Musa Ələkbərli – Baharda sevgisiz yaşamaq olmur (şeirlər)

musa əşların cəh-cəhi sökür bağrını,

Qatır nəğməsinə ürək ağrını.

Sevdasız bir ömrün görüb axrını,

Baharda sevgisiz yaşamaq olmur.

 

Gözəllər bir yandan, güllər bir yandan,

Məhəbbət süzülür ilikdən, qandan.

Hər gün can ayrılır elə bil candan,

Baharda sevgisiz yaşamaq olmur.

 

Oğul istəyirəm bu dağa dözsün,

Dizinin təpəri sınağa dözsün.

Qoy ağ saçların da qınağa dözsün,

Baharda sevgisiz yaşamaq olmur.

 

O gözəl baxışdan aldığın yara,

Bir eşqin üstündən xətt çəkir qara.

Gözəllik gözündə çəkilir dara,

Baharda sevgisiz yaşamaq olmur.

 

Ovçu o ceyranı qova səmtinə,

Səmtinə düşəsən ova, səmtinə.

Gedək leyləklərin yuva səmtinə,

Baharda sevgisiz yaşamaq olmur.

 

Hər tərəf çiçəkdir, hər tərəf güldür,

Mehrinə ürək qıy, o gülü güldür.

Ilahi sən məni baharda öldür,

Baharda sevgisiz yaşamaq olmur.

 

 

 

MƏNƏ  O SALAMI KÜLƏKLƏ GÖNDƏR…

 

Ayüzlüm, nə yaxşı üzə güldü bəxt

Ismarınc salamın gəldi, yetişdi.

Göndərən sağ olsun, gətirən xoşbəxt,

Bir də o arzuya düşsən sən işdi…

 

Onda o salamı küləklə göndər,

Necə əsməyindən duyacam onu

Ərklə yola sal, ürəklə göndər,

Tutiyə, təbərrik sayacam onu

Öpüb gözüm üstə qoyacam onu.

 

Yağan yağışa de, dolan buluda,

Qısqanc sevgiləri qoy unutmasın.

Çıxaq birdəfəlik qara-qorxudan,

Heç kəs bu salamdan xəbər tutmasın.

 

Yenə payız gəlib – hər dərdə ortaq,

Yaz eşqim deyir ki, bu dərd son olsun.

Budaqdan üzülən sonuncu yarpaq

Bizim aramızda poçtalyon olsun.

 

Yersiz yalvarış da, qürur da saxta,

Kişi çox incəlməz qadın yanında.

Ögeylik çəkirik doğma ocaqda

Bizim ikimiz də yadın yanında…

 

Soyulur sinəmin odu, atəşi,

Bəxti, iqbalı da yatan görürəm.

Hər gün siz tərəfdə doğan günəşi

Hər gün biz tərəfdə batan görürəm.

 

Ayüzlüm, aya de nə sözün varsa,

O mənə çatdırar işıq dilində.

Xəzərdə dalğalar haray qoparsa

Qağayı ruhumu gəz sahilində.

 

Bəlkə də bu istək yaşanır hədər,

Bu yerdə yersizdi kədər də, qəm də.

Sən mənə yaxınsan o işıq qədər,

Işıq ili qədər uzaqsan həm də.

                                     15.10.2016

 

MƏLƏYİ

 

Qaldı zirvələrin yalçın belində,

Qoynuna çəkmədi dərə mələyi.

Bu dəli sevgimin ağlı olmadı

Göydən ulduz kimi dərə mələyi.

 

Könül ovsanmadı tapdığı ovnan,

İllərlə yaşadı ”xəyal-plov”nan.

Kimdi sənə qıyan bu qaçdıqovnan,

Gərək tanrı özü verə mələyi.

 

Heç kəsin gözündə nəm olmazıydı,

Bunca həsrət olmaz, qəm olmazıydı.

Mələklər dünyada kəm olmazıydı,

Evində görsəydi hərə mələyi.

 

Bir gözəl görüncə qəşş eləmişik,

Hüsnünü ürəyə nəqş eləmişik.

Çoxumuz göylərə bəxş eləmişik,

Orda axtarırıq hələ mələyi.

 

Ay Musa, qəlbində yasdı, hüzrdü,

“Üzrün” günahından betər üzrdü.

Gənclik ötüb keçdi, ömrün üzüldü,

Endirə bilmədin yerə mələyi.

 

28.10.2016

SEVGİ İSTƏYİRƏM…

 

          Sevgi istəyirəm – tanrı sevgisi

Həyat sevgisini məndən almasın.

Musa Ələkbərli

 

Sevgi istəyirəm, bir qız sevgisi,

Bənövşə gözləri ruhumu çalsın.

Göylərə çəkəndə ulduz sevgisi

Məni boşluqların əlindən alsın.

 

Ağlayan qəlbimi qəlbən güldürüb,

Gələn qocalığı yolda əyləsin.

Yerdə olmağımı yerə bildirib,

Göydə uçmağımı göyə söyləsin.

 

Nəğməyə çevrilən şaqraq gülüşü

Təkcə mənim üçün oxuna bilsin.

Şıltaq dələ kimi atılıb, düşüb

Ən zərif hissimə toxuna bilsin.

 

Od saçan gözləri doğan səhərim,

Qapqara telləri zülmətim olsun.

Daddıqca dadlansın barı, bəhəri,

Ondan üzülməyim çox çətin olsun.

 

Cırnadıb ağladım, göz yaşlarını

Şərab əvəzinə içim məst olum.

Ləzzətlə seyr edim təlaşlarını,

Belinə kəmərtək dolansın qolum.

 

Yanımdan yan ötsün qanlı süngüsü,

Əzrayıl qoy hələ yada salmasın.

Sevgi istəyirəm – tanrı sevgisi

Həyat sevgisini məndən almasın.

 

Döngəyə, dalana dirənir bəzən

Adamı hardasa yollar ləngidir.

Dünyaya ürəklə bağlana bilsən

Yaşın hər çağında sevgi sevgidir.

 

Sevgi istəyirəm qəlbə dəyməyən,

Bənzəri, oxşarı olmayan sevgi.

Yaşın yaş hökmünə boyun əyməyən,

Bütün fəsillərdə solmayan sevgi.

 

Demə bu sevgidən payım az olub,

Demə ki sıxlaşıb başımın çəni.

Sevdiyim gözəllər əlçatmaz olub,

Əlçatmaz sevgilər yaşadır məni!

 

12.12.2016

 

MƏN MƏNİ SEVƏNİ TAPA BİLMƏDİM

 

Məni candan sevən bir gözəl pəri,

Qəlbimdə göynəkdir illərdən bəri.

Qolumda duysam da Fərhad təpəri,

Hökm edib o dağı çapa bilmədim,

Mən məni sevəni tapa bilmədim.

 

Könlümü ovutdum kağız, qələmlə,

Keçirdim ömrümü dərdlə, ələmlə.

Bir söz arısıydım şəhdi-şirəmlə

O duyğusal qəlbə hopa bilmədim,

Mən məni sevəni tapa bilmədim.

 

Axır ki, yollardan gözümü yığdım,

Sonsuz bir həsrəti köksümə sıxdım.

Yüyürüb ömrümün sonuna çıxdım,

Yenə bu yanğıdan qopa bilmədim,

Mən məni sevəni tapa bilmədim.

 

Görmədim, o gözəl yanımdan keçdi,

Ruhumdan adladı, qanımdan keçdi,

Bir çılğın, dəlisov anımdan keçdi,

Könlündə minarə yapa bilmədim,

Mən məni sevəni tapa bilmədim.

 

Neynim, tay bildiyim tayım olmadı,

Bu yolda addımım qayım olmadı,

Əsil məhəbbətdən payım olmadı,

Nə imiş o zövqü-səfa, bilmədim,

Mən məni sevəni tapa bilmədim.

