Bəxtiyar Hidayət – EHTİYATDA OLAN HƏYAT

bextiyarBaşının çibinini qovlamaqla baş girləyən adam deyildi Famil. Sən  görəydin o mitinqdə neyləyirid, beş- on polisi qabağına qatıb teyim- teyim teyləyirdi. Azadlıq meydanında asfaltı yalam- yalam yalayırdı,  urra, urra eləyib əlini sinəsinə elə döyürdü sanki Şuşaya bayraq taxmışdı bu əllər. Ağır Cinayətlər Məhkəməsində üç hakim bir yana oldu, o bir yana- milliyyətim türkdür, vəssalam. Cinayət işinə də belə yazın, yoxsa ifadə verməyəcəm. Eləcə də yazdırdı- milliyyəti türk.

Amma indi başının çibinini qovlamaqla ömrün günlərini də bir- bir qovlayır, birtəhər həyatını anrı aparır. Hələ tələbəliyində camaat gizli şəkildə vərəqələr paylayanda bu açıqdan- açığa paylayardı. Nə universitetdən qovlanmağı vecinə alardı, nə azadlıqdan qovlanmağı. Indisə heç bircə sutka da içəri düşmək istəmir- evdəkilərə kim baxacaq bəs?Belə baxanda qınamaq da olmaz adamı. 2003-cü ildən bəri işsizdir. O il siyasi məhbus həyatı yaşadı, qayıdanda da işinə qayıdıb müəllimliyini davam edə bilmədi. Maşallah, bir yandan da külfət basdı adamı. Yoldaşı da işləmir- guya 2003-də həbs olunanda müxalifət ona nə kömək etdi ki, indi də nə kömək edəydi- özü də bunları düşünə- düşünə ayrılmışdı hər şeydən.

Müəllim yoldaşlarından bircəciyi müdafiə etmədi onu- guya dərs buraxmışdı bir həftə. Kəndin arasına çıxa bilmirdi məsləhət verənlərin əlindən- oxumuş adamsan, ağlın, huşun hanı? Nə işin vardı meydanda, filanda? Onsuz da bunlar kök atıb, sizin o müxalifət böyükləri də bunlara işləyir. Arada siz yazıq olursunuz.

Famili bu illər ərzində ən çox yandıran elə sonda savadsız, qanmaz bildiyi adamların dediklərinin dəfələrlə düz çıxması oldu. Və bu barədə digər dostlarına daim belə deyrdi- deməli onda biz özümüz axmağın kvadratı da yox, kubu da yox, birbaşa axmağın halqasıyıq.

Bir də onda ayıldı ki, kolleqanın qərarı- müəllim hüququndan ömürlük məhrum edilib. Fağır Famil özü 5 ay məhbus oldu, müəllimliyi ömürlük məhbus oldu. Kimsədən kömək olmadı, kimsədən.  Məcbur qalıb əmoğlusunun yanında 150 manata satıcı işlədi- o da qul kimi. Bazarı yox, bayramı yox- səhər saat 8-dən axşam saat 10-a qədər 14 saat ayaq üstə. Amma özü nə vaxtsa hüquqlarının bərpa olunacağına inanır. Buna görə də onu ehtiyatda olan tarix müəllimi saymaq olar.

Əmoğlusunun yanından aralandı- belə ki, başqa iş tapıldı. Özü də birdən- birə üç yerdən təklif gəldi- ayda 200 manat. Iş vaxtı səhər 8-dən axşam 8-ə qədər. Famil də Poçtun yanındakı mağazanı seçdi- bura onun dostlarının- köhnə hərəkatçıların, cəbhəçilərin sıx toplaşdığı yerdi. Bura Mirraqif deyilən Raqif Murazovun ofisi idi. Ofisin kirayə haqqını Raqif tək özü ödəmir- bir yandan Məhər Türkocaq, bir yandan adı kimi də vəzifəsi olan Vəkil müəllim, bir yandan da kompyüter ustası Elçin müəllim, dəhmərləyib birtəhər pulu ödəyirlər. Ofisdə kimsə olmayanda açar Famildə olur. Elə bu ofisə gəlib- gedənlərin çoxunun evinin açarı da Famildə olur. Deyir çox hoppanıb düşməyin, açarınız məndədir. Deyir noola bu açarlardan biri Qarabağın açarı olaydı, amma mən rus olmayaydım. Ofisə də xeyli köhnə dostu yığılıb xorata- filan edirlər. 7 ildi fb-dədir, hələ bir status yazmayıb.

Gəlin bu şəxslərlə tanış olaq- axı siz onların haqqında yalnız bunu bilirsiniz ki, köhnə müxalifətçilərdi. Elə başlayaq Miriş Raqifdən. Onu da ehtiyatda olan politoloq saymaq olar- Politoogiya institunu bitirib. Amma tale onu hərləyib- fırlayıb atıb QHT sektoruna. QHT-sinin də adı “Zərbəçi Gənclər”. Son dövrlərdə mövqeyində sürüşmə hiss olunur- hökumətin daxili və xarici siyasətini ikiəlli dəstəklədiyini bir-iki yerdə bildirib. Əvvəllər daim türkçülükdən dəm vurardı- Qalın Oğuz elindən danışardı. Onda  qalın qaşlarını Qalın Oğuza yozmaq olardı- amma indi elə deyil. Qalın qaşları burnunun üstündə elə birləşib ki, sanki biri Raqifin əlidi, biri də hökumətin ətəyi. Beşcə dəqiqə bir yerdə oturmaz- ora-qaç, bura qaç. “Bəyin oğurlanması”ndakı Miriş bunun yanında heç nədir. Mir ləqəbini də beləcə qazanıb- seyidliyi zad yoxdu. Sadəcə xalq qısaldıb “Miriş”i “Mir” eləyib- olub Mirraqif. Ora- bura qaçmaqdan daim namazlarını qəzaya saxlayır. Və ehtiyatda olan xeyli namazları da var. Ora- bura da onun- bunun işindən ötrü qaçır. Sanki rayonda kimsə internetlə məktub yazıb yuxarıdakılara göndərməyi bilmir, bircə bu biir. Adam başqasına iş düzəltməkdən ötrü ölür. Hərdən problemlərə aid statuslar yazır. Məsələn- filan yerdə su problemi var, yəqin  ki su idarəsinin müdirinin bundan xəbəri yoxdu- yoxsa o elə adam deyil. Bax, sonra biz prezidentə yazsaq deməsin ki, bəs eloğluluq harda qaldı?

Su idarəsinin müdiri də xəbər saytlara düşməmiş çalışıb məsələni həll edir. Arada da Raqifin hörməti qalxır kəllə- çarxa.

