Salatın Əhmədova — Təndir yarası

Xocali  Xocalının anım gününə

Adamlar uzun dəhlizdə cərgə ilə dayanmışdılar. Açıq qapıdan geniş kabinet demək olar ki, tam görünürdü. Komissiyanın sədri tələsmədən, asta-asta, bir-bir sənədlərə baxır, komissiya üzvlərinin rəylərini soruşur, etiraz olmayanda əlinin altındakı siyahıda qarşısındakı adamın adını tapıb nəsə qeyd edirdi. Sonra da sənədləri qaytarıb sahibinə verir, yenidən qapının astanasında dayananlara tərəf: 
-Kimin növbəsidir, gəlsin, – deyə hündürdən səslənirdi.
Bir-iki nəfər də keçdi. Qapıda dayanıb növbəyə nəzarət edən gənc orta yaşlarına çatar-çatmazlığı güclə sezilən, amma ilk baxışdan vaxtından əvvəl qocaldığı görünən qadının narahatlığını bayaqdan hiss eləmişdi. Qadın hərdən divara söykənir, bir qədər dayanandan sonra görünür, özünü rahat hiss etmədiyindən növbədən kənara çıxır, pəncərənin taxtasına dirsəklənib dayanırdı. Bir qədər də yeriyəndə ayağını çəkirdi. Elə bil ki, pəncələri üstə yeriyirdi. Gəncin ürəyindən keçirdi ki, onu növbədən kənar buraxsın. Amma adamların narazılıq edəcəyindən ehtiyatlanırdı. Bu vaxt lap arxa cərgədə, təzəcə gəlmiş yaşlı bir kişi həmin qadına yaxınlaşdı. Yəqin ki, elə aralıdan görüb, tanımışdı. 
– A bala, a qızım, sən Solmaz deyilsənmi? Yuxarı Tülü kəndindən, Yavərin qızı. Deyəsən, dədən bir-iki il bundan əvvəl rəhmətə gedib, elədirmi? 
Qadın başını qaldırıb kişiyə baxdı. O kişi də ona tanış gəldi. 
-Hə, əmi, doğrudur, mən Yavər kişinin qızıyam.
-Bəs, elə bil axsayırsan. Nə olub?

-Heç, ay əmi, təndir yarasıdı.
-A bala, burada təndir var? Təndir qaldı Tülüdə, Xocalıda…
Birdən kişi irəli yeriyib növbəyə nəzarət edən oğlana güclə seziləcək, əsəb qarışıq bir səslə dedi: 
– Bu əlil qadını niyə növbədə saxlayırsan?
Bəlkə də, kişi heç təpinmək qəsdi ilə demirdi. Bununla növbəyə dayananlara xəbərdarlıq edirdi, yəni ki, heç kim səsini çıxarmasın.
Həmin gənc işarə ilə Solmazı içəri dəvət etdi. Sənədləri əlində içəri keçən Solmaz nə qədər özünü tox tutsa da, axsamağını gizlədə bilmədi. Özü də deyəsən, axsamağından utanır, bunu bir qədər ört-basdır etmək üçün ayaqlarını yerə möhkəm basmağa çalışırdı. Onda da yerişi lap kobud alınırdı. 
Ona əyləşmək üçün stul təklif elədilər. Oturmadı, elə stulun söykənəcəyindən yapışıb ayaq üstə durdu. 
-Sənədlərini ver, -komissiya üzvlərindən biri əlini uzatdı. 
-Xocalı, Tülü kəndi. Solmaz Yavər qızı. İkinci qrup əlil. 
-A bacı, əlilliyinin səbəbi nədir? Növbədənkənar ev alma hüququn var-yox, biz bunu aydınlaşdırmalıyıq.
Solmaz qırışmış arıq əlləri ilə yapışdığı stulun söykənəcəyini bir az da bərk sıxdı. Gözlərində yaş gilələndi. Komissiya sədri hiss elədi ki, sualı yerinə düşməyib.
– Xocalıda Tülü kəndi vardı?Deyəsən, bu sualla bir qədər əhvalı dəyişmək istədi. 

Yenə komissiya üzvlərindən biri izahat verdi: 
-Bəli, Xocalıda elə demək olar ki, Xocalıya bitişik meşəliyin içində belə bir kənd vardı. İyirmi-otuz ev olardı. Ermənilər Xocalıdan qabaq Qaradağlını, Meşəlini yandırıb talan edəndə o kəndi də dağıtdılar. Camaatı da həlak oldu. 