 

 

Bu ağrı mənimdi, bu günah mənim,

Yarımdı sinəmdən qopan ah mənim,

Təkmi yaratmışdın, ay allah məni,

Sevgiymiş verdiyin cəfa bilmədim,

Mən məni sevəni tapa bilmədim.

 

Gözəllər gözümdə sıralandılar,

Məndən ara görüb aralandılar,

Bir-bir seyrəldilər, uralandılar,

Ardınca ağ atı çapa bilmədim,

Mən məni sevəni tapa bilmədim.

 

Sevdim, sevdiyimin yerinə sevdim,

Cumdum dəryasında dərinə, sevdim.

Çevrildim məhəbbət pirinə sevdim,

Yolum eşq yoluydu, sapa bilmədim,

Məni bu yaşımda o yandırır ki

Ilahi bir qüvvə inandırırki

Mən məni sevəni tapa bilmədim.

 

2.01.2017

 

A GÜLLÜ

 

Tovuz kimi qalxdı çeşmə başından

Bütün gözəllərin gözəli Güllü.

Almadı yanağın, büllur buxağın

Dodaqların meyli-məzəli Güllü.

                                                              Aşıq Ələsgər

 

Gül dodaqda gülə dönən misralar

Ürəyimdə çiçək açdı, a Güllü.

Bu doğmalıq iliyimə işlədi,

Qəlbim acdı, ruhum acdı, a Güllü.

 

Göz tutursa, ürək gərək inana,

Kibrit çəkmək artıq işdir yanana.

Hansı yaşda olur olsun, insana

Sevgi əzəl ehtiyacdı, a Güllü.

 

İtiyini vaxtsız gəzən oğlanam,

İnanmazdım bu yaşımda oxlanam.

Atılsam da, yayı sınmış oxdanam,

Hədəf üçün güman azdı, a Güllü.

 

Göz oxşayan gözəlliyə əl açım,

O kitabı varaq-varaq gəl açım.

Gendən baxıb qovrulmaqdı əlacım,

Bu nə işvə, bu nə nazdı, a Güllü?!

 

Düşünəndə ömür elə bir ovdu,

Ömürlük də bir ocağa girovdu.

Yolum buzdu, sırsıradı, qırovdu,

Yer şaxtadı, göy ayazdı, a Güllü.

 

Bitən deyil gözəllərin tərifi,

Necə öyüm səntək hüsnü-şərifi?!

Əvəzindən Ələsgərin, Vaqifin

Şeiri sənə Musa yazdı, a Güllü.

 

24.01.2017

 

NECƏ AĞLAMALI BAXTIM VAR İMİŞ

Necə ağlamalı baxtım var imiş,

Dərdin zirvəsində taxtım var imiş.

Sən demə deməyə “vaxtım” var imiş,

Deyə bilmədiyim o sözü, Allah.

 

Bitməyir bu bitməz sevgi nağılı,

Olub-qalan dünyam uçur, dağılır.

Əgər alırdınsa başımdan ağlı,

Mənə çox görəydin bu gözü, Allah.

 

Haqsızdı, gecikmiş gileyim haqsız,

Günüm haçan keçdi fəryadsız, ahsız?!

Mən ki, alışanam odsuz, ocaqsız,

Neynirdin bu odu, bu közü, Allah?!

 

Bir eşqin həsrəti girib qoluma,

Qızıma danışım, yoxsa oğluma?!
Keçilməz dağları düzdün yoluma,

Sinəmə dağ oldu “yar” sözü, Allah.

 

Qoy qanım göllənsin qaya daşında,

Qartala yem olum dağlar başında.

Aşiq yetirirsə yetmiş yaşında

Deməli cənnətdi yer üzü, Allah.

 

Kimsəni Musa tək duymamısan sən,

Eşqini nagüman qoymamısan sən.

Dünyada heç kəsə qıymamısan sən,

O məni göynədən gül üzü, Allah!

 

 

PƏNCƏRƏ

 

O hansı ay idi, aylandın, gülüm,

O hansı gün idi nurunu saçdın?!

Bir anda gülləndi çəmənim, çölüm,

Könlümdən dünyaya pəncərə açdın.

 

Heyrətlə boylandım günəşə, aya,

Köksümdə tufanlı dəniz göründü.

Mən o pəncərədən baxdım dünyaya,

Dünya saf göründü, təmiz göründü.

 

Aman istəmədim, ilhamdan aman,

Boş-boş uydurmadım dağdan, dərədən.

Qapılar üzümə bağlanan zaman

Gəldi şeir payım o pəncərədən.

 

Yaşadı bir eşqin günahı məndə,

Bir göz qırpımında zaman ötüşdü.

İllərin üstündən körpü çəkəndə

Həmin pəncərəmi yadına düşdü?!

 

Bəzən o pəncərə tutuldu daşa,

Puç oldu həyatın zövqü, səfası.

Çevrildi yuvadan perikən quşa

Kişi sədaqəti, qadın vəfası.

 

Ay ovçu, ovun ki keçib bərədən,

İçindən ovulma gəl naşı-naşı.

Çətin canlanacaq o pəncərədə

Deyə bilmədiyin sözün yaddaşı.

 

 

Gərək ürək dönə daşa, dəmirə,

İndi göynəyirəm kamansız, udsuz.

Necə qısa deyim axı bu ömrə,

Sevgi nəhayətsiz, istək hüdudsuz…

 

Görüşdük, yetişdim imana, dinə,

Qəlbim şan-şan oldu titrək səsindən.

Şüvərək bir oğlan boylandı sənə

O ötən illərin pəncərəsindən.

 

Yaş ötür, sovuşmur başımın çəni,

Taleyin hökmündən qaçmaq olarmı?!

İllər toz bağlayan o pəncərəni,

Dünyaya təzədən açmaq olarmı?!

 

09.06.2017

 

 

SƏNƏ TƏRƏF

 

Boğazıma çökür ürək,

Məni içdən sökür ürək…

Əl-qolumu dəstələyib

Sən tərəfə çəkir ürək!

 

Bir-birinə dolaşsa da,

Səndə bitir əriş-arğac.

Qərinələr yolçusuyam,

Can yorğundu, duyğular ac.

 

Son payıza sıfqarılan

Baharın ağ şəlaləsi.

Şehdən doymuş çəmənlərin

Qəribsəyən tək laləsi.

 

Səndən keçir bütün yollar,

Məni çəkir sənə tərəf.

Bir dəlisov hökm oxuyur

Varlığıma hopan tələb.

 

Sən tərəfdə ümid, işıq,

Sən tərəfdə coşqu vardır.

Yaşın hər bir məqamında

Sevən kəslər bəxtiyardır!

 

20.06.2017

***

 

Çətin qorxudarsan can almaq ilə

Canı boğazına yığılan kəsi.

Abırdan-həyadan saldı bu dövran

Abır-həyasına sığınan kəsi.

 

Nə göy səda verir onun səsinə,

Nə yer dayaq durur yaşam bəhsinə.

Mələklər də almır himayəsinə,

Belə yanan kəsi, yaxılan kəsi.

 

Daha o havanı çaldıra bilməz,

Hansı kökdə dinsə aldıra bilməz.

Heç çərxi-fələk də qaldıra bilməz

Eşqin zirvəsindən yıxılan kəsi.

 

QOVUŞA BİLMƏDİM O MƏHƏBBƏTƏ

 

Dağ idim, düzlənə-düzlənə qaldım,

İçimdən közlənə-közlənə qaldım.

Mən ondan gizlənə-gizlənə qaldım,

Qovuşa bilmədim o məhəbbətə.

 

Axdı iliyimdən, keçdi qanımdan,

Hər gün can ayırdı mənim canımdan.

Simurq quşu idi, uçdu yanımdan

Qovuşa bilmədim o məhəbbətə.

 

Dərdilər mənimçün açılan gülü,

Göynədim bir ömür boynu bükülü.

Ayrıldı Əslinin, Kərəmin külü,

Qovuşa bilmədim o məhəbbətə.

 

Elə gözləyirdim göylərdən enə,

Onunla yetişəm imana, dinə.

