Süjet və xarakter
Süjet əsərdəki mühüm hadisələri əks etdirən dramatik mübarizələrin mərhələləridir. Süjet qısa və ya geniş şəkildə ola bilər. Bu sahədə heç bir məhdudluq yoxdur. Geniş şəkildə verilmiş süjet adətən fabula adlanır. Süjetin quruluşunda və inlkişafında həm bilavasitə səhnədə cərəyan edən və həm də səhnədən kənardakı hadisələr ardıcıl surətdə verilməsinin mühüm əhəmiyyəti vardır.
Süjetin quruluşunda hansı hadisələrin bilavasitə səhnədə cərəyan edilməsinin və hansı hadisələrlə tamaşaçıları dialoq vasitəsilə tanış etməyi müəyyənləşdirmək zəruru məsələlərdən biridir. Bu məsələlər ilk növbədə pyesin janrı və üslubu ilə, ikincisi kompozisiya quruluşu ilə, üçüncüsü isə həmin səhnədə məzmunlu dialoqların genişlənməsinin mümkünlüyü və qeyri-mümkünlüyü ilə müəyyən olunur.
V.Hüqo bütün mühüm hadisələrin səhnədə cərəyan edilməsini tələb edirdi. Skrib isə, onun əksinə olaraq iştirakçıların məlumatlarından bacarıqla istifadə edirdi.
Süjet-fabulanı şərh edərkən ümumi şəkildə olsa da əsərin ideyasını göstərmək lazımdır. Çünki artıq əsərin planında onun ideyası nəzərdə tutulmuşdur və ideyadan kənar olan fabula bizə hələ heç bir şey demir və heç bir şey haqqında da məlumat vermir. Fabulanın şərhi zamanı ümumi şəkildə də olsa belə, xarakterik momentlərə toxunulmalıdır.
İnsana xas olan hissin, iradənin və zəkanın məcmuunu xarakter adlandırırıq. Başqa sözlə desək, xarakter insana xas olan hissin, iradənin və zəkanın məcmuudur. Xarakter psixoloji anlayışdır. Hər bir obraz özlüyündə xarakterdir və bunu da estetik planda götürdükdə, – obraz estetik anlayış olur. İyrənc, murdar, alçaq xarakterli adamların obrazları da olduqca maraqlı obraz ola bilər. Nəhayət, “rol” səhnə obrazlarının yaradılması üçün müəllif tərəfindən verilmiş xarakter-obrazdır
Xarakter-obraz dramatik əsərlərdə qarşılıqlı təsirdə, mübarizədə tamaşaçını həyacanlandıran hadisələrin axınında çıxış edir. Xarakter-obrazlar fabula ilə, dramatik hadisə və situasiyalarla ayrılmaz surətdə bağlıdır; xarakterlər qəti konfliktlərdə, toqquşmalarda və başqa sınaqlarda inkişaf edir.
Dramatik əsərlərdəki süjet-fabulanın zəruri momenti iştirakçıların hərəkətləridir. Bu hərəkətlər dramda hadisələrə çevrilirlər. Digər tərəfdən də bir sıra hərəkətlər iştirakçıların xarakteristikasını müəyyən edir. İştirakçıların xarakterini dəyişdikdə onların hərəkətləri də dəyişir və pyesin yeni süjeti yaranır. Və yaxud əksinə, süjeti, pyesin əsas hadisələrini dəyişəndə – iştirakçıların xarakteri də dəyişir.
Fabula xarakterdən mühümdür, ilkindir. Həqiqətən də əsər bütünlükdə bizi maraqlandırmalıdır. Ayrı-ayrı müvəffəqiyyətli xarakterlər ümumi quruluşun zəifliyini gostərə bilməz. Lakin relyef xarakterlərlə əlaqəsi olmayan dramatik fabula bədii gerçəklikdən məhrumdur.
