qəribə, bəzən də qəribə olduğu qədər də
qorxulu fikirlər gəlir ağlıma –
bir az da maraqlı fikirlər doğrusu.
gözümü yumuram; məsələn,
ağlıma gəlir ki, uçuram işıq sürətilə.
uçuram hara – bilmirəm – uçuram
və uzaqlaşıram bir göz qırpımında yaşadığım şəhərdən,
yaşadığım şəhərin yerləşdiyi ölkədən, yaşadığım ölkənin
sığındığı kürədən. uzaqlaşıram bir anın içində…
sonra heç nə xatırlamıram.
açıram gözümü; qayıtmışam.
az qala heç kəsi və heç nəyi tanımıram.
məkan tanınmaz dərəcədə dəyişilib.
tanışlar həyatda yoxdu artıq.
məndən sonra doğulanlar qocalıb hətta.
dəyişməyən, deyəsən, mənəm təkcə. ya da
dəyişsəm belə, bu,nəzərə çarpmayacaq dərəcədə.
lakin…
sanki
ömürdən hansısa bir parçanı
salıb itirmişəm.
dəhşətə gəlirəm
və yaşanmış ömrümü gəzirəm
bütün bu dəyişmələr içində.
… – 18.11.2015
***
şair-filosof
şair poetik düşünən filosofdu – deyir Haydeger.
mən də düşünürəm neçə illərdi:
yaranan nə varsa –
tələbdən doğar,
şəkli əks olunar düşüncədə,
sonra yavaş-yavaş istəyə dönər.
həyat var a – asta-asta ölümdü elə düşünsən dərindən,
düşünsən dərindən
sevgi – bir az da nifrətdi, nifrət – bir az sevgi,
sevinc – bir az kədərdi, kədər – bir az sevinc,
xoşbəxtlik – bir az bədbəxtlikdi, bədbəxtlik – bir az səadət.
qələbə – məğlubiyyətdi həm də,
məğlubiyyət – qələbə.
(hər şey ifratda öz tərsinə çevrilər). elə çevrilər
bir də görərsən sevinc kədərə dönüb,
səadət acıya, qələbə məğlubiyyətə
ya da tərsinə – odur ki gəlin şükür edək tale verənə.
varolan – yox olandı,
yoxolan – var olan.
ölüm – həyatın davamı; yoxolma deyil,
şüurun məhsulu – bu yerdə, deyəsən, səhv edər şüur.
şair – poetik düşünən filosofdu.
mən də
düşündüm, düşündüm, düşündüm…
və şeir yazdım:
payız gəldi. saralan yarpaq
elə həmən yarpaqdı,
rəngini dəyişib sadəcə.
payız gəldi yenə də.
saralan yarpaq
endiyi budaqdan uçmaz uzağa.
… – 14.11.2015
***
tələsən adam bəyazlıqda
tez-tez səhra görür – başdan-başa bəyaz, bomboz hüdudsüzluq
və o bəyazlıqda və hüdudsuzluqda nə istəsə yarada bilir xəyalən.
nə böyük yaratmaq gücü varmış boşluğa bürünmüş hüdudsuzluğun –
düşünür hər dəfə tez-tələsik.
yadına gələni bir cəhəti var
şeytanı sevindirən: elə hey tələsir.
bəzən özü də bilmir niyə tələsir, hara və kimə tələsir.
amma elə hey tələsir. tələsir, deyəsən
“ heç nə üçün” “heç hara” və “heç kimə”. tələsir və
elə hey gedir. gedir – hərəkətdə, gedir dayandığı yerdə,
durduğu yerdə, gedir sükunət halında, ətalətdə.
gənclik illəri idi; gəminin göyərtəsində, düz dənizin ortasında
“gedək” – dedi bir neçə yaş özündən böyük əmisi oğluna. bilmədi
hirsləndi, ya gülməyi tutdu əmioğlunun. “indi hara gedək,
burdan o tərəfə dənizdi” – söylədi üzündə anlaşılmaz ifadə. gəmiyə
minəni neçənci “gedək” idi deyirdi ona indi xatırlamır doğrusu.
düz otuz il sonra düşünür kaş təkcə getməyi yox, qayıtmağa da
tələsərdi hərdən. qayıtmağa – məkanlara, zamanlara və adamlara.
qayıdıb dəyişə biləydi kaş bəzi hadisələri. dəyişə bilsəydi, bəlkə də
qərib şəhərlərətez-tez üz almazdı gəmidə bezdirdiyi əmisi oğlu
vəqərib şəhərlərin birində yoluxmazdı ümidsiz xəstəliyə.
düşünür getməyi yox, qayıtmağı da bacarmaq lazımdı bəzən
məkanlara, zamanlara və adamlaraheç nə üçün olsa da belə. qayıdıb
doldurmaq lazımdı kimsəsiz məkanları zamanla və həndəsi
ölçülərinlə, sonrasoyuq divarlara, daşlara üz qoyub alın söykəyib
sıxmaq lazımdı gözlərini yaxşıca.sıxmaq, için bomboş, tərtəmiz olana kimi
sıxmaq gözlərini, sıxmaq…
bəyaz, bomboz hüdudsuz səhra idi içi indi. səhra – bomboş, bomboz, tərtəmiz;
heç nədən, heç kimdən heç nə üçün nə istəsən qur, yarat durmadan tələsik.
… – 23.09.2015
Yazıya 670 dəfə baxılıb