İosif Brodski — “Kölgəyə baş əymək”

brodsky_joseph (Kitabdan seçmələr )

İnsan növümüzün tarixində, “sapiens” tarixində kitab antropoloji fenomendir, təkər icadına bənzər bir şeydir. Bizim yaranışımızın başlanğıcından “sapiensin” nəyə qadir olduğunu göstərmək üçün sanki yaranaraq, kitab, çevrilən vərəqin sürətiylə təcrübə sahəsində yerdəyişmə vasitəsidir.

 

…Yazıçının bioqrafiyası onun dil biçimindədir… Dil zaman ambarı deyilmi?
…Böyük Baratınski, öz ilham pərisini “qeyri-ümumi üz ifadəsi olan” adlandırmışdı. Görünür, fərdi mövcudolmanın anlamı bu qeyri-ümumi ifadəni əldə etməkdədir.
…Dünyanı, yəqin ki, xilas etmək mümkün olmayacaq, amma ayrıca bir adamı hər zaman xilas etmək olar. (Nobel nitqindən).
…Hərdən özümü Şekspir hiss edirəm. Söhbətcil olmamız bizi barışığa sövq edir. (Frost “Ulduzları parçalayan”)
… Keçmişdəki bütün olaylar tayı-bərabəri görünməyən antropoloji faciə, genetik geriləmə idi, bunun da sonucu insan potensialının qəddarca kəsilib gödəlməsi oldu. Faciə, tarixin sevimli janrıdır. Ədəbiyyatın özünəməxsus dözümlülüyü olmasaydı, heç bir başqa janr da tanımayacaqdıq. Ümumiyyətlə, nəsr tərəfindən komediya və ya a′ clef roman yaranışı (uydurulmuş adlar altında gerçək şəxsləri təsvir edən roman) özünüqoruma aktı idi.
… Modernizm, klassikanın sıxlaşması və lakonikləşdirilməsinin məntiqi nəticəsidir yalnız.
…İncəsənət adamlara nəsə öyrədirsə, o da başqa adamlara yox, incəsənətə bənzəməyi öyrədir. Axı insanlar öz dövrlərinin qurbanı və ya cəlladı olmaqdan başqa bir nəsə olma şansına malikdirlərsə, o da, bax, Rilkenin “Apollonun gövdəsi” şeirindəki son iki sətrinə cavabdan ibarətdir:
“…bu gövdə hər əzələsiylə bağırır sənə:
— Başqa cür yaşamalısan!”
… Görünür, modernist özünükənarlaşdırmadan, eksperimentlərdən, absurddan və bunlara bənzər şeylərdən doymuş Qərb oxucuları adından çıxış edənlər üçün XX əsrin rus nəsri, özəlliklə də savaşsonrası dövrün nəsri rim katolikliyinin intizamsızlığından dincəlmədir, bir udum təmiz havadır.
…Böyük yazardan sonra kim gəlirsə gəlsin, nəhəng sələfinin məhz qaldığı yerdən başlamağa məcburdur. Dostoyevski isə, ola bilsin, elə yüksəyə dırmaşmış ki, Tanrının xoşuna gəlməmiş. Bu səbəbdən də Tolstoyu göndərmiş, Rusiyada Dostoyevskinin varisi olmayacağına əmin etmək üçün sanki… Elə də çıxdı: olmadı. Ədəbi tənqidçi və filosof Lev Şestov istisna olmaqla, rus nəsri Tolstoyun arxasınca getdi. Bununla belə rus nəsri özünü Dostoyevskinin ruhani zirvələrinə qalxmaqdan sevinclə qurtardı. O, tapdanılmış əyri mimetik yazı cığırlarıyla aşağı getdi və bir neçə pillədən sonra — Çexov, Korolenko, Kuprin, Bunin, Qorki, L. Andreyev, Qladkovdan sonra — sosialist realizmi quyusuna yıxıldı. Tolstoy dağı uzun kölgə salırdı, o kölgənin altından çıxmaq üçün ya dəqiqlikdə Tolstoyu ötüb keçməlisən, ya da keyfiyyətcə yeni dil məzmunu təklif etməlisən. Tilnyak, Zamyatin, Babel kimi ikinci yolla gedənlər və hərşeyi içinə sovuran Tolstoyun təsviri nəsrinin kölgəsiylə şücaətlə döyüşənlər də o dərəcədə iflic olmuşdular ki, bir müddət avanqard incəsənəti adıyla bir növ əsəbi teleqraf nitqi istehsal edirdilər.