Əgər dramaturq süjetin quruluşunda təzahür edilməyən xarakter cizgilərini göstərmək məqsədilə üzvü surərdə inkişaf edən konfliktlərdən kənar xüsusi, ayrıca bir səhnə yaradırsa, o zaman dramın ümumi kompozisiyasını pozmuş olur.Adətən dramaturq bəzi rolları təxminən müəyyənləşdirir və pyesin artıq bir hissəsini yazdıqda hərəkətin ümumi inkişafı üçün daha xarakterik olan cizgiləri qeyd edir. Bu halda dramaturq pyesin başalğıcına qayıdır ki, bu cuzgilər də konfliktin sonrakı inkişafını gücləndirir.
Xarakter konfliktin inkişafını, personajların hərəkətlərlərini müəyyənləşdirir.
Lakin ümumi kompozisiyada nəzərdə tutulmuş hərəkət və situasiyalar xarakterin istiqamətini müəyyənləşdirir.
Xarakter-situasiyaların, xarakter-hadisələrin hər bir dəyişikliyi, bütövlükdə əsərin ideyasının dəyişilməsinə gətirib çıxarır.
Əgər dramatik əsərdə mənəvi həyatın bütöv təsirli prosesi əks olunursa, o zaman bütöv hərəkətə qabil olan xarakterləri əks etdirir. Aristotel xarakterin bütöv əksini tələb edirdi. Lakin dünyada öz mahiyyətlərinə görə bütöv, məqsədli xarakterli insanlar üstünlük təşkil edirlər; hər halda belə adamlar dramda cərəyan edən hadisələrdə aparıcı rol oynayırlar.
Lakin dramın qəhrəmanı öz cəhdində nə qədər məqsədli olsa da, drama kəskin sarsıntıları əks etdirdiyindən bütün əsər boyu onun mənəvi obrazı dəyişilir. Beşinci pərdədəki Kral lir birinci pərdədəki deyil. Bəzən də belə dəyişilmənin xarakterinin təhrif olunduğunu müəyyənləşdirmək çətindir.
Dramatik inkişaf prosesində xarakter yeni və gözlənilməz cizgiləri büruzə versə də, o əsas etibarilə özünə sadiq qalır.
1.Realist xarakteristika. Dram əsərlərində xarakter problemi realizm problemi ilə bağlıdır. Çünki realizm tipik şəraitlərdə tipik xarakterlərin əksi deməkdir.
Təkcə mövcud cəmiyyətdə geniş yayılmış hadisələr deyil, həm də hələlik geniş yayılmamış, amma artıq kök salmış xarakterik hadisələr də tipikdir. Müsbət və ya mənfi tipik hadisəni aşkar edərək, ona tərəfdar çıxaraq və ya onu inkar edərək, müəllif özünün ictimai-siyasi tendensiyasını ifadə edir.
Xarakterin bədii tipikləşdirilməsi müşahidə əsasında baş verir.Realizm həqiqətə uyğunluğu, gerçəkliyi axtarır. Hələ Aristotel gerçəkliyin təqlidi haqqında yazmışdır.
Realist dramaturq tarixi mövzunu işləyərkən onun müasir tamaşaçılar və müasir aktyorlar üçün yazdığını unutmamalıdır. Buna görə də dramaturq təsadüfi faktları kənara ataraq, əsil tarixi faktların, sinfi münasibətlərin açılmasına cəhd edərək, xarakter və situasiyaları modernləşdirir, müasirliyə uyğunluğu axtarır. Bu bir çox tənqidçilərin yazdığı kimi, “maskarad” deyildir. Dramaturq keçmişdə olmuşları – sinfi mənafelər mübarizəsinin üstünlüyünü, müasir ideyaların əmələ gəlməsini aşkar edir. Mümkün modernləşdirilməmiş sərhədlər qeyri-müəyyəndir, dəyişəndir. Burada bir çox məsələlər tarixi hissiyyatla və dramaturqun bədii üslubu ilə müəyyənləşir, burada ümumi mütləq qanunlar ola bilməz.
