“Bir bölüyün manifesti” kitabının oxucularla görüşü

1209042_951626358182924_1540441724672411233_n

Əsədulla Qurbanov,
fəlsəfə elmləri doktoru, professor

(Kitab haqqında qənaət və təəssüratlarım)

“Bir bölüyün manifesti” sənədli oçerki, bundan əvvəl “Elm və Təhsil” nəşriyyatı tərəfindən işıq üzü görmüş, müstəqil Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin mənbələrinin konseptual şəkildə, elmi-nəzəri və hüquqi, eyni zamanda fəlsəfi əsaslarla tədqiq olunduğu və bu sətirlərin müəllifinin fəlsəfi aspektləri üzrə elmi məsləhətçisi və rəyçisi olduğu “Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası” adlı monoqrafiyası ilə milli hüquq elmimizə, ələxüsus onun çox az tədqiq olunmuş cinayət prosessual hüquq sahəsinə qiymətli töhfə vermiş gənc, perspektivli mütəxəssis Qaya Əliyevin oxucularla növbəti görüşüdür. Əgər birinci kitab önəmli yaradıcılıq dövrü keçirən Qaya Əliyevin sırf elmi idrakının və akademik hüquq düşüncəsinin məhsulu idisə, hal-hazırda dəyərli oxucularımıza təqdim olunan “Bir bölüyün manifesti” sənədli oçerki isə, ədəbi-bədii yaradıcılıq və xüsusilə nəsr sahəsində, o cümlədən oçerk janrında qələmini sınayan müəllifin daha çox bədii təxəyyülünün, estetik şüurunun, emosional idrakının, fəlsəfi dünyagörüşünün və bilavasitə vətəndaş mövqeyinin inikasıdır.
Kitabda çağdaş dövrümüzün tələbkar oxucularına rəşadətli ordumuzun bir bölüyünün döyüşçülərinin timsalında doğma vətən naminə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın azadlığı uğrunda mərdliklə vuruşan vətən oğullarının dolğun obrazları təqdim olunmuşdur.
Heç bir qiymətli əsər təsadüfən meydana gəlmir. Hər bir dəyərli kitabın öz ərsəyə gəlmə, biblioqrafik həyata vəsiqə qazanma tarixçəsi var. Bu baxımdan, hesab edirəm ki, sözügedən əsərin yaranma tarixçəsi də hörmətli oxucularımız üçün maraqlı olardı. Tarixi təcrübə onu deməyə əsas verir ki, mühüm hadisə və proseslər “isti izlərlə”, canlı şahidlərinin və iştirakçılarının həyatda olduğu dövrdə yazılmayanda, həm tez unudulur, hafizələrdən silinib gedir, həm də sonrakı dövrlərdə qələmə alınsa belə, ayrı-ayrı faktlar və onlara subyektiv yanaşmalar kontekstində bitib-tükənməyən, gərgin mübahisələr predmetinə çevrilir. Qarabağ müharibəsinin dəhşətlərini öz gözləri ilə görmüş, 4 il ağır döyüşlərdə bilavasitə iştirak etmiş keçmiş bölük komandiri Şəmsi Hüseynov da, öz növbəsində bu qanunauyğunluğu aydın şəkildə başa düşərək, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə rəhbərlik etdiyi Yasamal taborunun II bölüyünün və həmin bölüyün ayrı-ayrı hərbçilərinin keçdiyi şərəfli döyüş yolu haqqında kitab yazılması, ən yeni tariximizə aid olan həmin hadisə və proseslərin vaxtında işıqlandırılması barədə niyyətini bəndənizə bildirdi. Şəmsi Hüseynovun təşəbbüsünü bəyənərək ona bu məsuliyyətli işin öhdəsindən layiqincə gələ biləcək, sistemli, analitik və akademik düşüncə tərzinə, universal biliyə və geniş dünyagörüşə, o cümlədən iti qələmə malik bir gənc hüquqşünas kimi Qaya Əliyevi tövsiyə etdim. Təklifimə müsbət yanaşan Şəmsi Hüseynov tezliklə, komandiri olduğu bölüyün döyüşçüləri barədə zəruri məlumatlarla Qaya Əliyevi təmin etdi. Heykəltəraşın sal daşları yonaraq onlardan canlı büstlər, əzəmətli heykəllər ərsəyə gətirdiyi kimi, Qaya Əliyev də öz növbəsində, bəndənizin ümidlərini və etimadını layiqincə doğruldaraq, Şəmsi Hüseynovun ona təqdim etdiyi bu informasiya xammalı əsasında belə bir sanballı tarixi oçerk meydana gətirmiş oldu.
Kitabın məzmunu ilə yanaşı, onun ad seçimi də mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, “Bir bölüyün manifesti” əsərinin yaranma tarixçəsi ilə yanaşı, onun adının genezisinə də toxunmağı vacib hesab edirəm. Göründüyü kimi, kitabın adı görkəmli nasir, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin məşhur “Bir gəncin manifesti” romanını xatırladır. Bu da təsadüfi deyildir. Böyük, ustad yazıçı tərəfindən ədəbi dövriyyəyə buraxılmış manifest istilahı, daha sonra görkəmli Azərbaycan diplomatı Hafiz Paşayevin müəllifi olduğu “Bir səfirin manifesti” əsəri ilə ədəbi məkanda öz mövqeyini daha da möhkəmləndirərək, idiomatik deyimə çevrilmiş və frazeologiya kimi ədəbi dilimizə vəsiqə qazanmışdır. “Bir bölüyün manifesti” əsərinin müəllifi də öz növbəsində, bu ədəbi ənənəni davam etdirərək çoxsaylı ad versiyaları arasından məhz “Bir bölüyün manifesti” adının üzərində dayanmışdır. Həm sözügedən aspektdən, həm də kitabın məzmununun lakonik şəkildə, tam, hərtərəfli və obrazlı ifadə edilməsi baxımından müəllifin əsərə ad seçimini kifayət qədər uğurlu hesab etmək olar.
Ölkəmizin ərazisinin 20 faizinin erməni silahlı qüvvələrinin işğalı altında olmasını, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını nəzərə aldıqda, hesab edirəm ki, bu fundamental əsərin aktuallığı barədə geniş danışmağa ehtiyac yoxdur. Bu baxımdan, Ümummilli Liderimiz Heydər Əliyevin 22 sentyabr 1993-cü ildə gənclərin nümayəndələri ilə görüşdə səsləndirdiyi bu dərin məzmunlu, geniş mündəricəli fikirlərini qeyd etmək yerinə düşərdi: …Əsas vəzifələrdən biri də gənclərimiz arasında vətənpərvərlik hissini geniş təbliğ etməkdir. Bu, təkcə ona görə deyil ki, biz indi müharibə aparırıq. Hər bir vətəndaş vətənpərvər olmalıdır. Əgər öz vətənini, torpağını, xalqını sevməsən, öz xalqının mənəvi dəyərlərinə sadiq olmasan, şübhəsiz ki, dünyada başqa şeyləri də qiymətləndirə bilməzsən. İndiki dövrümüzdə vətənpərvərlik ən aktual məsələdir.” (Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr. Birinci kitab: iyun, 1993 – may, 1994 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 1997. səh. 113)