“Zərbəçi Gənclər” adlı QHT- si bir vaxtlar radikal müxalifətə aid idi. Elə o vaxtdan da dost- tanışı yığdı başına. Tədbirlərdə şəkil çəkdirib sosial şəbəkələrdə paylaşmaq lazım idi. Şəkilə nə qədər çox adam düşsə qrantlar da bir o qədər artardı. Beləcə də dəstə yığıldı başına. O cümlədən də şair Yaralı Bəxtəvər. Ofisən əl çəkməzdi.  Həm də pulsuz  internetə görə- özünün kompyuteri də özünə oxşayir, yaddaşı çox zəifdi. O da Familin türmə yoldaşıdı. Adını da rayonun  şunquruqqoşanı doktor Bəhramov dəyişib eləyib Xoralı Bəxtəvər.  Xoralı Bəxtəvər daha buralarda az- az görünür. Adam həftənin beş gününü ata, iki gününü anadı evdə. Uşaqları saxlamaq iki gün onun işidi. Buna görə də deyir -mən həftənin  beş gününü Yaralı Bəxtəvərr, iki gününü isə Məməli Bəxtəvəm, uşağa süd verirəm.Qalan  dörd günü də dərsdə olur. Əvvəllər jurnalist də işləyib. Amma bu Xoralı Bəxtəvər də öz dediyinə görə oxşayıb əmisinə. O əmisinə ki, 100 evlik kənddə 80 kişi ilə danışmır, kəlmə kəsmirmiş. Adamlardan küsməyə xırdaca bir bəhanə bəs edirmiş. Bu da beləcə işlədiyi saytların hamısının redaktoru ilə küsüşüb, dindirişmir. Deyir –Qədim hind kastasına daxil olmayan bir təbəqə də vardı- toxunulmazlar. O toxunulmazlar ən murdar işlərlə məşğul olurdular, kimsə onlara heç əllərini də toxundurmurdu. Bizdə də jurnalistləri toxunulmaz elan ediblər. Amma mən tanıdığım redaktorların hamısı hind kastasına daxil olmayan toxunulmazlar kim ən murdar işlərlə məşğul olurlar. Mən işlədiyim “365 gün.az” saytı əslində “365 günah” saytı idi. Mən işlədiyim “haq.orq.az” saytı əslində “haq. orqazm “ saytı idi. Mən işlədiyim “meydan. az “saytı əslində “şeytan.az “ saytı idi…

Yaddaşı cəmi- cümlətanı 250 kilobayt olan bir kompyüteri var ki, ayda bir dəfə gətirir Elçin müəllimin yanına. Kompyüteri də marşrutla gətirib küşə- küçə çiynində fırlaya- fırlaya ofisə çıxardır.  Sanki Leninin iməclik şəklindəki kimi kərənin yoğun başını çiyninə alıb. Fb-də status da yazır, şeir də yazır. Ən çox da kəndlərinə aid şəkillər paylaşır- rayonun işğal olmuş Arançı kəndindəndir. Son vaxtlar statuslarında da, şeirlərində də bir yumşalma hiss olunur..

Bəhrəmov da 2003- məhbuslarındandı. Onda Bayıl türməsində başlamışdı namaza. Şiələrin kamerasında şiə namazı qılardı, sünnilərdə də sünni namazı. Türmədən çıxan kimi də namazı unutdu. Sonra da siyasəti unutmağa çalışdı. Ömrünün 10 ilin ehtiyatda olan həkim kimi yaşayıb. Indi də ehtiyatda olan siyasətçi saymaq olar onu. Iş tapan kimi ayrıldı siyasətdən. Deyir müxalifət başqanalrı on illərdi siyasi ononizmlə məşğul olurlar. Bir də fb-də fəallıq edən müxalifətçilər haqda məhşur sözü var- pianistlər. Deyir bütün günü piano çalmaqla məşğuldular. Bəzən isə “piano” sözünü demir.

Axrıncı dəfə ofisdə ingilis qızı Cema ilə bir qədər mübahisə edib. Ondan bəri ofisdə görünmür. Hərdən Familin yanına gəlib bazarlıq edir ki, xeyir özününkünə qalsın. Elə bu ofisi də Raqif üçün Cema təşkil edib. O, “Reprodiktiv Problemlər” ictimai birliyinin koordinatorudur. Raqifin təşkilatı da nəsə bununla bir layihə həyata keçirmişdi. Doktor Bəhramov da ekspert kimi dəvət olunmuşdu ofisə. Reproduktiv problemlər çərçivəsində “dilin manevr imkanları” haqda məruzə etməli idi. Amma Cemanı d görən kimi- “Fətə bərəkəllah əhsənül – xalüqüüüüüün” şüarını səsləndidi.! Çümlənin sonuncu “ü” hərfi Cemanı cin atına mindirmişdi. Millət Cemaya bunun nə demək olduğunu başa sala bilmədi- ha peyğəmbərdən sitat gətirdilər, xeyri olmadı. Reproduktiv problemlər çərçivəsində dilin manevr imaknları haqda məruzə də oxunmadı.

Hə, bir də politoloqlar haqda məhşur bir sözü var Bəhramovun- deyir bizim politoloqların Zamirədi, amma eləbil Zamirənin məmələrini ixtisar edib ortasına da iki pomidor bir xiyar yapşdırmısan. Zamirə də məhşur falçı.  Fb-də yoxdu Bəhramov.

Bu ofisə bir də Familin əmizadəsi “Yeni Zarafat” qəzetinin bölgə müxbiri Fikrət Hunday-  tez- tez təşrif buyurur. Elə Hunday adını da Fikrətə Bəhramov  yapışdırıb. Yoxsa Fikrət özünə Huntay ayamasını götürmüşdü. Famil də Huntayı elədi Hundayı. Di gəl yetim Fikrətin allahdan heç eşşək arabası da yoxdu. Yoxsa o dəfə “Minqoy Kərim də öldü” adlı məqaləsində yazmazdı – eşşəyin xaltası qəzadan salamat qurtarmışdı. “Yeni Zarafat”ın da redaktoru baytar olmasına baxmayaraq sən demə eşşəkdən və eşşək yaraq- əsləhəsindən bir zad anlamırmış. Yazı gedəndən sonra da aləm dəydi bir- birinə- “zarafatçılar” xamutla xaltanı bir- birindən ayıra bilmir, bunlar hakimiyyətə necə gələcək, lap gəlsələr də haqq ilə nahaqqı bir- birindən necə ayıracaqlar? Axı xalta ilə xamutu ayıra bilmir heç bu zalımlar.

