Toy ərəfəsində Simuzərin qəfildən dəlilik xəstəliyinə tutulması xəbəri ildırım sürətilə yayılaraq camaatın arasında dedi-qoduya səbəb olmuşdu. Daha nə rayonda, nə şəhərdə həkim qalmamışdı ki, Simuzəri müayinə üçün ona göstərib, dərdinə çarə aramasınlar. Adlı-sanlı həkimlər belə onun xəstəliyinin nə səbəbini, nə də dərmanını tapa bilmışdı. Həm oğlan evində, həm də qız evində qanqaraçılıq hökm sürürdü. Simuzər dəlilərə xas hərəkətləri ilə nə evdə qab-qacaq, nə də həyətdə-bacada bir tutar qoymuşdu. Əlinə keçənləri fərqinə varmadan gah sındırır, gah da uçurub dağıdırdı. Sakit tərzdə oturduğu zaman isə qəfl əl atıb saçlarını yolar, başına yumruqlar endirərək, elə bir şivən qoparardı ki, elə bil ətini qiymə-qiymə kəsirlər. Qorxudan, narahatçılıqdan evdəkilərin də bağrı yerindən oynamışdı. Ağlı başından uçan Simuzər isə gözləri böyümüş bir vəziyyətdə anasının sinəsinə, dizinə çırpa-çırpa, – Balama nə oldu, Allah?! Bu nə dərd idi gəldi başımıza?!– deyə göz yaşı axıtmasını yüngülcə seyr etdikcə qətiyyən nə ürəyi yanır, nə bir tükü tərpənirdi. Gündüzlər çıxardığı pəstahadan yorulub, əldən düşən Simuzər şər qarışmamış yatağına ölü kimi düşürdü. Səhər açılar-açılmaz isə evdə yenidən aləm bir-birinə dəyirdi. Artıq Simuzərin çığır-bağırtısına alışmış ailə üzvləri axşamın tez düşməsi və qızın yuxuya getməsi məqamını səbrsizliklə gözləyirdi. Bir gün Simuzərin atası Zöhrab kişi çayxanada əyləşib, qəm dəryasına qərq olmuşdu. Kişinin halının özündə olmadığını sezən Çayçı Məmməd ona yaxınlaşaraq ehtiyatla soruşdu:
– Xeyir ola, ay Zöhrab, gəmilərin batıb? Nə yaman fikrə dalmısan?
– Eh, a Məmməd, gəmilərim batsaydı, nə dərdim vardı? – deyə Zöhrab dünyadan tamam əli üzülmüşlər kimi dərindən bir – ah! – çəkib köksü ötürdü. Onun qabarıq sinəsi ağır-ağır qalxıb endi.
– Əgər sirr deyilsə, bəlkə deyəsən? Əlimizdən gələn köməyi əsirgəmərik.
– Sağ ol, a Məmməd! Daha onsuz da sirrlikdən çıxıb. Yəqin indi bütün kənd bilir ki, Zöhrabın qızının başına hava gəlib. Uşaq əlimdən gedir, a Məmməd!
– Hansı uşaq, Zöhrab?
– Toyuna hazırlaşdığım qızımı deyirəm də. Həkim qalmayıb ki, göstərməyim. Zalım uşağı elə bil hamısı bir-birinin ağzının içinə tüpürüb. Kimə göstərirəm deyir ki, biz hələ belə bir xəstəliyə rast gəlməmişik! Heç xəstəxanaya da götürmürlər.
– Elə də iş olar, Zöhrab? Allah min dərd verib, min bir də dərmanını. Narahat olma, düzələr. İstəyirsən işdən çıxandan sonra, gəlim bir baş çəkim sizə. Görüm bu nə işdir?
– Nə deyirəm, gələrsən.
Axşam çayxanadan camaatın ayağı çəkiləndən sonra, Məmməd kişi üz tutdu Zöhrabgilə. Xoş-beşdən sonra əyləşib bir qədər söhbət etdilər. Bu əsnada Məmməd kişi bir tərəfdə sakit əyləşmiş Simuzəri gözaltı süzür, onun hərəkətlərinə göz qoyurdu. Otağa çökən bir anlıq sakitlikdən istifadə edən Məmməd kişi üzünü Zöhraba tutub dedi:
– Əgər izin versəydin, qızınızla təklikdə söhbət etmək istəyirəm.
– Nə deyirəm, Məmməd, keçin o biri otağa, söhbətinizi edin.