Elə buna görə də, Ulu Öndərimizin hələ illər öncə qarşımıza qoyduğu vəzifənin yerinə yetirilməsinə – gənclərimiz arasında vətənpərvərlik hissinin geniş təbliğinə, ələxüsus gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən, indiki dövrümüzün ən aktual məsələsi olan vətənpərvərlik mövzusunda qələmə alınmış “Bir bölüyün manifesti” əsəri son dərəcə mühüm ictimai-siyasi və didaktik əhəmiyyət kəsb edir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu sanballı əsərin əhəmiyyətini şərtləndirən xüsusiyyətlərindən biri də onun çoxfunksiyalı səciyyə daşımasıdır. Başqa sözlə desək, bu əsər;
– ən yeni tariximizin Qarabağ müharibəsi səhifələrinin, həm də milli hərb tariximizin ən yeni dövrünün öyrənilməsi istiqamətində müasir tarixşünaslığımız üçün mühüm bir məxəzdir.
– eyni zamanda hüquq ictimaiyyəti üçün, Transmilli cinayət hüququ sahəsi üzrə bir gənc ixtisaslı mütəxəssis kimi müəllif tərəfindən XX əsrin sonlarında xalqımızın məruz qaldığı 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü kimi cinayətlərin beynəlxalq hüquqi tövsifinin verildiyi və Qarabağ konfliktinin hüquqi aspektlərinin şərh olunduğu konseptual mənbədir.
– habelə jurnalistika, politologiya və beynəlxalq münasibətlər üzrə mütəxəssislər üçün ölkənin istər daxilindəki, istərsə də xaricindəki bir sıra ictimai, siyasi, ideoloji hadisə və proseslərin konfliktoloji, politoloji, sosioloji, geopolitik və s. aspektlərdən, eləcə də beynəlxalq münasibətlər nəzəriyyəsi və tarixi, xarici siyasət və milli təhlükəsizlik, diplomatiya prizmasından ətraflı, hərtərəfli, müfəssəl, analitik şərhinin verildiyi, siyasi publisistika elementləri ilə zəngin yaradıcılıq məhsuludur.
– həmçinin, filosoflar, kulturoloqlar, dinşünaslar, pedaqoqlar, etika və estetika sahələri üzrə mütəxəssislər üçün, qədim Roma filosofu Senekadan, böyük Şərq mütəfəkkiri Əbu Turxana, klassik alman fəlsəfəsinin nümayəndələrinə, Kant, Hegel, Fixteyə, milli fəlsəfi fikir tariximizin görkəmli nümayəndələrindən – Akademik H.Hüseynovdan, Akademik R.Mehdiyevə kimi böyük filosofların və mütəfəkkirlərin mövzu üzrə fikirlərinin, mülahizələrinin, eləcə də müqəddəs Qurani-Kərimdən ayrı-ayrı ayələrin, habelə İslam dünyasının görkəmli mütəfəkkiri və dövlət xadimi Həzrəti Əlinin kəlamlarının əks olunduğu, mənəvi borc anlayışının, fəlsəfənin həyat, ölüm, ölməzlik problemlərinin, dialektikanın kateqoriyaları və qanunları, vətənpərvərlik hisslərinin, şəhidlik məktəbinin və bu kimi digər ayrı-ayrı anlayış və məfhumların fonunda müxtəlif qəhrəmanlıq nümunələrinin fəlsəfi aksioloji, etik və estetik, sosioloji və kulturoloji, mədəniyyətşünaslıq və pedaqoji və s. aspektlərdən təhlil və təbliğ edildiyi, müasir vətənpərvərlik tərbiyəsi metodikasına dair mühüm elmi mülahizələrin əks olunduğu tərbiyəvi-didaktik əhəmiyyətli əvəzsiz fəlsəfi, ideoloji, estetik, kulturoloji vəsaitdir.
– həm də filoloqlar üçün, böyük türk şairi və ədəbi tənqidçisi O.Ş.Gökyaydan, XIX əsr Fransız yazıçısı və filosofu E.Renana, Misir yazıçısı A.M.Akkaddan, Amerikalı yazıçı J.Fletçerə, Cek Londona, dahi şairimiz Məhəmməd Füzulidən, mühacir şairimiz Almas İldırıma, böyük alman şair-dramaturqu, mütəfəkkiri İ.V.Höteyə, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayevdən, ustad şairlərimiz Səməd Vurğun, Məmməd Araz, Bəxtiyar Vahabzadə və Cabir Novruza, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli klassiki Hüseyn Caviddən, ölməz sənətkarımız, nakam şairimiz Mikayıl Müşfiqə, Böyük türk şairi Mithat Camal Kuntaydan, korifey dramaturqumuz Cəfər Cabbarlıya kimi dünya və milli ədəbiyyatımızın onlarca digər klassikinin yaradıcılığından və ədəbi irsindən, eləcə də dünya xalqlarının mədəni irsindən – alban, yapon, türk və digər xalqların atalar sözlərindən, zərbi məsəllərindən, klassik latın deyimlərindən, milli folklorumuzun dəyərli nümunələrindən vətənpərvərlik mövzusu üzrə dərin məzmunlu, ibrətamiz, didaktik xarakterli, tutarlı və yerində iqtibasların gətirildiyi dəyərli müntəxəbatdır.
– hətta demək olar ki, hərbçilər, hərbi kəşfiyyat və əks-kəşfiyyat, hərbi strategiya, hərbi rabitə və s. bu qəbildən olan sahələr üzrə mütəxəssislər üçün, Yasamal taborunun II bölüyünün keçdiyi döyüş yolu təhlil olunarkən müəllif tərəfindən məşhur Prussiya generalı Helmut fon Moltkedən, hərb sənətinin dühası Napoleon Bonaparta, böyük Çin hərbi strateq Sun Tszıdan, Türk dünyasının böyük oğlu, əfsanəvi komandan M.K.Atatürkə, “Qafqaz qartalı” Şeyx Şamildən, Rusiya hərb tarixinə öz dərin izlərini qoymuş general Baryatinskiyə və general Belyayevskiyə, Alman hərb sənətinin görkəmli xadimləri general Falkenheymdən, marşal Liman fon Sandersə, II Dünya müharibəsində Leninqrad, Volxovsk və 2-ci Belarus cəbhəsində atıcı diviziyasının rabitə rəisi kimi faşizmə qarşı həlledici döyüşlərdə fəallığı və cəsarəti ilə seçilmiş təcrübəli çekist D.G.Bıstrovdan, İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, cəmi 34 yaşında ikən tank qoşunları qvardiya general-mayoru olmuş Azərbaycan