Fikrət Hundayın bir- iki dəfə belə özünü zibilə salmaqları olub. Bir dəfə də götürüb yazasan ki, bəs N saylı rayonda kinoteatrda açıq seks nümayiş olunur, kinoteatrın afişalarında isə Azərbaycan filmlərinin adı yazılır. Kinoteatrın müdiri Əməkdar kino mütəxəssisi Əvəz müəllim xəlqə seks göstərir. Yazıda seks adını görən millət tıklahatıkla Fikrətin reytinqini qaldırdı kəlləçarxa. Həyatında ilk dəfə bir yazısına 10 min oxucu baxışı oldu. Adamın qoltuğu elə qarpızlanmışdı,  lap donmüşdü rusun Ф hərfinə. Amma tezcə də qarpızlar qoltuğundan, ürəyi də yerindən düşdü.  əlif qəddi dal oldu getdi. Ortada sübut olmadığından Əvəz müəllim aləmi qatıb- bir-birinə . Xoralı Bəxtəvər elə bu arada Fikrəti danlayırdı- bala, gedərdin özün seksə baxardın, ordan da bir- iki şəkil çəkərdin. Fikrət az qaldı Xoralı Bəxtəvəri 10 min voltluq cərəyanla vursun:

          Sən nə danışırsan, 10 mini keçib oxucu baxışı. Mən ölkənin ən böyük köşəçisiyəm.

O yandan da kinoteatr rəhbəri Əvəz müəllim  redaktoru telefonda yıxıb- sürüyüb. Məhkəmədən qorxan redaktor da qalıb çarəsiz. Axırda redaktor  oxucu baxışının 10110-a qalxdığı yerdə yazını çıxartdı saytdan. Və məzə üçün zəng etdi Fikrətə- xəbərin varmı Əvəzin ürəyi yatıb?

-Nəə?

– Oğlu zəng eləmişdi, məhkəməyə verəcək səni- hazırlaş, vəkil zad təşkil edərik.

Fikrətin özünün də ürəyi az qala yatacaqdı.

Tez çayxanadan qaçdı ofisə- ayə, qoymayın, evim yıxılıb. Əvəz öldümü məni də tutacaqlar.

Familin mağazasından 3-4 butulka buz kimi su gətirdilər, yenə özünə gəlmədi.  Axırda yüz faiz dəqiq bir xəbər aldılar- Əvəz müəllim dəf kimidi, redaktor sənnən məzələnib. Yenə inanmazdı redaktor özü zəng etməsəydi.

Fikrət Hunday ixtisasca dəmiryolçudu- amma köşə yazır. Ehtiyatda olan dəmiryolçudu. Ona çox dedi ofis əhli- a bala burax bu köşələrin quyruğunu, özünü repartyor kimi təsdiq elə. Köşəçilər qəzetdə- saytda hazıryeyənlərdi. Ölkədə ixtisarlar başlayıb. O ixtisarlar sizə də sirayət edəndə birinci sənin kimilər silinəcək. Di gəl xeyri olmadı- sonu da bu. Hətta Xoralı Bəxtəvər ona “qaqa, sənin silinməyin pis olacaq, bax, klaviyaturada da da “l” ilə “k” yanaşıdı haa” dedi. Düzdü bunu sonra başa düşdü Hunday əkə. Fb-də hər şeydən bir az növündə hər şeydən xeyli status yazır.

Əcəmov isə həm QHT sektorunda gün- güzəran keçirir, həm də firma dərmanları satmaqla məşğuldu. Satdığı dərmənlar da Ukraynanın. Buna görə də Ukraynanı ciddi- cəhdlə müdafiə edir. Ruslar Kiyevə çatsalar bunların firması da bağlanasıdı. Buna görə hətta gedib Tiflisdə Ukraynaya dəstək mitinqində çıxış da edib. Saçı tökülsə də evlənmək fikri yoxdu. Ölkədən birtəhər çıxıb- getmək istəyir. Son variant kimi də velosiped sürmək sənətini mükəmməl öyrənib elə ölkədən velosipedlə çıxmaq istəyir. Guya dünya turuna çıxır- Avropaya pul- parasız çatıb oturum alacaq.

Bu Əcəmovla da Ərəş müəllim deyilən bir fırlanırlar. Ərəş də nə Ərəş- adam hakimiyyətdə olan HRR (Hərtərəfli Rifah Respublikası) partuyasının fəal üzvüdü. Amma bir ayağı da müxalifətfədi. Onun bir ayağı orda- bir ayağı burda- yaxşı ki iqtdarla müxalifətin arasındakı interval distansiya çox yaxındı. Yoxsa Ərəş müəllim ortadan iki bölünər. Onun da QHT-sinin adı “Gənc Zərbəçilər”. Indi onun da bir qədər əlinin aşağı vaxtıdı. Bu haqda da bir qədər sonra. Ixtisasca ingilis dili müəllimidi. Amma karyerasını müəllimliklə öldürmək istəmir- dövlət qulluğu arzusundadı. Gəlin ehtiyatda olan kadr sayaq onu. Illərdi hakim partiyanın xəttiylə ucalacağına umud edir. Amma hər ehtimala qarşı müxalifətin də quyruğunu buraxmır. Fb-də mədəniyyət və kino statusları yazır.

Bir ehtiyatda olan sənət sahibi də Zamir Çölçü. Ehtiyatda olan alim saymaq olar onu da. Belə ki, günün az qala 5-6 saatını oxumaqla keçirən adam bu yaxınlarda tarix üzrə müdafiə edəsi idi. Getdi Bakıya mövzu götürməyə. Zamir müəllimə də veriblər belə bir mövzu- “Ölkənin sondan ikinci şahının uğurlu siyasətinin xxı əsr dünyası üçün müstəsna  nəticələri”. Zamir Çölçü də mövzudan imtina edib- beləliklə də müdafiədən imtina edib. Demək alim olmaqdan da imtina edib.

Zamir müəllim çayxanaya çatan kimi stolun üstünə iki telefon qoyur. Biri son dərəcə iri, biri də son dərəcədə balaca. Özündən soruşanda əvvəlcə rayon qaraçılarından bir söhbət açır:

-Qaraçı Dadaşın iki arvadı var. Biri  aşırı dərəcədə kök, biri də aşırı dərəvcədə arıqdı. Bunun səbəbini soruşanda deyir- sən bilməzsən, bunun biri “zimnidi” biri də “letni”. Indi bu telefonun da biri kompyüter əvəzidi, biri də elə telefon əvəzi.

Zamir müəllim fb-də daha çox elmi statuslar yazır.