Məmməd kişi ilə Simuzər yan otağa keçib üzbəüz əyləşdilər. O, əvvəlcə sıx bəyaz saçlarını barmaqları ilə daradı. Sonra da qızın boş damarını tutmaq üçün yumşaq, həlim bir səslə dedi:
– Qızım, Simuzər, gəl indi səninlə bir dost kimi, ata-qız kimi səmimi söhbət edək. Sən gəl Məmməd dayından heç nəyi gizlətmə. Allaha şükür, məni yaxşı tanıyırsan. Ağzımdan söz çıxdı ha, onu yerinə yetirəsi adamam. İndi açıq söylə mənə dərdini. Bəlkə kimsə xətrinə dəyib, kimsə səni incidib? Hiss edirəm ki, dədən dedyiyi kimi, sənin başına hava gəlməyib, qızım. Bax qızım, bir dağ kimi dayağında durmuşam. Səni sıxan nədir, aç ürəyini dayına. Heç nəyi gizlətmə. Bir sən biləcəksən, bir də mən.
Simuzər Məmməd kişini həqiqətən yaxşı tanıyırdı. Ona inanırdı. Məmməd kişinin etibarına ürəklənən Simuzər bir an fikrə gedib, başına gələnləri böyük kədər və təlaş içində titrəyə-titrəyə danışmağa başladı.
– Dayı, mən dəli deyiləm. Özümü bilərəkdən dəli kimi göstərməyə məcburam.
– Nə olub, qızım? Mənə inan. Söylə dərdini. Çalışacam bir çarə tapım.
– Kömək elə mənə, Məmməd dayı. Yoxsa özümü öldürəcəyəm.
– B-a-x, bircə bu söhbət olmasın. Onda səndən inciyərəm. Özünü öldürmək böyük günahdır. qızım. Belə şeyləri Allah bağışlamır.
– Bilirəm… Simuzər ağlaya-ağlaya sözünə davam etdi. – Dayı, bir istədiyim oğlan vardı. Xeyli vaxt idi ki, onunla əhd-peyman bağlamışdıq. Evlənəcəydik… Amma, qəfl avtomobil qəzasında dünyasını dəyişdi. İndi məni atam başqasına ərə verir. Bilmirəm neyləyim? Hansı üzlə başqası ilə evlənə bilərəm Məmməd dayı?
– Yəni deyirsən… – … – Hə… Bu bir az qəliz məsələ oldu.
– Neçə dəfə özümü öldürmək üçün cəhd etdim. Amma bacarmadım, Allahdan qorxdum. Axı deyirlər, özünü öldürəni torpaq da qəbul etmir. Çox fikirləşdim… Axırda çarəni özümü dəliliyə vurmaqda tapdım ki, bəlkə məndən əl çəkərlər. Başqa nə edə bilərdim ki?
Məsələdən tam agah olan Məmməd kişi gördü ki, qız avamlığından, kütlüyündən başına əməlli-başlı bəla açıb. Simuzərin ağır sarsıntı içində, dərdi ilə baş-başa qalmasına ürəyi yol vermədi. Qıza möhkəm-möhkəm tapşırdı:
– Nə qızım, böyük səhvə yol vermisən. İndi sənin başına ağıl qoymaqdan keçib. Çalışaram, sənə kömək edim. Amma istəyirsən ki, bu bəladan xilas olasan, mən hər nə desəm, diqqətlə yerinə yetirməlisən. Təzədən daha bir hoqqa çıxartma ha! Məmməd kişi otaqdan çıxıb, başını bulaya-bulaya Zöhraba yaxınlaşdı və köksünü ötürərək dedi:
– Zöhrab, qızın dərdini mən bilirəm. İndi sən elə günü sabah oğlan evini də çağır gəlsinlər ki, bir yerdə bu işi yoluna qoyaq. Sizə deyəcək sözüm var. Zöhrab nə qədər üz vursa da, Məmməd kişi bir söz deməyib, – Gecdir, evə getməliyəm. Sabah görüşərik! – deyib, Zöhrabdan ayrılaraq, ağır-ağır addımlarla evinə yollandı.
Səhərisi günü hər iki tərəfin adamları bir yerə cəm olub, Məmməd kişinin nə söyləyəcəklərinə diqqətlə qulaq asmağa başladı. Məmməd kişi onları bir-bir düqqətlə nəzərdən keçirdikdən sonra, dünəndən bəri dönə-dönə götür-qoy etdiyi planını aramla işə keçirtməyə başladı.
