Əli Şirin Şükürlü — Gəzən ağacın hekayəsi

əlişirin26065887521081_805532925_n    İlk dəfə sənə danışıram. Bu barədə heç kimə söz açmamışam. Çünki heç kim bu cür söhbətlər edən adamın ağlı başında olmasına inanmaz. Sən yaradıcı adamsan deyə məni başa düşərsən. Həm də bu kimi hadisələrin hər bir yaradıcı adam üçün faydası ola bilər. Filosoflar, rəssamlar, müsiqiçilər, fantastika yazanlar, hətta şairlər də bu hadisədən bəhrələnə bilər. Baxmayaraq, bizdə poeziyanın predmetini və məzmununu daha çox vərdiş olunmuş mövzular və bu mövzuların lirik-sentimental təsvirləri təşkil edir, bəlkə yenə də kiminsə işinə yaraya bilər.

Evimizin qarşısında bir ağac var. Əvvəllər o ağaca bir elə fikir verməzdim. Sonralar bir müddət marağıma səbəb oldu; zərif, yaraşıqlı bir ağaca çevrilmişdi. Amma son bir neçə ildə diqqətimi daha çox cəlb edir. Cəlb edir deyəndə, doğrusu, əsəbiləşdirir məni. Çünki bu ağac o qədər böyüyüb qol-budaq atıb, nəhəng bir məxluqa bənzəyir və elə bu nəhəngliyi ilə də səmanı və dənizi aydın, maneəsiz seyr etməyimə əngəl yaradır. Amma məqsədim başqadır bunları söyləməkdə. Ağacın başqa məziyyətindən danışmaq fikrim var. Çox qəribə bir məziyyətindən. Əsas qəribəlik bəlkə də heç ağacda da deyil. Sadəcə, insanlar hər şeyi vərdiş etdiyi kimi görməyə alışıb. Əvvəlcə bir şərh verim, sonra keçərəm ağaca.

Ümumiyyətlə, son vaxtlar bir çox əşyaların, eləcə də canlıların hərəkət etdiyini müşahidə edirəm. Bəlkə də bunda qəribə bir şey yoxdur; deyərsən, bütün yaranmışlar elə hərəkətdədir. Mən müşahidə etdiyim hərəkət hadisə şəklində fərqli bir fəzada – məkanda baş verir. Məsələ bundadır. Məsələn, tanıdığım bir adamın uzaqdan gəldiyini seyr edirəm o məkanda. Sanki o adam öz-özüylə ard-arda düzülüb gəlir, hər biri də o birindən az da olsa fərqlənir. Bəzi adamlarınsa ardıcılığı pozulur. Daha doğrusu, ardıcıllıq tükənir. Yəni sonuncu təsvirinin arxası boşluq olur; böyük bir səhranı xatırladır.
Yaxın vaxtların hadisəsidir. Qapımıza bir pişik öyrəşmişdi. Elə biz də ona isinişmişdik. Eyvanda dayanıb baxırdım, pişik də yanımda. Gördüm elə o pişikdir həmən məkanda gəlir. Amma lap yaxınlıqda baş verir gördüklərim. Əlimi uzatsam toxuna bilərəm hadisəyə. Səhər eşitdim pişik ölüb.
Fikirləşərsən, adam, pişik, it, nə bilim başqa hər hansı bir canlı hərəkət edər də, burda nə var axı! Amma qəribəsi odur, tərpənməz dayananların da həmin fəzada hərəkətini seyr edə bilirəm. Söhbətin bu yerində ağac barədə əhvalata qayıda bilərəm.

Yenə həmən eyvandı – üzü dənizə. Dayannmışam. Ağac da yerindədir öz nəhəng görkəmiylə. Yenə həmən sirli məkan peyda oldu müxtəlif hadisələrlə. Hadisələr də elə hey gəlir mənə sarı. Onu da qeyd edim ki, hadisələr düz xətt boyunca deyil, daim qövsvari hərəkətdə olur. Hadisələrin ortasında ağac görünür uzaqdan. Bir qədər də əcaib şəkil alıb və dayanıb ortayaş bir adamla söhbət edir.
– Bir yaşlı adam dayanardı eyvanda, – soruşur o adamdan, – sizin binanın birinci mərtəbəsində. Daim dənizə baxıb fikrə dalardı. Çoxdandır görünmür.
Məni soruşduğunu anlayıram. Fikirləşirəm, axı mən yaşlı deyiləm. Hadisənin o fəzada hələlik uzaqda baş verdiyi tez də mənə çatdığından, bir qədər arxayınlaşıram.
– Axı bizim binanın birinci mərtəbəsində yaşlı adam yaşamır, – ağacla söhbət edən adam cavab verir, – orada yaşayanlar ortayaş və cavan insanlardır.
– Dəyişməyən heç nə yoxdur – danışır ağac, – o üzbəüz binaya köçəndə mən hələ tam ağac olmamışdım. Təzə-təzə böyüyür, qol-budaq bağlayırdım. Əvvəlcə sevinclə seyr edərdi məni. Sonralar, mən nəhəng ağac olandan sonra kədərli görürdüm onu.
– Niyə? – soruşur adam, – əksinə, sevinməliydi axı, əgər səni sevirdisə.
– Çünki onun dənizi daha çox sevdiyini bilirdim, – ağac cavab verir. Dənizi görməkdə mane olurdum ona. Neynəyim, mənim də məkanım buradır. Dənizdən az sevilsəm də onun qarşısında yaşamaq yazılıbmış taleyimə. Özü də çox yaşamaq.
– Eybi yox, day qüssələnməkdən keçib, – deyir adam. Hərənin öz taleyi var. Onu da soyunmaqla məşğuldur. Sən ağac da, mən də, indi qüssələndiyin o adam da. Hər şey sona can atır. Bunu anlasa da, anlamasa da.
– Sona can atır? Amma elə bilirdim hər şey sondan qaçır. Son ölümdür axı.
– Üzdə belə görünür. Mahiyyətcə yaranmışlar daima sonu gözləyir. Ona görə də həmişə darıxırlar. Gözləyəndə necə darıxırlar – onu yada sal. Yada sal, necə istənilən bir işin tez axırına çatmağa tələsirlər. Özləri də fərqınə varmadan tükənməyə can atırlar. Əsl məna sondadır axı.
– Hər halda bunu həmişə hiss etmək olmur. Çoxları daim yaşayacaq kimi yaşayır amma.
Söhbət edə-edə gəlirlər. Yalnız gəlişləri görürəm. Gəlib məni ötəndən sonra hadisələri seyr etmək maraqlı olmur; hara getdi o hadisələr, harda gözdən itdi, dönüşü hardadı. Dönüşü ona görə deyirəm, hadisələr düz xətt boyunca yox, qövsvari hərəkət edir.

Belə. Düşünmə, istədiyim zaman fərqli fəzada baş verənləri izləyə bilirəm. Belə bir qabiliyyətə malik deyiləm. Bu cür fərqli mənzərələr özü gəlib məni tapır. Seyr etdiyim digər hadisələr bir tərəfə, nədənsə ağacın əhvalatını danışmaq qərarına gəldim sənə. Axı bu hadisədən nəticə çıxarmışam: Ağac yerini dəyişən deyil məndən öncə. Dənizi, səmanı aydın görmək istəyirəmsə, əvvəl-axır yerimi mən dəyişməliyəm.

Yazıya 823 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.