(hekayə)
Xaqani gözlərini geniş aralamış, dodaqlarını bir-birinə bərk-bərk sıxıb yerə sökənmişdi və iki əlli sinəsinin sağ tərəfindəki yarasını var gücü ilə sıxmasına baxmayaraq axan qanını gözucu seyr edirdi. Ara-sıra göz qapaqlarını qapayıb özünü işin oluruna buraxmaq, hər şeydən əlini üzüb özünü qaranlığın qoynuna atmaq istəyirdisə də, sonradan yenə sıx-sıx tövşüməyə başlayır, gözlərini yenidən geniş-geniş açır, dodaqlarını daha da bərk-bərk bir-birinə sıxaraq getdikcə daha da zəyifləyən özüylə ölüm-itim mübarizəsinə qayıdırdı və hər qayıdanda gözlərində şimşəklər çaxdıra bildiyi, tufanlar qaldıra bildiyi kimi, hər kirpiklərini qovuşduranda astaca gözləri çiskinləyirdi də.
Obyektiv hər şeydən asılılığını itirən özlüyündəki ölüm-itim döyüşündə gah məntiqdən kənar şəkildə qımıldanır, titrəyir, o yan-bu yana çapalayır, qıçlarını, ayaqlarını yöndəmsizcə oynadır, qıvranır, gah “ölməyəcəyəm” yükü daşıyan nərələr çəkir, ah-vaylar edir, gah nəfəsi daralır, sinə dolusu nəfəs almaq istədikdə sinəsinin necə də göynədiyini, necə də sızladığını duyur, ağrı-sızının vücuduna necə yayıldığını, ətinin necə biz-biz durduğunu, içinin necə qıc etdiyini sezir və gah da bir anlığına özünü bıçaqlanmasında müqəssir tutur, ürəyində gileylənir, onu bıçaqlayanı – təhlükəli olduğunu bilə-bilə – yamanlamamalı olduğunu düşünür və müəyyən sıralamaya tabe olmadan yenidən başa qayıdır, çərxə yenidən başlayırdı.
Özüylə özü arasındakı mübarizəyə başlamasını bıçağın girib-çıxmasından 2-3 saniyyə sonra yaralandığını sezməsini saysaq araya sıxışan zamanın çox da böyük dilim olduğu söylənməzdi, lakin Xaqani o qədər çox ikiləşmişdi, o qədər çox həm ölümü, həm də yaşamı seçmiş və seçimindən vaz keçmişdi ki, zehni-düşüncəsi qurdeşənə dönmüş, ağlı o qədər iğtişaşlanmış, hərc-mərclik qafasını elə tozlu-dumanlı tufana çevirmişdi ki, vücudu tutunmağa bir yer, daldalanmağa bir künc tapa bilmirdi.
Uzun-uzun qıvranandan sonra bir anlığa ağlı getdi, niyə burada olduğunu, niyə yaralandığını, niyə qıvrandığını belə unutdu, özünü tamam boşluqda hiss etməyə başladı və bütün ağrı-sızılarını bir kənara qoyub təxmini on-onbeş arşın aralıda insanların tələşməsinə, çəkişməsinə baxdı, heç birini tanımadı, niyə tələşdiklərini anlamadı və gözlərini yumaraq düşünməyə, xatırlamağa çalışdı, lakin təxəyyülü çox dumanlı, çox çiskinli idi, dəqiqliyini itirmişdi.
Əvvəlcə keçmişin qırıq-qırıq epizodları, müəyyən fiqurlar və zaman dilimlərini ehtiva edən lövhələr gəlib keçməyə başladı: gah dəniz qırağında, səma gözlərlə şır-şır sahilə naz satıb geri çəkilən masmavi dalğaların əks olunması arasında az qala fərqi itirməsini, gözəl bir mızıltı, avazlı bir pıçıltı, lakin rabitəsiz və anlaşılmaz, ancaq qulağaşirin səsləniş sezməsini, gah da biləyə çıxan qarda ayağıyalın qaçmasını, sinəsinə sığmayan nəfəsi qovmağa çalışmasını və tez-tez qanırılıb arxaya baxmasını, canavar ulamasına oxşar bir nərilti eşitməsini və ara-sıra atasının nəhəng seluletini görməsini, hər görəndə cəldləşməsini görürdü və bir düzünə heç anlamadığı, harda görüb-eşitdiyini bilmədiyi hadisələr, bir sürü vaqiələr görür, bağırtılar, qışqırtılar, qəhqəhələr eşidir, bəzən zehnini dəlib keçəcək qədər qüvvətli sevinc, bəzən də iliklərə işləyən əzab duyur, üzülür və ruhunu ağır, məşəqqətli bir hiss çuğlayırdı.
