Günel Natiq — Klod Mone, İrina Muravyova və Elza Seyidcahan

günel-natiq-ghjmn-300x228

Utancaqlıq” nədir? Psixoloqlar deyir ki, utancaqlıq yaşamağa imkan vermir, insan özündən məmnun qalmır, özünü bədbəxt, çarəsiz hiss edir, inamsız olur, üzü qızarır və s. Sonra belə bir məsləhət də verirlər: “Utancaqlığa qalib gəlmək üçün bu duyğu haqqında çox danışmaq lazımdır”. Yəni belə çıxır ki, utancaqlıq heç yaxşı əlamət deyil.

Görək, atalar nə deyir: “Utanmasan oynamağa nə var ki”. Yəni utanmasan bir təhər qol- qanadını qaldırıb çulunu sudan çıxardacaqsan. Vay utananın halına. Bir küncdə oturub şıdırğı “Tərəkəmə” gedənlərə, qol qaldırıb süzənlərə baxa-baxa toyu yola verəcək. Amma utanmasaydı nə vardı ki. İndiki meyarlara görə, utanmamaq çox yaxşı xüsusiyyətdir.

“Utananın oğlu olmaz”… Vallah başımıza nə gəlirsə, utanmaqdan gəlir.
Elə götürək, Elza Seyidcahanı. Utanmasaydı, “ölsünlər, ölsünlər” deyib, gözəlim sözləri bir-birinin ardınca yan-yana, alt-alta düzüb, “şeir yazıram” deyərdimi? Hələ o gün nə deyir: “Mən yazmaqla göstərmək istədim ki, şeir necə yazılar”. Ay bərəkallah.
Utanmamağın yaxşı bir keyfiyyət olmadığını deyənlərə daha bir nümunə. “Canınız çıxsın” şeirinin müəllifi Elza Seydcahan xanım əgər utanmasaydı, o boyda diploma layiq görülərdimi? Əsla yox. “İlin şairəsi” adını almaq sizə asan gəlməsin ha. Sağda-solda hamı yazmaqla məşğuldur. 40 il yazanları tanıyıram ki, heç bir dəftər- kitabda adları yoxdur. Elzanın isə nəinki dəftərə adı çoxdan düşüb, həm də o yekəlikdə diploma sahib olub. Ay maşallah!

Ona görə deyirəm ki, utanmaq adamı çox geriyə salır. Bacarırsız, utanmayın. Yox, əgər utandınızsa, onda küncə sıxılıb şıdırğı gedənlərə, Elza kimi şeiri yıxıb-sürüyənlərə elə mat- mat baxa- baxa qalacaqsız.

O dəfə bir nəfər şair Elzaya dedi ki, qələmini yerə qoy, sən şeir yaza bilmirsən. Elza gözünə döndüyüm də dedi: “Sən özün guya, yaza bilirsən? Bacarırsan, qələmi özün yerə qoy”. Özü də nətəhər dedisə, zavallı şair qıp-qırmızı qızardı. Yox, nə deyirsiz, deyin, utanmamaq çox yaxşı xüsusiyyətdi.

Təkcə Elza yox ha. Elə götürək filan aktrisanı. Utansaydı oynayardımı? Əl qaldırıb oynamağı demirəm ha, o böyük- böyük rolları deyirəm. Əsla oynamazdı. Amma elə utanmadığı üçün oynadı da, hələ bir “ varsa da, yoxsa da, sənətkar elə özüməm!”- deyib döşünə də döydü. Bərəkallah. Bu xanımın evini televizorda göstərəndə camaat evindən- eşiyindən, yaşayışından xəcalət çəkir. Utansaydı, indi o da bizim kimi bir daxma qaralayıb yaşayırdı. Yayda da Bodrumda deyil, ən yaxşı halda Masazır bağında dincəlirdi. Utanmağın axırı pis qurtarır. Çalışın utanmayın.

Məşhur aktrisa İrina Muravyovanın bir dəfə müsahibəsini oxudum. İrina Muravyova rejissorların böyük kəşfidir, zalımın qızı istedaddır da başdan-ayağa! İndi görün bu istedad nə deyir: “Moskva göz yaşlarına inanmır” kinofilmi televizorda göstəriləndən sonra küçəyə çıxmağa utanırdım, elə bilirdim, hamı məni barmaqla göstərib güləcək. Amma onlar məni təbrik edir və alındığını deyirdilər”. Bu yekəlikdə aktrisa indi də filmlərinə utana- utana baxır. Özü də fotoşəkildə heç aktrisaya- zada da oxşamırdı. Başında şinyonu yox, üzündə beşqat makiyaj yox, düşmən gözü çıxardan villası yox! Adi Moskva parkının sınıq skamyasında oturub söhbət edirdi. Yox, nə deyirsiz, deyin, utanmaq çox bekara söhbətdir.

Hələ o gün nə deyirlər. Məşhur rəssam Klod Mone çəkdiklərindən heç vaxt razı qalmazmış, biri ona “bu ki, əsər deyil”, dedikdə, “düzdür” deyib kətanı cırıb atırmış. Yox, utanmaq nədirsə, çox ziyanlı bir məsələdir. Düzdü, hər adam da utana bilmir.
Yenə də çalışın utanmayın!
Dad utanmaq əlindən!

Aznews.az

Yazıya 908 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.