Hələ rəngli fotoların çəkilmədiyi dövrlərdə rəssamlar öz əsərlərinin şəkillərini məhz ona çəkdirmək istəyiblər. Çünki onun çəkdiyi şəkillərdə rəsmin, tablonun bütün rəngləri öz çalarları ilə seçilib. Onu bir yazıda “Nazim Hikmətin fotoqrafı” kimi təqdim ediblər. Amma, məncə, bu, Kamal Babayevin zəhmətini kiçiltmək olardı. Söhbət ömrünün 66 ilini fotoqraflığa həsr etmiş bir insandan gedir.
“88 yaşlı bir adamdan bu 66 ilin “haqq-hesabını” necə aparacağam”, fikri ilə qayğılanmışdım müsahibəyə gedəndə. Amma fotoqraflarla bağlı silsilə yazılar hazırladığım müddətdə bir daha əmin oldum ki, bu peşənin sahibləri həyatı təkcə fotoaparatın yaddaşına köçürmürlər…
“Fotoqrafiyadan acığım gəlirdi”
1927-ci ildə doğulmuşam. Keçmiş Kamo küçəsində, 70 saylı evdə. Dayım, gözəl insan və həkim Ağamehdi Əlizadə XX əsrin əvvəllərindən foto həvəskarı idi. Bazar günü uşaqları yığıb şəkil çəkərdi. Məhəllədə 7 uşaq idik. Mən hamısından böyük olduğumçün, deyərdi ki, işığı sən tut. Necə tutmağı da öyrədərdi. Hərdən mənə deyirdi ki, “proyavitel” (yuyucu maddə) hazırla, neqativləri yuyaq. Mən də maddələri aptek tərəzisi ilə çəkirdim, qaynanmış su qatırdım, hazırlayırdım. Onda plyonka yox idi, şüşə plastinkalarda çəkirdik. Bəzən neqativləri özüm yumalı olurdum. Otağı qaranlıq edirdim, başıma qara şal atırdım, şəkilləri yuyurdum, salırdım fiksaja. Amma fotoqrafiyadan acığım gəlirdi, ona görə, heç öyrənmək də istəmirdim.
Heyf, dayım tez rəhmətə getdi, 36 kadrlı plyonkaları, təzə fotoaparatları görmədi…
Müharibə…
1941-ci ilin sentyabrında dərsə gələndə gördük ki, həyətdə adamlar o tərəf bu tərəfə qaçırlar. Məlum oldu ki, məktəbimizi hospital ediblər. Bizi köçürdülər 88 saylı məktəbə. Bakıda bir neçə məktəbi hospital eləmişdilər. O qədər yaralı gəlirdi ki… Dayım da o hospitallardan birində cərrah kimi işləyirdi. Elə yorulurdu ki, evə gələndə divanda yıxılıb qalırdı. Yemək yeməyə də halı olmurdu. Yarım il oxuduq, bizi yenə başqa məktəbə köçürdülər. Bununla belə, oxumağa böyük həvəsimiz var idi və bir də, babam Ağa Əlizadə bizi elə tərbiyə etmişdi ki, zəif oxuya bilməzdik. Babam Azərbaycan Cümhuriyyətinin şeyxülislamı olub. Amma cəmisi 20, ya 18 ay şeyxülislam olub, sonra sovet hökuməti qurulub. Məscidləri bağlayıb, şeyxləri, mollaları tutub aparıblar. Babamın da arxasınca gəliblər, baxıblar ki, otağının divarlarındakı rəflər kitabla doludur.. Hegel, Feyerbax, Marks, Dostoyevski… Komandir deyib ki, ay molla, sən bu kitabları neynirsən? O da deyib ki, mən molla deyiləm, mən axundam, bunları oxuyuram. Çıxıb gediblər…
İlk fotoaparat sevinci…
Qardaşım da, mən də orta məktəbi bitirdik, 1947-ci ildə qardaşım Moskva Avtomexanika İnstitutuna daxil oldu. Yay tətilinə gələndə mənimçün bir dənə fotoaparat hədiyyə gətirdi. Baxdım ki, əcəb maraqlı aparatdır. Nə plastinka, nə bir şey- heç nə lazım deyil. İçinə bir dənə kaset salırsan, 36 dənə şəkil çəkir. Qardaşımın bir dostu mənə plyonkanı aydınlaşdıran cihaz da hədiyyə etdi. Çoxlu şəkil çəkdim, yudum, hazırladım, gördüm əvvəlkindən çox asandır. Belə-belə alışdım fotoqraflığa. Amma dərsim qaldı bir kənarda. Azərbaycan Neft-Kimya İnstitutuna daxil olmuşdum. Mən energetika fakültəsini seçmişdim, yer olmadı, neft emalı fakültəsinə saldılar. Sonra başım foto çəkməyə qarışdı. Gördüm, gedib-gələ bilmirəm, ərizə verdim, qiyabi şöbəyə keçdim. Üstündən bir az da keçdi, məni instituta çağırdılar. Dekan dedi ki, arayış gətirməlisən ki, neft mədənlərinin birində işləyirsən. Mən də gəldim evə, kor-peşman. Bir dostum var idi-Mirkazım, seyid idi. Əlindən hər nə desən gəlirdi. Dedi “narahat olma”. Sabahı günü mənə bir arayış gətirdi, möhürlü-zadlı. Apardım verdim, gəldim. Üstündən 1 il keçdi. Bir gün yoxlama işimi aparmışdım, getdim gördüm ki, divardan siyahı asılıb. İnstitutdan çıxarılan adamların içərisində mənim də adım vardı. Gedib katibədən soruşdum, dedi, bəs, sənin arayışınla gediblər Orconikidze adına Neft Emalı Zavoduna, məlum olub ki, orada işləmirsən.
