Xəyalə Sevil – Uşaqsız ana

 

xeyale

Kipriyində yaş qalmışdı,
Ürəyində daş qalmışdı.
Neçə ildi uşaqsızdı,
Neçə ildi
Əli-qolu boş qalmışdı.
Boş qalmışdı evi-eşiyi,
Yorğan-döşəyi,
Hələ doğmadığı balasının beşiyi.

Neçə ildi soyumurdu
Ürəyinin bala odu.
Onun-bunun balasını əzizləməkdən
Uşaqsız anaya çıxmışdı adı.
Hərdən öz-özündən çıxırdı,
Gileyini dodağından yıxırdı.
Yıxırdı dərdini-sərini
Yerin-göyün üstünə,
Dayanırdı dünyanın qəsdinə,
Gileyini yağış kimi
Yağdırırdı Allahın başına.
“Hamının balası var,
Lap elə həyətdəki itin də, pişiyin də,
Ürəyimin eşiyində
Yaşayanlar bilmirlər,
Bəs, sənin ki xəbərin var,
Gücün var, hünərin var,
Sən istəsən eliyərsən,
Allahsan, Allahsan axı.
Ürəyimi iki bölən
Bu ağrı, qorxu niyədi,
Neçə ildi üzüm sənə,
Əllərim isə göyədi.

Yenə bir gün
Gözlərindən yaş axdı.
İri-iri damcılar
Düşdü dərdinin üstünə,
Dərdini silkələdi.
Dərdindən uşaq səsi,
Hərdən gülümsəməsi,
Gecələr oyanması,
Ağlayıb dayanması,
Töküldü, səpələndi.
Birdən dodaqlarından
Ağrıları dilləndi.
“Mən nəyin cəzasını
Çəkirəm belə, Allah,
Gözlərimdə yaş qalmadı,
Yaşım qara gilə, Allah.
Bu bəxt mənim bəxdimdirmi,
Açammıram, sirr demişəm,
Allah ,mənə bir evlad ver,
Gücüm özümə çatır,
Özümü nəzir demişəm.”

Gün keçirdi ,ay ötürdü,
Neçə-neçə yay ötürdü.
Gələn ağrıyla gəlirdi,
Gedən yapışıb qalırdı
Ürəyinin yaxasına.
Hərdən balaca uşaqlar
Girirdi yuxusuna.
Gülürdü,
Gecəyarı dəli kimi gülürdü.
Ərinin səsinə oyanırdı birtəhər,
Onunku da bura qədər…

Günlər beləcə keçirdi,
Başındakı qara saçlar
Cavanlığına qoşulub qaçırdı.
Qocalırdı,
Qocaydı o.
Bütün uşaqlı analardan ucaydı o.
Ürəyində ağrıları başlamışdı,
Gün ötmüşdü vaxt keçmişdi,
O beləcə yaşlanmışdı.

Bir gün yenə ağrılar
Tutdu ürəyinin zəyif yerindən.
Çırpdı ora-bura,
Sürüklədi,
Sirkələdi.
Yerindəcə durub düşdü,
Gözlərinə qürub düşdü.
Əlini ürəyinin üstünə çəkdi,
Yüklü kipriklərini qaldırıb
Gözünü göyə dikdi.
Allahı axtarırdı
Buludların arasında.
Min cür ağrılı sual gizlənmişdi
Gözlərinin qarasında.
Təəssüflü baxışları
Allahdan gileyli idi,
O evlad həsrətindən
Ömrü boyu Leyli idi.

Beləcə, beləcə,
Elə həmin gün ,həmin gecə,
Qaranlıq keçdi gözündən.
Soyuq tər içdi üzündən ,
Yanındakı mələklər.
Ağaclar sirkələndi,
Sərin sərin əsdi küləklər.
Ruhu sürüşdü bədənindən,
Qalxdı buludların yanına.
Bir cəsəd də belə düşdü,
Torpağın qara canına.
Gözündəki yaşlar
Doğmadığı balasının yaşı ilə
Həmyaş idi,
Onun qara dərdləri
Qəbrinə başdaş idi.
Göyə getdi,
Dərdlərini söyə-söyə getdi.
Yerlər uşaqsız yaşatdı
Bu uşaqsız qarını .
Kİm bilir bəlkə ruhu doğacaqdı ,
Özü doğmadığı evladlarını…

Yazıya 1187 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.