“HƏR GECƏ ÜSTÜMƏ YAĞIŞLAR YAĞIR”

heybət hörmət

İstedadlı şair Maarif Soltanın “Sənə məktub”
şeiri haqqında poetik düşüncələr.

Dünyanı birdən-birə yağış bürüyür. Sanki gecəni isladır başdan-başa bu yağış…
Bu, dünyanın üzüdönüklüyündən deyil əlbəttə… təpədən-dırnağa islsnsalar da, getməyə taksi tapa bilməsələr də, qayğısızlıq onların varlığına hakim kəsilir, heç bundan sonra taksi də yada düşmür, romantik bir görüş olur bu görüş…
Elə bir dəlisov yağış başlayır… Yadındadırmı?
Sonra insanı damla-damla əridən baxışlar başlandı…
Belə bir vaxtda, belə bir anda dillər susur, ilahi baxışlar bir-biri ilə dioloqa girib danışmağa başlayır…
Sonra o ilahi baxış altda məşuq gözlərini yumaraq öz aşiqinə sığınır…
Dünya əzəldən sevgi dünyasıdır. Dünyanı yaşadan və şərəfləndirən sevgi deyilmi?…

Yumulu gözlərlə dünyaya baxdın,
Yumulu gözlərlə dünya necəydi?
O nə sayaq gecəydi…
O nə qısa gecəydi, o nə oyaq gecəydi…
O nə xumar gecəydi…
O nə rahat gecəydi, o nə hamar gecəydi…

O gecədə fəsillərin üzü dönməmişdi, mizan-tərəzi pozulmamışdı. Gecənin qoynunda aləm bir parça nura boyanmışdı sanki: bir cüt insanıyla, bir cüt aşiqi ilə… Gecə gözəlləşmişdi ovqatıynan, həzinliyiynən, pıçıltılarıynan, şəhəriynən,
küçələriynən, evləriynən, daş-divarıynan…
Ömrü qısa oldu gecənin…
Bu şeir istedadlı şair Maarif Soltana aiddir. Bu şeirin qəhrəmanı da elə şair özüdür. Böyük ustalıqla qələmə alınmış bu şeiri heyranlıqla oxuyursan. Bu şeirdə lirik duyğular, kövrək anlar, məhəbbət dolu hisslər yaşanır və oxucunu da bu sentimentallığa cəlb edir. “Sənə məktub” şeirində müəyyən bir zaman yaşayır — bizim hər birimizin taleyində nə vaxtsa hökm sürmüş bir zaman, məhəbbət hissləri. O məhəbbət hissləri ki, ağrı-acımıza, həsrətimizə tab gətirən, dərd-sərimizə şərik olan sevgi macəralarımız!… Maarif Soltanın şeirlərinin qüdrəti bundadır ki, onun təsvir etdiyi hadisələr oxucunun da nə vaxtsa başına gəlib. Gəlməyənlərin də başına gələcək bu yaşantı, bu ovqat.

O gecə növbətçi milisoner də,
O gecə yağış da, göylər də, yer də,
Necə kövrək idi, ilahi idi…
İlahi — deyirəm, — məndə bəxtə bax!
Qalxıb oturduğum sən bu taxta bax!
Sənsə titrəyirdin bir yarpaq təki…
Unudub hər şeyi hey deyərdin ki…

Bax budur poeziyanı sirli bir aləmə qovuşduran. bu yerdə inanırsan ki, Maarif Soltan öz misralarını vəhy vasitəsi ilə yazır. Peyğəmbərlərə məxsus dini vəhylər gəldiyi kimi, şairlərə də, o cümlədən Maarif Soltana da şeir misralarını Allahtala şairin ilham pəriləri vasitəsilə vəhy şəklində nazil edir. Ona görə də onun şeirləri oxucunu sehrləyir, müqəddəsliyə aparır və…
Gecənin sirrinə bax, sehrinə bax ki, hər yanı, hər şeyi sehrləyib. Gecədə canlı-cansız hər şey bütünlüklə sehrlənib; yağış da, göylər də, növbətçi polis də sehrlər aləmindədir sanki və bir də gecədə ilahi bir kövrəklik hakim kəsilib. Aşiqdə bəxtə bax, oturduğu taxta bax… məşuq isə yarpaq kimi titrəyir, pıçıltılardan savayı gecədə səs yoxdur. Nədir bu pıçıltılar?..
Maarif Soltanın misralarında fəlsəfi duyumla, sentimentallıqla yanaşı lirik-psixoloji durum da diqqəti cəlb edir və bu ovqat da aydınlıq və müdriklik bağışlayır. Bu gecənin sirli-sehrli poetikliyi,şairanəliyi Maarifi kövrək fikirlərə yönləndirir. Şairin qələmi gözəlliyi, həzinliyi, bir sözlə gecədə nə varsa hər şeyi bütün detalları ilə aşkarlayır, obrazlaşdırır. Ən xırda duyğuları, hissləri belə poeziya səviyyəsinə qaldırmaq ehtirası onun fitrətindən doğulduğunun şahidi oluruq.
Sevgi-məhəbbət, aşiq-məşuq ünsiyyətindən doğan əbədi mövzu onun qələmində təzələnir. Sevgidə yaşanan nisgil, intizar və bunun əksinə, misralarda yaşayan mərdlik, dözüm və vəfalı aşiqlik insanı kövrəldir, kədərləndirir, gözləri yaşardır, çünki şair hamıya doğma olan məhəbbətin əzablı-işıqlı münasibətlərdə sözə gəlməyən ilahi duyğuları qələminin sehri ilə cilovlaya bilir.