Dözə bilməyib bir dəfə də gözünü açdı, bütün bu lövhələrdən, bütün bu epizodlardan, görüntülərdən xilas olmaq, rahatlamaq istəmişdi ki, ağrı-sızısı başladı, sinəsi tez-tez qalxıb enməyə, tövşüməyə qaldığı yerdən dəvam etdi, iz salıb öz minvalında axıb gedən qanına baxdı, hər nə qədər tam başını qalxıza bilməsə də, gözucu həngaməyə baxdı, tələşən, itişən adamları gördü və bu səfər leylək tükü kimi nazik, balıq qılçığı kimi incə olmasına baxmayaraq fışqıran vulkan təki cəsarəti, girişkənliyi olan namıdiyar Seti də(ki, əgər gerçəkdən də bu o idisə), Setin bıçaqlı əlinin biləyindən yapışıb yavaş-yavaş onu geri-geri aparmağa çalışan iş yoldaşı İldırım Əsilzadəyi də, Setin yoldaşlarını Xaqanidən uzaq tutmağa çalışan, əlində silah, önlərində səddə dönən sinəsi poladla, blokla doldurulmuş, yumruğu fil toynağına bənzəyən ayı qamətli yaxın dostu İqor Myaçovu da tanımışdı.
Cinayət-axtarış idarə rəisi Səbuhi Maşov haki illərdir hərlədiyi, izini aradığı Setin yerini müəyyənləşdirmiş və işi Xaqani Vəliyə tapşırmaq üçün Xaqaniyi otağına çağırmışdı. Xaqani Səbuhi Maşovun otağına daxil olanda rəisini həmişəki kimi durqun, sakin və siyah-bəyaz görmüşdüsə də, bu səfər yanaqları yunqulvarı allanmışdı və necəki səs tonuna açıq-aydın qulağaçarpan arxayınlıq hopmuşdusa, eləcə də duruşuna, görkəminə zorla sezilə biləcək cuzi miqdarda əminlik sərpilmişdi.
– Cənab Xaqani, ən çox güvəndiyim işcilərimdən birisiniz, – o, sözə başladı. – Sizdən… həqiqi Seti gətirmənizi istəyirəm. – Sonra gözünü Xaqanidən çəkdi və siyirtmələri eşələməyə başladı. Çox keçmədən masaya boz rəngdə iri bir zərf qoydu və sözünə dəvam etdi. – Bu zərfdə Setin şəkilləri və iqamət etdiyi yerin ünvanı var. – Araya qısa sükut girdi. Sükut əsnasında Səbuhi Maşov masadan eynəyini aldı və gözünə taxaraq bütün diqqətini Xaqaninin gözlərində cəmlədi, sanki Xaqanini daha yaxşı görmək istəyirdi, sanki onun gözlərində bu işi həll edəcəyinə dair bir parıltı axtarırdı.
