( trilogiya )
2.
Türkün sözü
Sovet tərbiyə metodikası artıq çoxdan tarixə qovuşub. Bu danılmaz bir faktdır. Bu faktın yaxşı, yaxud, pis göstərici olması haqqında fikir yürütməkdən uzağam. Ümumiyyətlə, məsələnin yazımın müzakirə predmetinə çevrilməsini heç istəməzdim. Sadəcə bir şeyi xatırlatmaq niyyətindəyəm: – Sözü gedən zaman çərçivəsindən fərqli olaraq, indi məmə yeyəndən, ( türkün sözü ) pəpə yeyənə qədər hər kəs uşaqları quşların gətirmədiyini bilir. Əlbəttə, bu məsələdə, gündə bir arvad doğuzduran serialların əvəzsiz “xidmətini” qiymətləndirməmək düzgün olmaz.
Biz artıq böyümüşük, – bu da bir faktdır. Və bu fakta söykənərək, yazımın ikinci hissəsini normal qarşılayacağınıza ümid edirəm. Mümkünsə, yazıya soyuqqanlı yanaşın və məni topa tutmazdan öncə, yaxşıca düşünün. Ən azından ona görə ki, söhbət bizim sözümüzdən – türkün sözündən gedir.
Nədir türkün sözü, – bunu da bilməmiş deyilsiniz. Yuxarıda qeyd etdiyim kimi biz böyümüşük artıq. Bilirik ki, türkün sözünə sinonim kimi bəzən türkün məsəli, bəzən də, biədəb məsəli kimi ifadələr səslənir dilimizdə. Sual doğur: – doğrudanmı türkün sözü ancaq biədəb, ədəbsiz ifadələrdən ibarətdir?.. Mübahisə doğuracaq sual olduğu üçün bu məsələnin üzərində də çox dayanmıram. Məqsədim şifahi xalq ədəbiyyatında istifadə olunmuş türkün sözlərinə diqqətinizi çəkməkdən ibarətdir.
Bu tip sözlərin, az da olsa, atalar sözləri və deyimlərə də sirayət etməsi maraq doğurur. Məsələn: “ Qarı işini bitirdikdən sonra,tumanbağını bərkidər”; “Xan məni almışdı, qalmışdı mənimlə yatmağı”; “ Dalına keçən şeylə oyna” və sair. Mən imkanım çatdığı qədər yazımda ədəb normalarına riayət etməyə çalışacağam. Amma sizdən, gətirdiyim sitatları orijinal formada oxumanızı xahiş edirəm. Bu zaman deyilən fikir daha təsirli olur və daha yaxşı həzm olunur.
Türkün sözü atalar sözündən çox, deyimlərdə – gəlişi gözəl sözlərdə daha artıq qabarır. Çox ola bilsin ki, bu kimi ifadələri xalq atalar sözlərinə rəva görməmişdir. Bir neçə nümunəyə diqqət edək: “…. xiyardı – yesən də budur, yeməsən də”; “ … yarıyan bəxtəvər” ; “ Etdin gül kimi nəcisin içinə” və sair.
Bayatılar haqqında, birinci yazımda müəyyən qədər söhbət açmışdım. Daha iki nümunə:
Mən aşiq çəmən yerdə,
Göy yerdə, çəmən yerdə.
Yara köynək olaydım,
Soyunub çimən yerdə.
Diqqət edin: hər şey gözəl, hər şey yerində. Bir sözlə mükəmməl bir əsər nümunəsi. Amma, bəzən bu tip bayatılar, şeir haqqında təsəvvürü zəif olan şəxslər tərəfindən də qələmə alınır. Bu cür nümunələrin nöqsansız ötüşməməsi təbii bir şey:
Mən aşiq haray çəmən,
Göy çəmən, haray çəmən.
Dalaşanda məmələrin,
Olaydım harayçı mən.
Tapmacalarda nəyisə şifrələmək, daldalamaq çox asandır. Bəlkə də elə buna görə türkün sözləri tapmacalarda, atalar sözü və bayatılara nisbətən daha çox işlənir: “ Göbəyim göbəyinə, mıxım dəməyinə”( Əl daşı) ; “Bu sənə, başı sənə, Hər gecə dırmaşı sənə”( Yorğan) ( Nümunələrin yaşı çox olduğuna görə orijinal şəkildə verməyə məcbur oldum.)
