Paşa Qəlbinur məşhur oftalmocərrah, dünyanın bir çox akademiyalarının üzvü, Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının müdiri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, şair, esseist, filosof, yeddi şeir toplusu, iki romanın və “Təbabət poeziyanın fəlsəfi əyarı kimi” monoqrafiyanın müəllifidir.
Esse-lüğəti mənası təcrübə, sınaq olduğu kimi bədii janr olaraq məcazi mənada şər əməllərin nəticələrinin sınaqdan, təcrübədən keçib insanın özünə zərbə vurmasının fəlsəfi izahını verir. Esse sayılan kiçik həcmili əsərlərdən fərqli olaraq, başqa kiçik həcmli əsərlərdə hadisələr nəql olunur və elmi izahlar verilmir. Eyni zamanda fəlsəfi yanaşma, təhlil də olmur. XVI əsrdə fransız Mişel Monten cəmiyyətdə baş verən eybəcərliyi sərbəst olaraq, izahla qələmə almış və esse bəddi növünün əsasını qoymuşdur.
Bu növ bədii yaradıcılıq Avropada cərəyan etməklə dünyaya yayılmışdır. Məqsədim esse janrının nəzəri təhlilini və tarixini göstərmək deyil, əsasən qarşıda duran Paşa Qəlbinurun “İDRAKIN ƏTRİ” adlı kitabındakı esselərin qərb esse əsərlərindən fərqliliyini, müəyyən mənada üstünlüyünü bir oxucu kimi önəmləməkdir. Burada söhbət tibb üzrə alim, fəlsəfəni tibb və bəddi təfəkkürlə birləşdirən, eyni zamanda istedadlı, şeirləri könüllər oxşayan bir şairin yaradıcılığından gedir. Məntiqi yanaşmada görürük ki, insan şər əməl etməklə yalnız özünə deyil, öz genesenzinə zərbə vurmuş olur. Insan beyninə yazılmış mənfi düşüncə, təcrübədən keçirdiyi şər əməl yaddaş ötürücüsü olan hüceyrələrdə irsən övaladına da keçə bilir. Yaxşı düşüncələr, yaxşı əməllət təcrübəsi də irsən insan genləri vasitəsilə dediyimiz kimi, nəsldən-nəslə irsən keçmə prosesidir. “İDRAKIN ƏTRİ” esselərində bir neçə hadisələri nəzərdən keçirək:
Birinci mövzu- “Cahad!!!” bu başlıq altında “Xocalı soyqırımı” na münasibət və təhlillərə nəzər yetirək, özümüzə də məlum olanlara bu prizmadan baxaq. Mövzunun başlanğıcında qeyd edildiyi kimi, özünü mədəni qələmə verən Qərbdə “Diri meymun beyni” varlı “insanlar” tərəfindən “tutiya” qəbul edilib yeyilməsi varsa, deməli, həmin “insanlar” bütün insani keyfiyyətlərdən uzaq, vəhşilərin vəhşisidirlər. Belə olan halda həmin varlılar siyasi məqsədlərini həyata keçirmək üçün hər cür çirkinliklərə əl atmaqdan çəkinmirlər. “Xocalı soyqırımı”nın ideoloqları da məhz Qərb irtica dairələri olmaqla, silahlandırıb, təlimləndirdikləri erməni terrorçuları, millətçi erməni vəhşiləri tərəfindən həyata keçirilmişdir. Bu vəhşiliklərin vərdişləri hələ 1914-cü il Birinci dünya müharibəsi dövründə İngiltərədə hazırlanmış “Anadolu planı”nında Türkiyəni millət münaqişələri yaratmaqla daxildən zəiflətmək siyasətində nəzərdə tutulmuşdu və tətbiq olunmuşdu… O zaman Türkiyə ərazisində Qərbin silahlandırdığı erməni daşnakları kəndlərə, qəsəbələrə hücumlar edib mülki türk əhalisini: qoca, uşaq, qadın-əllərinə keçənlərə ( tarixə məlum olan) olmazın işgəncələr verib məhv edirdilər… Xocalı faciəsinin törədilməsi də həmin vəhşi millətçilərin babalarının onlara keçmiş olduğu irsi xəstəliyin vəhşilik əlamətləridir…
