Ölkə dedikləri bumuydu görən? Veranxanada hər şey tərs- məssəb, hər şey baş- ayaq. Əlinin papağı Vəlinin işıq gələninə, Vəlinin də papağı Əlinin işıq gələninə dürtülü. Bu ölkənin yüz il əvvəlki ziyalıları elmin, təhsilin sayəsində bu millətin çox üfüqlər fəth edəcəyini yazırdılar. Amma alınmadı. Indi elmli adamlar idi nadanlıqla məşğul olanlar. “Millət, millət” deyən siyasətçilərin əksəri olmuşdu hacı və “Ölülər”dəki hacılara, kəlbalayilərə bənzəyirdilər. Elə iqtidarla müxalifətin yollarının kəsişmə nöqtələrinin biri də həcc ziyarəti idi. Ölkədə qumarxanalar, fahişəxanalar, şərab zavodları, spirt fabrikləri yağışdan sonrakı göbələk kimi pırtlasa da, hətta donuz fermaları mal fermalarını üstələsə də, bütün bunlar da iqtidarın inhisarında olsa da, iqtidar adamları da parta-part haca gedirdilər. Müxalifətlə bu sahədə fərq isə- müxalifət nümayəndələrinin cəmi bircə dəfə həccdə olması idi. Iqtidar nümayəndələrinin bəziləri 5, bəziləri 10 dəfə dəfə olmuşdu həccdə. Hətta 26 dəfə həccdə olan da vardı.
Alimlər yığılıb Cəbrayılın uçma sürətini hesablayırdılar- görək Cəbrayıl göydən yerə nə qədər vaxta uçub xəbər gətirmişdi, çəliyini yerə vurub bulaq peydah eləmişdi. Guya ki, Cəbrayıl o boyda atmosferi yarıb qanadının bir lələyi belə sürtünmə qüvvəsinin təsirinə məruz qalmadığı halda şilin, topalın biri idi, çəliklə gəzirdi. Dünyaca ünlü bir alim də siyasətə qoşulan kimi əsas şüarın belə olacağını buyurmuşdu- Hər yer Kərbəla, hər gün Aşura. AMEA deyilən elm məbədində yer günəşirn ətrafında fırlanır, yoxsa günəş yerin başına fırlanır mövzusunda uzun diskussiyalar başlamışdı. Qocaman alimlərdən biri belə bir cümlə işlətmişdi- əgər yer fırlansa gərək biz səhər “Qartal belində” (Azərbaycanı nəzərdə tuturdu) olanda axşam da “Pələng belində” (Skandinaviyanı nəzərdə tuturdu) olaydıq.
Ölkədə 70 ilin ateist rəhbərinin adına məscid ucaldılmışdı- amma AMEA- nın həndəsə şöbəsi qibləni düz təyin edə bilməmişdi. 4 milyarda tikilən məscidin qibləsi 15 dərəcə səhv qurulmuşdu. Amma əvəzində həndəsə elmi başqa yöndə inkişaf etməkdə idi- efirlərdə meydan sulayan lüt müğənnilərin filan yeri- romb, filan yeri dairə, filan yeri müstəvi, filan yeri çevrə, filan oturuşu düz bucaq, filan oturuşu kor bucaq, filan oturuşu da lap açıq- saçıq bucaq şəklində idi.
Astronomiya elmi də bərbad gündə idi- ölkədə rəsədxana da vardı və lakin bu rəsədxananın əsas işi ildə bir dəfə ramazan bayramının dəqiq nə vaxt başlamasını xalqa elan etməsi idi. Lakin qonşu ölkələrlə bir gün fərq olurdu. Amma işğalçıların vaxtında bu rəsədxana təqvimlərdə 100 ildə 1 gün fərq etmirdi heç. Bu o rəsədxana idi ki, ölkə tarixinin ən qəsbakar işğalçıalrından olmuş monqolların tikdirdiyi rəsədxananın 700 illiyi münasibəti ilə başqa bir qəsbkar olan ruslar tərəfindən tikilmişdi. Elə müstəqillik illərində ölkə əhalisinə olan zülm də nə monqol işğalı dövründə, nə də rus işğalı dövründə bu qədər olmuşdu. Indi yüz dəfələrlə artıq idi zülmlər.
Kimsə nə Əli aşından, nə də Vəli aşından olmaq istəmirdi- məməsi uzun sallanan, onun- bunun qucağına tullanan lüt müğənnilər bir də baxırdın aşura günü qara geydi, qoluna da qara parçadan qolbağ bağladı, imam yolunda arzu- niyyət etdi ki, daha iriçaplı məmur onu öz villasında qəbul etsin.
Bioloq alimlər isə Əli aşından da, Vəli aşından da olmamaq üçün insan, meymun və din arasında bir əlaqə tapmışdılar- yeni nəzəriyyə irəli sürmüşdülər- Əslində insan meymundan yox, meymun isandan əmələ gəlib. Sübut – bəqərə surəsində deyilir biz onları meymuna çevirdik. Guya günahkar insanlar nə vaxtsa meymuna çevrilib.
Ölkədə elə hadisələr olurdu dünya tarixində belə şeylər görünməmişdi. Məsələn rayonların birində bir məktəb direktoru müəllimlri “bolnişni”yə çıxarda- çıxarda xeyli pullar qazanmağına rəğmən bununla kifayətlənməyib daha gəlirli bir iş kəşf etmişdi- müəllimləri dektretə çıxartmaq. Guya müəllimə hamilədi- dekretpulu alınıb bölünür, sözdə dekretə çıxan müəllimə isə bu arada öz dərsini deyirdi. Sadəcə dediyi dərs başqasının adına yazılırdı ki, o pul da bir ayrı qazanc idi. Uşaq da guya erkən doğum nəticəsində tələf olub. Sadəcə həmin direktor arada çaşdı- yadından çıxıb kişi müəllimlərin bir neçəsini də dekretə çıxartmışdı. Elə bilirsiniz nəsə oldu o direktora? Ay- hay. Indi maarif müdürüdü e o direktor.
Ölkənin ən titullu universitetinin ən titullu fakültəsini –hüquq fakültəsini bitirib hətta magistr dərəcəsi alan bir hüquqşünas isə analoqu olmayan bir cinayətə əl atmışdı. Yazdığı duanın xeyir vermədiyini bəhanə edərək falçılardan birini göndərmişdi o dünyaya.