Müəllifə müasir olan dövr dramaturqu müəyyən ideyalar dairəsinə daxil edir və rəssamlıqda, romanda, dramda təcəssümünü gözləyən real xarakterləri yaradır. Xarakterlər isə, qeyd etdiyimiz kimi, müəyyən situasiyalarla, şəraitlərlə bağlıdır, süjetlər belə yaranır.
Realist drama müəllifə müasir gerçəkliyin bilməsini tələb edir. Lakin nə fotoşəkil və nə təsadüfi zarisovkalar, nə rasional müşahidələr bədii realist obrazları yaratmağa qadir deyildir. Bədii tipikləşdirmə ideya-emisional fikrin ifadəsidir. Və təsadüfi deyildir ki, bir çox klassik əsərlər o dövrün tənqidi tərəfindən xoşluqla qarşılanmamış, həmin əsərləri gerçəkliyin təhrifi kimi qiymətləndirmişlər. Məsələn, həmin tənqidçilər N.V.Qoqolun “Müfəttiş” əsərində tipikliyi inkar edərək, onu anekdot, lətifə adlandırmışlar. Eyni zamanda da həmin tənqidçilər iddia edirdilər ki, Ostrovski öz pyeslərini zamoskvareçye(Moskva çayı arxası) tacirlərinin məişətlərini, həyat tərzlərini düzgün ifadə etmir. Belə tənqidçilər müəllifin müşahidəçi ilə deyil, onun fikri və hissiyyatı ilə,onun satirik və ya patetik mübaliğəsi ilə mübahisə edirdilər.
Şüurlu şəkildə bədii tipikləşdirməyə, xasiyyətlərin realist təsvirinə müəllif cəhdi öz başlanğıcını antik faciədən alır. Artıq antik faciənin Sofokl və Evripid kimi sənətkarlarında və antik komediyanın Aristofan, Plavt, Terensi və başqa nümayəndələrinin komediyalarında realist cizgilər tapırıq.
Artıq Aristofanın komediyalarında gördüyümüz kimi, realist xarakteristika kəskin şişirtmə ilə tamamilə uyğunlaşır. Bu hələ azdır, dramatik sənətin realist zirvəsində, tragediyada olduğu kimi, komediyada da obraz-xarakterlər həmişə mübaliğəlidir. Onların arzuları və hissiyyatları, onların davranışları və onların bizim qarşımızda baş verən şəraitlərdə meydana gəlmələri mübaliğəlidir. Klassik realist əsərlərin personajlarının dili mübaliğəlidir.
Mübaliğə tipikləşdirməni gücləndirir, obraz elə bir ifadə verir ki, o, bizim yaddaşımızda həyatda qarşılaşdığımız adamların surətlərindən belə artıq dərində yerləşir.
Lakin realist dramadakı mübaliğə ilə romantik dramadakı mübaliğə arasında mahiyyət etibarilə fərq vardır.
Realist dramda mübaliğə bədii tipikləşdirmənin ifadə vasitəsidir, həqiqətə uyğunluq şişirdirilmişdir
Romantik dramada isə mübaliğə artıq ifadə vasitəsi deyil, bilavasitə mövzudur, ifadə vasitəsidir. Buna, məsələn, V.Hüqonun “Ernani” draması nümunə ola bilər.
Əsil bədii realizmdə tipiklik fərdi xarakter ilə ayrılmaz surətdə bağlıdır; sənətkar ümumini xüsusi vasitəsilə, abstraktı konkret, kollektivliyi fərdilik vasitəsilə verir. Dramaturq müəyyən mühit üçün nəzərdə tutduğu tipik obrazın xarakteristikasını onun bütün fərdilikləri ilə, konkret xüsusiyyətləri ilə işləyir.