Tarixdə insanlar üzərində vəhşiliklər törədənlərin aqibətləri haqqında çoxsaylı yazılar var. Hər zaman Tanrının yaradığı xilqətə, göndərdiyi qanunlara qarşı çıxanlar elə bu dünyada da cəzasız qalmayırlar. Əgər Xocalı faicəsi vəhşiliklərinin icraçıları haqqında araşdırma aparılarsa, mən tam əminəm ki, sonradan əməllərinə görə onların başlarına müsibətlər gəlmişdir. Bəziləri elə xəstəliyə tutulmuşlar ki, əzablardan qurtarmaq üşün Allahdan ölüm diləmişlər…
Mixail Qarbaçovun həyat yoldaşı Larisa Qarbaçovanın aqibətini xatırlayaq. O xanımın ətrafında aqambekyanlar, nazaryanlar var idi, qızının da əri erməni Karendir. Hamıya məlum olduğu kimi, Amerika, Fransa və b. səfərlərində erməni lobbisindən qiymətli hədiyyələr alıb Qarabağın Ermənistana birləşdirilməsi planına kömək etmək üçün razılıq vermişdi. Larisa Qarbaçova əri Mixail Qarbaçova təsir edib hadisələri ermənilərin xeyirinə çevirməyə nail olurdu. Bu həyatda hamıya məlum olan “arvad sözü” çox kişilər üçün keçərlidir… reallığıdır…
Nəhayət, Larisa Qarbaçovanın aylarla Almaniyanın ən güclü həkimlərinin nəzarəti altında olsa da, baş ağrısından hansı əzabları çəkdiyinin bütün dünya şahidi oldu. Onun yığdığı daş-qaşlar, pullar köməyinə çatmadı və öldü, elədiyi haqsızlıqların cəzasını aldı…
“İdrakın ətri” kitabında verilən esselərdən birini qısa xatırladıb ona bənzər bir hadisə haqqında da məlumat vermək istəyirəm:
Sovet hakimiyyəti qurulan vaxtlarda bir seyidin həyat yoldaşı ilə birlikdə bolşevik əsgərlərinin silahı altında kənddən çıxarılıb sürgünə apardıqları zaman qadın su götürmək üçün çaya enir. Bolşevik əsgəri tüfəngin qundağı ilə qadını vurub ona mane olur. Seyid diz çöküb, başını yerə qoyub deyir: -Allah bu haqsızlığı necə götürürsən! Bu əsnada çayın o biri tərəfində addımlayan əsgər yerə yıxılır, əlindəki tüfəngin çaxmağı çəkilir, açılan güllə qadını vuran əsgərin ürəyinə dəyir…
Buna bənzət hadisə: Bir rüşvətxor, əlinə keçənin var-yoxunu soyan, pul verməyənə qanunsuz olaraq, ən ağır hökm çıxaran hakimin oğlunun gözü qarşısında alovlar içində yandığını görənlər deyirdi:- Hakim fəryad edirdi ki, camaat onun övladını xilas etsin…
Bu cür hadisələr çoxdur, insanlar gərək nəticə çıxarsınlar. Anlasınlar ki, yaranmış insanlar hamsı Tanrı qaşısında bərabərdirlər və hər kəs yaxşı əməllərilə o dünyada üstünlük əldə edə bilərlər. Heç bir insanın, heç bir millətin başqasına əzab vermək, məhv eləmək haqqı yoxdur…
“İdrakın ətri” kitabından məndə böyük maraq yaradan bir hadisə insanda həm təəccüb yaradır, həm də düşünməyə vadar edir. Eyni zamanda, müəllifin qeyd etdiyi kimi, bu hadisə həqiqətən də poeziyanın subyektiv yox, obyektiv olduğunu göstərir.
Hadisə belədir ki, Xudu Məmmədov poeziyanı kristalloqrafiya və riyaziyyat qanunları ilə açıqlayır, maraqlı qarşılıqlar və qnuna uyğunluqlar tapırdı.
Ay gecəyə hicran sıxır.
İslanmışam…
Əynim-başım, hər yan işıq.
Ürəyimdən işıq axır-
qan qarışıq.
1975-ci il
Bu şeir yazılandan düz 27 il sonra maddənin xüsusi halının- MAYE İŞIQ almağa müvəffəq olan alimlərə bu kəşfə görə Nobel mükafatı verilib…
Paşa müəllim bir hadisə ilə bağlı yazısında nəql edir ki, Qonşuda ər arvadının başını kəsir, qadının körpəsinin ölmüş anasının döşünü əmməsini görürlər… Bu yük düz on dörd il hələ 13 yaşından Paşa müəllimin ürəyində gəzərək 1982-ci ildə bir axşam şeirə çevrilir:
DOLUXSUNMUŞ SÜKUT
Göygöl qoruğunda azman cevizi
“”Qolu baltalanmış” baltalanmışdı.
