“Bu vicdansız”ın şeirləri…

saqif zeynal(GƏNC ŞAİR SAQİF ZEYNALIN ŞEİRLƏRİ HAQQINDA)

 

Yaradıcılığına keçməzdən əvvəl  onun özü haqqında məlumat vermək istəyirəm. Adı Saqif,soyadı Zeynalov. 1990-cı ildə Laçında anadan olub.1992-ci ildə  erməni cəlladlarının əlindən qurtulmaq üçün ailəsi onu Laçın torpağından çıxarıb Ağcbədinin “Taxta körpü” qəsəbəsinə üz tutub.Onlar Laçından çıxsa da Laçın adı, Laçın qoxusu, Laçın sevgisi onun uşaq hafizəsndən çıxmayıb,əksinə boy atıb, ürəyinə yol tapıb, qanına qarışıb.

Saqif gəncdir, hələ tələbəlik həyatını yaşayır. Ağcabədidə fəaliyyət  göstərən “Ələk” ədəbi məclisinin ən ərköyün, şıltaq üzvüdür.Bəzən küsmək üçün bəhanə axtarmağı da var. Bunları ona görə qeyd edirəm ki, Saqifin şeirlərində də bu xarakteri aydın hiss etmək olur. Yəni,Saqifin şeirləri onun ürəyinin güzgüsüdür. Vətən nisgili, el-oba sevgisi,öz soyuna bağlılıq,ərköyünlük, davakarlıq bu şeirlərdə aydın hiss olunur. Bu isə şeirlərin daha səmimi olmasına və oxucunu yormamasına səbəb olur.

Amma hər şeydən öncə,o , yaradıcı insandır.Yaradıcı insan isə  yalnız özü üçün yaratmır,özü üçün yaşamır. Bu insanların düşüncəsində adətən “mən” yox, “biz” məfhumu var.Sadəcə bütün “bizlər” o “mən”in üzərində cəmləşir, ona yüklənir, onu sıxır, onu əzir, onu düşündürür və sonunda onu böyüdür. O, bu dərdləri tək düşünür, tək çarə axtarır :

Bir baş enər hər gecə,

Enər qolumun üstə.

Bəli, bu bir şair ömrüdür.  Başqaları şirin yuxudaykən başını qolları üstünə endirib  bütün gecə boyu dünyanı alt-üst etmək, problemlərdən çıxış yolu axtarmaq…

Qeyd etdiyim kimi gənc şairin  bir çox şeirlərində vətən ağrısı var. Və bu, adət etdiyimiz, illərdir müxtəlif başlıqlarla təkrarlanan, etiraf edək ki, oxucuya  artıq çox süni təsir bağışlayan yalançı vətənpərvərlik deyil. Saqif əslində bu mövzuda daha həssas olanlardandır. Çünki, o,doğulduğu məkanı,torpağı tərk etməyə məcbur edilmiş, çadırlarda yaşamağın, aclığın, səfalətin, kasıbçılığın və ən əsası vətən içində vətənsizliyin nə olduğunu ağızdan eşitməmiş, gözləriylə görmüş, yaşamışdır. Bu şeirlərdə pafos yoxdur,səmimiyyət var, acı həqiqət var,bu acıları yaşamış ürək var. Onun “Traktor kişi” şeirinə nəzər salaq :

Qocaldı atamın oğlan  belarusu

Vətən həsrəti onun da belini bükdü

Satdı ucuz qiymətə,

Traktora xəyanət etdi atam…

Laçından gətirilən yeganə xatirəni, yeganə yadigarı satmağı və özü də ucuz qiymətə satmağı xəyanət adlandırır Saqif. Bu hiss bir çoxumuzda var. İtirdiyimiz, uzaq düşdüyümüz əzizlərimizin hansısa bir əşyasını, geyimini saxlamaqla o şəxsi daim yanımızda kimi hiss edir,onu itirsək sanki o şəxsi itirdiyimizi, ona xəyanət etdiyimizi  düşünürük.Saqifin həmin əzizi isə Laçındır. Və Laçının yadigarı olan traktoru  “satmağı”  o, çox böyük acı ilə qarşılayır.Müəllif atasını qınayır amma bu qınağın ardıyca əslində atanın özü üçün də bunun asan olmadığını etiraf edircəsinə açıqlayır :

Traktor atamın Laçından qalan

Yeganə yadigarıydı.

