Orxan İsmayılov –Ah, kasıblar!

orxan
Səməd – (ata) 46 yaş
Mehparə – (ana) 46 yaş
Əlibəy – (oğul) 20 yaş
Şükranə – (qız) 17 yaş

Bipərdəli pyes

(Təmirsiz köhnə tikili. Hörümçək toru basmış çilçırağın yeganə lampası közərir. Otağın küncündə 2 metal çarpayı, yanında kətil var. Kətilin üstündə qarışıq kombinasiyalı adlar və rəqəmlər cızılmış kağız-kuğuz qalaqlanıb. Taybatay açıq böyük pəncərənin qabağında şirəli ağac qabığından stol, ətrafında 3 stul var. Mehparə və Əlibəy masanın sol küncündə, Mehparənin cehizlik taxtında oturublar. )

Əlibəy – (hiddətlə) Cəmi bir oyun!
Mehparə – Futboldan zəhləm gedir. Lap əmim qızları kimi.
Əlibəy – Biz 150 manatı bütün Qərbi dolaşıb, Turində itirdik.
Mehparə – Pirr qələbəsi olacaqdı. Ay əvvəl atan 100 manatı da Napaleonun məzarında səhləb çiçəklərinə qurban vermişdi.
Əlibəy – Deyəsən o, gəldi.
(Qapı açılır. Səliqəsiz saçlı, qolları dirsəyəcən çırmanmış kişi içəri girir. )
Səməd – Çox yorğunam. Bir fincan qəndsiz çay olsaydı…
Mehparə – (ah çəkir) Əzizim, qəndimiz olmadığını kəsdirə bilmisən.
Səməd – Yəqin.
Əlibəy – Ata.
Mehparə – Şəkər tozu və boyadan xırda şirnilər hazırlamışam.
Səməd – Ah, (təbəssümlə əlini qaldırır) sən çox bacarıqlısan. İndi şirni ilə çay içəcəyik.
Əlibəy – “Keçilər” təkcə çayır tıxışdırmağa getməslər…
Mehparə çıxır.
Əlibəy – …biz udarıq.
Səməd – Gör necə yaxşı səslənir?! İşsizliyin alt paltarına çevrildiyi vaxtda bir neçə manat rütubətli ciblərimizi hərarətləndirər.
Əlibəy – Qazanarıq. Qazanacayıq.
Səməd – İstəyiriksə bacarmalıyıq. Təvazökar məntiq budur.
Əlibəy – Dəyirmi toplar köməyimiz olsun.
Səməd – Bir də… Gənc, üzündə “biz kasıb olsaq belə bunun sizə dəxli yoxdur!” ismarıcları sezilən qız otağa daxil olur.
Şükranə – Salam.
Səməd – Yorğun görkəmin var, qızım.
Əlibəy – Anamıza kömək et, fincanlarla çox əlləşməsin.
Səməd – (uca səslə) Mətbəxdə yaman ləngidin.
(Mehparənin səsi eşidilir.)
Mehparə – Bizim mətbəximiz yoxdur. Bura heç…hamam da deyil.
Əlibəy – Haqlıdır.
Səməd – Əlbəttə, onu uçurmayacağıq.
Əlibəy – Səriştəsiz əyləncə olardı.
(Mehparə və qızı çayları gətirir.)
Şükranə – Hamısı bir-birini yamsılasa da dadlı şirnilərdir.
Mehparə – Mənim əkizciklərim!
Əlibəy – Anacan, sən ətsiz kələm dolmasının da necə hazırlanacağını bilirsən.
Şükranə – Və kələmsiz. Qürurlu ailə üzvləri nəhəng dünya nemətlərini girdə fincanlara yerləşdirmək bacarıqlarını teatrlayırlar. Hər qırmızı şirni çatlamış ümidlərin rəngidir.
Səməd – Məni işdən kənarlaşdırdılar. Amma təzəsini taparam.
Mehparə – Bilmirəm, bu xəbərdə yaxşı nə axtarmalıyıq.
Şükranə – “Təzəsini taparam”. Atamız demək istəyir ki, biz acından ölməyəcəyik. Axı dünyada iş və vicdanlı adamlardan çox nə var?
Mehparə – İş elanları.
Əlibəy – Tapar.
Səməd – Mənim bacarıqlarım çoxlarının düşündüklərinin hamısıdır.
Mehparə – Əzizim, biz sənə inanırıq. Bunu dəqiq bilirəm. Əlibəy universitetdə öyrəndiklərindən əlavə sənin hüdudsuz qürurunu mənimsəməlidir.
Səməd – Qızımız isə sənin heçnədən çox şey yaratmaq istedadını.
Şükranə – (gülür) Mən bir neçəsini artıq bilirəm. Məsələn, paxla şorbasına yağ əlavə etməmək də olar. Şəkər tozu varsa, qəndlər bizim çayımızda əriməyi hələ çox gözləməlidirlər.
Səməd – Mən elə sabahdan başqa nömrəli avtobusdan istifadə edəcəm.
Əlibəy – (çılğıncasına) Atacan, bir gün istirahət sənə çox yaraşar. Biz indicə 200 manatı qazandıq!

Son

Yazıya 741 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.