xalqının əfsanəvi oğlu Həzi Aslanova kimi dünya hərb tarixinə adını qızıl hərflərlə yazmış görkəmli sərkərdələrin hərbi taktika və strategiya, hərbi idarəetmə, hərbi kadr siyasəti, hərbi rabitə, hərbi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti üzrə dəyərli fikirlərinə və təcrübələrinə, hərb elminə aid bu kimi digər fundamental müddəalara və mülahizələrə, eləcə də XIX əsr Şimali Qafqaz müharibəsi, I Dünya müharibəsində məşhur Çanaqqala döyüşü, Hələbin müdafiəsi, II Dünya müharibəsi kimi dünya hərb tarixi üzrə mühüm nümunələrə müraciət edildiyi, eyni zamanda dünya hərb tarixinin görkəmli simalarından– Amerikanın istiqlaliyyət müharibəsində ingilislər tərəfindən yaxalanaraq edam edilmiş 21 yaşlı Amerikan kəşfiyyatçısı N.Heydən, XX əsrin əvvəllərində İtaliyan faşizminə qarşı mətanətlə döyüşmüş Liviya xalqının əfsanəvi lideri Ömər Muxtara, Kokand xanlığının özbək əsilli sərkərdəsi, bütün mənalı ömrünü Şərqi Türküstanın azadlığı uğrunda mübarizəyə həsr etmiş Yaqub bəyə kimi, Milli hərb tariximizin parlaq simalarından – generallar Hüseyn Məmmədov, Tərlan Əliyarbəyov və Monqolustanın Xalq Qəhrəmanı Söhbət Quliyevdən, Böyük Vətən müharibəsində rabitə sahəsində böyük rəşadətlər göstərmiş Ələkbər Xəlilov, Məhər Süleymanov və Pirəli Pirəliyev kimi milli rabitəçi kadrlarımıza, Azərbaycan tarixinə bütün vətən torpaqlarını ilk dəfə vahid dövlət hüdudlarında birləşdirən hökmdar, görkəmli sərkərdə və islamın müqəddəs yerləri uğrunda şəhid olmuş döyüşçü kimi daxil olan Saci hökmdarı Yusif ibn Əbu Sac Divdaddan, doğma torpaqlarımızın yadelli işğalından müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə son damla qanınadək vuruşub qəhrəmancasına həlak olmuş Gəncə xanı Cavad xana qədər xatırlandığı hərbi tarixi-nəzəri-konseptual materialdır.
– o cümlədən, dünya xalqlarının və Azərbaycan xalqının mədəniyyətindən, söz xəzinəsindən, kulturoloji irsindən, elmi, fəlsəfi, dini, mifoloji dünyagörüşü nümunələrindən ibarət, rəngarəng söz çələngidir.
– Ən əsası isə bu kitab müasir oxucularımızın mütaliəsinə təqdim olunmuş, Qarabağ müharibəsində Yasamal taborunun II bölüyünün tərkibində vuruşmuş igid oğullarımızın keçdiyi şərəfli ömür və şanlı döyüş yolunun bədii boyalarla işıqlandırıldığı oxunaqlı bir bədii nəsr nümunəsidir.
Əlbəttə, əsər barədə bu qəbildən olan mülahizələrin sayını artırmaq da olardı. Bütün bunlarla yanaşı hər şeydən əvvəl qeyd etmək istərdik ki, bu dəyərli əsər mənəvi-ideoloji mahiyyəti etibarilə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizə ithaf olunmuş əbədiyyət simfoniyası, Qarabağ müharibəsində böyük şücaət və misilsiz qəhrəmanlıqlar göstərmiş Yasamal taborunun II bölüyünün igid döyüşçülərinə sözdən qoyulmuş abidədir.
Yasamal taborunun II bölüyünün keçdiyi döyüş yolu haqqında tarixi həqiqətləri əks etdirən ilk, bir qədər romantik tərzdə və bədii üslubda yazılmış bu əsərdə, bəlkə də hələ tariximizə bəlli olmayan məlumatlar, tarixi faktlar və hadisələr öz əksini tapıb. Bu əsərin ürək qanı ilə yazılmış səhifələrində 46 nəfər mərd, şücaətli, cəsur, ölümün gözünə dik baxan, vətən naminə tərəddüd etmədən sinəsini düşmən gülləsinin qabağına verən igid oğullarımızın, I Qarabağ müharibəsində şərəfli döyüş yolu keçən Yasamal taborunun II bölüyünün döyüşçülərinin ürəyi çırpınır.
Kitabda bütün döyüşçülərin bir ali məram uğrunda mübarizəsi qırmızı bir xətt kimi göz önündən keçib gedir. Vətənə sonsuz məhəbbət, düşmənə qarşı barışmaz kin, nifrət hissi. Zəngin, rəngarəng boyalarla gərgin hadisələrin fonunda hər bir döyüşçünün xarakterik real obrazı ustalıqla əks etdirilir. Onların keçdiyi şərəfli döyüş yolu haqqında sətirləri oxuduqca sanki, tankların vahiməli nəriltisini, ağır hərbi texnikanın, artilleriyanın tükürpədici uğultusunu, güllə səslərini eşitmək olur. «Bir bölüyün manifesti» əsərində bir məqam xüsusi ilə diqqət çəkir. Müəllif hadisələri təsvir etməklə yanaşı, bədii-publisistlik formada hər bir döyüşçünün həyat və döyüş yolunu izləyir və bütövlükdə onların mənəvi dünyasının vəhdətini yaradır. Eyni zamanda, əsərdə hər bir döyüşçünün keçdiyi ömür və döyüş yolunun timsalında bütövlükdə bölüyün hərbi-psixoloji panoraması yaradılır, bütövlükdə bölüyün hərbi-psixoloji mozaikası fonunda isə, hər bir döyüşçünün psixoloji portreti canlandırılır.
Yeri gəlmişkən qeyd edək ki, əsərin hər səhifəsində müəllifin zəngin mütaliəyə, müxtəlif elmlərə, fəlsəfəyə, o cümlədən teologiyaya dair ensiklopedik biliyə, geniş dünyagörüşə malik olması, həmçinin Ümummilli liderimiz Heydər Əliyevin, xalqımızın böyük oğlu Nəriman Nərimanovun, Türkiyə Respublikasının qurucusu və əvəzsiz lideri M.K.Atatürkün, eləcə də Bosniya xalqının lideri və Bosniya-Herseqovinanın ilk prezidenti Aliya İzzətbəyoviçin, XIX əsr Almaniyanın görkəmli diplomatı və kansleri Otto fon Bismarkın, görkəmli fransız sərkərdəsi və dövlət xadimi N.Bonapartın, Türkiyə Respublikasının 2-ci prezidenti, briqada generalı İsmət İnönünün və dünya tarixinə parlaq izlərini qoymuş onlarca digər siyasi xadimlərin irsinə dərindən bələd olması və başqa müsbət keyfiyyətləri özünü büruzə verir. Əsərdən iqtibas gətirdiyimiz təkcə elə bu sətirlər müəllifin Azərbaycan mədəniyyətinə, elminə və incəsənətinə dair nə dərəcədə zəngin və hərtərəfli biliyə malik olduğunu göstərməyə kifayət edir:

“Xızı rayonu. Cənnət Azərbaycanımızın dilbər guşəsi. Korifey dramaturqumuz Cəfər Cabbarlını, istedadlı şairimiz Mikayıl Müşfiqi, görkəmli bəstəkarımız Müslüm Maqomayevin «Şah İsmayıl» operasının liberettosunun müəllifi, şair və müəllim Mirzə Əbdülqədir Vüsaqini (M.Müşfiqin atası), müasir Azərbaycan nəsrinin və dramaturgiyasının, eləcə də kino və teatr sənətinin inkişafında böyük xidmətlər göstərmiş görkəmli nasir və dramaturqumuz Seyfəddin Dağlını, Xalq şairimiz Cabir Novruzu, XX əsr Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqidinin formalaşdırılması və inkişafında müstəsna rol oynamış, milli ədəbiyyatşünaslığımızın klassiki, akademik Məmməd Arif Dadaşzadəni, ilk dəfə milli folklorumuzun qədim nümunəsi olan meyxananı televiziya ekranlarına çıxaran, musiqili meyxana janrının banisi, ustad meyxanaçı Nizami Rəmzini yetirən diyar.”

Məhz, bu şəxsi intellektual imkanlarından məharətlə istifadə edən müəllif sovet tarixşünaslığından miras qalmış rəvayətçilik, primitiv salnaməçilik, arxiv materiallarının bir-birinin ardınca düzülərək təhlil edilmədən təqdim edilməsi, çoxsaylı statistika, quru sxematiklik kimi hallarla oxucunu yormadan, usandırmadan və mövzudan bezdirmədən onun diqqətini tarixi hadisə və proseslərə cəlb edir. Məsələn, oxucu Qarabağ şəhidi M.Səmədovun ömür yolu barədə sətirləri mütaliə edərkən yorulmur, çünki burada o, təkcə şəhid haqqında orta statistik tərcümeyi-hal göstəriciləri ilə yox, eyni zamanda bu kontekstdə onun üçün mühüm tapıntı olan N.Nərimanovun hələ XX əsrin əvvəllərində, Azərbaycanda sovet hakimiyyətinin yenicə qurulmağa başlandığı, dövlət səviyyəsində ateizmin geniş təbliğ olunduğu, İslam dininin və milli-mənəvi dəyərlərimizin təqib olunduğu bir dövrdə İmam Hüseyni tənqid edən həmkarına “Ucqarlarda inqilabımızın tarixi” əsərində verdiyi ibrətamiz cavabla, habelə onun üçün maraq doğuracaq elmi məsələlərlə – şəxsiyyət və onun formalaşmasının sosial-psixoloji aspektləri, o cümlədən dahi mütəfəkkir Con Lokkun «ağ lövhə» nəzəriyyəsi ilə və digər bu kimi rəngarəng məlumatlarla tanış olur. Müəllif mövzu daxilində müqayisəli analizlər, maraqlı paralellər, müxtəlif analogiyalar və s. məntiqi idrak metodları ilə zəngin haşiyələrlə oxucunu dərindən düşünməyə vadar edir. Məsələn:

“Çox maraqlıdır ki, doğma Azərbaycanımızla yanaşı, Mirhabil Rzayevin vaxtilə döyüşdüyü Əfqanıstanda da, Kabil şəhərinin yaxınlığında və Baqram aviabazasının 20 km cənub şərqində Qarabağ adlı bölgə mövcuddur.”

Və yaxud:

“Misir yazıçısı Abbas Mahmud Akkad yazırıdı ki, məhz, Kərbəla hadisəsindən sonra, Əməvilər xanədanlığının ömrü orta statistik bir insan ömrü qədər belə davam edə bilmədi. İmam Hüseynin şəhadəti ilə bu səltənətin çöküşü arasında cəmi 60 il vaxt intervalı oldu. İnanırıq ki, İmam Hüseyn şəhidlik məktəbinin yetirmələri olan Məmmədağa kimi vətən oğullarının da qanları yerdə qalmayacaq və onların şəhadət tarixi ilə erməni işğalçılarının arabağımızdakı işğal rejiminin ömrü arasındakı vaxt intervalı bundan da qısa çəkəcək.”

Həmçinin, dünya xalqlarının tarixinə, o cümlədən Azərbaycan tarixinə, eləcə də beynəlxalq münasibətlər tarixinə dərindən bələd olan müəllif ayrı-ayrı hadisə və prosesləri komporativ əsaslarla təhlil edib. Dünya xalqlarının tarixi təcrübəsinə müraciət edərək, ən yaxın keçmişimizdə baş verən hadisə və prosesləri bu spektrdə, müqayisəli analiz metodu ilə işıqlandıran müəllif uğurlu tarixi paralellər aparıb. Məsələn, müəllifin Bosniya-Herseqovinanın ilk prezidenti A.İzzətbəyoviçin 1995-ci ildə Bosniyada müharibəni başa çatdıran Deyton müqaviləsi haqqında ibrətamiz düşüncələri ilə, Ümummilli Liderimiz Heydər Əliyevin 1994-cü ildə imzalanmış, Qarabağ müharibəsində cəbhə boyu atəşkəsi nəzərdə tutan Bişkek protokolu barədə müdrik fikirləri arasında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konflikti ilə, tarixi Fransa-Almaniya, Elzas münaqişəsi arasında, qardaş Türkiyə xalqının tarixinin 1920-ci il Sevr müqaviləsindən 1923-cü il Lozanna sazişinə qədər olan tarixi revanş dövrü ilə, Azərbaycanın Qarabağ münaqişəsinin fəal müharibə fazasının başa çatdığı 1994-cü ildən sonrakı revanş imkanları arasında apardığı tarixi paralellər və komporativ təhlillər xüsusi maraq doğurur.
Bir sözlə, əsər oxucunun bədii-estetik zövqü ilə yanaşı, məntiqi idrakına və elmi, fəlsəfi dünyagörüşünə də xitab edir.
Eyni zamanda, müəllifin özünəməxsus metodikası və spesifik yaradıcılıq üslubu da xüsusi maraq doğurur. Əsərin strukturuna diqqətlə nəzər yetirdikdə aydın olur ki, oçerkin tərkib hissəsini təşkil edən hər bir bölmənin sərlövhəsi həmin bölmənin həsr olunduğu qəhrəmanın ömür yolundan ana xətt kimi keçən mühüm nüansı ehtiva edir. Daha sonra, müəllif tərəfindən məzmun etibarilə həmin sərlövhə ilə sinxronlaşan müvafiq aforizm verilir. Məsələn, əsərin Qarabağda döyüşmüş Əfqanıstan müharibəsi veteranı Mirhabil Rzayevdən bəhs edən bölməsi “Əfqanıstan müharibəsindən Qarabağın müdafiəsinə (Beynəlmiləl missiyadan vətən borcuna)” sərlövhəsi ilə başlayır və Ümummilli liderimiz Heydərin Əliyevin 4 noyabr 1993-cü ildə beynəlmiləlçi döyüşçülərlə çıxışından verilmiş müvafiq iqtibasla davam edir. Yaxud, əsərin ağır döyüşlərin birində yaralanmasına baxmayaraq yenidən vətənin müdafiəsi uğrunda döyüşlərə atılan Nurbala Əliyevdən bəhs edən bölməsi qəhrəmanın döyüş yolundan qırmızı xətt kimi keçən bu mühüm nüansa müvafiq olaraq məşhur atalar sözü əsasında, “İgid odur, atdan düşə atlana” sərlövhəsi ilə təqdim olunmuşdur.
Həmçinin, müəllif ayrı-ayrı hərbçilərin ömür və döyüş yolundan bəhs edərkən, qəhrəmanın canlı portretini yaratmaq və onun barəsində oxucuda tam, dolğun və real təsəvvür formalaşdırmaq üçün birbaşa mənbəyə – cəbhə yoldaşlarının xatirələrinə, səngər dostlarının döyüş təəssüratlarına müraciət edir. Lakin, bununla belə, müəllif bu xatirələri və təəssüratları kənardan, passiv şəkildə izləmir, yeri gələndə “müdaxilə edərək” onları şərh edir, bəzən ilk baxışda adi görünən məqamlarda belə qeyri-adi nüanslar aşkar edir və oxucunun diqqətini həmin nüanslara cəlb edir:

«…Döyüş uğurla başa çatdıqdan sonra bölük dincəlməli idi. Ancaq, Cəlal nədənsə narahat idi. Mənə yaxınlaşıb bildirdi ki, komandir, yaxınlıqda UAZ maşınını vurublar. İçərisində xeyli hərbi sursat var. Mən gedib o maşını gətirəcəyəm. Bunu deyib maşına tərəf gedir. O, maşını işə salıb, geri qayıdanda düşmən snayperi onu atəşə tutur. Cəlal ayağından və döş nahiyəsindən ölümcül yaralanır. Həmin maşında qalan 2 yaralı əsgərə son sözü bu olur ki, siz gedin, köməklə gəlin. Mən tək qala da bilərəm. Yaralı əsgərlərdən eşitdiyim bu kəlmələri, hələ də unuda bilmirəm.» (Komandirin xatirələrindən göründüyü kimi, adicə həmin UAZ markalı avtomobildəki hərbi sursatı belə Vətənin müdafiəsi üçün qənimət bilən Cəlal, bu yolda öz şirin canını isə heçə saymışdı. – Q.Ə)

Azərbaycan poeziyasına və xalqımızın zəngin söz xəzinəsinə dərindən bələd olan müəllif bu “xəzinənin” “qiymətli daşlarından”, “ləl və cavahiratlarından” məharətlə istifadə edərək əsərin qəhrəmanlarının ömür yolunun və döyüş salnaməsinin müxtəlif epizodlarını ayrı-ayrı böyük şairlərimizin, söz bahadırlarımızın ölməz misralarının fonunda işıqlandırır. Bəzən bu və paralellər o dərəcədə dəqiq və adekvat olur ki, bir oxucu kimi heyrətini gizlətməyə bilmirsən. Məsələn:

“…Məhz, bu nailiyyətlərə görə döyüş xidmətləri yüksək qiymətləndirilmiş, «Azərbaycan Bayrağı» ordeninə layiq görülmüşdür. Təltif olunduğu Fəxri Fərmanlar, təşəkkürnamələr Hüseynin rəşadətli və qorxmaz bir kəşfiyyatçı kimi döyüşlərdə göstərdiyi qəhrəmanlıqların rəsmi sənədlərdəki inikasıdır. Xalq Şairimiz Məmməd Arazın bu ölməz misralarında deyildiyi kimi:

Heç bir mükafatın yetmədi mənə,
Bircə “sağ olun” da bəsimdi, vətən!
Bəsimdir, hər səhər təltif yerinə
Qapımda küləyin əsibdi, vətən!”

Bəzən isə, müəllif əsərin ayrı-ayrı qəhrəmanlarının keçdiyi ömür və döyüş yolu ilə yanaşı, həmin dövrün ictimai-siyasi proseslərini də ustad şairlərimizin əsərlərindən ayrı-ayrı fraqmentlərin işığında, müxtəlif ibrətamiz misraların fonunda təqdim edir. Məsələn:

“Böyük mütəfəkkir, istedadlı şair və görkəmli dramaturqumuz Hüseyn Cavidin 1922-ci ildə qələmə aldığı “Peyğəmbər” tarixi dramında Baş kahin obrazının dilindən səsləndirilmiş bu məşhur sual, çox təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində də Respublikamızın düşdüyü ağır ictimai-siyasi vəziyyətin fonunda və erməni təcavüzü kontekstində öz aktuallığını qoruyub saxlayırdı:

Ah, şu müqəddəs yurdumuz
Düşmanlara oyuncaqmı?”

Müəllif əsərin Qarabağ döyüşçüsü İ.Piriyevdən bəhs edən bölməsini isə, bütövlükdə görkəmli ədibimiz Mir Cəlal Paşayev tərəfindən Böyük Vətən müharibəsi dövründə (1942-ci ildə) hərbi-vətənpərvərlik mövzusunda qələmə alınmış məşhur “Vətən yaraları” hekayəsinin akkordları üzərində kökləyib. Belə ki, əsərin həmin bölməsini Mir Cəlal Paşayevin sözügedən hekayəsinin sərlövhəsi ilə adlandıran müəllif, böyük məharətlə Qarabağ döyüşlərinin ayrı-ayrı fraqmentləri ilə həmin hekayədə bədii boyalarla təsvir olunmuş müxtəlif döyüş epizodları arasında uğurlu paralellər aparır. Yeri gəlmişkən, müəllif böyük ustalıqla Mir Cəlal Paşayevin “Vətən yaraları” hekayəsinin məntiqi sonluğunu təşkil edən məşhur çağırışının bu günümüzlə də bədii əlaqəsini və məntiqi rabitəsini quraraq onun aktuallığına diqqəti cəlb edir:

“İbrahimin həmin qanlı döyüşdə başından aldığı fiziki yara tibbi müalicə nəticəsində sağalsa da, çox təəssüflər olsun ki, vətən torpaqlarının işğalı nəticəsində qəlbindəki qaysaq bağlamaq bilməyən vətən yarası hələ də sağalmayıb. Bu ürək yarasının “müalicəsi” üçün isə yalnız bir “resept” var. Bu “resept”-in məzmunu isə, eynilə böyük ədibimiz Mir Cəlal Paşayevin haqqında bəhs etdiyimiz “Vətən yaraları” hekayəsinin son sətirlərindəki kimidir: “Sağ olaq, torpağımıza soxulan təcavüzkarları məhv edək! Analarımız sevinsin, arxayın yaşasınlar. Ana Vətən bizdən razı qalsın.”