Yadımdadı: traktorun “ayaqqabı”sında

Laçından gələn torpağı

Yığıb saxlayırdı,

Hər gecə qoxulayırdı…

 

Hamımıza tanış bir məsəl var : “Dəvəsi ölmüş ərəb”. Dəvəsi ölmüş ərəb üçün həyat nə qədər acıdırsa,,çətindirsə, şeirdə haqqında bəhs olunan ailə üçün də əslində həmin traktor bir dolanışıq yeri,”çörək ağacı”dır. Ata olmasa traktor, traktor olmasa ata  təkbaşına bu ailənin ehtiyaclarını ödəyə, dolandıra bilməz. Qaçqınlığın, yoxsulluğun sillə –təpiyi altında yaşayan ailə üçün traktor və ata eyni məfhumdur. Onların hər ikisinə eyni məhəbbət var. Acı da olsa bu, reallıqdır. Gənc şair hər kəsə cansız görünən dəmirin “sədaqətini” unuda bilmir və ona olan sevgisini də gizlətmir. Hətta atasını ona bənzədərək bu iki sevgini ümumiləşdirir:

Çox sədaqətliydi

Hələ bir dəfə də olsun

Atamı yarı yolda qoymamışdı…

Qoxusu hopmuşdu üstünə,

O qoxu hələ də gəlir atamdan.

Mənimçün dünyanın ən gözəl qoxusu

Atamdan gələn mazut qoxusuydu…

Bir dəfə

Atamın tüklü sinəsinə,

Mazutlu əllərinə sığınanda

Onun da traktor olduğunu dşünmüşdüm…

Ürəyi də motor kimi işləyirdi elə bil…

 

“Bu vicdansız” şeirində müharibənin acısını dadan, kasıbçılığı ilə yaşayan bir ailənin simasında müəllif bir çox ailələrin eyni taleyini təsvir edib:

 

Yadımdadır, qaçqın düşüb

Bu “canlı” cəhənnəmə gələndən sonra

Hər gün oyuncaq davalayardım.

Xoşbəxtlik üçün qurduğumuz

Qamış daxalı qana çalxamışdım tifilliyimlə…

Bir gün təpərli səsi ilə

Atam mənə söz verdi:

“Bir az da böyü

Sənə velosiped alacam”

“Mütləq” deyə

Müjdələdi də…

Bəllidir ki,hər bir valideyin ömrünü övladlarını böyütməyə, onları lazımi məqama çatdırmağa həsr edir.Bu şeirdə isə Saqif övladının tez böyüməsini təəssüf hissi ilə qarşılayan ata obrazını yaratmaqla əslində bu ailələrin təkcə maddi yox, nə boyda mənəvi sıxıntı yaşadığını dilə gətirir. Övladına etdiyi vədi maddi sıxıntı üzündən yerinə yetirə bilməyən ata o qədər sarsıntı keçirir ki, artıq övladının böyümüş olduğu belə onu sevindirmək əvəzinə “təəssüf”ləndirir:

Əslində uşaqlarının böyüməyini

İstəməyən bütün kasıb atalar kimi

Mənim də atam böyüməyimi istəmirdi.

Yanımda xəcalət olacağından qorxurmuş kimi

Axşamlar evə mən yatandan sonra gəlib,

Səhərlər mən durmamışdan gedirdi…

 

Hərdən qəzəb dolu baxışlarla mənə zillənib

Anama belə deyərdi:

“Bu vicdansız necə də tez böyüdü”…

 

Yuxarıdakı şeirin motivini gənc şair Emin Pirinin bir şeirində də oxuyuruq:

 

“Çətin keçib uşaqlığım,

Ayaqqabım yırtılardı,

Böyüyəndə ayağım…

Ayağınız böyüməsin deyə

Dua etmisinizmi heç?!”

Bəli, demək ki, bu tale, bu ağrı, bu həsrət müharibənin zərbəsini almış bir çox uşaqların həyatının bir parçası imiş. Bu mövzunun şerə gəlişi isə həmin həyatın iştirakçısı olan uşaqların qələmi ilə daha təsirli alınıb.

Vətən ağrısı  Saqifin sevgi şeirlərinin də içinə sızıb.  Müəllifin “Bir sevda qalıq…” adlı şeirində olduğu kimi:

Böldülər ikiyə bizi

Birimiz Şimal olduq,

Birimiz Cənub.

Biz ki, ayrılmazdıq heç.