…Hardasa Tolstoy qaçılmaz idi, çünki Dostoyevski təkrarolunmaz idi… Dostoyevski üçün incəsənət, elə həyat da, “insan nə üçündür?” haqdadır. Onun romanları, İncil pritçaları kimi, cavaba doğru aparan bələdçidir, məqsəd deyil.
… İki növ insan var və buna uyğun da iki yazar növü var. Birinci, sözsüz, əksəriyyət təşkil edən, həyatı yeganə əlçatan reallıq sayır… İkinci növ, azlıq, öz həyatını (hər hansısa bir başqasınınkını da) insan keyfiyyətlərinin sınaq laboratoriyası sayır, tə′yin yerinə həm diini, həm də anrtopoloji variantda gəlib çıxmaq üçün bu keyfiyyətlərin ekstremal durumlarda qorunub saxlanılması prinsipial olaraq vacibdir.
… Onun kitabını bitirib örtmək, yuxudan dəyişilmiş sifətlə oyanmaq kimi bir şeydir.
… Kafkadan başlayaraq XX əsrdə hər bir böyük yazara Dostoyevskinin göstərdiyi təsir sübut edir ki, rus yazarlarının getmədiyi yol modernizmə aparan yol idi… (Bəlkə də, A.Platonovdan savayı…) O, sözsüz ki, məhz bu ədəbi eşelona aiddir, amma belə zirvələrdə ierarxiya yoxdur…)
… Rus nəsrində ənənə varsa da, o da böyük fikir axtarışı, insan situasiyasının bugün mümkün olduğundan daha tam analizinə canatma ənənəsidir, reallığın hücumunu dəf etməyə imkan verən daha yaxşı üsullar axtarışı ənənəsidir.
…Elə cinayətlər var ki, onları unutmaq – cinayətdir.
… Bu dərsi ən yaxşılar qavraya bilər yalnız.
…Cürət edib bu ulu insanı (Aleksandr Soljenisini.-Tərc.) ikinci yerə qoyardım (A.Platonovdan sonra-Tərc.), əsas da ona görə ki, o, xristian dünyası tarixində ən qəddar siyasi sistemin pərdə arxasında insanın, bəlkə də inamın özünün (bu da sizə sərt pravoslavlıq ruhu!) məğlubiyyətini ayırd etməyə açıq-aydın qadir deyil. Soljenisinin təsvir etdiyi tarixi dəhşətlərin miqyasını nəzərə aldıqda, bu bacarıqsızlıq özü-özlüyündə yetərincə elə ciddidir ki, adam şübhələnir ki, onun estetik konservatizmi ilə insan evladının özündə şər daşıması konsepsiyasına olan müqaviməti arasında bir asılılıq var.
… İnsan evladının başlatdığı bütün sahələrdəki arzuolunan demokratik prinsip ən azı iki yerdə keçərli deyil: incəsənətdə və elmdə. Bu iki sahədə demokratik prinsipin işləməsi şedevr və zibil, kəşf və savadsızlıq arasında bərabərlik işarəsinə gətirib çıxarır.
… İncəsənət tarixi, artırma və dəqiqləşdirmə tarixidir, insanın dünyaduyumu perspektivlərinin genişlənməsi tarixidir, ifadə vasitələrinin zənginləşməsi və ya, daha çox, sıxlaşması tarixidir.
… İncəsənət olmayan nəsrdə qorxulu odur ki, o, təsvir edilən həyatı gözdən salır və fərdin gəlişməsində məhdudlaşdırıcı rol oynayır.
… İnsanların beyni və ürəyində incəsənətin qoyduğu boşluqları siyasət doldurur.
