Xulio KORTASAR — Tutulmuş ev

xuliokortasar

Evimiz xoşumuza gəlirdi, çünki geniş və qədim olmaqdan ziyadə, (bugünlərdə qədim evləri pul xatirinə söküb sərfəli qiymətə satırlar) burada ulu baba-nənələrimizin, ata tərəfdən babamızın, valideynlərimizin və bütün uşaqlığımızın xatirələri yaşayırdı.

İrene ilə mən bu evdə tək qalmağa öyrəşmişdik. Əlbəttə, ağılsızlıq idi, burada rahatca səkkiz nəfər yaşaya bilərdi. Səhərlər saat yeddidə yerimizdən durur və təmizlik işlərinə başlayırdıq. Saat on birə yaxın mən son iki-üç otağı da İreneyə təhvil verib mətbəxə keçirdim. Saat on iki tamamda yemək yeyirdik, sonra da, çirkli qabları yumağı saymasaq, görməyə elə bir işimiz qalmırdı. Stol ətrafında oturub bu geniş və sakit ev haqqında, bir də, ikimizin köməksiz-filansız bu evin təmizliyinin öhdəsindən gəlməyimiz haqqında söhbət etmək xoşumuza gəlirdi. Bəzən hətta, o fikrə də gəlirdik ki, bizi evlənməyə qoymayan da elə bu ev olmuşdu. İrene iki evlilik təklifini əsaslı səbəb olmadan rədd etmişdi. Məndə də bu məsələdə vəziyyət ürəkaçan deyildi. Sevgilim Maria Ester nişanımıza az qalmış dünyasını dəyişmişdi. Qırx yaşımıza yaxınlaşırdıq və öz-özlüyümüzdə düşünürdük ki, biz bacı-qardaşın sadə və səssiz birgəliyi bu evdə məskunlaşmış nəslin məntiqi sonu olmalıdır. Fikirləşirdik ki, bir gün burada öləcəyik, yaramaz və etinasız qohumlarımız da evi əllərinə keçirəcək, kərpicindən və torpağından pul qazanmaq üçün onu uçuracaqlar, ya da elə biz özümüz çox gec olmadan, bu evi dağıdacağıq.

İrene təbiətcə sakit insan idi. Səhər yır-yığışından sonra otağına çəkilər, divanın üstündə oturub nəsə toxuyardı. Heç bilmirəm niyə bu qədər toxuyurdu, adətən mənə elə gəlir ki, qadınlar başqa heç bir iş görməmək üçün toxumaqdan yaxşı bəhanə kimi istifadə edirlər. İrene belə deyildi, o, həmişə lazımi şeylər toxuyardı, qış sviterləri, mənimçün corab, özü üçün gödəkcə və jilet. Bəzən bir jileti toxuyub qurtarar, sonra da nəsə xoşuna gəlmədiyinə görə, bir dəqiqənin içində sökərdi; bir neçə saatda müəyyən forma almış bir yumaq ipin yenidən səbətdə qalaqlanmasına baxmaq mənə məzəli gəlirdi. Şənbə günləri mərkəzə yun ip almağa özüm gedərdim; İrene zövqümə etibar edirdi, seçdiyim rəngləri bəyənirdi. İndiyə kimi aldığım yumaqlardan birini də qaytarmalı olmamışdım. Mən də bu səfərlərdən istifadə edib kitab dükanlarına baş çəkər, fransız ədəbiyyatından təzə nəsə olub-olmadığını soruşardım. Lakin hər dəfə də məlum olurdu ki, əbəs yerə. 1939-cu ildən bəri Argentinaya samballı bir kitab gəlmirdi.

