Akif ABBASOV – “Gözəl taxtın olunca, gözəl baxtın ola”

AKİF ŞƏKİL İYUN 2014(“Acı xatirələr” romanından)

Yenə kənddə çal-çağır idi. Çolaq Dünyamalının qızı Aytəni gəlin aparırdılar. Nailə gəlinin yanında idi. Geyinib-keçinmişdi. Bir yar-yaraşığa minmişdi ki, gəl görəsən! Gəlini nə qədər bəzəsələr də, Nailənin gözəlliyi qarşısında solğun və aciz görünürdü.

Kəndin qızları bir-bir qanadlanıb uçur, öz yuvalarını qururdular. ərə getməyin də öz vaxtı-vədəsi var. Ata evi isti olsa da, ər evini də özəllikləri var. Öz ailən olur, uşaqların olur, qonaq qəbul edir, qonaq gedirsən, biş-düş edir, sevimlinin qulluğunda durmaqdan zövq qalısan, işə yola salır, səbirsizliklə gəlişini gözləyirsən. Qayğılarını öz üzərində götürür.

Amma həm də o yalnız səninki ola, sən də onunku. Ortada sədaqət, vəfa, ilqar ola. O sənə heyran ola, sən də ona qurban! Ağız dolusu, həm də ürəkdən “Ömrün, həyatım!” deyə biləsən. Nailə ah çəkdi: “Hamının yarı gəldi, mənimkindən savayı! Tay-tuşlarım ev-eşik sahibi oldu, bircə məndən başqa. Atalar demişkən, “Gözəl taxtın olunca, gözəl baxtın ola. Cer-cehizim də var. Gözəlliyimə nə söz ola bilər? O qədər həsrətimi çəkən var! Amma evdə oturub qalmışam. Rasimdən səs-soraq çıxmır. Axırda un çuvalına tay olacağam!”.

-Ay qız, sənə nə olub? Dəryada gəmin batıb nədir? Özünü niyə qəribə aparırsan?

Gülay idi söz atan. Nailə özünü ələ alıb, gülümsədi və onun atmacasına atmaca ilə cavab verdi:

-Deyirəm kaş sənə də bir kəmənd atan olaydı! Onda nə danışmağa dilin olardı, nə də yeriməyə halın!

Gülay da söz altında qalan deyildi. Odur ki, dilləndi:

-Allah ağzından eşitsin!

Gülüşdülər. Musiqinin səsi kəndi başına götürmüşdü. Oğlan evi gəldi. Xeyli atılıb düşdülər gəlinin başına pul tökdülər. Qayın Aytənin belinə qırmızı lent bağladı. Otağın ortasında neft lampası qoyulmuşdu. Onun da beli qırmızı lentli idi. Yanırdı. Çolaq Dünyamalı qızının əlindən tutub lampanın ətrafında fırlatdı. Alnından öpüb qızına xeyir-dua verdi. Aytənin anası Şahnisə gözünün qorasını tökürdü. Bu, sevinc yaşları idi. Gəlini bəy evinə yola saldılar. Çolaq Dünyamalının qızı Aytən başı üzərinə qaldırılmış Quranın altından keçərək ata evini tər etdi. Nailə də qız-gəlinə qarışdı. Toyxanada şıdırğı rəqs gedirdi. Kənd yerində mağarda, adətən kişilər, bir də yaşlı, ağbirçək qadınlar əyləşir, qız-gəlinlər isə çöl tərəfdə dayanaraq, çadırı aralayıb rəqs edənlərə, müğənniyə baxırdılar. Ortada atılıb-düşənlər də cavanlar idi. Ağbirçək qadınlar rəqs edəndə qohum-əqrəbasını, qonşusunu çağırır, gəlinini, qızını da unutmurdu.

Rasimin anası Gülbacı da Nailəni ortaya çəkib qəşəngcə süzdü. Qadın Nailənin əxlaqına, oturuşuna-duruşuna, onun gözəlliyin, səliqə-sahmanına vurulmuşdu. Nailə də Gülbacı anası ilə cani-dildən rəqs edirdi. Nailə hələ ərə getməsə də, Gülbacıya – gələcək qayınanasına ana deyirdi. Bu da onun mərifətindən, yüksək mədəniyyətindən xəbər verirdi. Gülbacı ara-sıra gəlininə baxır, baxdıqca da doymaq bilmirdı: “Allah sizi də xoşbəxt eləsin!” O, bu sözləri əvvəlcə ürəyində dedi, sonra isə həmin sözlər qeyri-ixtiyarı ucadan səsləndi:

-Allah sizi də xoşbəxt eləsin!

