Elşən Əzim- ARZUNUN ZƏNCİLƏRİ

10013920_628400963909267_6846977137020497234_n

(NOVELLA)

Ucqar bir dağ kəndinə təyinat alması ürəyincə deyildi. Işləyəcəyi məktəbin direktorundan isə ilk görüşdən zəhləsi getmişdi. Cavan olmasına baxmayaraq zövqsüz, səliqəsiz, sırtıq bu adam (hər halda o belə düşünürdü.) ona- böyük intellektli, dərin savadlı bir qıza (hər halda bunları da o özü belə hesab edirdi) necə rəhbərlik edəcəkdi? Aran yerində doğulub böyümüşdü, qayğısız bir uşaqlıq həyatı yaşamışdı, ağlı kəsəndən arzuları onu şəhər həyatına vurğun etmişdi. Doğulub böyüdüyü şəhər tipli qəsəbəni belə sevməmişdi. Bir də ki, qəsəbə filan nədi, Azərbaycanın ən yaxşı şəhərlərini də şəhər hesab eləmirdi. Kişinin qızı xaricdə yaşamaq istəyirdi ey xaricdə. Özü də xaric deyəndə də çox yeri nəzəərdə tumurdu ha. Məsələn, keçmiş Sovet məkanı onun üçün xaric deyildi. Xaric o ölkə idi ki, buralara qətiyyən oxşarlığı olmasın. Amerika, Böyük Britaniya, Almaniya, Fransa kimi… Bəd ayaqda lap Nigeriya, Flippin, Qana kimi ölkələrə də razı olardı. Təki xaric olsun. Amma bir balaca toxtaqlığı da vardı, uzaq başı bu kənddə bir il işləyəcəkdi. Çətinliyi Robertonun gələn il universtiteti bitirməsinə qədər idi.

Və elə indi- yolboyu, direktorun maşınında işləyəcəyi kəndə gedərkən xəyalları onu yenicə ayrıldığı tələbəlik illərinə çəkib aparırdı. Bu illər ərzində o, ətrafında pərvanə kimi dolanan azərbaycanlı oğlanların heç birinə könül vermədi. Əvəl bir fransız oğlanla yaxınlıq etdi. Sonra bu gədənin səma, dəniz rəngini bədnam edənlərdən olduğunu bilib uzaqlaşdı. Nədənsə xarici ölkələrdən gəlib Bakıda təhsil alan ağ dərili uşaqların əksəriyyəti haqqında söylənilirdi bu fikirlər. Buna görə də əlacı qara dərili uşaqlara qaldı və bu məsələdə  Cənubi Afrikadan olan Roberto karına çatdı. Beləcə üç il Roberto ilə sevdalı bir gənclik ömrü yaşadı. Bu qarayanız, qarayanız nədi, qapqara, lap kömür kimi qara oğlanı sevirdi, sevmirdi demək çətindir. Onu bir özü bilirdi, bir allahı. Heç Roberto da bilmirdi. Bu qara gədənin bir üstünlüyü də o idi ki, atası Cənubi Afrika respublikasının Fransadakı səfiri idi. Deməli Fransada yaşamaq ehtimalı daha böyük idi.

Məktəb direktorunun mənasız suallarına ürəksiz cavablar verirdi. Direktor isə sanki bunu hiss etmirdi, sualdan yağdırırdı. Arzu cavan məktəb rəhbərinin bu canfəşanlığını uğursuz ünsiyyət qurmaq cəhdi kimi qiymətləndirirdi. Düşünürdü ki, bu adam söhbət eləmək, arada isti münasibət yaraymaq istəyir, ancaq danışmağa söz tapmır, qısası bu işi bacarmır. Direktorun sonuncu sözləri isə onu əməlli-başlı əsəbləşdirdi.

– Arzu xanım, yəqin ki, universitetdə oxumağınız üçün atanız çox böyük xərclər çəkib.
– Əlaçı təqaüdü ilə oxumuşam, atam ancaq ev kirayəsini ödəyib, bir də əyin başımı
alıb.
Direktor kinayəli tərzdə gülüb:
– Onu demirəm ey, o boyda məktəbə girməyin özü filan qədər pul tutur. Sonra da
semestir imtahanları, filan…
– Mən özüm qəbul olmuşam, özüm də oxumuşam.
– Pah! İnandım. Ay qız indi pulsuz məktəb var bəyəm? Neçə ildi bizim məktəbdən heç
kim özü qəbul olmayıb. Neçəsini özüm aparıb pulnan düzəltmişəm.

