…Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin adı çəkiləndə mənim gözlərim önündə ilk növbədə hər bir yaradıcı insanın qəlbində lirik duyğular oyadan ulu və əzəmətli dağlar canlanır, sonra mavi gözlü Xəzərin qoynuna sığınmış Lənkəran şəhəri.
Tale elə gətirib ki, mən ömrümün gənclik çağlarında – dünyanın bu günlərimizlə müqayisədə DÜZ vaxtında Lənkəranda tanınmış yaradıcı adamların, teatr xadimlərinin çoxu ilə tanış olub DUZ-ÇÖRƏK kəsmişəm. Əbəs yerə demirlər ki, gənclər arzularla, qocalar isə xatirələrlə yaşayırlar. Son vaxtlar mən də tez-tez xatirələrin cığırına düşüb ötən illərə, qarşılıqlı hörmət-izzətin mövcud olduğu o ŞƏN günlərə dönürəm. Baba Rzayev, Elşad Zeynalov, Təvəkkül Əliyev, Adil Zeynalov, Əli Salahlı, Eynəli Nurullayev (Allah hamısına rəhmət eləsin!) Sucəddin Mirzəyev, Məmmədyar Cəfərov və başqaları ilə təbiət qoynunda süfrə açdığımız gözəl anlar yada düşür. Əlli yaşına çatmamış dünyasını dəyişən şair Vaqif Hüseynovla tanışlığım hələ onun Masallıda “Çağırış” qəzetinin redaktoru olduğu vaxtlarda başlamışdı. Məktəbli ikən İlk mətbu yazım da məhz Vaqif müəllimin redaktorluğu zamanı işıq üzü görmüşdü. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirmiş Şəkər Aslanla ilk görüşüm zamanı hiss etmişdim ki, bədii yazılarım bir o qədər də onun xoşuna gəlməyib. (Çox sonralar – 90-cı illərdə Şəkər müəllimin təsis etdiyi və ilk baş redaktoru olduğu “Söz” ədəbi-bədii jurnalında bir neçə essem dərc edildi.)
…O vaxt Məmmədhüseyn müəllim Lənkəran Radio Verilişləri redaksiyasında məsul redaktor idi. Onun təqdimatı ilə “Körpə gələndə dünyaya” adlı şeirim “Azərbaycan gəncləri” qəzetində dərc olunsa da, mənə israrla şeir yox, nəsr yazmağı tövsiyyə etdi. Mən də ilhamının mayasını dağlardan alan, hələ ötən əsrin 60-cı illərində “Dağlar oğlu” adlı romanı oxucular tərəfindən rəğbətlə qarşılanan (yeri gəlmişkən qeyd edim ki, həmin əsəri rus dilinə tərcümə edilərək Moskvanın “Sovetskiy pisatel” nəşriyyatında 1977-ci ildə böyük tirajla işıq üzü görmüşdür) ağsaqqal yazıçının tövsiyyəsinə sözsüz əməl etdim. Az sonra Məmmədhüseyn müəllimə Azərbaycan Yazıçılar İttifaqının Lənkəran Zona Şöbəsinin məsul katibi vəzifəsi həvalə olundu. Cənub bölgəsində yaşayan qələm adamlarını birləşdirən şöbədə tez-tez ədəbi məclislər keçirilirdi.
…Bir dəfə Məmmədhüseyn müəllimin Bakıdan – “Yazıçı” nəşriyyatında nəsr şöbəsində redaktor vəzifəsində işləyən İlqar Əhmədoğlu adında qonağı gəlmişdi. Ədəbi məclisə gələnlər kimi şeirini, kimi hekayəsini oxudu. Mənə növbə çatanda “Sel” adlı pritçamı oxudum. İlqar müəllim yekun çıxışında pritça haqqında müsbət fikirlərini bildirdi. Sonra mənə ilk kitabımı nəşrə hazırlamağı və qısa müddətdə “Yazıçı” nəşriyyatına təqdim etməyi tövsiyyə etdi. O vaxtan Məmmədhüseyn müəllimin sayəsində yazıçı-publisist İlqar Əhmədoğluyla aramızda yaranan səmimi dostluq münasibətlərimiz bu günəcən davam edir…
…Məmmədhüseyn müəllim həm də çox yaxşı ovçu idi. Bir dəfə ovçuluqdan söz düşəndə mənə dedi ki, eşitmişəm sizin tərəflərdə yaxşı quş olur. O vaxtlar Masallının Qızılağac qoruğuna yaxın olan bizim Xırmandalı kəndini kənardan nişan verəndə ovçular kəndi də deyirdilər. Quşun-balığın bol olan vədələri idi.