– Demək belə! İş gözlədiyinizdən də qəliz məsələdir. Bir qədər özünüzü toxdaq tutun ki, indi eşidəcəyinizdən sarsılmayasınız. Məsələ belədir… Məmməd kişi sözünə bir qədər ara verib, çiyinlərini dikəltdi. Sonra dərindən köksünü ötürərək titrəyən kimi olub, başını buladı. – Ay başınıza dönüm, qızınızı cin vurub ey, cin!. Ya qız tərəfdən, yada ki oğlan tərəfindən şər qarışan vaxtımı, ya da ki bilmirəm neylemisiniz, bəlkə cinlərin balalarını qaynar su ilə yandırmısınız, axır ki nə isə bir oyun çıxarmısınız. İndi cinlər də bu yazıq qızın içinə girib, ağlını əlindən alır ki, sizdən qisas alsın, toyunuzu qara gətirməklə, sinənizə dağ çəkilsin. Fikirləri də budur ki, bu qızı bədbəxt edən də sonra, oğlan tərəfdən də kiminsə axırına çıxsınlar. Yəqin bilirəm ki, qisasını birinci olaraq, oğlunuzdan alacaqlar. Bu cin vurmaq məsələsindən həkimlər bir şey anlamaz. Elə ona görə də, həkimlər qızın dərdindən baş açmayıb. İndi qızın bədənindən, bu cini çıxarmaq lazımdır. Başqa çıxış yolu yoxdur. Oğlanın anası özünü saxlaya bilməyib, həyacanla dedi:
– Ay Məmməd kişi, başına dönüm, bu qızı cin harda gördü ki, onu da vursun?
– İndi day cin kiminlə, harada görüşəcəyini gəlib sizinlə məsləhətləşməyəcəydi ki?! Bu yazıq qız keçib cənglərinə də! Sabah nə baş verəcək, bilirsiniz? Sözün düzü, mən həyətə girəndə hiss etdim ki, bədənim nədənsə ürpəşdi. Sizin həyət-bacanızdan, ev-eşiyinizdən xəbəriniz yoxdur. Bütün cin-şayətinlər səhərəcən buralarda kef məclisi düzəldib, meydan sulayır. Seyidlər bunu həmin saat hiss edir. Zöhrab həyacandan, təlaşdan diksinərək, yerindən dik atıldı. Onunla bərabər otaqdakıların hamısını vahimə bürümüşdü. Birdən bayaqdan bəri mat-mat Məmməd kişini diqqətlə dinləyən oğlanın atası Sabirin zəif, titrək səsi eşidildi:
– Seyid, cəddinə qurban olum. Bu cinlərdən xilas olmaq üçün neyləmək lazımdır? Bizim əlimizdən nə gəlir? Deyirsən yəni oğluma da xətər yetirərlər?
– Hə! Bu cinlərin dini yox, imanı yox! Əsas məsələ də budur ki, cinlərdən tezliklə xilas olmaq lazımdır. Nə yol olur-olsun, qızın bədənindən cini çıxartmaq lazımdır. Yoxsa, sağ qalıb qalmaması sual altındadır. Bu iş də elə görülməlidir ki, həyət-bacanın təmizlənməsi ilə eyni vaxta düşsün. Bunlar elə sirrli məxluqlardılar ki, kökləri birdəfəlik kəsilməlidir. Yoxsa, birinin bədənindən çıxıb, o birinin bədəninə girərək, bütöv bir nəsli məhv edəcəklər. Çox çətin məsələdir.
– Başına dönüm, ay Məmməd kişi, bizi bu bəladan xilas eylə. Qızım da yazıqdır, elə biz də. Nə deyirsənsə, biz hazırıq. – deyə qorxuya düşmüş Zöhrab doluxsunaraq dedi.
– Yaxşı! Əlimdən gələni edərəm. Onu da bilin ki, cin mənə də zərər vura bilər ha! Cini qızın bədənindən necə çıxaracağımı hələlik sizə deyə bilmərəm. Amma, bir şeydən də gərək xəbəriniz olsun ki, cin qızın bədənindən çıxanda, harasından çıxacağı bəlli olmaz. Baxın ha, bakirəliyi də pozula bilər. Təzəcə yerində əyləşmiş Zöhrab yenidən dik atıldı.