Bu şeirdə iki sevgidən bəhs olunur. Saqif iki sevgini, iki ayrılığı, iki göynərtini, iki həsrəti bir şeirə sığdırıb, bir şeirdə çatdırıb. Bunlardan biri onun ürəyini alıb gedən və ya getməyə  məcbur edilən yar, digəri isə yenə də bölünən, iki yerə parçalanan  Vətəndir. Hər iki sevgi 3-cü tərəfdən parçalanıb. Hər iki ayrılıq  bu sevgini unutdura bilməyib, əksinə , tərəflər həmişə  bir-birinə can atıb, vüsala çatmaq üçün yanıb, qovrulub :

Biz heç vaxtı tam bölünmədik

Həmişə bir sevda qalıq qaldı aramızda…

 

Və ya :

Biri göyümüzü tökdü,

Biri yerimizi sökdü.

Taleyimiz bir sapsız iynəyə qaldı.

Aramızda olan sevgi

Xudafərin körpüsü tək

Göynəyə-göynəyə qaldı.

Yaradıcı insan üçün ən əsas keyfiyyətlərdən biri onun müşahidəçilik qabiliyyətinin olmasıdır.Müşahidəçi insan üçün ətrafında gördüyü ən xırda, adi bir hərəkət, bir əşya, bir kəs də yaradılacaq əsərin mövzusuna çevrilə bilir. Saqif də gördüyü, yaşadığı, hiss etdiyi məqamları öz baxışlarından keçirib sözə çevirməyi bacarır.

Yağışlı, yağmurlu hava hər zaman insanlarda romantik hisslər oyadır, duyğusal anlar yaşadır.Təbii ki, isti odamızda, bir fincan çay qarşımızda,həzin musiqinin sədası altında , pəncərə qarşısında dayanıb ucalıqların yerə səpdiyi yağış damlalarını seyr etmək , musiqinin səsinə qarışan yağışın səsini qulaqlarımızdan beynimizə,ürəyimizə ötürmək gözəldir. Yəni hər zaman yağışın gözəl tərəfini görürük. Amma yağışın digər tərəfini görən,soyuq yağışda islanan,evinə daman,ayaqyalın,ac, kasıb insanların gözüylə baxmağı bacaran Saqif yazır :

Burda yağışdan sonra

Yolların çalasına qarmaq sallayar uşaqlar…

 

Yüklü qayıq kimi

Batar baxışları çirkli yağış sularında…

 

Qarğıları at kimi minib

Evə çaparlar kor –peşman,

Əllərində boş qablar…

Axşam yuxuda özlərinə balıq qızardar

Əri işsiz arvadlar…

 

Saqif Zeynalın  lirik şeirlərində unutmaq, unudulmaq mövzusu geniş yer tutur. Şair bəzən sakit-sakit unutmağa meyl edirsə, bəzən də hər kəsin eşidib-duya biləcəyi şəkildə, usyankarcasına, çılğıncasına yeri-göyü söküb-tökmək, unutmaq, bir daha xatırlamamaq və xatırlanmamaq istəyir. Lakin bütün unutmaq istəyi ilə yazılan şeirlərdən bir nəticə çıxır ki, əslində “unutmaq “ sadəcə sözdür. İstəyərəkdən unutmaq mümkün deyil. Bir şey və ya bir kəs xatırlanırsa, demək unudulmayıb, unudulubsa xatırlanmamalıdır. Lakin bu mümkündürmü? Xatirələri yaddaşımızdan silmək öz əlimizdədirmi? Təbii ki yox. Biz unutmağa yalnız cəhd edə bilərik, amma bunu bacarmarıq. Unutmaqdan  söz saldıqsa,Saqifin  “Yağmurlu mesaj” şeirinə də nəzər salmalıyıq.Şeirdə şair vəfasız sevgilisindən şikayət edir,içindəki “Mən” ilə çarpışır, vuruşur. “Qapının dəstəyində görünən əl yeri” də, “Yağışdan islanmış torpaq qoxusu” da o vəfasızı xatırlatmağa çalışır. Amma əşyalar içərisində lirik qəhrəmanın “tərəfində duranlar” da var. Məsələn :

Gecə başdan-başa hicran qoxuyur,

Anamın yolladığı çaydan bayaqdan

Sobanın üstündə mahnı oxuyur:

“Unut onu,

Unut getsin…”

Lirik qəhrəman çaydanının zümzüməsini  öz istəyinə uyğun olaraq qəbul edir,istədiyi yerə yozur və bu yozumuna inanaraq bunu bir dəstək kimi qəbul edir, bəlkə də sevinir, təskinlik tapır, çaydanın zümzüməsi sayəsində bəlkə də özünə haqq qazandırır. Amma…  Amma şeirin sonluğu başqa bir şey  deyir :

Mart axşamı,

Yağmurlu bir gecə

Sənə mesaj yazıram…

Oxuyarsan səssizcə.