… Öz ana dilinə yox, başqa dilə üz tutan yazar bunu ya Konrad kimi, ehtiyacdan, ya Nabokov kimi, şiddətli şöhrətpərəstlikdən, ya da Bekket kimi, daha da böyük yadlaşma üçün edir.
…Kilsələr olmasaydı, çox asanlıqla şair Uiston Hyu Odenin üstündə kilsə ucalda bilərdik, bu kilsənin ən başlıca ehkamı da təxminən bu cür səslənərdi:
“Bərabər sevgi mümkün deyilsə,
Qoy daha çox sevən mən olum”.
… Şairin toplum qarşısında bir görəvi varsa, o da yaxşı yazmaqdır. Azlıqda olduqda onun başqa seçimi yoxdur.
… Şeir oxumayan toplum elə dil səviyyəsinə enir ki, demaqoq və ya tiranın yeminə çevrilir asanca.
… İnsan — oxuduğudur, oxuduğuna bərabərdir.
…Öz individuallığımızı, fərdiyyətimizi itirənədək sevdiyimizdir bə′zən bizi dəyişdirən.
… – Ən yaxşı rus yazarı Çexovdur.
Niyə?
Aranızda sağlam ağlı olan yeganə insan odur. (Brodskinin ingilis yazarı Odendən eşitdiyi.-Tərc.)
… Hay-küylü şair və müdrik şair arasında tamaşaçı hər zaman birincini seçər, bu seçim onun demoqrafi tərkibini əks etdiyinə və ya şairlərin cavan ölmək kimi romantik adətlərinə görə deyil, bu, insan evladının qocalıq haqda (hələ onun nəticələrini demirik) düşünməyi sevməməsinin nəticəsidir.
… Şairlər dili yaşadanlardı.
… Şişirtmədən hedab edirəm ki, hər bir fərd ən azı bir şairi başdan ayağadək bilməlidir: dünya bələdçisi qismində olmasa da, barı dil meyyarı kimi.
… Bu və ya digər halda, U.Odenin bütün səyahətləri —ölkələrə, könül mağaralarına, doktrinalara, inanclara —onun arqumentasiyasını gəlişdirməkdən daha çox nitqini genişlətməyə xidmət edirdi… Nə olur olsun, amma onu oxumaq, özünü alicənab hiss etmək üçün yeganə olmasa da, çox az əlçatan üsullardan biridir.
… Şərqin sərsəmləməsi və dəhşəti. Asiyanın tozlu fəlakəti. Yaşıllıq yalnız Peyğəmbərin bayrağındadı. Burda bığlardan savayı heçnə bitmir.
… Rasizm? Bu ki mizantropiyanın biçimidir sadəcə… Snobizm? Bu ki ümidsizliyin biçimidir sadəcə.
… Müəyyən iradəsi ya da təxəyyülü olan hər bir fərd məşğul olduğu işdə metafiziki, sonsuz səbəb görə bilər.
…Katarsis, təmizlənmə sürəci, olduqca müxtəlifdir: fərdi (qurbanvermə, müqəddəs yerin ziyarəti, bu və ya digər əhd) və kütləvi (teatr, idman yarışı) xasiyyətə malikdir. Ocaq — amfiteatrdan, idman meydanı – mehrabdan, yemək qazanı — heykəldən fərqlənmir.
… Sırf siyası həyatda politeizm demokratiyaya bərabərdir. Mütləq hakimiyyət, avtokratiya, əfsuslar, təkallahlığa bərabərdir.
… Bəlkə də hər şeyi öz adıyla çağırmağa gərək yoxdu, amma demokratik dövlət, əslində, bütpərəstliyin xristianlıq üzərində tarixi təntənəsidir.
… 28 yaşında adam həmişə bir qədər dekadentdir.
… Ədəbiyyatın xidmətlərindən biri odur ki, o, mövcud olduğu zamanı dəqiqləşdirməyə, kütlə arasında özünü, həm özündən öncə gələnləri, həm də özünə bənzəyənləri seçməyə, tavtologiyadan, yəni məşhur “tarix qurbanları”nın aqibətindən qaçmağa kömək edir.