Ölkənin gənc nəsli kriminal ideyalarla böyüyürdü- amma ən böyük kriminal liderin özünü zindanda zorlama üstündə mühakimə edirdilər. Guya kişilər zindanında qadın zorlamışdı- qadın zindanda kişilərin yanında nə qayırırdı, hardan ora keçmişdi bilən yox idi. Daha sonra bir qadın da qadın türməsində doğuş yapdı- dedilər sellofanla sperma göndəriblər. Bəlkə də İsanın zühuru idi bu. Amma elə hər atasızla İsa zühur etsəydi gərək efirdəki ətcəbala müğənnilərin hərəsinin bir- iki bicbalasıan görə də çoxdan zühur edəydi İsa. Bax belə- kişi türməsində qadın peyda olurdu, qadın türməsində də kişi. Hətta İsanın özü də yenidən dünyaya gəlsə bu məmləkətdə çaş- baş qalıb peyğəmbərliyini kayb edərdi. İsa da bu ölkədən baş açmazdı- daha ölkədə kişi ilə qadının fərqi götürülməkdə idi. Guya qadın- kişi bərabərliyi də bu idi Şərqin ilk demokratik respublikasında. Əvvəl qadının ərlisini, ərsizini ayrıd etmək olurdu. Indi bunun çətin məsələ olduğu bir ayrı dərd idi- indi efirdəki kişinin, qadının da fərqini ayrıd etmək çox çətin məsələ idi. Qaş alınıb, üz pudralanıb, efirdə göbək oynatmaq öz yerində, dodaqda silikon öz yerində.
Efirlərdə falçılar, müğənnilər meydan sulayır, parklarda heykələbaxanlar şeytan sulayırdı. Kim soyunub ayıb yerini göstərirdi xalq artisti olurdu- Boz qurd övladı olduğunu deyən millətin efirində lüm- lüt ətcəlalalar atılıb düşür, gah qurd kimi ulayır, gah da at kimi kişnəyirdilər. Meydanın qadından fərqlənməyən kişilərə qaldığı bu zamanda isə,ayağı Qarabağda çürüyən qazilərin bədəninin qalan üzvü də Qaradağ türmələrində çürüyürdü. Ara- sıra icazəli aksiyalar da olurdu- amma burda da bir təzə zad kəşf etmişdi məmlkət əhli. Iqtidar jurnalistləri mitinqi yuxarıdan çəkərdi, müxalifət jurnalistləri də aşağıdan. Sanki mitinq açıq-saçıq geyinən bir mamlı- matan idi. Müxalifətçilər aşağıdan ora- burasına baxmaq istəyirdilər, iqtidarçılar da yuxarıdan döşünə- başına.Siyasi əqidəsinə də görə ölkə zindanalrında çürüyən az deyildi. Hərdən Avropa Şurası “siyasi məhbusları sərbəst buraxmaq lazımdı” deyə bəyanat verirdi. Amma bunun siyasi məhbuslara heç bir xeyri olmurdu. Son vaxtlar isə hökumət siyasi məhbusları deyil, ölkənin valyutasını sərbəst buraxması ilə yadda qalmışdı.
Ölkədə sahibsiz insanlar özlərini yandırır, sahibsiz itləri isə hökumət yandırırdı. Elə qiymətlər də od tutub yanmaqda idi.
Bir tikə çörək üçün kişilər Rusiyaya, qadınlar da Dubaya daşınmaqda idi. Dubaya daşınan qadınlara el arasında “quş” deyilirdi. Ən qəribəsi isə, Dubay şeyxinin o quşların Vətənini görmək, burada gün keçirmək arzusunun reallaşması idi, həmin bu veranxanaya gəlməsi idi- gəlib burda ov ovlayıb quş quşlayırdı. Öz şahini üçün ölkənin kəndçilərindən biri 10 manata göyərçün alırdı. Ərəb şeyxi öz yıtıcı ov quşuna gündə neçə- neçə sülh rəmzi yedirirdi. Əslində dünyanın mənası və mənasızlığı elə bunda idi.
Bu arada ən çox qazananalr isə hacılar olurdu. Çünki onlar mahir raqatka atıcıları idilər. Bunu da elə Həcc ziyarətində öyrənmişdilər. Şeytana raqatkayla daş atırdılar ki, daşlaşma mərasimində daş- kəsəyin altında qalıb şəhid olmasınlar.
Hamı çəkilmişdi qınına. Məmləkətdə ölü bir sükut vardı. Amma hamı da ölümdən it kimi qorxurdu. Qorxmazlar da var idi- amma onlar ölkədə deyildilər. Ya Rusiyanın kriminal qruplarında ad qazanırdılar ya da Suriya müharibəsində. Rusiyada Lənkəranski, Gəncinski, Bakinski, Novxaninski, Masallinski kimi ad qazanıb söz sahibi olurdu bu ölkənin ölümdən qorxmayan oğulları. Və elə o uzaq soyuq diyarda bir-birini kriminal ideyalar naminə al qana qərq edirdilər. Suriyada isə Əl Sumqaiti, Əl Azəri, Əl Qazaxi, Əl Naxçıvani, Əl Bakuvi kimi adlarla məhşur olmuşdu bu ölümdən qorxmazlar. Amma orda da bir- birilərini al qana qərq edirdilər- kimi İŞİD-in tərkibində idi, kimi Əsədin yanında idi, kimi də Əl- Nusrada. Azərbaycanda isə ad qazanmaq olmurdu. Adı burda dövlət başçısı öz paylayırdı yaltaqlara, quloyşalara- əməkdar arist, xalq artisti, nə bilim, şərəf ordeni, əməkdar ziyalı və sair.
Bayrağını həm də yaşıl rənglə bəzəyən millət ölkədə yaşıllığa qənim kəsilmişdi- hava çatmırdı şəhərlərdə. Paytaxtda yaşıllıq qalmadı- yerində binalar ucaldı. Ölkədə kasıb- küsubun çırağı çoxdan sonmuşdu- amma əvəzində dəyəri milyardlarla ölçülən alov qüllələri vardı. Guya İsgəndəriyyə mayakı zaddı. Hər şey qara rəngdə olsa da Qız Qalası rəngarəng idi.
Yollarda gündə ölümlər- normal bir mərkəzdən idarə olunan avtobazalar yox idi- amma meşələr sanki avtobaza idi. Qıran- qırana qarışmışdı, daşıyan daşıyana. Materiallar nazirlərin villalarina gedirdi. Hansı ki, iki ağaca görə qonşu ermənilərlə davaya qalxmışdı bu millət. Həmin vaxt davaya qalxan millət bir yumruq kimi birləşmişdi. Amma illər keçdikcə o yumruq elə o məmləkətin başına endirilmişdi davamlı olaraq. Daha birlikdən söhbət gedə bilməzdi- hətta müxalif partiyaların liderlərinin heç biri öz qardaşı ilə danışmırdı. Ölkədə 4-5 məhşur müxalifətçi vardı ki, öz doğma qardaşları ilə qanlı- bıçaq idilər. Amma partiya nizamnamələrində əvvəl iki Azərbaycanı, daha sonra da bütün türk dünyasını birləşdirəcəklərini israrla bir neçə yerdə qeyd edirdilər. Əslində kimin müxalifət, kimin iqtidar olduğunu da açıb göstərmək çox müşkül məsələ idi. 10 il əvvəlin radikal müxalifətçisi indi iqtidarda mühüm postda idi. 10 ilə əvvəl müxalifəti tulasufat edən nə qədər adam vardı ki, indi radikal müxalifətdə idi. 10 il əvvəl xüsusi qoçu dəstələri yığıb müxalifətim yetim- yesir gənclərini mal kimi döydürən bir xeyli adam indi müxalifətin sədarətində yer alırdı. Bilinmirdi kimin şeyi kimin zadındadı.