Xaqani ayağa durmuş, rəisinə çest vermiş, zərfi almış və dönüb astanadan keçərək qapının önündə yoxalmışdı. Lakin beynini qurcalayan bir şey vardı: Set hər kəs ola bilərdi, o, həqiqətləri güc zoru ilə sifətlərə çırpmağı özünə məqsəd seçmiş fərdləri bir dam altında birləşdirən bir fenomenə çevrilmiş əfsanə idi. “Set” cəmiyyətdə sığallanaraq aldadılmaqdan bezmiş, usanmış bir personajdır, o, aldadılmaqdan o qədər zara gəlmiş, bundan ötrü o qədər əzab-əziyyət görmüş, o qədər ahü-zar çəkmişdir ki, sinə qəfəsinə sığmayan hiddətini daha fazla saxlaya bilməmiş və hiddətini xaricə püskürməyə başlamışdı – Hiddətdən başqa bir şeyə yer qalmamış sinənin daşıyıcısı təhlükədən daha təhlükəlidir, ona nə güvənmək, nə də inanmaq olar. “Set”in qayəsinə görə insanı özünə özünü yabançı qılan hər mentalitet, hər ideya düşməndir və ər meydanında hesab verməlidir; və bu qayəyə qarşı çıxan, tüğyan etmiş, coşmuş bu dənizə dalğaqıranlıq edən həç kəsin əzilmiş qarışqa kimi əzildiyinin fərqinə belə varılmayacaqdır – çünki düşmən nəyinki xarici amillərin təbiəti ilə oynayır, həm də hətta insanın öz vücudunu, onun varlığını parçalara ayırır, kimisinə xeyir, kimisinə də şər gözüylə baxır, onu özünə yadlaşdırır, özündən uzaqlaşdırır. Şər elə düşmənin özüdür və başçısı olmadan yolunu azar; Set – şər tanrısına çevrilmişlikdir. Bu günə kimi yüzlərlə Set tutulmasına baxmayaraq hər dəfə də tutulanın gerçək Set olduğu sanılmışdı və nə az, nə çox, düz 17-nəfəri də Xaqani Vəli qazamata yollamışdı. Axı Set kimdir? Setin qadın və ya kişi olduğu dəqiqliyini itirmiş vəziyyətdədir, çünki tutulanların 33%-ı qadın idi. Set`likdən müqəssir tutulanların gördüyü işlər çox bəsid idi: həyatın üzünə maska taxanlara layiq olduğu cəzayı vermək! Növbəti sual və veriləcək cavab da olduqca bəsitdir: Həyatın üzünə maska taxanlar kimdirlər və bu fəaliyyət hansı yollarla həyata keçir? – Bunu edənlər həyatın axarının önünü kəsməyə çalışanlardır və çox yaxşı bilirlər ki, önü kəsilən şey daha çox gəlir və buna görə də həmişə axıb getməyə alternativ bir minval açırlar, hansı ki, onların mənfəətlərinə mənfəət qatır və bu alternativ minvalı elə süsləyirlər, ona elə bəzək-düzək vururlar ki, görənlər gözlərini çəkə bilmir, eşidənlər həp eşitmək, toxunanalar müdam toxunmaq istəyir, lakin məğzini biləndə, dərinlərinə enəndə üfunət yayan bataqlıq tapırlar və geri qayıtmaq çox vaxt gec olur, çünki bataqlıq özünə dartır, daha da dərinlərinə çəkir; çıxa bilmək üçün isə Set`ə çevrilirlər. Cəmi üç ilə yaxın olar-olmaz ki, etiraz əlaməti olaraq “Set” adıyla yüzlərlə adam məhkum edilibdir. Nə qədər ki, həyat maskalanmağa çalışılırdı, həmin sürəcdə Set`lər həmişə var idi – sadəcə başqa adla, fərqli formada, lakin məğz, məqsəd həmişə eyni idi, hər biri etiraz əlaməti olaraq könüllü olmuş, sinəsini gərərək irəli çıxmışdı və get-gedə artırdılar, “hamımızı məhkum etsəniz bayırda kim qalacaq, kim sizi əlinin üstündə daşıyacaq, kimin dili mədhiyyələr söyləmək üçün alışıb yanacaq? – heç kim!” – qarışıqlıq ona görə şişirdilmiş, ona görə ciddiyə alınmağa başlamışdı. İncə bir xəttə də toxunmalıyıq: Şər tanrısını – Seti – cəmiyyət özü yaratdı, onun var olması üçün zorla ona güc verdi və indidə onu susdurmaq üçün qazamata göndərir – işin məzhəkəbazlığı buradadır… Qara buludlar nəhəngləşdikləri zaman mütləq toqquşub səsli-küylü şimşək çaxmalıdır və güclü bir yağış yağmalıdır, hətta bəzən elə güclü tufan qopa bilər ki, yeri-göyü bir-birinə qatar, hər şeyi yerlə-yeksan edər. Lakin həyat dəvam edəcəkdir; Set də belədir, müvcud həyat axımını xarabaya çevirənədək, onu yox edib altındakı torpağı ısladanadək müdam yağar, dağılan həyatın zəminini, torpağı ıslatdığı üçün güllər cücərər, vadilər yaşıllaşar, yeni həyat başlayar. – Setin açılımı belədir. Xaqani Vəlinin perspektivindən baxsaq son, lakin cavabsız sualları gözdən keçirmək qalırdı – yollandığı ünvanda gerçək Setin iqamət etdiyi nə məlum? Xaqani boynuna götürdüyü hər işi layiqincə yerinə yetirdiyi kimi, təbiəti etibarilə, şübhəyə düşdüyü məsələlərə də məsul olmağı bacaqmaz, cavabdehliyi öz üzərinə götürməkdə çox çətinlik çəkərdi, o, hər işi görərdi, bir tək doğru yoldan şaşmadığına əmin ola bilməli idi. Rəisi həqiqi Setin tapıldığından dəm vururdu, ancaq 17-nəfər Set məhkum edən Xaqani – hər dəfə də həqiqi Seti məhkum etdiyini düşünərək – buna necə əmin olsun?
