“Yaradan özündən üz çevirmək istəyirdi, Dünyanı yaratdı.”
Fridrix Nitsşe
Proloq üçün söz yığını
Başqa gözlərlə baxmaq, gözü bağlı baxmaqdır. Hər yeni günlə yenilənən bir arzum: tək olan Günəşi istədim. Xəyallara sığınıb əlçatmaz olanlarla boş olan Dünyamı doldurmağa çalışdım…Yenə “baxmaq”a qayıtdım: sona qədər özümdə həkk etdirmək üçün bir baxışı(n)m yetər. Və beləcə bir Günəşdən bir neçəsini yaratdım, ona baxıb gözümü bağladıqdan sonra…
***
“Uçuruma yuvarlanırıq, cənnətə ya cəhənnəmə, nə fərqi var?
Düşürük zamanla, insanla, həyatla. Bir yerlərə düşürük. O uçurumun dibindəki quyuya, nə edəcəyimizin bəlli olmadığı gələcək adlandırdığımız o quyunun içinə.” Şarl Bodler
“Siddarthanın qarşısında yeganə məqsəd dururdu: heç olmaq, arzu və istəklərini, sevinc və ağrılarını boğmaq. Özü üçün ölmək, Mən’inə son demək, boşalmış ürəyinin hüzuruna tapınmaq, fədakar düşüncələrində möcüzə ilə rastlaşmaq – bu idi onun məqsədi. Öhdəsindən gəldiyi Mən’i öləndə, ürəyindəki son damla ehtiras quruyanda , bax onda əsasların əsası, ilahi sirr, Mərhəmin qapıları onun üzünə açılacaq.”
Sorn Kyerkeqor’in, Hegel’in insanı və tarixi rasional formada açıqlayan və bütün fəlsəfi sualları cavablandıran monolitik tərzdəki (hər şey İDEA’dan ibarətdir fikri) fəlsəfəsinə qarşı münasibəti, öz deyimi ilə ekzistensial fəlsəfəni inkişaf etdirməyə şərait yaratdı.
Ekzistensiyalizm fərdi müəyyən (edilmiş) sistemin daxilində incələməkdən qaçınaraq həyata suallar yağdırmağı seçdi. Bu fəlsəfədə insan məsuliyyəti dərk etdi (!) və özünü tanımaq və reallaşdırmağın ən uyğun variantına yiyələndi…və nəhayət qərara alıram: “İnsan Yaradan’ın günahıdır.”
Kyerkeqor insan təbiətinin paradoksal və təyini mümkün olmayan xüsusiyyətlərini qeyd edərək ən böyük gerçəyin Hegel fəlsəfəsinin ortaya çıxartmağa çalışdığı kimi obyektiv’də deyil, subyektiv’də olduğu qənaətinə gəlmişdi.
Məhz qeyri-müəyyənliklərin həyatımıza diktə etməsi monotonluqdan yeganə çıxış yolumuzdur. Qərarlarının (sənin) seçimlərinin arasında əriyəcəyi vaxt, səbəbsiz yerə qışqırmaq istədiyin vaxt gələcək və o zaman dərk edəcəksən: əvvəlcədən nəticəsini bildiyin bir oyunu oynamaq necə də ikrah hissi oyadır.
Kyerkeqor, 1845ci ildə yayımlanan “Həyat yollarındakı pillələr” adlı əsərində konkret bir işə bağlılığın fərdi məsuliyyəti kənara itələdiyini görərək yeni bir yol tövsiyyə edirdi: “Din yolunda insan Tanrının iradəsinə qeyd-şərtsiz boyun əyir və nəticədə “həqiqi azadlığa” qovuşur.”
