük görünürdü gözlərində, ancaq o qədər də böyük deyilldi. Bir balaca daşa ürəyini aça bilər, onu sevərdi. Gəl, gör ki, balaca daş bundan xəbərsizdir
Bir də dənizin sinəsində rəsmlər çəkən qağayılar vardı, bu qağayılar dənizin gözü, bəlkə də gözünün rəngi idi Bir qıza aşiq olan insan, onun gözlərini düşündüyü kimi, bu balaca daş da qağayıları düşünürdü- heç görmədiyi halda
Ayaqları olsa ona qaça- qaça gələr, qanadları olsa uçardı… indi sadəcə ürəyi vardı, birdə ürəyindən qopub səmaya- göy üzünə doğru yuvarlanan duaları Qartal tez- tez qayılıqdan dənizin üzərinə uçur, qağayıların ovladığı balıqlara qonaq olurdu. Yenə bu gün tezdən dənizə doğru qanad çalıb, sahildəki sal qayalıqlardan birinə qondu. Bir xeyli dənizi, dənizin üzərində süzən qağayıları seyr etdi
Bir qədər sonra qağayılar ovladıqları balıqlardan birini sahilə gətirib parçalamağa başladı. Sakitcə bu işin sonunu, ovun hazır edilməsini gözləyirdii.
Və istədiyi oldu. Qartal şığıyıb balığı qağayının əlindən alıb, dağlarına doğru uçdu
Qədər bu, həyat bu ya… Balığı parçaladığı ayaqlarına bu dəfə bir balaca daş yapışdı, nə qədər elədisə xilas ola bilmədi bu daşdan. Məcbur olub yenidən dənizlərə doğru qanad çırpdı
Ayaqlarını dənizə salıb təmizləyərkən balaca daş dənizin dibinə doğru yuvarlandı bax belə..
Bu son bahar gecəsində dənizlərə aşiq olan balaca bir daşın hekayəsini yazmaq da varmış….
Yazıya 832 dəfə baxılıb