…Bax, elə o vaxtdan, düşüb o vaxtdan
Payi-piyadayam bu yollarda mən…
Bax, elə o vaxtdan, elə
o vaxtdan
Hər gecə üstümə yağışlar yağır —
Yarpaq qarışıq…
Hər gecə yuxumda şimşəklər çaxır —
Diksinib yuxudan baxıb görürəm,
Yenə uzaqlaşır məndən bir işıq…
Bədənim yamyaşdır su içindəyəm,
Alışıb yanıram — od içindəyəm…
O yağış altda.
O yağış o odu söndürə bilmir…
Xəbərin varmı?!

Şair ayağına dəmir çarıq geyinib, əlinə dəmir əsa götürüb payi-piyada düşüb yolun ağına. Görəsən bu yol onu yuxuda gördüyü, aşkarda söhbətə tutduğu sevgilisinə qovuşduracaqmı? Yarpaqqarışıq yağan yağışın altında sevgilisi ilə nəfəs-nəfəsə dura biləcəkmi? Yuxusunda çaxan şimşəklər onu diksindirib oyadır. Amma bir vaxtlar onu tilsimləyən işıq elə hey uzaq laşır… Bədəni su içində, ürəyi qəfəsdə döyünür və bu döyüntü bədəninə od salır, həsrət odu, sevgi odu. Bu atəşi yağış söndürə bilmir. Elə hey yağır yağış, amma o od sönmür ki, sönmür…
Fikrin, düşüncənin necəliyi şeirin axıcılığını, oxunaqlı olmasını şərtləndirir. Maarifin yaradıcılığında metaforik duyumla yanaşı, sentimentallıq da öz yerini tutur. Sevgi müstəvisində hördüyü misralar, şeirlər möhkəm özül üzərində dayanır.
Bir sözlə, demək lazımdır ki, şair Maarif Soltan məhəbbət, eşq, sevgi, aşiqlik dünyasını yaradan, ondan zövq alan, ülvi məhəbbəti gənclərimizə aşılayan qələm sahiblərindəndir.
Dünya gənclik üzərində qurulur. Məhəbbət də gəncliyə aiddir. Sevib-sevilmək dünyanı gözəlləşdirir, qurub-yarastmağa səsləyir, mənalı yaşamağa ruhlandırır. Haqlı olaraq deyiblər ki; “Dünyanı məhəbbət xilas edəcək”.
…Maarif Soltanın hansı şeirindən hansı misranı götürsək, haqqında söhbət açmağa, təhlil etməyə həvəslə girişərik — çünki şair nədən yazdığını, niyə yazdığını və necə yazdığını özü gözəl bilir. İstedadlı şair demək olar ki, müdriklik çağına artıq qədəm basıb; o çalışır ki, yazdığı şedirlər dünyamıza, vətənimizə, torpağımıza, insanlarımıza, xüsusilə də gənclərimizə xidmət eləsin.
Maarif Soltanın poetik təfəkkür mədəniyyəti sözsüsz ki, təbiətcə millidir, ideya cəhətdən isə ümumbəşəridir. O ilk növbədə övladı olduğu vətənimizi, onun insanlarını tərənnüm edir, bu da onun milli varlığının, milli qeyrətinin yüksək olmasından irəli gəlir. Tam və cəsarətlə deyə bilərəm ki, Maarif Soltanın bir şair kimi, poetik təfəkkür mədəniyyəti daha üstün mahiyyət kəsb edir və millilikdən ümumbəşəri səviyyəyə yüksəlməkdə davam edir. Elə bu yerdə bir hovur nəfəs dərib şairə uğurlar diləyərək yenə görüşmək ümidi ilə hələlik, deyirəm.

Heybət Hörmət
Şair-tənqidçi, “Qızıl qələm”
mükafatı laureatı.

Şamaxı-2015
12 fevral.

Yazıya 815 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.