2. Xarakteristikanın iki növü. Xarakteristikanın iki növü vardır. Birincisi: xarakter bütöv olaraq oxucu və ya tamaşaçı üçün tədricən açıla bilər . Adətən dramaturq-psixoloqlar xarakteristikanı belə aparırlar. Bunun əksinə olan xarakteristikanın ikinci növünü biz “c o m m e d i a d e l l a r t e “də tapırıq Burada iştirakçılar təkcə bütövlükləri ilə deyil, həm də xarakterlərin hazırlığı ilə fərqlənirlər. Bir çox qəhrəmanlıq dramlarda bu xüsusiyyət vardır. Belə dramlarda artıq qəhrəmanla ilk görüşdən onun xarakteristikası aydın olur. Qəhrəmanlıq dramasında hərəkətin maraqlı, patetik mübaliğədə, coşğun şəkildə yüksələn, çətin və kəskin səhnə vəziyyətində, ağlasığmaz səddlərin aradan götürülməsindədir.”C o m m e d i a d e l l a r t e”də hərəkət maraqlı fabula inkişafında, ağlasığmaz səhnə vəziyyətindədir.
Realist, məişət və psixoloji drama “commedia dell arte”dən belə “hazır” xarakteristika metodlarını irsən ikinci dərəcəli personajlar üçün almışdır.
3. Xarakteristikanın təhlili. Biz xarakteri onun ayrı-ayrı təzahürləri ilə müəyyənləşdiririk, lakin bu həmin ayrı-ayrı xarakter təzahürlərinin özümüz üçün xarakter haqqında bütöv anlayışımız vasitəsilə müəyyənləşdiririk. Dram qəhrəmanının ayrı-ayrı hərəkətləri onun xarakteristikasını müəyyənləşdirir. Və əksinə olaraq bu xarakteristika vasitəsilə onun ayrı-ayrı sözlərini və davranışını müəyyənləşdiririk. Məntiqi olaraq, yalançı, aldadıcı dairə yaranır, dram qəhrəmanının ilk sözlərini və hərəkətlərini biz ikili mənada qiymətləndiririk.
Birincisi, fərdi, ayrıca hərəkət, ayrıca arzu kimi, ikincisi, isə dərhal tapmağa çalışdığımız ümumi xarakteristikanın təzahürü kimi.
Drama, əksəriyyətlə, xüsusi – bütöv xarakterləri xüsusi vəziyyətdə təsvir edir. Dramın qəhrəmanı bizim qarşımızda məqsədli, iradəli cəhdin fasiləsiz axınında bizim qarşımızda durur. Onun ayrı-ayrı replika və hərəkətləti vahid hərəkətin vahid xəttinə qovuşur. Beləliklə, dramatik qəhrəmanın xarakteri özünün vahid hərəkəti ilə məhduddur.
Əgər müəllif dramın iştirakçılarını müxtəlif və çətin sınaqlardan keçirirsə, o zaman xarakter geniş və dərin açılır, xarakter müxtəlif keyfiyyət kəsb edir; o müxtəlif cəhdlərdən göstərilir.
Lakin xarakteristika konkret təzahürlərlə təhrif edilməməlidir.Obraz-xarakter özünün dramatik inkişafında bütöv qalmalıdır. Vahid hərəkət obraz-xarakterin əsasıdır.
Aktyor pyeslə tanış olarkən səhnə obrazını hərtətəfli işləmək üçün material axtarır. Məlumdur ki, eyni bir rolu müxtəlif aktyorlar oynamışlar və onların hər biri də həmin rolu özünəməxsus ifadə etmişlər.
—- —- —-
Xarakteristikanın təhlilində biz hər şeydən əvvəl müəllifin ideyasını, onun üslubunu və janrını müəyyənləşdirməliyik. Lakin ayrı-ayrı xarakterlərin təhlili böyük spesifik çətinlikləri müəyyənləşdirə bilər. Dram əsərlərin iştirakçısını dramaturq başqa personajlarla qarşılıqlı münasibətdə, dramatik mübarizədə göstərməlidir.
Yazıya 1078 dəfə baxılıb