Arzunu dəhşət bürüdü. Öz-özünə “mən hara gəlib çıxmışam? ” dedi. Onu da anladı ki, bu direktorun özü də hər şeyə pulla nail olanlardandı. Belə adamlar hansısa işin pulsuz düzələ biləcəyini təsəvvür edə bilmirlər. “Cavan olmasına baxmayaraq nə qədər köhnə fikrli adamdır”,  deyə düşündü. Ağzına doldurduğu “sənin kimi müəllimin elə də şagirdləri olacaq” süzlərini deməmək üçün dişini dişinə sıxdı və bir yumşaq cavab verdi:

– Görünür məktəbinizdə təhsilin səviyyəsi aşağıdır.

Direktor da söz altda qalmadı:
– İnşallah o səviyyəni sən sən lap göylərə qldırarsan- dedi və yenidən söhbətin əvvəlinə qayıtdı- deyirsən pulsuz oxumuşam, oxuyarsan də, sənin kimi gözəldən kimdi pul uman. Bir baxışın milyona dəyər.

Arzu istədi dişinin dibindən çıxanı bu səfeh adama söyləsin, ancaq yenə dişini dişinə sıxdı və elə sıxdı ki, sədəf kimi parlaq, inci kimi sıx dişlərinin dibindən heç nə çıxmadı. Onun bu sözlər qarşısında susması isə direktorda başqa bir ümid yaratdı. “deyəsən quşqunu boşdu, özü də buruntaq götürəndi” deyə ürəyindən keçirdi. Söhbətin ardını isə bu mövzuda qurmağa qərar verdi. Elə bu istəklə də maşının salonundakı güzgünü arxada oturan qıza tərəf yönəltdi. Bir  neçə uğrsuz cəhddən sonra söhbətin alınmayacağını görüb yenə güzgüyə əl atdı. Bu dəfə güzgünü  bir az da aşağı əydi, qızın açıq dizlərinə tərəf tuşladı. Bunu Arzu da hiss etdi və dizlərini qabaq oturacağın arxasında gizlətdi
– Müəllim, yola baxın, maşını aşırarsız.

***

Kəndə şər qarışanda çatdılar. Axşamüstü örüşdən qayıdan mal- qaranın, qoyun-quzunun qaldırdığı toz- torpağı görəndə Arzu dəhşət içində əlləriylə üzünü qapadı. Sanki bu mənzərəni görmək istəmirdi. Adamların kəndin bu başından o başına biri-birini çağırması, uşaqların çığırtısı, it hürüşməsi, qoyun mələşməsi onun qulaqlarında vahiməli bir uğultuya çevrildi. Ürəyində atasını danladı: ”məni niyə dövlətin verdiyi təyinatın ixtiyarına buraxdın, niyə vaxtında işimi düzüb qoşmadın? Indi mən bu vəhşixanada necə yaşayacam?”

Kirayənişin olacağı evi də, ailəni də bəyənmədi. O ailəni ki, təzə müəllimənin gəlişi şərəfinə süfrə açmışdı, ona otaqların ən yaxşısını ayırmışdı. Bütün bunlar Arzunun gözündə beş qəpiyə də dəymirdi. Əsas problem o idi ki, bu evin hamamı, ayrıca mətbəxi belə yoxuydu. Səhəri gün direktordan başqa evə köçürülməsini tələb etdi. Bu  istəyi də tezliklə həyata keçdi. Növbəti gün kəndin ağsaqqlı sayılan Seyid Mirqədimin evinə köçdü. Bu  mənzildə rahat yaşamaq üçün normal şərait vardı, həm də evin sakinləri azdı. Burda Mirqədim ağadan, onun nəvəsi 17 yaşlı Mirtazədən və onun anasından başqa kimsə yaşamırdı. Evin 2-ci qatı demək olar ki, tamamilə  Arzunun ixtiyarında olacaqdı ki, bu da onun sərbəst yaşaması ünçün əla şərait idi. əslində Arzu kirayənişin olduğu bu evin adamlarına qaynayıb qarışmaq istəmirdi.