Bax belə bir vəziyyədə yazar İxtiyar Həsənsoy qəti qərara gəlmişdi ki, umud qalıb yalnız və yalnız ədəbiyyata, yeni bir maarifçilik dalğasına. Amma İxtiyarın əyalətdə yaşaması problem yaradırdı. Mətbuatla əlaqəsi zəif idi.
– –
Və birdən yeni bir ədəbi hərəkatın yarandığı elan edildi- Azad Mədəniyyət.
Başqanı da Hüsaməddin Həmdərd. Əsas fikirləri belə idi- biz onu düşünürük ki, bu mentalitet bizi məğlubiyyətə apardı. Hər şey yenidən başlayır. Yeni maarifçiliyə başlayırıq. Qoy həmişə günəş olsun.
Ixtiyar Həsənsoy tezbazar yazılar göndərdi AM- çıların orqanına. Nəhayət 4-5 aydan sonra AM-çıların orqanında onun yazıları da özünə yer tapa bildi. Elə sevinirdi sanki Nobeli yaşadığı rayona gətirmişdi. Amma gərək yazı üslubunu dəyişəydi- AM-çılar şeirdə hecaya, nəsrdə isə süjetə ölüm hokum kəsmişdilər. Di gəl ruscadan tərcümə etdikləri şeirlər hamısı hecada idi. Guya heca rusa olardı, bizə yox. Əruz isə guya dəvə yerişiymiş və daha dəvəyə minmirik deyə əruzda da yazmaq olmazmış. Bir növ qəzəl şairləri də beləcə olmuşdu dəvəsi ölən ərəb.
Bu arada isə AM-çıların əsəs davalarının atalar- oğullar məsələsi olduğu müəyyənləşdi. Buna görə də AM-çılar başladı öz ataları ilə mübarizəyə. Başladılar hərə öz atasını yıxıb- sürüməyə. Bir AM-çı lap irəli gedərək öz atasına düz bağırsağın içəridən çıxış nöqtəsinin, dışarıdan isə giriş nöqtəsinin adını verdi. Ədəbiyayt aləmində dili topuq vuran bu adam sonra dil vurmaq elmi haqda məqalə də yazdı və atasına verdiyi adın aid olduğu obyektin əslində öpülüb yalanmalı bir yer olduğunu bildirərək dolayısıyla öz atasını müqəddəsləşdirdi. AM-çının biri isə öz anasının mal iynəsi ilə atası tərəfindən abort olunduğunu, abort olmuş uşaq dölünün də qara it tərəfindən yeyildiyini və bunun da onun ədəbiyayta gəlməsinə səbəb olduğunu yazdı. AM-çının biri isə çıxılmaz vəziyyətə düşmüşdü- atası sağ deyildi ki, yıxıb sürüsün. Buna görə də bu yetimi min bir əziyyətlə böyütmüş anasını yıxıb- sürüməyə başladı.
Amma bu arada Hüsaməddin Həmdərd öz atasını tərifləməkdə idi. Mübarizə apardıqları ədəbi təşkilatın sədri də elə 50 il idi öz atasını tərifləyirdi.
– –
Və birdən o müqəddəs zatdan, Hüsaməddin Həmdərddən zəng gəldi- salam İxtiyar. Nəsə gəlirəm sizin rayona, qalmağa yer- zad varmı?
Ixtiyar heç onun səsinin belə cüy- cüy olacağını zənn etməzdi. Hardasa gur səsi olamlı idi dünyanı dəyişəcək bu adamın. Amma cüy-cüy idi səsi- nə bilmək olar, səs hər şeyi həll etmir ki, o qədər yaxşı səsi olanlar pis işlər görür ki bu dünyada.
Bu hardasa xoşbəxtlik idi- ölkəni dəyişəcək adamla rayonda yanaşı hərlənəcəkdi. Amma buna qədər qəlbinə bəzi şübhələr dolmuşdu- Hüsaməddin Leninlə Xomeynini birləşdirmək istəyirdi. Guya onların yollarında bir eynilik vardı. Ixtiyar qeyri- ixtiyarı Gülümsərovu xatırladı. Onun limandra ideyasını xatırladı. Amma sonra “onun dedikləri yəqin hələ mənə çatmayıb” dedi öz- özünə. Axı Hüsaməddin ən azından ölkənin ən çox kitab oxumuş 3-4 adamından biri olduğunu hamı qəbul edirdi. Daha sonar isə Hüsaməddin Çe Gevara ilə Əbülfəzl Abbası eyniləşdirirdi- hər ikisinin qolları kəsilib. Demək solçuluqla şiəçilik, mehdiçilik arasında bir əlaqə də var. Az sonra Hüsaməddin lap gül vurdu- Mao Tszedun ideyaları ilə şiəçilk ideyası arasında da bir əlaqə tapdı. Mao da sərçələri qırırdı, şiələr də. Zalım sərçələr o zaman Əbülfəzl Abbasın su tuluqlarını dimdikləməklə Yezidə xidmət edibmişlər. Maonun əkin sahələrində məhsulu zay etməklə isə sərçələr Çində Homindançılara xidmət edirmişlər. Beləcə də Homindançılarla Əməvilər arasında əlaqə tapmışdı ünlü yazar.
Amma İxtiyar Həsənsoy yenə də inanmaqda idi bu ünlü yazara- yəqin nəsə dərin bir şey var burda, mən nəsə başa düşmürəm.
Bu arada bir də zəng gəldi- İmamə pirini tanıyırsan?
-Yox, bizdə bir Tamam piri var…
-Alə, onun adı əslində İmamə piridi- o haqda yazacam.
-Hüsaməddin müəllim, çox yaxşı olar e, sinəm doludu, gəl. Təki tez gəl.
– –
Hüsaməddin gəldi və İxtiyarın qeydlərini də bittə- bittə yazdı öz dəftərçəsinə. Bir xeyli də şəhəri dolandılar. Bu arada İxtiyar rayonun problemləri haqda üyüdüb tökürdü. Guya Hüsaməddin öz qəzetəsində yazıb məsələni kökündən həll edəcəkdi.
Amma həmin yazı necə çıxdı qəzetdə- Dəli Tamamın adı olmuşdu İmamə. Onun alkaş qardaşının da araq içməsi dərvişliyə yozulmuşdu. Guya adam dünyada dərvişlərin sona qalmışlarındandı. Tamamın narkoman oğlunu da bənzətmişdi Haş- haşilərə. Guya Həsən Səbbahın əsgərlərinin sona qalmışlarındandı. Sonralar Tamamın narkoman oğluna rayon camaatı vedrə bağlayaraq Haş, üstəgəl Bozbaş deyəcəkdilər. Tamamın narkoman oğlu da o yazını yazan jurnalistə söyəcəkdi.
