Şahin yolunu kəndin tibb məntəqəsinin qabağından salmışdı. Məqsədi Nailəni görmək idi. Qız gözə dəymirdi. Şahin ötüb keçmək istəyirdi ki, ayaq saxladı. Nə zamandır ki, tibb məntəqəsində olmayıb. Kəndin icra nümayəndəsidir. Onun vəzifəsi təkcə təsərrüfata baxmaq deyil, tibb məntəqəsinin şəraiti ilə də maraqlanmalıdır.
İcra nümayəndəsinin tibb məntəqəsinə daxil olduğunu görən işçilər bir-birinə dəydilər: “Şahin müəllim gəlib!”
Məntəqənin müdiri tələsik özünü ona yetirdi. Görüşüb onu kabinetinə apardı. Şahin:
-İşlər necədir? Gəldim, görüm nədə çətinlikləriniz var? Xəstələrin müalicəsi ilə bağlı hansı problemləriniz var?
Məntəqənin müdiri Tofiq həkim:
-İşçiləri də çağırım, qoy dərd-sərlərini özləri desinlər.
İşçilər yığışana qədər ortaya mürəbbəli çay gəldi. Şahin çayı görcək yadına düşdü ki, susuzluqdan ciyəri yanır. Odur ki dedi:
-Bu çay lap yerinə düşdü!
-Nuş olsun!
İşçilər bir-bir gəldilər. Nailə də göründü. Ona da xəbər çatmışdı ki, icra nümayəndəsi yoxlamağa gəlib. Kənd əhli idi. Hara bir nəfər gəlirdisə, tez əl-ayağa düşürdülər. fikirləşirdilər ki, yəqin yoxlama aparacaq. Nailə hiss etdi ki, ürəyi döyünür, həyəcanlanıb. Özünü ələ alıb hamıdan axırda kabinetə gəldi. Ayağını astanadan içəri basana kimi Şahin bir Allah bilir nələr yaşadı! “Yəqin işdə yoxdur. Nə pis oldu. Bir də Nailəni görmək üçün bura hansı bəhanə ilə gəlsin? Duyuq düşən olar”.
Nailəni görcək ürəyi yerinə gəldi, kefi kökəldi. Hətta dərindən nəfəs aldı. Müdir bunu gördü, amma səbəbini bilmədi. Şahinin fikri Nailənin yanında idi, işçilər isə gözləyirdilər ki, görsünlər icra nümayəndəsi onları nə üçün müdirin kabinetinə yığıb. Nailəni isə bura nə üçün çağırıldığı maraqlandırmırdı. O da Şahin barədə düşünürdü. Altdan-altdan ona baxırdı. “Canıyanmış Qəmər düz deyirmiş! Mənim heç diqqətimi cəlb etməyib. Bu Şahin lap nazirə oxşayır. Bir də nazirin bundan nəyi artıqdır. Maşallah boy-buxunu, savadı… Sanballı adamdır. Artıq hərəkəti, rəftarı yox. Hamı ona həsəd aparır. Görkəminə, geyiminə, nitqinə də söz yox!” Sonra onu Rasimlə müqayisə elədi. Rasim alverçinin biridir. Buradan ora, oradan bura qaçır. Gün-güzəranı yox. Bunu alır, onu satır. Qəpiyi qəpiyə calayır. Özü də Bir Allah bilir Rusiyyətdə nə hoqqalardan çıxır. O Müjkan kimdirsə, onunla da şəkillərini çəkmişdilər! Dediyinə görə, məni sevir, mənə xəyanət eləməz! Nə bilim?”
Nailə müqayisə aparıb üstünlüyü Şahinə verdi! “Şahinin vəzifəsi də var, şəxsi və dövlət avtomobili, ikimərtəbəli ayrıca evi, geniş həyət-bacası da!”