Amma mən ev haqqında danışmaq istəyirəm, ev, bir də, əlbəttə, İrene haqqında, çünki özümə aid maraqlı heç nə yoxdur. Heç bilmirəm toxumaq olmasaydı, İrene nə edərdi. Adam bir kitabı təkrar oxuya bilər, amma, deyək ki, toxunub qurtarmış bir puloveri söküb təzədən toxumaq artıq zəhlətökən işdir. Bir gün kamodun aşağı gözündə ağ, yaşıl və yasəmən rəngli, naftalinlənmiş və parça dükanlarındakı kimi, qalaq şəklində yığılmış bir topa yaylıq gördüm; bu qədər yaylığı neyləyəcəyini heç ondan soruşmadım da. Pula ehtiyacımız yox idi, hər ay kənddəki sahələrdən pul gəlirdi, imkanımız da artırdı. Amma İrene təkcə toxumaqla başını qata bilirdi, bu işi də olduqca məharətlə görürdü, mən də saatlarla dayanıb onun gümüşü rəngli kirpiyə bənzəyən əllərinin hərəkətinə, millərin sayrışmasına və yanındakı yeşiklərdə yumaqların tərpənişinə tamaşa edirdim. Gözəl mənzərə idi.

Evdəki otaqların düzülüşü heç vaxt yadımdan çıxmaz. Yemək otağı, divarlarında xalçalar olan zal, kitabxana və üç böyük yataq otağı evin o biri başında, daha uzaq hissəsində idi, oranın pəncərələri Rodrigez Penya küçəsinə baxırdı. Uzun dəhliz, bir də palıd ağacından hazırlanmış nəhəng, möhkəm qapı həmin hissəni evin bəri tərəfində yerləşən hamam, mətbəx, bizim yataq otaqlarımız və əsas qonaq otağından ayırırdı. Evə kaşı ilə bəzədilmiş artırmadan daxil olub, daha sonra dəmir barmaqlıqlı qapını açaraq qonaq otağına keçə bilərdin. Buradan yataq otaqlarımıza ayrıca qapılar var idi, irəlidə isə evin o biri hissəsinə tərəf uzanan dəhlizə açılan palıd qapı görünürdü, ona çatmamış sola dönərək, daha dar dəhlizlə mətbəx və hamama getmək mümkün idi. Bu qapı açıq qalanda evin böyük olduğu gözə çarpırdı, amma bağlayanda, indiki dar evləri xatırladırdı. İrene ilə mən həmişə evin bəri tərəfində olurduq və demək olar ki, palıd qapıdan o tərəfə keçmirdik. Mebelləri dəhşət toz basırdı və biz yalnız təmizlik işləri üçün o biri tərəfə adlayardıq. Buenos-Ayres, əslində, təmiz şəhərdir, amma buna görə yalnız öz sakinlərinə borcludur. Şəhərdə həddən artıq toz-torpaq olduğundan, azca güclü külək əsən kimi, toz divarların mərmər çıxıntılarına və süfrələrin naxışları arasına dolur; tozu fırça ilə almaq mənasız işdir, o, uçaraq havada bir müddət asılı qalır, sonra yenə mebellərin və pianoların üzərinə qonur.

Bir hadisəni həmişə təfərrüatıyla xatırlayacağam, çünki kifayət qədər sadə şəkildə baş vermişdi. Axşam saat səkkiz idi, İrene öz otağında toxuyurdu. Qəfil, ürəyimdən mate1 içmək keçdi. Dəhlizlə azca açıq olan palıd qapıya qədər getdim, elə mətbəxə tərəf dönürdüm ki, bilmədim yemək otağından, ya kitabxanadanmı, nəsə səs eşitdim. Küt və anlaşılmaz bir səs idi, sanki stul xalçanın üstünə aşdı, yaxud kimsə pıçıltıyla nəsə dedi. Elə həmin an, ya da bircə saniyə sonra, eyni səsi evin o biri tərəfindən qapıya qədər uzanan dəhlizin başında da hiss elədim. Dərhal qapını qabağa itələdim və bədənimlə təkan verərək bağladım; yaxşı ki, açar biz tərəfdə idi və hər ehtimala qarşı yekə sürgünü də çəkdim.