Yazar İxtiyar Həsənosoy bu pirə Zimbabve piri deyirdi. Çünki…
Pir də nə pir- bir bulaq başında Zimbabvenin trilyon dollarlıq əskinasının üstündəki daşlar kimi 3-4 daşı üst- üstə qalaqlayıb adını da qoyublar pir. Guya bulaq da zəm-zəm suyu zaddı.
Elə Hüsaməddin öz yazısında bu suyu zəm- zəm suyu ilə müqayisə etmişdi. Halbuki, İxtiyar tamam alayı informasiya vermişdi. Halbuki bu bulağın suyu məhz kanalizasiya sularından süzülürdü. Rayonun düz oratsından keçən qədim bir kanal vardı- kanalizasiya bu kanala axıdılırdı. Tamamın bulağı da məhz bu arxın altında idi- rayon mərkəzini bölüb keçən Coğaz çayının yuxarısında idi və deməli Coğazın suyu süzülüb yuxarıdan çıxa bilməzdi. Amma Hüsaməddin burda da bir möcüzə izah edrək bu bulağın məhz çaydan süzüb yuxarı axmasını qeyd eləmişdi.
Ixtiyar ölkənin nə gündə olduğunu , yüz il əvvəlin ziyalılarının əsas bəlamızın təhsilsizlik olduğunu bildirmişdi. Amma indi təhsil də vardı, akademik də, professorlar az qala it qovlayırdılar küçələrdə. Di gəl həmin pirə o qədər professorlar, akademiklər gəlmişdi ki. Həmin pirə hətta təhsil naziri də, onun müavini də gəlmişdi. Ölkənin ən qədim və ən böyük universitetinin rektoru da həmin pirə təşrif buyurmuşdu. Ölkənin Tibb Universitetinin rektoru həmin Tamam arvad haqda kitab yazmışdı. Tamam gedib Bakıda olmuşdu İmamə. Qəbuluna düşmək də 2000 dollar. Guya Dəli Tamamın anası Validə möcüzə əhli imiş o da öləndə ruhu keçib Tamama. Tamam da olub İmamə. Amma Validə də elə Tamam kimi dəli olmuşdu- özünü ilk qadın kosmonavt Valentina Tereşkovaya bənzədirmiş buna görə də həmin o kanalizasiya kanalının üstündəki körpüdən göyə uçmaq istəyibmiş. Amma düşüb kanala- sonra da xəstəlikdən ölüb. Di gəl Hüsaməddin ruhun bədəndən bədənə keçməsini də aparıb çıxarmışdı Uca Şirvinə. Guya Validə Uca Şirvin idi- ruhunu da ötürmüşdü Tamama.
Arada fürsətləyib sünni- şiə məsələsinə necə baxdığını da soruşmuşdu Hüsaməddin. İxtiyar ateist olduğunu bildirdi.Hüsaməddin də fərqi yoxdu dedi- Lenin də ateist olub, amma Şura hökuməti qurub. İxtiyar bir şey anlaya bilmədi. Yalnız sünni- şiə davasının, bu bitib-tükənməyən davada minlərlə boyunların vurulmasının, əslində Aişənin boyunbağı əhvalatı ilə hardasa əlaqəsi olduğunu dedi. Çünki o hadisədən sonra Əli və Əbu Bəkrin arasına nifaq düşmüşdü. Sonra da bu nifaq dərinləşdi- sonra da minlərlə boyun vuruldu. Sonra da yüz minlərlə boyun vuruldu və hələ də vurulmaqda davam edir.
-Yaxşı məntiqin var, əsl postmodern düşüncə sahibisən- dedi Hüsaməddin.
Amma öz yazısında bu barədə bəhs etməmişdi. Ixtiyar da buna sevinmişdi ki, elə özüm yazılarımın birində bu fikirlərdən istifadə edərəm.
Hüsaməddin İmamə pirinə olan axını hansısa qiyamətin əlaməti kimi qələmə vermişdi. Guya imam axırzamanın gəlişinə az qalmışdı və imam ehtimal ki Azərbaycanda üzə çıxacaqdı. Özü də həmin pirlərin bir növ əhatə dairəsində.
–
Hüsaməddinlə şəhərdə fəxrlə yanaşı gəzən, özünü bununla rekalm edən İxtiyar rayon camaatı arasında hörmətdən düşdü- buydumu əə, sənin Füzulini “neprav” çıxardan dahin. Gəlib Dəli Tamamdan yazıb, Dəli Valentinadan yazıb.
Ixtiyar camaata cavab verə bilmirdi. Amma öz- özünə yəqin etdi ki, yəqin Hüsaməddin məzələnib avam camaatla.
Beləcə də Hüsaməddinin qələminə vurğunluğunu sürdürdü. Amma bu çox çəkmədi. Hüsaməddin deyirdi mən yaradıcı deyiləm, dağıdıcıyam. Və beləliklə də özünə olan inamı dağıtmaqda idi. Götürüb maarifçiləri baltaladı- guya Axundov nadan imiş, bilmirmiş ki, bir dərviş Parisi duayla dağıda bilər. Guya Şeyx Nəsrullah ölü diriltmə deyəndə ölü cəmiyyəti xurma yeyə- yeyə dirildəcəkmiş, Kefli İsgəndər mane olub. Və guya bütün bunlar postmoderinizm deyilən bir zad imiş. Guya postmoderinizm də dövrün tələbi imiş.
Daha sonra AM- çılar bir- bir təşkilatı tərk etməyə başladılar. Təşkilatı birhüceyrəli partiyalara bənzəyən Hüsaməddin təşkilatı tərk edən gənclərə çamur atdı- guya onlar 300 dollara dinlərini dəyişib olublar kafir. Guya o dünyada qır qazanında yanacaqdılar. Guya sümüklərindən sürmə düzəldiləcəkdi.
–
Amma Hüsaməddin İxtiyarın gözündən düşməklə deyildi ki- elin gözündə qalxmaqda idi. Feysbukda çox böyük bir qrupu vardı- HH. Yəni ki Hüsaməddin Həmdərd. Tərəfdarları bununla da kifayətlənməmişdi- divarlarda boş yer tapan kimi HH yazırdılar. Bu arada ölkənin divarlarında boş yer tapmaq da müşkül məsələ idi. Yox, siz elə bilməyin ki, divarlara etirazçı gənclik nəsə yazırdı. Siz elə bilməyin ki, hanısa rəssamlar divarlara şəkillər çəkirdilər. Siz elə bilməyin ki divarlara çağırışlar yazılırdı. Analoqu olmayan bu veranxanada, bu verənxanada divarları elə hökumət adamları idi yazanlar. Bələdiyyələrin əsəs işi divar yazıları idi- özü də söyüş janrında. Əsas məsələ də zibillə bağlı idi- hər yerə “Bura zibil tökənin …” filan, bəsməkan yazılırdı. Bir də gördün yazılıb – bura zibil tökənin Ö. D. A. B. Daha bunu başa düçməyə nə vardı ki- söhbət ölü-diridən, ana- bacıdan gedirdi.
