Akif ABBASOV – İKİ OD ARASINDA

AKİF ŞƏKİL İYUN 2014

(“Aci xatirələr” romanından)

         Çolaq Dünyamalının qızı Aytən səadətinə qovuşdu.

 “Kasıbçılıqla böyüyüb, xoşbəxt olsun. Həyat yoldaşı Sərdar da üzüyola adamdır. Düzdür, Sərdarın anasının xasiyyəti ağırdır, kasıb olsa da, qürurludur, hər şeyi bəyənən deyil. Bəzi gəlinlər kimi Aytənin də problemləri olsa, qayınanası ilə olacaq. Nə eybi?! Heç kim deyə bilməz ki, onun ailəsində söz-söhbət olmur”.

Bütün bunları fikirləşən, belə-belə şeylərlə başını qatan Nailə yatağında uzanaraq, öz gələcəyi barədə xəyallara dalır, bir çox suallara cavab tapa bilmirdi. Bu əsnada mobil telefon səsləndi. Axşam saat on ikiyə işləyirdi. “Gecənin bu vaxtı kim ola?” – deyə fikirləşib əlini dolaba sarı uzatdı. Yatağa girəndə həmişə telefonu çarpayının yaxındakı dolabın üstünə qoyardı ki, həm zəng səsini eşidə bilsin, həm də yerindən qalxıb qonşu otağa keçmək məcburiyyətində qalmasın.

“Əlbəttə, Rasimdən başqa gecənin bu vaxtı onu kim narahat edər?. Yaxşı ki, həftədə bir-iki dəfə yadına düşürəm. Bəlkə də, “xala, xətrin qalmasın” deyə zəng edir!”

-Nailə, gözəlim, necə varsan?

-Sən yoxlayanı pis deyiləm.

-Toy necə keçdi? Anam da getmişdi? Çolaq Dünyamalının qızını da belə yola saldıq.

Nailə doluxsundu:

-Sən bir ucdan hamını yola salırsan. Kənddəki qızları da, Rusiyətdəkiləri də. Təkcə məni yola salan yoxdur.

Rasim səhvə yol verdiyini, qızın xətrinə dəydiyini başa düşüb qızın könlünü almağa çalışdı:

-Pis mənada demədim, gözəlim!

Nailənin ona acığı tutmuşdu. Odur ki:

-Mənə “gözəlim” demə! Sənin gözəllərin oralardadır, -deyə cavab verdi.

-Gözələ gözəl deyərlər, gözəlim!

-Məni haldan çıxarırsan ha. Sözünü de. Eşidirəm. Nə zaman gəlirsən?

Rasim onu sakitləşdirmək üçün dedi:

-Qoy işlərimi qurtarım…

-Belə getsə, sənin işlərin qurtaran deyil.

-Qurtaracaq. Bir toy edəcəyəm ki, səsi Ağ evdən, bir də Kremldən gəlsin!

-Moskvadakı qızlar üçün, yoxsa  kənddəki hansısa qız üçün?

Telefonda Nailənin ağlamaq səsini eşidən Rasim də pis oldu: “Bu qıza da zülm edirəm”.

-Elə deyil, gözəlim. Səninlə toyumu deyirəm. Kəndə gəlib nə edəcəyəm? İş yox, maaş yox. Aclıqdır. Əlimə bir az pul gəlsin ki, qayıda bilim.

-Bu minvalla aylar, illər keçər, saçlarıma dən düşər… Heç məni fikirləşirsən? Daha kənddə qız qalmadı. Hamısı ərə getdi. Ərsiz bir mən qalmışam, bir neçə dul qadın, bir də beş-on qoca arvad.

Nailə hönkürdü.

-Yaxşı, yaxşı, gözəlim! Gözünün qorasını tökmə. Bir balaca hövsələli ol. İndi işlərimi yarımçıq qoya bilmərəm, heç olmasa ticarətimin əl-qolunu bir yerə yığım, sonra da yığışıb gəlim.

-Bu köhnə bayatıdır ki, həmişə deyirsən. Başımın altına yastıq qoyursan. Bir planın varsa, açıq-aydın de, biz də bilək.

-Nə plan? Mənim bir  gözəlim var, o da sənsən! Yaxşı,  bildim ki, darıxırsan, arada vaxt tapıb bir-iki günlüyə gəlib səni görərəm. Oturub hər şeyi ətraflı danışarıq…

Telefon söhbəti bitdi. Emil üzünü Rasimə tutaraq:

-O qıza əzab verirsən, qardaş!

Rasim dinməyib öz-özünə sual verdi: “Nailəni yenə sevirəm? Sevirəm. Amma əvvəlki kimi qızğın məhəbbətlə yox. Bəs nə üçün? Məhəbbətimi, sevgimi iki yerə bölmüşəm. Bölünən bir şey də zəifləyər, acizləşər.