Gövdəsi qalmışdı yol qırağında.
Üç aydındır torpaqdan ayrılan ceviz
Zoğlamışdı…
Yaşıl-yaşıl.
Yaşılında sarı-yaşıl zoğlanmışdı…
Kövrək-kövrək ağlamışdı ceviz,
Üzümü üzünə sürtdüm,
Meyit kimi soyuqdu.
İşıq-işıq sellənmişdi.
Hər yan sükut.
Hər yan doluxsunmuş səs-səmirdi.
Elə bil ki,
Güllələnmiş cüyürü
Balaları əmirdi…
Bu şeir yazılandan düz on il sonra Xocalı faciəsi baş verdi. 3 mart 1992-ci ilin “Səhər” qəzetində aşağıdakı məlumatı oxudum: “Cavan ana bir yaşlı körpəsini götürüb qaçıb, onu güllə ilə vurublar, körpə bir sutka ölmüş anasının südünü əmib, sonra isə soyuqdan donub…”
Sən demə, poeziya təkcə olmuşlar yox, olacaqları da xəbər verərmiş…
Mən bir oxucu kimi “İdrakın ətri” esselərindəki poetik-elmi, tibbi-fəlsəfi anlayışlar formalarına birinci dəfə rast gəldim. Burada olan məntiqi, tərbiyəvi, maariflənmə dəyərlərinin gənc nəslin mənəvi tərbiyəsində böyük rolu olduğunu gördüm.
“İDRAK ƏTRİ” əsərindən ALZQEYMER
Payızda yarpaqlar saralıb ağacdan tökülürsə, gözəllikdir. Lakin yazda, yayda ağacların yarpaqları saralıb tökülürsə, bu xəstəlikdən baş verir. İnsanın da vaxtından əvvəl yaddaş zəifləməsi, nitq zəifləməsi “Alzqeymer” adlanan- beyin hüceyrələrinin vaxtından əvvəl ölməsidir. Yaddaşın günbəgün azalması, itməsilə sonda xəstələr öz doğmalarını belə unudur, danışa, gəzə, hətta gülümsəyə bilmirlər.
Əsrimizin hələlik müalicəsi mümkünsüz xəstəlikləri sırasında “Alzqeymer”in xüsusi yeri var. Dünyada (sayı günbəgün artan) 35 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Alzqeymer Birləşmiş Ştatlarda ölümə səbəb olan 6 əsas xəstəliklərdən biridir. Bu xəstəliyə düçar olan tanıdığımız simalar bir anda göz önündən keçir: Keçmiş ABŞ prezidenti, əsl sənəti aktyor olan Ronald Reyqan, məşhur futbolçu Ferens Puşkaş, İngiltərənin keçmiş baş nazirləri- Harold Vilson, Marqaret Tetçer, aktyorlar – Piter Falk, Rita Xeyvort, Anna Jirardo, Çarlton Xeston və b.
Bəzi alimlərin fikirinə görə, statiskanın şahidliyilə mütaliəsi qədərincə olmayan adamlar bu xəstəliyə daha çox düçar olurlar. Xəstəliyin çox-çox irəliləməmiş mərhələlərində bu xəstələr öz evlərində, mütləq tanış olan yerlərdə özlərini rahat hiss edirlər. Belə ki, gecəyarı yarıyuxulu adam qaranlıqda belə yatağından durub buz dolabından su içə bildiyi kimi, yaddaşında təkrar möhürlənmiş məqamlar silinmir. Adətən bu xəstələrin səhəti ən yaxın qohum-qardaşın evinə qonaq gedib bir-iki gün qonaq qalanda belə kəskin pisləşir. Çünki tanış olmayan məkan bu xəstəliyin yaddaş itkisini daha da dərinləşdirir.
Deməli, biz dünya həkimlərinin hələlik çarəsini tapmadığı bu qorxun, faciəvi ölümə aparan xəstəliklə iki yolla mübarizə apara bilərik: Birinci sistemli, mütamadi MÜTALİƏ (təfəkkürün stimulyasiyası) və evimizdə, şəhərimizdə, ölkəmizdə dünyada yaddaşımıza həkk olan tarixi, mədəni, ictimai, şəxsi və s, dəyəri olan hər hansı abidəni, əşyanı, əsəri və s. QORUMAQLAla.