Çoxbilmiş bələdiyyələr bununla da şəhərin təmizliyini qorumuş olurdular. Çünki yalnız və yalnız söyüşə reaksiya verirdi veranxananın adamları. Elə uzun illər ərzində ölkədə bir- iki gündəmi silkələyəcək etiraz aksiyası da məmurların söyüş söyməsinə görə olmuşdu. Bax belə yazıların arasında idi o HH divar yazıları.
Hüsaməddin bir müddətdən sonra qəzetdə yazmırdı- ekrana çıxartmışdılar. Pirləri dolanırdı, çəkirdi, göstərirdi. Bu arada isə , yüz il əvvəlin ziyalılarının sümükləri sızlamaqda, gorları çatlamaqda idi. Ölkədə dalbadal yer titrəmələri də bu qəbildən idi. İxtiyar Həsənsoyun bu haqda bir beyti də vardı:
-Bu yer titrəməsi zəlzələ deyil
Ulu babaların goru çatlayır.
–
İxtiyar Həsənsoy artıq onu unutmuş, feysbukda da bloka atmışdı.
Amma hər gün səhər- səhər dayanacaqda qucağında bir, yanında bir uşaqla duran o qaraçı qızı hər şeyi alt-üst elədi. Ucaboy, nazikbədən idi. Qarayağızın göyçəyi idi. Modellik eləsə dünyanın pulunu qazanardı. Özü də hansısa məhşura bənzəyirdi- amma kimə? Qoy görüm, qoy görüm axı kimə oxşayır bu itin qızı. Aparıb bir 50 qəpiklik verdi- daha yaxından baxdı. Hə, HH oxuyan. Hə, Nikola Şerzinger. HH? Yox bir Haş- haşilərə bənzəyir. Aaa, axı Hüsaməddin də fb- də HH kimi təqdim edir özünü. Qaraçı qızı ilə Hüsaməddin arasında nə əlaqə var? Həə, Hüsaməddinin elmi nəzəriyyələri də belədi.
Məsələn Leninlə Xomeyni arasında oxşarlıq- Quranda Şura sözü var. Şura hökumətini də Lenin yaradıb. Xomeyni də İslam inqilabı edib- vəssalam, onlar mahiyyətcə eyni adamlardı. Quranda inək surəsi var, inək də Hindistanda müqəddəsdi. Demək buddizm də islamla eyni şeyləri deyir insan övladına.
Elə o gün HH qrupunda Hüsaməddinin elm və dinin vəhdəti haqda məqaləsinin altına Nikola Şerzingerin Haş- haş mahnısının linkini qoydu İxtiyar. Bu isə Hüsaməddinin çox və çox dəymişdi xətrinə- səni adam bilib yoldaşlıq elədik, sən də belə?
Və həmin axşam Hüsaməddinin verilişini izləmək qərarına gəldi. Bu dəfə Uludağ pirindən idi reportaj. Dayan, dayan, axı bu pir də İxtiyara tanış idi. Noolsunki, İxtiyarın yaşadığı rayondan çox- çox uzaqda idi Uludağ piri.
– –
Uludağda əsgərlikdə olmuşdu İxtiyar. Bura bir növ sürgün yeri sayılsa da, İxtiyar kimi təbiətə malik olan əsgərlər üşün əsl cənnət idi. Bu sərhəd zastavası əsas hərbi hissədən az qala 180 km uzaqda idi. Belədə də gəlib yoxlayan- filan olmurdu. 10 əsgər, bir zabit idilər. Öz əlləri, öz başları. Problem yerli camaat idi. Yovuşmurdular əsgərərə. Komandir isə yerlilərlə yaxın münasibətdə idi. Vəziyyətdən istifadə edib öz ailəsinin yanında olurdu. Yerli camaat hələ də xəncər- bıçaqla hərlənirdi. Burda qız sevmək də əzrayılla çilingağac oynamaq demək idi. Amma çilingağac oynayan tapıldı- əsgər Gəncəliyev. Qonşudakı iki bacının böyüyünü yoldan çıxartmışdı. Zatən kiçik qızın üzünə baxılası deyildi, o qədər çirkin idi. Böyük qız Reyhan isə dünya gözəli.
Amma Gəncəliyevin də problem gecə qorxusu idi. Adam gecə posta silahla çxmağa da qorxurdu. O ki ola silahsız-fialnsız belə xəncərli, bıçaqlı adamların kəndində görüşə çıxsın. Başladı İxtiyar Həsənova yalvarmağa.
Bu axşam Reyhangildə yalnız Reyhan və bacısı Nurxanım idi. Ata- anaları harasa aşağı kəndlərin birinə toya getmişdilər. Gəncəliyev də fürsəti fotə vermək istəmirdi. Və Həsənova yalvardı ki, mənim ayağım altında dur, aynadan keçim otağa. Əvəzində də bir qonaqlıq boyun olurdu- şair qəlbli Həsənov aşiq- məşuqun yanan qəlblərinə su səpmək qərarına gəldi. Hambal rolunu məharətlə oynayacağına söz verdi.
Reyhangilin evinin qəribə bir tikilmə qaydası vardı- evin üstündək keçən yol ilə evin dam ötüyü eyni məsafədə idi. Evin bünövrə qoyulacaq yeri traktorla 4-5 metr qazılıb daha sonra him tökülmüşdü. Yolla bərabər olan evin dam örtüyünü isə hündür qaratikan çəpəri görünməz edirdi. Yəni evin divarının dibindən qaratikan çəpərinin qurtaracağına qədər 5-6 metr məsafə vardı.
– –
Həyətə daxil oldular. Bu arada sən demə duyuq düşən Nurxanım özünü yuxululuğa vurubmuş. Reyhan da onun birdən öz otağından qalxıb üstlərini aldıra biləcəyindən qorxub keçib “b variantı”na. Bayırın işığını üç dəfə yandırıb- söndürməklə özünün bağdakı qoca armud ağacının altında olacağını bildirmişdi. Və Həsənovla Gəncəliyev həyətə daxil olandan sonra üç dəfə bayır işığı yandı. Gəncəliyev Həsənova daha geri qayıtmalı olduğunu bildirdi. Amma Həsənov geri qayıda bilmədi- Gəncəliyev armud ağacına çatar- çatmaz olardı ki, Nurxanım Həsənovun üstünə addımlamağa başladı. Həsənov dalı-dalı gedərək evin qarşı tərəfinə keçdi. Amma Nurxanım əl çəkmirdi. Həsənov get- gedə həmin torpaq divara dirəndi. Daha geriyə də yol yox idi, irəliyə də. Əsgər papağını üzünə tutdu. Amma Nurxanım əl çəkmək istəmirdi- əl uzadıb papağı götürmək istədi. Sanki bəxtinə bu gecə vaxtı gün doğmuşdu, xəyallarındakı mələk üzlü adam elə bu adam idi. Illərlə adına bir oğlan adı çıxmamışdı, indi bu üzüörtülü mələk göydəndüşmə idi. Amma göydəndüşmə mələk elə bir andaca sanki göyə çıxdı. Bu anda, məhz bu anda sanki Həsənova qanad verildi. Torpaq divarı da, qaratikan kolunu da bir neçə saniyənin içində dırmaşıb adladı o biri üzə. Nurxanım bərk qorxdu- bircə yol qışqırıb özündən getdi. Qıza bir şey olacağından qorxan Həsənov elə bir göz qırpımında zastavaya çatıb paltarlı- paltarlı yorğan- döşəyə girdi. Dalınca da Gəncəliyev gəldi. Kəkələyə- kəkələyə dedi:
– Nurxanım mələk görüb. Qızı çəkib aparırmış. Az qalıb özü ilə göyə uçurtsun.