“Nədir daxiləvarma? Özünü bədənindən kənarda hiss etmək nədir?* Ya oruc, ya nəfsi saxlama? Bunların hamısı Mən’in qarşısında qorxudan başqa bir şey deyil. Ondan qaçmaq üçün bircə dəqiqəlik yalançı azadlığın təqibi, həyatın mənasızlığını azacıq müddətə unutmaqdan savayı heç nə. Vəssalam! Bu cür azadlığa çarvadarlar karvansarada bir fincan düyü arağı içməklə də çatırlar. Bircə fincan bəs edir ki, hansısa müddətə bütün ağrı-acılardan qurtulsunlar.”
Daxiləvarma irrasionallığın mənbəyidir, ama qaçılmazdır. Bədəndənkənar hiss yalnız yuxulardadır, digər hal isə ikiləşməyə səbəb ola bilər (“Döyüş klubu” filmi)*. “Mən” eqodur və eqo mən (şəxs əvəzliyi) dediyin andan başlanır; və ya “Mən”=mən bərabərsizliyi…
1846cı ildə Sorn, özünün növbəti, “Qorxu və titrəmə” kitabını yazır. Əsərində Tanrının İbrahimdən oğlu İsanı qurban etməsini istəyəndə, İbrahimin içində yaşadığı cəmiyyətin əxlaq normalarına heç də uymayan bu əmri öz inancı sayəsində sorğu-sualsız yerinə yetirməsi (“Siz ona inanc deyərsiniz, bir qorxu”, Henrik İbsen) “imanda sıçrayış” (“leap of faith”) – ağlı imandan kəskin xətlə ayıran bir uçurum – adı ilə qeyd olunur. Kyerkoqor’a görə insan məhz bu cür şəraitdə formalaşmışdı: mövcudluğun boşluğunda yaşanılan kədər və ümidsizlikləri dəf etmək istəyən insan, ağlı bir kənara qoyub, yalnız öz içində hiss etdiyi imana istinad edərək qarşısında uzanan paradoksal, mistik və riskli dünyaya qədəm qoymalıydı.
“Müəllim və nəzəriyyələrin sənə çatdıra bilmədikləri nədir? Mahiyyətinə və mənasına varmaq istədiyim Mən. Həmişə Mən’imdən qaçmağa, ona üstün gəlməyə cəhd etmişəm. Amma əldə etdiyim cüzi qələbə yalnız onu aldada bilməyim, ondan qaça bilməyim və ən nəhayət, ondan gizlənə bilməyimdir. Əslindəsə yer üzündə heç bir şey Mən’im qədər düşüncələrimə qarşı çıxmayıb. Yaşadığım bu sirr, bu möcüzə, başqalarından ayrılan, fərqlənən mənəm – Siddarthayam! Və yer üzündə özümdən, Siddarthadan çox heç nəyi bilmirəm.”
Kyerkeqor’un “qorxu konsepsiyası” (1846) ilə çıxartdığı nəticə belə idi: İnsanı çarəsizlik və depressiyaya istiqamətləndirən güc böyük bir qorxudan ibarətdir, “heç bir şey olmamaq qorxusu” (“fear of nothingness”).
İstinadgahı olan özünüifadə silsiləsindən:
“Mən heç vaxt bir şey olmaq istəmərəm,
Mən heç vaxt bir şey olmaq istəyə bilmərəm,
Mən heç vaxt bir şey olmaq istəməyəcəm.
Amma məndə Dünyanın bütün xəyalları var.” Fernando Pessoa
***
Yaşamağa səbəb tapmayanlar üçün epiloq
Yenə dərs vaxtı saatı dayandırmağa çalışırdım, bəzən mümkün olurdu. Və bir cümlə sezdim: “Həyata məna qazandırmaq cəhdlərimdən doğan yazıqlığın yaratdığı absurd mühit…” Mürəkkəb cümlənin sadə izahı üçün Qodard’a (“Son nəfəsdə” filmi) müraciət etdim:
– “What is your greatest ambition in the life?
– To be immortal, then die.”
***
Qeyd. Yazıda Herman Hesse‘nin “Siddartha” kitabından seçilmiş hissələrdən istifadə olunub.
Yazıya 926 dəfə baxılıb