Nailə başını qaldırıb baxdı:

-Allah ömrünüzü uzun eləsin!

Gülbacı Nailənin gözlərindən nisgil oxudu, sifətində sıxıntı gördü. Bu, qadının əhvalını qarışdırdı: “Oğlumun xiffətini eləyir! Neçə ildir nişanlıdırlar. Gəlində təqsir görmürəm. Günah bizimkindədir.

Nailənin tayları oğul-uşaq sahibidirlər. Bizim qırışmal bilmirəm nə fikirləşir. Nişanlı üç ay, beş ay, uzaq başı bir il qalmaq olar. İlişib qalıb Moskvada, gəlmək bilmir. Yazılmamış qanundur: onsuzda çox qazanan çox xərcləyir, az qazanan – az. Gərək başına ağıl qoyaq. Gəlib nişanlısına yiyə dursun. Ya kəndə gəlib qaxılıb qalsın burda, ya da Nailəni də götürüb aparsın ora”.

Rəqs bitdi. Gülbacı qucaqlayıb Nailənin üz-gözündən öpdü: “Səninçin olsun, qızım! Sizinçin olsun!”

Ayrıldılar. Gülbacı qadınlar tərəfə, Nailə də qızların boylanıb baxdıqları yerə getdi.

Bir qədər aralıda kənd cavanları dayanıb söhbət edirdilər. Yeyib-içəndən sonra onların üzünü görmə! Kimisi siqaret çəkir, kimisi yoldaşı ilə mübahisə edir, kimisi də yoldaşını toyxanaya oynamağa aparmaq üçün onu dartışdırırdı. Qəmər üzünü Nailəyə tutaraq:

-Təki həmişə toy-bayram olsun! – dedi.

Nailə cavabında dedi:

-Hə, əlbəttə, adam şənlənir, dərd-qəmin unudur. Qəmər söz qoparmaq üçün:

-Sənin nə dərd-qəmin, ay canı yanmış? – dedi.

-Sənin ki nişanlın başının altındadır.

Nailə ah çəkdi. Qəmər:

-Nə zaman qol götürüb oynayacağıq? Nailə qüssəli:

-Bilirəm ki…Rasimdən asılıdır. O da gəlin çıxmaq bilmir. O – orada, mən də – burada. Nə toy, nə qol götürüb oynamaq. Adı nişanlı olmaqdır. -Amma, öz aramızdır. Rasim də qəribə oğlandır ha. Kəndimizin ən gözəl qızı onun bəxtinə düşüb, o isə qədrini bilmir. əldən gedəndən sonra dizinə döyəcək. Nailə Qəmərin axırıncı sözlərini eşidib key-key ona baxdı. Bir söz demədi. Qəmər onu bir qədər kənara, adamlardan uzaq bir yerə çəkdi:

-Sənə deyiləsi sözüm var. Nailə diqqət kəsildi. Qəmər davam etdi:

-Amma bilmirəm deyim-deməyim? Acığın tutmaq ki? Nailə təəccüblə ona baxdı:

-Acığım niyə tutur? Dəlisən, vallah. Biz rəfiqəyik, bacıdan artıqıq. Qəmər üzrəkləndi:

-Bax, onda deyirəm ha…Özümü topla. Nailənin təəccübü bir az da artdı. “Bu qız mənə nə demək istəyir?” Qəmər dilləndi:

-Şahini tanıyırsan?

-Hansı Şahini?

-Kənddə neçə Şahin var? Mənim xalam oğlu…

-Hə, bildim. İcra başçısının kənddəki nümayəndəsi. Nə olun Şahinə?

-Heç nə olmayıb, sağ-salamatdır. Kef-damağı da saz. Vəzifəsini də böyüdəcəklər. Bir də gördün rayon mərkəzinə apardılar. Nailənin dalağı sancdı. Qəmər sözünə davam etdi:

-Şahin yaxşı oğlandır. Ev-eşiyindən də xəbərin var. Abırlı-ismətli, başı aşağı, təhsilli oğlandır. Xarici görünüşünə də, geyiminə-keçiminə də söz ola bilməz. Özü də kəndin yiyəsi sayılır. Qəmərin öz xalası oğlunu dağın kəlləsinə çıxardığını görən Nailəni gülmək tutdu:

-Çox şişirtmə! Qohumundur deyə tərifə mindirirsən.

