Öləcəyini bilincə
kimisə öldürməyə dəyməz… sözünlə.
Arxasınca süründüklərin
bir daha qayıdıb yolunu tutmaz,
pəncərəndən boylanmaz,
qapını döyməz… izinlə –
öləcəyini bilincə…
…
Əzrayılla beşdaş oynayıram,
o mənə hül tutur,
mən ona daş atıram.
Qəddarlıq öyrənirəm
başımı daşa döyməklə,
daşı daşa döyməklə,
oyun oynamıram ki,
baş kəsənə cəsəd daşıyıram!
Mənə başdaşı qoyur
başına daş saldıqlarım.
Sinəmin üstünə
gül yerinə beşdaşı qoyur
oyuna saldıqlarım.
Əzrayılın hülü
bir məzar enindədi, görürəm,
Boyumu qarışlayanlar
mənim günümdədi, görürəm.
Salam, Əzrayıl,
qohuma-qonşuya,
doğmaya-yada
əlvida demək yadımdan çıxıb.
Bu qəbir adamlar
ehsan adıyla
canımı yeməkçün
səndən çox darıxıb…
…
Ölümüylə oynayan uşaq
oynadır əlində
ölmək istəməyənlərin
qırılmış ümidlərini.
Təzədən göyərmək istəyiylə
yarpağını tökən ağaca bənzəyir
üzü qışa dirənənlər.
Ölümüylə oynayan uşaq
ovcunda göyərdir arzularını
istidən, soyuqdan qoruna-qoruna.
Torpağı ana bilib
bətninə toxum kimi düşən cəsədlər
çürüntü iyi verir
və ayaq barmaqları psarioz olanların
burun çatladan qoxusuna
bənzəyir həyat… sonda.
Olumu ilə ölümü arasında vurnuxur insanlar
qarışqa yuvasında,
arı pətəyində vurnuxduğu kimi…
Səhərin kirli gözlərini,
günün üzüntülü intizarını
və qürubun kipriklərindən asılmış daşı
gələnlərin alnına yazır,
gedənlərin ovcuna qoyur
ölümüylə oynayan uşaq…
Yazıya 739 dəfə baxılıb