Xaqani Məhbarə xalasına zəng etdi və qızını məktəbdən götürməsini, axşam gəlib aparacağını dedi.
Tez-tez çıxarıb zərfdəki şəkilə baxan Xaqani, sükanda əyləşmiş köməkçisi İldırım Əslzadəyə – əvvəlcə İqor gilə sür, – dedi. Xaqani bir tərəfdən uşaqüzlü, ürəyiyuxa və duyğusal adam idisə də, digər tərəfdən özünü işinə verdiyi zaman çox acımasız, çox vəhşixasiətli də ola bilirdi. Bu səbəbdən əməkdaşları, iş yoldaşları ona bir tərəfdən həsəd aparrır, digər tərəfdən isə belə məsum simanın, belə narın vücudun, belə xatircəm insanın bəzən anidən vəhşiləşməsinə, yabanılaşmasına da təəccüblənirdilər, mətəl qalırdılar. Xaqani Vəli – atası tərəfindən 12-yaşında bibisinə verilmiş, bibisinin himayəndəsində boya-başa çatmışdı. Atası Xaqaniyi bacısına verənə qədərki zaman dilimində isə Xaqaniyə gün verməmiş, hər gün bir mahna taparaq onu döymüş, onu teyləmişdi, pələsəng etmişdi və onu bacısına verəndən sonra isə yoxa çıxmışdı. Anasını heç tanımayan, onu heç görməmiş Xaqani bibisi Dövranın himayəndəsində həyatını rahat və firavan dəvam etməyə başlayanda bibisi və həyat yoldaşının övlad arzusunu da qane etmiş, ailəyə işıq-nəşə gətirmişdi. Düzdür, atasına nifrət duyan, ona qarşı dərin bir ikrahla dolan Xaqani kimi çox övlad tapılar, amma ana həsrətini də atadan çıxarmaq istəyəndə və bunu bacarmayanda vəziyyət daha da ağır olur – Xaqaninin vəziyyəti bu səbəbə görə ağır ola bilərdi, lakin o, həyat yoldaşından həm atalıq, həm də analıq gözləyərkən onu, ciyərparəsini, qar dənəciyini də ona qar çiçəyi bəxş edəndən sonra itirdi, narın çıçəkciyəzini qucağına aldıqda çox ağır gəlmişdi, çünki təkcə həyat yoldaşını yox, təkcə qızının anasını yox, o, həm də öz anasını, öz atasını bir daha itirmişdi…
Avtomobil orta sürətlə irəliləyirdi. İqor da artıq arxa oturacaqda yerini rahatlamış aynadan Xaqaniyə tamaşa edirdi, onu adət etmədiyi şəkildə belə düşüncəli görməsi xoşuna gəlmirdi.
– Xaqani, – yarı yolda İqor dilləndi, – saqqızın necə tapıldığını bilirsən? – ağzına saqqız ataraq soruşdu.
– Bilmirəm, – dalğın halda dilləndi, – hə, necədi?
– Əsrlər əvvəl bir gənc oğlan meşədə dolaşdığı zaman bəzi heyvanların ağac şirəsini yediklərini görür və marağına məğlub olub o da yemək istəyir. Ancaq, ağzına aldıqda çıynəyib, çiynəyib, yenə də mədəyə endirə bilmədiyini gördü. “Necə də maraqlıdı” deyərək çeynəyə-çeynəyə kəndə enir və keçdiyi hər yerdə ona gülürlər, lağa qoyurlar. Evə gələndə atası “mənə ağzınımı büzürsən?” deyib və yaxşıca döyüb, anası “eşşəkdən yarandığını zatən bilirdim” deyərək ağzını açıb-qapamağına gülməkdən uğunub və sevdiyi qız da “nəyə oxşayırsan, bu qədər vaxtdır bunu necə görməmişəm” deyərək onu tərk edib. “Lənətə gəlmiş şey, həyatımı sürçütdün!” deyərək oğlan ağzındakı ağac şirəsini atıb və evinə qayıdıb. Bunu görən balaca bir uşaq ağac şirəsini ağzına ataraq çeynəyə-çeynəyə uşaqlarla oynamağa gedib və bütün uşaqlar da cəlb olaraq çeynəməyə başlayıblar. Sonra hər kəs çeynəməyə başlayıb və olan da gənc oğlana olub. Yazıq oğlan!