Tezdən oyandı, əl üzünü yuyuyb yuxarı mərtəbəyə qalxmaq istəyirdi ki, evin xanımı onu səhər naharına dəvət etdi. O, təşəkkür edib səhərlər yeməyə adət etmədiyini dedi və ürəyində “bircə o qalmışdı ki, sizinlə üzbəüz oturub nahar edəm” deyə düşündü. Məktəbə Mirtazə ilə gəldi. Oğlan bu məktəbin 11-sinfində oxuyudu. Köhnə, uçuq-sökük, birmərtəbəli məktəb binası da xoşuna gəlmədi, “mənim iş yerimə bax ey, lap yevrositildi”.

Müəllimlər otağını hay-küy bürümüşdü. Adama elə gəlirdi ki, müəllimlər bu dəqiqə
əlbəyaxa davaya çıxacaqlar. Arzu sonradan başa düşdü ki, bu qan davası deyil, illik dərs bölgüsüdür. Yaşlı bir müəllim onu görən kimi hücuma keçdi:
– Budu təzə müəllimə, budur mənim dərsimə şərik olmağa gələn?- məlum oldu ki, bu adam məktəbin rus dili müəllimidir. Özü də 40 ildir burada çalışır. Rus dilinin orta məktəblərdə  tədrisi dayandırıldıqdan sonra ingilis dili dərslərini götürmüş, ancaq bu dildə heç nə bilmədiyindən həmin fənnin də əvəzinə rus dili keçmişdir. Dərslərin ondan alınıb təyinatla gələn cavan müəllimə verilməsinə qətiyyən razı deyildi. Dərd onda idi ki, Arzunun üzərinə hücum çəkən yalnız rus dili müəllimi olmadı. Peoqoji kollektivin hər bir üzvü ona təpki göstərdi. Arzu sonradan başa düşəcəkdi ki, bütün bu işləri direktor bir gün əvvəldən təşkil edib. Çünki təyinatla gələn müəllimənin işə qəbul olunması direktorun iradəsinə zidd idi.  O, vokant yer üçün yağlı müştəri axtarışındaydı.

Mübahisənin qızğın vaxtı məktəbin kitabxanaçısı içəri girib yeni kitabların gəldiyini dedi və onları yerbəyer etmək üçün şagirdlərin köməyinə ehtiyacı olduğunu bildirdi. Elə bil direktor bu xəbərə bənd imiş. Mübahisədən yaxasını qurtarmaq üçün “gedim təzə kitablara bxım” deyərək otaqdan çıxdı. Arzu da bu hay-küylü yerdə çox qala bilmədi və kitabxanaya üz tutdu. Buradakı mənzərə isə bambaşqa idi. Direktor yeni gələn bədii əsərləri əlinə götürür, varaqlayır, özünəməxsus münasibət bildirirdi. Məsələn, Nizaminin kitabını götürüb kitabxanaçıdan soruşdu:

– Bu kişinin beş Xəmsəsi var, beşi də gəlibmi?
– Bəli əlinizdəki o kitablardan biridi
– Ay qız nə danışırsan, bu leyli və Məcnundur Xəmsə deyil. Xəmsəni də bu
yazmayıbmı? Yoxsa  Füzuli yazıb?

Əlindəki kitabı varaqlayan Arzuya bu söhbət qətiyyən qəribə görünmədi, çünki o, məktəb rəhbərinin səviyyəsinə elə ilk görüşdən bələd olmuşdu. Direktor varaqladığı ikinci kitaba isə tamam başqa münasibətlə yanaşdı.

– Hə bax bu əla,  Zəlimxanıhn kitabıdı. Ay qız bunu lap yuxarı başa qoyarsan, hökümət
adamıdı.
Növbəti kitaba əl atanda elə bil direktoru tok vurdu. Sanki bu kitabda yüksək şiddətli elektrik cərəyanı vardı.
– Nə? Əli Kərim? Bu kitab hardan düşüb bura? Başını qaldırıb kitabxanaçıya baxdı. Bir
anda elə pörtmüşdü ki, sanki uzun müddət isti hamamda qalmışdı.
–  Ay qız, sənnən döyləm, kim gətirib bu kitabı bura?
– Bu da təzə kitablardandı
– Ola bilməz, dövlət bu adamın kitabını çıxarmaz, bu dövlətçiliyin əleyhinə danışır, bu
müxalifətçidir, bu xaindir,  yox mən bu işi belə qoymaram lazımi yerlərə məlumat verəcəm burada bir təxribat var bu…- sözünü bitirmədi iki əliylə gicgahlarını sıxdı. heç kim bir şey anlamırdı, kitabxanaçı da, Arzu da heyrət içində gözlərini bərəldib direktora baxırdılar. Nəhayət Arzu dillənməyə cürət edə bildi.
– Başa düşmədim, Əli Kərim necə müxlifətçi ola bilərdi? Axı O…
– Bəs dünən təhsildən savaddan dəm vururdun, bu gün Əli Kərimi tanımadın. Nətər yanı müxalifət döyül, bə Xalq cəbhəsinin böyüyü mənəm? Əli Kərimdi dana…