Kəm baxa bilmədim Məcnun eşqinə,

Qovuşa bilmədim o məhəbbətə.

 

Gedib  səmalarda çadır qursa da,

Odlu şimşəkləri sovuşdursa da,

Ruhumu tanrıya qovuşdursa da,

Qovuşa bilmədim o məhəbbətə.

 

SEVGİMİ

 

Gəl məni əfv elə başına çevir

Yenə dil-dil ötən quşuna çevir.

Son anda gözünün yaşına çevir

Daş üstə çiçəktək solan sevgimi.

 

Ağrı yara vurar, dərd çapar məni,

Əgər sən itirsən kim tapar məni?!

Apar bu dünyadan, tez apar  məni,

Gətirmə dünyaya yalan sevgimi.

 

Tufana tapşırıb, küləyə tuşla,

Hədəfə yönəldib, sürəyə tuşla.

Dərddən çat-çat olan ürəyə tuşla

Buludtək qaralıb dolan sevgimi.

 

Yüz dəfə, min dəfə vurulum yenə,

Sevəndə gəlirəm imana, dinə.

Tanrım, ömür boyu çox görmə mənə,

Mənim insanlara olan sevgimi.

 

***

 

A mənim can qıydığım

Əzrayılın əvəzi.

Sənsən təkcəm, yeganəm

Eşqim, arzum, həvəsim.

Sənsən mənim həyatım

Əlçatmaz uca eşqim.

Verməz sənin yerini

Bu dünyada heçcə kim!

 

 

 

GƏLDİ GETDİ

 

Görən niyə bu qədər havalandım, ay allah,

Havasız otağımın havası gəldi getdi.

 

Əlim sinəmin üstə dava-dərman gəzirdim,

Yaralı ürəyimin davası gəldi getdi.

 

Şirin xəyalı ilə xoşbəxt olduğum gözəl,

Xəyali xoşbəxtliyin səfası gəldi getdi.

 

Elə yaşadım ki mən bir anın sevincini

Ağır, çətin illərin cəfası gəldi getdi.

 

Ay boylandı üfüqdən, bulud gizlədi qəfil,

Dünyanın yaddaqalan vəfası gəldi getdi.

 

 

****

 

Bulanıq bulağam, durulmalıyam,

Yatmış bir saatam qurulmalıyam,

Mən sənə təzədən vurulmalıyam,

Sənə vurulmamaq olmur Vallahi.

 

Sevgi bir bəladır qarşımdan çıxır,

Ötən yaş gözümün yaşından çıxır

Yenə tüstü mənim başımdan çıxır,

Sənə vurulmamaq olmur Vallahi.

 

Axı çəkdiyin qəm doğma qəmimdi,

Onu necə qıyım sənə kəm indi?!

Zaman dəyişsə də, könlüm həmindi,

Sənə vurulmamaq olmur Vallahi.

 

Möcüzə budur ki, gözüm nuru, sən,

Yenə əvvəlkitək safsan, durusan.

Könlümdə təptəzə evcik qurursan

Sənə vurulmamaq olmur Vallahi.

 

Yaralı qəlbimin davası gəlib,

Çəkdiyim cəfanın səfası gəlib.

Başıma Məcnunluq havası gəlib,

Sənə vurulmamaq olmur Vallahi.

 

Sanmıram sözünə “bəli” desinlər,

“Üzülüb hər yandan əli”,- desinlər.

Qoy elə Musaya dəli desinlər,

Sənə vurulmamaq olmur Vallahi!..

***

 

Bu payıza sevgi qatsaq,

Göz yaşları quruyarmı?

Yorğun-arğın xatirələr

Dinclik tapıb uyuyarmı?

 

Sevgisinə əmin biri,

Qarşındadır həmin biri.

Cəsarəti kəmin biri

Yolun üstə quruyarmı?!

 

Bizimçünmüş bu daş, qaya,

Niyə gəldik bu dünyaya?!

Qurdumuz üz tutub aya

Görən bir də ulayarmı?

 

Bal dadana bəla versək,

Duyğuları yola versək.

Bu yaşda qol-qola versək

Kimsə bizi qınayarmı?!

 

Mənim xəyal sevgim

 

Daşlaşmış ruhumda çiçək bitirdin,

Keyləşmiş əlimi haqqa yetirdin.

Ömrümə ayrı bir ömür gətirdin,

Mənim xəyal sevgim, xəyali sevgim,

Abırlı, ismətli, həyalı sevgim.

 

Bu da bir taledi, qismətdi, baxtdı,

Canımın göylərlə əlləşən vaxtı

İndi ürəyimdə qurmusan taxtı

Mənim xəyal sevgim, xəyali sevgim,

Abırlı, ismətli, həyalı sevgim.

 

Baxıb sinəmdəki dağıma gəldin,

Qar almış düzümə, dağıma gəldin,

Sən niyə bu kövrək çağıma gəldin

Mənim xəyal sevgim, xəyali sevgim,

Abırlı, ismətli, həyalı sevgim.

 

Çıxsaq axırına olar-olmazın,

Köksünü cırsaq biz kədərin, yasın.

Əynində od tutar o tül libasın

Mənim xəyal sevgim, xəyali sevgim,

Abırlı, ismətli, həyalı sevgim.

 

 

              Sən qeyri-adisən…

 

Sən qeyri-adisən, qeyri-adisən

Payızda gül açan yaşıl vadisən.

Retro bir nəğmənin əski adısan,

Ürəyimdə bəslən, qurbanın olum,

Qulağımda səslən, qurbanın olum!

 

Sən adi olsaydın mən bu dərdimi

Açardım… Dizlərim heç əsərdimi?!

Ürəksiz yazılan heç əsərdimi?

Ürəyimdə bəslən, qurbanın olum,

Qulağımda səslən, qurbanın olum!

 

Payızda kövrəyəm buluddan betər,

Dünya sıxır məni sükutdan betər,

Cansızam gəzəri tabutdan betər,

Ürəyimdə bəslən, qurbanın olum,

Qulağımda səslən, qurbanın olum!

 

Duyğu dənizisən, dərd adasısan,

Könül nəğməsisən, qəlb odasısan.

Bax indi hayıma sən çatasısan,

Ürəyimdə bəslən, qurbanın olum,

Qulağımda səslən, qurbanın olum!

 

Kimdi bu töhməti götürən indi,

Məni o ağ yola ötürən indi?

Adını duatək ötürəm indi,

Ürəyimdə bəslən, qurbanın olum,

Qulağımda səslən, qurbanın olum!

 

 

Gözəllik deyilən gözün yağıdır,

Ya da ki, eləcə bir göz dağıdır,

Yaşımın ağrılı, kövrək çağıdır,

Ürəyimdə bəslən, qurbanın olum,

Qulağımda səslən, qurbanın olum!

 

Bir vaxt uzaqlaşan taleyin əli

Səni bu günümə gətirib gəlib.

Mən elə dəliyəm, indi də dəli,

Ürəyimdə bəslən, qurbanın olum,

Qulağımda səslən, qurbanın olum!

 

Yəqin bu görüşü Tanrı görk edir,

Nadinc taleyimiz bizə ərk edir.

Sevdikcə dünyanı Musa dərk edir

Ayrı bir həvəsnən qurbanın olum,

Ürəyimdə bəslən, qurbanın olum,

Dodağımda səslən, qurbanın olum!

 

DOĞMALIQ

 

Qərənfil büründü qəm libasına,

Döndü göz yaşına, axdı doğmalıq.

Doğradı yolları çarxı qatarın,

Mənə doğmasıtək baxdı doğmalıq.

 

Min ildi gəzirdim bu doğmalığı,

Bu xoş təbəssümü, səsi, qılığı.

Taledi tanrının bu yaxşılığı,

Qismətdi doğmalıq, baxtdı doğmalıq.

 

Gəl bu doğmalığa təzə ad verək,

Bizi uçurana qol-qanad verək.

Həyatım, qoy ona biz həyat verək,

Bir gün deməyək ki, batdı doğmalıq.