İqoru danışdığı hekayətin sonuna doğru arxada gülmək tutdu və qarnını tutaraq qəhqəhə çəkməyə başladı. Elə cəlb edici gülürdü, elə hayharey salmışdı ki, “İqor, necə də iyrənc yumor anlayışın var!” deyərək Xaqani də gülməyə başladı və İldırım da özünü tuta bilməyib onlara qoşuldu. Düz yolda irəlilədikcə gülüşlər get-gedə gülümsəmələrə döndü, sonra da yerini sükuta əylədi.
Yolun yarısından çoxunu qət etmişdilər ki, İqor bir daha dilləndi:
– “Set” nə deməkdir ki?
– Üç mənası var, – İldırım cavab verdi, – bir – durmadan yağan yağış nəticəsində yaranan daşqın; iki – iqamət etdiyi yerə dar gələn qələbəlik, üç – güclü təsir bağışlayan hal və ya davranış.
– Və dörd, – Xaqani gözünü çölə dikmiş dilləndi – qədim misirdə Nut və Geb`in iki oğlundan biridir – Osiris – xeyir tanrısı və Set – şər tanrısı. Rəvayətə görə Set çox xatircəm, çox düzgün biri, kifayət qədər də yaxşı xasiyyəti, davranışı olan biri idi. Lakin Set taxta çıxacağı yerdə kiçik qardaşının ona uğursuz bir suiqəst hazırlaması Set`i hiddətləndirir, gözləri od tutub yanmağa, nəfəsi vəhşi heyvan kimi səs yaymağa başlayır, şəfqətə olan inancını itirir. Taxta çıxandan sonra qardaşı Osirisi öldürür və şər tanrısı kimi ad qazanır. Osiris`in yoldaşı İsis özünü gözlərə əzab verən gözəllikdə bir qadına çevirir. Set, onu gözlərindən yaş axarkən görür və problemin nə olduğunu soruşur. İsis, öz və Horus’un – Osiris və İsis`in oğlu, səma, günəş tanrısı – vəziyyətinin timsalında bir hekayə nəql edir. Dediyinə görə şeytani bir adam onun ərini öldürmüş, ailəsinə qarət etməyi sınaqdan keçirmişdi. Set, bu pis vəziyyətə bərk hirslənər, bu şeytani adamı yox edərək ailə mülklərinin gənc qadının oğluna keçməsi üçün canfəşanlıq etməyə başlayar; öz sözləri ilə öz etdiklərini ayıblayar və Misir tacını itirər.
Xaqani rəvayəti nəql edəndə İqor Myaçıv da Xaqani kimi gözlərini çölə dikib xəyallara dalmışdı.
Zərfdə qeyd edilən ünvana çatahaçatda Xaqani bir daha zərfdəki şəkillərə göz atdı və bu səfər rəsimdəki adamın – Setin – qələm kimi incə gözəbatan burun cizgisinə və ayparaya bənzər çənə quruluşuna diqqət etdi, lakin əsas şəkili dilə gətirib danışdıran rəsimdəki adamın bərk-bərk sıxılmış nazik və solğun dodaqları, parlayan yaşıl gözləri və hiddətdən qırışmış alnı idi ki, “ey düşmənlər, qorxanın!”. Hərçənd rəisi Səbuhi Maşov çözülməli olan vacib tapşırıq vermişdi, lakin Xaqani həm şübhəylə dolan zehninə və həm də qızına – Lamiyəyə – görə narahat idi, tez-bazar işi bitirib əmanət etdiyi qızını xalasından alıb evə aparacaqdı. Xaqaninin iki xalası var idi, biri ödündəki daşa görə əməliyyat olunacaqdı – bu Gülçöhrə idi – və gecə bacısı Məhbarə iki nəvəsi ilə birlikdə onun yanında qalacaqdılar – Fuad və Ləmanla – ki, elə buna görə də həm Lamiyənin uşaqlarla yaxşı yola getməsinə görə, həm Lamiyəyi çox sevən Gülçöhrə xalanın israrına görə və həm də işinin uzanacağını bildiyi üçün qayıdanadək Lamiyənin orda gözləməsini istəmiş, mümkün olduqca tez qayıdacağını sözünü də verərək vəzifəsinə yollanmışdı, ancaq narahat idi, qara gözlü ceyranı üçün təlaşlanırdı, çünki xəstəxanadakı abı-hava insanı xəstə edirdi, o bağırtılar, qışqırtılar, o həngamədə narın çiçəyi soluxacaqdı – qızcığazı qorxacaqdı. Yəni həm qızına görə işinə yoğunlaşa bilmirdi, həm də nədənsə Set`lərə artıq kin bəsləməyi buraxmışdı və vəzifəsinə könlünü verə bilmirdi.