Görünür, danışan komissiya üzvü yerli nümayəndəliyi təmsil edirdi. Ona görə də məlumatlı idi: 
-Bu bacının da anasını, bir qardaşını elə kəndi talan edəndə öldürmüşdülər. 
Komissiya üzvünün belə sakit, təmkinlə danışmağı Solmazın əhvalını dəyişdi. Hiss elədi ki, əlləri qıc olur. Yapışdığı stulun söykənəcəyi az qala qopub əlində qalacaqdı. Başında bir uğultu hiss elədi. Onsuz da solğun olan rəngi bir az da avazıdı…
…Tülü Xocalıdan yuxarı meşə içi kənddi. Aşağı tərəfindən qıjıltı ilə çay axırdı, bir yanı sıldırım idi. Digər tərəfi yarğan, ara-sıra qayalıqlar. Kənddə heç on ev də olmazdı. Bu kəndin baş tərpədənləri gecələr düşmənin gələ biləcəyi tərəflərdə növbə çəkirdilər. 
Doğrudur, tez-tez Xocalıdan ürəksıxıcı xəbərlər gəlirdi. Elə növbə ilə kənd adamları da Xocalıya enir, çatışmayan şeyləri alıb gətirir, beləcə, bir-birindən vahiməli gələn günləri sayırdılar. Hərdən də yuxarıdan Xocalı aeroportuna enən vertolyotlara baxıb qürurlanırdılar: 
-Bizimkilər gəlib-gedir, bu boyda şəhəri yiyəsiz qoymayacaqlar ki? Xocalını əldən verməsələr, Tülüyə yaxın düşən olmaz…
Bunlar ömürlərini-günlərini Tülüdə yaşayan, burda doğulub-böyüyən adamların yeganə təskinliyi, dinc sabaha bəslədikləri ümidləri idi. Bəli, insan hərdən quru sözlə istəyini dilə gətirəndə də təskinlik tapa bilir. Amma ümidsizlikdən uzaq ola da bilmir. Elə bil ki, ümidsizlik ümidin inamını, özü də sonuncu inamını qırmaq üçün hər dəqiqə onların ürəklərinin qapısını döyürdü. İçəridən gələn cavab da elə o təskinlikverici sözləri idi. Amma bir gün…
Günün günorta çağı qəfil atışma başladı. Növbə çəkən tülülülərin bir-birini haylaması kəndə harayhəşir sal¬dı. Bəli, ermənilər gözlənilmədən kəndə soxulmuşdular. Onsuz da az qüvvə ilə müdafiə olunan Tülü təpədən dırnağa silahlanmış düşmənin qabağında dayana bilməzdi. 
…Zümrüd təndiri bir az əvvəl yığışdırmışdı. Təndirin içəri divarları soyumuşdu. Axırıncı kündəni təndirin dibində, ortalığa yığdığı közün üstündə bişirmişdi. Yavər kəndin yuxarı başında bir az daldanacaq, bir az da elə səngər məqsədilə qayanın bir tərəfində qurduğu qalağın arxasında dayanmışdı. Saqqallıların birdən-birə yaxınlıqda peyda olması onu çox da təəccübləndirmədi. İlk atəşi də elə Yavər atdı. Doğrudur, nişan alıb atmadı. Demək olar ki, havaya atdı. Yavər cəsarətli adam idi. Özünün də əlli yaşı olar-olmazdı. Gəncliyini bu meşələrdə keçirmişdi. Əlindəki qoşa lüləsi ilə meşənin dərin yerlərinəcən gedər, axtardığı ovu tapmasa, vurmasa geri qayıtmazdı. İki oğlunu, bir qızını Zümrüdlə birgə böyütmüşdü. Böyütmüşdü deyəndə ki, uşaq-ların ayaqları elə indi-indi, təzəcə yer tuturdu. Bircə Salman hələ ki, onunla ova gedə bilirdi. Balaca Kamalı bir neçə gün əvvəl şəhərdə yaşayan bacısı aparmışdı. Solmazın on beş-on altı yaşı olardı. Əslində, bacısı Solmazı aparmaq istəyirdi, amma Solmaz getməmişdi – anasını qoyub getməmişdi. Axır ki, arvad naəlac qalıb Kamalı tovlayıb aparmışdı. Beləcə, beş-altı yaşlı Kamal bu hay-küyün içindən elə iki-üç gün əvvəl çıxıb getmişdi. 
