Çaqqalların krallığı

_24012014

Çox- çox qədim zamanlarda…

Bir çox hadisə baş vermişdi, meşədə bu müddət ərzində. Beş il öncə Qurdlar konseyi onu çox uzaqlardakı meşəyə sürgün eləmiş, o, da bu qərara hörmət edərək vətənindən çıxıb getmişdi. Sürgün olunmasına səbəb isə baş qaldıran bir qrup çaqqala qarşı çox amansızca davranıb, bu üsyanı onların qanlarında boğmaq idi. Zaman göstərdi ki, o, bu hərəkətində çox haqlıdır. Onun gedişindən sonra kral olan yaşlı atası çaqqallarla başa çıxa bilmədi. Xarici düşmənlərdən də dəstək alan çaqqallar kralı taxdan salıb edam etdilər, meşə başdan- ayağa talan edildi. Bir çox heyvan meşəni tərk etməyə məcbur oldu. Qurdlar heç vaxt yaxınlıqdakı obalara hücum etmir, oba sakinləri də meşədəki heyvanları ovlamırdılar. İnsanlar və heyvanlar sülh içərisində yaşayır, hər kəs öz işi ilə məşğul olurdu. Lakin çaqqallar bu sülhü pozub, gecənin birisində tülkülərlə birlikdə obaya hücum edib, oba sakinlərinin heyvanlarını tələf etdilər. Bu sülhün pozulması demək idi. Sabahı gün ovçular öz tazıları ilə meşəyə hücum etdi, çox sayda heyvan ovlandı, tülkü və çaqqalların yuvaları dağıdıldı, onlar dağlara qaçmağa məcbur oldular. Heyvanları məhv edilən insanlar ət ehtiyaclarını bir il ərzində meşədən qarşılamalı oldular. Çaqqallar bu hərəkətin nə qədər səhv bir hərəkət olduğunu anlasalar da artıq çox gecdi.

Yaşlı qurdun edamından sonra ən çox əzab çəkən qurdlar olmuşdu. Savaşa bilənlər öldürüldü, heç vaxt əsarəti qəbul etməyəcək olan dişi qurdlar çox uzaqdakı qarlı zirvələrə qaçdı, meşədə isə yaşlı və balaca qurdlar qalmışdı. Bir müddət sonra yaşlı qurdlar bu acıya dayana bilməyib, boğazlarını kəsib, şərəfli bir ölümlə yox oldular. Balaca yavruları isə çaqqallar manqurtlaşdırıb böyüdür, onları ən çirkin işlərdə istifadə edirdilər. Zaman keçdikcə onlar qurd olduqlarını unudur, eyni ilə çaqqallar kimi davranırdılar, lakin onlar bir şeylərini unutmurdular- cəsarətlərini. Bu çaqqalların da işinə yarayırdı, axı onlara savaşcı lazımdı. Bir çox savaşlarda bu qurdların hesabına qələbə qazandılar. Elə obaya hücum elədikləri gün də qurdlar insanların mal- qaralarını tələf etmişdilər.

Çaqqalların qurduğu krallıq bu qədər şərəfsiz qaydalarla idarə olunurdu. Hər iki heyvandan biri yavrusunu onlara vergi olaraq ödəməli, ət yeyən heyvanların ovlanması isə yasaqlanmışdı. Onun üçün bu yırtıcılar məcburən çox- çox uzaqlardakı meşələrə gedir, əksər hallarda isə oradan cəsədləri gəlirdi. Meşədəki heyvanların canı boğazlarına yığılmışdı. İçlərindən bu işlərə etiraz etməyə isə heç kimin cəsarəti çatmırdı, çünki zülmləri artan çaqqallar manqurtlaşmış qurtları bu dəfə də öz sakinlərinin canlarına salır, onları parçaladırdılar. Meşədə qurdlara qarşı gələcək kimsə yoxdu. Böyük yırtıcılar başqa meşələrdə, bu meşədə qalanlar isə acından gücdən düşmüşdü.

***

Sürgün olduqdan sonra özünə yeni bir meşə tapmalı, bu beş ili bir təhər başa vurub, öz yuruduna geri qayıtmalı idi. Atasının, karalığının başına gələnlərdənsə xəbərsizdi. O, krallığın tək varisi idi. Balacalıqdan cəsarəti ilə qurdların içərisində seçilir, pələng və aslan balalarını belə dişləyib, qışqırdırdı. Çaqqalları görməyə gözü belə yoxdu, onları görən kimi dişlərini şaqqıldadıb, onları yanından qovurdu.