Müəllifin orijinal yaradıcılıq üslubunu səciyyələndirən məziyyətlərdən biri də əsərin qəhrəmanlarının keçdiyi ömür və döyüş yolunun bilavasitə ayrı-ayrı söz ustadlarımızın dillərə əzbər olan məşhur şeirlərinin ölməz misralarındakı spesifik obrazlar, orijinal ifadələr və bədii qəliblər vasitəsilə oxucuya təqdim edilməsidir. Məsələn, müəllif aşağıdakı sətirlərdə Qarabağ şəhidi Cəlal Qurbanovu sanki, ölməz sənətkarımız M.Müşfiqin məşhur “Həyat sevgisi” şeirinin dillər əzbəri olan misralarının baş qəhrəmanına çevirir.

“Bir anlıq belə tərəddüd etmədən, gözünü qırpmadan cəmi 25 yaşında, ölməz sənətkarımız Mikayıl Müşfiqin təbirincə desək, ömrünün «könlün – həyat, həyat! – deyə çırpınan» çağlarında «gündən-günə bu gözəlləşən işıqlı dünyadan» doymadan, «həyat dedikləri bu keşməkeşdən», «qəlbində, qanında yanan atəşdən» usanmadan, «bu yerlə çarpışan, göylə əlləşən dostdan, aşinadan» ayrılaraq, «gecədən, gündüzdən, aydan günəşdən», «bu əngin fəzadan» «əl çəkib» doğma torpaqlarımızın müdafiəsi uğrunda gedən qanlı döyüşlərə atılan və bu döyüşlərin birində düşmən gülləsinə qurban gedərək şəhid olan Cəlal, xalqımızın iftixar mənbəyi və qürur yeri olmaqla yanaşı, Məleykə xalanın övlad həsrəti ilə alışıb-yanan kövrək ana ürəyində illər keçməsinə baxmayaraq hələ də qaysaq bağlamamış yaradır.”

Yaxud, müəllif Qarabağ şəhidi Asəf Xalıqovun keçdiyi şanlı döyüş yolunu böyük türk şairi O.Ş.Gökyayın məşhur “Bu Vətən kimin?” şeirinin misraları fonunda elə məharətlə işıqlandırmışdır ki, əsərin həmin bölməsini mütaliə edərkən, bir anlıq insanda elə təəssürat yaranır ki, sanki şair həmin misraları ilə elə, məhz Qarabağ şəhidi Asəf Xalıqovu tərənnüm edib:

“Ustad şair O.Ş.Gökyayın təbirincə desək, “torpağın qara bağrında sıra dağlar kimi duran”, “hüdudlarda qəza bayraqlarından alnına işıq vuran”, “ardına baxmadan yollara düşən”, “hüduddan hüduda yol bulub qoşan”,
“cəbhədən cəbhəni soran” və Respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən qanlı döyüşlərdə mənfur düşmən üzərinə sellər kimi atılarkən ərcəsinə köksündən vurularaq “bir gül bağçasına girərcəsinə” qara torpağa girərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biri də Asəf Xalıqov idi.”
Müəllif, təkcə əsərin qəhrəmanlarının keçdiyi ömür yolu ilə ustad şairlərimizin və böyük sənətkarlarımızın ayrı-ayrı yaradıcılıq nümunələrinin motivləri arasında müdhiş analogiyalar, dəqiq paralellər aparmaqla kifayətlənmir. Hətta o, bəzən sözün müsbət mənasında, bir qədər də irəli gedərək, yaradıcılıq irsinə müraciət etdiyi ayrı-ayrı ustad sənətkarlarımızın həyat yolunun qırmızı cizgiləri ilə əsərin qəhrəmanlarının ömür salnaməsinin mühüm nüansları arasında ilk baxışdan diqqəti cəlb etməyən, lakin yüksək analitik təfəkkürə və yaradıcılıq qabiliyyətinə malik müəllifin diqqətindən yayınmayan oxşar məqamlar aşkar edərək oxucuya təqdim edir:

“Şeir-sənət ocağı olan bu diyarın yetirməsi Müşfiqimiz hələ XX əsrin 30-cu illərində Sovet imperiyasının amansız qırmızı terror maşını qarşısında «oxu tar» deyə hayqıraraq xalqımızın «acısı-şərbəti», «alovlu sənəti» olan tarımızı susmağa qoymamış və bu yolda, gənc ömrünü fəda edərək, cəmi 29 yaşında repressiya qurbanı olmuşdur. Təxminən yarım əsr sonra, XX əsrin sonlarında bu diyarın digər yetirməsi olan Namiq Əliyev isə, «Qafqazın konservatoriyası» və muğamın beşiyi olan Qarabağımızda tarımızın, kamanımızın susmaması üçün silaha sarılmış və bu yolda, təxminən Müşfiqlə eyni yaşda – 28 yaşında
şəhid olmuşdur. Əziz oxucum, bu sətirləri diqqətlə oxu. Diqqətlə oxu ki, biz bir daha tarımızın, kamanımızın Azərbaycanımızda, əbədi və əzəli dədə-baba torpaqlarımızda, Qarabağımızda susmaması üçün istedadlı övladlarımızı, igid oğullarımızı qurban verməyə məcbur qalmayaq.”

Müəllif Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən təkcə oçerkin qəhrəmanlarının ömür salnaməsini və döyüş yolunu işıqlandırmaq üçün bədii fon və “ədəbi xammal” kimi istifadə etməklə kifayətlənmir. O, sözügedən sənətkarlıq nümunələrinin məzmununu oçerkin ayrı-ayrı fraqmentlərində müxtəlif aspektlərdən şərh edir. Məsələn, müəllif oçerkin bir bölməsində M.Müşfiqin “Torpaq” şeirinin misralarının məzmununun elmi, fəlsəfi, dini, mifoloji, filoloji, didaktik yozumunu verir, bu ibrətamiz misraların məzmunun açılmasında müqəddəs “Qurani-Kərim”-in Taha və Əl-Muminun surələrinin müvafiq ayələrinə, eləcə də tibb elminin müddəalarına, həmçinin qədim yunan mifologiyasının Herakl və Antey personajlarına, habelə vətənpərvərlik fəlsəfəsinə müraciət edir və həmin misraların kompleks təfsirindən sonra oçerkin müvafiq bölməsinin qəhrəmanının həyat yoluna məharətlə keçid edir:

“Məhz elə buna görə də, şair «Gözəl torpaq, sənə çox borcluyam, çox» deyə insanın ana torpağa olan övladlıq borcunu xatırladırdı. Bu borcu bütün varlığı ilə, dərindən dərk edən, qəlbi vətən eşqi ilə döyünən Namiq doğma yurdundan uzaqlarda, yad ellərdə özünü Herakl tərəfindən ana torpaqla rabitəsi kəsilmiş Antey kimi hiss edirdi.”