Vəkil müəllim rayonun ən yaxşı vəkili olsa da, özünə bir ofis düzəldə bilmir. O gün də bir hamam ustası buna görə danlayıb:

-Qardaş, görürsən mənim mersedsimi? Guya pulum vardı mersedes alım? And olsun Allaha borcdu, kreditdi dirənib xirtdəyimə. Amma o maşını aldım. Peşman da deyiləm. Inan müştəri görəndə ki usta bahalı maşında gəlir, özünü yığışdırır. Deyir gör necə ustadı ki, bahalı maşını var. Hörmət də olur, qiyməti də sən oxuyursan. Sən borc- xərc elə özünə babat bir ofis tut. Burda sənin yanına gələn müştəri sənə elə- belə bu avaralara baxan kimi baxacaq. Bunlar işsiz-gücsüz adamalrdı. Hamısı yığılıb bir eşşək arabası ala bilməzlər, sənin bunların yanında nə işin?

Vəkil müəllimin də ağlına batıb bu söhbət və yaxınlarda ofisi tərk edəsidi.  Özü də deyəsən imtahan verib müstəntiq keçmək istəyir. Ehtiyatda olan müstəntiq saymaq olar onu. Fb- də qanun və qanunçuluq məsələləri haqda statuslar yazır. Iqtidarmeyilli HR(Hüquqi Rifah) partiyasının üzvüdür.

Doktor Qasımıv ofisin ən yaşlı sakinidir. Yaşa görə bu yaxınlarda göndərdilər məcburi təqaüdə. Ağzında cəmi iki dişi qalıb. Deyirlər düzəltdir dişini, deyir onsuz da bir- iki ilim qalıb, əlavə xərc nyimə lazım. Dişlərin də biri ağzının sağ tərəfində yuxarı damaqda, biri də sol ərəfində yuxarı damaqda. O qədər uzaniblar lap qəbir daşına oxşayırlar. Şair Xoralı Bəxtəvər da bu dişlərin birini Amerika dəyərlərinin, birini də Avropa dəyərlərinin baş daşı sayır. Çünki Qasımov daim bu dəyərlərdən danışır və 5-10 günə Rusiyanın çökəcəyni deyir. Özü də ermənilərlə tez- tez görüşə gedir. Buna görə də Familin onunla heç arası yoxdu- sən vətəni bir tarelka dolmaya satıbsan deyir. Qasımov isə sülh istədiyini bildirir. Gəlin onu da ehtuyatda oln sülh göyərçini sayaq. Rusiyanın dağılmasını istəsə də nəsə fb statusları daim rusca olur.

Məhər Türkocaq da Familin qohmlarındandı. Köhnə cəbhəçilərdəndi. Çayqıraqlı kəndində yaşayır. Kənd adamı olsa da barmaqları təsərrüfat ələtlərindən daha çox boz qurd işarəsi tutub. Hal- hazırda QHT-si pulsuz qalıb. Fb-də türkçülüyə aid statuslar yazır. Istənilən bir məclisdə mütləq bir bənd şeir deməlidi

-Orda bir yol var uzaqda

O yol bizim yolumuzdur

Dönməsək də, varmasaq da

O yol bizim yolumuzdur.

Di gəl o yol hansı yoldu, neçə kilometr buralardan uzaqdı, xəritədə necə tapmaq olar, bu sualalra cavabı yoxdu.

Bir də Nihat Əl Baradeyi. “Azadlıq ” radiosunda  işləyirdi. Indi radio bağlanıb və Nihat Əl- Baradeyini də ehtiyatda olan jurnalist saymaq olar. Baradeyi kimi Amerikanın adamıdı. Həm də saqqalına görədi bu ayaması. Rusca saqqal “barada” adalnır- və Nihatın da ayaması Rusiya və Ameriaknı beləcə bir- biriylə birləşdirir. Bu ayamanın bir təsdiqi də onun şəxsiyyət vəsiqəsidi- vəsiqədə də saqqallıdı.Adlarını çəkdiyimiz insanlar arasında ən sərt fb statuslarını o yazır. Bəzən elə statuslar yazır sabaha sağ çıxacağından da qorxurlar.

Elçin müəllim isə ehtiyatda olan hərbçidi. Həm də ehtiyatda olan hərbi müəllimidi. Bu yaxınlarda RTŞ- müdiri Hərgahquluyev qeyri-qanuni olaraq işdən azad edib onu. Elçin müəllimin də əlində 10-15 qaimə var. Hərgahquluyev götürüb bir məktəb partasını 290 manata, bir köhnə şkafı 600 manata rəsmiləşdirib.  Indi də Elçin müəllim həftədə bir dəfə bu şəkilləri fb-də paylaşır. Hərgahquluyev də artıq bəlkə 5 min xərcləyib.

Elçini maarifdə kompyüter ustası kimi işə də dəvət edir. Amma Elçin yaxın durmur. Işi adladıb məhkəməyə. Dərin bir inamı var ki, qalib gələcək və kompensasiya alacaq. Elçin Allahın da onun tərəfində olduğuna inanır. Bu arada Hərgahquluyevin oğlunun heroinlə ilişməsi, 200 min ziyana düşməsi- bütün bunlar Elçinə görə Allahın Hərgaquluyevə verdiyi cəzalardır və bunun davamı mütləq gələcək. Elçini işdən çıxarıb yerinə 3 min alan Hərgahquluyevi Alalh 200 min ziyana salmışdı.

 

          

Yuxarıda adlarını çəkdiyimiz adamlar əvvəllər daim bir bayraq ətrafında birləşərdilər, indi isə  rayon çayxanalarında bir stol ətrafında birləşirlər. Bayraq və çayxana stolunun arasında bir başqa obyekt də var- restoran stolu.  Bir il əvvəl isə bu adamalrı çayxanalarda az- az görərdiniz. Onda hamısının əl- ayağı deyirdi. Restoranlardan çıxmırdılar. Bax onda bu adamalr Familə lağ edirdilər. Adam yerinə qoymur, heç dəvət də etmirdilər stollarına. Sərxoş olub gəlib məzələnərdilər- nədi əə, niyə qorxursan, bir status yaz söy dəə, hökuməti.

Amma indi- sanki bu adamların hamısını birdən- birə kiminsə qarğışı tutdu. Fikrət hazıryeyənliyini axıra qədər eləyə bilmədi- atdıalr bayıra. Doktor Qasımovun da  heç yerdən gəliri yoxdu- üstəlik kreditlər əhədini üzmüşdü. Xoralı Bəxtəvər qalmışdı quru maaşın umuduna. Zamir Çölçü cəmi 100 manatlıq iş tapmışdı özünə. Ərəş müəllim  HRR partiyasından yarımamışdı hələ də. Əcəmovun  dərmanlar qalmışdı üstündə. Məhər Türkocağın QHT-sinin pulları bankda dondurulmuşdu. Mirraqif də Türkocaq kimi bankda dondurulan pulların donunu öz isti dualarıyla açmaq istəyirdi. Vəkil müəllimin hakimlə, müstəntiqlə alveri yoxdu deyə, müdafiə etdiyi şəxsləri yarıda bilmirdi. Bu üzdən də müştəriləri qəhətə çıxmışdı.