… ”Sapiens”in öz inkişafını dayandırmaq zamanı gəldiyini qərar verdiyimizdə ədəbiyyat xalq diliylə danışa bilər yalnız. Əks halda xalq ədəbi dillə danışmalıdır. Hər bir yeni estetik reallıq insan üçün onun etik reallığını dəqiqləşdirir. Çünki estetika etikanın anasıdır; “yaxşı” və “pis” anlayışları ən öncə “xeyir” və “şər” kateqoriyalarını qabaqlayan estetik anlayışlardır. Etikada “hər şey olar” ona görə mümkün deyil ki, estetikada “hər şey olmaz”dır, çünki spektrdə rənglərin sayı məhduddur. Ağlayaraq özgənin qucağına getməyən və ya, əksinə, ona tərəf əllərini uzadan hələ heçnə qanmayan körpə, öz hərəkətiylə instinktiv olaraq etik seçim yox, estetik seçim edir.
… Zövqlü insanın, özəlliklə də bədii zövqü olanın, siyasi demaqoqiyanın hər bir növünə xas olan təkrarlara və ritmik ovsunlamalara həssaslığı az olur… Fərdin estetik təcrübəsi nə qədər zəngin olsa, zövqü də o qədər bərk olur, mənəvi seçimi də dəqiqdir, o daha çox azaddır, ola bilsin ki, daha da az xoşbəxtdir.
… Antropoloji anlamda insan etikdən daha çox estetik məxluqdur. Buna görə də, incəsənət, xüsusən də ədəbiyyat, növ gəlişməsinin məhsulu yox, tam əksidir.
… Mənə elə gəlir ki, kitab həmsöhbət kimi yoldaşdan və ya sevgilidən daha etibarlıdır. Ədəbiyyat xalq diliylə yalnız o zaman danışa bilər… Bu söhbət zamanı yazıçı oxucuya və əksinə — oxucu yazıçıya — bərabərdir, yazıçının dahi, böyük olub-olmamasından asılı olmayaq. Bu bərabərlik, şüur bərabərliyidir, bu bərabərlik ömrün sonunadək tutqun və ya dəqiq şəkildə yaddaşda insanla qalır, tez ya da gec, yerli ya da yersiz olaraq fərdiyyətin davranışlarını təyin edir… Yazar və oxucunun birgə tənhalıq məhsuludur roman və ya şeir.
… İnsan növümüzün tarixində, “sapiens” tarixində kitab antropoloji fenomendir, təkər icadına bənzər bir şeydir. Bizim yaranışımızın başlanğıcından “sapiensin” nəyə qadir olduğunu göstərmək üçün sanki yaranaraq, kitab, çevrilən vərəqin sürətiylə təcrübə sahəsində yerdəyişmə vasitəsidir. Kimin sürətinə bənzər yaradılmağımızdan asılı olmayaraq, biz artıq 5 milyardıq, və insanların incəsənətin təsvir etdiyindən başqa gələcəyi yoxdur.
… Mən dövləti kitabxana ilə əvəz etməyə çağırmıram, halbuki bir neçə dəfə bu fikir ağlımdan keçib, lakin şübhəm etmirəm ki, biz öz hökmdarlarımızı onların siyasi proqramlarına əsasən deyil, oxucu təcrübəsi əsasında seçsək, yer üzündə dərd daha az olar. Düşünürəm ki, talelərimizin potensial hökmdarından ilk öncə xarici siyasət kursunu necə təsəvvür etdiyini yox, onun Stendala, Dikkensə, Dostoyevskiyə münasibətini soruşmalıyıq… Ən azı, mənəvi sığorta sistemi kimi bu, bu və ya digər inanc sistemlərindən və ya fəlsəfi doktrinadan daha tə′sirlidir.
… Kitabları tonqallara və s. atmaqdan daha ağır cinayət vardır — kitablara e′tinasızlıq, onları oxumama. Bu cinayətə görə adam ömrü ilə cavab verir; bu cinayəti millət edirsə — onda o, öz tarixiylə cəzalanır.

Tərcümə: İlahə Ucaruh

Yazıya 818 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.