Birdən Nailə utanıb xəcalət çəkdi. Onun adı Rasimlə çıxmışdı. Kənddə hamı onun Rasimə ərə gedəcəyini gözləyirdi. Onlar nişanlı idilər. “Rasimin də öz üstünlükləri var! Şahin yaxşı oğlandır, qoy yiyəsinə qismət olsun. Allah bəxtini versin! Qarşısına halal südəmmiş çıxsın! Yaxşı insana yaxşı qız qismət olmalıdır! Yoxsa uca Allah insafsızlıq edər. Onun – Nailənun yiyəsi var. Özü də qız onu dəlicəsinə sevir! Onunku olacağı günü səbirsizliklə gözləyir! Bir də ki, nişanlı ola-ola, başqası barədə düşünmək, ona baxmaq günahdır! Allah da bunu götürməz, bəndə də!”
Nailə ilə Şahinin baxışları toqquşdu. Qız tez gözlərini yayındırdı. “Allahım, bağışla!” Ürəyində belə desə də, Qəmərin sözləri yadına düşdü. Onun dediklərini heç cür yadından çıxara bilmirdi.
Şahin sözə başladı:
-Sizi yığmaqda məqsədim odur ki. məntəqənin problemlərindən danışasınız.
Şahin qeyd dəftərçəsi və qələm çıxardı. Nailə qeyri-ixtiyari yenə Şahin barədə fikirləşdi: “Bəxtəvər buna ərə gedən qızın başına!” Şahinə ərə getmək fikri olmasa da, hiss elədi ki, onun arvadı olacaq qıza həsəd aparır.
Birinci Tofiq həkim sözə başladı:
-Şahin müəllim, özünüz yaxşı bilirsiniz ki, kəndimiz günü-gündən böyüyür. Əhali xeyli artıb. Allah canınızı sağ eləsin! Siz icra nümayəndəsi olandan bəri kənd camaatının dərd-səri xeyli azalıb. Onlara hər cür əl tutursunuz. Sözümün canı var. Bu məntəqəni xəstəxanaya çevirə bilsək, adamlarımıza çox, lap çox kömək olar. Rayon mərkəzi kənddən aralıdır. Ehtiyac olanda camaatımızı rayon mərkəzindəki xəstəxanaya göndəririk. Xəstənin yiyəsi də yollarda qalır. Elə xəstəliklər var ki, biz adamları burada yerləşdirib müalicəsi ilə məşğul olarıq.
Şahin dəftərdə qeyd edirdi:
-Mən də o fikirdəyəm, Tofiq həkim. Həkimlərimizin də, tibb bacılarımızın da əlləri qızıldır.
Nailə başını qaldırıb baxdı. Ona elə gəldi ki, tibb bacısı deyəndə Şahin onu nəzərdə tutur.
Şahin davam etdi:
-Bu məntəqəni genişləndirmək, yeni bina tikdirmək planım var. Tibb bacılarından seçib Tibb Universitetinə oxumağa da göndərə bilərik.
Nailə diksindi. Şahin ona baxırdı. Bu ox ona atılmışdı. Şahinə ərə getsəydi, ona ali təhsil verəcəkdi. O elə adam idi ki, razı olmazdı həyat yoldaşı orta təhsillə kifayətlənsin. Nailə necə sevindisə, Rasimi yadına salıb ümidini itirdi. Rasimə qalsa, onu bu tibb məntəqəsində də işləməyə qoymaz. Onda qala Bakıya oxumağa yollasın.
Diqqət kəsildi. Şahin danışırdı:
-Mən rayon rəhbərliyi, nazirlik qarşısında məsələ qaldıracağam. Bu tibb məntəqəsinin yerində gözəl bir xəstəxana ucalacaq. Ən azı üç mərtəbəli. Təhsil almağa göndərəcəyimiz tibb bacıları da qayıdıb, həkim işləyərlər. Təyinatla gələn həkimlər günlərini sayırlar. Ən çoxu üç il işləyirlər. Biri gedir, o biri gəlir. Ona görə burada öz kadrlarımız çalışmalıdır. Bunlar sonranın, yaxın gələcəyin işləridir. İndi gəlin hazırkı vəziyyətimizdən danışaq.
Etibar həkim:
-Şahin müəllim, otaqların təmirə ehtiyacı var, -dedi.
Qızbəs tibb bacısı:
-Bəzi dərmanlar çatışmır.
-Adlarını deyin.
Dedilər.
Sürəyya tibb bacısı:
-Bəzi tibb avadanlıqları yoxdur.