…Mən jurnalistika fakültəsinin dördüncü kursunda oxuyanda qarlı qış günlərinin birində Məmmədhüseyn müəllim bizə qonaq gəldi. O vaxt onun şəxsi volqa markalı “QAZ 21” maşını vardı. Amma maşınını Şahhüseyn adında sürücü idarə edirdi. Səhv etmirəmsə, Şahhüseynin həyat yoldaşı Sevil xanım (!!!) Məmmədhüseyn müəllimin rəhbərlik etdiyi şöbədə çalışırdı. Dədəm (biz atamıza dədə deyirdik) başda olmaqla ailəmiz yazıçı qonağı böyük sevinc hissi ilə qarşıladı.
O gün Məmmədhüseyn müəllim özü ilə Almaniya istehsalı olan iki qoşalülə ov tüfəngi, xeyli patron gətirmişdi. Niftalı əmim və bibim oğlu Ənvərlə (Allah hər ikisinə rəhmət eləsin) birlikdə quş ovuna getdilər. Çoxlu çöl quşu ovlayıb axşamüstü geri döndülər. Şam yeməyindən sonra “Torpağın ətri” romanına öz dəst–xətti ilə aftoqraf yazıb dədəmə hədiyyə edən yazıçını görməyə gələn qonum- qonşular da bizə yığışmışdılar. Qonaq otağımızdakı hündür rəfdə Quran qoyulmuşdu. Dədəmin Quranı ərəbcə oxuduğunu, namaz qılıb, oruc tutduğunu biləndə Məmmədhüseyn müəllim özünəməxsus danışıq tərzi və dini söhbətləri ilə o gecə hamını valeh elədi. Deyirdi ki, rəhmətlik atası Axund Molla Rüstəm 25 il Nəcəfdə ali dini təhsi alıb. Repressiya illərində din xadimi kimi təqiblərə məruz qalıb və xeyli qiymətli kitabları, əlyazmaları məhv edilib. Lerikin Gürdəsər kəndindəki evlərini zorla alıb məktəb ediblər. O vaxtı xalq arasında böyük nüfuz sahibi olan din xadimlərini Sibirə sürgün edirlərmiş, Məmmədhüseyn müəllimin atası çıxış yolunu Cənubi Azərbaycana – Ərdəbilə mühacirət etməkdə görüb. “Məktəb” olan evinin kiçik bir otağına sığınan ailəsi 30-40 – cı illərdə böyük maddi və mənəvi sıxıntılar, məhrumiyyətlər içində yaşamağa məcbur olub…
Yaşlı nəslin nümayəndələrin dediyinə görə, Məmmədhüseyn müəllim özü də xaraktercə atası Axund Rüstəmə çəkmişdi… Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra Məmmədhüseyn müəllim oğlu Rüstəmlə birlikdə Güney Azərbaycanına gedib atasının – Axund Molla Rüstəmin məzarını tapıb ziyarət eləmişdi…
Məmmədhüseyn müəllim ömrünün sonuna kimi əyalətdə yaşayıb, yazıb-yaratdı. 69 yaşında haqqın dərgahına qovuşdu. Bu il qələm dostumuz Əlisafa Həsənovun təbirincə desəm, ƏDƏBİYYATIMIZIN DAĞLAR OĞLUNUN Lerikdə anadan olmasının 100 iliyi qeyd olunub. Düşünürəm ki, ömrü boyu ilhamının mayasını əzəmətli dağlardan alan, dağ vüqarlı ölməz sənətkarın əziz xatirəsi doğma Azərbaycanımızın hər güşəsində anılmağa layiqdir.
Ruhuna böyük ehtiramla…
Nurəddin ƏDİLOĞLU,
yazıçı-publisist
07.07.25.
Yazıya 28 dəfə baxılıb