Ünvana çatmağa az qala İqor qələbəliyə baxaraq dedi:
– Polis avtomobili ilə gəlməyərək əcəb iş gördük, yoxsa bizi sağ buraxmazdılar.
Xaqani bunu eşitcək ağlından Səbuhi Maşovun sözləri keçdi – “izdiham polislərdən çoxdursa polislər acizdir” və gah zərfdəki şəkillərə, gah da izdihama göz gəzdirməyə başladı. Təlatüm qəlbini çırpındırırdı, çünki Səbuhi Maşov ona izdihamdan bəhs etməmişdi. “Qəhr etsin” – o, alnını qarışdıraraq dilləndi, – “İqor, silahım səndə qalsın” – qanrılaraq makarı arxada əyləşmiş İqor Myaçova verdi. İldırım da, İqor da təəccübləndilər, lakin dillənmədilər və asta-asta qələbəliyi ötüb təxmini beş yüz addım uzaqlıqdakı ünvana gəldilər. “Şükür, izdiham az da olsa uzaqdadır, qarışıqlıq olmayacaq” – Xaqani düşündü və avtomobildən enib evin qarşısında dayandılar. Adətlərini pozmadan siqarlarını atəşə verib bir az qonuşdular, evin quruluşuna nəzər yetirdilər və yavaş-yavaş evin həyətinə daxil oldular. Ev kiçik, həyəti isə böyük idi, ancaq tərk edilmiş evlər kimi rəngi qaçmış və uçuq-sökük görünürdü. Qapının önündə dayanıb tıqqıldatdılar – Tuk, tuk, tuk. – və qapı açıldı. Bu o idi, Set adıyla tanınan adam. Xaqani Vəli qapını açan adama salam verdi və zərfdən çıxardığı vərəqdə yazılanı oxuyaraq ondan soruşdu:
– Cahid Salmanov – sonra başını qalxızıb adama baxaraq – sizsiniz? – deyə cümləsini tamamladı.
– … – Xaqaniyə dikilmiş gözlərin eyni şəkildəki kimi basbas bağırdığını gördükdə Xaqani dinmədi, sadəcə çox da uzun çəkməyən sakitliyə uyaraq cavab gözlədi – Cavid Salmanov öldü! Onu biz öldürdük, onu siz öldürdünüz! – səsi hər dəfə kövrəkləşirdi – Mənə Set deyin, mən xeyiri sevən şər tanrısıyam! – cümləsinin sonuna yaxın astaca qapıyı çəkdi və bayıra çıxdı. – Kiminlə danışıram? – səsini təzimləyərək ədəblə dilləndi.
– Lütfən dinləyin, – deyə sözə başlayan Xaqani Setin gözünü tam da görünməyən şəkillərə diktiyini gördü – biz polis idarəsindən gəlirik və… – Setin hərəkəti elə tez, elə cəld idi ki, Xaqani sinəsindəki bıçağı dərindən nəfəs almaq istəyəndə ancaq hiss etdi. İki arşım uzaqlıqdakı İldırım bıçağı çıxarıb bir daha soxmaq istəyən Setin biləyindən tutmağa zorla yetişdi, ancaq Setin Xaqaninin sinəsinə təpiklə vurmasının qarşısını ala bilmədi və İqor da siqarının son qullabını çəkib tam atmaq üçün qanrılmışdı ki, həngamə düşdüyünü sezdi və evdən çıxıb səs-küyə yığılan Setin havadarlarına silah doğrultdu.
– Bu qara buludlar tufan qoparmadan qağıla bilməz, – Set iri gözlərini Xaqaniyə dikərək yüksək səslə dedi – yolumuza çıxmağa kimdir könül verən?