Mətbəxə gedib çaydanı qızdırdım və əlimdəki məcməyidə olan mate ilə geri qayıdıb İreneyə dedim:

– Dəhlizin qapısını bağlamalı oldum. O biri tərəfi tutdular artıq.

Bacım hörgünü əlindən yerə qoydu və ciddi, yorğun gözlərilə mənə baxdı.

– Əminsən?

Başımı tərpədərək təsdiqlədim.

– Onda, bəri tərəfdə yaşamalı olacağıq, – milləri yığışdıraraq dedi.

Mən həvəslə matemi qurtumlamağa başladım, amma bacım fikirli olduğundan işinə davam etməkdə bir az ləngidi. Yadıma gəlir, mənə boz jilet toxuyurdu; çox xoşum gəlirdi o jiletdən.

İlk günlər əziyyət çəkirdik, çünki evin tutulmuş hissəsində hər ikimizin sevimli əşyaları qalmışdı. Məsələn, mənim fransızca kitablarımın hamısı kitabxanada idi. İrene də çoxillik Hesperidina2 şüşəsini xatırlayırdı. Tez-tez komodun gözlərində (lakin, sadəcə, ilk günlərdə) axtardığımız növbəti əşyanın evin o biri tərəfində qaldığını başa düşüb siyirməni bağlayır və bikef halda bir-birimizə baxırdıq:

– Burda deyilmiş.

Amma bu vəziyyətin özünə görə üstünlükləri də var idi. Təmizlik işi o qədər asanlaşmışdı ki, hətta çox gec, deyək ki, onun yarısı oyananda da saat on bir olmamış əl-qolumuzu qatlayıb otururduq. İrene mənimlə mətbəxə getməyə və qəlyanaltı hazırlamaqda mənə kömək eləməyə öyrəşirdi. Götür-qoy elədik və qərarlaşdırdıq ki, mən qəlyanaltı düzəltməklə məşğul olanda İrene də axşam yeməyinə soyuq şeylər hazırlasın. Axşamlar otaqdan çıxıb mətbəxə getməyə və yemək bişirməyə həvəsimiz olmurdu. İndi isə biz İrenenin otağındakı masaya düzdüyümüz yüngülvari yeməklərlə kifayətlənirdik.

İrene məmnun idi, çünki toxumağa daha çox vaxtı qalırdı. Mənsə kitabların yoxluğundan bir az pərişan gəzirdim, amma bunu bacıma hiss elətdirib kefini pozmamaq üçün atamın marka kolleksiyasını qaydaya salmağa başladım, bu da mənə vaxt öldürməyə kömək edirdi. Beləcə, hərəmiz bir şeylə başımızı qatır və əylənirdik. Rahatlığına görə, demək olar, həmişə İrenenin otağında olurduq. Hərdən İrene deyirdi:

– Gör necə ilmə alındı, lap yonca yarpağına oxşadı.

Mən də ona Eupen-Malmedidən gətirilmiş markalar göstərirdim, o da maraqla baxırdı. Yaxşı vaxt keçirirdik və yavaş-yavaş fikirlərdən uzaqlaşırdıq. “Fikirsiz də yaşamaq olarmış”, – deyə, düşünürdük.

İrene yuxuda danışanda mənim dərhal yuxum qaçırdı. Tutuquşu havasına bənzəyən və normal boğazdan deyil, yuxulardan, dərindən gələn bu səsə heç vaxt öyrəşə bilməmişdim. O deyirdi ki, elə sən də yuxuda bəzən bərkdən silkələnirsən və üstündəki yorğan yerə düşür. Yataq otaqlarımızın arasında qonaq otağı olsa da, gecələr evdə hər şey eşidilirdi. Biz bir-birimizin nəfəs almağını, öskürməyini, dolabçanın siyirməsini açmağını eşidir, gecələr tez-tez yuxusuz qaldığımızı hiss edirdik.