Ermənilər Yavərin gülləsindən səksənib daldalan¬dılar. Ancaq atışma davam edirdi. Yavər başa düşdü ki, bu həna o hənadan deyil. Aşağı tərəflərdən də atışma səsi gəlirdi. Salman Tülünün aşağı yanında idi, yarğan tərəfdə. Əslində, Salmanı buraya atası göndərmişdi. Zənn eləyirdilər ki, uçurum tərəfdən ermənilər qalxa bilməzlər. Düzünə qalsa, ermənilər də bu yerlərdə yaşayan adamlar idi. Onlar da buraları yaxşı tanıyırdılar. Çayın o tayında, meşəarası kəndlərin birində yaşayan ermənilərin başçısı Aşot hücum planını özü qurmuşdu: «Ara, mən bu türk tayfasını yaxşı tanıyıram. Onlar gecə qarovulunda möhkəm olurlar. Biz onların üstünə gecə hücuma keçəcəyik. Özü də bir dəstə, yuxarıdan onların gözlədiyi tərəfdən. Əsas dəstə çayın uçurum tərəfindən qalxacaq. Biriniz çayın bu tayından yarğanın qaşını gülləyə tutun, harda olsalar cavab verəcəklər. Qalanlarınız güllə tutmayan yerdən dırmaşın».
Salman yarğanın qaşından çayaşağı baxırdı. Birdən güllə səsi eşitdi. Çayın qırağında o tay erməni kəndindən olan və demək olar ki, Salmanla bir yerdə böyümüş Joranı tanıdı. Jora Aşotun oğlu idi. Jora da deyəsən, Salmanı görmüşdü. Çünki düz onun dayandığı yeri gülləyə tuturdu. Vəziyyət ağırlaşırdı. Salman Joranı nişan aldı. Eyni vaxtda iki güllə açıldı. Birinə o tayda Jora yıxıldı, digəri də Salmanı yıxdı. Aşot onun başının üstə dayanmışdı:
-Ara, köpayoğlu, sən mənim oğlumu vurdun?
Salman yaralı olsa da, birtəhər geri çevrildi. Aşot da, digər saqqallılar da onu əhatəyə almışdılar:
– Ara, Salman, tork kopayoğlu, sənə demədikmi vaxtında şələ-şüləni yığışdırıb get, qanını bizdən uzaq elə… Ara, demirdik ki, fürsət düşən kimi hamınızın qanını içəcəyik? Ara, demirdimmi Allahın sizə verdiyini gözünüzdən töküb, əlinizdən alacağıq. Gülürdünüz, inanmırdınız. Qulağınız kəsilməyincə ağlınız başınıza gəlmir, köpəyuşağı, qanınızı içəcəyik. Görəcəksiniz qoynunuzda necə ilan balası bəsləyibsiniz. 
Aşot yanındakı saqqallılardan birinə Salmanı göstərib: «Bunun işinə axıracan baxın,dedi və cəld digər saqqallılarla yuxarı – Salmangilin həyətinə yüyürdü. 
Aşotdan qabaq da iki nəfər Zümrüdgilin həyətinə çatmışdı. Zümrüd həyətin ortasında ayaq üstə dayan¬mışdı. Bir əlini qabağa uzadıb qışqıraqışqıra nəsə deyirdi. Deyəsən, dediklərini heç özü eşitmirdi: «Burnunuzdan gəlsin bu qapıda yedikləriniz. Evimizin, həyətimizin qapısını yaxşı tanıyırdınız, ona görə bu həyətə cəsarətlə girmisiniz?». Sol qolu yanında qalmışdı. Durduğu yerdə qanı şoralanıb axır¬dı. Ayağının altında enli taxta parçası vardı. Meşə ağaclarından düzəldilmiş taxta qapalağı həmişə təndirin ağzına qoyurdu. İndi də elə həmin qa¬palağın üstündə dayanmışdı. Qan elə qapalağın üstünə süzülürdü. Ara-bərədən axan qandan başqa, ağayının altında da bir gölməçə yaranmışdı. 
-Türk qanğıcı,-Samvel silahı üzünə qaldırdı. Lüləni Zümrüdün sinəsinə dayadı.