Xaqani hər şeyi xatırlamışdı.
Gileyli göz qapaqlarını araladığında gözləri qamaşdı, ətraf çox işıqlı idi və yarasını sarıyırdılar. “Ölür, çox qan itirib, xilas edə bilməyəcəyik” – deyə qadın səsi eşidirdi. “Lamiyə” mızıldandı, amma səs eşidilməyəcək qədər asta idi. Yenə yumdu gözlərini, yorğun düşmüşdü… və hələ də çərx dəvam edirdi, epizodlar gəlib gedirdi. Bu səfər daha şüurlu olmaq şərti ilə dəniz qırağında, ay işığında səma gözlərlə şır-şır sahilə naz satıb geri çəkilən masmavi dalğaların əks olunması arasında az qala fərqi itirməsini, gözəl bir mızıltı, avazlı bir pıçıltı, lakin bu səfər anlaşılan, qulağaşirin bir səsin qonuşmasını eşidirdi. O ulduzu görürsənmi? – bir əliylə Xaqaninin əlini ana bətninin üstündə sıxaraq, bir əliylə də göydə hansısa ulduzu göstərərək dedi, – necə də narın, zərif və incə görünür, insanın bütün estetik duyğularına təkan verir, oyadır, sanki insanın içini sevgiylə, şəfqətlə, həyatla doldurur. – yenidən gözlərini Xaqaniyə dikdi, gözlərində külək dənizi ləpələndirirdi. – Qızımıza Lamiyə adı çox yaraşacaq, məni qırma, adını Lamiyə qoyaq… – son cümləni söyləyəndə əlinin daha da sıxıldığını və içəridəki, ana bətnindəki hərəkətlənməyi Xaqani halhazırda da sol əlində hiss etdi.
“Ölür” qadın səsini bir daha eşitdi, lakin bu səfər səsdə sezilən bir titrəklik var idi və həm də səs Xaqaninin qulağına çarpanda çox bulanıq anlaşılmışdı, sanki az qala heç anlaşılmamışdı.
Hər keçən saniyyədə xülyalar Xaqaninin zehnini daha da çox fəth edirdi. “Ah, Sara…” – Xaqani ürəyində könlünün dilbərini yad etdi. “Lamiyə, zərif ulduzum” – növbəti epizodda qızını görərkən düşündü, – “onlara döya bilmədən hər birinin ulduzu düşdü: anamın ulduzu düşdü və düşüşünü belə görmədim, atamın ulduzu da düşdü, Saranın ulduzu da… göy üzümdə bir tək sən qaldın, parıltın zərif və incədir – hər an sönə biləcək kimi”. Tövşüməyə başladı, köksündə xırıltı sezilirdi və gözlərini geniş açdığında damarlarında axan qanın fövqəlliyini sezməsi çox çəkmədi ki, anidən dirsəklənməyi ilə ayaqlanmağı bir oldu. İlk gördüyü tib bacısı idi, sonra da sırayla İqor, İldırım və beş-üç nəfər gözünə sataşdı, bir-birlərinə nəsə deyirdilər, təəccüblənirdilər, ancaq Xaqani anlamırdı, sanki qulaq zərləri dağılmışdı, işləkliyini itirmişdi. Qaranlıq düşmüşdü. Fınxırdı və başını silkələdi, lakin heç nə dəyişmədi, onları yenə də duymadı, bütün mövcudiyyətini məşğul edən bircə şey var idi: Lamiyə. Təcili yardımdan aşağı endi, yeridikcə tibb bacısı da geri addım atırdı. Dostları geniş açılmış gözlərlə bir daha yenidən nəzər yetirdilər, gözlərinə inanmırdılar, çünki Xaqani olduğundan iri görünürdü. Tələsə-tələsə avtomobilə mindi, mühərriki işə saldı və arxasıyla şütüyən dostlarına aldırmadan tam qazla tərpəndi. Az getdi-çox getdi, yolda anidən gözləri axmağa başladı, yol gah sağa, gah da sola qanrılırdı, amma tezcə də yolun əslində düz olduğunu sezirdi, avtomibil isə yolda səkkiz yaza-yaza sürətlə hava qatını yarırdı. Hərçənd xətasız-bəlasız gedirdi, ancaq getdikcə gözləri daha da axmağa, daha da bulanıq görməyə başlayırdı; az qala görmə duyumunu itirəcəkdi ki, qafasını sukana çırpdı və bərkdən bağırdı, eyni şimşək kimi, tufana qarışan külək kimi. Başını qaldırdıqda önündə dəniz kimi böyük camaat kütləsi gördü, – dənizi saya bilməzsən – irəli hissəsi Xaqaniyə dalğaları xatırlatdı. Sürətini azaltdı və yarıb keçmək istədi, yavaş-yavaş yaxınlaşdı. Hər kəs ona baxırdı, nəriltisini hər kəs eşitmişdi və o qədər yaxşı görmədiyi biri yumruğunu irəli uzadaraq bağırdı – Set! – və tsunami kimi irəli axdılar, sanki hücuma keçdilər. Xaqani aldırmadan izdihamı yardı və keçdi, yoluna dəvam etdi. İzdiham isə hansısa binayı darmadağın etməyə başladı. Qələbəlikdən bir neçə avtomobil isə Xaqaniyi təqib edirdi.