 

Vəssalam. Ürək unutmağa çalışdı,barmaqlar öz işini gördü…

Yuxarıda qeyd etdiyim ki, unudulan bir şey xatırlanmaz.  Xatırlanan bir şey isə unudula bilməz. Saqif isə başqa bir şeirdə  bunu özünəməxsus şəkildə ifadə edir. Unutmaq istəyinin çarəsi  elə xatırlamaqdır kimi :

Səni unudacam deiyim o gün

Adını qoymuşdum dilimin altda…

Ürəyimiz ağrıyanda dilimizin altına məlhəm qoyuruq ki,ağrımızı kəssin, unutdursun. Gənc şairin lirik qəhrəmanı onu ağrıdan, incidən, hisslərinə hakim kəsilən etibarsız gözəli unutmaq, onun ağrılarından qurtulmaq üçün dilinin  altına qoymağa vasitə tapır. Bu vasitə isə o gözəlin adıdır.

Bu  kimi şeirlərində əslində lirik qəhrəman heç özü də unutmaq və unudulmaq istəmir.Unudulmaq istərkən belə unudulmamaq üçün bir işıq ucu axtarır. Yəni, dili söyləsə də, qəlbi söyləmir.Bir sözlə Saqifin unudub-unudulmaq qərarı ürəksizdir, səthidir, içdən deyil:

Sinfin küncündə,

Bir ayağı üstə

Üzü divara

əlləri yuxarı dayanan cocuqlar kimi

 

bir üzü üstündə

köksümün küncünə gömülmüş

Ürəyimi də alıb

Hamıdan göz oğurlayıb,

Hamının gözün oğurlayıb

Getmək istəyirəm…

 

Gənc şairin əksər şeirlərindən aydın olur ki, o, böyük məhəbbət axtarışındadır, hələ istədiyini tapmayıb.Ruhunu vəcdə gətirən,onu böyüdən, dünyalara sığmayan sevginin həsrətindədir:

Vurulduğum gözəllər də,

İçimdən oxlamaz məni

Və ya:

Ürəyim zaman kürəsi,

Bişib-düşdü məhəbbətim.

Soyudu, hər gün soyudu,

Ötüb-keçdi məhəbbətim.

 

Saqif hələ gəncdir. İstər ömür yolunda, istər yaradıcılığında hələ çooox düzəlişlər etməli, çox manelələrdən keçməli, elə yuxarıdakı misralardakı kimi bişib-düşməlidir. Şeirlərində bəzən nəzərə çarpan qüsurlara toxunmaq istəmədim. Amma bu elə yoldur ki, qüsursuz, birbaşa keçmək olmur. Məhz etdiyimiz səhvlər sayəsində biz doğru yola istiqamətlənə bilirik. Başqa şairlərin şeirlərinin motivlərini bəzən onun şeirlərində də açıq hiss etmək olur. Amma ilk qələm təcrübələrində bu, bir çoxlarının keçdiyi yoldur. Rəssam hansısa rəngi alana qədər bir çox rəngləri bir-birinə qatdığı kimi ilk qələm təcrübələrində müəyyən təsirlərin olması, müəyyən oxşarlıqların olması normal haldır. Əsas olan budur ki, həmin sözlərin qarışığından  öz sözünü tapa biləsən, deyə biləsən.İnanıram ki, Saqif müəyyən zamandan sonra öz sözünü deyə bilən şairlərdən olacaqdır.Çünki, o axtarışdadır, nə isə tapmağa çalışır, zəhmət çəkir, irəliyə addımlamaq üçün əlindən gələni edir.Bizə isə yalnız gənc şairə səhvsiz, asan yol arzulamaq qalır.Yolun açıq olsun Saqif !!!

10981351_766683596760688_1050742669564695642_n 

MƏHSƏTİ MUSA

 

 

Yazıya 1199 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.