-Kəs səsini! Yavərin dizdən aşağı iki ayağını da kəsib qoltuğuna verəcəm. Qoy alçaq özü olsun, dizi üstə yerisin. Bir ay bundan qabaq meşədə rastlaşmışdıq. Ona dedim ki, yır-yığış elə, buralardan get. O da mənə hədə-qorxu gəldi: «Sənin kimi alçağın sözü ilə yerimi, yurdumu atıb gedən deyiləm». İndi qoy özü görsün ki, alçaq kimdir? 

-A Samvel, boyun çinarcan olsa da, sən alçaqsan. Zümrüd iki addımlığında dayanmış Samvelin üzünə lomba ilə tüpürdü. 
Güllə açıldı və Zümrüd elə qapalağın üstünəcə yıxıldı. Ermənilər qəfil gəldikləri kimi, qəfil də çəkildilər. Samvelin səsi uzaqlaşırdı. 
-Ara, tez olun, Xocalı tərəfdən gələn olar. Alipin (Əlifin) dəstələri yəqin ki, bu atışmanı eşidib.
Əllərinə keçəni, mal-davarı yığıb apardılar. Kəndə ölü sükutu çökmüşdü. Ara-sıra meşəyə qaçmış qadın-uşaq geri qayıdırdı. Yavər üzü aşağı, öz həyətinə yüyürdü. Onun səngərlənib qabağını saxladığı ermənilər çəkilib getmişdilər. Əvvəlcə həyətə dönmədi. Salmanın dayandığı tərəfə yüyürdü. Salman uçurumun qaşında yox idi. Alacalanmış gözlərilə Salmanın dayandığı yerə baxanda oğlunun necə qol-bud edildiyini, parça-parça doğrandığını gördü. Bəs Zümrüd, bəs Solmaz?.. Dəli kimi havalanıb qapıya cumdu. Zümrüd qapalağın üstündə həyat işığı çoxdan sönmüş, bərəlmiş gözlərilə səmaya baxırdı. Bəs qız necə olub? Bir anlığa Yavər ağlına gələndən dəhşətə gəldi: «Qızı ermənilər aparıb!». Silahı çevirib lüləsini başına sarı tutdu. Birdən ona elə gəldi ki, qapalağın altından közdə qızaran ət iyisi gəlir. Cəsəd qarışıq qapalağı təndirin üstündən qırağa çəkdi. Solmaz bayılmış vəziyyətdə təndirin küncünə qısılmışdı. 
Görünür, vahimədən və həm də elə təndirin içindəki közdə yanan ayaqlarının ağrısının şiddətindən huşunu itirmişdi. Qızın qollarından tutub təndirdən çıxardı. 
Rahat nəfəs aldı. Silahını haraya atdığı da yadına düşmürdü. Xocalı aeroportundan Əlifin kömək üçün göndərdiyi adamlar yaralıları topladılar, ölənləri bir yerə yığıb kəndin qırağında yan-yana düzdülər. 
Solmaz da ayılmışdı, amma zarıyırdı. 
Yavərə baxan elə bilərdi ki, arvadı öldürülən, cavan oğlu yağı əlində doğram-doğram olan o deyil. Yavər qızının düşmən əlinə düşməməyinə sevinirdi. 
…Tülüdə həkim-zad olmazdı. Bu kənddə hamının işinə Tavad qarı yarıyırdı. Elə indi də o, qızın ayağını təmizləyib yardım dərmanları içərisindən məlhəm tapıb ayaqlarına çəkdi. 
Kimsə astadan dilləndi:
-Yavərin sevinməyinə bax.
Tavad qarı başı aşağı qızın başını qolu üstündə tutub dayandığı yerdəncə:
-Bala, bu, qiyamət sevincəyidi.
…Solmazı komissiya otağında bir tərəfdə qoyulmuş divanın üstünə uzatmışdılar. Həkim çağırılmış, ona yardım göstərilmişdi. 
-Ay bacı, özünə gəl, bu, bayaqkı komissiya üzvünün sözü idi. Solmazın baxdığını görüb əlavə elədi: 
-Sizə ev verirlər. Niyə belə əsəbiləşirsən? 
-Yox, əsəbiləşmirəm, Solmaz indi özünə gəlmişdi. 
Daha komissiya üzvlərinə də baxmırdı. Amma dodaqlarının altında nəsə pıçıldayırdı. Diqqətlə dinləyən olsaydı açıq-aydın onun sözlərini eşidərdilər:
– Mənə öz evimi, öz Tülümü verin… 
– Tülünü verin, Xocalını verin!…

Yazıya 691 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.