Günortaya yaxın idi. Növbəti dəfə boylanıb baxdı, gördü “0” yenə bayaqkı kimi “vxod”un qarşısında oturub və yerini də deyəsən, heç kəsə vermək fikrində deyil. Dilxor olub yerinə qayıtdı. Bir xeyli var-gəl etdi və yenidən “vxod”a sarı boylandı. “0”-ın hələ də yerindən tərpənmədiyini görəndə lap hövsələsi daraldı. Özünü ələ alıb yumşaq səslə:
—Ay Sıfır, ay totuş-potuş bala,–dedi,–sənə bir bu qədər hərəkətsizlik olmaz e! Xolesterinin artar, xəstələnərsən. Dur bu qapının kandarından, bir az gəz-dolan, yolu kəsmə, qoy bir başqaları da gəlib otursunlar da… O ən yaxın yoldaşın yazıq “1”-dən heç xəbərin vaar? Bu qapıdan içəri girməyin həsrətini çəkməkdən zavallı əriyib lap çöpə dönüb, bir insafın olsun, noolar?!
Qayıdıb nə desə yaxşıdır o zalım “0”:
— Ay-hay! Müftə xam xəyallara düşmə! Sənə kim deyib ki,”1″ bu qapıdan içəri girməyin həsrətini çəkir?”
Dedi:
— Özüm görmürəmmi ki, gündə ən azı bir dəfə gəlib bu qapının ağzında dayanır?
“0” şaqqanaq çəkib ləzzətlə güldü:
—Eheheheheheee!….Sənin ağlın öz “2”-lərivə,”3″-lərivə,”5″-lərivə getməsin e!…
O “1” hara, həsrət-filan hara?!..Sən görsən o bu qapının ağzına nə zülüm-zillətlə, çuhud cəhənnəmə gedən kimi gəlir, özüvün ona yazığın gələr .Onun belə sısqa olması həsrətdən deyil e!…Ay sənin kefin olsun! Nervidəndi, nervidən!..Gəlmək istəmir, amma prosto, centlmenlik qoymur !
“0”-ın bu sözlərindən daha da dilxor olub qaş-qabağını tökdü və bu dəfə səsi bir az sərt çıxdı:
— Bura bax, yaxşısı budur sən,bizim kəndin qojaları demişkən, majara qatma! Yoxsa paxıllıqdan bizim aramıza girmək istəyirsən?
“0” bu dəfə daha bərkdən güldü:
–Əşi, sən lap müsibətsən ey! Mən sutkanın 23 saatı elə sizin aranızda oluram daa.
Amma sonra birdən-birə ciddiləşdi, çöhrəsi təəccüblü dərəcə tutqunlaşdı, elə bil büzüşdü və az qala ağlamsına-ağlamsına:
— Di gəl ki sən hər dəfə qapıda məni görəndə kefin pozulur, dilxor olursan, qapını şaqqıltıyla üzümə çırpıb gedirsən, mən de sənin bu rəftarından pərt oluram, ürəyimdən qara qanlar axır… Axı nədən sən o “1”-i bir bu qədər çox istəyirsən, amma məni heç görməyə gözün yoxdur ? Nədən?..
Deyəsən “0”-ın bu ağlar halı ona təsir eylədi. Susub bir neçə saniyə nə isə düşündü. Sonra dodaqlarında yüngül təbəssüm, bəbəklərində dəcəl parıltılar oynayan gözlərlə “0”-a baxıb mülayim səslə aram-aram söylədi:
—Hımmm!…Əslində mən səninlə də mehriban ola, səninlə də dostlaşa bilərəm haa…
Bu sözləri eşidən “0” qəfil sıçrayıb oturduğu yerdən dik qalxdı, nə isə demək istədi, amma həyəcandan dili söz tutmadı. “0”-ın bu halını məmnun-məmnun seyr edib toxtaq bir əda ilə davam etdi sözünə:
–Amma sən gərək bu münasibəti, bu dostluğu qazanasan.
“0”-ın gözlərində ümid işartıları yarandı. Sanki ən ağır şərtləri belə qəbul etməyə hazır olduğunu ifadə edən bir ahənglə:
—Neyləməliyəm, onu söylə!—dedi.
— Nə söyləyəcəm? Söyləyəsi bir şey yoxdur ki!..
“0” təəccübləndi:
—Necə yəni söyləyəsi bir şey yoxdur? Mənə şərtlərini deməyəcəksən?
—Şərt-filan yoxdur. Mən sənə heç nə deməyəcəm. Sən özün tapmalısan mənim dostluğumu qazanmağın yolunu! Get yaxşı-yaxşı düşün görək neyləyə bilərsən ki, mən hər gün kandarda səninlə qarşılaşanda qaş-qabaqla üzümü yana çevirməyim, əksinə, səni də görəndə şadlanım, şair demişkən “gəlişinə qoşa qollar gərilsin.” Haçan ki tapdın, buyur gəl, gözüm üstündə yerin var. İndi isə hələliiik!..
Son sözlərini xüsüsi əda ilə söyləyib yüngülcə gülümsədi və çevrilib asta və arxayın bir yerişlə “0”-dan uzaqlaşdı.
Döyükmüş “0” isə bir müddət onun arxasınca mat-mat baxdıqdan sonra dərindən nəfəs alıb öz-özünə söyləndi:
—Allah, Allah!.. İndi nə demək oldu bu? ..Heç başım çıxmadı ki, bu məndən nə istəyir…”Sən özün tapmalısan mənim dostluğumu qazanmağın yolunu”… Nə cür axı?.. Neyləməliyəm bundan ötrü?.. Görəsən, indi mən nə edim ki, onun o gülməşəkər “1” kimi, əziz-giramisinə çevrilə bilim?
Sonra oturdu və çənəsini ovuclarına dayayıb gözlərini bir nöqtəyə zilləyərək düşünməyə başladı…
(Fəhmsiz “0”!… Bu qədər asan bir mətləbi dərk eləyə bilmir…Zavallı…)
Yazıya 815 dəfə baxılıb