Arzu söhbətin nədən getdiyini indi anladı. Başa düşdü ki, cavan direktor şair Əli Kərimlə siyasətçi Əli Kərimlini dəyişik salıb. Ancaq üstünü vurmadı. Gülümsündü, bu əyləncəli olayın davamına tamaşa etmək istədi. Direktorun başqa kitablara necə münasibət göstərəcəyini ləzzətlə izləmək istəyirdi. Direktor isə Əli Kərimdən əl çəkmək istəmirdi.

– Yox mən məlumat verməliyəm,bu nə isə bir təxribatdır. Burada müxülifət barmağı
var. Belə kitabları oxudub uşaqlarımızın başını pozmaq istəyirlər,- deyib toqqasındakı telefona əl atdı. Bu dəfə Arzu yenə dillənmək zorunda qaldı, bildi ki, zəng etsə bədbəxt özünü rüsvay edəcək.
– Müəllim, dayanın. Burada bir anlışılmazlıq var. Sizin dediyiniz siyasətçi başqa adamdır, bu isə şair Əli Kərimin kitabıdır. O, indi yaşamır 69- da rəhmətə gedib. Vaxtı ilə “İlk simfoniya” adlı şeiri beynəlxalq müsabiqədə mükafat alıb. Məşhur şeirləri var, eşitməmisizmi? “Qaytar ana borcunu”, “İki sevgi”…

Qəzəbindən heç kimin üzünə baxmayan direktor deyəsən yenə inanmaq istəmirdi. Arzu bunu görüb kitabı açdı. Şairin həyatı ilə bağlı məlumatı oxudu. Direktor Əli Kərimin çoxdan öldüyünə tam əmin olandan sonra bir az toxtadı. Pərtliyini gizlətməyə çalışsa da buna nail ola bilmədi.  Utancaq halda gənc müəllimənin üzünə baxdı. Elə bil dilsiz bir məxluq idi və öz xilaskarına bu məzlum baxışlarla təşşəkkürünü bildirmək istəyirdi. Düşüncəsində isə bu qızı dünyanın ən savadlı adamı hesab edərək, “ qızdakı savda bax ey, şairin neçənci ildə öldüyünü də bilir, hansı şeirinin mükafat aldığını da kitaba-zada baxmadan deyir. Yox, bunu incitmək olmaz. Hər şeyin çəmini bilən qızdı, ora-bura yazar, işə düşərəm ”.

Bu olaydan sonra onun Arzuya olan münasibəti tamam dəyişdi. Bu təkcə qorxu deyildi,  deyəsən subay məktəb rəhbərinin qəlbində sevgi toxumu da cücərirdi və bu cücərtiləri Arzu da görürdü. Əslində bu cücərtiləri alaq otu kimi məhv etmək Arzunun əlində asan bir iş idi. Ancaq o, müdirinin onu görərkən düşdüyü hallardan ləzzət alırdı və bəzi hərəkətləriylə bu sadəlövh adama yalançı ümidlər də verirdi. Bu ümidverici münasibətdən sonra direktor özündə cəsarət tapıb qızı təklikdə görən kimi ürəyindəkiləri açıb demək istəyirdi. Ancaq mətləb üstünə gəlməmiş Arzu söhbətin səmtini elə ustalıqla dəyişirdi ki, hər dəfə oğlanın sözü ağzında qalırdı, bəlkə də gecədən səhərə qədər əzbərlədiklərini danışa bilmirdi.