Hamı qalmışdı Familin umuduna.  Yerli hakimiyyət nümayəndələrinə quyruq bulamasalar da, adları Familin nisyə dəftərində uzun quyruqlar yaratmaqda idi.

           –

Bu arada Familin özünün də vəziyyəti dözülməz olmuşdu. Ofisin önündə bir hazırlq kursu peyda oldu- G Group. Rayon camaatını soyub taladı bu kursun müdiri. 3 otaqlı bir ofisə 100 mühafizəçi götürdü, 100 də müəllim götürdü. O cümlədən Familin yoldaşını da 2000 pul alıb işə götürmüşdü. Famil də kredit götürüb pulu düzəltmişdi. Amma bir də məlum oldu ki, G Group odey, Kürdəxanıdadı. Famil qaldı yana- yana.

Indi yoldaşı kətə bişirir, bu da mağazaya qoyurdu. Familin də adı olub  Kətə Famil. Kətə də pis satılmır. Satılmayan kətələrin də qorxusu yoxdu- ofis əhli 2-3 gündən qalan kətələri ucuz qiymətə nisyələyirlər.

Vəziyyət bu cür idi. Ofis əhli bir qarın ac, bir qarın tox birtəhər gün- güzəranlarını sürdürürdülər. Bəzən bir çaynik çayı hərəyə 10 qəpik yığıb alırdılar.

Amma bunlar qıraqdan belə görünmürdü. Rayon rəhbəri Zulamıxovun qara qorxusuna çevrilmişdi ofis. Buna görə də nəyin  bahasına olur- olsun ofisi bağlatdırmaq istəyirdi. Axı bunlar kim idi- niyə qonşu rayonlardan da internetə xəbər yüklənmir, elə demaqoqluq onun rayonunamı qalıb? Buna görə də işə MİNƏN-ləri də (Milli İstikbarat Nazirliyinin Əlahəddə Nümayəndələri) qatmışdı. Onlar da  ofis əhlinin getdiyi çayxanaları müəyyənləşdirib öz etibarlı adamlarını çayxanaya və ofisdən çayxanaya qədər olan məsafəyə təhkim etmişdilər.  Bu işdə ən fəal adam Yanıq Şamçı idi. Adamın adı Şəməddindi. Demək MİNƏN-lər buna deyib imicini dəyiş, işə başla. Yəni gir müxalifətçi donuna. Bu da elə bilib məsələn müğənnilər kimi dəyişməlidi imicini. Götürüb feni, illərdi sağ yana daradığı saçını arxaya istiqamətləndirmək istəyib. Nəticə də ağır olub- fenin istisi saçını yandırıb- yerindən də qırmızılı- qaralı tüklər çıxır. Doktor Bəhramov o saat buna şunquruq qoşdu- Yanıq Şəməddin. Doktordan geri qalmayan Xoralı Bəxtəvər da götürüb Şaməddini elədi Şamçı- çünki adam arada özünü tamam buraxırdı.  Lap biruzə verirdi  şamtutanlığını- heç adamın öz kölgəsi özünü bu qədər izləməzdi ki, Yanıq Şamçı bunları elə izləyirdi. Arada da sual tullayırdı- bəs inqilab nə vaxtdı? Hətta ümid də verirdi- qorxmayın, bir şey qalmayıb, Amerika bəyanat verib. Guya  yeni səfir də gedib Qobustanda palçıq vulkanına ki, orda palçıqdan İnqilab bəyi yaradıb özünə də sünii nəfəs verib ayağa qaldıracaq.

Zulamıxovun bu ofis əhlindən yanıqlı olmasının bir başqa səbəbi də qısqanclıqla bağlıdı.

Salxaq Körpü gömrük keçid məntəqəsindən heç İcra Başçısı Zulamıxovun özü xahişsiz- minnətsiz nəsə keçirə bilməz. Heç MİNƏN-lər də keçirə bilmir. Amma bu insanların hamisi Salxaq Körpüdən problem yaradıb və qalib gəliblər. Xoralı Bəxtəvərin 5 kq yağını alan gömrükçülər aylarla məhkəmələrdə sürünmüşdülər. Sonra da Xoralı Bəxtəvərə  yaşıl işıq. Əcəmov bir telefoan görə iki ay gömrükçüləri get- gələ saldı. Axırda özləri yalvardılar ki, qardaş, qələt eləmişik.  Mirraqif-  gömrük məntəqəsində qeyri- qanuni çəkilmiş dəmir barmaqlıqları fb-də  yayıb da sökdürmüşdü.Türkocaq  kartof möhtəkirlərini çəkib youtubeyə qoymuş, aləm bir- birinə dəymişdi. Qasımov gömrükdən hətta erməni siqareti də keçirirdi, erməni konyakı da. Zamir Çölçü kisə- kisə kitab keçirirdi gömrükdən.

Beləliklə plan plan dalınca qurulmağa başladı. “Şüngülüm”  açıqtipli qapalı səhmdar cəmiyyətinin işçisi Milena xanım da ofisə ayaq açdı. Bu arada Milena xanım fb- də hətta Nihat Əl- Baradeyidən də sərt statuslar yazmağa başlamışdı. Sonra da Elçin müəllimi polisə çağırdılar- ofisdəki fəaliyyətiniz barədə izahat yazın. Elçin müəllim də sadəcə kompyüter düzəltdiyini, başqa pis işlərə qoşulmadığını, və atasının “pis uşaqlara qoşulma, səni evləndirəcəm” deməsini bildirib məsələni yozalamışdı. Həmçinin də qeyd etmişdi ki, ofisə arada bir uzunsaç, qaragöz, qarımış qız gəlir, deyir hökuməti baltalayın, biz də hökumətin ətəyindən yapışan adamlar. Bundan sonra Milena xanım da işə yaramadı.

 

           –

 

Nəhayət qərar verildi- ofisə basqın olamalı idi. Həmin gün ən gərgin iş qrafiki Xoralı Bəxtəvərin olmuşdu. Əvvəlcə MİNƏN- lər çağırmışdı onu öz ofislərinə. Şair çağırış vərəqəsi tələb edəndə:

-Qardaş, gəl, babandan xəbər var.

Şair də uça- uça getmişdi.