-Adlarını yazın, verin.
Sonra durub kabinetləri gəzdilər. İmkan yarananda Şahin astaca Nailəyə:
-Necəsən? İşlərin necədir? – deyə soruşdu.
Nilə qızardı. Ətrafa baxdı. Xoşbəxtlikdən onlara fikir verən yox idi.
-Səninlə söhbətim var.
Nailə özünü itirdi:
-Nə söhbət? Yox.
-Qəmərin səninlə söhbəti olub. Nə fikirləşirsən?
-Fikirləşməkdən keçib. Mən nişanlıyam.
Tofiq həkim yaxınlaşdı. Şahin Nailəni vəziyyətdən çıxardı:
-Soruşuram ki, nə fikirləşir? Gələcəkdə təhsilini davam etdirmək istəyir?
Tofiq həkim:
-Amma nə tapmısınız! Nailəyə lazımdır bu. Ondan yaxşı həkim olar. Bacarıqlı, qabiliyyətli işçidir. Bir həkim qədər bilir.
Şahinlə Tofiq həkim həyətə çıxdılar. Şahin:
-Həyətiniz göz oxşayır! Tibb məntəqələri də, xəstəxanalar da yaşıllığa bürünməli, hər tərəfdə gül-çiçək olmalıdır. İnsanlar özlərini xəstəxanada deyil, sanatoriyada, istirahət evində hiss etməlidirlər. Bu onların müalicəsinə də, sağlamlığına da yaxşı təsir edir.
-Bunu nəzərə almışıq.
-Görürəm.
-Xəstəxana binasının inşası üçün yeriniz də var.
Şahin xudahafizləşib yola düzəldi. Amma ürəyi burada qaldı. Nailə hələ işdə idi. Heç olmasa, onunla danışa bilmişdi.
* * *
Şahin yorulub əldən düşmüşdü. Ona görə evə çatan kimi duş qəbul edib özünü çarpayıya atdı. Xavər xala oğlundan səs çıxmadığını görüb otaqları gəzdi. Onu yataqda görüb:
-Ay bala, bu nə vaxtın yatmağıdır? Süfrə açmışam. Dur, şam elə.
Şahin qalxmağa tənbəllik elədi:
-Ana, möhkəm yorulmuşam. Heç halım yoxdur. Bir az dincəlim, durub çayımı da içərəm, yeməyimi də yeyərəm.
Xavər xala:
-Yaxşı, qadan ürəyimə! Dincəl.
Şahin gözlərini yumsa da, yata bilmədi. Fikir onu götürmüşdü:
Nailə olanı dedi. O, nişanlıdır, özgə yarıdır. Mən düz eləmirəm. Kənddə az-çox hörmətim var. O hörmətin üstündən də qara xətt çəkmiş olaram! Adam nişanlı qıza elçi düşməz. Məndən soruşa bilərlər: “icra nümayəndəsisən. Kəndin böyüyüsən. Məgər bunu bilmirsən?” Mən öz hərəkətim, təklifimlə Nailəni yoldan çıxara bilərəm. Olmaz. Qətiyyən olmaz. Nişanlı qızdır. Demək, elçi düşmək mümkün deyil. Onda gərək götürüb qaçım. Bununla da iş aşmaz. Gərək sonra kəndə qayıtmayım. Hələ ortada düşmənçilik yaranacaq. İş gedib ölüm-öldürümə çıxacaq. Qızın adı da bədnam olacaq. Yaxşısı budur: bir daş altdan, bir daş da üstdən! Məsələni elə belə – açıq saxlamaq lazımdır. Nailə məsələdən xəbərdardır. Görək nə olur, Rasim nə düşünür? Qız axır ki, Rasimin ona layiq olmadığını başa düşəcək. Təmkinli olmaq lazımdır. Atalar nahaq deməyiblər: “Tələsən təndirə düşər!” Odur ki, özümü tox tutum gərək. Hər işin başı – səbirdir!”
Şahin bu düşüncələrin pəncəsində yuxuya getdi. Ərindiyindən durub anasının süzdüyü sayı da içmədi.
Yazıya 736 dəfə baxılıb