Çox təəssüflər olsun ki, məlum elmi statistik məlumatlardan aydın olur ki, ölkəmiz hər min nəfərdən kitab oxuyanların sayına görə dünyada axırıncı yerlərdən birini tutur. Yenə təəssüflər olsun ki, yüz il əvvəl C. Məmmədquluzadənin, N. Nərimanovun, S. S. Axundovun,
Ə. Haqverdiyevin, M. Ə. Sabirin, M. Hadinin- kimlərin, kimlərin yana-yana kitab oxumağa çağıran, hayqıran səslərinin aktuallığı zərrə qədər də azalmır, əksinə günbəgün hava, su kimi zərurətə çevrilir.
Bir dəfə televiziyada mənə verilən “gözəl olmaq üçün nə etmək lazımdır?” –sualına “kitab oxumaq”,-dedim, gülüşdülər. İzah etdim ki, görürsünüzmü savadlı, güclü mütaliəsi olan din xadimlərinin və ya hər hansı peşə sahiblərinin üzündə nur, kəhrəba cazibəsi, çörəyin ətri kimi müqəddəslik, i.ıq olur. Hətta üz cizgiləri məlum gözəllik standartlarından, ölşülərindən kənarda olan istəlinən adam- yaşından, cinsindən, tutduğu mövqeydən asılı olmayaraq. Gözəl görünür. (Əgər mütaliəsi qədərincədirsə!..) Kitab oxumayanlar isə əksinə… (hətta o şəxs din xadimi olsa belə). Təkrar edirəm:
– Əsrimizdə dünya tibb aləminin fikrinə görə mütaliəsizlik eybəcərlikdir- cəhalət, cinayətlər və s.-dən başqa həm də ən pis xəstəliklərdən olan “Alzqeymer”in inkişafına yol açır.
Bu xəstəliyə yol açan ikinci səbəb mübarək yaddaşımızın məlum möhürlərini öz əlimizlə məhv etməyimizdir. Gözlərimizin önündə İçəri şəhərimizin ciyərini sökdülər. Neçə-neçə qədim abidəsinin yerində müasir “qutular” tikdilər.
Qarabağımızda, Qərbi Azərbaycanımızda erməni-daşnaq vandalizminə məruz qalan nə qədər abidələrimiz yerlə-yeksan oldu, içalatı talandı. Yaddaşımızın talanı dürlü-dürlü məkanlarda, fərqli formalarda və məzmunda oldu.
Hər dəfə Fəvvarələr meydanından, kilsənin yanından Mərkəzi Univermağa tərəf gedəndə hələ yaşımızdan əvvəl mövcud olan balıq dükanının yanından keçəndə burnumuza məlum hisə verilmiş balıq iyi gəlirdi.
Ta gəncliyimizdən biz bu dükana girməsək də, bu iy bizim yaddaşımızdaydı…(Məkandan söhbət düşsə belə). İndi odükanın içində pal-paltar satılır.(nənəm deməli “cır-cındır”) Fəvvarələr meydanının yanındakı kitab pasajının hücrələri də eyni taledə…
Mən illərdi, hətta tələsik o kitab pasajının yanından keçəndə belə, o kitabların “çörək ətrindən”. əslində elə “kitab ətrindən” ciyər dolusu udar, yoluma davam edərdim. Biz “səksənincilər” o kitab rəflərinə günəşə, aya baxan kimi baxar, hər təzə kitaba toxunanda ilk məhəbbətin “göyərçin əllərini” ovcumuzda tutardıq.
“Azərnəşr”in gözəl tarixi binasını özəl banka çeviriblər. O gün onun qarşısından keçirdim. Önündə ayaq saxladım… Yadıma keçmiş əyyamlar düşdü: Bu binadakı nəşriyyatlar, aşağı mərtəbəsindəki mətbəə, kitaba ruhuyla, qanıyla bağlı ona can verən insanlar… Doxsanda üçüncü mərtəbədə Leninin başsız, tərsinə üzü divara çevrilmiş heykəli və bir də o binanın bütün mərtəbələrindən gələn o müqəddəs kitab iyi.