Əsər dərin elmi, fəlsəfi, bədii, siyasi, hüquqi, tarixi, kulturoloji, didaktik və teoloji məzmunu ilə yanaşı, üslub zənginliyi və forma müxtəlifliyi ilə də seçilir. Azərbaycan dilini mükəmməl bilən, onun leksik və terminoloji imkanlarına dərindən bələd olan müəllif oçerkdə öz dəst xəttini, fərdi üslubunu yaradıb. Mahiyyət etibarilə, Azərbaycan ədəbi dilinin müxtəlif funksional üslublarının qovşağı olan bu üslub, bədii, publisistik, elmi, rəsmi-işgüzar və s. üslubların sintezinə əsaslanır. Belə ki, oçerkdə həm bədii təsvir və ifadə vasitələri, frazeoloji birləşmələr və mətnaltı mənalarla zəngin, obrazlı, emosional fraqmentlərə əsaslanan bədii üsluba aid cümlələrə, həm milli elmi təfəkkürümüzün məhsulu olan, məntiqiliyə, ardıcıllığa, dəqiqliyə, konkretliyə və mürəkkəb sahəvi terminologiyaya söykənən elmi üsluba aid mətnlərə, həm də milli ictimai təfəkkürün ifadəsi olan, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş aydın, anlaşıqlı, təsirli cümlələrdən ibarət, ümumxalq danışıq dilində və yaxud “KİV dilində” qələmə alınmış publisistik üsluba aid hissələrə, eləcə də məişət üslubunun nümunələri olan sərbəst, sadə və yığcam dialoqlara, habelə trafaret mətnləri, mürəkkəb sintaktik konstruksiyaları və hazır qəlibləri ehtiva edən rəsmi-işgüzar üslub nümunələrinə, eyni zamanda sözügedən funksional üslubların elmi-publisistik üslub və bədii-publisistik üslub kimi altüslublarına məxsus parçalara da rast gəlmək olar. Kitabın bu spesifik üslub zənginliyi onu gündəlik həyatı və peşə fəaliyyəti ilə əlaqədar Azərbaycan dilinin müxtəlif üslublarına müraciət edən demək olar ki, bütün sənət, ixtisas və peşə sahibləri, həmçinin istər orta, istər orta-ixtisas, istər ali, istər magistratura və doktorantura pillələri üzrə təhsilə, müxtəlif dünyagörüşə və intellektual səviyyəyə malik bütün təbəqələrdən olan oxucular üçün dil və forma baxımından əlçatan əsərə çevirir. Bütün bunlarla yanaşı, qeyd etməliyik ki, əsər dilinin maksimum mükəmməlliyi, fikrin tam aydınlığı və elmi, fəlsəfi, məntiqi, bədii və s. cəhətlərdən əsaslılığı, sözlərin və ifadələrin birmənalılığı, dil yığcamlığı və digər üslubi keyfiyyətlərlə yadda qalır. Eyni zamanda, Azərbaycan dilinin leksik resurslarından, sözün poetik, terminoloji funksiyalarından və digər imkanlarından maksimum istifadə edən müəllif Yasamal taborunun II bölüyünün döyüşçüləri ilə bağlı həyat həqiqətlərini böyük uğurla sənət həqiqətinə çevirə bilmişdir.
Müəllifin dili forma etibarilə, Azərbaycan dilinin müxtəlif funksional üslublarının sintezi səciyyəsi daşısa da, mənsub olduğu ədəbi janr (sənədli oçerk) etibarilə, əsərdə daha çox bədii üslub elementləri ön plana çıxır. Belə ki, Qarabağ müharibəsinin ayrı-ayrı qəhrəmanları haqqında orta statistik tərcümeyi-hal səciyyəli məlumatları məharətlə işləmiş müəllif, maraqlı təşbehlər, simvollar, bənzətmələr, metaforalar, metonimiyalar və s. bədii təsvir və ifadə vasitələrindən ustalıqla istifadə edərək bu statistik məlumatlara ədəbi-bədii həyat vermişdir. Məsələn, Qarabağ müharibəsi iştirakçısı, peşəkar hərbçi Zəfər Kərimovun uğurlu döyüş yolundan bəhs edən bölməni “Zəfərin zəfər yolu” adlandıran müəllif maraqlı poetik kombinasiya – uğurlu alliterasiya yaratmışdır. Və yaxud, aşağıdakı sətirlərdə müəllif tərəfindən məharətlə istifadə edilmiş bədii təzada diqqət yetirək:

“Uşaqlıq illərinin Qarabağla bağlı həzin xatirələri, gənclik illərinin Qarabağla bağlı odlu-alovlu müharibə təəssüratları ilə əvəz olundu, Oqtay üçün. Uşaqlıq illərində quşların cəhcəhini, çayların şırıltısını eşitdiyi yerlərdən, indi tankların nəriltisini, hərbi texnikanın uğultusunu, silah səsləri eşdirdi.”

Yaxud, çoxmənalı “yol” sözünün bu leksik xassəsindən ustalıqla istifadə edən müəllif yazır:

“Bu gün Qurban, bir igid döyüşçü kimi Qarabağ müharibəsində keçdiyi şanlı döyüş yolu ilə qürur duymaqla yanaşı, eyni zamanda, bir peşəkar mühəndis və ixtisaslı mütəxəssis kimi tikintisində iştirak etdiyi, Respublikamızın nəqliyyat infrastrukturunun əsasını təşkil edən, hər gün minlərlə insanın öz arzularına doğru tələsdiyi yollara baxıb iftixar hissi keçirir.”

Bu sətirlərdə isə müəllif ayrı-ayrı bitkilərin və çiçək növlərinin təbii xassələri ilə dövrün ictimai-siyasi proseslərinin xarakteri arasındakı müəyyən bədii bənzərlik aşkar edərək, maraqlı təşbeh yaradır:

“Təzəcə qarı əriməyə başlayan dağ yamaclarında, qarın altından doğma xalqının müstəqillik, suverenlik və dövlətçilik arzuları kimi yenicə baş qaldıran novruzgülünü qoxladı, yurd-yuvasından didərgin düşmüş, ata-baba torpaqları işğal olunmuş, sərvətləri talanmış el-obası kimi boynubükük bənövşənin ətrini duydu.”