****

İlk günlər  yaşadığı evin sakinləriylə soyuq davransa da Zaman keçdikcə onlara isinişirdi. Noyabr ayının uzun gecələrində darıxıb aşağı mərtəbəyə enir, ev sahibləri ilə birlıkdə televizora baxır, Mirqədim ağanın maraqlı söhbətlərinə qulaq asırdı. Bu söhbətlər məzmunca maraqlı olsa da mənaca cəfəngiyyatdan başqa bir şey deyildi(hər halda o belə hesab edirdi). Bir gün Mirqqədim ağa yenə imamdan, peyğəmbərdən söhbət açarkən qürurla özünün də bu ali nəsildən olduğunu vurğuladı. Bu zaman Arzu neçə vaxtdır ürəyində saxladığı sualı verməyə fürsət tapdı:
– Baba, peyğəmbər nəvəsi olduğunuzu deyirsiz. Elə isə nəsil şəcərənizi həmin dövrə
qədər saya bilərsizmi?
– Yox qızım, atamın babasına qədər tanıyıram, ondan əvvəlkilər İran tayda yaşayıblar.
Atamın babası Arazı keçib burda məskən salıb, elə o vaxtdan da ağır seyid kimi ad qazanıb.
– Nə bilirsiz, bəlkə babanız bu taya adladıqdan sonra özünü seyid kimi qələmə verib
camaatı aldadıb.
Seyid az qaldı ki, vulkan kimi püskürə:
– Şəkk eləmə bala, şəkk eləmə. Imam nəslindən olduğumu sənə mən sübut edə
bilməsəm də allah isbat edər. Inşallah qurbanolduğunm sənin bu sualına cavab tapar.

Sonralar Mirqədim kişi bu dikbaş qızın belə sözlərini çox eşitsə də dinmədi “necə olsa müəllimdir övladlarımıza bilik verməyə gəlib. Mirtazə ilə evdə də məşğul olur, uşağa ingilisin dilini qandırır”, dedi. Mirtazə isə müəllimə ilə tək qaldığı anlarda yalnız ingilisin dilini deyil başqa mətləbləri də qanmağa başladı. Arzunun qara, xumar gözləri, çiyələk dodaqlarından damcılayan bal kimi sözləri, qısa ətəyindən görünən ətli dizləri onun ağlını başından çıxardı. əgər ağıl başdan çıxıbsa yad millətin dilini nə ilə qavrayacaqsan?

Günlər bir birini əvəz etdikcə nə şagirdinə, nə də direktoruna biganə qala bilməyən müəllimə seçim qarşısında qaldığını hiss etdi və bu durumda ən ağıllı addımı atmaq üçün xeyli düşünməli oldu. Demək olar ki bir gecə səhərə qədər yatmadı. Səhər açılmaq bilmirdi. Saat bir cüt əqrəbini qoşa qılınc kimi sıyırıb vaxtın qabağını kəsmişdi. Yanından ötmək istəyən dəqiqələri qılıncdan keçirirdi. Saniyələr qan damlaları kimi Arzunun əsəblərini döyəcləyirdi. Fikrlər onu gah Robertonun, gah direktorun, gah da şagirdin yanına sürüklədi. “bəlkə vaz keçim bütün arzularımdan, bəlkə taleyim bu kəndlə bağlıdır, bu kənddə kiminlə, o zırrama direktorlamı? Yox ola bilməz, ondan zəhləm gedir. Nə olsun zəhləm gedir, bu adamın gələcəyi var. 25 yaşından məktəb direktorudu. Özləri də çox imkanlıdı. Daha böyük vəzifələrə yüksələ bilər. Axı savadı yoxdu. Eh kimdi savada baxan. Amma yox olmaz məsələ yalnız pulda vəzifədə deyil, türklər demiş başlıca konu kültür fərqidir. Bəlkə Mirtazə? Yox qətiyyən, yaraşıqlıdı, ancaq hələ uşaqdı, ailəsi də çox mühafizəkardı. Nə bilim, mini olmaz, şalvar olaz, o olmaz ,bu olamaz… Bəs Roberto, Fransa, Paris həyatı… axı bunlar mənim uşaqlıq arzularım olub”. Bu düşüncələrdən sonra qış tətilində Bakıya gedib Roberto ilə görüşməyə, məsələni daha ciddi şəkildə müzakirə etməyə qərar verdi.