 

Min acı yemişəm, qəhər çəkmişəm,

Tükənib qəlbimdə təhər, çəkmişəm.

Mən onun uğrunda nələr çəkmişəm,

Ürəyimə düşən çatdı, doğmalıq.

 

Qəlbimə dayaq ol, ruhuma həyan,

Nə yaxşı görüşdük, ay məni duyan.

Gözümdə bir az da böyüdü dünya,

Dünyada bir az da artdı doğmalıq.

 

Mən də ki qorxacaq, qısqanc, çəkinən,

Necə əl uzadım bu gül ləkinə?!

Bir anda işlədi yerin təkinə,

Ən uca ulduza çatdı doğmalıq.

 

 

Yolunda sadağa qoyub da canı,

Bir ömür gözlədim bu xoşbəxt anı.

Dünyadan alıb da şair Musanı

Başqa bir dünyaya atdı doğmalıq.

 

FİRUZƏ

 

Bir gecənin külə dönən yuxusu

Ürəyimdə ocaq çatdı, Firuzə.

İllərdir ki, qövr eləyən yaram var,

Dərd sinəmdə qatbaqatdı, Firuzə.

 

Tək olsam da cüt çəkilən adım var,

Qəsdə duran, yağı olan yadım var.

Vaxtı ötmüş atılmalı addım var,

Yer-yerindən qəlbim çatdı, Firuzə.

 

Bu bənzərsiz gözəlliyin, saflığın,

Gizli qalan qəmi varmış bir yığın…

Ömür  keçir… şəriksizdi yastığın,

Şair ruhum narahatdı, Firuzə.

 

Ayrı düşən doğmalarıq… sevgi, biz,

Saf qəlbinə salmadımı sevgi iz?

Yaşanılan nə ömürdü sevgisiz,

Ötüb gedən nə həyatdı, Firuzə?!

 

İstək daşır, ümid yağır gözündən,

Qubarlandım o “tənhayam” sözündən.

Qor götürüm ocağından, közündən,

Ruhumda bir çathaçatdı, Firuzə.

 

Qərənfili dəst görüncə qarşında,

Nəsə duydum, şimşək çaxdı başımda.

Gölə dönən gözlərinin yaşında

Diləgəlməz arzum batdı, Firuzə.

 

 

Kömək olsun o yaradan, o göylər,

Alov geysin tüstülənən kösöylər.

Bura qədər dediklərim bəs eylər,

Demədiyim sənə çatdı, Firuzə.

 

Payız ömrüm, qıyma vaxtsız sarala,

İnsafdımı gül ömrünü xar ala?!

Sənin kimi bir duyğusal marala

Bu hörmətdi, iltifatdı, Firuzə!!!

BİR QATAR YOL GEDİR

 

“İnsafsız bələdçi demir çatmısan,

Hələ də yol gedir qatar ürəyim.

Mənim ürəyimə elə yatmısan,

“Yox” desən inan ki, yatar ürəyim.”

M.Ələkbərli

 

Qoynundan bir qatar uçurar Bakı,

Üzü qərbə tərəf sökər yolları.

Paralel xətləri bağrına basar,

Mənim istəyimin çarpaz qolları.

 

Doğma obalara yol alar qatar

Ürəyim qəşş edər doğmalıq üçün.

Bilməzdim harayım tanrıya çatar

Ən doğma kəsimi yetirər bir gün.

 

Bilməzdim taleyim, bəxtim beləcə

Üz-üzə əyləşib üzümə gülsün.

Ömrümə bir ömür artırsın gecə

Dan yeri gözümdə belə sökülsün.

 

Qəlbimdən keçənlər ona əyandı,

Ən saf diləkləri tanrı eşidir.

Mən onun görkünə qəlbən inandım

Doğrudan bu görüş tanrı işidir.

 

Bir ömür ömrümü qana döndərib

Bitib-tükənməyib əskik-gərəyi.

O qurban olduğum axır göndərib

Şair sevgisinə layiq mələyi.

 

Talemi xoş üzlə məni dindirib

Bəxtin günəşimi nurunu saçdı?!

İlham pərisini yerə endirib

Göylər yaxasını üzümə açdı…

 

Saflığın ilahi sehrinə uydum,

Çox da ki, görmüşdüm ilk kərəm onu.

Bu hissin mən elə zövqünü duydum,

Nə Məcnun duymuşdu, nə Kərəm onu.

 

Cırmışam köksünü kədərin, yasın,

Sevincim hər cürə dərdə qənimdi.

Olsun ki, o gözəl mənim olmasın,

Ancaq indən belə dünya mənimdi!

 

ÜZÜYÜMÜN QAŞI FİRUZƏSİZDİ…

 

“Üzüyümün qaşı firuzədəndir…”

Bir mahnıdan

 

Nə zaman ki ona yetişdi əlim,

Qaşına baxmadım onda mən dəli.

Barmağım üzüyə əsir düşəli

Üzüyümün qaşı firuzəsizdi.

 

Seçmədim əməlli-başlı üzüyü,

İndi ürəyimdə daşdı üzüyüm.

Ömürtək itirdim qaşlı üzüyü,

Üzüyümün qaşı firuzəsizdi.

 

Tanrı zülm edəli, bəndə düşəli,

Taleyim kələyə, fəndə düşəli.

Barmağım qızılı bəndə düşəli

Üzüyümün qaşı firuzəsizdi.

 

Könlümdə boy verir incə bir duyum,

Bəlkə günahımı onunla yuyum?!

Mən də bu mahnını belə oxuyum:

“Üzüyümün qaşı firuzəsizdi…”

 

***

 

Heyran olub baxışına tutmuşam,

Üzü ömrün yoxuşuna tutmuşam.

Səni şeir yağışına tutmuşam,

Misralarım ürəyinə damırmı?!

 

Hər kipriyin qana həris bir qəmə,

Bayram gəlir bir son qoyaq bu qəmə.

Sən susursan, dağ çəkirsən sinəmə,

Sinəndəki yoxsa daşmı, dəmirmi?!

 

Üzülənim məni üzə deyirəm,

Bu həsrətə çətin dözə deyirəm.

Mən dərdimi şeirə, sözə deyirəm,

Bu şeirlər sənə bir şey demirmi?!

 

VARMIŞ

 

Öz içinə çəkilib, anadiltək ötməyin,

Xəyallar qucağında arzulara yetməyin,

Bu axşam anladım ki, məni xoşbəxt etməyin

Sənin əlində olan ən asan yolu varmış.

 

Mən sevgimi böyüdən, sevdiyimi öyənəm,

Vay onda ki vurulam, cani-dildən bəyənəm.

Sözü haqdan bulanam, şeiri içdən deyənəm,

Bu işdə sənin kimi mələyin rolu varmış.

 

İlk baxışdan vurulmaq bir incə gedişlədi,

Heyrətimdən şaşırdım, dodağımı dişlədim.

Yox əlimi cızmadı, ürəyimə işlədi,

Seçdiyim qızılgülün tikanlı kolu varmış.

 

Canıma yanğı saldı sənin qaynar baxışın,

Od içində keçirdim mən bu il soyuq qışı.

Elə-belə deyilmiş o şimşəyin çaxışı,

Sonunda güclü yağış, şıdırğı dolu varmış.

 

Taleyin hökmü imiş, nə var bunu bilməyə,

Kimsə keçirməliymiş bu qarmağı ilməyə.

Mələklər can qoyubmuş bizi görüşdürməyə,

O gözəgörünməzin fərmanı, qolu varmış!!!

 

O SÖZÜ VAXTINDA DEYƏ BİLSƏYDİM…

 

O sözü vaxtında deyə bilsəydim,

Başqa cür olardı həyatım mənim.

Eh, kimə gərəkdi, nəyə lazımdı

İndi bu köhnəlmiş bayatım mənim.

 

Bir vaxt isinsəydin əgər közümə,

İndi inanardın ürək sözümə.