Xəstəxanaya çatanda gecə yarı olmuşdu. Set qorxusundan olmalıdır ki, qapılar zincirə vurulmuş, qıfıllanmışdı. Xəstəxananın qapıları olduqca hündür idi və olduqca da sağlam görünürdü. Xaqani Avtomobildən encək xırıldaya-xırıldaya qapılara yaxınlaşdı və zincirlənmiş qapıları gördüyündə qan təpəsinə vurdu, hiddətləndi, ürəyi elə cəld vurmağa başladı ki, nərildəməsiylə həmahəng bircə təpiyə qapıları sındırdı və heç gözləmədən içəri keçdi. Növbətçi həkim və tibb bacıları dəhlizə töküşdülər, xəstələr arasında isə ayrıca bir həngamə başladı. “Set!” qapıdan yeni daxil olan və dəhlizdəki qan izlərini təqib edərək Xaqaniyi izləyənlər xorla səslədilər. “Set! Eşitdinizmi, o, Setdir!” o saat xəstəxanada səs-küy daha da artdığı kimi, qorxu, təlaş da artmağa başladı. Xaqani isə deyilənlərə aldırmadan, ötkəmcə dəhlizdəki xalqı yararaq irəliləməyə dəvam etdi. Biraz başı dönürdü və baş dönməsi hər artanda ya fınxırır, ya da şiddətlə bağırırdı və ancaq bu zaman özünə gəlirdi. O, hər fınxıranda, hər bağıranda isə yanından keçdiyi insanlar özlərini divara daha da sıxışdırırdılar.
Ha ki xalasının yatdığı palataya çatdı və içəri daxil oldu. Palatanın girəcəyində xalası Məhbarə onu qarşıladı, amma tezcə də geriyə çəkildi, çünki Xaqaninin gözləri məşəl kimi parıldayır, od tutub yanırdı. Xaqani elə tövşüyür, elə nəfəs alırdı ki, səsi bayırdan eşidilirdi. Xalası önündən çəkilən kimi Xaqaninin gözləri Lamiyəni axtardı, lakin görə bilmədi. “Buradadır,” – Məhbarə nə axtardığını anlayıb küncdəki çarpayıyı işarə edərək dedi, – “yatırlar”. Xaqani qızını qucağına alıb evə aparmaq üçün küncə tərəf yeridi, yaxınlaşdı və bükülərək qucağını yatağa doğru açdı. Dayandı, duruxdu, qızını qucağına almaqdan daşındı, çünki yuxuya dalmış Lamiyə elə məsumanə, elə asudə görünürdü ki, bunu görən Xaqaninin gözlərindəki od söndü və yerini həzin bir parıltıya buraxaraq yoxa çıxdı, dumanlı və bulanıq otaq işıqla doldu… o zərifcə sayrışan ulduz indi olduqca yaxında idi, sıcaqlığı Xaqaninin könlünə işləyir, ətini biz-biz edirdi, içini asudəliklə, rahatlıqla doldurub-daşırdırdı, onu sanki kosmosa, havasız bir mühitə atmışdılar və üzünə təbəssüm qonmuş Xaqani özünü elə rahar, elə yunqul hiss etməyə başladı ki… yerə düşdü.
Qapının önündəncə pusquya yatmış həkim və tibb bacıları Xaqaninin düşüşünü görcək başına üşüşdülər və ilk incələmədən sonra biri dilləndi – “Yaşayır!”.
Yazıya 1364 dəfə baxılıb