Gəncəliyevin özü də qorxmuşdu. Həsənov onu qırağa çəkib- ayə mən idim, mələk nədi filan nədi desə də- inanmadı.
-Sən heç nəyə inanmırsan, yaxşı adam olsan da bu cəhətin olmaya. Qır qazanından zaddan da qorxun yoxdu sənin, Allah sənə hidayət versin, zyoma.
-Zyoma, nə qır qazanı? O qazanı hansı dəmirçi düzəldib? Hansı qaleyçi qalaylayıb deşilmiş yerini?
-Sən Allah özünü mənim gözümdən salma, zyoma, qurban olum sənə. Sən yaxşı qardaşsan axı.
Qəribəsi bu idi- hamı inandı. Yalnız Molla deyilən dindar əsgər inanmadı, bir də Həsənovun özü.
Amma kəndə deyirdilər bu ocaq-Cəmil kişinin ocağı müqəddəs ocaqdi. Pirləri də olub- amma Cəmil kişi pirin pulu ilə araq içdiyinə görə pirin kəraməti qeyb olub. Indi də qayidirdi kəramət. Guya qız 40 gün yatacaqdı və 40 günün tamamında ona vergi veriləcəkdi. Guya Qır At qanad çıxarası idi təxminən.
Cəmil kişi də içkini buraxib tövbə etdi.
Deyirdilər Nurxanım yuxuda ərəbcəni öyrənib. Deyirdilər Nurxanım yuxuda ərəb əlifbasını öyrənib. Deyirdilər Nurxcanım yuxuda mələklərlə danışır. Çox şey deyirdilər- az qalırdı Həsənov özü də inansın.
Heç 40 gün çəkmədi ki, Nurxanımın vergisi öz kəramətini göstərdi. Başqa bir möcüzə baş verdi kənddə.
– –
Sərhədçilrin demək olar ki hamısının ayağında göbələk xəstəliyi vardı. Çünki bu sərhədçilərin hamısı ilk xidmət vaxtlarında, “molodoy” dövrlərində eyni bədbəxtlilə üzləşmişdilər. Karantin vaxtı bunlara normal əsgər çəkmələri verilmirdi- əvəzində İran qaloşları verilirdi. Bu qaloşlar da taxta kimi bərk idi. Təlim vaxtı qış aylarına düşdü, ya day ay aylarına, fərq az idi. Taxta kimi möhkəm qaloşlarda qış günündə də saatlarla ayaq döymək it zülmü idi, yay günündə də. Qaloşlar ayaqdan çıxanda ayaqdan buxar çıxırdı. Təxminən bir ay ayaqları bu zülmlə Vətən torpaqlarına döyüldü. Daha sonra əsgər çəkmələri verilirdi əsgərlərə. Amma artıq ayaqlara olan olmuşdu. Iran qaloşları sağalmaz göbələk xəstəliyi salmışdı əsgər ayaqlarına.
Çox çək- çevirdən sonra əsas dərmanın şehdə gəzmək olduğu bildirilmişdi. Indi bu əsgərlər də yay fəslinin gözəlliklərindən yararlanıb səhər- səhər şehli çəmənlərdə gəzirdilər. Amma şehli çəmən zastavadan uzaqda idi- buna görə də əsgər Həsənov elə zastava ilə arasında alçaq bir dəmir arakəsmə olan kənd qəbristanlığını seçmişdi. Bir də Molla deyilən bir əsgər idi qəbristanlıqda şeh müalicəsinə qoşulan. Qalanlar hansı ki qəbristanlıqdan qorxurdular, uzaqdakı şehli çəməndə müalicə edirdilər ayaqlarını.
Bu Molla Həsənovun gördüyü başqa dindar əsgərlərdən deyidi. Bəzi bicmolla əsgərlər olurdu ki, bütün namazları elə salırdılar sıra düzülüşü vaxtına. Zabitlər də o qədər Allahsızlıq edirdilər bu “allah adamalrının” ibadətlərinə şərait yaratmaqla guya günahalrını yuyurdular. Beləcə də bicmolla əsgərlər təpik döyməkdən canalrını qurtarırdılar. Hətta bir bicmola olmuşdu ki, az qala gündə 7- 8 dəfə də namaz qıldığı olmuşdu. Zabitlər belə niyə- deyəndə:
– O qədər qəza namazım var ki- demişdi.
Bir səhər Molla Həsənova yoldaşlıq eləmədi- azacıq xəstələnmişdi, səhər- səhər ayaqyalın şehdə gəzmək vəziyyətini daha da ağırlaşıdra bilərdi. Həsənov da yarıb keçdi qəbristanlığın dərinliklərinə. Nəsə dünyadan cavan getmiş adamların baş daşlarına baxmaq sevdası baş qaldırmışdı içində. Və uzaqdan bir cavan oğlan şəkli dəydi gözünə. Ilan- çayandan qorxmayıb da qalın otluğu ayaqyalın yara- yara o baş daşına yetirdi özünü- İsmayılov Asif Əhməd oğlu. 1968-1993. Adətən ölkədə belə təvəllüdlərin yazıldığı baş daşları şəhidlərə aid olurdu. Həsənov əvvəl elə bildi Asif İsmayılov da şəhid olub. Amma ilahi, bu nə yazıydı bəs- İnsan, Allahdan ədalət gözləmə!!! Məhz belə yazılmışdı şəklin üstünə. Demək ki adam şəhid deyildi, şəhidin baş daşına belə yazılmazdı.
Zastavaya qayıdan Həsənov bu haqda Mollaya dedi. Molla çox pis oldu. O rəhmətliyin ruhu əzəb çəkir dedi. Həsənov nəyə inanmasa da ruha inanırdı. Özünü də ruh adamı sayırdı. Molla tapşırdı bu barədə digər əsgərlərə bir kəlmə deməsin. Axşama plan qurdular. Elə axşamacan da öyrənmişdilər Asif İsmayılovun kimliyini.
Bu kəndin yeganə Rusiyada təhsil almış nümayəndəsi idi. Moskvada fəlsəfə üzrə təhsil almışdı. Ucqar bir dağ kəndindən təkbaşına çıxıb gedib Moskvada imtahan vermişdi. Rus dilini də elə kitab- dəftərdəncə öz- özünə öyrənmişdi. Qarşısına böyük məqsədlər qoymuşdu. Amma birdən də mədə xərçəngi yapışmışdı yaxasından. Deyirdilər tələbəlikdə ac- susuz qalmaqdan olub. Gəlib kənddə can vermişdi- son vəsiyyəti də baş daşına yazılacaq o yazı idi.