Belə çırpılmazdı yəqin üzümə,

Nə təzəm, nə də ki boyatım mənim.

 

Başımdan dağılır dostum, tanışım,

İndi hədər yerə yanım, alışım.

Sənə nədən deyim, nədən danışım,

Həyatı uduzdum, həyatım mənim!

 

MÖHTACDI

 

Odu sönən bir ocaq,

Nəfəsinə möhtacdı.

Bir də yanmaq arzusu,

Həvəsinə möhtacdı.

 

Göyə sovrulub külüm,

Necə dinim mən, gülüm.

Mənim könül bülbülüm

Xoş səsinə möhtacdı.

 

Musa min yol vuruldu,

Çalxalandı, duruldu.

Azadlıqdan yoruldu,

Qəfəsinə möhtacdı.

 

GÖZƏLLƏRİ GÖZLƏRİMƏ KÖÇÜRDÜM

 

Gözlərimin ütüsündən keçirdim,
Guya ki ən əlasını seçirdim.
Gözəlləri gözlərimə köçürdüm
Ürəyimə divan tutdum bir ömür.

 

Gözlərimdən keçib getdi gözəllər,
Taleyimdə yer almadı heç biri.
Yaş ötdüsə açmalıyam bu sirri,
Mən tapmadım aradığım gözəli,
Ondan ötrü nə ölüydüm, nə diri…

 

Gözəlləri gözlərimə köçürdüm,
Göz həvəsi, söz həvəsi yarıdı.
Heç onların çoxu yoxdu dünyada,
Bir çoxu da indi artıq qarıdı.

 

Dizim əsib, dilim topuq çalanda
Dayanmadım mən birindən yan ötdüm.
Yanımdaydı o xoşbəxtlik, görmədim…
Havalıydım, gözlərimi qan örtdü.

 

Hisslərimə qurban edib ağlımı
Əldən verdim o, ağıllı gözəli.
Itirmişəm qapazların sayını,
Indi mənim bir başımdı, bir əlim…

 

Gözəlliyə vurğun idim, nə danım,
Görən kimi oxlanırdım eləcə.
Xəyalpərvər uşağıydım dünyanın,
Bir də gördüm ömür ötdü beləcə.

Gözəlləri gözlərimə köçürdüm,
Bu gecikmiş göz sınağım qışladı.
Bir ünvanda bənd almayan baxışım,
Neçə səmtə səpələnən yağışım,
Bu sevgidə gətirməyən naxışım
Bu dağınıq gözlərimdən başladı.

 

Ömür gödək, o əlçatmaz dərd uca,
Heç bilmirəm niyə yazdım bu şeiri?
Niyə mənə deyən yoxdu , ay qoca,
Qatar gedib, vaysınmağın nə xeyri?!

 

Öz evimi yaman yıxdı öz əlim,
Hal-əhli yox, bir naşıyam mən indi.
Nə gizlədim, o gəzdiyim gözəlin
Bir gəzəri baş daşıyam mən indi!

 

eyirdin vaxt gələr görüşərik biz,

Hayıf ki o vaxt da gəlmədi getdi.

İqlimdən iqlimə keçdikcə zaman* * *Görüşmək həvəsi bizitərk etdi

Deyirdin vaxt gələr görüşərik biz,

Hayıf ki o vaxt da gəlmədi getdi.

İqlimdən iqlimə keçdikcə zaman

Görüşmək həvəsi bizi tərk etdi.

SEVGİ SÖZƏ ÇEVRİLMƏSİN

 

Baxışlardan axıb getsin,
Ya yandırıb-yaxıb getsin.
Şimşək kimi çaxıb getsin
Sevgi sözə çevrilməsin.

 

Ayın, günün nuru olsun,
Bulaq kimi duru olsun.
Öyünc olsun, qürur olsun
Sevgi sözə çevrilməsin.

 

Hər görəndə batıb qəmə,
Susmağımı dərd eləmə.
Dönsün sirli bir aləmə,
Sevgi sözə çevrilməsin.

 

Yandırsa da köz acizdi,
Göynətsə də göz acizdi.
Vəsf etməyə söz acizdi,
Sev gi sözə çevrilməsin.

 

Könlün uçmaq həvəsində,
Qartalların qıy səsində.
Qalsın uca zirvəsində
Sevgi sözə çevrilməsin.

 

Qəlbində neyə çevrilsin,
Ulduzlu göyə şevrilsin
Sevgi sevgiyə çevrilsin,
Sevgi sözə çevrilməsin!

 

 

MƏNİM YANIMDA KÖVRƏLDİN

 

Gözlərindən yağdı odum,

Nəfəs gəzdim bircə udum,

Şimşək soraqlı buludum,

Mənim yanımda kövrəldin.

 

Qəfil səni boğdu qəhər,

Yaxınlaşdım mən birtəhər,

Ay ömrümə doğan səhər,

Mənim yanımda kövrəldin.

 

Ayın işıq seli daşdı,

Necə dözüm ürək daşdı?!

Dünya mənnən doğmalaşdı,

Mənim yanımda kövrəldin.

 

Dürüst olsun seçim gərək,

Göz yaşını içim gərək.

Öz canımdan keçim gərək

Mənim yanımda kövrəldin.

 

Heç bilməzdim dada çatım,

Mən bu sayaq qəlbə yatım.

Göz yaşındı mükafatım,

Mənim yanımda kövrəldin.

 

Tək bülbüləm qəfəsim yox,

Bir nəğməlik həvəsim yox.

Nə yaxşı ki, heç kəsin yox,

Mənim yanımda kövrəldin.

 

19.05.2018

GÖZƏL

 

Baş-ayaq sözlərim sənə dəyməsin,

Gözəllik gözümün nurudur, gözəl.

Sənin baxışların, mənim ürəyim

Bulaq suyundan da durudur, gözəl.

 

Bəlalı ürəyim çox dözüb dağa,

Göydən ya nur düşə, ya atəş yağa…

Gündüzlər gözlərin qoyur islağa,

Gecələr sübhədək qurudur, gözəl.

 

Bənzəri olmayan bu naz, bu əda,

Ötən günlərimi gətirir yada.

“Qadan alım” deyim görmə dərd-qada,

Bu yanğı, bu istək uludur, gözəl.

 

Ləkəsiz günəşdi, aydı məhəbbət,

Səsimi aləmə yaydı məhəbbət.

Tanrının verdiyi paydı məhəbbət,

Sinəm ilahidən doludur, gözəl.

Hissimi, duyğumu heç vaxt boğmadım,

Mən istəyən ulduz niyə doğmadı?!

Gözəlliyin gözə elə doğmadır,

Adam öz yaşını unudur, gözəl.

 

Tufarqanlı Abbas, Aşıq Ələsgər,

Bu hüsnü-camalı görsəydi əgər

Ölməzdi, yazardı daim sərasər,

Bu yol aşiqlərin yoludur, gözəl!

 

Nə şeirə sığışır, nə də ki nəsrə,

Həlli çox müşküldü, baxma bu kəsrə.

Axır bu əsrdən o biri əsrə

Bu hansı bulağın qoludur, gözəl?!

 

“Gəl erkən qocalma” – bunu vaxt deyir,

Sən bu gələn yazda eşqə bax deyir.

Hər yerdə, hər zaman sözü şax deyir,

Musa duyanların quludur, gözəl!

 

02.07.2018

BİZƏ QAYTAQ DÜŞMÜR

 

Bu səhər dağların gen qucağında

Könlüm duyğuların oduna düşdü.

Düz on dörd yaşımın ilkin çağında

Yazdığım ilk məktub yadıma düşdü.

 

Onda ürəyimin döyüntüləri,

Bəxtimin ağappaq səhəri vardı.

Onu yazdığım gün dərdi, qəhəri

Kükrəyən dağ çayı yudu, apardı.

 

Saflaşdım, duruldum dağ bulağıtək,

Sandım həsrətimin həllidi məktub.

Hər kəsə doğmadı bu ülvi istək,

Bütün sevənlərə bəllidi məktub.