 Qarşıma Müjkan çıxdı. Bəs onu necə, sevirəm? Sevirəm. Elə isə hansına məhəbbətin daha çoxdur? Bilmirəm. Məni yolumdan azdıran budur. Müjkan ümid vermir. Nişanlı olduğumu da bilir. O, Nailənin xoşbəxtliyinə mane olmaq fikrindən uzaqdır. Elə isə, mən nə etməliyəm? Müjkanın razılığını ala bilsəydim, nişanımı qaytarardım. Fəqət bu mənə baha başa gələcək. Bu çox ağrılı olacaq. Nailəni ömürlük bədbəxt edəcəyəm. Onun ailəsi, qohumları   düşmən olacaqlar. Hələ özümüzünküləri demirəm. Anam Nailəyə çox bağlanıb. Nailə artıq ona “ana” deyir. Müjkanla evlənməyimə qazı olmayacaqlar. İlkin problemlər də buradan – evimin içindən başlayacaq!

-Nə fikirləşirsən?

Emilin səsi idi.

-Yaman azara düşmüşəm. Dəli şeytan deyir, bunların ikisini də al – Nailəni də, Müjkanı da.

Onun xam xəyalına Emilin gülməyi tutdu:

-Gözlə, boğazında qalar! Bir-birini qırarlar. Nailənin özünü yandırmaq istəməsini, Müjkanın general qızına görə az qala dəli olacağını yadına sal.

Rasim acı kədərlə:

-Elə bilirsən özümdən asılıdır? Özümlə bacara bilmirəm.

Emil:

-Yaxşısı budur, qayıt kəndə,  toyunu elə, – deyə məsləhət gördü.

Rasim key-key onun üzünə baxıb dinmədi. Öz-özünə: “Bəc Mükkan necə olsun?”

                                * * *

Rasimlə telefon söhbətindən sonra Nailənin halı qarışdı. Göz yaşlarını saxlaya bilmədi. Onun hönkürtüsünü eşidən anası qaçaraq gəldi:

-Ömrüm-günüm, nə olub sənə? Niyə ağlayırsan? Kim xətrinə dəyib?

Nailə əli ilə göz yaşlarını silə-silə:

-Heç, ana. Nə isə ürəyin darıxdı…

Anası cib dəsmalını ona uzadaraq:

-Ürəyin darıxdı?  Pəncərəni açım, otağa təmiz hava dolsun. Ya da geyin, aparım səni həyətə, bir az gəziş, özünə gəl.

-Yox, ana, istəmirəm… Bütün günü havada olmuşam. Yorulmuşam…. Rasim zəng etmişdi.

Ana barmağını dişlədi. Sən demə, Nailənin əhvalının pozğunluğu havadan, yorğunluqdan deyilmiş. Fikrə getdi, onun da qanı qaraldı: “Belə de.  Rasimdir balamı bu günə salan. Niyə gəlib evlənmir? Bilmirəm. Lap sirri-xudadır. Düzdür, bayramlarda, Qadınlar günündə, Nailənin, bizim ad günlərimizdə, Qurban bayramında dəm-dəsgahla, xonça ilə qapımızı açırlar. Rasim də Nailənin ayaqqabısından, alt və üst paltarından tutmuş bəzək əşyalarına, ətrinə qədər alıb göndərir, gələndə özü gətirir. Amma bununla iş bitmir axı. Nailə cavan, gözəl-göyçək, yetkin  qızdır. Diz-dizə nişanlısı ilə oturmağa ehtiyacı var. Sadəcə əyləşib bir-birinin gözlərinin içinə sakitcə baxmaq bər-bəzəkdən, qır-qızıldan daha önəmlidr. Yox, gərək Rasimin anası ilə danışım. Qoy oğlunun başına ağıl qoysun. Bu işə bir əncam çəkilməlidir”.

Bütün bunları fikirləşən Sona qızının başını tumarlayaraq:

-Nə deyirdi Rasim? – deyə xəbər aldı.

-İşim çoxdur, pul qazanıram, – dedi.

-Özünə toxtaqlıq ver. Darıxdırma özünü. Dilim-ağzım qurusun, xəstəlik taparsan. Təki ortada istək olsun, sevgi olsun!

Sona bunları deyib soruşdu:

-Ürəyini boşaldıb bir az özünə gəldin? Bir şey lazımdır? Bəlkə şirə gətirim?

-Yox, ana, səni də narahat etdim. Yatacağam.

Sona çıxdı. Nailəni yuxu aparmırdı. Yadına Qəmər, bir də onun dedikləri düşdü.  Şahin doğrudan da yaxşı oğlan idi. Təkcə kənddə yox, rayonda sayılıb-seçilən gənclərdəndi. Sağlam görünüşü vardı, cüssəli və ötkəm idi. Əsl kişi xasiyyətliydi. Ondan qiyamət ər, həyat yoldaşı olardı. Fəqət Nailə özünün əri kimi onu təsəvvürünə gətirə bilmirdi. Şahini sevməmişdi axı. Hətta bu barədə nə vaxtsa fikirləşməmişdi də. Amma Qəmərin söylədikləri, onun təklifi Nailədə maraq oyatmışdı.

 

Yazıya 664 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.