***

Bakının soyuq, küləkli günlərindən birində Univrsitetin həyətində dayanıb kimisə gözləmək cəhənnəm əzabından başqa bir şey deyil. Arzu isə bu əzabı hiss etmirdi, bir neçə aylıq ayrılıqdan sonra yenidən gənclik illərinin vətəninə- bu şəhərə dönmək, köhnə xatirələrlə baş-başa qalmaq necə də şirindi. Adam bir az da qəribsəyir. Tələbə yoldaşların yox, səni tanıyanlardan, sənin tanıdıqlarından heç kim gözə dəymir, elə bil təklənirsən, nə isə itirmiş kimi hiss edirsən özünü və bu itirdiyin başqası tərəfindən tapılıb elə bil. Bu gerçəklə barışdıqda isə burada kimisə, nəyisə axtarmağın əbəs olduğunu duyursan. Və beləcə suyu süzülə-süzülə dönürsən bu gününə…

Arzu da yaşadı bu nisgilli duyğunu Robertonu gözlədiyi yarım saatın içində. Budur, Roberto gəlir. Aman allah, Arzu dəhşətli bir müqayisənin doğurduğu acı gerçəklə üzüzədir. Belə ki, Roberto uzaqdan gəlıərkən Arzu onun əvəzinə gah direktoru, gah da Mirtazəni təsəvvür etdi və hər ikisinin bu qara gədədən yüz qat üstün olduğu qənaətində bulundu. Tez də bu fikri başından qovdu: “məni romantika, sevgi zahiri gözəllik aldatmamalıdır. Hissimi ağlıma qurban verib məqsədimə doğru getməliyəm”.

Bahalı restoranlardan birində əyləndilər. Hər ikisi çox içdi. Hesabı Arzu ödədi və Robertoyla gecələmək istədiyini dedi. Otelə birlikdə getdilər.

Qalxıb oturdu, gözlərini ovxaladı, hər iki qolunu yana açıb quluncunu qırdı, bundan sonra sağ tərəfinə baxdı,  Roberto yox idi. Saata baxdı, 11… demək, öğlan tezdən qalxıb dərsə gedib. Vanna otağına keçib duş qəbul etdi. Bundan sora bir az ayılan kimi oldu. Dünənki içkinin təsiri seyrəldikcə  Arzunun peşmançılığı artırdı. “mən nə etdim? Ay allah bədbəxt elədim özümü. Bəlkə bu məni özüylə aparmadı o zaman nə edəcəm? Niyə bu gecə özümü tamamilə təslim etdim, niyə?”
Elə kəndə də bu iztirabla qayıtdı. Kənddə isə onu yeni bir macəra gözləyirdi. Təzə bir sevdalısı peyda olmuşdu müəllimənin. Arzu Bakıda ikən sürücü Cəbişin anası Mirqədim ağanın qapısına elçi gəlmişdi. Mirtazənin anası qızın çox yekəxana olduğunu demiş, xoşaxoşluqla razı olmayacağını söyləmişdi.

– Yenə gədə özünə desn, qızın ürəyi olsa yığışıb gedərik ata-anasından istəməyə.
Mirqədim ağa isə gəlininin bu məsləhətinə gülüb:
– Ay bala, o qızı ki, mən tanıyıram O, bu kənddə qalmağa razı olmaz. əgər oğlun
istəyirsə götürüb qaçsın, sonra barışıq işini özüm həll edərəm.
– Ağa, cəddinə qurban olum, sənin qapından qız aparmaq doğru olmaz axı.

Mirqədim ağa fikrə getdi. Doğrusu başqa vaxt olsaydı bu evə əmanət olunmuş uşağın qaçırılmasına heç zaman razı olmazdı. Ancaq Mirtazənin tora düşəcəyindən ehtiyatlanırdı. Son vaxtlr gədə özünü bir cür aparırdı. Deyəsən bu qızın fikrini eləyir.

– Mənim qapımdan aparmasın, məktəbin qapısından aparsın. Özü də qonşu kənddəki bacın gilə aparsın, ara sakitləşəndən sonra evə gətirər.

Bu söhbəti uzaqdan dinləyən Mirtazənin hikkədən az qalırdı ki, dişi bağırsağını kəssin.

Müəllimə qayıdan kimi mətləbi anladacağına qərar verdi. Arzunun  getdiyi günlərdə ağlına yüz fikir gələn Mirtazə üçün bu da yeni zərbə idi. Əməlli-başlı sevirdi qızı, ayrılığa tab gətirmirdi, hətta gizli-gizli ağlayırdı da.