Bunları çıxmaq şərtilə, evdə, demək olar, sakitlik idi. Gündüz evdən məişət əşyalarının səsləri, bacımın işlətdiyi millərin bir-birinə sürtünməsi, marka albomunun səhifələrini çevirəndə yaranan xışıltı eşidilirdi. Palıd qapı, dediyim kimi, nəhəng və ağır idi. Tutulmuş tərəfə yaxın olan mətbəx və hamamda daha yüksək səslə danışırdıq, ya da İrene laylalar oxuyurdu. Bir qayda olaraq, mətbəxdəki həddən artıq saxsı və şüşə qabların cingiltisindən digər səslər yaxşı eşidilmirdi. Çox az hallarda orada sakit dayanardıq, ancaq yataq otaqlarımıza və qonaq otağına qayıtdıqdan sonra ev səssiz və alaqaranlıq olurdu, hətta bir-birimizi narahat etməmək üçün yavaşca addımlayırdıq. Məncə, elə buna görə də gecələr İrene yuxuda danışanda mənim həmin dəqiqə yuxum ərşə çəkilirdi.

Sonluğu saymasaq, demək olar, eyni təsvirləri təkrarlayarıq. Bir gecə susamışdım və yerimə uzanmamışdan qabaq İreneyə dedim ki, mətbəxə su içməyə gedirəm. Bacımın yataq otağının qapısından çıxan kimi (o, otaqda toxuyurdu) səs eşitdim. Dəhliz yan tərəfə burulduğundan səsin mətbəxdən, yoxsa hamamdan gəldiyini seçə bilmədim. Bacım mənim qəfil dayandığımı hiss edib sakitcə yanıma gəldi. İkimiz də səslərə qulaq verdik və açıq-aydın başa düşdük ki, səslər artıq palıd qapının bəri tərəfindən – mətbəx və hamamdan, ya da elə dar dəhlizin özündən, düz yanımızdan gəlir.

Heç bir-birimizə baxmadıq da. İrenenin qolundan yapışdım və ikimiz də arxamıza boylanmadan, çöl tərəfdəki dəmir barmaqlıqlı qapıya tərəf qaçdıq. Küt səslər arxamızdan daha da aydın eşidilirdi. Özümüzü artırmaya atdıq və mən qapını çırpdım. Artıq heç nə eşidilmirdi.

– Bu tərəfi də tutdular, – deyə, İrene dilləndi.

Hörgüsü əlindən sallanırdı, iplər də qapıya qədər uzanır və altda gözdən itirdi. Bacım yumaqların qapının o tayında qaldığını başa düşüb əlindəki hörgüyə baxmadan onu yerə atdı.

– Özünlə nəsə götürə bildin? – əbəs yerə soruşdum.

– Yox, heç nə.

Elə əynimizdəkilərlə bayıra çıxmışdıq. Yataq otağımda dolabdakı on beş min peso yadıma düşdü. Amma daha gec idi.

Saatım qolumdaydı. Baxdım ki, saat on birdir. Qolumla İrenenin belini qucaqladım (deyəsən, ağlayırdı) və beləcə, küçəyə çıxdıq. Kədərləndim, uzaqlaşmazdan qabaq giriş qapısını möhkəm bağladım və açarı novun içinə tulladım. Birdən, hansısa bədbəxtin ağlından gecənin bu vaxtı tutulmuş evə oğurluğa girmək keçər…

1 Parana, Paraqvay və Uruqvay çayları hövzələrində yetişən mate bitkisindən hazırlanan və Argentina, Uruqvay, Boliviya və Paraqvayda içilən çayabənzər içki

2 Portağal qabığından hazırlanan spirtli, özünəməxsus yumşaq dadlı Argentina milli içkisi

 

İspan dilindən tərcümə edən: Emin ƏLƏSGƏROV

Yazıya 892 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.