-Yox, vallah, olanını deyirəm.

-Söhbətə Şahinlə başlamağın səbəbsiz deyil yəqin? Qarnının azarını de. Qəmər mətləbin üstünə gəlməyin məqamı olduğunu görüb dedi:

-Sən demə, Şahin çoxdan bir sirr yaşayırmış axırda səbri tükənib ürəyini mənə açdı. -Səni istəyir?

-Az…z… Məni yox, səni istəyir. Dərdindən dəli-divanə imiş. Dedim, ay xala oğlu, Nailənin nişanlısı var axı. Belə şeylərə nişanlı qıza elçi düşməyə kənd-kəsəkdə, el içində pis baxırlar. Həm də sən hökumət adamısan, dilə-dişə düşərsən. Allaha and olsun, xala qızı, o babamın ruhuna özümlə bacara bilmirəm. Həm də belə görürəm ki, Rasimdən evlənən olmaz. Onun başı Moskvadakı qızlara qarışıb, Nailə kimi qızı da burada ehtiyatda saxlayıb. Nail daha çox axırıncı sözlərə əmin oldu: “Nailəni ehtiyatda saxlayıb”. Qəmər danışmaqda idi:

-Mən çox çək-çevir elədim. Dedi, xala qızı, fikrim qətidir. Sən bir söhbəti aç, qoy Nailə də bilsin. Yenə onun öz işidir: razı olar nə yaxşı, olmaz – yenə öz işidir. Nailə gözlənilməz sual verdi:

-Bəs sən nə fikirləşirsən? Belə sual gözləmədiyindən Qəmər əvvəlcə donub qaldı, sonra özünü ələ alıb: -Mən Şahinin sözünü sənə çatdırırdım. Cavabı sən verməlisən.

-Bir yaxın rəfiqə kimi sənin cavabın mənim üçün maraqlıdır. Qəmər sözünü dedi: -Mənə qalsa, Şahin düz fikirləşir. Elə mən də bu qənaətdəyəm ki, evlənən şəxs bu vaxta qədər toyunu eləmişdi. -Onun Moskvada işləri çoxdur. Gələcəyimiz üçün pul qazanır ki, xoşbəxt yaşayaq, korluq çəkməyək.

-Evlənib səni Rusiyyətə aparsa, əl-ayağına dolaşacaqsan? Daha da işi yüngülləşəcək, əziyyəti az olacaq. Mənə qulaq as. Bihudə yerə burada əli qoynunda onu gözləyirsən. Qorx ki, sonradan peşman olarsan. Bir də gördün qoltuğuna birini vurub gətirdi kəndə. Onda başına haranın külünü tökəcəksən? Əlindən nə gələcək. Uzağı deyəcək: bacı, bağışla, daha məninki belə gətirdi. Sən də get bir özgəsinə. Onda adam içinə çıxmağa da utanacaqsan.

Nailə çətin vəziyyətdə idi. Tərəzinin bir gözünə Rasimə olan böyük məhəbbəti qoyulmuşdu, digər tərəzinin gözündə tənhalığı, səbrinin tükənməsi, bir də Qəmərin təklifi. Ölçüb-biçir, tərəzinin gözlərindən hansının ağır olacağını müəyyənləşdirməyə çalışırdı. Tərəzinin sol tərəfdəki gözü xeyli ağır idi: bu gözdə Rasimə olan sevgisi qərar tutmuşdu. Odur ki, dedi:

-Qəmər, axı mən Rasimi sevirəm. Özümü onsuz təsəvvür edə bilmirəm.

Onu həyatın sanıram. Mən başqası ilə xoşbəxt ola bilmərəm Qəmər təəssüfləndi:

-Vallah Rasim səni piyada qoyacaq. Bu sözlərini unutma. Bir zaman gələr, deyərsən: “Ay bacı, niyə sənin sözlərini qulaq ardına vurdum?”

Nailə susurdu. Qəmər sözünü demişdi. Nədənsə əmin idi ki, bu, izsiz-soraqsız ötüşməyəcək. Hər halda Nailəni düşünməyə məcbur edəcək!

Yazıya 809 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.