Guya 1937-ci ilə tutulmuş babası hal- hazırda çemodanını da götürüb gəlib MİNƏN-lərin ofisinə, adamlarla  oturub türmə xatirələrini danışa- danışa  bunu gözləyirdi. Belə ki, şair bu haqda sorğu göndərmişdi nazirliyin baş ofiisnə. Bundan əvvəl Rusiya FSB-sinə də internetlə sorğu göndərmişdi. Ordan da dərhal cavab gəlmişdi- Qazaxsatn MTN- inə müraciət edin. Qazaxstan MTN-dən də dərhal cavab gəlmişdi- Azərbaycan MİNƏN- lərinə müraciət edib, babanızın familiyasını dəqiqləşdirin. Azərbaycan MİNƏN- çıləri də aylarla cavab vermədi. Indi də çağırmışdılar. Və əndirabadi bir cavab hazırlanmışdı- babanız 1937-ci ildə DİN-in üçlüyünün qərarı ilə həbs olunub. Vəssalam.

Daha sonra da sorğu –sual:

-Fb-dəki şəkilləri hansı erməni göndərir sizə? Doktor Qasımovmu tanış edib o erməniləri sizinlə? Adam erməni ilə necə dost ola bilər? Axı bizim Qarabağ dərdimiz var.

Şair də qayıtdı ki, gəlin sizə də öyrədim o şəkilləri necə internetdən götürmək olur. Burda nə var ki, quqla girib tapmaq olar.

MİNƏN-lər bir şey anlaya bilmədilər. Bunu duyan şair özünü həm də haker kimi təqdim elədi:

-Hərdən də girib onların profillərini sındırıram, şəkili götürüb sonra da “Qarabağ Azərbaycanındır” yazıram.

– Bax bu əla, bu əla.

– Yaxşı bəs mənim babamın harda cəza çəkməsini indi necə öyrənək, rəis?

-Qadası, ən yaxşısı Xoşqədəmə müraciət etməkdi. Zalım qızı işləyir dəə.

– Nəə?

-Həə,həə,  Xoşqədəm, Xoşqədəm, yenə də Xoşqədəm. Kopolu Doğuş onu verilişdən aralamasa yaxşıdı. Hələlik gedə bilərsiniz, müəllim.

-Oldu.

Ordan çıxan kimi də Qasimov zəng elədi- gəl məscidə, Adam Satkinson adlı ingilis gəlib, kitab yazır qaçqınalr haqda.

-Bəs məsciddəmi yazır o kafir oğlu bizim dərdimizi? Məzələnmə sən canın.

– Yox, məzələnmirəm, iki addım yoldu, gəl gör məzələnirəm ya yox.  Özü belə istədi, dindarlarla da söhbət edib mövqeylərini bilmək istəyir.

-Oldu, doktor.

Sən demə Adam Satkinson yalnız ingilis dilini və rus dilini bilir, məsciddə də rusca bilən yox. Hamısı cavan kadrlardı və bildikləri də ərəb dili. Yalnız qoca mürdəşir- Şəkər kişi bilir ruscanı. Xoralı Bəxtəvərin da ruscasını Alalh kəssin, gərək yaxşı tut arağından vura bədənə, rusca danışa bilə, tərcüməçilik edə bilə. O da məsciddə olmaz. Doktor Qasımov da məsciddə soyuq qarşılanmağına görə acığa düşüb mollalara tərcüməçilik eləmir. Belədə isə mürdəşir Şəkər kişi salıb Adam Satkinsonu çənəsinin altına- erməninin tarixi zad yoxdu, onlar qaraçıdan azıblar. Dallarında da rus durub, rus olmasa bir gündə onları qovarıq Qafqazdan. Əgər  bizim sondan ikinci şahımız olmasa, indi onlar bizi Kürdən o tərəfə keçirmişdilər. Alalh o kişiyə qəni- qəni rəhmət eləsin. Əsrimizin yeni peğəmbəridi, kainatın günəşidi. Ruhuna bir salavat.

Bir qıraqda məscidin baş axundu, ikiqat hacı Mirsədi əfəndi və birqat hacı Molla Osmanəli oturub mürdəşir Şəkərin dediklərini dinləyirdilər. Səhrdən heç nə başa düşməsələr də,  sondan ikinci şahımızın rəhmət duasına amin, amin dedilər . Bu an şair çox sərt baxışlarla doktor Qasımovu süzməkdə idi. Doktor Qasımov da hacılarla küncə çəkilib qımışırdı. Sanki nədənsə gizlənirdilər. Xoralı Bəxtəvər – dayan bir əəə, deyib mürdəşirin qulağına nəsə dedi. Ikiqat və birqat hacılar da, doktor Qasımov da “yalançının” hissəsini eşitdilər o qulağa deyilən cümlənin. Mürdəşir Şəkər  lap bərkdən:

-Mən də, mən də.  Allahsız oğlu Alalhsız, ayrım hara, meçid hara! Allahın evində söyüş söymək dünyanın ən böyük günahıdı, get tövbə elə, tövbə.

– A kişi, bu xaraba rayonda camaatı o dünyaya sən yola salırsan, heç olmasa qulaqlarına həqiqəti de. Yoxsa o dünyaya da yalanlamı yola salırsan? Niyyətin başını yesin sənin,  Kürdən danışmaqla deyil ki, onsuz da öləndə üstündə su tapılmayacaq.

Qasımov da, hacılar da şairi çağırdılar öz yanlarına- bəs şair, başınızın üstündə kamera vardı- MİNƏN-lər izləyir bütün danışıqları. Biz də kameradan gizlənmişik bu küncdə.

-Bəs cihaddan danışırsız dillənəndə, kameradan qorxursuz?

-Bizi başa düş, şair. Biz sən deyəni bilirik, amma nəysə, səsimiz kameraya düşər.

– Yaxşı mən getdim, bu Satkinson da satqın şeydi, görmürsünüzmü başını at kimi necə yelləyir? Axşam onunla bir çay içərik, bir- iki kəlmə də deyərik, yazar yazar, yazmaz da cəhənnəmə yazsın.

Doktor Qasımov:

-Elə mən də gedirəm, bu Satkinsonu da aparım calayım Zulamıxova. Ağlım bir şey kəsmir bundan, deyəsən mavidi.

Mollalar bir ağızdan:

-Əstafürüllah, əstafürüllah.