Maraqlıdır ki, mövhümatın güclü olduğu dövrlərdə belə, türkün sözü dini tapmacalara yol tapa bilib: “Taxmaq müstəhəbdir, oynatmaq vacib” ( Dəstəmaz alarkən üzüyü oynatmalısan ki, altına su keçsin); “Kişilərə bir qarış, qadınlara kipləmə” ( Namaz zamanı ayaqların vəziyyəti)
Türkün sözünün, deyərdim ki, daha çox at oynatdığı meydan lətifə və məsəllərdir. İllər öncə onları toplamaq qərarına gəlmişdim… Məlum: əksər işlərim kimi, bu işi də yarımşıq buraxdım. Bu tip nümunələrin toplanıb kitab halına salınmasının, qonşu Türkiyədə praktiki həll variantının olmasından xəbərim var. Əslində, böyük el sənətkarı C. Qaryağdıoğlunun təbiri ilə desək, bu xalqın malını xalqa qaytarmaqdan bağqa bir şey deyil. Yüzlərlə lətifə nümunəsi göstərmək mümkün olduğu halda, bircə nümunə ilə, diqqətimi çəkən məsələni sizlərlə bölüşmək istəyirəm:
“ Kişi evində saxladığı cənublu qonaqla arvadının xəyanətindən xəbər tutsa da, bunun üstünü vurmur. Qonağı hörmətlə yola salıb, Araz çayından keçirərək qayıdır. Arvad ərindən: “ – Ay kişi, görəsən qonaq bizdən narazı getmədi ki?” – deyə soruşduqda, kişi cavab verir:
-Ay arvad, qonaq yedi qazı, etdi Şahnazı, keçdi Arazı. Qonaq nədən getsin narazı? “
Türkün sözləri ilə zəngin olan lətifələr adətən xəyanətdən, xüsusi ilə də, arvadın ərinə xəyanətindən söhbət açır. Maraqlı orasıdır ki, lətifələrdə xəyanətin sonu, həyatda olduğu kimi faciə ilə bitmir. Sanki xalq böyük bir dərdə- xəyanətə gülməklə təsəlli tapır, yüngülləşmək istəyir.
Məsəllər və türkün sözü,- paradoks nəzərə çarpır. Haqq qazandırmağa çalışaq: – “ Ədəbi ədəbsizdən öyrən.” Məşhur bir məsəldə , bildirçinin balasına dediyi ifadəni duymamış olmazsınız. Xatırladıram: “ – Bala, bizdə ki bu dal var, hara getsək oranı pis günə qoyacağıq.”
Aşıq şeiri haqqında söz salıb, Qurbaniyə qədər getmək fikrim yoxdur artıq. Bu dəfə hədəfim müasir şeir nümunəsi olacaq. Şeir mərhum sənətkar Əli Səfəroğluna aiddir. Mühakiməni sizlərin ixtiyarınıza buraxmaq fikrindəyəm. Diqqətimi çəkən bir müqayisəni isə qeyd etməyə bilmirəm: – İstər klassik aşıq şeirində, istər bayatılarda qurşaqdan aşağı vurulan zərbə ilə qarşılaşmamışam…
Bir xanıma qonaq getdim,
Qapını döydüm, tıqq elədi.
Yavaş-yavaş gəlib açdı,
Açar yeri çıqq elədi.
Dedim: “- Ay qız,”
Dedi: “- Nə var?”
Dedim: “- Məni üzüb qübar.”
Dedi: “-Ayrı nə dərdin var?”
Hirsli-hirsli hıqq elədi.
Keçdim soluna-sağına,
Əl uzatdım gül bağına.
Əlim dəydi qabağına,
Fərə kimi qıqq elədi.
Qaldım onu quca-quca,
Yavanlıq nə gərək aca.
Ceyran körpə, aslan qoca,
Çəkdim belin şıqq elədi.
Məclis qızdı bala-bala,
Səfəroğlu gəldi hala.
Fırlanıban keçdim dala,
Bircə dəfə mıqq elədi.
( Şeir nümunəsini it-bat olmağa qoymayan Aşıq Əhlimana dərin təşəkkürümü bildirirəm.)
P.S. Yəqin ki, birinci yazı ilə ikinci arasındakı ziddiyyət nəzərinizdən qaçmadı… Qısa bir arayış verim: Bu iki yazı, belə demək mümkünsə, kəşfiyyat xarakteri daşıyır.
Sonluq haqqında hələlik bir şey deyə bilərəm: – Bu düşündüyünüz kimi olmayacaq.
MAY, 2013
Yazıya 1194 dəfə baxılıb