***

Yanvar tətili başa çatmışdı. Yeni ilin ilk dərs günü idi. Mirtazə Arzunu  gözdən qoymurdu, az qalırdı ki, bütün dərslərə onunla birlikdə girsin. Bunu etməyə cürəti çatmasa da qızın dərs keçdiyi otaqların qapısında tənəffüsə kimi gözləyirdi. Arzu müəllimlər otağına girəndən sonra nisbətən rahatlaşırdı. Imkan tapıb təhlükəni Arzuya anlada bilməmişdi. Hər an ürəyi səksəkədə,qulağı səsdə idi. Maşın səsi eşidən kimi ürəyi ayağının altına düşürdü və özünü o dərəcədə itirirdi ki, ayağının altına düşmüş ürəyini taptalamağından xəbəri olmurdu. Yenidən zəng, yenidən tənəffüs… Arzu bu dəfə birbaşa həyətə çıxdı. Mirtazə isə ondan uzaqda qalmalı oldu, çünki qız ayaqyoluna gedirdi. Hadisə elə bu zaman baş verdi. Iki nəfər qəfildən peyda olub Arzunun qollarından tutdular, sürükləyib maşına saldılar və tez də maşını işə salıb uzaqlaşdılar. Bütün bunlar elə ani baş verdi ki, nə Arzu, nə də onu gözdən qoymayan Mirtazə hay-küy salıb köməyə adam çağıra bildilər. Yerində donub qalmış Mirtazə elə bil birdən ayıldı və qışqıra –qışqıra maşının ardınca qaçmağa başladı. Maşın artıq kənddən çıxmışdı Mirtazə onun hara gedəcəyini dəqiq bilirdi və qaçırdı. Direktorun maşını yanında dayananda onun qaçmağa taqəti qalmamışdı, səntirləyə-səntirləyə yeriyirdi,ancaq geri dönmək fikri yoxuydu. Direktorun bu işə qarışmasını istəməsə də maşına oturdu.

Qonşu kənd çox da uzaqda olmadığından tez çatdılar. Onların gedəcəyi ünvanı Mirtazə yaxşı bilirdi. Hər şey babasının ssenarisi üzrə getmişdi. Həyətə çatdılar. Direktor maşından düşən kimi elə qışqırdı, elə söyüşlər yağdırdı ki, evdəkilərin hamısı bayıra çıxdılar. Əlbəyaxa dava başladı. Hətta arvadlar da işə qarışmışdı. Daş atan kim, yabanı, beli, baltanı götürüb hücum çəkən kim… davanın qızğın vaxtında direktorun maşınının siqnalı eşidildi. Burnundan qan axan Mirtazə çönüb maşına tərəf baxdı. Maşındakı Arzu idi, əli ilə onları çağırırdı. Hər ikisi cəld maşına tərəf qaçdı. Arzu ilə birlikdə geriyə qayıtdılar. Evdəkilərin başı dava-dalaşa qarışdığından nəzarətsiz qalan Arzu fürsətdən istifadə edərək evdən çıxmış, çəpərdən aşıb maşına əyləşmişdi. Hər halda direktorla Mirtazə kəndə qalib kimi qayıdırdılar.

Həmin günün axşamı Arzu Robertoya SMS yazaraq durumu izah etdi. Tazliklə Bakıya dönəcəyini bildirdi. Onu da qeyd etdi ki, zaman itirmədən evlənməlidirlər. Robertonun cavabı ləngimədi. Yazırdı ki, imtahan ssesiyası bitdikdən sonra bu məsələləri həll etmək olar. Deməli, Arzu ən azı bir ay bu kənddə qalmalı idi. Bəlkə öz evlərinə dönsün? Bu qərarını reallaşdırmağa vaxt tapmamış ona başqa bir mətləb agah oldu. Adətən ailəli qadınlar bu məsələni duyanda çox sevinirlər, subay qız kimi tanınan qadınlar isə bu xəbərdən sarsılırlar. Arzu da 9 aydan sonra ana olacağını biləndə sarsıntı keçirdi. Bu halda Robertoya SMS yazıb təbrik etməyi də unutmadı. Axı doğulacaq körpənin atası o idi.

