GÜNDÜZÜN GECƏLƏRİ VƏ YA GECƏLƏRİN GÜNDÜZÜ

75499_418355814923945_839127157_nSosial şəbəkələrdən birində gənc şair Gündüz Sevindiyin bir şeirinin altında belə bir şərh yazılmışdı: “Gündüz ciddi ədəbiyyatla məşğuldur”…  Ola bilsin  ilk baxışdan adi görünər bu söz . Amma əslində gözümüzün önündə həqiqətən əsl ədəbiyyat nümunələri yaradan bir şair var. Bəlkə də həmin  şərhi oxuyanadək ilk oxucularından olmağıma baxmayaraq  Gündüz Sevindiyin yaradıcılığını o qədər də dərindən dərk etməmişdim. Bəzən bir söz yüzlərlə gözü açmağa qadirdir.Və mən o sözün ucundan tutaraq  daim yaxınımda olan dostumun, qardaşımın kitablarını yenidən vərəqləməyə  tələsdim . Oxuduqca da həmin şərhin müəllifinə qəlbən minnətdarlığımı bildirdim.Gündüzü yenidən mənə tanıtdığına görə…

Gündüz  Sevindiyin yaradıcılığı haqqında söz adamları, dəyərli qələm sahibləri, söz dünyamızın yaxından tanıdığı və sevdiyi tənqidçi alim Vaqif Yusifli, Hikmət Məlikzadə, bəstəkar-şair Xanım İsmayılqızı və başqaları biri-birindən dəyərli fikirlər yazmışlar. Və düşünürəm ki onun yaradıcılığı haqqında hələ çox  yazmaq, bu şeirləri, qəzəlləri çox təhlil etmək mümkündür.Gündüz Sevindiyin  yaradıcılığı çoxşaxəlidir,genişdir. O,sadəcə sərbəst vəznə qısılıb bütün fikirlərini deməyin,çatdırmağın asan yolundan istifadə etməyib. Gündüz ,əruzdan da, hecadan da, sərbəstdən  də çox ustalıqla istifadə edib,mövzu baxımından seçimini düzgün edərək doğru yola istiqamətlənib. Amma mən bu yazımda Gündüzün şeirlərinə əsasən “işıq” istiqamətindən boylanmağa çalışdım.Çünki, özüm işıq dəlisiyəm.Və hər zaman ən qaranlıq məqamlarda bir işıq ucu tapmağa cəhd etmişəm.

Gündüzün şeirlərində də gecənin, qaranlığın, zülmətin içində daim bir işıq axtarışı var.Sanki,  bu gecə, bu qaralıq ömür yolunda onunla birgə, qoşa addımlayıb həmişə. Amma Gündüz hər zaman onların qarşısına   işıqla,səhərlə, aydınlıqla çıxıb. Hələ ilk doğulduğu andan işıq və zülmətin  təzadı ilə qarşılaşan şair yazır :

“Dünyaya gecə gəldim mən

Adımı Gündüz qoydular “…

 

Bununla da onun gecə-gündüz mübarizəsi başlayır:

 

Gündüz milyon-milyonam,

Gecələr təklənirəm.

Bu içimin səsidir,

Mən

Gecə

Yüklənirəm !

 

Dünya,gecə,küçə və … şairin ürəyi !   Gündüzün bir çox  şeirləri bu məfhumların arasında dövr eləyir. Şair dünyanın dərdini qaranlıq  küçəyə, küçənin dərdini yumruq boyda qəlbinə sığdırır, adındakı və içindəki işıqdan süzüb keçirərək oxucuya “ötürür”. Sevimli şairimiz Ramiz Rövşənin belə fikri var :”Şair, şeirin keçdiyi yoldur”. Bəli, bu bir həqiqətdir.Amma baxır şeir hansı yoldan keçir. O yol palçıqlıdırsa, çirkab doludursa şeir də eləcə çirkaba batıb qalacaq,kimsənin sevə bilməyəcəyi adi  söz yığınına çevriləcək…  Amma o yol işıqlı, təmiz yol olacaqsa, o zaman şeir də qəlblərə gedən yolu  tapacaq. Öz növbəsində qaranlıqları aydınlatmağa xidmət edəcək. Günüdüzün şeirləri də qaranlıqda yetişir, qaranlıqda doğulur, qaranlıqda böyüyür.. . Amma qaranlığın içindəki  işıq sevdasıyla, qaranlığın sonundakı ziya Eşqi ilə…  Bir sözlə  Gündüzün gecələrə yüklənən  və gecələrlə yüklənən dərdi kiçik düşüncənin məhsulu,dar çərçivəli deyil:

Doğma küçə…

İndi neyləyək,küçə?