Həssas burnumla heç kimin sezə bilmədiyi bir tövrlə, o binanı bir də iylədim. Çox zəif kif iyi gəlirdi. Ancaq bu iyi Feleminqdən 100 il (!) əvvəl Şamaxının Məltəm kəndində olan Loğman babamızın kif göbələklərindən hazırladığı məlhəmin (pensilinin) iyi deyildi və ola da bilməzdi…
Y. Məmmədəliyev küçəsindəki məşhur arxitektur “Atlantalar” olan bina söküləndə YUNESKO-nun Koreyadan olan nümayəndəsinin hönkür-hönkür ağladığını gözlərimlə görmüşəm. Bir bazar günüydü. Mən ona yaxınlaşdım. O qədər özümü itirmişdim ki, heç olmasa cib telefonumla o mənzərəni çəkə bilmədim.
Hə, yadıma düşdü ki, belə bir mənzərəni bir də televiziya ekranlarında son İraq müharibəsində
-Bağdadda qədim muzey dağıdılıb, qarət olunanda görmüşəm. Adını unutduğum amerikalı qadın professor hönkür-hönkür ağlayırdı…
Mənim bir şair kimi yadıma Koroğlunun Qır atı qaçıran Həmzəyə ürər dağlayan hayqırtısı düşdü: “Əylən deyim Qıratın qiymətini…”
Görəsən bu dağıtdıqlarımızın qiymətini bilirikmi? Məhv olan-həyatımız, sağlamlığımız, bu günümüz və sabahımızdır.
Bu yanıqlı sadalamalar, xatırlamalar uzun olar deyə, elə buradaca kəsirəm. Ancaq mən bir həkim kimi bilirəm ki, tarixi abidələrin məlum çoxşaxəli maddi və mənəvi dəyərlərindən başqa, həm də ona görə sökmək olmaz ki, bu ağır, qarşısıalınmaz Alzqeymer kimi qorxunc xəstəliklərin kütləviliyinə gətirib çıxara bilər. Elm artıq bunu sübut edib. Əlavə misallarla, faktlarla sizi yormaq istəmirəm.
Avropada elə qədim şəhərlər var ki, min ildir bir tikilisinin yola-küçəyə baxan üzü dəyişməyib. Beş yüz ildir şəhərin bir binası da uçurulmayıb. İnsan doğulub, yaşayıb şəhərin küçələrini, binaları, tikililəri, eyni görüb, əvvəlki yazıçı babasının təsvirindəki kimi…
MUBARƏK, MÜQƏDDƏS, YADDAŞ İNSANI RUHƏN VƏ CİSMƏN SAĞLAM SAXLAYIR, GÖZƏL XOŞBƏXT ÖMRƏ VƏSİLƏ OLUR!.. (Heç də təsadüfi deyil ki, babalarımız, nənələrimiz sidq ürəkdən deyərdilər ki, Ay Allah, sən mənim ağlımı əlimdən alma!..).
Əgər Moskvada səfirliyimizin “beş addımlığında” olan məşhur kitab mağazası az qala səhərə qədər açıq olursa, bizdə niyə olmasın. Əgər dünyanın müxtəlif bölgələrində məs: Skandinaviyada, Avropanın qədim şəhərlərində İçəri Şəhər tipli qədim yaşayış məskənlərinin hər evi yox, az qala hər daşı nömrələnibsə, bizdə niyə olmasın, əgər bütün dünyada qatarda, təyyarədə, tramvayda, istirahətdə kitab oxuyursa, teatrlarda növbəyə durursa, bizdə niyə olmasın, əgər…
Əgər bunlar olmasa, bizi dürlü-dürlü faciələr gözləyir: xəstləliklər, zəlilliklər, eybəcərliklər, məğlubiyyətlər, cəhənnəm əzabları…
Gəlin, həyətimizin, evimizin dörd divarı arasına çəkilməyək. Bu, qarşıdan gələn əzablı ölüm deməkdir. “Dəniz”i xilas etmək lazımdır. Dəniz suyunu vannaya ya hovuza töksən, daha dıniz suyu deyil! Necə ki, gözəl, mavi dənizdən əyilib bir ovuc su götürsəniz ovcunuzdan mavilik axıb gedər, ovcunuzda ölü ağ su qalar.
Ruhumuzun Nuh tufanı yaxınlaşır!!!
Gəlin həyatımızı xilas edək, neçə ki, gec deyil!
Yazıya 895 dəfə baxılıb