Bir neçə gündən sonra Robertonun zənglərinin, ismarıclarının arası kəsildi, nömrəsinə də zəng çatmadı. Bundan qayğılanan Arzu Bakıda yaşayan rəfiqəsi ilə əlaqə saxladı. Rəfiqəsi Robertonun təcili olaraq öz ölkəsinə çağırıldığını dedi. Elə həmibn axşam Cənubi Afrikadan Arzuya  SMS gəldi. Roberto yazırdı: “atam qəflətən vəfat edib, bu səbəbdən vətənimə qayıtmalı oldum. Daha sizin ölkədə təhsil almağım mümkün deyil. Heyf! Yenə də görüşmək ümidi ilə. Sənin Roberon”. Arzunun düşdüyü vəziyyəti təsvir etməyə yəqin ki, ehtiyac yoxdur. Ancaq ağlayıb sızlamaqdan bir şey çıxmazdı. Təcili qərar vermək lazım idi. Nə etsin? “Bəlkə direktor? Yox  uşaq deyil ki, hər şeyi anlayandan sonra məni bir gün də saxlamaz. Elə toyun səhəri gün qovar. Bəlkə şofer Cəbiş? O özü şeytana papış tikir, onu aldatmaq olmaz. Mirtazə necə? Bu haqda fikirləşməyə dəyər.”

Və səhəri gün… Mirqədim ağa kənddəki yas yerindədir, Mirtazənin anası da ora gedib. Oğlan kitablarını qoltuğuna vurub dərslərini hazırlamaq üçün ikinci qata- Arzunun yanına çıxır. Divanda yanaşı otururlar. Arzu ilk dəfə dizini Mirtazənin qıçına toxundurur. Bu təmasdan xoşhallanan gənc yerində qurcuxur. Sonra əllərinə toxunur, oğlanın əlindəki kitab yerə düşür. Sonra isə…

Sonra isə  bir birinin ardınca elçilik, nişan, toy… bütün bunlar bir neçə günün içində baş verdi və səbəbini də hamı yaxşı anladı. Kəndin ən ali nəslinin adına ləkə düşdü. Artıq heç kim Mirqədim ağanı ağsaqqal kimi məclisə dəvət etmir, ocağına ziyarətə gəlmirdi. əslində o özü də el içinə çıxa bilmirdi. Amma bu çətinlik çox çəkmədi. Arzu dünyaya uşaq gətirəndə hər şey birdən birə dəyişdi. Uşağı ilk dəfə görənləri heyrət bürüyürdü. Körpə qapqara idi, Lap zənci kimi.

Məsələdən agah olan Mirqədim kişi qətiyyən təəccüb etmədi. Mənalı tərzdə başını tərpətdi, ancaq ürəyindəkini demədi. Körpənin 40 gününün tamam olmasını gözlədi. Vədə başa çatanda:
– O uşağı mənə gətirin dedi. – körpəni gətirdilər- anasını da çağırın.- Arzu da
həyəcanlı halda otağa girdi. Mirqasım ağa üzünü Arzuya tutub sözə başladı:
– Qızım, yaxşı bilirsən ki,toyunuzdan sonra nə sənin nə də ərinin üzünə baxmamışam.

Məni el içində rüsvay etdiyiniz üçün ikinizdən də zəhləm gedib, iyrənmişəm sizdən. Babamdan mənə miras qalan bu ocaq ləkələnmiş sayılıb sizin ucbatınızdan. Ancaq  bu körpəninin dünyaya gəlişi bizim ocağımızın növbəti möcüzəsi sayılmalıdır. Deməli sən Allahın bizə bəxş etdiyi bir mələksən. Nəvəmə ilahi tərəfindən göndərilmiş butasan. Allah szin kəbininizi göydə kəsib. Ona görə də bəndənin izni olmadan bir-birinizə yaxınlaşa bilmisiz. Bugünə qədər bu hərəkəti sizin əxlaqsızlığınız kimi anlamışam. Indi başa düşdüm ki, siz tanrının hökmüylə bu hərəkəti etmisiz. Bu qara uşaq bizim peyğəmbər nəslindən olduğumuza bir işarədir. Həm də sənə görkdü. Yadında varsa bizim seyidliyimizə şəkk etmişdin. Mən də bunu allah özü sənə isbat edəcək demişdim. Indi dünyaya gətirdiyin uşaq əsl ərəb balasına oxşayır. Buyur bu da mənim şəcərəm. Indi bütün babalarımı saymağa ehtiyac yoxdur ki, deyib sevgi dolu baxışlarla Robertonun oğluna baxdı.

Yazıya 790 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.