 

Qəlbimi qıymışdım hər kəlməsinə,

O dəli hökmüydü gənclik yaşımın.

Apardım o qızın rəfiqəsinə

Bəlası, qovğası oldu başımın.

 

Dedim bu məktubu o qıza çatdır,

“Yox” desə özümü öldürəcəyəm.

Bilsin ki istəyi mənə qanaddır,

Uçub da tanrıya bildirəcəyəm.

Mənim əsə-əsə yazdığım məktub

Yaralı durnatək qayıtdı geri.

Qəlbimdə neştərlə qazdığım məktub

Oldu taleyimdə bir yara yeri.

 

Sel kimi çağladım, yel kimi əsdim,

Məktəbdən çıxanda haqladım onu.

Cəsarətə gəlib önünü kəsdim,

Yolundan bir anlıq saxladım onu.

 

Dedim, həyatımda bir zəlzələ var,

İçimdə şimşəklər kişnəyir – dedim.

Səni mən sevirəm, üzüyü qaytar,

Güldü, “bizə qaytaq düşməyir” dedi.

 

Yəqin ki o güldü uşaq ərkimə,

Qaytara bilmədim onun sözünü.

Kimə deyəsiydim, dərdimi kimə,

O ilk istəyimdən çəkdim gözümü.

 

Ahıl çağındadır o vaxtkı küskün,

O vaxtdan qəlbimdə simləyir qubar.

Ancaq bilmirdim ki haçansa, bir gün

Zamanın bu dərdi qaytarmağı var.

 

Ömrümdə nə qədər qasırğa oldu,

Sədd heyif, o günlər getsin gəlməsin.

Sanki qulağımda bir sırğa oldu

Onun “bizə qaytaq düşmür” kəlməsi.

 

Bizə qaytaq düşmür…

Getdi gedənim,

Gələnim gedəni əvəz etmədi.

Bülbülsüz qəfəsə döndü bədənim,

Taleyim mənimlə yola getmədi.

 

Hardasan üstümə qayıdan məktub,

Solub-saralırsan hansı bucaqda?!

Zaman da, o qız da səni unudub,

Mən də qovruluram dili ocaqda!

Nə dərdin, nə sözün açılır qatı,

Göynəyən qəlbimin titrək simidir.

Bu ahıl çağımda ömrüm, həyatım,

Üstümə qayıdan məktub kimidir.

 

Mənə qaytaq düşmür…

Şumla bu ömrü,

Ölürəm dərdimin davası üstə.

Haçan qərar versən qoy dinsin əmrin

Bir gözəl “Qaytarma” havası üstə.

“Bu dərələr uzunu,

Çoban qaytar quzunu”

Tanrım mənə qıymadın

Sən o dağlar qızını!

 

25.08.2018

Gədəbəy

 

QOYMA MƏNİ QOCALMAĞA

 

Ay tanrımın söz sovqatı,

Göy uzaqdı, yer də qatı.

Kökdə saxla bu ovqatı,

Qoyma məni qocalmağa.

 

Kürsülərdə gur səsim ol,

Birincilik həvəsim ol.

Təngiyəndə nəfəsim ol,

Qoyma məni qocalmağa.

 

Üzüyümün qaşındasan,

Ürəyimin başındasan.

Sən gözəllik yaşındasan,

Qoyma məni qocalmağa.

 

Od sozalır ocağımda,

Dərd boy verir qucağımda.

Çox kövrəyəm, bu çağımda

Qoyma məni qocalmağa.

 

Kamanında telə döndər,

Köksünə tax, gülə döndər,

Ya da yandır külə döndər,

Qoyma məni qocalmağa.

 

Yoxuşlarda inadım ol,

Səmalarda qanadım ol.

Sevgi dolu həyatım ol,

Qoyma məni qocalmağa.

 

 

Ömür şirin bir röyadı,

Məhəbbətdi duzu-dadı.

Dünya sevgili dünyadı,

Qoyma məni qocalmağa.

Qoyma məni qocalmağa!

 

05.09.2018

 

        ŞAİRLİK, AŞİQLİK…

 

Tanrı bəxş eləyib bu gözəlimi,

Onsuz bircə gün də dözən deyiləm.

Səbrimi üzsə də, ondan əlimi

Ömrün sonunacan üzən deyiləm.

 

Yanıma yollanıb şükür bu günə,

Daha dərd-qəm nədi bilməyəcəyəm.

Ölsəm də, qalsam da mətləb üstünə

Tələsik, birbaşa gəlməyəcəyəm.

 

Mənə buta gəlib qadir ozandan,

Nakam aşiqlərin başı olmuşam.

Qələm götürəndən, şeir yazandan

Sevda yollarında naşı olmuşam.

 

Sevgim haqdan gəlib bir töhvə kimi

Fəqət bu sevgimə cavab olmayıb.

Açılıb ürəyim bir süfrə kimi

Şeirim istəyimi aləmə yayıb.

 

Yaşın yaş hökmünə boyun əyib də

Ağır oturacam, batman gələcəm.

Elə üzəvari gülümsəyib də

Yanına ürəyi çatnan gələcəm.

 

Ayların, illərin oduna yanıb,

Bu dəfə mən ayrı yolu gedəcəm.

Yazacağım şeiri sənə qısqanıb,

Gedəcəm, sinəsi dolu gedəcəm.

 

 

Bu dəfə qələmi dəyişəcəm ki,

Qəlbinə sancılsın qələmə kimi.

Həsrətlə, hicranla döyüşəcəm ki

Vüsalın uyuşsun dələmə kimi.

 

Şairlik, aşiqlik sığmır bir yerə,

Sadəcə özümü məhv eləyirəm.

Aşiqtək ilk anda sığınıb şeirə,

Şairtək son anda səhv eləyirəm.

 

Günlərdən, aylardan macal gözləyib,

Bu dəfə mən ayrı yolu gedəcəm.

Sənə olan şeiri səndən gizləyib

Dünyadan ürəyidolu gedəcəm!

 

06.09.2018

 

O GECƏ

 

(zarafatyana)

 

Gedən dostun səni mənə “tapşırdı”

Sahildə də adam azdı o gecə.

Qəfil gələn xoşbəxtlikdən şaşırdım,

Yəqin duydun, kefim sazdı o gecə.

 

Bu nə fürsət, bu nə gözəl sehrdi,

Gözəlliyin gözlərimi yeyirdi…

Ürəyimdə öz-özümə deyirdim

Birgə olsaq pis olmazdı o gecə.

 

Zarafatla təkliyini qınadım,

Söhbətə bir axar verdi iradım.

Uzun yolu başa vurdu inadım,

Gözlərində itdim, azdım o gecə.

 

Kəlməsindən bal süzülən o dilin

Ürəyimdə qövr edəcək nisgili…

Yana-yana tərk elədim sahili,

Tüstülənib şeir yazdım o gecə.

 

Yox, Musada qalmıyıb heç Musalıq,

Bir də çətin tora gələ o balıq.

Dizlərimdən yapışmasa qocalıq,

Əllərini buraxmazdım o gecə!


DANIŞAQ

 

Çox nahağıq bu ömürdən bezməkdə,

Bəxt acısa, bal dilində danışaq.

Duyumlu ol mənaları sezməkdə,

Qoy səninlə al dilində danışaq.

 

Ürək ovan o təbəssüm, o qılıq,

Mənim üçün qədir-qiymət, yaxşılıq.

Bu əsrdə nəyə dəyər naşılıq,

Elə əhli-hal dilində danışaq.

 

Gözümüzdən alov içir gözümüz,

Bu yanğını duyuruqsa özümüz.

Gərəkdimi söhbətimiz sözümüz?

İşarəylə, lal dilində danışaq.

 

Əl yetməyən çox budağı əymişəm,

Ürəksizin ürəyinə dəymişəm.

Yetişibsə, tökülürsə dəymişim,

Buyur onda kal dilində danışaq.

 

Oxudun da başa çıxdın Musanı,

Qürrələnib demə yıxdın Musanı.