–  –

Ordan şair ofisə qayıtdı. Doktor Qasımov Adam Satkinsonu Zulamıxovla görüşə apardı. Görüşdə Mirraqifin də iştirakını vacib sayırdı doktor Qasımov. Bu zaman isə Mirraqif Məhər Türkocaqla idi- “Reproduktiv problemlər” layihəsindən xeyli qadın və kişi gigiyenik vasitələri qalmışdı Türkocaq müəllimdə. Artıq Cema da öz ölkəsində idi. Demək maraqlanan olmayacaqdı qadın və kişi gigiyenik vasitələri ilə. Bunları isə apteklərə verib pul qazanmaq olardı. Mirraqif özü belə şeylərə haram iş kimi baxırdı. Amma Əcəmovun əlinin aşağı olmasını nəzərə alıb Məhər Türkocaqdan iki qutu kişi gigiyenik vasitəsi- prezervativ aldı və Əcəmovun ofisdə olduğunu yəqinləyib doktor Qasımova “başqa yerdəyəm” deyib dal yollarla ofisə gəldi. Doktor Qasımov isə…

Adam Satkinsonla Zulamıxovun otağına varid olan doktor Qasımov Zulamıxovun “Xəbərlər” proqramını izlədiyini görüb nəsə hökumətdə təzə xəbər var dedi. Təzə xəbər isə Qasımov üçün təzə xəbərdən çox qara xəbər oldu- dolalrın kursu 33 % qalxmışdı. Doktor Qasımov da 13 min dolalr kredit götürmüşdü. Elə ordaca infakt vurdu doktoru. Zulamıxov Satkinsona söyə- söyə qaldı. Haqq- hesab mətbuatda yayılsa aləm bir- birinə dəyəcəkdi. Ələlxüsus da “ Zərbəçi gənclər” ofisinin sakinləri məsələni o saat bəzəyib- düzəyib ölkəylə bir edəcəkdilər. Təcili bunun qarşısını almaq lazım idi. Bu ara Satkinson da qorxudan ağ- appaq olmuşdu.

Bu zaman isə ofisdə Vəkil müəllim müştəri gözləyir, Elçin müəllim də kompyüter format edirdi. Zamir Çölçü və Ərəş müəllim gəlib “Qurdlar Vadisi” serialının 259-cu seriyasına baxırdılar. Mirraqif müəllimin sinif yoldaşı İlkin müəllim də gəlib ofisdə odnoklassnikidəki dostu, rus qızı Tanya ilə virtual sevgi yaşayırdı. İlkin öz ofislərində sosial şəbəkələrə girişin qadağan olduğundan yana- yana danışırdı. Bu zaman Mirraqif də ofisə daxil oldu və ofisdə elə bu şəxslər vardı. Bir də Xoralı Bəxtəvər gəlib çıxdı- həm məsciddəki, həm də MİNƏN-dəki əhvalatları ofis əhlinə danışmaq istəyirdi. Amma bu zaman rayonda Ayrımbaşı ( ayamanı doktor Bəhramov qoymuşdu) kimi tanınan Fərmayıl müəllimdən zəng gəldi:

-Şair, gəl bizim çayxanaya, bir şəkil çəkdirək, hamı burdadı, guya partiyanın müşavirəsidi.

-Yaxşı, gəlirəm, əlavə adam zad lazımdısa 4-5 nəfər gətirə bilərəm şəkilə düşmək üçün.

-Yox, çayxana dolu adamdı, ehtiyac yoxdu. Sadəcə gəl özün də düş şəkilə, bir də feyisbukdu nədi ona qoyarsan.

-Oldu qağa, gəlirəm.

Həə, ofis əhlindən yeganə adam idi ki, müxalifət partiyasının rəsmən üzvü idi  şair. AM (Ana Müxalifət) partiyasının məclis üzvü idi. Elə indi zəng edən Fərmayıl Ayrımbaşı da AM-çı idi. Və belə AM-çılar rayonda şairqarışıq elə 4-5 nəfər qalmışdılar. Daha Zulamıxov onardan qorxub eləmirdi .

Həmin gün Məhər Türkocaq ofisə gələsi deyildi- çünki Mirrafiqdən ayrıldıqdan sonra  getmişdi harasa yas yerinə.  Həmin gün  Nihat Əl- Baradeyi də ofisə gələsi deyildi- çünki 3-4 manat tapıb getmişdi sərhəd kəndlərindən birinə- reportaj hazırlayıb təzə açılan Madyan.tv-yə təqdim etməli idi. Deyəsən ordan təklif gəlmişdi ona. Həmin gün Fikrət Hunday da ofisə gələsi deyildi- çünki  iki gündü qardaşı əsgərlikdən məzuniyyətə gəlmişdi. Evdə də atası və Fikrətin ikisinə bir ayaqqabıları vardı. indi də kiçik qardaşı gəlib ayaqqabını geyinib  botinkaların ağırlığını yollara tökürdü. Əcəmovun isə hələ ofisə gələsi vaxt olsa da hansısa aptekdə hesabat düz çıxmamışdı deyə orda çənə döyürdü.

Bax bu anda Yanıq Şamçının ulamçılığı ilə ofisə basqın etmişdi polis. Basqından əvvəl isə, ofisə çay gətirtmişdi Elçin müəllim. Bu zaman da Mirraqif iki qutu kişi gigiyenik vasutəsini atmışdı stolun üstünə. Çay süzən Vəkil müəllim:

          Bu nə konfetidi belə?

          Rezinəoxşar irisdi.

          Kopolunun hökuməti nələr çıxardır əə?

Vəkil müəllim “rezinəoxşar iris”in birini çıxarıb matdım- matdım baxdı, bir şey anlaya bilmədi.

Bu zaman mağazanı bağlayıb ofisə tualet üçün gəlmiş Kətə Famil- ayıbdı əə, ayıbdı deyib tualetə buruldu. Və bu zaman ofisə basqın oldu:

-Tərpənməyin!

Prezervativləri görən polis zabiti- aha, görün ini nə düzüb qoşacağıq, elə bilirsiniz düzüb qoşmağı bircə siz bilirsiniz! Bu nə biabırçılıqdı, həə?

Vəkil müəllim:

-Noolub rəis, rezinəoxşar irisdi dəə.

-Get özünü dola, bu yaşa gəlib, hələ bilmir bu nədi, ayıb olsun, özü də vəkillik edir.

Rəis daha sonra amiranə səslə:

-Dövlətə qarşı çıxan qara qüvvələr, ar olsun sizə. HRR partiyasının verdiyi çörək burnunuzdan gəlsin.

Bu zaman İlkin müəllim:

-Rəis, burda elə hamı HRR deyənlərdəndi. Bircə nəfər də müxalifətçi yoxdu.

-Get özünü dola.

-Vallah, mən HRR partiyasının ofisinin şöbə müdürüyəm. Ərəş müəllim “Gənc Zərbəçi”di. Vəkil iqtidarmeyilli HR-çıdı. Mirraqif də QHT-çıdı. QHT də terror kimi şeydi, terrorun dini olmadığı kimi QHT-nin də partiyası olmaz. Bir nəfər də odey tualetdə, özü də bitərəf.