Həmçinin, müəllifin yaratdığı bədii analogiya nümunələri də təqdirəlayiqdir:

“Gəncənin sonuncu xanı Cavad xan, 1804-cü ilin yanvarın 2-dən 3-ə keçən gecə, yadellilərə qarşı qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olarkən 56 yaşında idi. Haqqında söhbət açacağımız Dilavər İbrahimov da, vətənin dar günündə dövlət başçısının çağırışına səs verərək Qarabağ müharibəsinə yollanarkən Cavad xanla eyni yaşda – 56 yaşında idi.”

Kitabı oxunaqlı edən cəhətlərdən biri də müəllifin ilk baxışda adi görünən həyat hadisələrini belə qeyri-adi, orijinal formada qələmə almasıdır. Məsələn:

“Anasından ayrılıb Ana Vətəninin harayına gedirdi Cəlal. Nə biləydi ki, bu gün sadəcə bir evin, bir ailənin oğlu kimi doğulub boya-başa çatdığı həyətlərinin qapısından çıxıb ilk addımını atdığı bu müqəddəs yol, bir gün onu bütövlükdə bir vətənin, bir xalqın şəhid övladı kimi yenə həmin qapıdan içəri keçirib, bu həyətə geri qaytaracaqdı.”

Aşağıda iqtibas gətirdiyimiz elə təkcə bu fraqment əsərin dilinin nə qədər zəngin və dolğun olduğunun, ictimai-siyasi hadisə və proseslərin bədii təsvir və ifadə vasitələrinin imkanları ilə ədəbi-bədii aspektdən necə ustalıqla oxucuya çatdırıldığının bariz nümunəsidir:

“Bildiyimiz kimi, 1991-ci ildə ölkəmiz XX əsrdə ikinci dəfə dövlət müstəqilliyinə qovuşdu. Beləliklə, min-bir qurbanlar, itkilər, məhrumiyyətlər bahasına da olsa, beynəlxalq münasibətlər sistemində, imzalar içində xalqımızın da imzası qoyuldu, BMT-də dövlət bayraqları sırasında dövlətimizin də üçrəngli bayrağı dalğalandı, dünyanın siyasi xəritəsində ölkəmizin qartalabənzər xəritəsi də öz əksini tapdı. Lakin, çox keçmədi ki, bu “qartal” bir tərəfdən başında (Respublikamızın paytaxtı Bakı şəhəri coğrafi xəritədə nəhəng bir qartalın başının təsvirini yaradır) Brutların xəncərinin, qanadlarında “sapı özümüzdən olan baltaların” zərbələrinin, digər tərəfdən isə, gövdəsində amansız ovçu (mənfur düşmən) güllələrinin açdığı yaraların sancılarını hiss etməyə başladı. Əfsuslar olsun ki, vətənə vurulmuş bu yaralara, başda bir qismi qəflət, digər qismi dəlalət, başqa bir qismi isə, xəyanət içində olan o dövrkü “idrakı sönük başçılarımız” olmaqla bir çoxları “məndən ötdü” təfəkkürü ilə etinasız yanaşdı.”

Bütün bu misallar əsərin sənətkarlıq dəyərini səciyyələndirir.
Əsərin bədii-tədqiqat obyekti – qəhrəmanlar, hadisələr, ümumi cizgilər, xətlər, psixoloji portretlər və s.-dır. Müəllifin ayrı-ayrı qəhrəmanları bədii cəhətdən təqdim etməklə kifayətlənməyib onların necə qəhrəman kimi formalaşması sualına cavab axtarması, hər bir fərdi qəhrəmanlığın sosial-psixoloji genezisinə varması, ilk baxışda o qədər də cəlbedici görünməyən, lakin son dərəcə mühüm əhəmiyyət kəsb edən və qəhrəmanın xarakterini açan detallara oxucunun diqqətini cəlb etməsi, yeri gələndə hadisə və prosesləri müxtəlif aspektlərdən geniş, ətraflı və müfəssəl şəkildə şərh etdiyi halda, müəyyən hallarda isə, oxucunu düşündürmək üçün mətləbləri simvollar vasitəsilə ustalıqla kodlaşdırması əsərin orijinallığını şərtləndirən spesifik xüsusiyyətlərdəndir. Bu və ya digər faktın, hadisə və prosesin funksional obrazını təqdim edən müəllif, daha sonra onun mahiyyətinə varır, daxili dramatizmini, ziddiyyətlərini spektrləşdirir. Əsərin ədəbi-bədii yeniliyini səciyyələndirən məziyyətlərindən biri də müəllifin ənənəvi yazı manerasının yeknəsək axarını cəsarətlə pozması, yeni bədii təsvir və ifadə vasitələrinə, kompozisiya elementlərinə yer verməsi, hadisə və prosesləri qeyri-ənənəvi yanaşmalar, doqmatizmi və yersiz mühafizəkarlığı rədd edən analitik baxış bucağından təhlil etməsidir. Ehkamçılığı və mühafizəkarlığı rədd edən, praqmatizmə və qeyri-ənənəvi yanaşmalara əsaslanan bu analitik baxış bucağını müəllifin həyat fəlsəfəsinə, müxtəlif ontoloji və qneseoloji problemlərə dair fəlsəfi düşüncələrindən tutmuş, hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı pedaqoji baxışlarına, mövzu üzrə müxtəlif məsələlərlə bağlı aforizmik xarakter daşıyan mülahizələrindən tutmuş, tarixi hadisələrə, dünyada, regionda və ölkədə gedən ictimai-siyasi proseslərə dair siyasi icmallarına, politoloji analizlərinə qədər, əsərin hər bölməsində müşahidə etmək mümkündür. Doğrudur bu individual düşüncələrdə, icmallarda, şərhlərdə, analizlərdə, ayrı-ayrı predmet, hadisə və proseslərə baxışlarda razılaşmadığımız məqamlar da var. Lakin, etiraf etməliyik ki, müəllif öz mövqeyini ciddi, konkret və tutarlı arqumentlərlə əsaslandıra bilmişdir.
Burada digər bir amili də vurğulamaq istərdik. Qarabağ uğrunda mübarizə kədər, təəssüf, rəğbət, nikbinlik, inam. Bu cəhətlər müəllifin mənəvi aləminin inikası kimi kitabın ruhuna hopub, onun hər şeydən öncə, insani duyğularını, humanizmini saf, bəşəri keyfiyyətlərini göstərir.
Əminliklə demək olar ki, yeni təfəkkürə ünvanlanmış və müasir dövrümüzə aid hadisə və proseslərə yeni tarixi yanaşma nümunəsi olan «Bir bölüyün manifesti» əsəri Qarabağ müharibəsinin bədii-publisistlik salnaməsi olmaqla yanaşı, böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində böyük rol oynayacaq. İnanırıq ki, müəllif bu mövzuda yeni-yeni maraqlı əsərləri ilə oxucuların görüşünə gələcəkdir.

Yazıya 871 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.