Bir kitablıq sözə yığdın Musanı,

Niyə qovğa-qal dilində danışaq?!

 

QOŞMA

 

Dinsə ağlayarsan sən zülüm-zülüm,

Qəm üstə köklənən könül sazım var.

Çalış aramızdan axmasın, gülüm,

Hər gözümdən axan bir Arazım var.

 

İnsan hər insana sirrini açmaz,

Açıb-ağartmağım mənə yaraşmaz.

Başıma gələndən fələk baş açmaz,

Qatqarışıq düşən alın yazım var.

 

Hissimi, duyğumu önləyənim yox,

Dərib dəstələyib çinləyənim yox.

Bir ömür inləsəm dinləyənim yox,

Çoxda ki xoş səsim, şən avazım var.

 

Yağmurlu, buludlu, küskün ömrümdə,

Nə qədər uzanar pis gün ömrümdə?!

Bu payızlı, qışlı çiskin ömrümdə,

Şeirlə süslənən güllü yazım var.

 

Qibtəylə baxırsa gedənə sağlar,

Hələ dağ çəkəcək köksümə dağlar.

Hər gün üzüm gülər, ürəyim ağlar,

Aşkar sevincim var, gizli yasım var.

 

Sinəmdə min dənə yara yetirsin,

Yoxdan uzaq tutsun, vara yetirsin…

Məni o müqəddəs yara yetirsin,

Tanrıdan canüzən iltimasım var.

 

 

Atdı kipriklərin şimşək oxunu,

Öldürdü ölümü – o son qorxunu.

Boş yola salsam da ömrün çoxunu,

Sevgiylə, istəklə dolu azım var.

 

Çox üzdüm, istəyim gəlmədi başa,

Dalğa çırpır məni qayaya, daşa.

Qıyıb deyəmmirəm dosta, sirdaşa,

Dəryada Musatək bir güdazım var!

 

19.11.2018

 

NEYLƏYƏ BİLƏRSƏN SƏN ONDAN ARTIQ

 

Qışın qış günündə çiçəkləyərsən,

Neyləyə bilərsən sən ondan artıq?!

Təşnə baxışları yedəkləyərsən,

Neyləyə bilərsən sən ondan artıq?!

 

Yerişin yolları qübarlandırar,

Neyləyə bilərsən sən ondan artıq?!

Tozu gözümüzü dumanlandırar,

Neyləyə bilərsən sən ondan artıq?!

 

Yeri-göyü yaxar bu naz, bu əda,

Neyləyə bilərsən sən ondan artıq?!

Gözəlliyi gözdən düşən dünyada

Neyləyə bilərsən sən ondan artıq?!

 

Yayı yandırarsan yaydan da betər,

Neyləyə bilərsən sən ondan artıq?!

Gözlərin oxlayar yaydan da betər,

Neyləyə bilərsən sən ondan artıq?!

 

Payızı gözümdə selləndirərsən,

Neyləyə bilərsən sən ondan artıq?!

Uzağı o daşı dilləndirərsən,

Neyləyə bilərsən sən ondan artıq?!

 

Baharda dönərsən nar ağacına,

Neyləyə bilərsən sən ondan artıq?!

Şairi çəkərsən dar ağacına,

Neyləyə bilərsən sən ondan artıq?!

SƏN ELƏ BİR SEVDASAN Kİ…

 

Sən elə bir sevdasan ki,

Acın məndə şirinləşir.

Ürəyimə saldığın iz

Yaş ötdükcə dərinləşir.

 

Yolum üstə bir ilğımsan,

Nə tapılır, nə itirsən.

Gözlərimnən gizlənəndə

Gəlib könlümdə bitirsən.

 

Sən elə bir sevdasan ki

Səni sənsiz yaşayıram.

Həsrətini bu əsrdən

O bir əsrə daşıyıram.

 

Günahkaram səni bir vaxt

Ürəyimcə dindirmədim.

O göylərin mələyini

Qıyıb yerə endirmədim!

 

Sən elə bir sevdasan ki,

Sevdalara qənim oldun.

Bu dünyada cisminlə yox,

Xəyalınla mənim oldun!

 

İndi yaman ögeyləşib

Yer də mənə, göy də mənə.

Yerdə yersiz üşüyürəm

Bir çadır qur göydə mənə!

 

 

Sən elə bir sevdasan ki,

Günün yoxdu, ayın yoxdu.

O duyğusal aləminlə

Bu dünyada tayın yoxdu.

 

Mən səninçün bir keçmişəm,

Sən mənimçün gələcəksən.

İndi gəlmə, yəqin bir vaxt

Qəbrim üstə gələcəksən.

 

16.03.2019

 

BU GÖZƏL

 

İlk görüşə körpü saldı doğmalıq,

Ürəyimə necə yatdı bu gözəl.

Nə vəd etdi o təbəssüm, o qılıq,

Yaşanmalı bir həyatdı bu gözəl.

 

Aylar keçdi o görüşün üstündən,

Onu tutdum hər bir kəsdən üstün mən.

Göy üzünə bulud gəldi tüstümnən

Tək kösövdən ocaq çatdı bu gözəl.

 

Oxşanmadı təmasında ömrümün,

Qol açmadı sədasında ömrümün.

Aytək doğdu səmasında ömrümün,

Hərdən çıxdı, hərdən batdı bu gözəl.

 

Üzülürkən həyəcanda, təlaşda,

Yerim yoxkən nə ayaqda, nə başda.

Doğurdan da mənim üçün bu yaşda

Göydən gələn mükafatdı bu gözəl.

 

Sevgi oldu bu baharın sovqatı

Qızılgültək pardaqlandı söz qatı.

Təbrikiylə zilə çəkdi ovqatı,

Bayramıma bayram qatdı bu gözəl.

26.03.2019

 

***

 

Qış getdi, yazı gözlədim,

Yaz getdi, yayı gözlədim.

Dərdimi açdım buluda

Sellənən çayı gözlədim.

 

Fəsillərin dördünə də,

Etibarım itdi daha.

Gəlmə, gəlmə, istəmirəm,

Bu gözləntim bitdi daha!

 

30.05.2019

 

ƏBƏDİ SEVGİ

 

Gözündə ilk dəfə çiçəkləyəndə
Təmizdi, ülvidi, sadədi sevgi.
Zəhəri, şərbəti özün seçirsən,
Tanrı bəxş etdiyi badədi sevgi.

 

Nələr yaşamırsan ömür bitincə,
Bu şirin arzular başa yetincə.
Əvvəl övlad, sonra nəvə, nəticə
Olur bir-birinin mabədi sevgi.

 

Çaşmaq, büdrəmək var hər pilləsində,
Tanrı hifz eləsin son şilləsindən…
Dünyanın cinayət məcəlləsində
Ən suçlu, ən ağır maddədi sevgi.

 

Gözə kəməd atır, cana susayır,
Di gəl yalanını düzündən ayır…
Sinəyə gah sığır, gah da sığmayır,
Hər kəsin ürəyi boydadır sevgi.

 

Atını dördnala çapmayanlara,
Halal qismətinə çatmayanlara,
Yerdə öz yerini tapmayanlara
Günəşdə, ulduzda, aydadı sevgi.

 

Onun hökmündədir oyanan, yatan,
Can verən, canını canlara qatan.
Təmiz ürəklərin tanrıya çatan
Əlçatmaz, ünyetməz məbədi sevgi.

 

 

Çox vardın fərqinə qaranın, ağın,
Çətin əriyəcək sənin dərd dağın.
Ruhun göylərindi, cismin torpağın,
Ay Musa, bax budur əbədi sevgi,
Bütün sevgilərin mabədi sevgi!

 

Sevgini qoruyun

 

Nəfsə qul olmasın şirin uyğusu

Əsin siz, ürəyin üstündə əsin.

Lənətlik olurmuş sevgi duyğusu

Özü öz qəlbini zorlayan kəsin.

 

Sevgiyə xəyanət, qəlbə xəyanət

İnsanı içindən talayır, sökür.