Bu zaman ofisin divarında Toyuq Cincerin azadlıq haqda dedikrərini oxuyan rəis özünü lap “Yol Əhvalatı”ndakı JEK müdiri kimi apararaq vərəqi cırıb atdı- camaat şahdan- padşahdan danışır, bu nə toyuqdu belə?

Polisin biri də tualetə basqın etdi- tualetdən çıxan Kətə Famil:

-Qardaş, bu ölkədə siymək azadlığımız da yoxdu? Zibilə düşmüşük ee.

Kətə Familin sözünə rəisqarışıq hamı güldü. Rəis  Zulamıxova zəng etmək istədi. Amma Zulamıxov onu qabaqlamışdı. Zulamıxovdan zəng gəldi- tez basqını dayandırın.  Doktor Qasımov mənim otağımda sustalmışdı, təcili yardımla indi yola saldım. Burda da bir ingilis  ağlayır.

_

Hər şey öz yoluna düşə bilərdi. Doktor da salamat qurtarmışdı, yönü bəri idi. Ofisin bağlanma ehtimalı da azalmışdı- heç nə tapılmamışdı əslində. Prezervativ məsələsi də unudulmuşdu- bu arada doktor Qasımovun əhvalatı necə oldusa mətbuata sızdı. Bilinmədi kim ötürüb informasiyanı. Zulamıxov da acığa düşüb ofisin binasını Mirraqifin əlindən aldı. Yoldaş Zulamıxov daha Avropa ilə də əlaqələrini genişləndirmişdi- Satkinsonu ələ almışdı. Satkinson da yazacağı kitabı tamamlamaq üçün ölkənin 65 rayonuna səpələnmiş qaçqınlarla görüşmək üçün Zulamıxovdan hər cürə dəstək almışdı. Və hər rayonda da ölkənin sondan ikinci şahının heykəli önündə baş əymişdi.

Bundan sonra Kətə Famil də mağazada dura bilmirdi. Ofisin binasını vermişdidilər Vələdəmir Şirinov deyilən məhşur   bir dönərçiyə. Ofis oldu “Çənlibel” dönər evi. Way-fayın da kodu 7 dənə 7. Yəni yeddi milyon yeddi yüz yetmiş yeddi min yeddi yüz yetmiş yeddi.

Doktor Bəhramov dönərçiyə Vladimir  Jirinovski adı qoymuşdu- Way-fayın kodu da onun məhşur sözlərini xarakterizə edirdi doktora görə. Kətə Famil acqarına dönər iyisinə dözə bilmirdi.

Və Kətə Famil mağazadan ayrıldı. Getdi qul bazarına. Qul bazarı deyilən yer də iri bir xan çinarının dibində idi. Və kimsə nə vaxtsa bu xan çinarının qabığına bıçaqla kiril əlifbası ilə yazmışdı- «Сов. ИКП-Jə ешг олсун!!!»

Amma Kətə Famil qul bazarına çıxanda bu yazıları görmədi. Xan çinar qabığını dəyişmişdi. Kətə Famil ora yığışan qullara- əşşi, ağacnan ilan qabığını, tısbağalar çanağını dəyişdi e bu illər ərzində neçə dəfə, amma biz elə necə görmüşdüsə Nuh, öyləcəyikbiz  dedi.

Zulamıxovun ofisi bağlatması heç bir nəticə vermədi- ofis əhli yenə də fb-də qan edirdilər. Hətta vəziyyət daha da gərgin idi- Kətə Famil də başlamışdı statuslar yazmağa- özü də necə. Gəlin ilk statusu ilə tanış olaq:

-Başında 33 tükün olmaya, xalqın manatını 33% öldürəsən. Afərin olsun sənə, keçəl!

Bu status manatın dəyərini 33% itirmsindən sonra ayzılmışdı.

Xeyli like yığıdı Kətə Famil.

Daha sonra da pis status yazmadı:

 

-Əslində bizim hamımızın həyatımız ehtiyatda olan həyatdı. Biz hələ həyatımızı yaşamırıq.nə vaxt ehtiyac olsa onda yaşayacağıq. Bizim yaaşdığımız həyat deyil, nəsə başqa zaddı.

Bu statusa xeyli like gəlmişdi. Siftələri uğursuz olmamışdı. Daha sonra Kətə Famil bir statusla likelərini ikiqat artırdı. Bu da rayonda G Groupun məhkəmə günü yazılmışdı:

          İndi bizim rayonda G Groupun məhkəməsidi. Içi mən qarışıq yüzlərlə insan məhkəmədə haqqını yox, pulunu tələb edir. G Groupun kirayələdiyi ofisi isə bağlayıblar. Ofisin həyətindəki tənha cökə ağacı isə susuzluqdan qurumaq üzrədir. Bu kimsənin vecinə deyil. Özümü o cökə kimi hiss edirəm.

Beləcə də Kətə Famili fb-də izləyənlərin sayı günü-gündən artmaqda idi. Və nəhayət bir statusu rekordları alt- üst etdi. Onda ölkədə bir neçə mahal naibinin yeri dəyişmişdi- Əlinin papağı Vəlinin, Vəlinin papağı da Əlinin işıq gələninə soxulmuşdu. Aldı görək Kətə Famil nə dedi:

          Belə pis çıxmasın, məzi seksual manyaklar monotonluqdan bezərək dəyişikliklik istəyir. Amma əlinə bir şey keçməyəndə o biri seksual manyakla öz arvadını dəyişir. Indi bu mahal naiblərinin yerdəyişməsi də lap ona bənzədi.

Həmin statusa 1400-dən artıq like gəlmişdi. Bu artıq ölkədəki AM-1(Ana Müxalifət), AM-2 (Ağa Müxalifət), AM-3 (Ata Müxalifət), AM-4 (Ara Müxalifəti) kimi iriçaplı müxalifət partiyalarının sədrlərinin də reytinqlərini alt-üst etmək idi. Və bu AM sədrləri hər biri Kətə Famili öz partiyasında görmək istəyirdi. Amma Kətə Famil daha bu partiyalarla qurtarmışdı. Həmin xan çinarının qabığında o yazı yenidən peyda olmuşdu- «Сов. ИКП-Jə ешг олсун!!!»

Bunu Kətə Famil ən məhşur statusu sayırdı. Artıq yoldaş Zulamıxovun özü də saxta profillə Kətə Famili izləyirdi. Həttə gəlib Kətə Familin ən məhşur statusunu orjinaldan da izləmişdi- xan çinarının qabığını soydurmaq fikrindən də vaz keçmişdi. Kətə Famil isə daha millətçi cərəyanalrla əlaqəsini kəsmiş, rayonda kommunist partiyasının özəyini yaradacığını elan etmişdi.

 

Yazıya 992 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.