– Nə danışırsan, Məmməd kişi? Bu nə sözdür? Məmməd kişi heç halını pozmayıb dedi:
– Mən olanı dedim. Cin çıxanda qəzəbindən mütləq qıza bir zərər vurmalıdır. Əgər razı olmazsınızsa, qızın vəziyyəti daha da ağırlaşacaq, özü də çox yaşamayacaq. Sonra Məmməd kişi üzünü oğlan adamlarına tərəf çevirib, soruşdu:
– Siz nə deyirsiniz? İstəyirsiniz necə var elə də qalsın. Toyunuzu çaldırın, cinlə bərabər gəlininizi götürüb, aparın. Sabir kişi xoflanaraq,
– Məmməd kişi nə danışırsan? Bütün günü dəli oynadıb, camaatı özümüzə güldürəcəyik? – deyə hirslə cavab verdi. Hər iki tərəfin söz-söhbəti, çək-çeviri saatlarla uzandı. Axırda ümumilikdə belə bir qərar gəldilər ki, – Cəhənnəm olsun cini də, şeytanı da! Bu ifritələrə görə, cavanları bədbəxt etməyəcəyik ki! Bu heç Allaha da xoş getməz. Allah min dərd verirsə, min bir dərman da veririr. Məmməd kişi, cəddinə qurban olaq, bu işə tez bir əncam çək. Məmməd kişi məsələnin xoşluqla həll olunmasına ürəyində sevindi.
– İndi ki, ümumi razılığa gəldiniz, daha vaxtı itirmək olmaz. Elə günü sabah, şər qarışandan sonra işə başlayaram. Cinlər yalnız qaranlıqda peyda olub, bir yerə toplaşır. Amma, işi görmək üçün bir neçə lazımlı şeylər almalısınız.
– Qurbanın olum, Məmməd kişi, hər nə istəsən tapıb gətirərik, təki bizi bu bəladan xilas eylə. Balamın canı dərddən qurtarsın!
Məmməd kişi dodaqaltı gülümsəyərək, – İnşallah qurtarar, narahat olmayın. Sabaha qırx dənə şam, bir kisə kömür, tonqal qalamaq üçün odun, bir dənə mis çömçə və mis qazan hazırlayın. – deyib, evinə getdi.
Məmməd kişinin cin çıxartma əməliyyatının corağı qonum-qonşuya da çatdığından hamı mərasimə tamaşa etmək üçün, təyin olunan vaxt Zöhrab kişinin həyətinə toplaşmışdı. Məmməd kişi hazırlıq işlərini bitirdikdən sonra, Simuzəri çağıtdırıb, kömürlə sədd çəkdiyi çevrənin ortaslna əyləşdirdi. Çevrənin ətrafına düzdüyü şamları yandırdıqdan sonra, bir kənarda hazırladığı tonqala da od vurdu. Elə əsl pəstaha da bundan sonra başladı. Məmməd kişi anlaşılmaz sözlərli çığıra-çığıra bərkdən söylədikcə, mis qazanı mis çömçə ilə var gücü ilə döyəcləyib bir oyun çıxartdı ki, ətrafa toplaşanlar, – Bismillah! Biısmillah! Allah, özün kömək ol!!! – deyərək qorxularından sarılarını uddular. Qəfildən Məmməd kişi, bərkdən bağırıb, – Ay camaat, çəkilin kənara! Cin çıxhaçıxdadır! Özü də bərk hirslənib! Azadlığa çıxan kimi, yenidən kiminsə bədəninə girə bilər! Daha bu mənlik deyil ha! Camaat Məmməd kişinin xəbərdarlığın eşidər-eşitməz bir-birini itələyərək, özlərini darvazadan çölə atdılar. Bir neçə dəqiqədən sonra, həyətdə bir nəfər də gözə dəymədi. Hamı çəkilib getdikdən sonra, bir saata yaxın həngamə qaldıran Məmməd kişi yorğun halda Simuzərə yaxınlaşıb, qulağına pıçıldadı.
– Qız, sən niyə quruyub qalmısan? Durub getsənə evinizə. Bir səhvinin ucbatından, gör Məmməd dayının başına nə oyun açmısan.
Tək qalan Məmməd kişi ətrafı bir də nəzərdən keçirib, bir kimsənin olmadığını görüb, gülümsədi. O, özünü gülməkdən güclə saxlayırdı. Məmməd kişinin ürəyi sakit idi. Uydurduğu yalan hər necə olsa, taleyi üz döndərmiş, bədbəxt bir qızı biabırçılıqdan xilas edib, həyata qaytarmışdı!
Yazıya 959 dəfə baxılıb