– –
Gecə vaxtı yazını baş daşından pozmaq qorxulu idi- gərək işıq yandıraydılar. Bunu da zastavadan da , kənddən də görə bilərdilər. Buna görə də alatoranlıqda işə başlamağı qərara aldılar. Həsənov həm ziyarət, həm ticarət deyib qəbristanlığa ayağıyalın getdi.
Bir isgənə, bir də çəkic tapmışdılar. Axşamdam azca çisələmişdi. Qəbirin önündə palçıqlıq idi. Bu arada aydın oldu ki. Molla sinə daşının üstünə çıxmaqdan çəkinir. Həsənov ayaqyalın sinə daşının üstünə çıxıb işə başladı. Ayaqyalın buz kimi mərmərin üstündə dağ səhərinin soyuğunda dayanmaq çox zülümlü idi. Amma Həsənov bacardı- “İnsan, Alalhdan ədələt gözləmə” cümləsində yalnız “Allah” saxlanıldı. Tezbazar da aradan çıxdılar.
Zastavaya qayıtdılar-Həsənov ayaqlarını yuyub keçdi ütünün başına. Alt paltarlarını ütüləməmiş yatmaq olmazdı- bit qoymazdı yatmağa. Zastavada işıq olan kimi 10 əsgər bir ütünün növbəsinə dayanardılar bit- birəni qırmaq üçün. Yorğan- döşəklərini çay qırağında nə qədər qaynatmışdılar xeyri olmamışdı. Zastavanı hər gün nöyütlə yumuşdular, xeyri olmamışdı.
Beləcə də dərin bir yuxuya getdi Həsənov.
–
Amma doyunca yata bilmədi. Zastavada bir- iki gözətçi qalmışdı- başqa vaxt qəbristanlıqdan qorxan əsgərlər də qəbristanlıqda idi. Hamı Asif İsmayılovun baş daşının ətrafına yığılmışdı. Ağlayan ağlayana qarışmışdı, saç yolan saç yolana. Həsənovun isə saçları biz- biz olmuşdu. Bu böyrüxəncərli dağ adamalrı həqiqəti bilsələr onu tikə- tikə doğrayardılar. Onlar həqiqəti bilməməli idilər. Və nəinki onlar, bütün ölkə həqiqəti bilmədi. Asifin Allahla davası acı məğlubiyyətlə nəticələndi- Asifin qəbri ilə Cəmil kişinin evi arasındakı qaratikanlıqdakı qədim pirə ikinci həyat verildi. Asif isə öz baş daşından dünya durduqca, bu məğlubiyyətini izləməliydi öz ikinci həyatında.
Molla da qorxmuşdu- daha dində belə şey olar, ya olmaz söhbəti aparmadı. Bir daş altda- bir daş da üstə qalmalı idi.
Bu arada camaat ən çox da sinə daşı üstə qatmaqarışıq ayaq izlərinə valeh olmuşdu- biri deyirdi mələyin ayaq izləridi, biri deyirdi vergiverənin, biri də deyirdi imamın nümayəndəsinin. Həsənov isə əlini inanmadığı göylərə tutub şairrəmə bir yağış yağmasını istəyirdi- o ayaq izlərini aparamsı üçün. Izə düşə bilərdilər. Və o dağ yerində o yağış da başladı. O izlər də silindi. Amma bu da pirin kəramətinə yozuldu- şimşəklər də o mələklərin səsi kimi gəlirdi indi camaata.
Həmin hadisədən sonra Uludağ pirinə axın başladı, nə başladı. Həmin hadisədən sonra Nurxanımın adı diyar –diyar yayıldı, nə yayıldı. Həsənov isə arada pirə qoyulmuş pullardan çırpışdırıb arağa verə- verə əsgərliyini başa vurub evə qayıtfı.
—
Indi həmin pirdən danşırdı Hüsaməddin Həmşəri:
– 40 gün qaranlıqda qalan və bəsirət gözləri açılan Həcixanım Nurxanım xanımın ulu nənəsi Həcixanım Nurxanım xanım bir gecə görür Qara çayın sularından alov qalxıb. (Bu Qara çay Uludağ kəndindən keçən dağ çayı idi. Il on iki ay suyu qap- qara olardı, durulmazdı. Il on iki ay daşqınlar səngiməzdi çayda. Daşqınların gur vaxtında isə bəzən iri qayaları da diyirləyə- diyirləyə sel qabağına qatıb aşağılara gətirərdi. Və o iri qayalar suda bir- birinə dəyəndə həqiqətən də sudan od çıxardı. Yəqin Nurxanim xanim da bunu görmüşdü. Qaraçayın sularından od çıxmasını əslində çox adam görmüşdü)
O rəhmətlik qiyamətin əlamətlərindən birini görüb. Imamın zühuru məhz belə yerlərdə mümkün olacaq. Bundan sonra da gördüyünüz Uludağ piri o müqəddəs zatın qəbri üstə qurulub. Amma sonralar onun nəvəsi Cəmil kişi inanmayıb pirin kəramətinə. Pirə yığılan pulları arağa verib. Buna görə də yıxılıb ayağı qırılıb. Amma yenə də qayıdıb pirin kəraməti- məhz Nurxanım xanımın adı qoyulan Nurxanıma qaytarıb o qabiliyyəti üzübağlı bir mələk. Bax bu divarın dibindən uçub o mələk. indi Uludağ pirinə sığınanlar həm də əllərini bu torpaq divara vurur, mələyin uçduğu yeri öpürlər.
Daha sonra isə söz mələyin uçma sürətini hesablayan, dazbaş fizika üzrə fəlsəfə elmlər doktoruna verildi:
-Biz bir azərbaycanlı olaraq çox xoşbəxtik ki, məhz uçan mələk bizim ölkəmizə gəlib. Mən hesablamışam, cəmi saniyənin mində biri qədər vaxtda uçub mələk burdan. Sonra da cəmi iki saniyə içində gedib öz əbədi məskəninə. Məqsədi mühüm bir mesajı çatdırmaq imiş. Onu da çatdırıb Nurxanım xanıma.
Evdəkilər də ağızlarını ayırıb baxırdılar Hüsaməddinin kəramətinə. Həsənsoy kimi başa sala bilərdi ki. Hətta danlandı da- sən də qoymursan belə möcüzələrə baxaq.
–
Hüsaməddinin piroloji verilişi sözün hər iki mənasında canlı deyildi. Veriliş efirə şənbə günü getmişdisə demək 2-3 gün əvvəldən hazırlanmışdı. İxtiyar Həsənsoy verilişə baxdıqdan sonra bir- iki dəfə taleyini lənətləyib getdi girdi yerinə. Sanki indi də xəncərli adamlardan qorxurdu.
Səhər bazar günü idi- İxtiyar getməliydi mal bazarına.
Mal bazarına toyuqları üçün dən almağa getməli idi. Mal bazarı evinə bir qədər yaxın idi- əl arabası ilə bir kisə dəni evə gətirsə 3-4 manat irəli düşürdü. Çünki başqa yerlərdə dən bir qədər baha idi. Belədə həm də taksipu İxtiyara qazanc qalırdı.