Vətənindən, doğma dağlarından- meşəsindən ayrılarkən, canını acıdan da elə bu alçaq heyvanların üzündən yurdunu tərk etməsi idi. Çox uzaqlara getdi. Dağlar aşıb, suları keçdi, ən nəhayətində hündür bir qayanın başına gəlib çıxdı. Buradan aşağılara baxanda çox gözəl mənzərə görsənirdi. Aşağıda ağaclar göy üzünə üsyan edirdi sanki, ağacların aşağısında isə gözəl bir çay axır, ağaclardan düşən yarpaqları çox uzaq diyarlara daşıyırdı. Qərarını vermişdi bax buranı müvəqqəti məskən seçib, beş ili burada keçirəcəkdi.

Dediyi kimi elədi, beş ili buralarda keçirib, geri qayıtdı. Burada olduğu zaman sürəcində də öz cəsarəti ilə ad çıxardı, bu meşədə heç bir ədalətsizlik etmədi.

İndi geri dönürdü, elə çox özləmişdi ki, balacağının keçdiyi bu yerləri. Atasını, uşaqlıq dostlarını görəcək, o çox sevdiyi qayalıqlara çıxıb doyunca ulayacaqdı. Dumanlıqdı. O, irəllədikcə tüklərini isladan çisgin sanki ona qarşılaşacağı mənzərədən xəbər verirdi.

Nəhayət gəlib, yurduna çıxdı. Onu qarşılayan qurdlar oldu, ancaq çaqqalların qulu olan qurdlar. Ancaq vəziyyəti anlamamış, onlarla birlikdə  kralın hüzuruna doğru addımlayırdı.  Qoca palıd ağacının altına çatanda atasını yerində görə bilmədi, çaqqal vardı orada- baxışlarından əclaflıq yağan bir çaqqal. Nələr olduğunu anlamışdı, elə bu an yaxınlıqdakı qurdlar ona hücum eləmək istədilər, ancaq nə qədər qurd olsa da, cəsarəti olsa da, hür bir qurda bir sürü “ qurd” qalib gələ bilməzdi. Bütün gücünü toplayıb uladı, bu ulamaqda bir acı, bir kədə vardı. O, yağmalanan yurdu üçün, öldürülən atası üçün ulayır- ağlayırdı. Sadəcə bu səs yetdi palıd ağacının altında məğrurca dayanan çaqqalın bir anın içindən gözdən itməsinə. Yaxınlıqdakı qurdlar da dağılışdılar.

Krallığını xilas etmək üçün savaşmasına gərək qalmamışdı, çünki heç bir çaqqal, heç bir çaqqal sürüsü onunla savaşacaq qədər cəsur deyildi. Sadəcə gəlişi, bir dəli ulması bəs etmişdi.

O çox sevdiyi qayalığa çıxıb günlərcə uladı, günlərcə dayanmadan uladı. Onun səsini duyan bütün heyvanlar qayanın altına  yığılır, yeni krala biat edirdilər.

Matəm bitdikdən sonra bütün çaqqallar edam edildi. Yaşlı kralın edam edildiyi təpəyə gətirildilər. Çaqqallar qoca qurdu bu təpədə tülkülərə yem etmişdilər. Bir neçə gün ərzində onun ətini yavaş- yavaş, tikə- tikə qoparıb, onu əzabla öldürdülər. Bütün meşə, dağ qoca qurdun inləməsi ilə ölüm yuxusuna yatdı, cəsarətlərini itirib, çaqqallara boyun əydilər.

İndi bax çaqqallar bu təpəyə gətirilib, eyni üsülla edab edildilər. Edam bitdikdən sonra tülküləri öz dişləri ilə parçaladı.

Manqurtlaşan qurdlar isə çox- çox uzaqlara sürgün edildi, heç geri dönməmək üzrə. Çünki öz irqinə xəyanət edənin, çaqqalların arasında böyüyənlərin əsla şərəf sahibi ola bilməyəcəyini yaxşı bilirdi. Hər şey öz qaydasına düşmüş, ədalət bərqərar olmuşdu.

Yeni kralın məkanı o çox sevdiyi qayalıqlardı. Atasının səhvini təkrarlamayıb,meşənin dərinliklərində dayanmadı. O, bütün meşəni dağları görə biləcəyi bir yerdə dayanıb, krallığını daim izləyirdi.

İndi xəfif bir rüzgar əsir, qayalıqlarda boz yələsi ilə o, dayanıb. Bir gün yolunuz onun meşəsinə, onun dağlarına düşərsə bir daşı belə yerindən tərpətməyin, oradan sakitcə keçin, sizə toxunulmayacaq. Yox, əgər bir tək daşın belə yerini tərpətsəniz o, dayandığı qayalıqdan aşağıya enəcək.

Tural Sahab.

Yazıya 771 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.