İmkanlı oğlan olduğumdan Bakıda qalıram. Sosial, maddi qayğılar o qədərdirki, bilirəmki, mənim kimi qalanlar çoxdur. Yaşayanlar az. Şükür həm ərəblərin , həm də öz Allahıma, belə üzdən hər şeyimiz var. Maaşın yarıdan çoxunu kreditə, yola, mayasından 2 dəfə baha ərzaqlara və kommunala xərcləməsək, maaşda qaytarmaq şərtiylə borc alıb ayda 2 dəfə toya, təbiət göstərməsin 1-2 dəfə də yasa gedib, firavan yaşayırıq. İqtisadi hesabatlarda millətimizin adambaşına illik gəliri 10 min dollardan çox göstərilən ölkədə adam ancaq başına baxa bilir. Ayaqlarına, əllərinə, ürəyinə, arzularına, mədəsinə adam kimi baxa bilmir. Eləcə, səhər güzgüdə saçını darayıb başına baxır, gedir işə.
– Yolda gördüklərim, dost-tanışdan eşitdiklərim, işdə, dükanda, bazarda sezdiklərim güzəranın günü-gündən heç də yaxşı olmadığını xəbər verir. Sanki, 3-4 il əvvəlki pul dövriyyədə yoxdur. Sanki, hamı bir-birinə düşmən kəsilib. Hamının üzündən, sözündən aqressiya yağır. Düzdür, biz daxilən mərhəmətli, qayğıkeş, təəssübkeş, yeməkkeş, tənbəl, paxıl, xain və sülhsevər camaat olduğumuzdan hər şeyin üstündən tez adlayıb keçirik. Amma vallah ömür də keçir. Bəlkə, Ziyad Səmədzadə və Hadı Rəcəbli sosial rifahımızı yaxşılaşdırmaq üçün camaata hər cür şərait yaradıblar, biz yaşaya bilmirik?! Bəlkə, doğrudan da ölkədə rüşvət, süründürməçilik, haqsızlıq, harınlıq yoxdur, biz özümüz bunu şişirdirik?! Bir dəfə iqtisadçı başbilənlərimizdən biri dediki, təqaüdləri, məvacibləri qaldırmaq potensialımız böyükdür. Amma bunu etsək, ciddi inflyasiya ilə üzləşə bilərik. Yəni işləyib, hesablamalar aparıb yorulmaqdansa, biz artırmırıq inflyasiya da baş vermir.
– Arada özümlə salamlaşanda düşünürəmki, bəlkə mən müxalifətçiyəm , özümdən gizlədirəm. Yox , a toba. Kölgəmə baxanda, bunu bilmək çətin deyil. Yalnız öz kölgəm var, öz mənliyimin kölgəsi.
– Bilirsən, ay ürək hər şeyi zarafata, ironiyaya da sala bilmirəm. İçimdəki ənginliklər məni elə çəkirki, elə bil, içimdə özüm ağırlığında yaralı bir adam oturub, onu sürüyüb çıxa bilmirəm bu qapanmalardan. Dünənin, bu günün Allahına inanmaya-inanmaya , halımı soruşanda bu günümüzə şükür deyirəm, sabahın Allahına inanıb inşallahla bitirirəm. Bilmirəm, içimi kimin, nəyin, hansı qurumun üstünə yıxım, başımı hansı duaya döyüm, kimi vurum, kimi söyüm?! Özümü Padre kimi hiss etməkdən yorulmuşam. Öz qayğılarım azmış kimi, üzü buz olan bəndəniz biganə qala bilmir gördüklərinə, bildiklərinə. Sarsılıram. Yaxşılığa doğru heç nə dəyişmir, sanki. Arzularım hər gün ilğımlaşdıqca bu monoton həyatın səhrasında çırta-çırt qovruluram , elə bil.
– Kimsə , qapını döysün, indiki iç halımı unudacaq xəbəri gətirsin, xoş xəbəri. Orada arzularım , istəklərim, planlarım olsun. Mən az paxılam, bəşəri və dövlətçi adamam. Məsələn, müjdəçi desinki, cənab prezident 5-6 il əvvəl işıq pullarını sildiyi kimi, hamının kreditini, təhsil haqqlarını, kommunal borclarını silir. Məsələn, desinki, Qarabağı almışıq. Girovları qaytarmışıq. Desinki, Ata kəndinə də, Ana kəndinə də yol da çəkəcəyik, su da. Arvadına de, ətin hamısını çəksin, sən kotleti xoşlayırsan. Uşağına istədiyi və istədiyin arzuları yaşada biləcəksən. Tutsun çiyinlərimdən, məni silkələsinki, “ay qa sən təkcə Bakı sakini yox, təkcə Bakıda qalan deyilsən. Sən həm də yaşayırsan. Başa düşürsən, yaşayırsan”.
– Hələliksə, hər şeyə “olsun, olsun” deyib, çox dərinə getməyək. Məncə hər şey yaxşı olacaq. Yaşayacağıq. Bəlkə, yaşamaq belə olur?! Tüpürüm Avropaya.
Yazıya 985 dəfə baxılıb