Yerdə qorunmursa bu pak əmanət

Göydə mələklər də gözyaşı tökür.

 

Neçə Məcnunların keçib dərsindən

Demə şairlərin nağlıdı sevgi.

Güc alıb tanrının “ol” kəlməsindən

Allahın adıyla bağlıdı sevgi.

 

Sevgini qoruyun gözbəbəyitək,

İstəklə alışan ocaq sönməsin.

Ömür yollarında sınmasın ürək,

İnsanın həyatdan üzü dönməsin.

 

Amandır, batmasın bir könül yasa,

Sevgidən yaralı bir qəlbin ahı

Qara bir buluda dönüb hardasa

Tapar şairləri, bir də allahı!

GƏLƏNDƏ

 

 

Könüllərdə yaşa, ürəkdə boy at,

Hamıya xoş gələn duyğular oyat.

İki söz canlanır: ölüm və həyat

Ortaya tanrının sirri gələndə.

 

Vaxt ötür, xoş günlər arxada qalır,

Sevgiylə üz-üzə insan qocalır.

Ömür-gün dostunu əlindən alır,

Bimürvət dünyanın şəri gələndə.

 

İllərlə bir yerdə yaşadığın kəs,

Udduğun havaymış, aldığın nəfəs.

Fələk, etibarın harda qaldı bəs

Güzəştə getmədin yeri gələndə?!

 

Tutuşma yanğıya, alışma oda,

İnsandan ötrüdür hər qan, hər qada.

Ölümün qorxusu yoxdu dünyada

Gələn əqidəcə diri gələndə.

 

Ölüm yatağında bir ana əsir,

Oğul, qız üstündə yarpaqtək əsir.

Onunsa gözləri ərini gəzir

Üzünə əcəlin təri gələndə.

 

Kim vida zəngini birinci çalsın,

Ortada qadınmı, kişimi qalsın?!

Getdi ruh evini sahmana salsın,

Özü qarşılasın əri gələndə.

 

YAZDIM

 

Allah razı olsun, sizdən gözəllər,

Hər sizi görəndə odlanıb yazdım.

Bir xoş təbəssümə, bir şirin sözə,

Bir qaynar baxışa aldanıb yazdım.

 

Döndüm işığına bir yanar şamın,

Günəşli gündüzün, aylı axşamın.

Can üzən, naz satan təbin, ilhamın

Min bir əzabına qatlanıb yazdım.

 

Dilimdən incitək sözlər süzüldü,

O saf eşqinizlə səfə düzüldü.

Hərdən yerdən-göydən əlim üzüldü,

Hərdən Koroğlutək atlanıb yazdım.

 

Məktəbim oldunuz, dərsim oldunuz,

Uzaqdan-uzağa bəsim oldunuz.

Dünyada ən doğma kəsim oldunuz,

Yaxına gəlmədim, yadlanıb yazdım?!

 

Gözüm gözünüzdən atəş əməndə,

İlahi duyğular oyandı məndə.

Sizdən ağac-ağac olsam da gendə,

Vüsal həvəsiylə şadlanıb yazdım.

 

Bir sevgi mələyi illərdən bəri,

Yolumdan, izimdən yox etdi şəri.

Şeirim sevənlərin oldu əzbəri,

“Məhəbbət şairi” adlanıb yazdım.

 

AY BULAQ, O QIZDAN XƏBƏRİN VARMI

 

Gözləyib yolunu Qoşabulaqda,

Günü axşam etdim, niyə gəlmədin?

Bir göy çəmənlikdə dincimi alıb

Əyləşib şam etdim, niyə gəlmədin?

 

(On dörd yaşımda yazdığım bir şeirdən

 yadımda qalan bənd)

 

Gözləri gözündən duru gələrdi,

Üzündə xaliqin nuru gələrdi.

O zərif çiynində ağır bir səhəng,

Yanına nə boyda yolu gələrdi,

Ay bulaq, o qızdan xəbərin varmı?

 

Günlər sevgi ilə dövr eləyərdi,

Ürəklər həsrətdən qövr eləyərdi.

Vədəni gözləyib səhər, ya axşam,

Oğlanlar dörd yanı dövrələyərdi.

Ay bulaq, o qızdan xəbərin varmı?

 

Gələrdim yanına kənd basa-basa,

O qızın ən gizli sirri mən idim.

Səhərdən axşama boynunu büküb

Onu gözləyənin biri mən idim.

Ay bulaq, o qızdan xəbərin varmı?

Hanı o suyunun bal olan vaxtı,

O lalə yanaqda xal olan vaxtı,

Hər onu görəndə mənim dilimin

Topuq çalan vaxtı, lal olan vaxtı?

Ay bulaq, o qızdan xəbərin varmı?!

Çəkisi itərdi ağır səhəngin

Necə yüyrək-yüyrək yolu gedərdi.

Çırpınan ürəyi eşqlə, həvəslə

Önlüyü yarpızla dolu gedərdi.

Ay bulaq, o qızdan xəbərin varmı?

 

Gündüzlər ilhamla coşub, çağlayıb

Gecələr şipşirin mürgü olardın.

Sən o təmizliklə ilqar bağlayıb,

Sən o gözəlliyə güzgü olardın.

Ay bulaq, o qızdan xəbərin varmı?

 

Yolu nə yaxınmış qərinələrin,

Bu odu sönməyən necə istəkdi?!

İllərin üstündən xətt çəkə-çəkə,

Bir şair ömrünü tarana çəkdi.

Ay bulaq, o qızdan xəbərin varmı?

 

Səndəmi doymusan ömürdən-gündən

Niyə kimsəsizdi yanın, ay bulaq?!

O ilahi eşqə, hüsnə-camala

Güzgü olan vaxtın hanı, ay bulaq,

Ay bulaq, o qızdan xəbərin varmı?

 

Ömrün bu çağında onu sormağın

Bəlkə yeri yoxdu, bəlkə var yeri.

Bir sən şahidsən ki, nələr çəkmişəm,

Sinəmdə göynəyir bir qübar yeri

Ay bulaq, o qızdan xəbərin varmı?

 

Çox şeyin yerini dəyişib illər,

Bir çox dəyərlərə zaman dağ çəkib.

Başından dağılıb səhəngli qızlar,

Hərə qapısına bir bulaq çəkib

Ay bulaq, o qızdan xəbərin varmı?

10.11.2019

 

KÖRPÜNÜN ALTINDA GÖRÜŞƏRDİK BİZ

 

Körpünün altında görüşərdik biz,

Gülüm, aramızda bu gizli sirdi.

Mən hələ çatmamış görüş yerinə

Həvəsim günəşə körpü çəkirdi.

 

Körpünün üstündən illər uçurdu,

Körpünün altında duymurduq bunu.

Duysaydıq bəlkə də dəli olardıq

Ki, bir vaxt gələcək bu eşqin sonu.

 

O körpü çatırdı ərşi-əlaya,

Ən uzaq ulduzdan soraq verirdi.

Sevgi  vəd edirdi bütün dünyaya,,

Mənə qələm verir, varaq verirdi.

 

Sevən kimsələrin ayrı dərdi yox,

İndi duyuram ki onda dəliydik.

Gündüz harda olsaq elə fərqi yox,

Axşam mütləq orda görüşməliydik.

 

Elə qovuşmaqdı qəsdimiz bizim,

Yox idi arada bir umu-küsü.

Onda çox gözəldi, dünya əzizim,

Vardı aramızda sevgi körpüsü,

Vardı aramızda inam körpüsü.

 

Kükrək dağ çayının alındı köpü,

Göynəmələr bitdi könül yaramda.

Körpə bir uşaqdı indi o körpü

Ağlıyır səninlə mənim aramda.

 

Kimsəyə yetməyir harayım, ünüm,

Nə bilim yorğunam, ya qocalmışam?!

Səni itirəndən, ay ömrüm-günüm,

O körpü yıxılıb, altda qalmışam!

Yazıya 109 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.