Qonşuda qız sevənin…
Beləcə, institutdan qovuldum. Amma fotoqraflıq işim yaxşı gedirdi. “Pioner” jurnalının məsul katibi Hüseyn Abbaszadə qonşumuz idi. Bir gün gəldi ki, Kamal, təzə şeirim çıxıb, “Qonşu qız” adlı. Onu sənə həsr etmişəm. Bizim evdən küçəyə çıxan dalanda Hüseyngil, onlarla üzbəüz də indiki həyat yoldaşımgil yaşayırdılar. Amma bir ildən sonra Hüseyn də bizimlə üzbəüz yaşayan qızla evləndi…
1953-cü ildə Hüseyn məni “Pioner” jurnalının redaktoru Zeynal Cabbarzadənin yanına apardı. O da mənə tapşırıq verdi ki, uşaq jurnalı üçün şəkillər çəkim. Getdim çəkdim-radio qarşısında bir qəşəng uşaq oturub, qulaq asır. Redaksiyanın rəssamı o şəkli rənglədi. Jurnalın üz qabığına verdilər. Bu şəklə görə mənə mükafat da yazdılar. Bir gün Zeynal Cabbarzadə məni İncəsənət Muzeyinə göndərdi ki, “Pioner” jurnalına uyğun olan tabloların şəkillərini çəkim gətirim. Muzeyin direktoru Xalq rəssamı Kazım Kazımzadə idi. O, məni çox yaxşı qəbul etdi. Şəkilləri çəkdim. Kazım müəllim mənə dedi ki, bizim muzeyin fotoqrafı yoxdur, gəl, burda da şəkillər çək. Sənə direktor fondundan qonorar verərəm. Orada saxlanılan əsərlərin şəkillərini çəkirdim, pasportu üçün, kiçik ölçüdə çıxardırdım. 1955, ya 56-cı ildə Bakıda Gənc Texniklərin Mərkəzi studiyası yaradılmışdı. Məni orada fotoqrafiyadan dərs deməyə dəvət etdilər. Getdim, bir müddət sonra hiss etdim ki, bu uşaqlar üçün dərslik lazımdır. Direktor Oqtay Hüseynzadəyə dedim ki, azərbaycanca bir kitab, broşür yoxdur, uşaqlar çox çətinlik çəkir. Dedi, yaza bilərsənsə, yaz. 4 broşür yazdım. Bunlar çap olundu, uşaqlara paylandı, gördüm ki, xeyli irəliləyiş oldu. 1958-ci ildə məni İncəsənət Muzeyinə ştata götürdülər. Bir neçə aydan da sonra laboratoriya müdiri keçdim, maaşım da iki yüz manat artdı. Ta 2011-ci ilə qədər bu muzeydə işlədim.
… 1986-cı ildə İsveçdə keçirilmiş fotomüsabiqənin diplomunu, 1987-ci ildə SSRİ-də çıxan “Nauka i jizn” jurnalının mükafatını almışam. Həmin jurnalda məqalələrim də dərc olunurdu. 1988-ci ildə “Sovetskoye foto” jurnalının müsabiqəsində 1-ci yeri tutmuşam. 1995-ci ildə Fransanın Nant şəhərində açılmış “Azərbaycan fotoqraflarının əsərləri” sərgisində bir neçə əsərlə çıxış etmişəm…
Nazim Hikmətlə görüş…
Bir gün Zeynal müəllim məni çağırıb dedi ki, Nazim Hikmət Mərdəkanda dincəlir, get onun şəkillərini çək. Getdim, gördüm, üzündən nur yağan bir insandır. Olduqca istiqanlı, səmimi… Söhbət elədik, dostlaşdıq, mənə bir kitabını bağışladı. Tez-tez gedirdim yanına, şəkillərini çəkirdim. Bir şəkli çox xoşuna gəlmişdi. Dedi ki, bundan beş yüz dənə çıxart. Dedim o qədəri neynirsiniz, dedi, mən gündə 10-15 şəkil paylayıram. Bakıda olanda daima yanında şəxsi həkimi Qalina Kolesnikova olurdu. Sonra evləndi onunla. Bir gün getdim redaksiyaya, dedilər, Nazim Hikmət səninçün pul göndərib. Dedim, vay, biabır oldum. Dörd-beş dənə “palazqulaq” yüzlük idi, qaytardım qoydum zərfə, redaksiyanın kuryeri ilə göndərdim geriyə…
Qızılgül ABDİN
Aydın Yol qəzeti
Yazıya 696 dəfə baxılıb