Bu dünya özü boyda,

yerləşər qəlbimizə.

Dur yığış,gedək,küçə !

Dur ,yığış, gedək bizə…

 

-deyən şair küçənin də  ,dünyanın da ağrı-acısına qarşılıq olaraq sinəsini açır, dünyanı kədəri, sevinci ilə birgə qəlbinə mehman eləyir.O, dünyanın ən böyük problemləri fonununda kiçik bir Somalili uşağın da dərdini onunla birgə yaşayır . Aclıqdan əziyyət çəkən minlərlə körpənin taleyini diqqətsiz qoya bilməyərək başqa bir gecədə doğulan  şeirində yazır :

Somalidə ac bir uşaq,

Bu gecəni də ac yatdı.

Bərk-bərk yumub gözlərini,

Gələn ölümü aldatdı…

Bu dəhşətli mənzərənin bircə bənd ilə  təsvirini yaradan şair o cocuq üçün bir şey edə bilmədiyini anlayanda ümidinə sığınır.Ac  körpənin “gözünü yumaraq gələn ölümü aldatmasından” sonra şair də gözünü yumaraq xəyalən həmin körpəni köksünə sıxır, özünü aldadaraq həm o körpəyə  həm də özünə təskinlik verir :

Gülmə bu yaşda ağlıma,

Dön quşa,uç,gəl beləcə.

Qoşul balaca oğluma,

Qucağımda yat bu gecə…

Lakin,  hara getsə, haralarda gəzsə Gündüzün xəyalının dönəcəyi yer yenə də qaranlıq küçədir. Doğma küçə… Yorğun küçə…Tənha küçə… Qərib küçə… Yuxulu küçə…

 

Ay Allah, nəfəs ver,qoyma ki, sönəm,

Qərib küçələrdən özümə dönəm,

Küçədə küçədir,bir də ki, mənəm,

Üstümə küçənin ahı tökülür.

 

Küçənin qonağı lal bir gecədi,

Bu küçə həmənki yorğun küçədi.

Bilmirəm,bilmirəm saat neçədi,

Küçənin gözündən yuxu tökülür.

 

Amma əvvəldə qeyd etdiyim kimi, Gündüz gecənin qaranlığına bürünüb qalmır,ətrafını saran qaralıqla barışıb hər tərəfi qara görməklə razılaşmır.O, bütün qaraların altında bir ağ, bütün gecələrin sonunda bir gündüz, bütün zülmətlərin arxasında bir işıq dayandığının fərqindədir .O, bu işığı,bu nuru,bu ziyanı axtarır və onu tapacağına inanır. Budur, səhər açılır…. və şair açılan səhəri, gələn bu sabahı, doğan Günəşi evinə dəvət edir :

Di nəyin var ortaya düz,

Lal gecədən özünü üz,

Dur qapını aç,ay Gündüz,

Səhər adlı qonaq gəlir.

 

Və ya :

 

Qoy açılsın edərəm,sübhə şikayət gecədən,

Qəlbə mehman eləyən dərd-qəmi zülmət gecədən.

 

Əslində mən elə bu yazımda Gündüzün yalnız qaranlıq və işıq arasındakı şeirlərindən bəhs etmək istəyirdim.Amma istəyimə qarşı çıxaraq daha bir mövzuya toxunmaq keçdi könlümdən. Yəni, xüsusən son zamanlar yaşlı nəslin  gənclərə tutduğu  bir irada Gündüzün şeirləri ilə münasibət bildirmək istədim. Tez-tez belə fikir səsləndirirlər ki ,bəsdirin sevgidən, məhəbbətdən yazdınız.Bir az da vətəndən yazın…