Əl arabası ilə çayı rahat keçib özünü mal bazarına yetirdi. Mal bazarı deyilən yerdə qoyun bazarı bir ayrı yerdə, mal-qara bazarı bir ayrı yerdə, at- eşşək bazarı da bir ayrı yerdə idi. Bu üç bazarın kəsişmə nöqtəsində də kimi dən atır, kimi kəpək, kimi də peraşki satırdı. Hətta saz satanlar da vardı. Ixtiyar bir kisə dəni əl arabasına qoyub geri qayıtdı. Çaya çatar- çatmaz yanından sürətlə bir xarici maşın keçdi- maşından Nikola Şerzingerin səsi gəlirdi- HH.
Bunun ardınca isə başqa bir maşından dini mahnı səsi gəldi- aha İxtiyarın yanından ötüb keçən həmin o Haş- Haşı ləqəbi almış narkoman idi. Hüsaməddinin Həsən Səbbahın əsgərlərinə bənzətdiyi, Dəli Tamamın oğlu narkoman.
Belə maşınların mal bazarına girib çıxması o demək idi ki, adamlar ya yeyib –içmək üçün, ya da qurbanlıq üçün cəmi bir xırda heyvan almağa gəliblər mal bazarına.
Ixtiyar Həsənsoy arabanı çaya saldı- amma yüklü arabanın yeganə təkəri çətinliklə diyirlənirdi. Ixtiyar məcbur qalıb arabanı dalı- dalı sürmyə başladı. Sanki indi də hansısa Nurxanımdan qaçırdı. Amma qəza baş verdi- əl arabası birdən boşluğa düşdü və aşdı. Yaxşı ki kisənin ağzı kip bağlanmışdı. Ixtiyar it zülmü ilə kisəni təzədən arabaya yükləyə bildi. Arabanın təknəsi su ilə dolmuşdu. Yenə hansısa maşından Nikola Şerzingerin səsi gəlirdi və yenə həmin HH mahnısı. Belədə İxtiyarın əl arabasının təknəsi bənzəyirdi Nikola Şerzingerin cakkuzisinə ki, məhz həmin mahnıya çəkilmiş klipdə Nikola ilk öncə cakkuzidə görüntülənirdi. Elə dolu buğda kisəsini də qarabuğdayı gözələ oxşatmaq olardı.
Ixtiyar özü də islanmışdı- səhərin soyuğunda xəstələnə bilərdi. Daha canı da o can deyildi ki, dağ yerində səhərin alatoarnında səhər- səhər ayaqyalın çıxaydı buz kimi mərmərin üstünə. Birtəhər arabanı sudan çıxarıb yola düzəldi. Daşlı- kəsəkli yolları da keçib rahat yola çıxdı. Bundan beləsi rahatçılıq olacaqdı.
Həmin o rahat yolun kənarında təzə evlər tikilmişdi və bu yerin təzə sakinləri də deyəsən elə təzə məhlələrində ilk çərşənbələrini keçirmişdilər. Yolun kənarında beş gün əvvəldən qalan kül təpəsi bunu sübut edirdi. Ixtiyar artıq kül təpəsinə çatmaqda idi. Axşamdan bəri azacıq yağış çisələdiyindən kül təpəsi bir qədər aşağı yatmış, bir az da palçıqlaşmışdı. Elə bu anda arxadan bir mahnı səsi də gəldi- deyəsən SSRİ-nin himni idi. Bu səs çox bahalı bir maşından gəlirdi- hardasa 50-60 min qiyməti olardı belə maşınların. Və maşın özünü kül təpəsinin yanına çatdıranda möhkəm bir siqnal da verdi. Daha sonra isə yoldan bir az çıxıb təkərin birini küllüyə salıb qaza basdı- İxtiyarın təpəsindən kül ələndi. Maşın sahibini tanıdı İxtiyar- bu Hüsaməddin Həmdərd idi. Hüsaməddin heyvan hüquqlarına bir az hörmət etdiyi üçün maşının baqajını tam örtməmişdi- baqajda bir quzu mələyirdi. Hüsaməddin bu quzunu İmamə pirində kəsməyə aparırdı. Növbəti romanı çıxmışdı və o romanı beləcə də pirdə quzu qanı ilə yuyurdu.
Mal bazarına yaxın yol İxtiyarın çəpərinin arxa qapısından idi. Beləliklə həyətə arxa qapıdan daxil olan İxtiyar darvazanın döyüldüyünü gördü. Arvad- uşaq hələ yuxudan oyanmamışdı. Ixtiyar darvazanı açdı- həmin Nikola Şerzingerə oxşayan qaraçı qızı idi. Nəzir istəyirdi. Nikola Şerzingerdən seçilmirdi zalım qızı. Amma İxtiyardan bir az çəkindi. Başına ələnmiş kül İxtiyarı lap qorxunc göstərirdi. 3-4 dəqiqə çənə döyüb buğdadan bir manat qırdırmışdı İxtiyar. Çıxarıb o manatı da qaraçı qızına verdi. Qaraçı qızı da bir xeyli uğur arzulayıb o biri qonşunun darvazasını döyməyə başladı.
Hamamın güzgüsündə özünə baxan İxtiyar:
-Yaxşı ki Nikola (qaraçı qızını nəzərdə tuturdu) dəli olmayıb. Belə də adammı olar. Kül mənim başıma, elə oldu da.
Daha sonra yenə Nikola(qaraçı qızını nəzərdə tuturdu) haqda düşündü- bax o Nikola Şerzingedi nədi, bu qız ondan da gözəldi. Amma bunu kimsə sübut edə bilməz. Di gəl bu qaraçı qızını sal o cakkuziyə, sonra da çıxart podiuma. Gör nə həngamə qopacaq. Bəlkə hələ dünya gözəli də seçildi. Ehh, bu dəqiqə elə mənim özüm də cakkuzilik olmuşam, bir günümə- saatıma bax. Vay, vay, qaz da keçib, bəs necə olacaq mənim halım? Əşşi elə bizim bu cəmiyyəti də o cakkuziyə salmaq lazımdı. Bəlkə gözəlləşə bu cəmiyyət. Hüsaməddinin isə beynini yumaq lazımdı o cakkuzidə. Zimbabve pirinin daşlarını da orda yaxalamaq lazımdı. Nə bilim ee, ölkəni basmaq lazımdı Nikola xanımın cakkuzisinə. Müxalifətindən tutmuş iqtidarına, alimindən tutmuş çobanına, qocasından tutmuş gəncin qədər hamını və hər şeyi. Hamamda onsuz da səs əla çıxır, üstündən də o mahnı, Haş- haş.
Düşüncələrdən ayılıb bir bayatı da çəkdi:
Hamam hamam içində
Xəlbir saman içində
Dəvə dəlləklik edir
Köhnə hamam içində.
Bəxtiyar Hidayət
Yazıya 1234 dəfə baxılıb