Əslində elə o cümlələrin özündə bir sünilik var. Daha doğrusu süniliyə çağırış var. İçində sevgisi olmayan, sevginin nə olduğunu bilməyən  birisi Vətən haqqında nə yaza bilər ki? Vətəni sevmək lazımdır.Tərifləmək yox !…  Vətən özü boyda SEVGİDİR! Gənclərə öncə sevgi hissini aşılamaq lazımdır ki,sonra vətənə,anaya məhəbbət hissini, dünyaya mərhəmət hissini tələb edə  biləsən.Gündüz  şeirində vətəni tərifləmir,vətəni sevdirir, vətənpərvərlik hissi oyadır  :

Ha yansan,alışsan,yarıdı,azdı,

Vətən öz qəbrini şeirlə qazdı…

Vətənin şeirini Mübariz yazdı-

Vətənə şeir yazmazlar!

 

Müqəddəs,əlçatmaz,ali bildiyimiz məfhumlara, varlıqlara şeir yazmağa,onların rəsmini yaratmağa cəsarət etmədiyimiz halda “Vətənə necə şeir yazmaq olar?”- deyə düşünür və düşündürür şair:

Dünyanın dibindən gələn səsdisə,

Ruha möhürlənmiş bir nəfəsdisə,

Vətən Uludursa,Müqəddəsdisə,

Vətənə şeir yazmazlar!

 

-söyləyərək sonda qələm əhlinə sadəcə məsləhət vermir, həm də tələb edir ki :

 

Sözün VƏTƏN BOYDA  olmayacaqsa

Vətənə şeir yazmazlar!

 

Vallah vətən sevgisi aşılamaq üçün bundan o yana söz yoxdur.Bundan sonra deyilən söz sadəcə təsirsiz,xoş görüntülü sözdür. Gündüz isə sözün çəkisini, dəyərini, qiymətini və qədrini bilən şairdir.O, sərfəsiz yerə söz işlətmir.Söz onu,o isə sözü sevir. Bu qarşılıqlı sevgi isə birləşərək ilahi sevgi hissini oxucuya ötürə bilir:

Söz nədi? Allahın səsi…

Söz nədi? Söz möcüzəsi !

Olar Tanrı qiyafəsi-

Söz əgər düz doğularsa !

Gündüz Sevindiyin ilk şeirlər kitabının adı”Kamilliyə salam”dır. İlk kitabında Kamilliyə salam verən, növbəti “Yorğun küçə” adlı şeirlər kitabında artıq kamilliklə salamlaşmış olan şair  üçüncü şeirlər kitabının çapına hazırlaşarkən belə desək, özü kamil fikirlərə müəlliflik etməyə başlayıb.Onun dilimiz,ədəbiyyatımız, poeziyamız,söz  haqqında söylədiyi fikirlərin özü də işıqlı,ibrətli fikirlədir :

***Dilimiz elə əsrarəngiz dildir ki, “Səs” sözünün özündə bir səs var.

*** Vətən sevgisi şeir misralarında olmur. Silsilə Vətən şeirləri yazmaq hələ heç də həmin müəllifin vətənpərvər olması demək deyil.

***Gözəl seir Allahın səsidir!

*** Söz bizə möhtacdı, biz sözə möhtac

***SÖZ-ə daxil oldunsa, ayaqqabılarını soyun!…

***……….. Həzrəti-SÖZ!

*** Ədəbiyyat kütlələrdən deyil, zərrələrdən ibarətdir.

*** Dahi şəxsiyyətlərə yazılmış zəif şeirlər həmin insanların ruhuna hörmətsizlikdir.

*** Bir dəfə anam: -Niyə mənə də bir şeir yazmırsan? – deyə məndən soruşdu! Dedim: -Gözəl Anam, mən kiməm ki, sənə şeir yazım?… Sənin şeirini Cəfər Cabbarlı yazıb…

Və şairin digər mövzularda olan bu kimi lazımlı,  ibrətamiz fikirləri də bir-birindən maraqlı və düşündürücüdür.Mən inanıram ki, Gündüz Sevindiyin üçüncü kitabı da oxucular tərəfindən rəğbətlə qarşılanacaq, kitab rəflərində illərlə təzə qalan yox,əllərdə əzik-əzik olan kitablardan olacaq…

 

 

Məhsəti Musa

 

 

Yazıya 733 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.